Məhkəmə qərarları › İş №1(101)-1207/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1207/2021

16.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1207/2021 16.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Qəribov Fikrət Atlıxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, müdafiəçi, Bakı şəhəri “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1990-cı ildə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəndə 2 azyaşlı uşaq olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Salıaev Nailin (X6) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Salıaev Nail (X12) tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Salıaev Nail (X12) 05 fevral 2021-ci il tarixdə saat 14:30 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan etibarnamə ilə idarə etdiyi X7 məxsus “QAZ 33021 YÜK” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi ilə Buzovna qəsəbəsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyib həmin küçədə yerləşən “Bərəkət Market”in yaxınlığında yolu sağdan sola doğru keçmək istəyən piyada Zərərçəkmiş şəxs avtomobilin bortunun arxa sağ tin hissəsi ilə vurmaqla ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma, sağ gicgahtəpə sümüklərinin kəllə əsasına keçən xətti sınıqları, ağciyərlərin kontuzisiyası (əzilməsi), sağ Vİİİ-İX qabırğaların yerini dəyişən qapalı sınıqları, sağ yuxarı ətraf, sol bazu, döş qəfəsi və sağ bud nahiyələrinin qançırı və sıyrıqları ilə müşayiət olunan sağlamlığa ağır zərər vurmaqla Zərərçəkmiş şəxs hadisə zamanı almış olduğu xəsarətlərdən 09 fevral 2021-ci il tarixdə ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında dindirilən təqsirləndirilən şəxs Salıaev Nail (X12) özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, Gürcüstan Respublikasının Marneuli rayonunun Sadaxlı kəndində anadan olmuş, 16 yaşına qədər həmin kənddə böyümüşdür. Yaşadığı Gürcüstan Respublikasında sürücülük məktəbini oxuyub 2019-cu ildə “B” kateqoriyası üzrə bitirib imtahan verib AH5950678 nömrəli sürücülük vəsiqəsi almışdır. O, idmançıdır və müxtəlif idman müsabiqələrində Azərbaycan Respublikasını təmsil etmişdir. 2005-ci ildə işləmək üçün Azərbaycana gəlmiş, müxtəlif işlərdə işləmişdir. 2007-ci ildə Azərbaycan Respublikası vətəndaşı X8 ilə ailə həyatı qurmuş və birgə nikahlarından 2 övladları vardır. 2020-ci ilin mart ayında pandemiya ilə əlaqədar işlər zəifləmiş, ailəsini dolandırmaq üçün Bakı şəhər sakini X1 məxsus olan “QAZ 33021 YÜK” markalı **-RK-*** dövlət qeydiyyat nişanlı avtomaşını ƏN-V№007173 nömrəli etibarnamə əsasında gündəlik pul ödəməklə icarəyə götürmüş və bu müddət ərzində müxtəlif növ yüklər daşımaqla ailəsinin çörək pulunu qazanmışdır. 05 fevral 2021-ci il tarixdə saat 14:30 radələrində idarə etdiyi “QAZ 33021 YÜK” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla M.Hüseynzadə küçəsi ilə Maştağa qəsəbəsindən üzü Buzovna qəsəbəsinə doğru sağdan birinci zolaqda təxminən 50 km/saat sürətlə hərəkət etmişdir. Yol 4 hərəkət zolağından ibarət olmaqla əks istiqamətli 2 hərəkət zolağını, yolun ortasında olan qoşa düz xətt hərəkət istiqamətlərini bir-birindən ayırır. O, “Bərəkət” marketə çatmağa az qalmış mağazanın qarşısında avtomaşınlar və yük maşınlarının dayandığını görüb 1-ci hərəkət zolağından 2-ci hərəkət zolağına keçmiş və Buzovna qəsəbəsinə doğru istiqamətdə hərəkətini davam etdirmişdir. O, “Bərəkət” marketin qarşısına çatanda qəflətən maşınların arasından bir kişi çıxaraq yolun soluna, qarşı tərəfə doğru hərəkət etmişdir. Aralarında təxminən 3-4 metr məsafə olarkən kişini vurmamaq üçün avtomaşını sola manevr etmiş, lakin kişinin də həmin istiqamətə irəlilədiyini görüb maşının sükanını sağa doğru çevirmişdir. Həmin kişi üzünü çevirmədən arxa-arxaya doğru getdikdə o, yenidən avtomaşını sola doğru çevirib yolun əks istiqamətinə çıxmış, bu vaxt avtomaşının arxa sağ küncü həmin kişiyə dəydiyindən kişi yerə yıxılmışdır. Əks istiqamətdən maşınlar gəldiyindən avtomaşını yoldan çıxararaq saxlayıb kişinin yanına gəlmişdir. Avtomaşınla vurduğu piyada kişi huşsuz vəziyyətdə arxası üstə uzanıq vəziyyətdə qalmışdır. O, piyadanı xəstəxanaya çatdırmaq üçün tanımadığı avtomobili saxladıb piyadanı arxa oturacaqda uzadıb 3 saylı Sabunçu xəstəxanasına çatdırmışdır. Xəstəxanada ona məlum olmuşdur ki, vurduğu həmin şəxs, Maştağa qəsəbəsi, Zərdabi küçəsi, döngə 3, ev 6-da yaşayan Zərərçəkmiş şəxsdur. İlkin tibbi yardım göstərildikdən sonra onun vəziyyətinin ağır olduğu bildirilmiş və bir neçə gün ona zəruri tibbi yardımlar göstərilməsinə baxmayaraq Zərərçəkmiş şəxs 09 fevral 2021-ci il tarixdə xəstəxanada vəfat etmişdir. Baş vermiş hadisə ilə bağlı idarə etdiyi yük avtomaşınına zərər yetirilməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, təqsirləndirilən şəxs Salıaev Nail (X12) bildirdi ki, o, “B” kateqoriyalı sürücülük vəsiqəsini Gürcüstan Respublikasında almışdır, bu vəsiqə ona minik avtomobillərini və yük maşınlarını (3,5 tona qədər) idarə etmək hüququ verir. Həmin sürücülük vəsiqəsinin yararlılıq müddəti 2019-2034-cü illəri əhatə edir. O, Azərbaycan Respublikasından sürücülük vəsiqəsi almaq üçün X20 müraciət etmiş, lakin Azərbaycan Respublikasında yaşamaq icazəsi olmadığı üçün ona vəsiqə verilməmişdir. O, 2014-2015-ci illərdə idman müsabiqələrində Azərbaycan Respublikasını təmsil etdiyi üçün ona Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Lakin sonralar Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikasında yaşamaq hüququnun verilməsi üçün müraciət etsə də, ona icazə verilməmişdir. Onunla zərərçəkmiş şəxsin hüquqi varisi arasında barışıq əldə olunmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X10 məhkəmədə ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun atasıdır və onunla birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 4-də yaşamışdır. 05 fevral 2021-ci il tarixdə atası Zərərçəkmiş şəxs saat 14:30 radələrində ərzaq almaq üçün yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 4 ünvanından evlərinə yaxın yerləşən “Bərəkət” marketinə getmişdir. Atasının evi tərk etməsindən kifayət qədər vaxt keçməsinə baxmayaraq atasından xəbər gəlmədikdə o, narahat olaraq evdən çıxıb “Bərəkət” marketə tərəf getmişdir. Həmin ünvana çatdıqda tanımadığı şəxslərdən ona məlum olmuşdur ki, “Bərəkət” marketin qarşısında yolu keçərkən atasını yük avtomaşını vurmuş və sürücü tərəfindən xəstəxanaya aparılmışdır. Sonradan atasının Sabunçu xəstəxanasında olmasını bilmişdir. Xəstəxanada olarkən sonradan ona məlum olmuşdur ki, atasını yük avtomaşını ilə vuran X12 olmuşdur. 09 fevral 2021-ci il tarixdə atası Zərərçəkmiş şəxs müalicədə olduğu Sabunşu xəstəxanasında vəfat etmişdir. Baş vermiş hadisədə sürücü X12 tərəfindən ailələrinə zəruri olan maddi və mənəvi köməklik göstərilmişdir. O, təqsirləndirilən şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 05.02.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş sxemdən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi yer Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsidir, vurulan piyadanını sayı birdir, piyadanın koordinatları Buzovna qəsəbəsi istiqamətində, yolun sağ kənarından 5 metr məsafədədir. Hadisə yerində “QAZ 33021 markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ kənarında Buzovna qəsəbəsi istiqamətində dayanmışdır (iş vərəqi 5-11). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 05.02.2021-ci il tarixli, 1/294 saylı aktdan görünür ki, Salıaev Nail həmin tarixdə sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçirilmiş və onda sərxoşluq halı müəyyən edilməmişdir (iş vərəqi 17). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında 10.02.2021-ci il tarixli protokoldan görünür ki, “QAZ 33021 YÜK” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, maşında nasazlıq aşkar edilməmişdir (iş vərəqi 23-24). İşə əlavə edilmiş sənədlərdən görünür ki, “QAZ 33021 YÜK” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobil X7 məxsusdur, Gürcüstan Respublikasının vətəndaşı Salıaev Nailə nəqliyyat vasitəsini idarə etmək etibar edilmişdir (iş vərəqi 15-16). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 09.02.2021-ci il il tarixli, 25 nömrəli rəyindən görünür ki:

1. Mərhum Zərərçəkmiş şəxs baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma, sağ gicgah-təpə sümüklərinin kəllə əsasına keçən xətti sınıqları, ağciyərlərin kontuzisiyası (əzilməsi), sağ Vlll-İX qabırğaların yerini dəyişən qapalı sınıqları, sağ yuxarı ətraf, sol bazu, döş qəfəsi və sağ bud nahiyələrinin qançırı və sıyrıqları olmuşdur. Xəsarətlər həyatı olub, bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 05.02.2021-ci il tarixdə və şəraitdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomaşın vurması nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidir.

2. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb sağ təpə-gicgah sümüklərinin kəllə əsasına keçən sınığı ilə əlaqədar baş beyin maddəsinin əzilməsi olmuşdur. Ölüm 09.02.2021-cİ il tarixdə saat 14:40-da xəstəxanada baş vermişdir, bu da ilkin meyit əlamətlərinə əsasən öz təsdiqini tapır.

3. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir, eləcə də adına tərtib olunmuş xəstəlik tarixində onun xəstəxanaya daxil olarkən sərxoşluğu barədə heç bir qeydiyyat yoxdur (iş vərəqi 24a-28). İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs 09.02.2021-ci ildə kəllə əsasının sınığı səbəbindən ölmüşdür (iş vərəqi 48). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 15.03.2021-ci il tarixli, 8/361 nömrəli rəyindən görünür ki, “QAZ 33021” markalı **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Nail Salıaevin (X6) hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir (iş vərəqi 66-69). İşə əlavə edilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, xx.xx.1990-cı ildə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuş Salıaev Nailə 16.08.2019cu il tarixdə Gürcüstan Respublikası DİN-in Xidmət Ağentliyi tərəfindən “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Vəsiqə 16.08.2034-cü il tarixədək etibarlıdır (iş vərəqi 35- 36). İşə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi tərkibində nümayəndəliyinin 16.05.2021-ci il tarixli məktubundan, məktuba qoşulmuş Gürcüstan Respublikasının DİN-dən verilmiş 06.05.2021-ci il tarixli məktubdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Salıaev Nailə 16.08.2019-cu il tarixdə “B” kateqoriyalı AH ******* nömrəli sürücülük vəsiqəsi verilmişdir (iş vərəqi 105-108). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsi tərəfindən verilmiş 18.03.2021-ci il tarixli, 016-31713-1221 saylı və 24.04.2021-ci il tarixli, 016- 47272-1221 saylı məktublardan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü X11 Azərbaycan Respublikasında 18.03.2021-ci il tarixədək sürüçülük vəsiqəsi verilməmişdir və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır (iş vərəqi 62, 70). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş 29.04.2021-ci il tarixli, 010-1407-1221 saylı məktubdan və onun əlavəsindən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Salıaev Nail 28.02.2020-ci il tarixdə saat 19:37-də 18AA80742 saylı pasportu təqdim edərək “Şıxlı” sərhəd nəzarət məntəqəsindən keçməklə Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gəlmişdir (iş vərəqi 102-104). Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi MYİ seyiyalı ******* nömrəli müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, Gürcüstan Respublikasının vətəndaşı, xx.xx.1990-cı il təvəllüdlü X19 Miqrasiya Xidməti tərəfindən 12.03.2014-cü ildən 12.03.2015-ci ilədək Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verilmiş və o, ünvan 5 ünvanında qeydiyyata alınmışdır (iş vərəqi 185). Müdafiə tərəfinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən əldə edərək məhkəməyə təqdim etdiyi 21.05.2021-ci il tarixli, 15/3/18 saylı arayışdan görünür ki, Gürcüstan Respublikasının vətəndaşı, xx.xx.1990-cı il təvəllüdlü X21 Miqrasiya Xidməti tərəfindən 28.02.2020-ci ildən 28.05.2020-ci ilədək ünvan 5 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır (iş vərəqi 178). Müdafiə tərəfinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən əldə edərək məhkəməyə təqdim etdiyi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma müddətinin uzadılması barədə MOM ******* saylı elektron qərardan görünür ki, Dövlət Miqrasiya Xidməti Gürcüstan Respublikasının vətəndaşı, xx.xx.1990-cı il təvəllüdlü Salıaev Nailin vəsatətinə baxaraq onun Azərbaycan Respublikasında olma müddətinin 27.07.2020-ci il tarixədək uzadılması barədə qərar vermişdir (iş vərəqi 177). İşdə olan qərardan görünür ki, Salıaev Nail (X12) barəsində 26.04.2021-ci ildə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçmişdir (iş vərəqi 96-97). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Salıaev Nail (X12) əvvəllər məhkum olunmamışdır (iş vərəqi 60). İşdə olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 05.03.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (iş vərəqi 51). İşdə olan ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında 05.03.2021-ci il tarixli qərardan görünür ki, X10 həmin iş üzrə ölmüş Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır (iş vərəqi 50). İşdə olan notarial qaydada təsdiq edilmiş 10.02.2021-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X3 təqsirləndirilən şəxs Salıaev Nailə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, ona dəymiş ziyan tam şəkildə ödənmişdir (iş vərəqi 58). İşə əlavə edilmiş nikah haqqında şəhadətnamənin və digər sənədlərin surətindən görünür ki, Salıaev Nail ilə Azərbaycan Respublikasının vətəndaşı X8 arasında 09.02.2018-ci ildə nikah bağlanmış, birgə nikahdan Azərbaycan Respublikasının vətəndaşları olan 04.04.2018-ci il təvəllüdlü Salyayev İsmayıl və 19.06.2019-cu il təvəllüdlü Salyayev Hüseyn adlı övladları vardır (iş vərəqi 41-46). Cinayət işinə əlavə edilmiş xasiyyətnamələrdən və diplomların surətlərindən görünür ki, Salıaev Nail 2008-ci ildən Azərbaycan Budo Döyüş növləri Federasiyasının üzvüdür. Dəfələrlə Azərbaycan çempionu, Azərbaycan Respublikasını təmsil etməklə beynəlxalq turnirlərin qalibi, 2012-ci ildə Dünya çempionu olmuşdur. Azərbaycan Respublikasının bayrağını bir çox ölkələrdə qaldırmış, himnini səsləndirmişdir (iş vərəqi 108-123). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair 24 sentyabr 2014-cü il Qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 nömrəli 15 noyabr 2013-cü il tarixli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsi 2-ci hissəsinə görə, Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Gürcüstan Respublikasının vətəndaşı olan Nail Saliaevin (X6) 16.08.2019-cu il tarixdən 06.02.2021-ci il tarixədək əcnəbi şəxs kimi Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alıb-almamasını müəyyən etmək məqsədilə məhkəmə, məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında həmin icazəni vermək səlahiyyətinə malik olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müvafiq sorğu vermişdir. Dövlət Miqrasiya Xidmətindən məhkəməyə daxil olmuş 12.07.2021-ci il tarixli, 05/3845 saylı cavab məktubundan və onun qoşmasından görünür ki, Gürcüstan vətəndaşı, xx.xx.1990-cı il təvəllüdlü Nail Salıaev həmin Xidmətə olduğu yer üzrə qeydiyyata alınma və müvəqqəti olma müddətinin uzadılması ilə bağlı müraciət etmişdir (iş vərəqi 199-200). Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yuxarıda qeyd olunan cavab məktubunda Nail Salıaevin (X6) 16.08.2019-cu il tarixdən 06.02.2021-ci il tarixədək əcnəbi şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alıbalmaması məsələsinə aydınlıq gətirilməmişdir. Bundan əlavə yuxarıda şərh olunan sübutlardan da görünür ki, Nail Salıaev (X12) 28.02.2020-ci il tarixdə “Şıxlı” sərhəd nəzarət məntəqəsindən keçməklə Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gəlmiş, 28.02.2020-ci ildən 28.05.2020-ci ilədək, yəni 90 gün müddətinə ünvan 5 ünvanında olduğu yer üzrə qeydiyyata alınmış, Azərbaycan Respublikasında olma müddəti 27.07.2020-ci il tarixədək uzadılmışdır. Salıaev Nailə (X9) isnad olunan əməl isə 05 fevral 2021-ci il tarixdə, yəni onun Azərbaycan Respublikasında müvəqqəti olma statusunun bitdiyi tarixdən təxminən yeddi ay sonra baş vermişdir. Bundan əlavə iş materiallarından görünür ki, əcnəbi vətəndaş olan Nail Salıaev (X12) hadisə baş verən anda Bakı şəhər sakini X1 məxsus olan “QAZ 33021 YÜK” markalı **- RK-*** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında gündəlik pul ödəməklə icarəyə götürmüş və Gürcüstan Respublikasının səlahiyyətli orqanı tərəfindən ona verilmiş sürücülük vəsiqəsi əsasında Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmin növ əmək fəaliyyəti ilə məşğul olmağa icazənin verlməsinə dair hər hansı sənəd isə iş materialarında yoxdur. Yuxarıda şərh olunan bütün sübutlar və hallar məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, Gürcüstan Respublikasının DİN-i tərəfindən verilmiş “B” kateqoriyalı sürücülük vəsiqəsi əsasında Nail Salıaevin (X6) Azərbaycan Respublikası ərazisində hadisə baş verən anda nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Salıaev Nailin (X6) nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə edərkən yol hərəkəti qaydalaranı pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması kifayət qədər sübuta yetirilir, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 263-1.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur, Salıaev Nail (X12) həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxs Nail Salıaevə (X9) cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, məhkəmə Nail Salıaevin (X6) zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, himayəsində iki azyaşlı uşağın olmasını Cinayət Məcəlləsinin 59.14-cü maddəsinə, səmimi peşmanlığını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Nail Salıaevə (X9) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası həddində cəza ədalətli şəkildə təyin edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsində nəzərdə tutulmuş dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması təqsirləndirilən şəxs Nail Salıaev (X12) barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxs Nail Salıaev (X12) tərəfindən törədilmiş cinayətin xarakterini təhlil edərək belə nəticəyə gəlir ki, o, təqsirli bilindiyi cinayət əməlini qəsdən deyil, ehtiyatsızlıqdan törətmişdir. Yəni, onun təqsirli bilindiyi cinayət əməlini törətmək kimi məqsədi və niyyəti olmamışdır. Cinayət hüququ nəzəriyyəsinə görə - ehtiyatsızlıqdan törədilən cinayətlər xarakterinə, mahiyyətinə və nəticələrinə görə qəsdən törədilən cinayətlərdən kəskin şəkildə fərqlənirlər. Qəsdən törədilən cinayətlər əvvəlcədən planlaşdırılır, hazırlıq tədbirləri həyata keçirilir, təqsirkar cinayət nəticəsində baş verə biləcək bütün nəticələri əvvəlcədən görür və arzu edir. Ehtiyatsızlıqdan törədilən cinayətlər isə təqsirkarın bu və ya digər şəkildə yol verdiyi səhlənkarlığı, diqqətsizliyi, səriştəsizliyi və sair səbəblərin ucbatından baş verir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini zamanı cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə ciddi şəkildə əməl olunmalıdır. Eyni zamanda, cəza təyini ilə bağlı məhkəmə onu da xüsusilə qeyd edir ki, Nail Salıaev (X12) zərərçəkmiş şəxsi avtomobillə vursa da, həmin hadisədən sonra özünü nümunəvi insan kimi aparmış, yəni hadisə yerindən qaçmamış, zərərçəkmiş şəxsi xəstəxanaya çatdırmış, ibtidai istintaq orqanına törətdiyi cinayəti səmimi etiraf etmiş, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, nəticədə zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsdən razı qaldığını bildirərək ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Qeyd edilən hallar hazırkı iş üzrə əhəmiyyət kəsb edən halları təşkil edir və bu səbəbdən də cəza təyini zamanı onların nəzərə alınmaması ədalətsizliyə səbəb ola bilər. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Nail Salıaevə (X9) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Yalnız bu cəza vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Nail Salıaevə (X9) təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri məntəqə tipli cəzaçəkmə müəssisələri müəyyən edilir. Nail Salıaevə (X9) təyin ediləcək cəzanın əvvəli onun müvafiq səlahiyyətli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Nail Salıaev (X12) barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında əsas cəza ilə yanaşı əlavə cəza kimi müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə məcburi hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Nail Salıaevə (X9) müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzası əlavə cəza kimi təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Həmin Məcəllənin 52.2.2 və 52.2.6-cı maddələrinə əsasən barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan şəxslərə və himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı olan şəxslərə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü şamil edilmir. Məhkəmə qanunun həmin müddəalarını, habelə təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının vətəndaşı olan X8 ilə nikahda olmasını, habelə himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan iki azyaşlı uşağının olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Nail Salıaev (X12) barəsində əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs Nail Salıaevin (X6) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası ilə əlaqədar 100 (yüz) manat məbləğində məhkəmə məsrəfi Nail Salıaevdən (X5) tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Salıaev Nail (X12) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Salıaev Nail (X12) cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli onun cəza çəkəcəyi müəssisədə qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Salıaev Nail (X12) barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Salıaev Nailə (X9) əlavə cəza kimi təyin edilmiş 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 2 (iki) il müddətə şamil edilsin. Nail Salıaev (X12) barəsində əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilməsin. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 100 (yüz) manat məbləğində məhkəmə xərci təqsirləndirilən şəxs Salıaev Naildən (X5) tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar