Məhkəmə qərarları › İş №1(101)-1203/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1203/2023

17.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1203/2023 17.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 3,093 qram külli miqdada narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış və 13 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz olaraq əldə olunması saxlanması və daşınmasında şübhəli bilinərək saxlanılıb 12-ci Polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilərkən onun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 3,093 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, metamfetamin istifadə etmişdir. Tutulduğu gün qonşuluqda həyətdə oturarkən onu saxlamışlar. Həmin vaxt onun üzərində heç nə olmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitəni tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını, saxlanılan zaman polis əməkdaşlarının qəflətən evə daxil olduqlarını, onun qollarına belinə vurduqlarını, fiziki zorakılıq göstərdiklərini, sənədlərə qol çəkməməsi səbəbindən bölmədə onu Bəxtiyar və Habil adlı şəxslərin döydüyünü bildirmişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, təxminən 6 aya yaxındır ki, “kakos” kimi adlandırılan narkotik vasitə heroini inyeksiya yolu ilə qəbul edir. Həmişə özü üçün tanımadığı şəxslərdən maddi imkanı çatdığı qədər heroin alıb hamıdan gizli şəkildə üzərində saxlayır. 10 sentyabr 2022-ci il tarixdə də yaşadığı Balaxanı qəsəbəsində rastlaşdığı tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata 1 ədəd şəffaf sellofan bükümdə heroin alıb istədiyi vaxt qəbul etməsi üçün şalvarının cibinə qoymuşdur. 13 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində Balaxanı qəsəbəsində küçə ilə piyada gedərkən iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edib şəxsiyyəti barədə məlumat soruşmuşlar. Polis əməkdaşlarından biri xüsusi geyim formasında, digəri isə mülki geyimdə olmuş, onun üzərində heroin olduğundan polis əməkdaşlarını görən kimi həyəcanlanıb özünü itirmiş, bu səbəbdən polis əməkdaşlarının suallarına doğru-düzgün cavab verə bilməmiş, həm də çalışmışdır ki, polis əməkdaşlarından tez bir zamanda ayrılıb getsin. Onun bu davranışı polis əməkdaşlarında şübhə yaratdığından polis əməkdaşları onu şəxsiyyətinin müəyyən edilməsi üçün Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə getməyi təklif etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 12-ci Polis şöbəsinə getmiş, həmin vaxt fürsət tapıb üzərindəki heroini tullaya bilməmişdir. Polis şöbəsində olarkən şəxsiyyəti müəyyən edilmiş, sonra hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunaraq ona təqdim edilmiş və o bildirmişdir ki, hüquqlarının Bakı şəhəri 7 saylı Vəkil bürosunun vəkili X4 tərəfindən müdafiə olunmasına etirazı yoxdur. Sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsi təklif edilmiş və o, etiraz etməmişdir. Axtarış zamanı 12-ci Polis şöbəsinin təhqiqatçısı ona təklif etmişdir ki, üzərində saxlanılması qanunla qadağan olunmuş əşya və predmet və ya maddələr vardırsa təqdim etsin. O, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir bükümdə narkotik vasitə heroini çıxarıb təqdim edərək bildirmişdir ki, bükümdəki maddə narkotik vasitə qəbul edənlərin “kakos” adlandırdığı narkotik vasitə heroindir, həmin heroini 3 gün əvvəl Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün almış və üzərində saxlayıb daşımışdır. Ondan aşkar edilmiş heroin təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmışdır. O, polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı heç bir fiziki zor və ya təzyiq tətbiq edilməmişdir (cild 1, iş vərəqə 55- 57). İfadəsi elan edildikdən sonra Təqsirləndirilən şəxs protokoldakı imzalar və yazıların ona məxsus olduğunu bildirmiş, polislərin gətirdiyi şəxsin üzünə durmamaq üçün məcbur olub protokolu imzaladığını qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı X7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ərazidə yaşayan vətəndaş kimi tanımışdır. Balaxanı qəsəbəsində şəxsə yaxınlaşmışlar. Digər təfərrüatları hadisənin üstündən çox vaxt keçdiyi üçün xatırlamır. Qeyd edilən səbəbdən şahid X5 ibtidai istintaq zamanı verdiyi ifadəsi tərəflərin razılığı ilə məhkəmədə elan olunaraq tədqiq edilmişdir. Həmin ifadəsində o göstərmişdir 13 sentyabr 2022-ci il tarixdə, saat 20:00 radələrində Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin inzibati ərazisi olan Balaxanı qəsəbəsində nömrəsiz evin qarşısında 12-ci Polis şöbəsinin polis sahə inspektoru polis baş leytenantı X7 ilə xidmət apararkən bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb həmin şəxsə yaxınlaşıb şəxsiyyəti barədə məlumatları soruşaraq şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini bildirmişlər. Söhbət zamanı yaxınlaşdıqları şəxs onların suallarına dağınıq cavablar verərək nəsə gizlətməsi və yayınmağa çalışması ilə bağlı şübhələr yaratmışdır. Bu da onlarda həmin şəxsin narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsi ilə bağlı şübhələr yaratmış, bu səbəbdən də onlar saxladıqları şəxsi 12-ci Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində müəyyən edilmişdir ki, saxladıqları şəxs Təqsirləndirilən şəxsdur. Şöbədə olarkən sonuncunun üzərinə şəxsi axtarış keçirilərkən təhqiqatçı X11 Rzayevə təklif etmişdir ki, üzərində saxlanılması qanunla qadağan olunmuş əşya və predmet və ya maddələr vardırsa təqdim etsin. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə olan qəhvəyi rəngli maddəni çıxarıb təqdim edərək bildirmişdir ki, həmin maddə “kakos” kimi alandırdığı narkotik vasitə heroindir, həmin heroini 3 gün əvvəl Sabunçu rayonu Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün almış və üzərində saxlayıb daşımışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş heroin təhqiqatçı tərəfindən götürülərək zərfə qablaşdırılmış, zərf 159 nömrəli möhürü ilə möhürlənmiş, eyni zamanda zərfin üzərini Təqsirləndirilən şəxs və şəxsi axtarış zamanı iştirak edən polis əməkdaları imzalamışlar (cild 1, iş vərəqi 108-109). Məhkəmədə ifadəsi elan olunduqdan sonra şahid X7 ibtidai istintaqda verdiyi ifadəsini tam təsdiq etmiş, həmçinin verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən fiziki təzyiq olmadığını, şəxsi döymədiyini, başqa əməkdaşların döydüyünə də şahid olmadığını bildirmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında digər polis əməkdaşı Şahid2 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, eyni məzmunlu ifadə verərək şahid X5 göstərdiyi xüsusatları tam təsdiq etmişdir (cild 1, iş vərəqi 110-111). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, nömrəsiz fərdi evin qarşısnda inzibati ərazidə xidmət apararkən bir nəfər şəxsin şübhəli olduğunu görərək saxlamış, ondan şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsi xahiş olunmuş, bu zaman həmin şəxs dağınıq cavablar verməklə yayınmağa çalışmış, onun nəsə gizlətdiyinə şübhə yaranmış, və o, Sabunçu rayon Polis İdarəsinin 12ci Polis şöbəsinə dəvət olunmuşdur. Şöbədə həmin şəxsin xx xxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və diskdən görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülmüş içərisində tünd qəhvəyi rəngli maddə təqdim etmiş və sorğu zamanı həmin maddənin “kakos” olduğunu, onu 3 gün əvvəl Balaxanı qəsəbəsində üzdən tanıdığlı, adını bilmədiyi şəxsdən 30 manata şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini, 6 aya yaxındır ki, narkotik vasitə istifadə etdiyini bildirmişdir. Sonra həmin büküm zərfə qoyularaq qablaşdırılmış, DİN-in 159 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 26-27). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/5173 nömrəli saylı rəyindən görünür ki, tədqiqata tədim edilmiş, üzərində AR DİN “Zərflər üçün N159” dairəvi möhür əksi “Vət.Təqsirləndirilən şəxs üzərindən...” və s. sözlər, imzalar olan zərfdəki 01 bükümdə təmiz çəkisi 3,093 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respubikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil edir (cild 1, iş vərəqi 32-36). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilir, ona üzərində hər hansı qanunsuz saxlanılan əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilir, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü təqdim edir, təhqiqatçı həmin bükümü açaraq içərisində tünd qəhvəyi rəngli maddə olduğunu müəəyən edir, sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin “kakos” olduğunu, onu 3 gün əvvəl Balaxanı qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 30 manata şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirir. Sonra həmin büküm zərfə qoyularaq qablaşdırılır, zərfin üzəri möhürlənir və iştirakçılar tərəfindən imzalanır (cild 1, iş vərəqi 45). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş istintaq orqanının əməliyyat tapşırığına Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin xx.xx.2022-ci il tarixli, 074-21174 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs heroin aldığı şəxsi müəyyən etmək mümkün olmamış, həmçinin onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir (cild 1, iş vərəqi 80). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsinin xx.xx.2022-ci il tarixli, 004/M-13880-1222 saylı məktubundan görünür ki, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs qaydalara əməl etməyərək bir neçə dəfə müəyyən edilməmiş vaxtlarda mənzili tərk etmə və evə qayıtmama kimi pozuntulara yol vermiş, elektron nəzarət vasitəsini ayağından açaraq yaşadığı ünvanı tərk etmişdir (cild 1, iş vərəqi 83). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx xxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (cild 1, iş vərəqi 86). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin tələblərini pozduğuna görə həmin tarixdə tutulmuşdur (cild 1, iş vərəqi 95). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1716 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserndə qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 127-128). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X6 Şəxsinin xx.xx.2023-cü il tarixli, 4054 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müayinədə olmamışdır (cild 1, iş vərəqi 114). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 bükümdə təmiz çəkisi 3,093 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və habelə Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, disk cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,993 qram narkotik vasitə heroin Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlancına təhvil verilmişdir (cild 1, iş vərəqi 130-136, 143). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 112). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Təqsirləndirilən şəxs polislər tərəfindən saxlanılarkən üzərində hər hansı qanunsuz maddə olmaması, polislərin onu döymələri, başqa şəxsin üzünə durmamaq üçün məcbur olub bütün narkotiki üzərinə götürməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, polis şöbəsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı o, tutulmuş və ifadələri alınmışdır. Habelə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmiş və həmin protokol onun özü və digər iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarış aparılan zaman, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində ifadələr verərkən üzərindən aşkar edilmiş həmin bükümün içərisində olan kütlə “kakos” kimi tanınan narkotik vasitə heroin olduğunu, həmin narkotiki 3 gün əvvəl Balaxanı qəsəbəsində üzdən tanıdığlı, adını bilmədiyi şəxsdən 30 manata şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini, 6 aya yaxındır ki, narkotik vasitə istifadə etdiyini bildirmişdir. Bundan başqa, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilərkən Təqsirləndirilən şəxs ona isnad edilən cinayəti törətdiyini etiraf etmiş və əməlindən peşman olduğunu, son aylardır ki, narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə dindirilərkən, nə də ki, barəsində qətimkan tədbiri seçilərkən Təqsirləndirilən şəxs ona polis əməkdaşları tərəfindən hər hansı təzyiq edilməsi barədə heç nə bildirməmişdir. Buna baxmayaraq, məhkəmə müvafiq sorğu verərək təqsirləndirilən şəxsin saxlandığı İstintaq təcridxanasından onun tibbi kitabçasının surətini əldə etmiş və həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilmişdir. Kitabçanın “həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri” bölməsində təqsirləndirilən şəxsin xəsarət almadığını bildirməsi barədə qeyd müəyyən edilmiş, digər bölmədə təqsirləndirilən şəxsin boynunun ön tərəfində, sol bazunun arxa səthində bir ədəd, sol saidin ön səthində çoxsaylı köhnə çapıq toxumaları müşahidə edilməsi qeyd edilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən Bakı şəhəri Sabunçu rayon prokurorluğundan daxil olmuş 26 iyun 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi şiddətə məruz qalması barədə rayon prokurorluğuna hər hansı müraciət daxil olmadığından hər hansı bir araşdırma aparılmamışdır. Baxmayaraq ki, Təqsirləndirilən şəxs tutulandan iki gün sonra barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, yəni o, faktiki azadlıqda olmuş, polis əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması barədə müvafiq orqanlara hər hansı şikayət etməmişdir. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq üzərində saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli olması qənaətinə gələrkən eyni zamanda təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini, həmin ifadələr işin digər materialları ilə tam uzlaşdığından sübut kimi qəbul etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olumasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, 15 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə 13 fevral 2023-cü ildə tutulmuş, 15 fevral 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 25, 63-72, 95, 101-106). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 13 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, iş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 2,993 qram narkotik vasitə heroin məhv edilməlidir. Digər maddi sübut – Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 110 (yüz on) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 13 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,993 qram narkotik vasitə heroin məhv edilsin. Digər maddi sübut - 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 110 (yüz on) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar