Məhkəmə qərarları › İş №1(101)-1208/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1208/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1208/2024 21.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10:55 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1982-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq 03 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən “Tosoil” yanacaq doldurma məntəqəsi ilə üzbəüz, yolun əks tərəfində - metronun “Koroğlu” stansiyası istiqamətində gedən yolun kənarında yerləşən yol istiqaməti lövhəsinin yanında 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda - təmiz çəkisi 1,791 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 4,023 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqla müəyyən olunmamış mənbədən əldə edib üzərində saxlayaraq daşımış, 03 sentyabr 2023-cü il tarixdə saat 23:30 radələrində Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında saxlanılaraq Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə aparılmış, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,791 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 4,023 qram olan narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, “BMW” markalı avtomobillə Nərimanov rayonu ərazisində taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. Səlahəddin adlı qonşusu müştəri kimi onu Dərnəgülə aparmasını xahiş etmişdir. Birlikdə yola çıxmışlar, heç nədən başına bəla gəlmişdir. Nə tutulanda üzərində «mal» olmuş, nə də ki postpatrulda əlində «mal» tutmamışlar. Həmin narkotik vasitəni Səlahəddin avtomobilin altına atmış, heç avtomobilin içindən çıxmamışdır. Səlahəddinin Fariz adlı qohumu Polis İdarəsində işlədiyi üçün Səlahəddin özünü qurtara bilmiş, ona görə də hər şey onun üstündə qalmışdır. Məhkəmədən bütün bu halların, eləcə də xəstəliyinin və himayəsində bir uşağının olmasının nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, o, ürək xəstəsidir. 2016-ci ildən həkimlərdədir, heç bir xeyri yoxdur, ancaq oksigenlə yaşayır. Təxminən iki ildir ki, ağrılarına görə narkotik vasitələrdən istifadə edir. Əvvəllər Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum olunmuşdur. “Tosoil” yanacaq doldurma məntəqəsi ilə üzbəüz olan təhlükəsiz şəhər kamerasında çəkilişdə kimlərdə «mal» tutulduğu, onu orada tutduqları və əlini qandalladıqları mövcuddur. Onun üzərində heç nə olmamış, polislər cibinə qoymuşlar. Tutulanda narkotik vasitənin təsiri altında olmamışdır. Avtomobili o idarə etmiş, sərxoş olmamışdır. Polis əməkdaşları bölmədə onu və Səlahəddini döymüşlər. Səlahəddinin də üzü göyərmiş, ona demişdir ki, “get ekspertə”. Prokurorluqdan sonra Səlahəddini görməmişdir. O, həmin İran vətəndaşını tanımamışdır. İstintaqda Səlahəddinin narkotik vasitədən xəbəri olmadığını, onun özünə qarşı heç bir zorakılıq tətbiq edilmədiyini könüllü olaraq yazmışdır. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir, yalnız içkili olduğu ilə bağlı hissədə razı deyil. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 4 ildir ki, narkotik vasitələrdən istifadə edir. Bir müddət əvvəl o, İran vətəndaşı olan Məhəmməd adlı şəxslə telefon əlaqəsi saxlayaraq sonuncudan şəxsi istifadəsi üçün narkotik vasitə olan “kakos” əldə etmək istəmiş, sonuncu razılaşaraq ona həmin narkotik vasitələri gizlətdiyi yerin şəkilini və ünvanını göndərmişdir. O, həmin narkotikin Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən “Tosoil” yanacaq doldurma məntəqəsi ilə üzbəüz, yolun əks tərəfində üzü metronun “Koroğlu” stansiyası istiqamətində gedən yolun kənarında yerləşən yol istiqaməti lövhəsinin yanında divarın dibində atılmış göy rəngli “Winchester” markalı siqaret qutusunun içərisində olduğunu bilmişdir. Bundan sonra o, qonşuluqda yaşayan tanışı Səlahəddin ilə birlikdə avtomobilə əyləşərək həmin yerə getmişdir. Ora çatdıqda avtomobili yolun kənarında saxlamış və avtomobildən düşərək yolun kənarında olan divarın dibinə atılmış bir ədəd göy rəngli “Winchester” markalı siqaret qutusunu götürmüşdür. Qutunun içərisinə baxanda bir ədəd bükümdə “kakos”, bir ədəd bükümdə “şüşə” olduğunu görmüş və həmin qutunu bükümlərlə birlikdə əynindəki idman şalvarının sağ yan cibinə qoymuşdur. O, fikirləşmiş dir ki, “şüşə”ni həmin İranlı ona pay şəkilində qutunun içərisinə qoymuşdur. Avtomobilə əyləşmək istədiyi zaman Post-patrul xidməti avtomobili yaxınlaşaraq avtomobilinin arxasında dayanmış, iki nəfər polis əməkdaşı onlara yaxınlaşaraq özlərini təqdim etmiş, onlara da özlərini təqdim etməyi bildirmişlər. O, özünü itirib nə cavab verəcəyini bilməmiş, özü də bir qədər əvvəl narkotik vasitə qəbul etdiyinə görə sərxoş halda olmuşdur. Polis əməkdaşları ondan şübhələnərək narkotik vasitə qəbul edib-etmədiyini soruşmuş, o isə cavab verməkdən yayınmışdır. Bu zaman həmin əməkdaşlar onu və Səlahəddini xidməti avtomobilə əyləşdirərək araşdırma aparılması üçün Polis Bölməsinə aparmışlar. Bölmədə müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynindəki idman şalvarının sağ yan cibindən içərisində narkotik vasitə olan bir ədəd göy rəngli “Winchester” markalı siqaret qutusunu çıxararaq masanın üzərinə qoymuş və içərisində iki ədəd bükümdə “kakos” və “şüşə” adlanan narkotik vasitələrin olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin siqaret qutusuna baxış keçirilmiş və oradan iki ədəd büküm aşkar edilmişdir. Daha sonra üzərində şəxsi axtarış davam etdirilmiş, şalvarının sağ yan cibindən aşkar edilmiş ona məxsus “İphone” markalı telefon təhqiqatçı tərəfindən götürülmüş, bundan başqa üzərindən başqa qanunsuz hər hansı bir əşya aşkar edilməmişdir. Sonra isə üzərindən aşkar edilmiş içərisində narkotik vasitə olan 02 ədəd büküm götürülmüş, ağ rəngli zərfə qoyularaq möhürlənmiş və imzalanmışdır. Ona məxsus mobil telefon da iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür (cild 1, iş vərəqə 103-105). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid1 göstərdi ki, 03 sentyabr 2023-cü il tarixdə saat 23:30 radələrində polis serjantı Şahid2 ilə xidmətdə olarkən ünvan 5 ünvanın qarşısında iki nəfər şəxsin özlərini şübhəli apardığını görmüşlər. Bu səbəbdən onlara yaxınlaşıb vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Sonra həmin şəxslərə də özlərini təqdim etməyini təklif edəndə onlar rabitəsiz danışmağa, suallardan yayınmağa və yanlarından getməyə çalışmışlar. Həmin şəxslərin rabitəsiz danışığından narkotik vasitənin təsiri altında olduqlarını hiss etmişlər. Ona görə də bu iki şəxsi Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə dəvət edib onları Növbətçi Hissəyə təhvil vermişlər. Şöbədə həmin şəxslərdən birinin Təqsirləndirilən şəxs, digərinin isə X2 olduğu müəyyən edilmişdir. Bununla bağlı Şahid2 və onun tərəfindən raport tərtib olunmuşdur. Polis Şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində müdafiəçinin və onların iştirakı ilə axtarış və götürmə keçirilərkən Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd “Winchester” markalı siqaret qutusunu könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs siqaret qutusunun içərisindəki maddənin nə olduğu soruşulanda, o, səmimi olaraq təqdim etdiyi maddənin narkotik vasitə olan “kakos” olduğunu, həmin narkotik vasitəni İran vətəndaşı ilə telefon əlaqəsi saxlayaraq əldə etdiyini, digər bükümün isə pay şəklində verildiyini bildirmişdir. X1 üzərinə axtarış və götürmə zamanı qanunla qadağan edilmiş heç nə aşkar edilməmişdir. Baxış keçirilən zaman aşkar olunmuş bükümlər iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılıb möhürlənmişdir. Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən protokol imzalanmışdır. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, Təqsirləndirilən şəxs görəndə maşın yolun qırağında dayanmış vəziyyətdə olmuşdur. Həmin vaxt iki nəfər divarın dibindən nəyi isə götürmüş, onları görəndə dərhal çəkilmişlər. Saxlanılarkən onların üzərini dərhal yoxlamamışlar, Şöbəyə təhvil vermişlər. Onların sərxoş vəziyyətdə olub-olmamasını bilməmişlər, danışıqlarından sərxoş ola biləcəyini düşünmüşlər. Təqsirləndirilən şəxs barəsində hər hansı bir əməliyyat məlumatı olmamış, xidmətdə olduqları zaman təsadüfən aşkar etmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs qarşı hər hansı bir təsir və ya təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs xəstə olduğunu şəxsi axtarış zamanı bilmişlər. Belə ki, Çingiz ürək xəstəsi olmasını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün digər əməkdaşı Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Şəxsi axtarış və götürmə aparılması haqqında 04 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd “Winchester” markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutunun içərisində “kakos” adlanan narkotik vasitə olduğunu, aşkar edilmiş iki ədəd bükümdə kütlələri İran vətəndaşı olan şəxslə telefon əlaqəsi saxlayaraq Nərimanov rayonu, Ziya Bünyadov prospektində yolun kənarında yerdən götürdüyünü, həmin şəxsdən bir ədəd büküm narkotik əldə etdiyini, digər bükümün isə pay şəklində ona verildiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 31-32, 141-142). Məhkəmə-kimyəvi ekspertizasının 04 sentyabr 2023-cü il tarixli 3-16-16/2-6/4687 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №219” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” və sair yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 4,023 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 1,791 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in Siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 3,923 qram, metamfetaminin qalıq çəkisi 1,691 qram təşkil etmişdir (cild 1, iş vərəqə 61-65). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 27 noyabr 2023-cü il tarixli 7760 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 164-165). Ambulator məhkəmə psixiatrik ekspertizasının 04 dekabr 2023-cü il tarixli 3360 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə emosional davamsız şəxsiyyətin pozuntusu kompensasiya vəziyyətində qeyd olunmuşdur. Emosional davamsız şəxsiyyətin pozuntusu Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, psixi vəziyyətinə görə cəmiyyət üçün təhlükə kəsb etmir (cild 1, iş vərəqə 167-169). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsindən daxil olmuş 20 yanvar 2024-cü il tarixli 20-04/-63 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2023-cü il tarixdə Müalicə Müəssisəsinə daxil olan zaman ümumi halsızlıq, təngənəfəslik, döş sümüyü arxasında, sinədə ağrı, göynəmə şikayətləri olmuşdur. Anamnezidən məlum olmuşdur ki, 2016-cı ildə infarkt keçirmişdir. Təqsirləndirilən şəxs kliniki, lobarator, instrumental müayinələrdən keçirilmiş, kardioloq, terapevt tərəfindən konsultasiya edilmiş, nəticədə “Ürəyin işemik xəstəliyi. Postinfarkt kardioskleroz. Stabil gərginlik stenokardiyası. Xroniki ürək çatışmazlığı İİİ f.s” diaqnozu müəyyən edilmiş, stasionar müalicə başlanılmışdır. Hazırda aparılan müalicə tədbirlərinə baxmayaraq vəziyyəti orta ağır qiymətləndirilir, günün çox hissəsini yataq rejimində qalır. İbtidai istintaq orqanının 07 dekabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 189- 190). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 oktyabr 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 03 yanvar 2019-cu ildə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqə 138-139). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan altı il müddət keçmədiyinə görə onun barəsində məhkumluq ödənilməmiş hesab edilməlidir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Məhkəmə, Təqsirləndirilən şəxs saxlanılarkən üzərində narkotik vasitə olmaması, habelə içkili vəziyyətdə olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü bu mülahizəsi yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şəxsi axtarış keçirilməsi barədə protokol, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Bu məqamla bağlı məhkəmə həm də qeyd edir ki, məhkəmə istintaqı zamanı ifadə verərkən Təqsirləndirilən şəxs əvvəlcə üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirsə də sualları cavablandırarkən ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, bununla da faktiki olaraq törətdiyi əməli tam etiraf etmişdir. Onun əməlini məhkəmədə də tam etiraf etməsini təsdiq edən digər xüsusat isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərkən, ifadənin yalnız saxlandığı anda narkotik sərxoşluğu vəziyyətində olması ilə bağlı hissəsi ilə razılaşmayaraq əslində həmin anda narkotik sərxoşluğu vəziyyətində olmadığını vurğulamışdır. Eyni zamanda, onun özünə qarşı heç bir zorakılıq tətbiq edilmədiyini ifadəsində özünün sərbəst olaraq yazdığını qeyd etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən saxlandığı vaxt polis əməkdaşları tərəfindən ona qarşı qanunazidd davranış göstərilməsi ilə bildirdikləri üzrə məhkəmə qənaətə gələrkən qeyd edir ki, məhkəmə istintaqı zamanı belə bir halın baş verməsini təsdiq edə biləcək hər hansı dəlil müəyyən edilmədi. Yalnız təqsirləndirilən şəxsin özünün ifadəsində göstərdiyi həmin xüsusat elə təqsirləndirilən şəxsin məhkəmədə sualları cavablandırarkən özünün verdiyi ifadə ilə də təkzib olunur. Belə ki, təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsində ona qarşı heç bir zorakılıq edilməməsi ilə bağlı bildirdiklərini özünun könüllü şəkildə qeyd etdiyini etiraf etdi. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, “Ürəyin işemik xəstəliyi. Postinfarkt kardioskleroz. Stabil gərginlik stenokardiyası. Xroniki ürək çatışmazlığı İİİ f.s” diaqnozu ilə xəstə olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 03 sentyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 22, 112-116). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 03 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Nərimanov rayon Polis İdarəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 3,923 qram təşkil edən heroin və qalıq çəkisi 1,691 qram təşkil edən metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 62). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 03 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 3,923 qram təşkil edən heroin və qalıq çəkisi 1,691 qram təşkil edən metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar