Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1207/2023 13.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10:50 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1985-ci il tarixdə Ağcabədi rayonu Avşar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonunun Aşağİ Avşar kəndində qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 5,596 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edərək üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 30 noyabr 2022-ci il tarixdə saat 10:40-da ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq ünvan 3 İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət edilib gətirildikdən sonra orada həmin gün saat 13:00-dan etibarən üzərində şəxsi axtarış və götürmə aparılarkən onun əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd bükümdə külli miqdarda - 5,596 qram çəkidə kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, ailə üzvləri ilə, yəni həyat yoldaşı, iki azyaşlı uşağı və anası ilə birlikdə Ağcabədi rayonunun Avşar kəndində yaşayır. 2017-ci ildə ailə həyatı qurmuşdur, böyük oğlu Siracın 5 yaşı, kiçik oğlu Muradın isə 3 yaşı var. Anası Bənövşə evdar qadındır, heç yerdə işləmir. Atası Bəyoğlan hələ 1996-cı ildən anası ilə ayrılmışdır. Qardaşı və bacısı yoxdur. Özü rəsmi olaraq heç yerdə işləməmiş, fərdi qaydada həyətyanı sahəsində kənd təsərrüfatı ilə məşğul olmuş, habelə müştərisi olanda həm də kənddə, rayonda taksi kimi fəaliyyət göstərmiş, bəzən də rayondan Bakı şəhərinə müştəri gətirmişdir. 30 noyabr 2022-ci il tarixdə səhər saat təxminən 10-11 radələrində tanışları və həmyerliləri olan Yusif Nəsibov və Qorxmaz Quluza, həmçinin Yusifin tanışı olan Nicat adlı oğlanla otelə getmiş, orada yemək yemiş və araq içmişlər. Yeyib-içdikdən sonra Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində olduqları zaman bir neçə nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim etmiş və onları saxlamış, Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar, orada onlara təzyiq olunmuş, onların dediyi qaydada ifadə vermələri tələb olunmuş, sonra da hərəyə içərisində narkotik vasitə və ya psixotrop maddə olan bükümlər verilərək videoçəkiliş zamanı həmin bükümü çıxarıb təqdim etmələri tapşırılmışdır. Onları bir-birindən ayırmışlar və əvvəlcə heç bir halda razı olmamış, amma təsir-təzyiqlərə dözməyib razılaşmış, həm də onun üzərinə cəmi 1,5 qram narkotik vasitə və ya psixotrop maddə qoyulacağı, istifadəçi kimi rəsmiləşdiriləcəyi, hələlik belə lazım olduğu, nəticədə də həbs olunmayacağı vəd olunmuş, ona görə çarəsiz qalıb razılaşmış, başqa çıxış yolu olmadığından polis əməkdaşlarına tabe olmuşdur. Lazım olmayan vaxtda, lazım olmayan yerdə olduğunu başa düşmüş, amma onunla saxlanan digər şəxslərin polislə nə problemləri olduğundan da tam məlumatsız olmuşdur. Həm də sadaladığı şəxslərin də heç birində narkotik vasitə və psixotrop maddə olduğunu bilməmişdir. Bu şəxslərin belə vasitələrdən istifadə etmələri barədə də tam məlumatsızdır. Deyilən qaydada videoçəkiliş aparılmış, guya ondan psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülməsi barədə sənədləşmə aparılmış, hansısa sənədlər ona imzaladılmışdır. Amma sonradan ona məlum olmuşdur ki, polis əməkdaşları ona vəd etdikləri kimi sənədləşməni 1,5 qramla yox, 5,596 qramla apararaq ona ağır ittiham irəli sürmüş və nəticədə həbs olunmuşdur. O, heç vaxt narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etməmiş, onların satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar olunmuş kimi rəsmiləşdirilən psixotrop maddənin ona heç bir aidiyyatı yoxdur, tutulduğu gün onun üzərində ümumiyyətlə hər hansı narkotik vasitə və ya psixotrop maddə olmamışdır. O, Nicatı əvəllər tanımamış, onunla həmin gün Yusifin vasitəsilə tanış olmuşdur. Həmkəndliləri olan Yusifi və Qorxmazı isə çoxdan tanımış, aralarında həmişə normal yoldaşlıq, tanışlıq münasibəti olmuşdur. Digər şəxslərin üzərindən aşkar edilmiş narkotik vasitə və digər maddələr barədə də heç bir məlumatı yoxdur. Yalnız onu bilir ki, polis idarəsində olanda hər kəsə eyni qaydada üzərlərinə narkotik vasitə götürmələri təkid olunmuşdu. Göstərilənləri, heç bir cinayət törətməməsinin, həmçinin himayəsində iki azyaşlı uşağının və xəstə anasının olmasının, ailənin yeganə qazanc gətirəni olmasının nəzərə alınmasını və ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, heç vaxt narkotik və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, heç vaxt bu kimi maddələri satmamışdır. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini yalnız özü çəkib qəbul etmək üçün saxlamışdır. Özü təxminən 5-6 il olar ki, narkotik maddə marixuana çəkir. Digər narkotik maddələrdən isə az-az hallarda qəbul edir. 30 noyabr 2022-ci il tarixdə səhər saat təxminən 10-11 radələrində özü tanışları Yusif Nəsibovla və Qorxmaz Quluzadə ilə, həmçinin Yusifin tanışı olan Nicat adlı oğlanla Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində olduğu zaman onlara tərəf bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşaraq saxlamış, özlərini təqdim edib Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları təklif etmişlər ki, onlar da özlərini təqdim etsinlər. Özləri anket məlumatlarını bildirəndən sonra polis əməkdaşları onların narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə məlumatları olduğunu, əməliyyat-axtarış tədbiri keçirildiyini demişlər, bu barədə özlərində olan qərarla onları tanış etmişlər. Həmin vaxt özünün üzərində psixotrop maddə metamfetamin olmuş, özü onu bir gün qabaq Bakı şəhəri Yasamal rayonunda «20 Yanvar» adlanan ərazidə tanımadığı bir oğlandan özü çəkib qəbul etmək üçün 25 manata almışdır. Polis əməkdaşları onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edib gətirmiş, şübhəli olduqları üçün üzərilərində şəxsi axtarış aparılmalı olduğunu bildirmişlər. Həmin idarəyə gələndən sonra onu, Nicatı, Qorxmazı və Yusifi şübhəli şəxs kimi tutmuşlar, hüquqlarının müdafiəsi üçün vəkillər də dəvət olunub onlara təqdim olunmuş, etiraz etməmişlər. Bundan sonra orada onların üzərində videoçəkilişlə şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı polis əməkdaşları Nicata təklif etmişlər ki, üzərində hər hansı qanunsuz saxlanılan əşya, predmet, narkotik və psixotrop maddə varsa çıxarıb təqdim etsin. Nicat üzərində olan əşyaları, əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd “Tecno" markalı mobil telefonunu, öz şəxsiyyət vəsiqəsini və 22 manat pulunu, əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən isə 2 ədəd narkotik vasitə olduğunu bildirdiyi metadon «M40» həblərini çıxarıb masanın üzərinə qoymuşdur. Nicatdan başqa heç nə aşkar olunmamışdır. Polis əməkdaşı ondan aşkar olunmuş həmin həbləri götürüb qablaşdırmış, mobil telefonunu və şəxsiyyət vəsiqəsini götürmüş, 22 manat pulunu isə özünə qaytarmışdır. Polis əməkdaşları Qorxmazın da üzərində şəxsi axtarış aparmış, proses zamanı Qorxmaz polislərin təklifinə əsasən əynindəki göy rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd bükümdə narkotik vasitə heroini, göy rəngli cins şalvarının sol yan cibindən öz “Samsung” markalı mobil telefonunu və həmin şalvarının sağ yan cibindən 156 manat pulunu çıxarıb təqdim etmişdir. Polis əməkdaşları ondan aşkar olunmuş həmin heroin bükümünü götürüb qablaşdırmış, “Samsung” markalı mobil telefonunu isə götürmüşlər, pulunu isə özünə qaytarmışlar. Şəxsi axtarış prosesi zamanı polis əməkdaşlarının təklifinə əsasən o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən “patı” adı ilə tanınan metamfetamin maddəsini, şalvarının sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonunu, 1 ədəd avtomobil açarını, öz şəxsiyyət vəsiqəsini, 270 manat 40 qəpik pulunu çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı onun üzərindən bir ədəd musiqi flaşkartı da aşkar olunmuşdur. Polis əməkdaşı həmin metamfetamin maddəsinə də baxış keçirib götürüb qablaşdırmış, “Samsung” markalı mobil telefonunu, şəxsiyyət vəsiqəsini də götürmüş, pulunu, flaşkartı və avtomobil açarını isə özünə qaytarmışdır. Sonra polis əməkdaşının təklifinə əsasən Yusif də əynindəki qara cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə narkotik vasitə heroini, şalvarının sol yan cibindən 1 ədəd “Nokia” markalı mobil telefonunu təqdim edərək masanın üzərinə qoymuş, polis əməkdaşı heroin olan həmin bükümü götürüb qablaşdırmış, həmçinin “Nokia” markalı mobil telefonu da götürmüşdür. Sorğu-sual zamanı o, üzərindən aşkar edilmiş həmin metamfetamini Bakı şəhərində 20 yanvar adlanan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını da bildirmişdir. Həqiqətən də özü heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamış, lakin özü çəkib qəbul etmişdir. Yusif, Qorxmaz və Nicat da bildirmişlər ki, onlardan aşkar edilmiş həmin maddələri hər biri özləri qəbul etmək üçün saxlamışlar. Polis əməkdaşları bu prosesi videoçəkilişlə həyata keçirmiş, sonra videoçəkiliş dayandırılmış və sonda aşkar olunanlarla bağlı polis əməkdaşı tərəfindən protokol yazılıb ucadan oxunmuş, o da həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. O, Nicatla bir gün qabaq Yusifin yanında tanış olmuş, əvvəllər Nicatı tanımamış, onunla heç bir tanışlığı olmamışdır. Yusifi və Qorxmazı isə çoxdan tanıyır, həmkəndlidirlər. Nicat isə Ağdam rayonundandır. Yusif və Qorxmazla özü arasında həmişə normal yoldaşlıq, tanışlıq münasibəti olmuşdur. Qorxmazın üzərindən aşkar edilmiş narkotik vasitə heroini, Nicatın üzərindən aşkar edilmiş metadon həblərini, Yusifin üzərindən aşkar edilmiş narkotik maddə heroini onların kimlərdən necə, hansı şəraitdə əldə etdiklərini bilmir. Onların üzərində bu kimi maddələr olmasından onun xəbəri və məlumatı olmamış, onlardan aşkar edilmiş həmin maddələrə onun aidiyyəti olmamışdır. Özü metamfetamini ona satmış şəxsi tanımır, təsadüfən «20 Yanvar» dairəsi yaxınlığında rastlaşıb ondan 25 manata almışdır ki, özü çəkib qəbul etsin. O, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Metamfetamini sadəcə özü qəbul etmək üçün üzərində saxlamış, kiməsə satmaq və ya vermək fikri olmamışdır. Özünün istifadə etdiyi mobil nömrə ***-***-**-** nömrəsidir, həmin nömrə ilə danışıqlar aparmışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən, Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılarkən, orada olarkən özünə, Yusifə, Qorxmaza və Nicata qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq, zorakılıq edilməmişdir. O, heç vaxt ruhi-psixi xəstəliklərindən müalicə almamış və belə xəstəliklərdən əziyyət çəkməmişdir (cild 1, iş vərəqə 176-180, 243-248). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. X9, X7, X2 və Təqsirləndirilən şəxs saxlanılmaları ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirində, eləcə də onların üzərilərində aparılmış şəxsi axtarış və götürmə prosesində əməliyyat qrupunun rəhbəri olaraq iştirak etmişdir. Belə ki, 30 noyabr 2022-ci il tarixdə işlədiyi Baş İdarəyə əslən Ağdam rayonundan olan X9, Ağcabədi rayonundan olan X7, X2 və Təqsirləndirilən şəxs bir-birilə qabaqcadan əlbir olmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etmələri, Bakı şəhəri Nəsimi rayonu ərazisində bu kimi maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. O, bu məlumatı Baş İdarənin rəhbərliyinə raportla məruzə edəndən sonra həmin şəxslərin qanunsuz əməllərinin ifşa olunması üçün əməliyyat-axtarış tədbirinin keçirilməsi qərara alınmış, əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə olunmuşdur. Əməliyyat qrupu olaraq 30 noyabr 2022-ci il tarixdə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində xarici əlamətlərinə görə Nicat Cəfərova, Yusif Nəsibova, Qorxmaz Quluzadəyə və Təqsirləndirilən şəxs oxşar şəxsləri elə həmin gün saat 10:40-da ünvan 2 ünvanın yaxınlığında piyada hərəkət etdikləri zaman müəyyən edib dərhal saxlamışlar. Özlərini həmin şəxslərə təqdim etmişlər, həmçinin həmin şəxslərə də özlərini təqdim etmələrini təklif etmişlər. Saxladıqları şəxslər özlərini təqdim etdikdən sonra onların X12, X10, X5 və Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Onlar həmin şəxslərə onların narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı olduğunu, bununla bağlı əməliyyat-axtarış tədbiri keçirildiyini və bu səbəbdən saxlanıldıqlarını bildirərək onları bu barədə qərarla tanış etmişlər. Həmin vaxt şifahi olaraq Nicat Cəfərovdan, Yusif Nəsibovdan, Qorxmaz Quluzadədən və Təqsirləndirilən şəxs üzərilərində bu kimi maddələrin olub-olmadığı soruşulduqda onların hər biri üzərilərində bu kimi maddələr olduğunu etiraf etmişlər. Buna görə vaxt itirmədən həmin şəxsləri özləri ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edib gətirmişlər. Baş İdarəyə gəldikdən sonra Nicat Cəfərov, Yusif Nəsibov, Qorxmaz Quluzadə və Təqsirləndirilən şəxs təhqiqatçısı Yelmar Vahabov tərəfindən şübhəli şəxs qismində tutulmuş, onların hüquqlarının müdafiəsi üçün vəkillər dəvət olunub təqdim olunmuş, həmin şəxslərin bununla bağlı heç bir etirazları olmamışdır. Bundan sonra onların üzərində videoçəkilişlə şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Nicat Cəfərova üzərində hər hansı qanunsuz saxlanılan əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə varsa çıxarıb təqdim etməsi təklif olunmuşdur. Nicat Cəfərov da əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd “Tecno” markalı mobil telefonunu, şəxsiyyət vəsiqəsini və 22 manat pulu, əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən isə iki ədəd narkotik vasitə olduğunu bildirdiyi metadon həblərinə bənzər maddəni çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Onun üzərindən başqa heç nə aşkar olunmamışdır. Nicat Cəfərovdan aşkar olunmuş həmin həblər götürülərək qablaşdırılmış, həmçinin mobil telefonu və şəxsiyyət vəsiqəsi də iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, 22 manat pulu isə özünə qaytarılmışdır. X4 də üzərində şəxsi axtarış aparılmış, həmin proses zamanı Qorxmaz Quluzadə əynindəki göy rəngli gödəkçəsinin sağ yan cibində saxladığı bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddəni, göy rəngli cins şalvarının sol yan cibindən “Samsung" markalı mobil telefonunu və həmin şalvarının sağ yan cibindən 156 manat pulunu çıxarıb təqdim etmişdir. Qorxmaz Quluzadədən aşkar olunmuş, içərisində heroinə bənzər maddə olan həmin büküm götürülüb qablaşdırılmış, “Samsung” markalı mobil telefonu da götürülmüş, pulu isə özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə «patı» adı ilə tanınan, psixotrop maddə metamfetaminə bənzər kütləni, şalvarının sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, bir ədəd avtomobil açarını, özünə məxsus şəxsiyyət vəsiqəsini, 270 manat 40 qəpik məbləğində pulunu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd flaşkart - yaddaş kartı da aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində metamfetaminə bənzər maddə olan həmin büküm qablaşdırılaraq götürülmüş, həmçinin “Samsung” markalı mobil telefonu və şəxsiyyət vəsiqəsi də götürülmüş, pulu, flaşkartı və avtomobil açarı isə özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı edilmiş təklifə əsasən Yusif Nəsibov da əynindəki qara cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddəni, şalvarının sol yan cibindən bir ədəd “Nokia” markalı mobil telefonunu təqdim edərək masanın üzərinə qoymuşdur. Yusif Nəsibovdan aşkar edilmiş heroinə bənzər maddə olan həmin büküm də götürülüb qablaşdırılmış, həmçinin “Nokia” markalı mobil telefonu da götürülmüşdür. Şifahi sorğu zamanı Nicat Cəfərov, Qorxmaz Quluzadə və Təqsirləndirilən şəxs hər biri üzərilərindən aşkar edilmiş həmin maddələri tanımadıqları şəxsdən öz istifadələri üçün əldə etdiklərini, Yusif Nəsibov isə üzərindən aşkar edilmiş maddəni yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış başa çatdırıldıqdan sonra videoçəkiliş dayandırılmış, sonra isə bu barədə təhqiqatçısı Yelmar Vahabov tərəfindən protokol yazılaraq ucadan oxunmuşdur. O və digər iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. X12, X10, X5 və Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən, Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılarkən və həmin idarədə olarkən onlara qarşı heç bir təzyiq, zorakılıq, digər qanunsuz hərəkətlər edilməmişdir. X8, X6, X1 və Təqsirləndirilən şəxs aşkar edilmiş yuxarıda göstərilən narkotik vasitələrin və psixotrop maddələrin aşkar olunduğu şəxsdən başqa onlardan digər hər hansı birinə də aidiyyətinin olub-olmadığı barədə, yaxud həmin maddələrin onlar tərəfindən birgə, yaxud ayrılıqda fərdi qaydada əldə olunubolunmadığına, birgə saxlandığına dair hazırda dəqiq əməliyyat məlumatı yoxdur. Həmin şəxslərin aralarındakı yaxın tanışlıq münasibətlərinə görə bir çox vaxtlarda birlikdə gəzib dolaşmaları barədə əvvəllər məlumatları olmuşdur. O, həmin şəxslərdən aşkar edilmiş yuxanda göstərilən maddələrin digər hər hansı birinə də hansısa şəkildə aidiyyətinin olubolmadığını, onların həmin maddələri hansı qaydada, necə, hansı şəraitdə əldə etdiklərini dəqiq deyə bilmir, bunu təsdiq edən əməliyyat məlumatı yoxdur və bunu əməliyyat yolu ilə dəqiq müəyyənləşdirə bilməmişlər. Həmin şəxslərin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmalarına, həmçinin özlərinin də bu kimi maddələr qəbul etmələrinə dair əməliyyat məlumatları olmuş, sonradan keçirilən tədbirlər zamanı satışla bağlı məqamları təsdiq edən dəlillər əldə olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər polis əməkdaşları Şahid2, Şahid3, Şahid4, Şahid5 və Şahid6 Şahid1 ifadəsi ilə əsasən oxşar məzmunlu ifadələr vermiş, bununla belə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, o cümlədən üstündən tapılmış psixotrop maddəni satış məqsədilə əldə etməsi və ya bu maddəni satmaq məqsədilə kiminləsə sövdələşməsi barədə heç bir məlumatlarının olmadığını bildirmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 30 noyabr 2022-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərinin əks olunduğu DVD diskdən görünür ki, X9, X7, X2 və Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə əvvəldən daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı Nicat Cəfərov, Yusif Nəsibov, Qorxmaz Quluzadə və Təqsirləndirilən şəxs 30 noyabr 2022-ci il tarixdə saat 10:40-da ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq ünvan 3 İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət edilib gətirildikdən sonra orada həmin gün saat 13:00-dan etibarən onların üzərində şəxsi axtarış aparılarkən Nicat Cəfərovun əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən çıxarıb təqdim etdiyi 02 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər maddə, həmçinin üzərindən 01 ədəd “Tecno” markalı mobil telefon aparatı, özünə aid şəxsiyyət vəsiqəsi və 22 manat pulu, Qorxmaz Quluzadənin əynindəki göy rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə çıxarıb təqdim etdiyi narkotik vasitə heroinə bənzər maddə, həmçinin üzərindən 01 ədəd “Samsung” markalı mobil telefon aparatı və 156 manat pulu, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə çıxarıb təqdim etdiyi psixotrop maddə metamfetaminə bənzər kütlə, həmçinin üzərindən 01 ədəd “Samsung” markalı mobil telefon aparatı, 01 ədəd avtomobil açarı, özünə aid şəxsiyyət vəsiqəsi, 01 ədəd yaddaş kartı (flaşkart) və 270 manat 40 qəpik pulu, Yusif Nəsibovun əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə çıxarıb təqdim etdiyi narkotik vasitə heroinə bənzər maddə, həmçinin üzərindən 01 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilmişdir. Nicat Cəfərovdan aşkar edilmiş 02 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər maddə, 01 ədəd “Tecno” markalı mobil telefon aparatı və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülməklə 22 manat pul vəsaiti özünə qaytarılmış, həmçinin Qorxmaz Quluzadədən aşkar edilmiş 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, 01 ədəd “Samsung” markalı mobil telefon aparatı götürülməklə 156 manat pul vəsaiti özünə qaytarılmış, Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə, 01 ədəd “Samsung” markalı mobil telefon aparatı və şəxsiyyət 8 vəsiqəsi götürülməklə 01 ədəd avtomobil açan, 01 ədəd yaddaş kartı (flaşkart) və 270 manat 40 qəpik pul vəsaiti özünə qaytarılmış, Yusif Nəsibovdan aşkar edilmiş 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə və 01 ədəd “Nokia” markalı mobil telefon aparatı götürülmüşdür (cild 1, iş vərəqə 101-106). Məhkəmə-kimyəvi ekspertizasının 30 noyabr 2022-ci il tarixli 6/6838 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri olan 4 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 5,596 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in 1-ci siyahısına daxildir. Ekspertiza tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 5,496 qram təşkil etmişdir (cild 1, iş vərəqə 125-132). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 13 fevral 2023-cü il tarixli 791 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 235-236). Cinayət işinin materiallarına əlavə edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il və xx.xx.2019-cu il təvəllüdlü iki azyaşlı uşağı vardır (cild 2, iş vərəqə 121). Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Aşağı Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs ailəcanlı, işgüzar, həmyaşıdları ilə normal münasibət yaradan və eyni zamanda kənddə böyüklərə qarşı hörmət bəsləyən bir şəxsdir. Təqsirləndirilən şəxs barəsində kənd sakinləri tərəfindən Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Aşağı Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət xarakterli müraciət daxil olmamışdır (cild 2, iş vərəqə 122). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqə 34). Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Amma Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin psixotrop maddəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə olunmamışdır. Məhkəmə ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı sübutları qiymətləndirərkən müvafiq qərarda, “…Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfetaminin külli miqdarda 5,596 qram çəkidə olmaqla onun tərəfindən üzərində saxlanması və daşınması ... qeyd edilən maddələri öz şəxsi istehlakları üçün deyil, məhz satış məqsədilə qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması və daşıması qənaətinə gəlməyə kifayət qədər əsas verir...” kimi əsassız qənaətə gəlmişdir. Məhkəmə ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, Təqsirləndirilən şəxs üstündə aşkar edilmiş psixotrop maddənin külli miqdarda olması digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş psixotrop maddəninin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə verilmiş əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli 3-13-7/2-1848/2023 nömrəli cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 5,596 qram çəkidə metamfetamini hansı yolla və kimlərin vasitəsi ilə əldə etməsini, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub-olmamamasını, narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini, digər cinayətlərin törədilməsində iştirakının müəyyən edilməsi məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məlumat əldə etmək mümkün olmamışdır. Verilən tapşırıqla əlaqədar əməliyyat-axtarış tədbirləri davam etdirilir, müsbət nəticə əldə olunduğu təqdirdə əlavə məlumat veriləcəkdir (cild 2, iş vərəqə 175). Məhkəmə polis əməkdaşı olan şahid – əməliyyat qrupunun rəhbəri Şahid1 ifadəsini qiymətləndirərkən onun xidmət etdiyi Baş İdarənin keçirilmiş sonrakı əməliyyat-axtarış tədbirləri üzrə verilmiş bu məlumatını da nəzərdə saxlayır. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən əlavə mötəbər sübutların ədə edilməsi məqsədilə onun istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinə 01 yanvar 2022-ci il tarixdən 01 dekabr 2022-ci il tarixədək daxil olan və çıxan zənglərin siyahısı, həmin nömrə ilə aparılan danışıqlarının hansı stansiyadan ötürülməsi və qəbul edilməsi barədə antenn məlumatları, qəbul olunan və göndərilən SMS-lərin siyahısı, SMS mətnləri, həmin nömrələrin sahibinin, eləcə də daxil olan və çıxan zənglərin siyahısına aid hər bir mobil nömrə sahibinin tam anket məlumatlarını əks etdirən telefonla aparılan danışıqların və məlumatların “Azərcell Telekom» MMC-dən götürülməsi barədə vəsatətlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 15 dekabr 2022-ci il tarixli qərarı ilə vəsatət təmin edilmişdir. "xxxx" MMC-nin 30 dekabr 2022-ci il tarixli məktubu ilə yuxarıda qeyd olunan məlumatlar “CD” disk şəklində təqdim edilmişdir. Həmin diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı cinayət işi üzrə əhəmiyyətli hallar və psixotrop maddənin satışı barədə danışıqların aparılması müəyyən edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “Samsung Galaxy A7” markalı mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilərkən də cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı məlumat aşkar olunmamışdır (cild 2, iş vərəqə 2, 16-18, 20-22, 28-29, 40-47). Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş psixotrop maddənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı onun üzərində tapılmış psixotrop maddənin - maddi sübutun mötəbərliyi məsələsini tərəddüdsüz olaraq mübahisələndirməmiş, psixotrop maddəni qanunsuz olaraq əldə etməsini, üzərində saxlamasını və daşımasını etiraf etmiş, həm də bu etirafları zamanı ardıcıl olaraq əldə etməsinin məqsədinin yalnız şəxsi istehlak olduğunu bildirmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, bu tövsiyyədə ilk növbədə başqa sübutların və psixotrop maddəni miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması tövsiyyə olunur. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə psixotrop maddəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 5,596 qram metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlaması onun özünün müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi, şəxsi axtarış və götürmə barədə protokol, əməliyyatı keçirmiş polis əməkdaşlarının ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Onun həmin psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, psixotrop maddələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan psixotrop maddəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Təqsirləndirilən şəxs psixotrop maddəyə aidiyyəti barədə məlumatı əldə etmiş və narkotik vasitənin aşkar edilib götürülməsi üçün müvafiq əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşları da ifadələrində göstərmişlər ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, o cümlədən üstündən tapılmış psixotrop maddəni satış məqsədilə əldə etməsi və ya bu maddəni satmaq məqsədilə kiminləsə sövdələşməsi barədə heç bir təsdiqedici məlumat əldə olunmamışdır. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı psixotrop maddənin külli miqdarda olması şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin yalnız külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X13rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddənin ona heç bir aidiyyatının olmamasına, həmin narkotik vasitələrin polis əməkdaşları tərəfindən onun üstünə qoyulması, ibtidai istintaq zamanı polis əməkdaşlarının təzyiqi altında etirafedici ifadələr verməsinə dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı, yəni satış məqsədi olmadan külli miqdarda psixotrop maddə olan metamfetamin əldə etməsinə dair ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 30 noyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 69-70, 314-318). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 30 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 15,496 qram metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona aid olan hissə kimi müəyyənləşdirilərək 20 (iyirmi) manat 25 (iyirmi beş) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 126). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 30 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 5,496 qram təşkil edən metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 20 (iyirmi) manat 25 (iyirmi beş) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1207/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1207/2023
13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver