Məhkəmə qərarları › İş №1(101)-1201/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1201/2023

19.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1201/2023 19.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X5 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1984-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, taksi fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsiyyəti istintaqa məlum olmayan “Rza” adlı İran İslam Respublikası vətəndaşının istintaqa məlum olmayan bank hesabına 250 manat pul köçürdükdən sonra sonuncunun Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yol kənarında daşın altına istintaqla müəyyən olunmayan vaxtda və qaydada yerləşdirdiyi 1 ədəd sellofan paketin içərisində 7 ədəd ayrı-ayrı bükümlərdə təmiz çəkiləri 0,928 qram, 0,921 qram, 1,301 qram, 1,249 qram, 1,309 qram 1,059 qram və 1,922 qram olmaqla, ümumi təmiz çəkisi 8,689 qram təşkil edən qəhvəyi rəngli maddə kütləsi xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini 3 dekabr 2022-ci il tarixdə gecə saat 2 radələrində həmin yerdən götürüb əldə etməklə üzərində saxlayaraq daşımış, 9 dekabr 2022-ci il tarixdə saat 15:50-də Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanında saxlanılaraq Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirilərək orada üzərində şəxsi axtarış və götürmə keçirilərkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan paketin içərisində 7 ədəd ayrı-ayrı bükümlərdə təmiz çəkiləri 0,928 qram, 0,921 qram, 1,301 qram, 1,249 qram, 1,309 qram 1,059 qram və 1,922 qram olmaqla, ümumi təmiz çəkisi 8,689 qram təşkil edən qəhvəyi rəngli maddə kütləsi xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, Rusiya Federasiyasından deportasiya olunub vətənə qayıtmış, vətənə gəldikdən sonra “Uber” taksi şirkətində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Tutulmazdan 2 gün əvvəl Mərdəkan qəsəbəsində “Rza” adlı şəxsin bildirdiyi yerdən 1 bükümdə çəkisi 2 qram olan heroini götürmüşdür. “Rza” adlı şəxsdən ilk dəfə idi ki, narkotik vasitə almışdır. Bundan 2 gün sonra idarə etdiyi avtomobildə nasazlıq olduğundan avtomobili Yasamal rayonu ərazisində olan avtoservisə aparmış, həmin yerdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılan zaman üzərində 2 qramdan az heroin olmuş, çünki tutulmazdan 2 gün əvvəl əldə etdiyi heroinin bir hissəsini istifadə etmişdir. Saxlanıldıqdan sonra Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirilmiş, orada ailəsinin də məsuliyyətə cəlb edəcəklərini bildirib onu hədələdikləri üçün 7 büküm narkotik vasitənin ona məxsus olmasını demişdir. Həmin vaxt 100 kiloqram narkotik vasitə ilə ittiham edəcəklərini bildirsələrdi, yenə də onu qəbul edəcəkdir. Narkotik vasitəni şəxsi istifadəsi məqsədilə “İnstagram” sosial şəbəkəsi vasitəsilə əldə etmişdir. Narkotik vasitə satan şəxlərin bank kartına pul göndərdikdən sonra onlar ona narkotik vasitələrin olduğu yeri bildirirmişlər. Sonuncu dəfə narkotik alanda 55 manat pul ödəmişdir. Əvvəllər “Rza” adlı şəxsdən narkotik vasitə almamış, onu 3-4 nəfər polis əməkdaşı saxlamışdır. Narkotik vasitəni gödəkcəsinin sağ cibindən aşkar etmişlər. Ona qarşı fiziki zor tətbiq edilməmiş, əgər ittihamı qəbul etməsəydi, həyat yoldaşını da cinayət məsuliyyətinə cəlb edəcəklərini bildirmişlər. Polis əməkdaşları narkotik vasitəni şəxsi axtarışdan əvvəl cibinə qoymuş, şəxsi axtarış zamanı narkotik vasitəni üzərindən aşkar etmişlər. Polis əməkdaşları təzyiq göstərdiyindən şəxsi axtarış zamanı aşkar olunmuş maddənin narkotik vasitə olduğunu, tanımadığı iran vətəndaşından 250 manata aldığını bildirmiş və narkotik vasitə elektron tərəzidə çəkilmişdir. Qətimkan tədbirinin seçilməsi ilə əlaqədar prokuror və məhkəmə qarşısında olarkən o, qanunsuz həbs edildiyini bildirməmişdir. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmiş, tanışları ilə birlikdə narkotik vasitə əldə edib istifadə etmişlər. "xxxx" ASC-nin debet kartından həm taksi fəaliyyəti ilə əlaqədar, həm də RF-da olan yaxınlarının pul köçürməsi ilə əlaqədar istifadə etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2018-ci ildə X9 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahdan 2 övladı - 2019-cu il təvəllüdlü oğlu Alim Kəlbiyev, 2020-ci ildə isə qızı Xədicə Kəlbiyeva dünyaya gəlmişdir. 1996-cı ildə atası Azat Kəlbiyev, anası Südabə Kəlbiyeva, qardaşı Bəhruz Kəlbiyev və bacısı Arzu Kəlbiyeva ilə ailəvi olaraq Rusiya Federasiyasının Novosibirsk şəhərinə köçmüş və həmin vilayətdə 2018-ci il tarixədək yaşamışdır. Anası hazırda qardaşı və bacısı ilə birlikdə Novosibirskdə yaşayır, atası 1 il 6 ay əvvəl orda rəhmətə getmiş, Lənkəran şəhərinə gətirib dəfn etmişlər. Qardaşı Novosibirskdə yaşadıqları müddətdə, yəni 2018-ci ildə dələduzluq cinayətinə görə tutulmuş, 3 il azadlıqdan məhrum edilmiş, indi də həmin şəhərdə anası və bacısı ilə birgə yaşayır. Qardaşı tutulanda o da tutulmuş, lakin qardaşı Bəhruzu həbs etdikdən sonra onu departasiya etmişlər. O, tutulan zaman eşitmişdir ki RF-da axtarışdadır. Heç vaxt axtarışda olmamış, ola bilsin ki, orada anlaşılmazlıq olmuş, əgər onun təqsiri olsaydı onu departasiya etməzdilər. 2018-ci ildə Dağıstan Respublikasının Mahaçkala şəhərinə gəlmiş, 2 ilə yaxın orada yaşadıqdan sonra Bakı şəhərinə gəlmiş və 2020-ci ildən ailəsi ilə birlikdə Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamışdır. 2-3 ay olar ki, Xırdalan şəhərində AAF park yaşayış kompleksində kirayədə yaşayır. 1 il 6 aydır ki, “Uber” taksi şirkətində taksi fəaliyyəti ilə məşğul olur. 2 aya yaxındır ki, **-SU-*** nömrə nişanlı “Kia Rio” markalı avtomobili idarə edərək taksi kimi istifadə etmişdir. Avtomobilin sahibi Eminağa adlı şəxsdir, həmin avtomobilə görə gündəlik 25 manat pul ödəmişdir. 2 ay olar ki, heroin narkotik maddəsindən çəkməklə istifadə etmiş, heroini bir neçə dəfə İİR-nın vətəndaşı Rza adlı şəxsdən almışdır. Rza adlı şəxs ona heroin narkotik vasitəsini qoyduğu yeri göstərmiş və şəklini çəkib “WhatsApp”-ına atmış, o da həmin ünvana gedib oradan malı götürmüşdür. Əvvəlcədən Rza adlı şəxsin dediyi xatırlamadığı kart nömrəsinə pul köçürmüşdür. Bu günə kimi Rza adlı şəxsin üzünü görməmiş, Rza onunla yalnız telefonda danışmışdır. Danışığından iranlı olduğu hiss olunmuşdur. Sonuncu dəfə o, Rza tutulmazdan təxminən 1 həftə əvvəl Mərdəkan qəsəbəsində bildirdiyi ünvanda həmin yerin şəklini çəkərək ona atmış, o da həmin yerə gedərək üzərindən aşkar olunaraq götürülmüş 7 ədəd ayırlmış vəziyyətdə bükümü götürmüşdür. Rza adlı şəxsdən əvvəlcədən heroinləri bükümlərə bükməsini xahiş etmiş və həmin bükümlərə görə Rzanın kartına 250 manat pul göndərmişdir. Rzadan bir neçə dəfə bu cür heroin almışdır. Deyilən yerdən narkotik vasitələri götürüb özü üçün istifadə etmiş, qalan bükümləri isə dost-tanışına həm pay olaraq, həm də müəyyən pul müqabilində vermişdir. “WhatsApp” tətbiqində +**********837 saylı nömrə ilə qeydiyyatdan keçmiş İİR-nın vətəndaşı “Rza Doktor” üzərindən aşkar edilmiş narkotik vasitəni aldığı şəxsdir. Özünə narkotik vasitə lazım olduqda Rza adlı şəxsdən almışdır. Digər ***-***-**-** saylı nömrəni isə xatırlamamışdır. İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxsin göstərişi ilə narkotik vasitələri müxtəlif ünvanlarda yerləşdirməmişdir. Rzanın har hansı bir sifarişini yerinə yetirməmişdir (cild 1, iş vərəq196-198). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatla əlaqədar Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “X10”-in qarşısında saxlayıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirdikdən sonra onu Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər. Yasamal RPİ-nin 29-cu PŞ-də təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah edilməklə üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmasına başlanılacağı bildirilmişdir. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs 1 ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Əməliyyat məlumatı Şahid1 daxil olmuş, Təqsirləndirilən şəxs günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində saxlayıb Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirmişlər. Yasamal RPİ-nin 29-cu PŞ-nə onun və yaxud Şahid1 avtomobili ilə getdiyini xatırlamamışdır. Təqsirləndirilən şəxs öz avtomobili ilə Yasamal RPİ-nin 29cu PŞ-nə gətirmiş, lakin ya o, ya da Şahid1 Təqsirləndirilən şəxs yanında avtomobilində əyləşmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitədən başqa plastik bank kartı aşkar edilmiş, Təqsirləndirilən şəxs narkotik vasitəni iran vətəndaşından Sumqayıt rayonu ərazisindən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs hansı cibindən narkotik vasitə aşkar olunduğunu xatırlamamışdır. Şəxsi axtarış videoçəkiliş vasitəsilə keçirildiyindən Təqsirləndirilən şəxs hansı cibindən narkotik vasitə aşkar edildiyi videoçəkilişdə aydın şəkildə görünmüşdür. Hadisənin üzərindən uzun müddət keçdiyindən və analoji işlərin çoxluğu ilə əlaqədar bəzi halları xatırlamamış, lakin ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında qeydiyyatda olmaqla ünvan 7 ünvanında kirayədə yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə Azərbaycan Respubliası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin və psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qurupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunverilicikdə nəzərdə tutulmuş qaydada aşkar edilərək götürülməsi və gizli müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə İdarənin rəhbərliyinə raportla müraciət edilmişdir. Bundan sonra əməliyyat qurupu yaradılmış və iş yoldaşı Şahid1 ilə birlikdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 9 dekabr 2022-ci il tarixdə saat 15:50-da ünvan 3 ünvanının qarşısında “Kia Rio” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında dayanan zaman saxlanılmış, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib külli miqdarda narkotik vasitələri və psixotrop maddələri və həmin maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında saxlandığını izah edib onu Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati bina dəvət etmişlər. Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal RPİ-nin 29-cü PŞ-nin inzibati binasına gətirildikdən sonra üzərində paltarında, əşyalarında, bədənində, yaşadığı ünvanda, avtomobilində narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayət izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi üçün raportla rəhbərliyə müraciət edilmiş və bundan sonra DİN-in BNMİ-nin TQ-nun təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs və dəvət edilmiş müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmasına başlanmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan üst geyiminin sağ yan cibindən 1 ədəd avtomobil açarını, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 12 manat pulu, 1 ədəd şəxsiyyət vəsiqəsini, 1 ədəd sürücülük vəsiqəsini, üzərində **********099118 rəqəmləri əks olunmuş 1 ədəd “ATB” banka məxsus bank kartını, sol arxa cibindən 1 ədəd içərisində ***-***-**-** GSM nömrə olan “Samsung” markalı mobil telefonu və sağ yan cibindən 1 ədəd sellofan paketi təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan paketə baxış keçirilən zaman içərisində 7 bükümdə qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlələrin təxmini çəkilərinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş, ümumi çəkisinin isə 9,8 qram olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı bir maddə və ya predmet aşkar edilməmişdir. Həmin sellofan bükümlər 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri “DİN-in Zərflər üçün 7 saylı” möhürü ilə möhürlənib götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümlərdə olan maddənin heroin olduğunu, həmin maddələri 1 həftə bundan əvvəl Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisindən götürdüyünü, həmin maddələri sosial şəbəkədə tanış olduğu İİR vətəndaşı “Rza” adlı şəxsin vasitəsilə 250 manata əldə etdiyini, həmin maddələri həm öz istifadəsi, həm də dost-tanışına pay verməsi üçün üzərində saxladığını, əvvəllər də tanışlarına narkotik maddə verdiyini və buna görə pul da aldığını, özünün 2 aya yaxındır ki, narkotik vasitə istifadəçisi olduğunu, onun nömrəsinin telefonunda qeyd olunduğunu, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, bu əməlindən heç kimin məlumatının olmamasını, saxlanılan zaman və polis bölməsində olan zaman onun üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı heç bir zor tətbiq edilmədiyini əlavə olaraq bildirmişdir. Videoçəklişlə aparılmış şəxsi axtarış və götürmə bitdikdən sonra protokol tərtib edilməklə iştirakçılara ucadan oxunmuş, protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Bundan sonra onun iş yoldaşı Şahid2, Təqsirləndirilən şəxs və dəvət edilmiş müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs “Kia Rio” markalı **-SU- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözü gedən avtomobildə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs isə avtomobildə qanunla qadağan olunmuş heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra avtomobilin digər hissələrinə baxış keçirilsə də iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra bu barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, iştirakçılara protokola daxil edilməli olan qeydlər hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokolun düzlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olması barədə gizli mənbədən idarəyə məlumat daxil olduqdan sonra tədbir keçirilmiş və məlum olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğuldur. Təqsirləndirilən şəxs saxlandığı, eyni zamanda onun izahatı alındığı zaman fiziki zorakılığa məruz qalmamış, o, sərbəst olaraq izahat vermiş və əməlini etiraf etmişdir (cild 1, iş vərəqə 134-138). Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Şahid2 ibtidai istintaq zamanı ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 129-133). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 9 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan üst geyiminin sağ yan cibindən 1 ədəd avtomobil açarı, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 12 manat pul, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd sürücülük vəsiqəsi, üzərində **********099118 rəqəmləri əks olunmuş 1 ədəd “ATB” banka məxsus bank kartı, sol arxa cibindən 1 ədəd içərisində ***-***-**-** GSM nömrə olan “Samsung A 20S” markalı mobil telefon və sağ yan cibindən 1 ədəd sellofan paketdə içərisində 7 ədəd bükümdə qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqə 33-35). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 dekabr 2022-ci il tarixli 6/6977 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN-in zərflər üçün N° 7” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” sözləri, soyad və imzalar olan 1 ədəd zərfin içərisində 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,928 qr, 0,921 qr 1,301 qr, 1,249 qr, 1,309 qr, 1,059 qr, 1,922 qr, ümumi təmiz çəkisi 8,689 qram olan qəhvəyi rəngli maddə kütləsi xarici əlamətlərinə və kimyəvi tərkib komponetlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir (Qeyd: heroinin ümumi təmiz çəkisi 8,689 qram, cəmi tədqiqata sərf edildi 0,21 qram, qalıq 8,479 qram, cild 1, iş vərəqə 47-48). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6 yanvar 2023-cü il tarixli 5/1592 N-li rəyindən görünür ki, təqdim edilmiş 1 ədəd sensor ekranlı “Android 11” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy A 20S” markalı “SM-A207F/DS” modelli “**********32760,**********32768” “ımeı” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “Samsung Galaxy A 20S” markalı “SM-207F/DS” modelli mobil smartfonun yaddaşında (kontaklar, zənglər, “SMS” mesajlar, audio, foto, videofayllar, “WhatsApp” proqram təminatı vasitəsilə aparılmış audio, foto, videofayllar və s.) mövcud olan və yaddaşından qismən pozulmuş məlumatlar müəyyən olunmuşdur (bax rəyə əlavə olunmuş 4 ədəd DVD-R diskə). Təqdim edilmiş “Samsung Galaxy A 20s” markalı “SM-A207F/DS” modelli mobil smartfonun yaddaşından məlumatların əldə edilməsi üçün “File (Qtıalcomm Live) məlumatların əldə edilməsi metodu”-nun tətbiq edilməsinə baxmayaq naməlum texniki səbəblərə görə smartfonun yaddaşına yüklənmiş “+994 507388774” abonent nömrəsi ilə qeydiyyatdan keçmiş “WhatsApp” proqram təminatı vasitəsi ilə aparılmış (çat-yazışma seansı, buraxılmış, qəbul olunmuş, çıxan səsli və videozənglər) məlumat mübadilələrini və “+**********81” abonent nömrə ilə qeydiyyatdan keçmiş “WhatsApp” proqram təminatı vasitəsi ilə aparılmış (çat-yazışma seansı, buraxılmış, qəbul olunmuş, çıxan səsli zənglər) məlumat mübadilələrinin köçürülməsi mümkün olmamışdır (cild 1, iş vərəqə 183-185). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 9 dekabr 2022-ci il tarixli və “diskə baxış keçirilməsi haqqında” 10 dekabr 2022-ci il tarixli protokollardan görünür ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qurupunun təhqiqatçısı X3 xidməti otaqların birində özünü təqdim edərək Azərbaycan Respublikası CPM-nin 51, 86, 246.2.1 və 246.4-cü maddələrini rəhbər tutaraq DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin x.m.i.ü. baş əməliyyat müvəkkili, polis polkovniki Şahid1 və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis nəfəri, polis baş serjantı Şahid2 iştirakı ilə şəxsi axtarış və götürmə aparılmasını, şəxsi axtarış və götürmə zamanı videogörüntünün DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı X11 tərəfindən həyata keçirilməsi qeyd edilir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs 9 dekabr 2022-ci il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələri və psixotrop maddələri və həmin maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında saxlanılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət edilməsini və şübhəli şəxs qismində tutularaq müdafiə hüququnun təmin edilməsi məqsədi ilə müdafiəçinin dəvət edilməsi və hüquq və vəzifələrinin izah olunması elan edilir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan üst geyiminin sağ yan cibindən 1 ədəd avtomobil açarını, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 12 manat pulu, 1 ədəd şəxsiyyət vəsiqəsini, 1 ədəd sürücülük vəsiqəsini, üzərində **********099118 rəqəmləri əks olunmuş 1 ədəd “ATB” banka məxsus bank kartını, sol arxa cibindən 1 ədəd içərisində ***-***-**-** GSM nömrə olan “Samsung” markalı mobil telefonu və sağ yan cibindən 1 ədəd sellofan paketi təqdim edərək masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış zamanı sonucunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 12 manat pul, avtomobil açarı özünə qaytarılsa da, 1 ədəd mobil telefon, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd sürücülük vəsiqəsi və 1 ədəd bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürüldü. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan paketə baxış keçirilən zaman içərisində 7 bükümdə qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edildi. Aşkar edilmiş kütlələrin təxmini çəkilərinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilərək ümumi çəkisinin 9,8 qram olması müəyyən edildi. Həmin sellofan bükümlər 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırıldı, üzəri “DİN-in Zərflər üçün 7 saylı” möhürü ilə möhürləndi və götürüldü. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümlərdə olan maddənin heroin olduğunu, həmin maddələri 1 həftə bundan əvvəl Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisindən götürdüyünü, həmin maddələri sosial şəbəkədə tanış olduğu İİR vətəndaşı “Rza” adlı şəxsin vasitəsilə 250 manata əldə etdiyini, həmin maddələri həm öz istifadəsi, həm də dost-tanışına pay verməsi üçün üzərində saxladığını, əvvəllər də tanışlarına narkotik maddə verdiyini və buna görə pul da aldığını, özünün 2 aya yaxındır ki, narkotik vasitə istifadəçisi olduğunu, onun nömrəsinin telefonunda qeyd olunduğunu, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, bu əməlindən heç kimin məlumatının olmamasını, saxlanılan zaman və polis bölməsində olan zaman onun üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı heç bir zor tətbiq edilmədiyini əlavə olaraq bildirdi (cild 1, iş vərəqə 33-35 və 60-61). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 10 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı **-SU-*** avtomobilə baxış keçirilərkən iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya və ya predmet aşkar edilməmişdir (cild 1, iş vərəqə 60-61). Cinayət işinin materiallarında olan “mobil telefona baxış keçirilməsi haqqında” 18 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, mobil telefon “Samsung Galaxy A 20S” markalı olmaqla ön və arxa tərəfi qara rənglidir. Mobil telefonun üzərində hər hansı gözə çarpan zədələnmə yoxdur və ilkin görünüşünə əsasən istifadəyə yararlı vəziyyətdədir. Bundan sonra mobil telefonu açıb menyu bölməsinə daxil olduqdan sonra ilkin olaraq ismarıc qutusuna baxış keçirildi. Baxış zamanı istintaq üçün əhəmiyyətli ola biləcək hər hansı ismarıc aşkar edilmədi. Bundan sonra mobil telefonda olan “WhatsApp” tətbiqetməsinə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********74 mobil nömrəsindən “Rza Doktor” adı ilə qeydiyyata salınmış +**********37 mobil nömrəsi ilə Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələrin alınması barədə səsli ismarıclarla danışıqların aparılması, həmçinin +**********54 nömrə ilə qeydiyyata salınmış istintaqa məlum olmayan şəxsin Təqsirləndirilən şəxs narkotik vasitə sifariş verməsi, almış olduğu narkotik vasitənin fotoşəklini göndərməklə içinin sulu olması bardə yazılı və səsli ismarıcların, +**********54 nömrə ilə qeydiyyata salınmış istintaqa məlum olmayan şəxsə narkotik vasitənin göndərilməsi müəyyən edilmişdir (cild 1, iş vərəqə 119-124). Cinayət işinin materiallarında olan “bank məlumatlarına baxış keçirilməsi haqqında” 24 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" ACS-ə məxsus 5212 6751 9209 9118 seriya nömrəli Təqsirləndirilən şəxs istifadəsində olmuş, "xxxx" ACS-nin təqdim etdiyi kart üzrə çıxarışlarda onun 5212 6751 9209 9118 seriya nömrəli kart hesabından 1 iyun 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərizində pul vəsaitlərin müxtəlif ödəmə vasitələri ilə mədaxil və məxaric olunması müəyyən edilmişdir (cild 1, iş vərəqə 139). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 17 dekabr 2022-ci il tarixli 7686 N-İi rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu ilə nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 177-178). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 20 fevral 2023-cü il tarixli 459 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliydən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə hazırda ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır (cild 1, iş vərəqə 180-181). Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 31 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 8,479 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs məxsus olan "xxxx" ASC-yə aid **********099118 nömrəli bank kartı və “Samsung A 20S” markalı mobil telefon maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, 4 ədəd CD və 2 ədəd DVD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 202-216). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikasının ərazisində məhkum olunmamışdır (cild 1, iş vərəqə 125-126). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 9 dekabr 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 24). Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 11 dekabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 9 dekabr 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 79-81). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 9 dekabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 135 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 8,479 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -Təqsirləndirilən şəxs məxsus olan "xxxx" ASC-yə aid **********099118 nömrəli bank kartı və “Samsung A 20S” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılmalı, -4 ədəd CD və 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 9 dekabr 2022ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 135 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 8,479 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Təqsirləndirilən şəxs məxsus olan "xxxx" ASC-yə aid **********099118 nömrəli bank kartı və “Samsung A 20S” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılsın, -4 ədəd CD və 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar