Məhkəmə qərarları › İş №1(101)-1204/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1204/2025

12.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1204/2025 12.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri, 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx xxxxxx 1982-ci ildə Kürdəmir rayonunun Sor-Sor kəndində doğulmuş (FİN:xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonunun Sor-Sor kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan südçülük sovxozu, nömrəsiz fərdi evdə yaşamış, 16 dekabr 2024-cü il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdə şübhəli şəxs statusuna xitam verilərək həbsdən azad edilmiş, 10 mart 2024-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 06 oktyabr 2024-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bəhruz Kəngərli küçəsində yerləşən «Həsənoğlu market» mağazasının qarşısında həmin mağazanın sahibi olan qonşusu Zərərçəkmiş şəxs ilə idarə etdiyi «VAZ- 2104» minik markalı ** TB *** dövlət qeydiyyat nişanlı avtomobillə qeyd olunan mağazanın qarşısından keçərkən söyüş söydüyü üçün aralarında baş vermiş münaqişə zamanı qəsdən Zərərçəkmiş şəxs sol qulaq nahiyəsini dişləyərək ona sol qulaq seyvanının yuxarı kənarının travmatik qopması (deffekti) ilə müşaiyət olunan əzilmiş-cırılmış yarası və məlum olmayan dəmir predmetlə qəsdən müxtəlif nahiyələrinə bir neçə zərbə vurmaqla Zərərçəkmiş şəxs sağ kürəkaltı nahiyənin qançırı, sağ qalça darağı nahiyəsinin, sağ çiyin nahiyəsinin, sol bazunun sıyrıqları, sol budun qançır və sıyrığı, sağ baldırın əzilmiş səthi yarası, sağ bazunun şişkinliyi ilə nəticələnən, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran, o cümlədən sol qulaqda olan xəsarət sifət nahiyəsində yerləşdiyi üçün qulaq seyvanının toxuma çatmazlığı (deffekti) ilə nəticələndiyinə görə sifətdə asimmetriya yaratdığından və onun bərpası üçün estetik əməliyyat tələb olunduğundan silinməz hesab edilən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan qəsdən ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, zərərçəkmiş şəxsi çoxdan tanıyır və onunla münasibəti yaxşı olmuşdur. Nihad qonşuluqda mağaza işlədir. Bir dəfə o, zərərçəkmiş şəxsin mağazasından ustalar üçün 18 manatlıq yemək almış, bu zaman ona pulunu axşam verəcəyini bildirmişdir. Lakin elə olmuşdur ki, o, həmin gün yenidən oraya qayıda və Nihadın pulunu verə bilməmişdir. Səhəri gün gələndə Əmrah orada olan camaatın içində yüksək səslə «adam kişi olar, sözünü niyə tutmursan, pulu niyə vermədin?» demiş, bundan sonra onların münasibətləri pozulmuşdur. Elə həmin gün də o, gətirib Nihadın pulunu vermişdir. Bir neçə gün sonra Nihadın mağazası ilə üzbəüz yerləşən təsərüffat sahəsinə gələndə yanında Sakit adlı şəxs də olmuşdur. Sakit ona təsərrüfat sahəsində dərmanları və aparatının qaldığını, onu götürmək istədiyini demiş, bu zaman o, maşınla küçədə sürətlə dönüş etmişdir. Sakit qapını açmaq üçün maşından düşmüş, lakin qapı içəridən bağlı olduğu üçün o, işçilərə zəng etmişdir ki, qapını açsınlar. Lakin onlar bir az gec gəlmişlər. Bu vaxt Nihad onun olduğu maşına yaxınlaşıb, onun mağazasının qabağında maşını nəyə görə yüksək sürətlə sürməyi, onunla yüksək tonda danışmağı irad tutmuşdur. Bundan sonra onların arasında mübahisə düşmüşdür. Bu vaxt Nihadın mağazasında satıcı işləyən oğlan arxa tarəfdən ona yaxınlaşıb qolunu tutmuş, ayağından vuraraq onu yerə yıxmışdır. Həmin vaxt Nihad da onun üstünə cummuş, əli ilə boğazından tutmuşdur. O, Nihadın qulağını dişlədiyini hiss etməmişdir. Qulağı dişləməmişdən əvvəl o, maşının altına girib davadan yayınmaq istəmiş, lakin satıcı buna imkan verməmişdir. Onları içəridə öz həyətində olan digər qonşu gəlib ayırmış, Nihadı öz mağazasına aparmış, onu da təsərrüfat sahəsinin içərisinə salmışdır. Təxminən 15 dəqiqə sonra o, sahədən çıxıb maşına minərək getmək istəyəndə, Nihad əlində ucu kəsilmiş truba ilə onun üstünə cummuşdur. Sol tərəfdən həmin truba ilə onu vurmaq istəyəndə, o, arxaya çəkilmiş, oturacaq sındığı üçün truba onun başına dəyməmişdir. Əgər həmin vaxt oturacaq sınmasaydı, truba onun boğazını kəsə bilərdi. O, Nihadın əlindəki trubanı alandan sonra sonuncu daş parçasını götürüb onun üstünə atmışdır. Bundan sonra o, Nihadın ayağından təpiklə vurmuş, sonra satıcı trubanı götürüb harasa atmışdır. Daha sonra o, maşını aparıb həyətdə saxlamışdır. Bundan sonra Nihadın qardaşı gəlmiş, lakin müdir onu çıxmağa qoymadığı üçün o, bayıra çıxmamış, bu zaman qardaşı nalayiq söyüşlər söyməyə başlamışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs dava zamanı gözləri qaraldığı üçün Nihadın harasından dişlədiyini xatırlamadığını, aralarında barışıq olmadığını, müstəntiq 3-4 dəfə barışıq üçün onları çağırsa da, zərərçəkmiş şəxsin barışmaqdan imtina etdiyini, ilk zərbəni maşının içində olanda Nihadın ona vurduğunu və onu dartıb maşından düşürdüyünü, bu zaman onun aradan çıxıb maşının altına girmək istədiyini, lakin satıcının buna imkan vermədiyini, həmin vaxt özünün dava etmək istəmədiyini, qulağını dişləyəndən və hadisə baş verən gündən sonra Nihadı görmədiyini, hadisədən sonra Nihadla münasibətlərinin korlandığını, ekspertizada Nihadın qulağının qopduğunu və bərpasının mümkün olmadığını bildiyini, hadisədən sonra orada getmək istəyərkən Nihad üstünə gələndə, onun onun qulağından qan gəldiyini görmədiyini, hadisə vaxtı Nihadın satıcısı ilə birləşib onu boğduqlarını, onun da məcbur olub Nihadı özünə tərəf çəkərək qulağından dişlədiyini bildirdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs 5-6 aydır tanıyır, Cavad onun mağazasının qabağında yerləşən fermada işləmişdir. Onun Cavadla heç bir ədavəti olmamışdır. Yaşadığı evin birinci mərtəbəsində o, market işlədir. 06 oktyabr 2024-cü il tarixdə gecə təxminən 24 radələrində Cavad yüksək sürətlə idarə etdiyi avtomobili evinin qarşısında təhlükəli manevrlər edərək fermanın qarşısında saxlamış, təhqiredici sözlərlə fermada işçisini çağırmışdır. O da, Cavada yaxınlaşıb məhlədə söyüş söyməyə görə iradını bildirmişdir. Cavad içkili olduğu üçün onunla mübahisə etməyə başlamış və onlar bir-biri ilə tutaşmışlar. İtələşərkən yerə yıxılmışlar və Cavad onun sol qulağını dişləyərək yarısını qopartmışdır. Sonra qonşuları araya girərək onlar ayırmış, Cavad fermanın həyətinə girmiş, o isə, marketə girib salfetka ilə qulağının qanını kəsmişdir. Sonra o, marketin çölündə olan dəmir parçasını götürüb Cavadın maşınının sol yan şüşəsinə vurmuş, Cavad avtomobildən düşüb onun üstünə gələrkən yerdən kubik daşını götürüb ona tərəf atmışdır. Lakin Cavad ona tərəf qaçan zaman yerə yıxılmış və Cavad yerdə onun belinin sağ yan tərəfindən, müxtəlif yerlərindən dəmir parçası ilə vurmuşdur. Cavadın əlindən dəmir parçasını satıcı Əli ondan alıb yerə tullamış və Cavd öz avtomobili ilə ordan uzaqlaşmışdır. O, ayağa qalxmış və qulağının yarısının olmadığını görmüş, bu zaman yadında qalmadığı şəxs yerdən qulağının yarısını tapıb gətirmişdir. O da, qulağını yuyaraq qardaşı Əmraha zəng edib hadisə barədə məlumat vermiş və həkimə gedərək qulağını tikdirmək istədiyini bildirmişdir. Əmrah toydan gəlmiş və onlar İbrahim adlı şəxsin kafesinin qarşısında rastlaşmışlar. Oradan ayrılıb Əmrahla xəstəxanaya getmişlər. Sonra onu təcili yardım maşını ilə M.Nağıyev adına xəstəxanaya aparmışlar və orada qulağını tikmişlər. Lakin həkim ona qığırdaq hissəsi olduğu üçün qulağın birləşmə imkanının 1 % olduğunu bildirmişdir. Bir aydan sonra o, yenidən həkimə getmiş, həkim qulağın birləşmədiyini və çürüdüyünü demiş, qulağın qopan hissəsi yerə düşmüşdür. O, həkimdən bunun necə müalicə olunacağını və xərcini soruşduqda, həkim ona bu əməliyyat üçün bədəndən qığırdaq götürülməli, əvvəlcə bir dəfə əməliyyat edilməli olduğunu, təxminən bir il müalicə edildikdən sonra təkrar əməliyyat lazım olduğunu, yalnız bundan sonra estetik əməliyyat oluna biləcəyini söyləmiş, bunun üçün təxminən 12.000 manat pul lazım olduğunu bildirmişdir. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs bildirdi ki, Cavad mağazanın qabağında söyüş söydüyü üçün ona irad bildirmişdir. Bu zaman Cavad yaxşı etdiyini deyərək onu nalayiq söyüşlərlə təhqir etmihş və onu itələyərək yerə yıxmışdır. O, Cavadın boğazından tutmamış və onu boğmamışdır. Dava zamanı o, yerə yıxılandan sonra satıcı Əlisəftər gəlmiş, həmin vaxt o, yıxılmış vəziyyətdə Cavadın altında olmuşdur. O, Cavadı üstündən qaldırmaq istəyərkən Cavad onun qulağını dişləmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir, onun əməliyyatı və müalicəsi üçün lazım olan xərclərin ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs məxsus “Həsənoğlu” marketində satıcı işləyir. 06 oktyabr 2024-cü il tarixdə təxminən 23-24 radələrində işlədiyi marketdə olan zaman maşın səsinin gəldiyini eşidib çölə çıxmış, bu zaman Nihadın həmin avtomobilin sürücüsünə yaxınlaşaraq niyə söyüş söydüyünü soruşmuşdur. Həmin şəxs əxlaqsız ifadələr işlətmiş, Nihad həmin şəxslə avtomobilin yanın mübahisə etmişdir. Cavad yaxşı elədiyini bildirmiş və Nihadla tutaşmışlar. Həmin vaxt onları ayırmağa çalışmış, bu zaman Cavad yerə yıxılmışdır. Yerdə olarkən Cavad Nihadın sol qulağını dişləmiş, sonra Rafiq adlı qonşu gələrək onunla birlikdə Nihadı Cavaddan ayıraraq marketə salmışdır. O, Nihadın qulağından qan gəldiyini görmüş və Nihad qulağının yarısının qopduğunu deyərək onu tapmağı xahiş etmişdir. Onlar Nihadın qulağının qopan hissəsini tapıb ona vermişlər. Nihad içəridə paltarını dəyişən zaman Cavad avtomobilinə oturub qaçmaq istəyərkən, Nihad onun qaçmamağı üçün yerdən dəmir parçasını götürüb avtomobilin şüşəsinə vurmuş, sonra Cavad avtomobildən düşüb həmin dəmir parçası ilə Nihadın arxasınca qaçıb onu dəmirlə vurmuşdur. Həmin vaxt Nihad yerə yıxılmışdır. O, dəmir parçasını Cavaddan alaraq kənara tullamış və onları ayırmışdır. Sonra Cavad öz maşınına oturub oradan getmişdir. O, marketə nəzarət etmək üçün orada qalmış, sonra nə baş verdiyini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, Hicran Şərifova məxsus Binə qəsəbəsi ərazisində yerləşən təsərrüfatda cücə fermasında işləyir, onunla birlikdə Təqsirləndirilən şəxs da həmin təsərrüfatda göyərçin, toyuq və müxtəlif it cinsləri saxlayır. Həmin təsərrüfat sahəsinin qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin 1-ci mərtəbəsində “Həsənoğlu” marketini işlədir. 06 oktyabr 2024-cü il tarixdə gecə saat 23-24 radələrində o, Cavadın maşını ilə özünə məxsus dərman aparatını götürmək üçün həmin təsərrüfat yerinə getmişlər. Həmin ərazidə evi olan Rafiqə zəng edərək qapını açmağı demiş, bu zaman Cavad maşının içində yüksək səslə mahnı oxutmuşdur. Bunu görən Zərərçəkmiş şəxs Cavadın avtomobilinə yaxınlaşaraq evinin qarşısında gecə saatlarında söyüş söyüb qişqırmağı Cavada irad tutmuş, sonuncu ilə o, avtomobildən yerə düşmüşlər. Cavadla Nihad dalaşmağa başlamış, bu zaman Cavadın ayağı yerə ilişərək yıxılmışdır. Nihad Cavadın üstünə çıxıb yerdə vurmağa başlamış, həmin vaxt Rafiq və digər şəxslər gələrək onları ayırmışlar. Sonra Cavad öz avtomobilinə minib oradan gedərkən Nihad marketdən dəmir truba götürüb Cavadın avtomobilin qabaq sağ şüşəsinə vuraraq şüşəsini sındırmışdır. O isə, həmin ərazidə yaşadığı üçün evinə getmişdir. Sonradan eşitmişdir ki, Cavad həmin vaxt Nihadın qulağını dişləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Hicran Şərifova məxsus Binə qəsəbəsi ərazisində yerləşən təsərrüfatda ev tikdirmişdir və orada yaşayır. Onunla qonşuluqda Zərərçəkmiş şəxs adlı şəxs yaşayır və evin 1-ci mərtəbəsində “Həsənoğlu” marketini işlədir. 06 oktyabr 2024-cü il tarixdə gecə saat 23-24 radələrində Cavad ona zəng edərək qapını açmasını demiş, o da, 1-2 dəqiqə gecikərək qapını açmışdır. Çölə çıxanda avtomobilin sağ tərəfində Cavadın yerdə olduğunu, Nihadın isə Cavadın üzərində olduğunu görmüş, onların dalaşdığını görüb ayıraraq Nihadı marketə, Cavadı isə darvazadan içəri salmışdır. Cavad öz avtomobilinə oturub getmək istəyən zaman Nihad marketdən əlində truba ilə gələrək Cavadın avtomobilinin qabaq sağ şüşəsinə vuraraq sındırmış, orada olan şəxslər Nihadı marketə aparmışlar.Həmin vaxt Nihad ona qulağının qopduğunu, sonra onu tapdığını demişdir. Cavad da öz avtomobili ilə çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, 2024-cü ilin iyun ayından “Təsbeh” çay evini icarəyə götürüb işlədir, Təqsirləndirilən şəxs da həmin yerdə kababçı kimi fəaliyyət göstərir. Onun Nihad və Əmrah adlı qardaşlarla münasibətləri əvvəllcə yaxşı olmasa da, sonralar münasibətləri yaxşılaşmışdır. 07 oktyabr 2024-cü il tarixdə gecə saat 01 radələrində işlətdiyi çay evində olan zaman Cavad avtomobili ilə çay evinə gəlmiş, bu zaman onun başından qan axmışdır. O, Cavaddan nə baş verdiyini soruşduqda, sonuncu Nihadla dalaşdığını bildirmişdir. Təxminən 1-2 dəqiqə sonra Nihadın qardaşı Əmrah və yanında tanımadığı şəxslər çay evinin qarşısına gəlmiş, onlar küçəyə çıxmışlar. Bu zaman Əmrah Cavadın ünvanına nalayiq ifadələr işlətmişdir. Əmrah kafeyə girmək istədikdə, onun qarşısını kəsmiş və söyüş söyməməsini, Cavadın burada olmadığını, problemi varsa, polisə mürcaiət eləməli olduğunu bildirmişdir. Bu zaman Əmrah Cavadın ailəsinin ünvanına şəxsin ünvanına nalayiq ifadələr işlətmişdir. Sonradan eşitmişdir ki, Nihadla Cavad dalaşmış və Cavad Nihadın qulağını dişləmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 24 oktyabr 2024-cü il tarixli protokola əsasən, istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, bu zaman Nihad Əmrtahlı və Təqsirləndirilən şəxs sərbəst ifadəsində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı deməklə ifadələrini bir daha təsdiq etmişlər (cild 1, iş vərəqi 35-38). Cinayət işində olan 23 noyabr 2024-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, cinayət hadisəsi Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, B.Kəngərli küçəsində yerləşən “Həsənoğlu” marketin qarşısında baş vermişdir (cild 1, iş vərəqi 42-44). Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 825 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində olan xəsarətlər- sol qulaq seyvanın yuxarı kənarının travmatik qopması (deffekti) ilə müşaiyət olunan əzilmiş-cırılmış yarası, sağ kürəkaltı nahiyənin qançırı, sağ qalça darağı nahiyəsinin, sağ çiyin nahiyəsinin, sol bazunun sıyrıqları, sol budun qançır və sıyrığı, sağ baldırın əzilmiş səthi yarası, sağ bazunun şişkinliyi ilə nəticələnən xəsarətlər xx.xx.2024-cü il tarixdə yetirilmiş xəsarətlər olub, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Qeyd olunmuş sol qulaqda olan xəsarət sifət nahiyəsində yerləşmişdir, qulaq seyvanının toxuma çatmazlığı (deffekti) ilə nəticələnmişdir, bu səbəbdən silinməz hesab olunur, belə ki, aradan qaldırmaq üçün cərrahi müdaxilə tələb olunur (cild 1, iş vərəqi 27-29). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X5” X10 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli T 769/2024 saylı təkrar məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində olan xəsarətlər sol qulaq seyvanının yuxarı kənarının travmatik qopması (deffekti) iiə müşaiyət olunan əzilmiş-cırılmış yarası, sağ kürəkaltı nahiyənin qançırı, sağ qalça darağı nahiyəsinin, sağ çiyin nahiyəsinin, sol bazunun sıyrıqları, sol budun qançır və sıyrığı, sağ baldırın əzilmiş səthi yarası, sağ bazunun şişkinliyi ilə nəticələnən xəsarətlər xx.xx.2024-cü il tarixdə yetirilmiş xəsarətlər olub, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir və qeyd olunmuş sol qulaqda olan xəsarət sifət nahiyəsində yerləşmişdir, qulaq seyvanının toxuma çatmazlığı (deffekti) ilə nəticələnmişdir, bu səbəbdən silinməz hesab olunur (cild 1, iş vərəqi 47-52). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 xx.xx.2025-ci il tarixli 790 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər psixatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmiçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir, ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir, o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhülkəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, onun hərkətləri AR CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür (cild 1, iş vərəqi 130-133). Cinayət işinə əlavə olunmuş 24 dekabr 2024-cü il tarixli götürmə və baxış protokolundan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 1 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 23:51-də Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2104 markalı avtomobili ilə Surxanı rayonu, Binə qəsəbəsi, B.Kəngərli küçəsində yerləşən “Həsənoğlu” marketinin qarşısına gələrək dəmir darvazının qarşısında saxlayır, bu zaman Zərərçəkmiş şəxs həmin avtomobilə yaxılaşaraq Təqsirləndirilən şəxsla mübahisə edir, sonuncunu yerə yıxır və sonra onları kənar şəxslərin aralayır. Daha sonra xx.xx.2024-cü il tarixdə 00:00-da Cavad öz avtomobilinə əyləşən zaman Zərərçəkmiş şəxs onun avtomobilinin sağ qabaq yan şüşəsini əlində olan dəmir parçası ilə qırıb həmin dəmir parçasını avtomobilin içərisinə salır və Təqsirləndirilən şəxs avtomobildən düşüb həmin dəmir parçası ilə Zərərçəkmiş şəxs tərəf qaçan zaman sonuncunun mağazanın yan tərəfində olan daşı yerdən götürüb avtomobilə atdığı videogörüntülər mövcuddur. Həmin diskdə Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2104 markalı avtomobilin qabaq sağ yan şüşəsinin qırıldığına dair fotoların olduğu müəyyən edilmiş və 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmışdır (cild 1, iş vərəqi 81-82). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 05 mart 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Baş idarənin əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur (cild 1, iş vərəqi 98). Elektron Məhkəmə portalından əldə olunmuş çıxarışdan görünür ki, Şükürov X2 rayonunun Sor-Sor kəndində qeydiyyatdadır, himayəsində həyat yoldaşı, 2008 və 2011-ci il təvəllüdlü iki yetkinlk yaşına çatmayan uşaqları vardır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilsə də, hadisənin baş vermə mexanizmini ətraflı izah etmiş, qarşılıqlı dava zamanı zərərçəkmiş şəxsin qulağını dişlədiyini etiraf etmiş və öz müdafiəsi üçün hər hansı dəlil gətirməmişdir. Cinayət hüquq ədəbiyyatına əsasən, Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutur: 1) Həyat üçün təhlükəli olan zərər; 2) Həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Həmin maddənin dispozisiyasında həyat üçün təhlükəli olmayan, lakin nəticəsinə görə ağır hesab edilən zərərin növlərindən biri də sifətin izisilinməz dərəcədə eybəcərləşdirilməsidir. Sifətin eybəcərləşdirilməsi mexaniki, fiziki, kimyəvi, termik və s. təsir nəticəsində törədilə bilər. Eybəcərləşdirilmə tibbi deyil, estetik məfhum olduğundan hüquqtədbiqedici orqan tərəfindən qiymətləndirilir. Lakin sifətin eybəcərləşdirilməsinin izisilinməzliyi faktı məhkəmə-tibb ekspertizası tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli 269 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı” nın 1.10-cu bəndinə əsasən, sifətdə bərpa olunmayan xəsarətlər dedikdə, sifətdə, eləcə də qulaq seyvanında vaxt keçdikcə bərpa olunmayan və onların aradan qaldırılması üçün cərrahi müdaxilə (plastik və rekonstruktiv əməliyyatlar) tələb olunan patoloji dəyişikliklər (çapıqlar, burnun və qulağın hissəvi, eləcə də tam amputasiyaları, deformasiya, mimika və çeynəmə pozuntuları, kəskin nəzərəçarpan asimmetriya və s.) başa düşülür. Məhkəmədə müəyyən edildi ki, cinayət baş verdiyi zaman Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs sol qulaq nahiyəsini dişləyərək ona sol qulaq seyvanının yuxarı kənarının travmatik qopması (deffekti) ilə müşaiyət olunan əzilmiş-cırılmış yarası kimi xəsarət yetirmiş, bunun nəticəsində zərərçəkmiş şəxs vaxt keçdikcə bərpa olunmayan və onun aradan qaldırılması üçün cərrahi müdaxilə tələb olunan sifətin izisilinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan patoloji dəyişikliklərə məruz qalmışdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi və himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqların olması Təqsirləndirilən şəxs münasibətdə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 16 dekabr 2024-cü il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş və elə həmin tarixdə onun şübhəli şəxs statusuna xitam verilərək həbsdən azad edilmişdir. 10 mart 2024-cü il tarixdə ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham elan olunmuş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 16 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı 1 (bir) gün ona təyin ediləcək cəza müddətinə hesablanmaqla çıxılmalı və ona qəti cəza təyin olunmalıdır. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalı, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hökmün çıxarıldığı 12 noyabr 2025-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinin tələbinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəaya əsasən iş üzrə maddi sübut hesab edilmiş və Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə məhkəmə məsrəflərinin müəyyən edilməməsi, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 16 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı 1 (bir) gün ona təyin edilmiş cəza müddətinə hesablanmaqla çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hökmün çıxarıldığı 12 noyabr 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut hesab edilmiş və Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. Cinayət işi üzrə məhkəmə məsrəflərinin müəyyən edilməməsi, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Səbinə Məmmədzadə, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar