Məhkəmə qərarları › İş №1(101)-1205/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1205/2024

10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1205/2024 10.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14:45 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X4 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Sirius” Vəkil Bürosunun vəkili Şahid3, Azərbaycan-rus dilləri üzrə tərcüməçilər X2 və X3 iştirakı ilə, xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər yaşayış massivi, fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir. Belə ki, o, istintaqla müəyyən olunmamış vaxtda və mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarından istifadə etməklə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər yaşayış massivində yerləşən fərdi yaşayış evində qanunsuz olaraq külli miqdarda - tərkibində narkotik maddələr olan 96 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkilərini əkib aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə kultivasiya etmiş, onun qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin və Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 19 avqust 2023-cü il tarixdə saat 19:10 radələrində Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər yaşayış massivində yerləşən fərdi yaşayış evinin yaxınlığında saxlanılıb yaşadığı evə baxış keçirilərkən həyətdə yerləşən birmərtəbəli yaşayış evinin mətbəx otağının yanında yerləşən yardımçı otaqdan qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi yaş vəziyyətdə sellofan kisəyə yığılmış ümumi çəkisi 440,0 qram olan 34 ədəd əkilibbecərilməsi qadağan olunmuş aqrotexniki qaydada qulluq göstərilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, ümumi çəkisi 330,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş 2 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri və evin sol tərəfində yerləşən yataq otağının zirzəmisində qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi yaş vəziyyətdə ümumi çəkisi 10000,0 qram olan 62 ədəd əkilib-becərilməsi qadağan olunmuş aqrotexniki qaydada qulluq göstərilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, satış məqsədi ilə əkibbecərməmiş, öz ağrısının götürülməsi üçün etmişdir. Həm də irəli sürülmüş ittihamda göstərilən sayla razı deyil. O, “Youtube” vasitəsilə kannabis ilə bağlı videolara baxmağa başlamış, kannabisin dərman kimi istifadə edilməsini araşdırmışdır. Daha sonra ağrıkəsici kimi istifadə etmək üçün əkməyi qərara almışdır. Çünki belində şiş olduğuna görə çox ağrıları olmuşdur. Mənzilin zirzəmisində 4 kvadrat metr yer olmuş, ora 6 dibçək yerləşdirmişdir. İstintaq materiallarında yazılan 66 ədəd həmin zirzəmiyə yerləşə bilməzdi. Zirzəmidə 6 ədəd, evin otağında isə 3 ədəd kol olmuşdur. Kannabis bitkisi qız-oğlan növlü olur, oğlan növünün tərkibində narkotik olmur. O, əvvəlcə həmin bitkiləri 3 ay yetişdirmiş, bitkilər cinsini göstərəndən sonra narkotik tərkibli olanları zirzəmiyə gətirmişdir. O, əkdiyi kollardan özü istifadə etmiş, yarpaqlarını yeməyə qatmışdır. O, həmin bitkidən ancaq dərman kimi istifadə etmişdir. Tutulduğu zaman polis əməkdaşları ona əməliyyat apardıqlarını, evinə baxmaq istədiklərini bildirmiş, o da etiraz etməmişdir. Zirzəmini də polis əməkdaşlarına özü göstərmişdir. Polislər ona vəkil də təklif etmiş, amma o istəməmişdir. O, özü könüllü olaraq nə olub hamısın göstərmişdir. Onda 96 ədəd bitki olmamışdır. İstənilən aqronom deyə bilər ki, bir dibçəkdə bir kök olur, kannabis bitkilərinin arasına 1 metr qoyurlar ki, onların kökü birləşməsin. Ona görə 1 metr arası olaraq, hərəsi 1 kol sayılır. Bir dibçəkdə əkilsə, yenə də bir kol sayılır. Kolları yığıb aparanda o da iştirak etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, evinin həyəti balaca olduğuna görə şərait olmamış, zirzəmidə əkmişdir. Kannabis bitkisi üçün 12 saat daim gün olmalıdır, əks halda bitki böyümür. O, sayı bilməmiş, videoda ancaq özünün əkdiyini və harada yerləşdiyini demişdir. Bitkilərdən ağrıkəsici kimi istifadə etmişdir. Əvvəllər içki içən olmuş, sonradan tərgitmişdir. Atası içkidən rəhmətə getdiyinə görə içkiyə tövbə etmişdir. Həmin ərəfələrdə çox əsəb keçirmiş, tək çarəni bunda tapmışdır. Orada 6 dibçək olmuş, hər dibçəkdə 1 kök olmuşdur. O, “Youtube”da baxanda görmüşdür ki, Avropada istənilən yerdə onlar dibçək ilə sayırlar. Əgər dibçəkdədirsə, bir kol sayılır. 4 kvadratlıq yerdə 96 dənə kol əkmək mümkün deyil. O, 15 il “X7”-da mühafizəçi işləmiş, sonra isə 2 il zavodda iplik fabrikində mal qablaşdırıcı işləmişdir. Belində şiş var, bununla bağlı həkimə getməmiş, ağrıkəsici dərmandan heç vaxt istifadə etməmişdir. 12 saat işiğını LED lampalar ilə təmin etmişdir. Bir bitkiyə, yəni bir dibçəyə 200 WATT lampa lazımdır, həftədə bir dəfə isə sulamışdır. Bitkilər 50 santimetr hündürlüyünə qalxmışdı. Bitki bitənə qədər, artıq yarpaqlarını çıxardırlar ki, kol böyüsün. Yarpaqda “TDK” o qədər çox yoxdur, “CBD” var, “CBD” isə sakitləşdiricidir. Yarpaqlarını xörəyə qatmağı da “Youtube”dan öyrənmişdir. Həmin evdə tək yaşamışdır, həyat yoldaşı anası ilə qalmışdır. Həmin evdə yaşamaq üçün şərait olmamışdır, ora yalnız bitkiyə qulluq etmək üçün getmişdir. Ona qarşı polislər tərəfindən heç bir təsir və ya təzyiq olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı oxşar məzmunlu ifadə verərək göstərmişdir ki, o, bir neçə vaxt bundan əvvəl narkotik vasitə olan marixuananın toxumunu tapmış və özündə saxlamışdır. Onun bel və digər nahiyələrində kəskin ağrıları olmuşdur. Bir dəfə tanımadığı şəxsdən aldığı marixuanadan istifadə etmiş və ağrılarının sakitləşdiyini görmüşdür. Bundan sonra tapdığı narkotik maddənin toxumlarını Bakı şəhəri, Maştağa qəsəbəsi, Çiləgər yeni massivdə yerləşən nömrəsiz fərdi yaşayış evində öz şəxsi istifadəsi üçün əkib becərməyi qərara almışdır. Tutulmazdan təxminən 3 ay əvvəl yaşadığı evin zirzəmisində 62 ədəd və evin yataq otağında isə dibçəklərdə 34 ədəd olmaqla ümumilikdə 96 ədəd öz şəxsi istifadəsi üçün narkotik tərkibli çətənə bitkiləri əkib becərmişdir. Həmin çətənə bitkilərinə xüsusi qulluq etmiş, süni işıqlandırma və havalandırma qurğuları quraşdırmışdır. Bu barədə ailə üzvlərinə məlumat verməmişdir. Həmin çətənə bitkilərini tək başına əkmiş və əkimində ailə üzvlərinin heç bir rolu olmamışdır. 19 avqust 2023-cü il tarixdə gündüz saatlarında yaşadığı evdə olarkən bu əməlinin polis əməkdaşları tərəfindən aşkar olunacağından ehtiyat edərək əkdiyi çətənə bitkilərinin bir qismini dibçəklərdən çıxararaq sellofana yığaraq evdə otağın küncünə qoymuşdur. 19 avqust 2023-cü il tarixdə təxminən saat 19:10 radələrində evin yaxınlığında olarkən polis əməkdaşlan onu saxlayaraq özlərini təqdim etmiş və şübhəli olduğu üçün 14-cü Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində onun üzərinə şəxsi axtarış aparılarkən evdə çətənə bitkilərini əkməyinin ifşa olunacağını bilərək polis əməkdaşlarına könüllü olaraq çətənə bitkilərini əkdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşlarına Maştağa qəsəbəsi, Çiləgər massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin zirzəmisində və evin yataq otağında bitkiləri əkdiyi yeri göstərmişdir. Əkdiyi ümumi sayı 96 ədəd olan çətənə bitkiləri, çətənə bitkisinin hissələri - bitki kökü, bitki gövdəsi polis əməkdaşları tərəfindən müvafiq sənədləşdirmə aparılaraq qablaşdırılıb möhürlənmişdir. Narkotik tərkibli çətənə bitkilərini becərməkdə və onların yarpaqlarını gələcəkdə qurutmaqda məqsədi şəxsi istifadəsi ilə bağlı olmuşdur. Onun həmin narkotik vasitəni kiməsə satmaq, pay vermək fikri olmamışdır (cild 1, iş vərəqə 80-84). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru Şahid2 göstərdi ki, 19 avqust 2023-cü il tarixdə Maştağa qəsəbəsinin Çiləgər yaşayış massivində nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitə çətənə bitkisini əkib becərməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatı yoxlamaq məqsədi ilə əməliyyat qrupu təşkil edilmişdir. 19 avqust 2023-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər yaşayış massivində nömrəsiz fərdi yaşayış evinin yaxınlığına gedərək müşahidəyə başlamışlar. Həmin gün saat 19:10 radələrində həmin ünvanda yerləşən evin qarşısına bir nəfər zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin çıxdığını görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq çətənə bitkisini əkib becərməsi və narkotik vasitə saxlaması barədə məlumat daxil olduğunu bildirib Təqsirləndirilən şəxs Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən maddi sübut müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvanda çətənə bitkisi əkib becərməkdə, narkotik vasitə saxlamaqda şübhəli olduğundan yaşadığı ünvana baxış keçirəcəklərini bildirdikdə sonuncu yaşadığı evin zirzəmisində qanunsuz olaraq narkotik vasitə çətənə bitkisini əkib becərməklə məşğul oluğunu bildirmişdir. Təqsirləndirilən şəxs evinə baxış zamanı sonuncu evin yataq otağının altında yerləşən zirzəmini göstərib həmin zirzəmi sahəsində dibçəklərdə çətənə bitkilərini əkərək qulluq edərək suvardığını, həmin çətənə bitkilərinin yarpaqlarını gələcəkdə qurudaraq özü üçün istifadə edib qəbul edəcəyini bildirmişdir. Həmin günü dəvət olunmuş mütəxəssis aqronomun iştirakı ilə baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanın sağ tərəfində yerləşən mətbəx otağının yanında yardımçı otağında kök və gövdə hissəsi dibçəkdə olan, 60 sm hündürlüyündə qırılıb götürülmüş bitki hissələri, 10-25 sm müxtəlif hündürlüklərdə dibçəkdən təzə çıxarılmış və sellofan kisəyə qoyulmuş 34 ədəd çətənə bitkiləri aşkar edilmişdir. Yaşayış evinin sol tərəfində yerləşən yataq otağının zirzəmisində isə qablarda əkilmiş, xüsusi qaydada qulluq edilmiş 70-80 sm hündürlükdə 62 ədəd çətənə bitkilərinin olması aşkar olunmuşdur. Həmin bitkilərin yetişdirildiyi yerə baxan mütəxəssis çətənə bitkilərinə işıqlanma və havalanma şəraiti yaradılmış mühitdə aqrotexniki qaydada qulluq olunduğunu, suvarıldığını və diblərinin götürüldüyünü bildirmişdir. Bundan sonra baxış zamanı hər hansı bir qanunsuz əşya və bitki aşkar edilməmişdir. Aşkar olunmuş çətənə bitkiləri ekspertizaya təqdim olunması üçün polietilen torbalara yığılaraq möhürlənmiş və götürülmüşdür. Çətənə bitkilərinin aşkar edilib götürülməsinə dair protokol tərtib olunmuş və tərtib olunmuş protokol iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan edilərək tədqiq olunmuş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməkdaşı Şahid1 Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir (cild 1, iş vərəqə 107-110). Şəxsi axtarış və götürmə aparılması haqqında 19 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya olmadığını, yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində narkotik tərkibli çətənə bitkilərini əkdiyini və həmin bitkiləri göstərə biləcəyini bildirmişdir (cild 1, iş vərəqə 33-34). Baxış və götürmə aparılması haqqında 19 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilərkən Təqsirləndirilən şəxs mənzildə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya və ya predmet varsa göstərməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisində və otağında qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkib yetişdirdiyini bildirmişdir. Baxış zamanı evin mətbəx otağının yanında yardımçı otaqda kök və gövdə hissəsi dibçəkdə olan, 60 sm hündürlüyündə qırılıb götürülmüş bitki hissələri, 15-20 sm müxtəlif hündürlüklərdə dibçəkdən təzə çıxarılmış və sellofan kisəyə qoyulmuş 35 ədəd çətənə bitkilərinin və yaşayış evinin sol tərəfində yerləşən yataq otağının zirzəmisindən isə qablarda əkilmiş, xüsusi qaydada qulluq edilmiş 70-80 sm hündürlükdə 62 ədəd çətənə bitkiləri aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqə 44-45, 69-70). 19 avqust 2023-cü il tarixli aqronom rəyinin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsinin Çiləgər yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin mətbəx otağının yanında yardımçı otağında kök və gövdə hissəsi dibçəkdə olan, 60 sm hündürlüyündə qırılıb götürülmüş bir ədəd, 10-25 sm müxtəlif hündürlüklərdə dibçəkdən təzə çıxarılmış və sellofan kisəyə qoyulmuş 34 ədəd çətənə bitkiləri aşkar olunmuşdur. Yaşayış evinin digər otağının zirzəmisində gizli yerdə işıqlanma və havalanma şəraiti yaradılmış mühitdə 70-80 sm hündürlükdə 62 ədəd narkotik tərkibli çətənə bitkisi, ümumilikdə cəmi 97 ədəd aşkar olunmuşdur. Həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Çətənə bitkiləri polis əməkdaşları tərəfindən çıxarılmış, qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür (cild 1, iş vərəqə 46). Məhkəmə-bioloji ekspertizasının 20 avqust 2023-cü il tarixli 3-16-16/2-7/11186 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “1.Şübhəli Təqsirləndirilən şəxs....” yazılar və imzalar olan ağ rəngli sintetik torbada yaş vəziyyətdə, ümumi sayı 62 ədəd, ümumi çəkisi 10000,0 qram olan bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Şübhəli Təqsirləndirilən şəxs....” yazılar və imzalar olan üzəri skoçla bağlanmış sellofan bağlamada yaş vəziyyətdə, ümumi sayı 34 ədəd, ümumi çəkisi 440,0 qram olan bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmin bağlamada yaş vəziyyətdə, 2 ədəd, ümumi çəkisi 330,0 qram olan bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. Təqdim olunmuş 1 ədəd ağ rəngli sintetik torbada və 1 ədəd sellofan bağlamada olan çətənə bitkilərinin ümumi sayı 96 ədəd, ümumi çəkisi 10440,0 qramdır. Aqronomun (mütəxəssisin) rəyinə əsasən çətənə bitkilərinə, hissələrinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Ekspert tədqiqatından sonra çətənə bitkilərinin qalıq çəkisi 10438,08 qram, çətənə bitki hissələrinin qalıq çəkisi 329,96 qram təşkil etmişdir (cild 1, iş vərəqə 52-56). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 26 avqust 2023-cü il tarixli 5506 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 122-123). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 99). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanunun 1.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsi tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 19-cu bəndində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş İİİ Siyahıya əsasən 16-800 ədəd (31-1550 hissə) çətənə bitkisi külli miqdar təşkil edir. Məhkəmə, aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərinin ümumi sayı ilə bağlı baxış və götürmə aparılması haqqında 19 avqust 2023-cü il tarixli protokolda, habelə eyni tarixli aqronom rəyində göstərilmiş rəqəmlərlə ekspert rəyi arasında yaranan 1 ədəd say fərqi ilə bağlı məsələni araşdıraraq ekspert rəyində göstərilmiş rəqəmi əsas götürür. İbtidai istintaq orqanının özü də düzgün olaraq bu qənaətə gəlmiş və sübutların qiymətləndirilməsi haqqında 05 dekabr 2023-cü il tarixli qərarın nəticə hissəsinin 13-cü bəndində bununla bağlı yekun hüquqi mövqeyini ifadə etmişdir (cild 1, iş vərəqə 158). Məhkəmə, Təqsirləndirilən şəxs onda 96 ədəd çətənə bitkisi olmaması, ümumi sayın bu rəqəmdən az olması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü bu mülahizəsi yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, baxış keçirilməsi barədə protokol, şahidlərin ifadəsi, ekspert rəyi, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, özünü qismən təqsirli bilərək səmimi peşman olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 19 avqust 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 23, 92-97). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 19 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 10438,08 qram təşkil edən 96 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və qalıq çəkisi 329,96 qram təşkil edən 2 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri məhv edilməli, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinin görüntülərini əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 53,184). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 10438,08 qram təşkil edən 96 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və qalıq çəkisi 329,96 qram təşkil edən 2 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri məhv edilsin; - Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinin görüntülərini əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar