Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1207/2024 24.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 7 noyabr 1986-cı ildə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2anında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 24 aprel 2024-cü il tarixdə, saat 12:25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs satış məqsədilə məlum olmayan mənbədən və məlum olmayan tarixdə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 oktyabr 2023-cü il tarixdə, saat 21:15-də ünvan 3 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında yerləşən həmin polis idarəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki gödəkçənin cibinə qoyduğu siqaret qutusunun üzərində olan sellofan örtüyün arasından bir bükümdə 0,432 qram çəkidə kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri:
2. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, özünü həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 3 oktyabr 2023-cü il tarixdə, təxminən saat 11 radələrində yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları 91 ünvanındakı evinin giriş qapısının qarşısında dayanarkən 4 nəfər polis əməkdaşı tərəfindən saxlanılmışdır. Belə ki, əməliyyatçılar birinci dəfə AP 405 nömrəli xidməti avtomobillə yanından keçmiş, növbəti dəfə həmin avtomobili yanında saxlayaraq ondan nəyə görə qapının qarşısında dayanması ilə maraqlanıb üzərində hər hansı qanunsuz əşyanın olubolmaması ilə bağlı suallar vermiş, o isə üzərində hər hansı qanunsuz əşya olmadığını bildirmişdir. Ruslan adlı polis əməkdaşı ondan “Sən öl vurmağını” istəmiş, o isə cavabında “Sən öl var” deyib cibindən siqaret qutusunu çıxarıb sonuncuların üstünə atmışdır. Bundan sonra polislər onu avtomobilə əyləşdirib polis idarəsinə aparmış və orada üzərinə narkotik vasitə qoyub videoçəkiliş aparılmışdır. Mobil telefonuna da baxış keçirilmişdir. Narkotik vasitə istifadəçisi olduğundan mobil telefonunda narkotik vasitə əldə etməsi ilə bağlı smsyazışmaları olmuşdur.
3. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, onda olan narkotik vasitənin çəkisi 0,268 qram olmuş, həmin narkotik vasitəni sosial şəbəkə vasitəsilə əldə etmişdir. Belə ki, narkotik vasitə istifadə etməkdən ötrü əlaqə saxladığı nömrə İran nömrəsi olsa da, həmin şəxs Azərbaycan dilində danışmış, sonuncudan 3-4 dəfə narkotik vasitə almışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi təzyiq və sair təsir göstərilməmiş, pis rəftara məruz qalmamışdır. Səyyat adlı şəxsin kim olduğunu, harada yaşadığını bilmir, həmin şəxsi ümumiyyətlə tanımır. O, mobil telefon ustası işlədiyindən, şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş dörd ədəd mobil telefondan üçü müştərilərin mobil telefonları olmuşdur. Arvadından boşanmış, himayəsində bir azyaşlı uşağı vardır. Lakin boşanması ilə əlaqədar uşağının olmasına dair hər hansı sənədi təqdim edə bilmir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, narkotik vasitə aludəçisi olduğunu, bu məqsədlə narkotik vasitə əldə edərək istifadə etdiyini, narkomaniya xəstəliyindən müalicə olunmaq istədiyini bildirərək məhkəmədən ona ədalətli cəza təyin edilməsini xahiş etdi.
4. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi həmin ifadələrində ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, uzun illərdir narkotik vasitələrdən istifadə edir. Belə ki, o, şəxsiyyətini dəqiq bilmədiyi özünü Səyyat kimi təqdim edən İran İslam Respublikası vətəndaşı ilə 2 oktyabr 2023-cü il tarixdə özünə məxsus “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə sonuncuya məxsus +**********40 saylı “whatsapp” nömrəsinə zəng edərək və “whatsapp” mesajları yazaraq şəxsi istifadəsi üçün narkotik vasitə heroin lazım olduğunu bildirmişdir. Səyyat adlı şəxslə əvvəllər də razılaşıb narkotik vasitəni müxtəlif ünvanlardan götürmüş və sonuncunun göndərdiyi hazırda xatırlamadığı hesablara pulu göndərmişdir. 2 oktyabr 2023-cü il tarixdə sonuncunun atdığı hazırda xatırlamadığı hesab nömrəsinə 35 manat pul göndərmişdir. Tam dəqiq xatırlamadığı saatda Səyyat “whatsapp” vasitəsi ilə heroini Abşeron rayonu, Hökməli qəsəbəsində, Hökməli dairəsi adlanan ərazidə yolun kənarında 266 saylı yol nişanı lövhəsinin altında yerə qoydurduğunu bildirmişdir. O, dərhal sonuncunun dediyi ünvana getmiş, 3 oktyabr 2023-cü il tarixdə, gecə saatlarında narkotik vasitə heroini götürmüş, həmin vaxt az bir qismini istifadə etmiş, qalan hissəsini isə bir ədəd bükümdə üzərində olan göy rəngli “Sobranie” markasına aid siqaretin qutusuna sonradan istifadə etmək üçün sellofanın arasında qoymuşdur. Ertəsi gün 3 oktyabr 2023-cü il tarixdə, saat 21:15-də ünvan 6 ünvanın qarşısında dayanmışdır. Belə ki, az sonra elə həmin ünvanın qarşısında olan zaman kənardan 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirərək özlərini təqdim etmiş və onun narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirib polis idarəsinə dəvət etmişlər. O, Bakı şəhəri, Nəsimi rayon Polis idarəsinin inzibati binasında xidməti otaqlardan birinə aparılmış və orada ona vəkillərin siyahısı təqdim edilmiş, 14 saylı Vəkil Bürosunun vəkili Pərvanə Hacıyeva dəvət edilmişdir. Üzərinə keçiriləcək şəxsi axtarışda iştirak etmək üçün video çəkiliş aparan bir nəfər mütəxəsis dəvət etmişlər. Ona üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. O da əynindəki cins şalvarının sağ yan cibindən 1 ədəd “iPhone 7” və ekranı sınıq olan 1 ədəd “iPhone 6” markalı mobil telefonunu, həmin şalvarın sol yan cibindən 1 ədəd “Samsung J5” və 01 ədəd “iPhone 5” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Sınıq “iPhone 6” və “iPhone 7” özünə məxsusdur, digər iki telefonu isə tanışı Ramiz adlı şəxs təmir etməsi üçün vermişdir. Şalvarının arxa cibindən ümumilikdə 30 manatı çıxarıb təqdim etmişdir. Bundan sonra əynində olan gödəkçəsinin sol yan cibindən bir ədəd “Sobranie” markalı siqaret qutusunu çıxarıb həmin qutunun üzərindəki sellofan örtüyün arasına qoyduğu bükümü təqdim etməklə həmin bükümdə el içində “kakos” deyilən narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra üzərinə, paltarlarına, ciblərinə və ətraflarına, ayaqqabı və corabına baxış keçirilsə də, hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. O, narkotik vasitə istifadə etmişdir. Bundan sonra ona narkotik vasitəyə bənzər maddənin olduğu bükümün ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Həmin narkotik vasitəni tanımadığı, “whatsapp” sosial tətbiqi ilə adını sadəcə “Səyyat” kimi bildiyi iran əsilli şəxslə mobil telefonla danışıq zamanı onlayn olaraq ilkin 35 manat göndərməklə alaraq Abşeron rayonu, Hökməli qəsəbəsi, Hökməli dairəsi adlanan ərazidə yolun kənarında 266 saylı yol nişanı lövhəsinin altından götürmüşdür. Üzərindən aşkar olunmuş 30 manat pul təhqiqatçı tərəfindən geri qaytarılmış, mobil telefonlar isə götürülmüşdür. Narkotik vasitələrin satışı ilə məşğul olmur. (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 66-68; 82-86;154-158;).
5. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
6. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
7. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin (bundan sonra mətndə - Nəsimi RPİ-nin NMB) əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 3 oktyabr 2023-cü il tarixdə, axşam saatlarında Nəsimi rayonu ərazisində “Elmir” adlı şəxsin narkotik vasitə saxlaması, gəzdirməsi və istifadə etməsi barədə məlumat əldə etmişdir. Bu barədə dərhal idarə rəhbərliyinə müraciət etmiş, həmin şəxsin ifşa edilməsindən ötrü əməliyyat qrupu yaradılmış və qrupa NMB-nin əməliyyat müvəkkili Şahid1 da daxil edilmişdir. Məlumatı yoxlamaq üçün saat 21 radələrində Ruslanla birlikdə Nəsimi rayonu, S.Salayev küçəsi 55 nömrəli ünvanın qarşısına gedərək orada gözləmişlər. Saat 21:15-də Elmir kimi bildiyi şəxsi görmüş, Ruslanla birlikdə həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək ona şübhəli olduğunu bildirmiş və sonuncudan narkotik vasitə və ya psixotrop maddə istifadə edibetməməyi barədə soruşmuşlar. Həmin şəxs narkotik vasitə aludəçisi olduğunu bildirmiş, sonuncunu polis idarəsinə dəvət etmişlər. Həmin şəxs polis idarəsində gətirilən şəxslərin qeydiyyatı kitabında qeydiyyata salınmış və həmin şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Daha sonra narkotik vasitə saxlaması, qəbul etməsində şübhələr olması ehtimal edildiyindən onun üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə idarə rəhbərliyinə raportla məruzə etmiş və həmin raportun icrası polis idarəsinin təhqiqatçısı Babək Mirzəyevə həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Babək Mirzəyevin xidməti iş otağına aparmışlar. Təhqiqatçı tərəfindən vəkil dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Daha sonra ona şəxsi axtarış aparılacağı bildirilmiş və üzərinə vəkilinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir, şəxsi axtarışda o da iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ilk öncə şalvarının ciblərində olan 4 ədəd mobil telefonu və 30 manat pul vəsaitini, daha sonra əynində olan gödəkçənin sol yan cibindəki siqaret qutusunun sellofanın arasında olan 1 (bir) ədəd bükümü çıxararaq qutu ilə birgə masanın üzərinə qoymuşdur. Həmin bükümü öz istifadəsi üçün şəxsiyyəti bəlli olmayan Səyyat adlı şəxsdən 35 manata əldə etdiyini və həmin bükümdə el içində “kakos” adlanan heroin olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, hər hansı digər qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qoyularaq ekspertiza təqdiqatına göndərilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddəni kimdən və haradan əldə etməsi istiqamətində hazırkı tarixədək tədbirlər davam etdirilməsinə baxmayaraq, bu barədə hər hansı məlumat əldə etmək mümkün olmamış, gələcəkdə bu barədə müsbət nəticə olduğu təqdirdə ibtidai araşdırma orqanını xəbərdar edəcəkdir. İlkin olaraq saxlanılan zaman Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı məlumat daxil olmasa da, sonradan sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur.
8. Verilən suallara cavab olaraq Şahid2 ifadəsinə əlavə edərək göstərdi ki, Səyyat adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi ilə bağlı əməliyyat tapşırığı sahə üzrə polis qurumuna həvalə edilmiş, lakin hazırkı dövrə qədər Səyyat adlı şəxsin şəxsiyyəti müəyyən edilə bilməmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki, psixi təzyiq və sair təsir göstərilməmiş, pis rəftara məruz qalmamışdır.
9. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Yavər oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.
10. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
11. “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” qərardan görünür ki, 3 oktyabr 2023-cü il tarixdə, saat 21:15 radələrində Təqsirləndirilən şəxs saxlanılaraq üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli dəri gödəkçəsinin sol cibindən göy rəngli “Sobranie” markalı bir ədəd siqaret qutusunun sellofan üzlüyünün arasına qoyulmuş, 1 (bir) ədəd sellofan bükümdə olan ümumi çəkisi 0,432 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi faktına görə Nəsimi RPİ-nin təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X8 tərəfindən 4 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (Cild 1, i.v.1;).
12. “Təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair” 3 oktyabr 2023-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən “Elmir” adlı şəxsin Nəsimi rayonu, S.Salayev küçəsi 55 saylı ünvanın qarşısında narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi və istifadəsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncunun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Nəsimi RPİ-nin rəisi, polis polkovniki Mirnemət Mirbabayev tərəfindən təsdiq edilərək Şahid2 rəhbərliyi ilə həmin bölmənin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Yavər oğlundan ibarət əməliyyat qrupu təşkil edilmişdir (Cild 1, i.v.4-8;).
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 6 oktyabr 2023-cü il tarixli, 5(006)- 674/2023 saylı qərarından görünür ki, Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi, polis polkovniki Mirnemət Mirbabayev tərəfindən təsdiq edilmiş 3 oktyabr 2023-cü il tarixli “Əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərarın məhkəmə nəzarəti qaydasında yoxlanılması ilə bağlı müraciət həmin müraciətlə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 445.1-ci maddəsində qeyd olunan və məhkəmə nəzarəti qaydasında yoxlanılması tələb olunan, keçirilmiş əməliyyat-axtarış tədbiri ilə bağlı hər hansı sənəd məhkəməyə təqdim edilmədiyindən geri qaytarılmışdır (Cild 2;).
14. Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən Nəsimi RPİ-nin rəisi, polis polkovniki Mirnemət Mirbabayevə ünvanlanmış raportdan görünür ki, ünvan 8 qarşısında narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi və istifadəsi barədə daxil olmuş məlumata əsasən “Elmir” adlı şəxsin cinayət əməlinin ifşa olunması məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 oktyabr 2024-cü il tarixdə, saat 21:15 radələrində ünvan 9 ünvanın qarşısında saxlanılaraq saat 21:25 radələrində Nəsimi RPİ-ə gətirilmiş “Elmir” adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir (Cild 1, i.v. 9).
15. “Şübhəli şəxsin tutulması haqqında” 3 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Babək Mirzəyev tərəfindən həmin tarixdə, müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə Təqsirləndirilən şəxs həmin tarixdə, saat 22:10-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdə, saat 22:25-dək bu barədə protokol tərtib edilmişdir. Protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı, yəni onun saxlanıldığı 3 oktyabr 2023-cü il tarixdə, saat 21:15-dən tutulmuş hesab edilmişdir (Cild 1, i.v.27-28).
16. “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 3 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçisi X5 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Babək Mirzəyev tərəfindən Nəsimi RPİnin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Yavər oğlu, həmin bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Nəsimi RPİ-nin X1 inspektor kriminalisti X7 iştirakı ilə Nəsimi RPİ-nin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində həmin tarixdə, saat 22:50-dən 23:30-dək şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməklə bu barədə protokol tərtib edilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən ona özünü təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri ətraflı izah edilərək üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs ayağa qalxaraq əynində olan cins şalvarının sağ yan cibindən iki ədəd işlək vəziyyətdə olan “iPhone 7” və “iPhone 6” markalı mobil telefonları, şalvarının sol yan cibindən isə iki ədəd biri “Samsung J-5”, digəri “iPhone 5” markalı işlək vəziyyətdə olan mobil telefonları, şalvarının arxa cibindən 30 manat pul (bir ədədi 10 manatlıq, 4 ədədi 5 manatlıqlar olmaqla) vəsaitini, əynində olan qara rəngli dəri gödəkçəsinin sol cibindən bir qutu göy rəngi “Sobranie” markalı siqareti və həmin siqaret qutusunun sellofan üzlüyünün arasına qoyulmuş, bir ədəd sarımtıl rəngli sellofan bükümündəki tünd-qəhvəyi rəngli maddəni çıxararaq təqdim edərək həmin bükümün içərisindəki maddənin “kakos” olduğunu bildirmişdir. Verilmiş suallara cavab olaraq, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümü sosial şəbəkə vasitəsi ilə tanıdığı, adını Səyyat kimi bildiyi İran İslam Respublikasının vətəndaşına onlayn yolla 35 manat pul ödəyərək narkotik vasitənin qoyulduğu Abşeron rayonu Hökməli qəsəbəsi, Hökməli dairəsində yol nişanının altında qoyulduğu yerdən telefon konumu vasitəsi ilə müəyyənləşdirilmiş ünvandan 2 oktyabr 2023-cü il tarixdə, axşam saatlarında narkotik vasitə olan "kakosu" öz istifadəsi üçün əldə etdiyini, həmin narkotik vasitənin bir hissəsini özü istifadə etdiyini və qalan hissəsini üzərində saxlamaqla gəzdirdiyini qeyd etmişdir. Eyni zamanda, ona verilən suallara cavab olaraq bir neçə müddətdir narkotik maddələrdən istifadə etdiyini və narkotik maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Daha sonra onun geyindiyi şalvarının ciblərinə, köynəyinin cibinə, gödəkçəsinin ciblərinə və kepka papağına, həmçinin ayaqqabıları çıxarılaraq içərisinə baxılmış, lakin hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra iştirakçılara içərisində spesifik iyi olan, tünd-qəhvəyi rəngli, toz şəkilli narkotik vasitəyə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilməklə həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan büküm zərfə qoyularaq Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş “186” nömrəli möhürü ilə möhürlənərək hər bir iştirakçı tərəfindən üzəri imzalanmışdır. Müdafiəçi tərəfindən saxlanılan Təqsirləndirilən şəxs 3 oktyabr 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən RPİ-yə gətirildiyi və orada olduğu zaman hər hansı bir zorakılığın olub olmaması soruşulmuş, saxlanılan şəxs Təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən RPİ-ə gətirilən və RPİ-də olan zaman heç bir zorakılığın olmadığını bildirmişdir. Saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilən digər əşyalarla bağlı soruşulduqda Təqsirləndirilən şəxs 30 manat pulun və 4 ədəd mobil telefonların ona məxsus olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. İstintaq hərəkəti zamanı “Sony” markalı videokameradan istifadə edilməklə videoçəkiliş aparılması və videoçəkilişin əks olunduğu məlumat daşıyıcısının protokala əlavə edilməsi qeyd edilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə protokol tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 30 manat pul və bir qutu “Sobranie” markalı siqaret ona qaytarılmış, 4 (dörd) ədəd mobil telefon istintaq orqanına təhvil verilməsindən ötrü qablaşdırılmışdır (Cild 1, i.v. 39- 40; 53-56).
17. “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 3 oktyabr 2023-cü il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD-R” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddətləri 14 dəqiqə 3 saniyə və 5 dəqiqə 25 saniyə olan həmin videogörüntülərin əks olunduğu bir ədəd diskdəki videogörüntüyə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs xarici görkəminin və geyiminin səliqəli olması, sərbəst olmaqla suallara ətraflı və rahat şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 56;).
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/5174 saylı, 4 oktyabr 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Vət.X6 aşkar edilən...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,432 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi 0,432 qram, tədqiqata cəmi sərf edildi 0,05 qram, qalıq 0,382 qram. Aparılmış tədqiqatın dəyərinin 81 (səksən bir) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 60-64;).
19. “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 4 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin cinayət işi istintaqın davam etdirilməsi üçün Nəsimi RPİnin İstintaq Şöbəsinə göndərilmişdir (Cild 1, i.v. 69).
20. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 4 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Nəsimi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı X10 tərəfindən cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 71).
21. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 5 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham müdafiəçisi X5 iştirakı ilə elan edilməklə ittihamın mahiyyəti, habelə hüquq və vəzifələri ətraflı izah edilmişdir (Cild 1, i.v. 74-75).
22. “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 5 oktyabr 2023cü il tarixdə, saat 11:30-dan 12:10-dək Nəsimi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı X10 tərəfindən Təqsirləndirilən şəxs və müdafiəçisi X5 iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən götürülmüş “iPhone 7”, “iPhone 6”, “iPhone 5” və “Samsung J5” markalı mobil telefonlara baxış keçirilmişdir. Baxış zamanı “iPhone 7” markalı mobil telefonun “whatsapp” sosial yazışma platformasında Təqsirləndirilən şəxs istifadəsində +**********77 mobil telefon nömrəsinin olması, həmin nömrə ilə yazışmalar aparılması müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bir çox şəxlə yazışması və səs ismarıcı göndərməsi görünür. ”Samir Sumqayıt” kimi qeydiyyatdan keçmiş +**********09 mobil GSM nömrəsi istifadəçisi 2 oktyabr 2023-cü il tarixdə, saat 13:12-də Təqsirləndirilən şəxs “Qaqa yarım das lazımdı”, ”Alinar?” “Tez cavab yaz” ismarıclarını göndərmişdir. Cavabında saat 14:00-da Təqsirləndirilən şəxs səs ismarıcı göndərək “Alınar qaqa alınar”, ’’Cavabı de mənə lazımdırsa saxlayım” demişdir. ’’Samir Sumqayıt” adlı istifadəçi “Hə qaqa saxla, 100 faiz, gələcəm birazdan, camaata söz verdim” deyə cavab vermişdir. Bundan başqa +**********18 mobil nömrədən Təqsirləndirilən şəxs “Qaqa gəlirəm, sən öl 10 manat pulu çıxarmışam, Axam olacax pul 15 15 versəm olar qaqa?, Qaqa sən canı pis ağrıyıram”, “əmələ gəlir qardaşım?ağrıyıram quran haqqı” kimi ismarıclar göndərmişdir. Bundan başqa +**********03 mobil nömrədən Təqsirləndirilən şəxs “Ala Elmir qaqash belə niyə edirsən ki,qaqash bu zey di mənə verdiyin neynirəm mən bunu bundan bolmartdada vara ala, 10 dəqiqəyə gəlirəm çıx qapıya” kimi ismarıclar göndərmişdir. Bundan başqa “Səyyat” kimi qeydiyyata alınmış +**********40 saylı mobil GSM nömrəsi istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında narkotik vasitənin alışı ilə əlaqədar razılaşmalarına dair müxtəlif səs yazıları, üzərində sellofan bükümlər olan elektron tərəzi şəkilləri, M10 hesabına 275 manat pulun göndərilməsi barədə qəbz və digər yazışmalar aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin yazışmaları xatırlamadığını, lakin həmin səs yazıların ona aid olmasını və telefonun ona məxsus olmasını bildirmişdir (Cild 1, i.v. 87- 88).
23. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 5 oktyabr 2023-cü il tarixli, 4(006)- 478/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 3 oktyabr 2023-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə təqsirini etiraf edərək əməlindən səmimi peşman olduğunu, daimi yaşayış yerinin olduğunu, istintaqın çağırışlarına vaxtı-vaxtında gələcəyini, himayəsində bir uşağının olduğunu bildirərək barəsində verilmiş vəsatətin təmin edilməməsini xahiş etmişdir (Cild 1, i.v. 97-99;).
24. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 11 oktyabr 2023-cü il tarixli cavabından, müvafiq hökm və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 1(006)-108/2019 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, həmin məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 7(006)-59/2020 saylı qərarı ilə həmin hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 8 (səkkiz) ay 25 (iyirmi beş) gün hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 4 (dörd) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 29 yanvar 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (Cild 1, i.v. 100-101; 120-126).
25. Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 25 noyabr 2023-cü il tarixli, 5/12-3143/1223 nömrəli məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs mütəmadi olaraq müxtəlif şəxslərə narkotik vasitə satması müəyyən edilmişdir (Cild 1, i.v 110).
26. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji ekspertizasının” 16 oktyabr 2023cü il tarixli, 6565 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri hissəsində göstərilmişdir ki, deməsinə görə, əvvəllər narkotik vasitə marixuananı siqaretə doldurub çəkməklə, həmçinin fasilələrlə narkotik vasitə heroini yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etmiş, 3 aydır yenidən başlamışdır (Cild 1, i.v.127-128).
27. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X4 tərəfindən təqdim olunmuş 2 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün qeyd olunan xəstəxanaya müraciət etməmişdir (Cild 1, i.v.131).
28. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X18 tərəfindən təqdim olunmuş 2 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicədə olmamışdır (Cild 1, i. 132).
29. “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 5 dekabr 2023-cü il tarixli qərardan və müvafiq raportdan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.1-ci maddəsinə tövsif edilməsi və ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olmuş Səyyat adlı şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə cinayət işinin ayrılmasının təmin edilməsi qərara alınmışdır. Eyni zamanda həmin qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,432 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin (tədqiqata sərf edildikdən sonra qalıq 0,382 qram) və aşkar olunaraq götürülmüş içərisində sonuncunun narkotik vasitələrin satışını həyata keçirməsinə dair yazışma mətnləri, fotoşəkillər və səs yazıları olan “iPhone 7” markalı mobil telefon maddi sübut qismində tanınaraq saxlanılmaları üçün Bakı şəhəri, Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş “iPhone 6”, “iPhone 5” və “Samsung J5” markalı mobil telefonlar saxlanılması üçün Bakı şəhəri, Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (Cild 1, i.v. 138-144;179).
30. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 5 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə yenidən ittiham elan edilməklə mahiyyəti izah edilmişdir (Cild 1, i.v. 146-147).
31. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 5 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi RPİnin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı X10 tərəfindən ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir (Cild 1, i.v. 163-164).
32. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq M.Ş.Mahmudov tərəfindən 13 dekabr 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 16 dekabr 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.180-185;).
33. Müdafiə tərəfinin vəsatəti əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən Təqsirləndirilən şəxs adına tərtib edilmiş 9494/2023 saylı məhkumun tibb kitabçası əldə edilərək məhkəmə iclasında tədqiq edilmişdir. Həmin kitabçada göstərilənlərə əsasən Təqsirləndirilən şəxs müayinəsi zamanı hər hansı yeni zədə və ya xəsarət izi müəyyən edilməmişdir (Cild 2;)
34. “X17” X18 tərəfindən təqdim edilmiş 9959 saylı “Epikriz”indən görünür ki, Təqsirləndirilən şəxs 13 iyul 2023-cü il tarixdə X16 daxil olmuşdur. Anamnezində göstərilmişdir ki, deməsinə görə 7 gün öncə skuterdən yıxılaraq xəsarət almışdır. Kliniki rentgenoloji müayinələrdən sonra diaqnozu: sol qamış sümüyünün kondiluslardan keçən oynaq daxili çox qəlpəli sınığı. Xəstə stasionara yerləşdirilmiş, əməliyyata hazırlanmışdır. 15 iyul 2023-cü il tarixdə sol qamış sümüyünün metal lövhə ilə və millərlə osteosintezi cərrahi əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmişdir. Xəstə ambulator müalicəyə evə yazılmışdır. Son klinik diaqnoz: sol qamış sümüyünün kondiluslardan keçən oynaq daxili çox qəlpəli sınığı (Cild 2).
Əməlin tövsifi və digər hüquqi məsələlər:
35. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
36. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
38. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
39. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
40. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
41. Məhkəmə tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.1-ci maddəsi ilə düzgün tövsif edilməmişdir.
42. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.1-ci maddəsi ilə ittiham verilmişdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır.
43. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitə heroini məhz qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan hər hansı mötəbər sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir.
44. Məhkəmə, ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı hökmün 29-cu bəndində göstərilmiş qərarda, cinayət qanununun normalarına və vahid məhkəmə təcrübəsinə istinad edərək təqsirləndirilən şəxsin əməli “qabaqcadan əlbir olan bir qrup şəxs halında” törətməsini sübuta yetirilməsini göstərməyə çalışsa da, əksinə toplanmış sübutlar və istinad etdiyi normalar, həmçinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsindən irəli gələn izah və tövsiyələr, təqsirləndirilən şəxsin ona istinad edilən əməli “qabaqcadan əlbir olan bir qrup şəxs halında” törətmədiyini təsdiq edir.
45. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində narkotik vasitə heroininin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.
46. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı 0,432 qram miqdarda narkotik vasitə heroinin şəxsi istehlak miqdarından təxminən 3 dəfə artıq olması, digər istehlakçılarla razılıq əldə etməsinə dair mobil telefon vasitəsilə aparılmış müxtəlif sms-mesaj yazışmaların, habelə səs yazılarının aşkar edilməsi və sair hallar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.
47. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş, təqsirləndirilən şəxsin ətrafında əməliyyat tədbirlərini həyata keçirən və ittiham tərəfinin əsas şahidləri olan polis əməkdaşları Şahid2 və Şahid1 ifadələrindən də göründüyü kimi, Təqsirləndirilən şəxs iddia edilən “qabaqcadan əlbir olduğu “Səyyat” adlı şəxsin” şəxsiyyəti ibtidai araşdırma və əməliyyat orqanı tərəfindən hazırkı dövrədək müəyyən edilməmişdir.
48. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
49. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.
50. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli CMin 234.4.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməlidir.
51. Məhkəmə bu nəticəyə gələrkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının müddəalarını da rəhbər tutur.
52. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
53. Hökmün 52-ci bəndində qeyd edilən qərarın 11-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Yalnız CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.
54. Halbuki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmçinin CM-in 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun “qabaqcadan əlbir olduğu” şəxsiyyəti məlum olmayan “Səyyat” adlı şəxslə nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Səyyat” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan vaxtda və yerdə “Səyyat” adlı şəxsdən narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşıdığını” göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitəni hansı müddətdə, neçəyə və hansı miqdarını sataraq əldə etdiyi gəlirin qabaqcadan əlbir olduğu iddia edilən naməlum şəxslə hansı formada bölüşdürüləcəyi, rollarının nədən ibarət olması və digər mühüm hallar ümumiyyətlə müəyyənləşdirilməmişdir. Eyni zamanda, nə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrində, nə polis əməkdaşlarının ifadələrində, nə də iş materiallarında olan hər hansı sənəddə təqsirləndirilən şəxsin hər hansı şəxslə hər hansı formada və şəraitdə razılaşması və sair hallar öz təsdiqini tapmır. Narkotik vasitə aludəçisi olan şəxsin əldə etdiyi narkotik vasitənin müəyyən miqdarını tanıdığı narkotik vasitə aludəçilərinə qazanc və sair maraq müqabilində verməsi heç bir halda şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitə və ya psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması qənaətinə gəlməyə əsas verə bilməz. Qeyd edilənlərlə yanaşı hökmün 22-ci bəndində də göstərildiyi kimi Təqsirləndirilən şəxs ayrı-ayrı şəxslərlə narkotik vasitə alış-satışı ilə məşğul olması, eləcə də Səyyat adlı şəxslə məhz narkotik vasitələrin alışına dair danışıqlarının olmasına baxmayaraq, hər hansı şəxslə onun qabaqcadan əlbir olaraq bir qrup şəxs halında satış məqsədi ilə narkotik vasitəni əldə etməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir.
55. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.
56. Eyni zamanda, hökmün 55-ci bəndində göstərilən qərarın 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi).
57. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə heroini şəxsi istehlak məqsədilə əldə etməsini, habelə ümumiyyətlə əldə etdiyi narkotik vasitəni satmaq niyyətinin olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun CM-in 234.2-ci maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
58. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
59. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
60. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
61. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
62. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.
63. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
64. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
65. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
66. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
67. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs hadisədən əvvəl keçirdiyi qəza ilə bağlı sağlamlığında yaranmış problemlərlə əlaqədar cərrahiyyə əməliyyat olunmasını, lakin sağlamlığının tam bərpa edilməməsini, əziyyət çəkdiyi narkomaniya xəstəliyindən müalicə olunaraq sağalmaq istəməsini bildirməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
68. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
69. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.
70. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
71. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayətlər kimi təsnif edilmişdir.
72. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
73. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
74. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 3 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 5 oktyabr 2023cü il tarixli qərarı ilə onun barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 3 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
75. CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir.
76. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə (həmçinin CPM-in 158.2-ci maddəsinə əsasən ev dustaqlığında saxlama müddətinə) bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 3 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır.
77. Məhkəmə hökmün 26-cı bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.
78. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
79. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri, Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 0,382 qram olan narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aparılmış videoçəkilişin əks olunduğu 1 (bir) ədəd disk və narkotik vasitələrin satışının həyata keçirilməsinə dair sms-yazışmalarının və səs yazılarının mövcud olduğu 1 (bir) ədəd disk olmaqla, cəmi 2 (iki) ədəd disk isə hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
80. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
81. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
82. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
83. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
84. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
85. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə,
hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 3 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 0,382 qram olan narkotik vasitə heroin məhv edilsin və 2 (iki) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.