Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1200/2022 22.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X2 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1983-cü ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvələr məhkum olunmamış, fərdi qaydada taksi sürücüsü işləmiş, Xırdalan şəhəri, Quşçuluq YYM, 6-cı küçə, Dalan 5. Ev 11-də qeydiyyatda olan, Abşeron rayonu, Qobu qəsəbəsi, Nizami küçəsi, nömrəsiz evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq küllü miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, şəxsiyyəti məlum olmayan şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, aralarında razılaşmaya görə şəxsiyyəti məlum olmayan şəxsin ona bildirdiyi lakin məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 44,205 qram olan narkotik vasitə heroini və külli miqdarda təmiz çəkisi 19,202 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq alıcıya vermək məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində Maştağa-Zabrat şosesində yerləşən “LUKOİL” yanacaqdoldurma məntəqəsinin yaxınlığına kimi daşımış, xx.xx.2021ci il tarixdə saat 19:20 radələrində sözü gedən ərazidə xidmət aparan Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 14-cü Polis bölməsinin əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə saxlanılaraq həmin Polis Bölməsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zamanı əynindəki qara rəngli gödəkcəsinin sağ cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 44,205 qram külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 19,202 qram külli miqdarda ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin ondan aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 15 ildən artıq müddət ərzində öz şəxsi avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Çox vaxt öz taksi avtomobli ilə Bakı şəhəri «Avtovoğzal», «20 yanvar» və «Şamaxinka» adlanan ərazilərdə dayanıb müştəri gözləmişdir. Yay mövsümündə isə avtomobili ilə meyvə-tərəvəz alveri ilə məşğul olmuşdur. 19 noyabr 2021-ci il tarixdə avtovoğzalda dayanarkən ona tanımadığı bir nəfər müştəri yaxınlaşmış və sənədlər olan bir sellofan paketi ona vermişdir ki, ona deyiləcəyi yerə çatdırsın. Sonra həmin şəxs onun mobil telefonunu istəmiş və ona ***-***-**-** mobil nömrəsindən zəng olunacağını, paketi Sabunçu rayonu ərazisində bir yerə çatdıracağını bildirmişdir. O da taksi fəaliyyəti göstərdiyindən razılaşmış və paketi götürmüşdür. 21 noyabr 2021-ci il tarixdə istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsinə ***-***-**-** nömrəsindən zəng olunaraq, Zabrat dairəsinə getməsi tapşırılmış və gediş haqqı olaraq 15 manata razılaşmışlar. O, idarə etdiyi avtomobillə Zabrat dairəsinə getmiş, Zabrat dairəsində olarkən həmin nömrə ilə əlaqə saxlamış, telefonda danışan şəxs ona bildirmişdir ki, üzü Maştağa kəndinə doğru “LUKOİL” yanacaqdoldurma məntəqəsinin yanına getsin və ondan sürdüyü avtomobilin markası və dövlət qeydiyyat nişanını soruşmuşdur. Sonra o, yanacaqdoldurma məntəqəsindən həmin nömrəyə zəng etmiş və telefonda danışan şəxs maşını bir az irəli sürməsini demişdir. Həmin an avtomobilinə arxadan başqa avtomobil toxunaraq vurmuş, o, avtomobilini saxladıqda arxadakı avtomobildən 2-3 nəfər şəxs düşərək, onu saxlayaraq Polis Bölməsinə aparmışlar. Sonradan isə avtomobilini polis bölməsindən oğlu götürmüşdür. Bölmədə ona demişlər ki, bir ildir ki, onu axtarırlar, güya onun ağ rəngli “JEEP”markalı maşını olmuş və İran vətəndaşı ilə ailəli olmuşdur. O da polislərə demişdir ki, onun heç vaxt ağ rəngli “JEEP”markalı maşını olmamışdır, nə də ki, iran vətəndaşı ilə ailəli olmamışdır. Onun əri Qərbi Azərbaycandan olmuş və bir də oğlu vardır. Polislər onun oğlunun olduğunu eşidəndə demişlər ki, əgər onların dediklərini etməsə oğlunu bölməyə gətirib narkotik satan şəxs kimi işə cəlb edib həbs edəcəklər. Sonra maşında olan bağlamanı gətirmişlər və bağlamada narkotik vasitə olması aşkar olunmuşdur. Onun bağlamada narkotik vasitə olmasından xəbəri olmamışdır. Polislər onu saxlayanda avtomobili cərimə meydançasına aparmışlar, oğlu onun qızıl üzüyünü satıb cəriməni ödəyib, maşını çıxarmışdır. O, polis bölməsində başa düşmüşdür ki, onu başqa bir Ülviyyə adlı qadınla səhv salmışlır. Çünki polislər ondan ağ rəngli “JEEP”markalı maşını olub-olmamasını, həm də İran İslam Respublikasının vətəndaşı ilə ailəli olub-olmadığını soruşmuşlar. Barəsində həbs qətimkan tədbiri seçilənə qədər özündə olmamış, ona ittiham aktı verilənə qədər bilməmişdir ki, onu niyə həbs ediblər. İbtidai istintaq dövründə onun oğlunun həbs edilməsi ilə bağlı ona təzyiq göstərmişlər. Heç vaxt narkotik vasitələrin istifadəsi və ya satışı ilə məşğul olmamışdır. O, saxlanılarkən və üzərinə baxış keçirilərkən müdafiəçi ilə təmin olunmamışdır, müdafiəçini ancaq barəsində həbs qətimkan tədbiri seçilərkən görmüşdür. Ona verilən bağlama maşının yük yerində olub, ibtidai istintaq zamanı oğluna görə ona təzyiqlər edildiyi üçün nə deyiblərsə onlarla razılaşmağa məcbur olmuşdur. Onun istifadəsində (051) 367- 55- 25 mobil nömrə olmuş, bağlamanı verən şəxsin isə mobil nömrəsi (055)- 400-72-82 olmuşdur. Təqsirləndirilən şəxs oğlunun ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O, həmin ifadəsində özünü təqsirli bilməyərək bildirmişdir ki, 10 ildir ki, Yasamal rayonu ərazisində yerləşən “Beynəlxalq Avtovoğzal”da fərdi qaydada icarəyə götürdüyü “TOYOTA POJERO İo” markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti göstərmişdir. Bir-iki dəfə idarə etdiyi avtomobillə müştəri kimi mənzil başına çatdırdığı konkret kimliyi və yaşadığı ünvan barədə məlumatı olmadığı bir nəfər təxminən 40 yaşlarında olan kişi ilə gedərkən həmin kişi ondan taksi fəaliyyəti ilə məşğul olaraq nə qədər pul qazanması barədə soruşmuşdur. O da gündəlik 30-40 manat pul qazandığını, yay mövsümündə isə avtomobilində meyvə-tərəvəz satdığını bildirmişdir. Sonuncu dəfə həmin kişi xx.xx.2021-ci il tarixdə saat 15 radələrində “Beynəlxalq Avtovağzal”da onun avtomobilinə əyləşmişdir. Həmin şəxslə yol boyu söhbət edərkən ona bildirmişdir ki, 100 (yüz) manat məbləğində pul müqabilində Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Erməni qəbirstanlığı” kimi tanınan yerdə markasını və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilin sol qabaq təkərinin üzərindən sellofan torbanı götürsün və ona zəng gəldikdə həmin sellofan torbanı Sabunçu rayonu Maştağa qəsəbəsinin ərazisində yerləşən “LUKOİL” yanacaqdoldurma məntəqəsinin yaxınlığına aparsın. Orada bir nəfər şəxs ondan selofanı götürəcək və ona 500 (beş yüz) manat məbləğində pul verəcəkdir. Həmin puldan o, xidmət haqqı olaraq 100 (yüz) manat özünə götürsün, 400 (dörd yüz) manat pulu isə Nərimanov rayonu ərazisində narkotik vasitəni götürdüyü avtomobilin təkərinin üzərinə qoysun. O, razılaşmış və tanımadığı şəxsi Sabunçu rayonu Bakıxanov qəsəbəsi Ərəblinski küçəsində avtomobilindən endirmişdir. O, dərhal tanımadığı şəxsin dediyi Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Erməni qəbirstanlığı” kimi tanınan yerdə markasını və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilin olduğu ünvana gəlmiş, həmin ünvana çatdıqda saat 18 radələri olmuşdur. O, avtomobilə yaxınlaşaraq sol ön təkərinin üzərinə baxmış və orada içərisində narkotik vasitə olan bağlamanın olduğunu görmüşdür. O, bağlamanı götürüb avtomobilinə qoymuş və bir-iki saat işləmişdir. Belə ki, o, bağlamanı kimə nə vaxt verəcəyini bilmədiyindən zəng gözləyirmiş. xx.xx.2021-ci il tarixdə saat 15:30 radələrində yaşadığı evdə olarkən tanımadığı nömrədən ona zəng gəlmiş, cavab verdikdə telefonun dəstəyində olan şəxslə saat 16:00-dan sonra görüşmələri barədə razılaşmışlar. xx.xx.2021-ci il tarixdə 17:20 radələrində evdən çıxıb Zabrat-Maştağa şosesinin Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisindən keçən hissəsində yerləşən “LUKOİL” yanacaqdoldurma məntəqəsinin yaxınlığına gəlmişdir. Həmin vaxt üzərindəki bağlamanın içərisində narkotik narkotik vasitə olduğunu bildiyi üçün həyəcanlı olmuş, orada olan 2 nəfər polis əməkdaşı özünü şühbəli apardığını hiss edib, onu Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə 14-cü Polis bölməsinə gəlmiş, Polis bölməsində şəxsiyyəti müəyyən edildikdən sonra polis əməkdaşları videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olduğunu bildirmişlər. O da etiraz etməmiş, hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış zamanı ona üzərində saxlanılması qanunla qadağan olunmuş maddə və ya əşyanın olub-olmaması barədə sual verilmiş, bu zaman o, əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan torbanı çıxararaq təqdim etmişdir. Həmin sellofan torba açıldıqda müəyyən edilmişdir ki, torbanın içərisində 02 ədəd olmaqla, 01 ədəd şəffaf sellofan bükümün içərisindəki qəhvəyi rəngli maddə kütləsinin narkotik vasitə olan heroin və 01 ədəd şəffaf sellofan bükümün içərisindəki ağ rəngli kristallik formada olan “Metamfetamin” adlanan psixotrop maddənin olması müəyyən edilmişdir. Sonra polis əməkdaşı həmin bükümləri onun və digər polis əməkdaşlarının iştirakları ilə qablaşdırmış, sellofan paketi möhürləmiş, tərkibinin və çəkisinin müəyyən edilməsi məqsədilə ekspertizaya göndəriləcəyini bildirmişlər. Bu barədə protokol tərtib edilmiş, həmin protokol və qablaşdırılmış torbanın üzəri o və iştirakçılar tərəfindən imzalanmışdır. Bütün bu proseslər videoçəkilişlə qeydə alınmışdır. O, qeyd etmişdir ki, heç bir yerdə qeyri-qanuni əşya saxlamır, yalnız yuxarıda göstərdiyi kimi, adını bilmədiyi və üzdən tanımadığı şəxsdən əldə etdiyi narkotik vasitə olan heroini və metamfetamin adlanan psixotrop maddəni üzərində saxlamışdır. O, ***-***-**-** nömrə ilə “SAMSUNG J7” mobil telefondan istifadə etmişdir, mobil telefonunu Sabunçu RPİ-nin 14cü Polis Bölməsində əməkdaşlara təqdim etmişdir. O, narkotik vasitə və psixotrop maddələrdən ümumiyyətlə istifadə etməmişdir. İbtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində əlavə olaraq dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 15 ildən artıqdır ki, taksi fəaliyyəti ilə məşğuldur, çox vaxt taksi kimi Bakı şəhəri Avtovoğzal, 20 yanvar və Şamaxinka adlanan ərazidə dayanırmış. O, Mitsubisi Pajero markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə avtovoğzalda dayanarkən ona bir nəfər müştəri yaxınlaşmış, həmin müştəri sənədlər olan bir sellofan paketi ona vermiş, həmçinin həmin müştəri ona ***-***-**-** mobil nömrəsindən zəng gələcəyini bildirmişdir. Müştəri ona demişdir ki, zəng olunarkən həmin paketi Sabunçu rayonu ərazisinə çatdırsın. O da taksi fəaliyyəti göstərdiyindən razılaşmış və paketi götürmüşdür. Bundan bir müddət sonra istifadə etdiyi ***-***-**-** nömrəsinə ***-***-**-** nömrəsindən zəng olunaraq Zabrat dairəsinə gəlməsi bildirilmişdir. Bundan sonra o, idarə etdiyi avtomobillə Zabrat dairəsinə getmiş, Zabrat dairəsində olarkən o, həmin nömrə ilə əlaqə saxlamış, telefonda ona bildirilmişdir ki, üzü Maştağa kəndinə doğru “LUKOİL” yanacaqdoldurma məntəqəsinin yanına gəlsin və ondan avtomobilinin markasını, dövlət qeydiyyat nişanını soruşmuşdur. Bundan sonra o, yanacaqdoldurma məntəqəsindən həmin nömrəyə zəng etmiş və telefonun dəstəyində olan şəxs ona bir az irəli sürməyi demişdir. Həmin an avtomobilini arxadan başqa avtomobil vurmuş, o, avtomobili saxlamış, həmin vaxt arxadakı avtomobildən 2-3 nəfər şəxs enərək onu Polis Bölməsinə aparmışlar. Bundan sonra bölmədə avtomobilə və üzərinə baxış keçirilmiş, avtomobildə olan torbadan narkotik vasitə aşkar olunmuşdur. X1 markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini polis bölməsindən oğlu Yusif və avtomobili sürmək üçün etibarnaməsi olan Gözəlov Novruz adlı tanışı götürmüşlər. O, narkotik vasitə daşısa da həmin sellofan torbada narkotik vasitə olmasından xəbərsiz olmuşdur. O, qeyd etmişdir ki, ilk dəfə məhkum olunur, əvvəllər heç vaxt polisdə işi olmamışdır. Onu 14-cü Polis bölməsinin əməkdaşları aldatmışlar ki, başqa Ülviyyə adlı xanımı saxlamalı imişlər, sənədlərə imza etsin və onu məhkəmədə buraxacaqlar. O da polis əməkdaşlarına inanıb sənədlərin məzmunu barədə məlumatı olmadan imza etmişdir. O, ***-***-**-** nömrəsi ilə Samsung J7 markalı mobil telefonu 14-cü PB-nə təqdim etmiş və mobil telefonu da oradadır. 14-cü PB-nin əməkdaşları avtomobilini arxadan vuraraq saxlamışlar. Onu başqa avtomobildə 14-cü PB-nə gətirmişlər. Avtomobilini də başqa şəxslər idarə etmişlər. Həmin narkotik vasitə də avtomobildən aşkar edilmişdir. O, həmin narkotik vasitənin hansı formada avtomobilinə qoyulmasından xəbərsiz olmuşdur. Polis blməsində onu aldadaraq qeyd edilən formada hadisə barədə məlumat verdiyi halda buraxacaqlarını, əks təqdirdə isə oğlu Yusifi də məsuliyyətə cəlb edəcəklərini bildirmişlər. O, həm qorxduğundan həm də polislərə inandığından onların dedikləri ilə razılaşmışdır. Saxlanılarkən tək olmuş, yanında heç kim olmamışdır. O, ailə vəziyyəti barədə bildirdikdə polis əməkdaşları bilmişlər ki, oğlu vardır və demişlər ki, əgər istədikləri kimi bildirməsə oğlunu da məsuliyyətə cəlb edəcəklər. O, ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsini təsdiq etmədiyini bildirmiş, həmin ifadəni oğlunu polislərin həbs edəcəyi hədəsindən qorxduğu üçün imzaladığını göstərmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, 2020-ci ildən Sabunçu RPİ-nin 14-cü Polis bölməsində CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 21 noyabr 2021-ci il tarixdə saat 19 radələrində Sabunçu RPİ-nin 14-cü PB-nin polis sahə inspektoru polis mayoru Şahid2lə birlikdə Sabunçu rayonu, Maştağa qəsəbəsi Maştağa-Zabrat şoşesində xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsi sorğu-sual edərkən həmin şəxsə qarşı narkotik vasitələri daşımaqda və istifadə etməklə bağlı şübhə yaranmışdır. Bu səbəbdən onlar həmin şəxsi Sabunçu RPİ-nin 14-cü PB-nə dəvət etmişlər. Polis bölməsində məlum olmuşdur ki, saxladıqları şəxs 12 avqust 1983-cü il tarixdə Gədəbəy rayonunda anadan olmuş Təqsirləndirilən şəxsdır. Təqsirləndirilən şəxs narkotik vasitə saxlamasına əsaslı şübhələr yarandığından Polis Bölməsində xidməti otaqların birinə dəvət edilmiş təhqiqatçı Elsahib Vəliyev tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, bununla bağlı müdafiəçi Təyyar Mirzəyev dəvət edilmişdir. Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirlməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmiş, lakin ərizə ilə müraciət edərək, üzərinə keçirilən şəxsi axtarış zamanı müdafiəçi Təyyar Mirzəyevin iştirak etməməsini xahiş etmişdir. Sonra onun və digər polis əməkdaşı Şahid2 iştirakı ilə təhqiqatçı Elsahib Vəliyev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması qadağan olunmuş əşya və predmetlərin olduğu təqdirdə təqdim etməsi bildirilmiş, Ülviyyə həmin vaxt əynindəki qara rəngli gödəkçənin sağ cibindən bir ədəd şəffaf sellofana bükülünü təqdim etmişdir. Həmin bükülü açıldıqda içərisində iki ədəd şəffaf selofan bükülü olmuş, bükümlər açıldıqda müəyyən edilmişdir ki, birinin içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə bənzər maddə, digər bükümün içərisində isə ağ rəngli toz kristalvari psixotrop maddə metamfetaminə oxşar maddə vardır. Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümlərdəki maddələrin tərkibini bilməsə də orada narkotik vasitə olduğunu bilmiş, 19 noyabr 2021-ci il tarixdə tanımadığı şəxslə razılaşmışlar ki, həmin narkotik vasitəni Nərimanov rayonu Maştağa qəsəbəsində tanımadığı şəxsə verəcək, həmin şəxs də Təqsirləndirilən şəxs bunun müqabilində 500 manat verəcəkdir. Həmin puldan Təqsirləndirilən şəxs 100 manat taksi xidməti göstərdiyi üçün özünə götürməli, 400 manatı isə narkotik vasitəni götürdüyü yerə qoyacaqmış. Təqsirləndirilən şəxs aşkar edilmiş heroinə və metamfetaminə bənzər maddələr təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış, qablaşdırılmış zərf PB-nin 100 nömrəli möhürü ilə möhürlənmişdir. Məhkəmədə şahid qismndə ifadə vermiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini mahiyyəti üzrə eynilə təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinin sabiq müstəntiqi Şahid3 Natiq qızı məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində təhqiqat materialları onun icraatına cinayət işinin başlanılması və istintaq edilməsi ilə bağlı daxil olmuşdur. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarda Təqsirləndirilən şəxs xx.xx.2021ci il tarixdə saat 19:20 radələrində saxlanılması göstərildiyi halda, şübhəli şəxsin tutulması haqqında protokolda Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 17:20 radələrində saxlanılmasının göstərilməsinin səbəbini izah edə bilmir. Cinayət işinin ilkin araşdırılmasının 23 noyabr 2021-ci il tarixdə ona verildiyini, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilərkən iştirak etdiyini, sonra cinayət işini başqa müstəntiqə təhvil verdiyini, cinayət işinin materiallarında olan cild 1, iş vərəqə 46-47-də olan DVD diskə baxış keçirilməsi haqqında protokolunda olan imzanın, cild 1, iş vərəqə 66-67-də olan məhkəmə narkoloji ekspertizası təyin edilməsi barədə qərardakı imzanın, cild 1, iş vərəqə 68-də olan təqsirləndirilən şəxsin ekspertiza təyin edilməsi barədə qərarla tanış olması haqqında protokoldakı imzanın, cild 1, iş vərəqə 69-da olan Respublika Narkoloji Mərkəzinin direktoruna ünvanlanmış məktubdakı imzanın, cild 1, iş vərəqə 72- 73-də olan təxirəsalınmaz axtarış və götürmə aparılması barədə qərardakı imzanın, cild 1, iş vərəqə 74-də olan Sabunçu rayon Məhkəməsinin sədri İlqar Abbasova ünvanlanmış məktubdakı imzanın, cild 1, iş vərəqə 75-76-da olan axtarış və götürmə haqqındakı protokoldakı imzanın, cild 1, iş vərəqə 77-də olan protokoldakı və iş vərəqə 78-də olan raportdakı imzanın ona məxsus olmadığını, həmin imzalar ola bilsin ki, cinayət işin təhvil verdiyi müstəntiq tərəfindən onun adından icra edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin sağ cibindən bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində 02 ədəd olmaqla, 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 44, 205 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 19,202 qram ağ rəngli kristalik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülməsi təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 22 noyabr 2021-ci il tarixli, 6/5156 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N-100” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 44,205 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 19,202 qram olan ağ rəngli kristalik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının” ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi-44,205 qram, tədqiqata sərf edilmiş-0,050 aram, qalıq-44,155 qramdır. Metamfetaminin təmiz çəkisi-19,202 qram, tədqiqata sərf edilmiş-0,050 qram, qalıq-19,152 qramdır. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 888 nömrəli rəyindən görünür ki. Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan müalicəyə ehtiyacı yoxdur. Məhkəmə istintaqı zamanı Bakçell MMC və Azərcell MMC-dən məlumatlar əldə edilərək cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan 21 noyabr 2021-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 4(008)-930/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 21 noyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 44, 205 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 19, 202 qram ağ rəngli kristalik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metafetamin sübut əhəmiyyəti kəsb etdiyindən, cinayət işinə əlavə edilməklə maddi sübut kimi tanınmış və tədqiqatlardan sonra qalıq qalmış 44,155 qram heroin və 19,152 qram metamfetamin Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Azərbaycan Respublikasının DİN-nin BƏSİİdən alınmış 06 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməlləri törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu üçün ona təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132-cı maddəsinə uyğun olaraq iş üzrə maddi sübutlar Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş iş üzrə maddi sübut olan tədqiqatlardan sonra qalıq qalmış 44,155 qram heroin və 19,202 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü 01 ədəd DVD disk, Bakçell MMC və Azərcell MMC-dən alınmış 2 ədəd disklər iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 91 (doxsan bir) manat 76 (yetmiş altı) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi 420 (dörd yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 21 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 21 noyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olaraq Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş iş üzrə maddi sübut olan tədqiqatlardan sonra qalıq qalmış 44,155 qram heroin və 19,202 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü 01 ədəd DVD disk, Bakçell MMC və Azərcell MMC-dən alınmış 2 ədəd disklər iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 91 (doxsan bir) manat 76 (yetmiş altı) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi 420 (dörd yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1200/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1200/2022
22.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver