Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1200/2021 23.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X8 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti X9, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Fides» vəkil bürosunun vəkili X1 iştirakı ilə, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 nümayəndəsi X4, Zərərçəkmişin nümayəndəsi (mülki iddaçı): X5 iştirakı ilə, Təqsirləndirilən şəxs (xx xxxxxx 1991-ci ildə Yardımlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, himayəsində iki azyaşlı övladı olan, orta təhsilli, «Abşeron MMC»-də baş usta vəzifəsində işləmiş, Yardımlı rayonu, Arvana kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X20 küçəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliynin 3 saylı İT-da saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs sərxoş halda nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi nəqiliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 11 mart 2021-ci il tarixdə, saat 22:14 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələbələrini pozaraq sərxoş vəziyyətdə həmin qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük vəsiqəsi olmadan idarə etdiyi «Azərmaş MMC»-yə məxsus texniki cəhətdən saz vəziyyətdə olan «Khazar SD minik» markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binə-Qala yolunun Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ilə Qala qəsəbəsini birləşdirən ərazisindən keçən 3-cü kilometrliyində yerləşən Bakavtomat ərazisində Qala qəsəbəsi istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən həmin Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələbələrinə uyğun olaraq əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsinin işıqlarının gözünə düşdüyündən gözü qamaşdıqda qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqiliyyat vasitəsini dayandırmalı olduğu halda bunlara əməl etməyərək avtomobilin idarə etməsini itirdiyindən avtomobil yolun sağ kənarında olan daşlara dəyərək aşmış, bir qədər yuvarlandıqdan sonra daş divara dəyərək təkərləri üstə yerə düşmüş, nəticədə ehtiyyatsızlıqdan avtomobildə qabaq oturacaqda əyləşmiş sərnişin X3 burunun və sağ bazunun əzilmiş yaraları, döş qəfəsinin, sağ budun və sağ baldırın sıyrıqları, başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar, alın-sol gicgah sümüklərinin kəllə əsasına keçən qapalı sınıqları, alt çənə sümüyünün qapalı sınığı, sağ bazu sümüyünün açıq, qəlpəli sınığı ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərər vuran bədən xəsarətləri yetirilməklə ölməsinə səbəb olan, habelə hüquqi şəxs «Azərmaş MMC»-yə məxsus «Khazar SD minik» markalı, **-PD-*** dövlət nömrə nişanlı avtomobili yararsız hala salaraq 14500 manat məbləğində maddi ziyan vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 11 mart 2021-ci il tarixdə, saat 16 radələrində işdən çıxıb evə gəlmiş, evdə nahar edib 750 qramlıq şüşə spirtli içki olan araq içmişdir. Saat 21 radələrində o, sürücülük vəsiqəsi və heç bir sürücülük hüququ olmadan idarə etdiyi «Khazar SD minik» markalı **-PD-*** dövlət nömrə nişanlı avtomaşını işə salmış, X6 həyətdən çağırmışdır və Elşənə bildirmişdir ki, birlikdə gedib mağazadan siqaret alıb qayıtsınlar. Elşən onunla razılaşmış və onun idarə etdiyi avtomaşının qabaq oturacağında əyləşmişdir. Onlar Binə qəsəbəsi ərazisində avtomaşınla gəzmək qərarına gəlmişlər. Bir qədər avtomaşınla hərəkət etmişlər. O, nəqliyyat vasitəsini idarə edərək Binə qəsəbəsindən Bakavtomat yolu deyilən yolla üzü Qala qəsəbəsi istiqamətində hərəkət etməyə başlamışdır. O, nəqliyyat vasitəsini saatda 70 km sürətlə hərəkət etdirmişdir. Hərəkətdə olduğu zaman qarşıdan gələn nəqliyyat vastəsinin işıqları gözünə düşdüyündən o, idarə etdiyi avtomaşını yolun sağ tərəfinə istiqamətləndirmişdir. Bu zaman avtomaşının idarəetməsini itirmiş və maşın yol kənarında olan daşlara dəyərək yuvarlanmağa başlamışdır. Təqribən 15 metr yuvarlandıqdan sonra avtomaşın yol kənarında olan daş hasara çırpılan zaman maşında sağ tərəfdə oturan sərnişin X10 avtomaşının qapısını açaraq avtomaşından özünü atmaq istəmiş, bu zaman maşın divara çırpılmışdır və maşın yerə düz təkərləri üstə düşmüşdür. O, maşından düşəndən sonra baxmışdır ki, maşından təqribən 4 metr kənarda X10 yerdə uzanmış vəziyyətdədir. O, Elşənə yaxınlaşanda Elşən nəfəs alırmış, tez X19 Stansiyasına zəng vurub məlumat vermişdir. O, Elşənə köməklik etməyə cəhd göstərirmiş, yol kənarına çıxıb hərəkətdə olan avtomaşınlardan yardım istəmiş, lakin kimsə köməklik etməmişdir. Bundan bir qədər sonra TTYS-nın həkimləri hadisə yerinə gəlmişlər, həmin vaxt Elşən artıq ölmüşdür. TTYS-nın həkimləri ilə birlikdə hadisə yerinə polis əməkdaşları da yaxınlaşmışlar. Hadisə baş verən zaman hava yağışlı olduğundan yer sürüşkən olmuşdur. Onun idarə etdiyi avtomaşın texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, mərhum X10 onun doğma oğludur. Mərhum oğlu Elşən Soltanov işlədiyi üçün Bakı şəhərində yaşayan dayısı Şahid yaşadığı həyətdə yerləşən evdə yaşayırmış. 11 mart 2021-ci il tarixdə Şahid oğlu Təqsirləndirilən şəxs atası Əliyə məxsus «Khazar SD minik» markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Binə qəsəbəsindən Bakavtomat deyilən ərazidə Qala qəsəbəsi istiqamətinə hərəkətdə olarkən idarə etməni itirərək qəza törətmişdir. Həmin hadisə nəticəsində yanında əyləşmiş oğlu Elşən Soltanov hadisə yerində dünyasını dəyişmişdir. O, həmin məlumatı eşitdikdən sonra ailə üzvləri ilə dərhal Bakı şəhərinə gəlmiş, bundan sonra Elşən Soltanovun meyitini Xəzər rayon morqundan təhvil alaraq aparıb dəfn etmişlər. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, hadisə nəticəsində qardaşı X10 ölmüşdür. Təqsirləndirilən şəxs Teymur onun dayısı oğludur. Onunla barışmışlar və ona qarşı şikayət və tələbləri yoxdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı ölmüş X10 isə bacısı oğludur. Hadisə baş verən zaman idarə olunan «Khazar SD minik» markalı ** PD *** dövlət nömrə nişanlı avtomobili lizinq müqaviləsi ilə «Azərmaş MMC»-nin etibarnaməsi ilə idarə etmişdir. Həmin avtomaşına hər ayı 384 manat olmaqla kredit ödəyirmiş. 11 mart 2021-ci il tarixdə o, Yardımlı rayonundan Bakı şəhərinə yaşadığı evə gəlmiş, saat 20 radələri evdə nahar etmişdir. Bu zaman oğlu Təqsirləndirilən şəxs evə gəlmiş, onlar bir neçə dəqiqə oturub söhbət etmişlər. Bundan sonra o, öz yataq otağına çəkilib yatmışdır. Həmin vaxt ona məxsus olan avtomaşının açarı masanın üzərində qalmışdır. Onlar oğlu Teymur ilə bir evdə yaşadıqları üçün oğlu Teymur nəqliyyat vastəsini istədiyi vaxt götürüb idarə etmişdir, o da Teymura buna görə qadağa qoymamışdır. Gecə saat 23:50 radələrində həyat yoldaşı onu oyatmış və bildirmişdir ki, oğlu Teymur maşını götürüb Elşənlə birlikdə getmişlər, Teymur yol nəqliyyat hadisəsi törətmiş və hadisə nəticəsində Elşən ölmüşdür. Onun idarə etdiyi «Azərmaş MMC» yə məxsus olan nəqliyyat vastəsi texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Məhkəmədə «Azərmaş MMC»-nin nümayəndəsi X12 izahat verərək bildirmişdir ki, «Khazar SD minik» markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomaşın təmsil etdiyi «Azərmaş MMC»-yə məxsus olmuşdur. 11 mart 2021-ci il tarixdə saat 22:14 radələrində şirkətə məxsus və etibarnamə əsasında Şahid verilmiş «Khazar SD minik» markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomaşınla həmin şəxsin oğlu Təqsirləndirilən şəxs Binə qəsəbəsi Bakavtomat deyilən yolda qəza törətmiş və nəticədə avtomaşın yarasız vəziyyətə düşmüşdür. Həmin qəza ilə bağlı dəymiş ziyanı əks etdirən aktı istintaq orqanını təqdim edmişdir. Həmin avtomaşın MAS-1484 nömrəli daxili lizinq müqaviləsi ilə Şahid satılmışdır. Hazırda mülki iddanın təmin edilməsini və təqsirləndirilən şəxsdən 14530 manat dəymiş ziyanı tələb edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici, zərərçəkmiş şəxsin nümayəndəsinin, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin izahatları, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Cinayət işinə əlavə edilmiş 12 mart 2021-ci il tarixli 1/351 nömrəli sərxoşluq hallarının tibbi müayinəsinə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli sərxoşdur. Cinayət işinin materiallarında olan 12 mart 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin qətimkan tədbirinin seçilməsi haqqında qərarınından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 12.03.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ifadənin yerində yoxlanılması protokolundan məlum olur ki, iş üzrə Təqsirləndirilən şəxs hadisə yerini əyani olaraq yerində göstərmiş və hadisənin necə baş verməsini bildirmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 03 aprel 2021-ci il tarixli, 35 saylı rəyindən görünür ki, mərhum X3 meyitində aşkar edilmiş xəsarətlər- burunun və sağ bazunun əzilmiş yaraları, döş qəfəsinin, sağ budun və sağ baldırın sıyrıqları, başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar, alın-sol gicgah sümüklərinin kəllə əsasına keçən qapalı sınıqları, alt çənə sümüyünün qapalı sınığı, sağ bazu sümüyünün açıq, qəlpəli sınığı aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vaxtda, yəni 11.03.2021-ci il tarixdə baş vermiş yol-nəqiliyyat hadisəsi zamanı hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum E.T.Soltanovun ölümünə səbəb yol-nəqiliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi nəticəsində baş-beyin toxumasına və beyinin yumşaq qişasına geniş qansızmalar olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum E.T.Soltanovun meyitinin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Mərhum E.T.Soltanovun meyitindən götürülmüş qanda məhkəmə-kimya təhqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsindən daxil olmuş 06.04.2021-ci il tarixli, 016-37817-1221 nömrəli məktubdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 05.04.2021-ci il tarixədək Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 04 may 2021-ci il tarixlili, 8/913 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, «Khazar SD minik» markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs «Khazar SD minik» markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur Sürücü Təqsirləndirilən şəxs avtomobili səxoş vəziyyətdə idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinə əlavə olunmuş «Azərmaş MMC»-dən daxil olmuş 24 may 2021-ci il tarixli aktdan görünür ki, qəzaya düşmüş «Khazar SD minik» markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomaşına yerində ümumi texniki baxış zamanı aşkar olunmuşdur ki, avtomobil tam yararsızdır. Avtomobilin bu günə olan bazar qiyməti 14500 manat təşkil edir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin və nigah haqqında şəhadətnamənin sürətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladı vardır. Cinayət işinin materiallarına əlavə olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 nümayəndəsi X2 ərizəsindən məlum olur ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmişin nümayəndəsi (mülki iddaçı) X5 təqdim etdiyi mülki iddadan görünür ki, təqsirləndirilən şəxsdən 14530 (on dörd min beş yüz otuz) manat dəymiş ziyanı tələb edir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə qohumluq münasibətlərinə malik olmaqla zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, əməlindən səmimi peşmanlıq çəkməsini, hadisədən sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərməyə və onun həyatını xilas etməyə cəhd etməsini, himayəsində iki azyaşlı övladının olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 15-ci maddəsinin tələblərinə əsasən «ağır» cinayətlər təsnifatına aiddir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasının ən aşağı həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məqsədə uyğun hesab edir. Buna görə də məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinin tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” 18 iyun 2013-cü il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” 28 iyun 2002-ci il tarixli qərarlarını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 12 mart 2021-ci il tarixdən 23 iyul 2021-ci il tarixədək həbsdə saxlanıldığı 4 (dörd) ay 11 (on bir) gün müddət hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə alaraq hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilib barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən "nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər". Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş 2 (iki) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 187-ci maddəsinə görə mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır və cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 354-cü maddəsində göstərilir ki, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi, iddianın baxılmamış saxlanması kimi qərarlardan biri qəbul olunur. Cinayət işi üzrə zərərçəkmiş «Azərmaş MMC» nin (mülki iddaçı) nümayəndəsi X12 tərəfindən verilmiş 14530 (on dörd min beş yüz otuz) manat məbləğində maddi ziyanın ödənilməsi barədə mülki iddia tam təmin edilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Təqsirləndirilən şəxsin barəsində seçilmiş "həbs" qətimkan tədbiri dəyişdirilərək "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclası zalından həbsdən dərhal azad edilməlidir və hökm qanuni qüvvəyə minənədək "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut yoxdur. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri “Fides” vəkil vürosunun vəkili Müdafiəçi 120 (yüz iyiri) manat, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 8 saylı vəkil bürosunun vəkili X7 240 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 198, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 12 mart 2021-ci il tarixdən 23 iyul 2021-ci il tarixədək həbsdə saxlanıldığı 4 (dörd) ay 11 (on bir) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 4 (dörd) il 7 (yeddi) ay 19 (on doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri dəyişdirilərək "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə zərərçəkmiş «Azərmaş MMC» nin (mülki iddaçı) nümayəndəsi X12 tərəfindən verilmiş 14530 (on dörd min beş yüz otuz) manat məbləğində maddi ziyanın ödənilməsi barədə mülki iddia tam təmin edilsin, həmin məbləğdə pul Təqsirləndirilən şəxsdan tutularaq «Azərmaş MMC» yə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri “Fides” vəkil vürosunun vəkili Müdafiəçi 120 (yüz iyiri) manat, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 8 saylı vəkil bürosunun vəkili X7 240 (iki yüz qırx) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1200/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1200/2021
23.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver