Məhkəmə qərarları › İş №1(101)-1205/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1205/2022

30.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1205/2022 30.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3, müdafiəçi, Bakı şəhəri 28 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1986-cı ildə Salyan şəhərində anadan olmuş, orta təhsilli, subay, Azərbaycan Respublikası vətəndaşı, Yevlax Rayon Məhkəməsinin 15 feval 2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, işləməyən, Salyan şəhəri, E.İmanov küçəsi, ev 58 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə heroini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə müəssisəsinə keçirməyə cəhd etmişdir. Belə ki, o, 20 iyun 2021-ci il tarixdə cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə müəssisəsində, orada cəza çəkən Şahid7, tanışı Şahid4 və şəxsiyyəti istintaq məlum olmayan şəxslə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroin əldə edilib İxtisaslaşdırılmış Müalicə müəssisəsinə gizli keçirmək barədə razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarındakı vəzifə bölgüsünə əsasən Şahid4 Şahid7 tərəfindən özünün bank kartının hesabına mədaxil edilmiş 215 manat məbləğində pulu 23 iyun 2021-ci il tarixdə nəğdləşdirərək naməlum şəxsə vermiş, həmin şəxs 25 iyun 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən əldə etdiyi qara rəngli sellofan bükülüdə 02 ədəd, ayrı-ayrılıqda çəkiləri 2,841 qram və 3,044 qram ümumi təmiz çəkisi 5,885 qram külli miqdarada kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz əldə edərək onu hazırladığı sovqata aid “Fobby” markalı şampun qabının içərisinə yerləşdirib Şahid4 verdikdən sonra sonuncu sovqatı ona və Şahid7 çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 əməkdaşlarına təqdim edərkən göstərilən narkotik vasitə heroin aşkar edilərək götürüldüyündən cinayət əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək cinayət törətməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay azadlıqdan məhrum edilmiş və ağciyərində olan xəstəliklə bağlı Penitensiar Xidmətin Müalicə müəssisəsində müalicə almışdır. Onun yaşadığı evdə hazır şəkildə şampun qabında saxladığı narkotik vasitə olmuş, o, həmin narkotiki tutulmamışdan əvvəl şampunun içinə qoymuşdur. Həmin narkotik vasitə heroin və çəkisi 5 qram olmuşdur. O, 5 qram narkotik vasitə olan heroinin bir qramını 20 manat olmaqla, ümumilikdə 100 manat verməklə əldə etmişdir. O, azadlıqdan məhrum edildikdən sonra qeyri-rəsmi yaşadığı Şahid4 həmin şampunu ona gətirməsini demişdir. Albina da həmin şampunu və sovqatı ona gətirdikdə əşyalara baxış keçirilən zaman narkotik vasitə aşkar edilmiş və Albina saxlanılmışdır. Albinanın şampun qabının içində narkotik vasitə olmasından xəbəri olmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs bildirdi ki, o, narkotik vasitəni öz istifadəsi üçün gətirtmişdir, kiməsə satmaq və ya vermək fikri olmamışdır. O, Albinanı 2015-ci ildən tanıyır və onlar bir evdə yaşamışlar. O, 2021-ci ilin noyabr ayında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmişdir. Şampunun içində narkotik vasitə olduğuna görə o, Albinadan həmin şampunu gətirməsini istəmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan olunmuş ifadəsində göstərmişdir ki, o, Yevlax Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətə azadlıqdan məhrum edilib cəzasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında çəkərkən “ağciyər vərəmi” diaqnozu ilə 14 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu ərazisində olan Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülmüşdür. Cəza çəkdiyi müddətdə tanışı Şahid4 onun üçün sovqat gətirmiş və görüşmüşlər. 20 iyun 2021-ci il tarixdə onunla birlikdə həmin müəssisədə cəza çəkən Şahid7 ona demişdir ki, “sənin tanışın Albinanın kartına pul köçürsün Albina həmin pulu çıxarıb özünün onun üstünə göndərdiyi adama versin, həmin adam pulu götürüb narkotik vasitə alıb şampun qabına yerləşdirib Albinaya versin, Albina da, həmin qabda olan narkotik vasitəni onun üçün gətirdiyi sovqatla birlikdə onlara çatdırsın”. O, razılaşıb həmin gün Albinaya zəng edib bu barədə bildirərək Qalibin onun kartına pul köçürtdürəcəyini demiş, pulu sonuncunun adından onun yanına gələn şəxsə verməsini, həmin adamın bu pula alıb şampun qabına yerləşdirdiyi narkotik vasitəni həmin qabda ona gətirəcəyi sovqatın arasında müalicə müəssisəsinə keçirdərək onlara çatdırmasını tapşırmışdır. Ertəsi gün Qalib Albinanın kartına 215 manat pul köçürtmüş, pulun kimin vasitəsi ilə köçürüldüyünü bilməmişdir, sonra isə Qalib özü Albinaya zəng edərək kartına pulu köçürdüyünü xəbər verib demişdir ki, özünün adından ona bir adam zəng edəcək və pulu həmin adama versin, bu adam narkotik vasitə alıb şampun qabını içinə yerləşdirib Albinaya verəcək, Albina da həmin şampunu gətirdiyi sovqatla birlikdə gətirib onlara çatdırsın. 25 iyun 2021-ci il tarixdə saat 12 radələrində Albina onların cəza çəkdiyi Penitensiar Xidmətin Müalicə müəssisəsinə gələrək onun adına gətirdiyi sovqat nəzarət buraxılış məntəqəsində yoxlanılan zaman üzərində “Fobby” yazısı olan şampunun içində olan narkotik vasitə heroin aşkar edilmişdir (cild 2, iş vərəqi 25-27). Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini elan olunduqdan sonra həmin daha düzgün olduğunu, ona görə də ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini məhkəmədə bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə müəssisəsində cəza çəkir. O, əvvəllər Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsi ilə 3 dəfə məhkum edilmişdir. Sonuncu dəfə isə Abşeron Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bu iş üzrə Təqsirləndirilən şəxs tanıyır. Malik onun cəza çəkdiyi müəssisədə məhkum yoldaşı olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234-cü maddəsi ilə məhkum olunmuşdur. Mahiyyəti üzrə bildirir ki, o, cəza çəkdiyi müalicə müəssisəsində 05 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxsla görüşən zaman Təqsirləndirilən şəxs ona 5- 10 günlük 100 manat pul lazım olduğunu demişdir. Həmin zaman o, Malikdən pulun nə səbəbə lazım olduğunu soruşmuş, bu zaman Malik ona özünün İran İslam Respublikasının vətəndaşı olan, hazırda isə Salyan rayonunda yaşayan şəxsdən 1500 manat alacaq pulu olduğunu, həmin pulu dediyi şəxsdən götürməyə görə arvadına yol pulu vermək üçün lazım olduğunu bildirmişdir. O da bir məhkum yoldaşı kimi Malikə kömək etmək məqsədi ilə 60 manat pul verə biləcəyini demişdir. Bundan sonra Malik ona arvadının bank hesabını vermiş, o da həmin hesaba pulu köçürmək üçün tanışlarından xahiş etmişdir ki, pulu verdiyi kart hesabına ödəsinlər. Bundan bir gün sonra Malik ona özünün telefonla danışmaq qadağası olduğunu bildirməklə ona arvadı Albinanın mobil nömrəsini vermiş və həmin nömrəyə zəng vurmağı və köçürdüyü pulun kart hesabına oturub-oturmadığını öyrənməyi xahiş etmişdir. Bundan sonra o, Malikin ona verdiyi, arvadı Albinanın mobil nömrəsi ilə müəssisədən telefonla əlaqə saxlamış, o, Albinaya Təqsirləndirilən şəxs məhkum yoldaşı olduğunu, Malikin telefonla danışmaq qadağası olduğu üçün danışa bilmədiyini, ondan pulun Albinanın kartına çatıb-çatmadığını öyrənməsini xahiş etdiyini demişdir. Albina ona 60 manat pulu kartdan çıxarıb götürdüyünü bildirmişdir. Bundan sonra Albina ona rayona gedib pulu götürüb 2-3 gün ərzində yanına gələcəyini Malikə çatdırmağı xahiş etmişdir. O, Albinanın ona dediyi sözləri məhkum yoldaşı Malikə çatdırmışdır. Bundan təxminən 4-5 gün keçdikdən sonra Malik ona yenidən arvadı Albina ilə telefonla əlaqə saxlamağı və nə vaxt Malikin yanına gəlməsini soruşmağı xahiş etmişdir. Həmin zaman onun mobil telefonla danışmaq üçün kartı olmadığına görə şəhər telefonu ilə (012) ***-**-** nömrəsi ilə anası X5 ilə əlaqə saxlamış, anası ilə danışan zaman məhkum yoldaşı Malikin arvadı ilə əlaqə saxlamağı, Malikin gözlədiyini deməyi anasından xahiş etmişdir. Bu zaman anası mobil telefonu ilə onun verdiyi nömrəyə zəng etmiş və Albina ilə danışmışdır. O, anasının səsini telefonda eşitmişdir. Həmin zaman anası Albinaya Malikin onu gözlədiyini demişdir. Sonra anası ona Albinanın hələ rayonda olduğunu, pulu ala bilmədiyini, bir gün sonra Bakıya gəlib oradan da Malikin yanına gələcəyini dediyini bildirmişdir. Həmin günün axşamı Albina anası ilə əlaqə saxlamış və anasına rayondan Malikə qənd, çay və digər qida ərzaqları gətirdiyini demiş, həmin sovqatı anasından Malikə çatdırmağı xahiş etmişdir. Bu zaman anası Albinaya müəssisəyə gedə bilmədiyini, sovqatı özünün aparmasını demişdir. Bundan sonra o, Maliklə müəssisədə görüşmüş, Albinanın dediklərini Malikə çatdırmışdır. Sonra isə Təqsirləndirilən şəxs arvadı Albinaya köçürtdüyü 60 manat pulu ona qaytarmağı tələb etmiş, Malik ondan 3 gün vaxt istəmişdir. O da Malikə inanmış və 3 gün gözləmişdir. Bundan bir-iki gün sonra Malik onunla görüşmüş və ona iyun ayının 18-nə kimi gözləməyi demiş, sonra isə Malik ondan narkotik vasitə istifadə edib-etmədiyini soruşmuşdur. Bu zaman o, Malikə narkotik vasitə olsa edə bilməsini bildirmişdir. Malik ona dediyi vaxta kimi gözləməyi, həm 60 manat pulunu və bununla yanaşı narkotik vasitə verəcəyini demişdir. O, razılaşmış və gözləmişdir. O, Malikin dediyi müddəti gözləyənə kimi Malikin dediklərini, yəni ona narkotik vasitə verəcəyi barədə sözləri müəssisədə əməliyyatçı işləyən Şahid1 demiş və Təqsirləndirilən şəxs nəzarətə almağı xahiş etmişdir. 25 iyun 2021-ci il tarixdə o, hazırda cəza çəkdiyi müəssisədə olan zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs yanına sovqat gətirən arvadı Albinanın gətirdiyi sovqatdan narkotik vasitə aşkar edilmişdir. Bununla bağlı müəssisənin rəhbərliyi onu qəbul etmiş və ona Albina adlı qadının, yəni Təqsirləndirilən şəxs arvadının saxlanılan zaman narkotik vasitə çıxan şampun qabını Albinaya onun anası X8 ilə Xətai rayonunda görüşərək verdiyini dediyini bildirmişdir. Bu zaman o, müəssisənin rəhbərliyinə bunların hamısının yalan olduğunu, narkotik vasitəni Təqsirləndirilən şəxs hansısa yolla arvadı Albinaya gətirtdirdiyini, bundan əvvəl Təqsirləndirilən şəxs ona narkotik vasitə verəcəyinə söz verdiyini söyləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə müəssisəsində işləyərkən, 25 iyun 2021-ci il tarixdə, saat 12:00 radəsində xidmətdə olan zaman müəssisədə 2 saylı İstintaq təcridxanasından gəlmiş məhkum Təqsirləndirilən şəxs yanına qohumu kimi bildikləri Şahid4 gəlmiş və sovqat gətirmişdir. Həmin sovqat onun və müəssisənin əməkdaşları Şahid1 və Şahid3 tərəfindən yoxlanılan zaman sovqatın içindəki üzərində “Fobby” yazısı olan şampun qabının içərisindən 2 ədəd büküm aşkar edilmişdir. Həmin sovqatdan aşkar edilmiş bükümə onların və dəvət edilmiş hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl hal şahidlərinə və iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Sovqata baxış keçirildikdən sonra Şahid4 üzərinə axtarış və baxış keçirilmişdir, lakin onun üzərindən qanuna zidd əşya və ya predmet aşkar edilməmişdir. Sovqatdan aşkar edilmiş 2 ədəd bükümdə olan maddə spesifik iyə malik olduğundan qablaşdırılmış və tərkibi müəyyən edilməsi üçün ekspertizaya göndərilmişdir və məlum olmuşdur ki, müəssisədə saxlanılan Təqsirləndirilən şəxs Şahid4 tərəfindən gətirilən sovqatdakı maddə narkotik vasitə heroindir. Məhkəmədə şahid qismində dindirilmiş X1 digər əməkdaşları Şahid1 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları tam təsdiq etdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə müəssisəsində mülki qaydada işləyir. Mahiyyəti üzrə bildirir ki, o, 25 iyun 2021-ci il tarixdə, saat 12:00 radələrində işdə olan zaman müəssisənin əməkdaşları onu NBM-nə dəvət etmiş və 2 saylı İstintaq Təcridxanasından gəlmiş məhkum Təqsirləndirilən şəxs yanına qohumu kimi bildikləri Şahid4 gəldiyini və sovqat gətirdiyini, həmin sovqatda qanunla qadağan olmuş əşyanın ola biləcəyini deyib hal şahidi kimi baxışda iştirak etməsini bildirmişlər. Bundan sonra həmin yerə ondan başqa bir nəfər də mülki işçi hal şahidi kimi dəvət edilmiş və onlara hüquq və vəzifələri izah olunmuş, sonra isə sovqatın içindəki üzərində “Fobby” yazısı olan şampun qabının içərisindən 02 ədəd büküm aşkar edilmişdir. Aşkar edilmiş iki ədəd bükümdə olan maddə spesifik iyə malik olduğundan müəssisənin əməkdaşları tərəfindən qablaşdırılmış, sonra isə şəxsin üzərinə baxış keçirilmiş, lakin qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər hal şahidi Şahid5 eyni məzmunlu ifadə verərək Şahid6 göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrum edilmişdir. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında çəkmiş və "ağciyər vərəmi" diaqnozu ilə 14 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu ərazisində olan Penitensiar Xidmətin Müalicə müəsisəsinə köçürülmüşdür. Malik həmin tarixdən qeyd olunan müəssisədə olduğundan o, 2021-ci ilin fevral ayından onun yanına sovqat aparmış və görüşmüşdür. Belə ki, o, Təqsirləndirilən şəxsla mobil telefonla mütəmadi danışmış və Malikə sovqat aparıb vermişdir. 20 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs onun istifadəsində olan nömrəsinə müalicə müəssisəsindən zəng etmiş və onun şəxsi kartına pul köçürüləcəyini demiş, lakin həmin pul köçürən şəxsin kimliyini ona bildirməmişdir. Bu zaman Təqsirləndirilən şəxs həmin pulu çıxardıb bir şəxsə verməyi tapşırmış, həmin şəxsin pula narkotik vasitə alıb qaba yerləşdirib ona verəcəyini demiş, həmin qabda olan narkotik vasitəni Malikin qaldığı müalicə müəssisəsinə sovqat aparanda aparıb verəcəyini demişdir. 21 iyun 2021-ci il tarixdə onun mobil nömrəsinə müalicə müəssisəsindən zəng gəlmiş və həmin zaman telefonda danışan şəxs özünün Qalib olduğunu ona demişdir. Bundan sonra Qalib ona özünün Təqsirləndirilən şəxs məhkum yoldaşı olduğunu, bir yerdə cəza çəkdiyini, onun kartına pulu özünün köçürtdüyünü, həmin pulu ona zəng edən şəxsə narkotik vasitə almaq üçün verməyi demişdir. O da Qaliblə razılaşmış və narkotik alan şəxsin onunla əlaqə saxlamasını demişdir. 23 iyun 2021-ci il tarixdə istifadəsində olan mobil nömrəsinə bir şəxs zəng etmiş və onda pul olduğunu, həmin pulu Qalibin götürməyi dediyini bildirmişdir. Bu zaman o, həmin şəxsi qeyd olunan tarixdə Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsində yaşadığı ünvana çağırmış və görüş vermişdir. Həmin tarixdə o, saat 18 radələrində narkotik vasitə almağa gedən şəxslə həyətdə görüşmüş və kartdan çıxardığı 215 manat pulu həmin şəxsə vermişdir. Həmin şəxs pulu ondan aldıqdan sonra 2 saat ərzində gələcəyini demişdir. Bundan 2 saat sonra həmin şəxs, yəni narkotik vasitə alan şəxs onun evinin həyətinə gəlmiş və ona zəng edərək həyətdə görüşmüşlər. Sonra isə həmin şəxs ona bir ədəd üzərində "Fobby" yazısı olan şampun, siqaret, çay və qənd vermiş və həmin sovqatları Malik və Qalibə çatdırmağı demiş və Qalib və Malikin sifariş verdikləri narkotik vasitə heroini ona verdiyi sovqatın içərisinə yerləşdirdiyini bildirmişdir. Lakin hansı sovqatın içərisinə yerləşdirdiyini ona konkrekt olaraq deməmişdir. O da bundan sonra sovqatları evə aparmışdır. 25 iyun 2021-ci il tarixdə o, səhər saatlarında Malikə başqa sovqatlar almış və ona verilən sovqatlarla birlikdə müalicə müəssisəsinə aparmışdır ki, Malikə versin. Belə ki, o, 25 iyun 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Penitensiar Xidmətin Müalicə müəssisəsinə getmişdir. Həmin zaman müalicə müəssisəsinə yaxınlaşmış, orada qaydalarla tanış olub imzalamışdır. Orada sovqatlara müalicə müəssisəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən üzərində "Fobby" yazısı olan şampundan əvvəlcədən məlumatı olduğu narkotik vasitə heroin aşkar edilmiş və hal şahidlərinin iştirakları ilə götürülüb sənədləşdirilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, Şahid4 bildirdi ki, Malik ona demişdir ki, gedib evdən ona lazım olan ləvazimatlarını gətirsin. O, narkotikin külli miqdarda olmasını bilməmişdir, şampunun içində 5,785 qram narkotik olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilməsi məqsədi ilə, eləcə də onun iştirakı ilə bır sıra zəruri istintaq hərəkətlərinin aparılacağı halda cinayət işinin Şahid7 aid olan hissəsinin məhkəməyə göndərilməsini yolverilməz dərəcədə uzatdığına görə hazırkı cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə ayrıca ********* nömrəli cinayət işi materialları ayrılmışdır (cild 1, iş vərəqi 1-8). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, xx/xx-1819 saylı məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 12:00 radələrində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə müəssisəsində saxlanılan AR CM-nin 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2020-ci il tarixdə 2 saylı İstintaq təcridxanasından “ağciyər vərəmi” diaqnozu ilə müəssisəyə daxil olan, 8-ci vərəm şöbəsində müalicə alan 1986-cı il təvəllüdlü məhkum Təqsirləndirilən şəxs sovqat gətirən qohumu Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olar Şahid4 üstünə və əşyalarına alınmış əməliyyat məlumatına əsasən baxış keçirilmişdir. Keçirilən baxış zamanı onun gətirdiyi sovqatın içində “Fobby” şampun qabının içərisində qara rəngli sellofana bükülü vəziyyətdə 02 (iki) ədəd təmiz çəkisi 5,885 qram olan tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə “heroin” aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 23). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli axtarışbaxış keçirilmə protokolundan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 12:00 radələrində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə müəssisəsində saxlanılan AR CM-nin 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2020-ci il tarixdə 2 saylı İstintaq təcridxanasından “ağciyər vərəmi” diaqnozu ilə müəssisəyə daxil olan, 8-ci vərəm şöbəsində müalicə alan 1986-cı il təvəllüdlü məhkum Təqsirləndirilən şəxs sovqat gətirən qohumu Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olan Şahid4 üstünə və əşyalarına alınmış əməliyyat məlumatına əsasən baxış keçirilmişdir. Keçirilən baxış zamanı onun gətirdiyi sovqatın içində “Fobby” şampun qabının içərisində qara rəngli sellofana bükülü vəziyyətdə 02 (iki) ədəd təmiz çəkisi 5,885 qram olan tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə “heroin” aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 25). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/2586 saylı rəyindən görünür ki: Tədqiqata təqdim edilmiş, üzərində imzalar və PX İxtisaslaşdırılmış Müalicə müəssisəsinə məxsus “Zərflər üçün” möhür əksi olan zərfdəki 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 2,841 qram, 3,044 qram, ümumi təmiz çəkiləri 5,885 qram maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 33-37). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli, 6/3006 saylı məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki: Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 №60” dairəvi möhür əksi olan kağız paketin içərisində üzərində imzalar olan bir ədəd zərfdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,801 qram, 3,004 qram, ümumi təmiz çəkisi 5,805 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 170-175). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli ittiham elan edilmək üçün şəxsin axtarış elan edilməsi və tutulması haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 234.4.1, 234.4.3 və 29,317-1.1 maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs xx.xx.1986-cı ildə ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs ittiham elan olunması üçün onun barəsində axtarış elan edilmişdir (cild 2, iş vərəqi 4-5). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 29, 317-1.1-ci maddələri ilə Xəzər RPİ İŞ-nin xx.xx.2022-ci il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi üzrə Xəzər RPİ tərəfindən xx.xx.2022-ci il tarixdə barəsində 10357/22 nömrəli axtarış işi olan xx.xx.1986-cı ildə ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsi ərazisində tutulmuşdur (cild 2, iş vərəqi 8). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2229 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticələsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 51-52). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin İxtisaslaşdırılmış Müalicə müəssisəsinə Təqsirləndirilən şəxs adına göndərilən sovqatın içərisindən aşkar olunaraq götürülmüş ayrı-ayrılıqda çəkiləri 3,044 qram və 2,841 qram təmiz çəkilərdə iki bükümdə narkotik vasitə heroinin ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınması nəzərə alınmışdır. Ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 5,725 qram narkotik vasitə heroin saxlanılması üçün Xəzər RPİnin saxlanc anbarına təhvil verilmişdir (cild 2, iş vərəqi 60-66, 86). İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-274,2022 saylı hökmündən görünür ki, Şahid4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29, 317-1.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, iş üzrə məhkəmə məsrəfi – 174,09 (yüz yetmiş dörd manat doqquz qəpik) manat ekspertiza xərcinin Şahid4 tutularaq dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29, 317-1.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Plenumun həmin Qərarının 15-ci bəndinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslər tərəfindən istehlak miqdarından artıq miqdarda narkotik vasitənin və psixotrop maddənin satış məqsədi olmadan əldə edilməsi və saxlanılması və ya bu maddələrin miqdarından asılı olmayaraq onların satış məqsədi ilə hazırlanması, saxlanılması və daşınması əməlləri müvafiq olaraq Azərbaycan Respublikası CM-in 234.1 və ya 234.2-ci, yaxud 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibi ilə əhatə olunur, həmin maddələrlə tövsif edilməli və həmin əməllərin əlavə olaraq CM-in 317-2-ci maddəsi ilə tövsif olunmasına ehtiyac yoxdur. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında şəxslərə satış məqsədi olmadan istehlak miqdarından artıq miqdarda narkotik vasitə və ya psixotrop maddənin və satış məqsədi ilə həmin maddələrin hər hansı miqdarda ötürülməsi əməlləri isə cinayətlərin məcmusu qaydasında CM-in 317-1-ci maddəsi və narkotik vasitənin və psixotrop maddənin ötürülməsi məqsədindən və miqdarından asılı olaraq CM-in 234.1 və ya 234.2-ci yaxud 234.4.3-cü maddələri ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitə heroini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə müəssisəsinə keçirməyə cəhd etməsi kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Cinayət işinə əlavə edilmiş tələbnamədən, Yevlax Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 1(039)-36/2021 saylı hökmündən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı Cəzaçəkmə müəssisəsinin xx.xx.2022-ci il tarixli, xx/xx- 4168 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(039)-36/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 5 noyabr 2021-ci il tarixli Qərarının tətbiqinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı Cəzaçəkmə müəssisəsinin təqdimatı təmin edilmiş, o, azadlıqdan məhrum etmə cəzasının 05 noyabr 2021-ci il tarixi üçün çəkilməmiş 6 (altı) ay 2 (iki) günlük hissəsi 6 (altı) ay azaldılmış, qalan 2 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını 05 noyabr 2021-ci il tarixindən etibarən tam çəkib qurtardığına görə cəzaçəkmə müəssisəsindən 07 dekabr 2021-ci il tarixdə azad edilmişdir (cild 1, iş vərəqi 166-169; cild 2, iş vərəqi 57-59, 167-170). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkdiyi müddətdə bu cinayəti törətdiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətdikdən sonra məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyi səbəbindən onun əməlində cinayətlərin residivi mövcuddur. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab edir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halların olmadığını, cəzanı ağırlaşdıran halın mövcudluğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 317-1.1-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.1-ci maddəsinin tələbinə görə başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinin tələblərinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 03 may 2022-ci il tarixdə tutulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə barəsində 04 may 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 03 may 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 2, iş vərəqi 46-50). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 03 may 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalan ümumi çəkisi 5,725 qram heroin məhv edilməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 174,09 (bir yüz yetmiş dörd manat doqquz qəpik) manat məbləğində məhkəmə xərcinin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-274/2022 saylı hökmü ilə Şahid4 tutularaq dövlət büdcəsinə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 03 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalan ümumi çəkisi 5,725 qram heroin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 174,09 (bir yüz yetmiş dörd manat doqquz qəpik) manat məbləğində məhkəmə xərcinin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-274/2022 saylı hökmü ilə Şahid4 tutularaq dövlət büdcəsinə ödənilməsini qərara alması nəzərə alınsın. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar