Məhkəmə qərarları › İş №1(101)-1201/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1201/2021

03.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1201/2021 03.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X9 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1990-cı il tarixdə Yardımlı rayonunun Şəfəqli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Yardımlı rayonunun Şəfəqli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Seymur Həsənov küçəsində fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək daşıyıb saxlamışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma cinayətini törətmək məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Aməd” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Aməd” adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə “Aməd” adlı şəxsin və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla göndərdiyi külli miqdarda ümumi təmiz çəkisi 9.515,7 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, külli miqdarda ümumi təmiz çəkisi 1.992,1 qram psixotrop maddə metafetamini, külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 76 qram olan 1.900 ədəd həbdən ibarət narkotik vasitə metadonu İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirdikdən və narkotik vasitə və psixotrop maddələri qoyduğu yer barədə Təqsirləndirilən şəxs əvvəlcədən məlumat verdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri Abşeron rayonu, Müşfiq qəsəbəsində 20 nömrəli elan lövhəsinin altından 1 ədəd torbada götürərək satış məqsədi ilə qanunsuz olaraq əldə edib bir hissəsini üzərində, qalan hissəsini isə yaşadığı evdə gizlətməklə saxlamış, 18 fevral 2021ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək üzərində saxlamaqla daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 13:30-da yaşadığı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Seymur Həsənov küçəsində yerləşən fərdi evinin yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki gödəkcəsinin sol yan iç cibində satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd bükümdə külli miqdarda 513,4 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin tarixdə saat 16:10-dan etibarən Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə yaşadığı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Seymur Həsənov küçəsində yerləşən fərdi evinə baxış keçirilən zaman mənzilin girişindən sağ tərəfdə yerləşən dolabda külli miqdarda 7 ədəd bükümdə ümumilikdə 9.002,3 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 2 ədəd bükümdə ümumilikdə 1.992,1 qram çəkidə psixotrop maddə metafetamin və külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 76 qram olan üzərində “Methadone 40” yazısı qeyd olunmuş 190 ədəd konvolyutda ümumilikdə 1.900 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206. 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 3 ay bundan əvvəl “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə “Aməd” adlı şəxslə tanış olmuşdur. Bir müddət Amədlə danışdıqdan sonra Aməd ona narkotik vasitə verəcəyini və həmin narkotik vasitəni müxtəlif yerlərə qoymağını, bunun qarşılığında pul verəcəyini bildirmiş, o da Amədlə razılaşmışdır. Bir müddət keçdikdən sonra Aməd ona Abşeron rayonu, Müşviq qəsəbəsində 20 nömrəli elan lövhəsinin altına narkotik vasitə qoyduğunu və həmin narkotik vasitəni götürməyini bildirmişdir. O da gedib həmin yerdən 1 ədəd əl çantasını götürmüşdür. Aməd ona həmin çantanı 2 gün özündə saxlamağını, sonra da aparıb hara qoyacağını bildirəcəyini demişdir. O həmin çantanı açıb içinə baxmamış və Amədin ona zəng etməyini gözləmişdir. Bu zaman polis əməkdaşları evinə gəlib onu tutmuş və həmin çantanı aşkar edib onu polis idarəsinə aparmışlar. X8 Respublikasının vətəndaşı olubolmadığını bilməmişdir. Həmin narkotik vasitələri müxtəlif yerlərə qoymağı üçün Aməd ona 6.000 manat pul verməli olmuşdur. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində bildirmişdir ki, təxminən 2 ay bundan əvvəl “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı “Aməd” adlı şəxslə tanış olmuşdur. Bir müddət onunla danışdıqdan sonra Aməd ona narkotik vasitə verəcəyini və həmin narkotik vasitəni müxtəlif yerlərə qoymağını, bunun qarşılığında hər bükümə 1.000 manat pul verəcəyini bildirmiş, o da razılaşmışdır. Birinci dəfə təxminən 2020-ci ilin dekabr ayının ortalarında Aməd ona Abşeron rayonu, Müşfiq qəsəbəsində 20 nömrəli elan lövhəsinin altına narkotik vasitə heroin qoyduğunu bildirmiş, o da həmin yerdən 1 ədəd əl çantasını götürmüşdür. Evdə həmin çantaya baxanda içərisində hər birində təxminən 1 kiloqram olmaqla ümumilikdə 10 ədəd büküm olduğunu görmüşdür. Hər bükümü ayrı-ayrı yerlərə yerləşdirmiş və həmin yerlərin şəklini çəkib Amədə göndərmişdir. Bunun qarşılığında Aməd ona tanımadığı şəxs vasitəsilə 10.000 manat pul göndərmişdir. Bundan sonra Aməd ona yenə Abşeron rayonu, Müşfiq qəsəbəsində 20 nömrəli elan lövhəsinin yaxınlığına 1 ədəd torbada narkotik vasitə qoyduğunu bildirmişdir. O da gedib həmin narkotik vasitəni götürmüş və yaşadığı evdə gizlətmişdir. Sonra da Amədin dediyi yerə qoyub şəklini ona göndərmək üçün narkotik vasitə heroindən 1 büküm götürüb üzərində saxlamışdır. 18 fevral 2021-ci il tarixdə saat 13:30 radələrində yaşadığı ünvanın yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş və onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. İdarədə şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etməsi təklif olunduqda o, əynində olan qara rəngli uzunqol gödəkcəsinin sol iç hissəsindən 1 bükümdə narkotik vasitə olan heroini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd açar, içərisində siqaret dənələri olan siqaret qutusu, 104 manat pul və həmin şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Təqdim etdiyi heroin elektron tərəzidə çəkilmiş və içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. 1 ədəd qara rəngli “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, içərisində siqaret dənələri olan siqaret qutusu, 1 ədəd açar və 104 manat pul isə özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı narkotik vasitəni necə əldə etməyi barədə məlumat vermiş və yaşadığı Abşeron rayonunda yerləşən nömrəsiz fərdi yaşayış evində də narkotik vasitələr olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birgə yaşadığı evə getmiş və mənzilin girişdən sağ tərəfdə yerləşən taxta konstruksiyalı dolabın içərisindən 1 ədəd sellofan torba və 1 ədəd kağız karton qutunu təqdim etmişdir. Sellofan torbaya baxış zamanı içərisindən 6 bükümdə və 1 ədəd plastik qabda narkotik vasitə olan heroin kütləsi və 2 bükümdə psixotrop maddə olan metafetamin aşkar olunmuşdur. Sonra aşkar olunmuş heroin və metafetamin kütlələri elektron tərəzidə çəkilmiş, karton qutunun içərisindən isə ümumilikdə 190 konvolyutda 1.900 ədəd “Metadon 40” həbi aşkar olunmuşdur. Həmin heroin və metafetamin içərisi boş olan sellofan torbaya, 1.900 ədəd “Metadon 40” həbi isə boş olan karton qutunun içərisinə qoyularaq qablaşdırımış, möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. O, qaçaqmalçılıqla məşğul olmadığını, İran İslam Respublikasının vətəndaşı Aməd adlı şəxsin narkotik vasitə və psixotrop maddələri Azərbaycan Respublikasının ərazisində olduğu zaman götürməyi dediyini, buna görə də narkotik vasitələrin və psixotrop maddələrin haradan gəldiyindən xəbəri olmadığını bildirmişdir (cild 1, iş vərəqə 75-78; 177-180). Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi həmin ifadələri iş materiallarına və işin hallarına uyğun olduğundan məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla tam sübuta yetirildi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 18 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bundan sonra o və Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilmiş və Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Seymur Həsənov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında olduğunu öyrəndikdən sonra 18 fevral 2021-ci il tarixdə saat 13:30 radələrində həmin ünvana getmişlər. Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin həmin ünvanın yaxınlığında piyada hərəkət etdiyini gördükdə həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək anket məlumatlarını bildirməsini xahiş etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdə ona Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmək lazım olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib razılaşmış və sonra birlikdə BNMİ-yə gəlmişlər. BNMİdə Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş, müdafiəçi gəldikdən sonra isə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli uzunqol gödəkcəsinin sol iç hissəsindən 1 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd açar, içərisində siqaret dənələri olan siqaret qutusu, 104 manat pul və həmin şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş başqa hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilib içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. 1 ədəd qara rəngli “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, içərisində siqaret dənələri olan siqaret qutusu, 1 ədəd açar və 104 manat pul isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu, həmin kütləni 2 ay bundan əvvəl “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Aməd” adlı şəxsin vasitəsi ilə 1 həftə əvvəl təyin edilmiş yerdən, yəni Abşeron rayonu, Müşfiq qəsəbəsində 20 nömrəli elan lövhəsinin yaxınlığından götürdüyünü, sonradan isə həmin narkotik vasitələri müəyyən ünvanlara qoyaraq şəklini İran İslam Respublikasının vətəndaşı “Aməd” adlı şəxsə göndərəcəyini və gördüyü işin qarşılığında hər bükümə görə sonuncunun ona 1.000 manat pul göndərəcəyini, əvvəllər məhkum olunmadığını və narkotik vasitələrin aludəçisi olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonunda yerləşən nömrəsiz fərdi yaşayış evində də narkotik vasitələr olduğunu, həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirib bu barədə ərizə yazmışdır. Bundan sonra şəxsi axtarış qurtarıb videoçəkiliş dayandırılmış və protokol tərtib edilərək ucadan oxunub imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi üçün həmin ünvana getmişlər. Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Seymur Həsənov küçəsində nömrəsiz fərdi yaşayış ünvanına çatdıqdan sonra ona evdə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzilin girişdən sağ tərəfdə yerəşən taxta dolabın içərisindən 1 ədəd sellofan torba və 1 ədəd kağız karton qutunu təqdim etmişdir. Sonra həmin sellofan torba və karton qutu əlverişli şəraitdə baxış keçirilməsi üçün mənzilin qonaq otağına aparılmış və içərisinə baxış zamanı 6 ədəd bükümdə və 1 ədəd plastik qabda narkotik vasitə olan heroinə bənzər kütlə və 2 ədəd bükümdə psixotrop maddə olan metafetaminə bənzər kütlə aşkar olunmuşdur. Daha sonra aşkar olunmuş heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmişdir. Karton qutunun içərisindən isə ümumilikdə 190 konvolyutda 1.900 ədəd “Metadon 40” həbinə bənzər kütlə aşkar olunmuşdur. Sonra həmin heroinə və metafetaminə bənzər bükümlər içərisi boş olan sellofan torbaya, 1.900 ədəd “Metadon 40” həbinə bənzər kütlələr isə karton qutunun içərisinə qoyularaq qablaşdırılıb möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirilən zaman narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Bundan sonra baxış qurtarıb videoçəkiliş dayandırılmış və protokol tərtib edilərək ucadan oxunub imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 125-128). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/737 saylı 19 fevral 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi 1 bükümdə narkotik vasitə heroinə bənzər kütlə” yazısı olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 513,4 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş.....” yazısı olan polietilen bağlamadakı 7 (yeddi) ədəd bükümdə ümumi təmiz çəkisi 9.002,3 qram (9 kq 2,3 qram) qəhvəyi rəngli maddə kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 1.992,1 qram (1 kq 992,1 qram) ağ rəngli kristallardan ibarət maddə kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Mənzilə baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi metadon...” yazısı olan qutudakı üzərində “Methadone 40” qeyd olunmuş hər konvolyutda 10 həb olmaqla 190 ədəd konvolyutda ümumi 1.900 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və üzərindəki qeyd olunmuş göstəricisinə əsasən 1.900 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 76 qram təşkil edir (bir həbdə 0,04 qram metadon olmaqla). Təqdim edilmiş həblər təsiredici maddəsinin miqdarına və xarici əlamətlərinə görə eyndir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi və yaşadığı mənzildən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 9.515,7 qram (9 kq 515,7 qram) təşkil edir və həmin heroinlər xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynidir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metafetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına, metadon isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin” İİ siyahısına daxildir (Qeyd: heroinin ümumi təmiz çəkisi 9.515,7 qram, tədqiqata sərf edildi ümumi 0,24 qram, qalıq 9.515,46 qram; metafetaminin ümumi təmiz çəkisi 1.992,1 qram, tədqiqata sərf edildi ümumi 0,2 qram, qalıq 1.991,9 qram; 1.900 həbdən 10 həb tədqiqata sərf edildi, qalıq 1.890 həb), (cild 1, iş vərəqə 47-52). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 3 may 2021-ci il tarixli 1345 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 143-144). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Abşeron rayon məhkəməsinin 23 fevral 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 18 fevral 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqə 91-93). Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə aparılması, mənzilə baxış və götürmə aparılması haqqında protokollardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 18 fevral 2021-ci il tarixdə saat 13:30-da Təqsirləndirilən şəxs Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Seymur Həsənov küçəsində yerləşən fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq BNMİ-yə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkcəsinin sol yan iç cibindən 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Keçirilmiş tədbirlərin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Seymur Həsənov küçəsində yerləşən fərdi yaşayış evindən 7 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, 2 ədəd bükümdə psixotrop maddə metafetaminə bənzər maddə və 1.900 ədəd metadona bənzər həblər aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 29-32, 35-38). Cinayət işinin materiallarında olan “cinayət işi üzrə materialın ayrılması haqqında” 15 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələrin və psixotrop maddələrin mənbəyinin müəyyən edilməsi ilə bağlı başqa cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 154-155). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 101-102). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələrlə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində 2 azyaşlı uşağı var (cild 1, iş vərəqə 133-135). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 fevral 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 20). İş materiallarında olan Nərimanov rayon məhkəməsinin 20 fevral 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 18 fevral 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 88-90). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 18 fevral 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və onun yaşadığı evdən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 9.515,46 qram narkotik vasitə heroin, 1.991,9 qram psixotrop maddə metafetamin və 1.890 ədəd metadon həbləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməli, şəxsi axtarış və baxış aparılması zamanı çəkilmiş videogörüntülər olan 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 18 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və onun yaşadığı evdən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 9.515,46 qram narkotik vasitə heroin, 1.991,9 qram psixotrop maddə metafetamin və 1.890 ədəd metadon həbləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin, şəxsi axtarış və baxış aparılması zamanı çəkilmiş videogörüntülər olan 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar