Məhkəmə qərarları › İş №1(101)-1210/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1210/2021

22.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1210/2021 22.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1981-ci il oktyabrın 10-da Laçın şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5., 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar, ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və şəraitdə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni şəxsiyyəti istintaqa məlum olmayan Şahbaz adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri tərəfindən Azərbaycan Respublikası gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ondan gizli külli miqdarda, 5,023 qram təmiz çəkidə narkotik vasitə heroini və külli miqdarda, 8,101 qram təmiz çəkidə psixotrop maddə metamfetamini İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə, Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirməsinə əvvəlcədən vəd verərək razılığa gəlib köməklik etməklə bu məqsədlə şəxsiyyəti istintaqla araşdırılan Şahbaz adlı şəxs və qeyriləri İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə həmin narkotik vasitəni və psixotrop maddəni keçirdikdən sonra külli miqdarda, 5,023 qram təmiz çəkidə narkotik vasitə heroini və külli miqdarda, 8,101 qram təmiz çəkidə psixotrop maddə metamfetamini Abşeron rayonu, Xırdalan dairəsi yaxınlığından satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 2021-ci il fevralın 15-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində saat 13:00-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 38, ev 1 ünvanının qarşısında saxlanmış və idarəyə gətirilmiş, orada saat 15:05-dən etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki boz rəngli cins gödəkcəsinin sol iç cibindən bir ədəd üzəri qara rəngli dəmir qutunun içərisində satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 12 ədəd şəffaf polietilen bükümdəki xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0,425 qram, 0,829 qram, 0,367 qram, 0,361 qram, 0,704 qram, 0,406 qram, 0,257 qram, 0,370 qram, 0,161 qram, 0,285 qram, 0,335 qram və 0,523 qram olub 5,023 qram ümumi təmiz çəkidə, yəni külli miqdarda kustar üsulla hazırlanan narkotik vasitə heroin və doqquz ədəd şəffaf polietilen bükümdə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 0,381 qram, 0,415 qram, 1,415 qram, 1,102 qram, 0,847 qram, 1,373 qram, 0,379 m, 1,131 qram və 1,058 qram olaraq 8,101 qram ümumi təmiz çəkidə, yəni külli miqdarda kustar üsulla hazırlanan psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 32.5., 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilməklə ifadəsində göstərdi ki, narkotik vasitə heroinin aludəçisi olaraq heç bir vaxt göstərilən maddənin satışı ilə məşğul olmamışdır. Üzərində psixotrop maddə metamfetamin mövcud olmamış, yalnız şəxsi istifadəsi üçün büküm halında dörd-beş qram narkotik vasitə heroin alıb saxlamış və özü ilə gəzdirmişdir. O, ittiham edildiyi qaçaqmalçılıq cinayətini törətməmişdir. Əməlindən peşmandır. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, polis mayoru olmaqla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işlədiyi dövrdə, yəni 2021-ci il fevralın 15-də Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edib saxlaması və daşıması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 13:00-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 38, ev 1 ünvanının qarşısında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxs saxlanmaqla idarəyə dəvət olunmuşdur. Orada müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılaraq üzərinə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins gödəkcənin sağ ön cibindən bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini, sol iç cibindən bir ədəd üzəri qara rəngli dəmir qutunu, sağ yan cibindən bir ədəd mobil telefonu, şalvarının sağ yan cibindən nağd pulu çıxarıb təqdim etmiş və qutunun içərisində narkotik vasitə heroinlə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Qutuya açılmaqla baxış keçiriləndə 12 ədəd xırda sellofan bükümdə tozşəkilli qəhvəyi rəngli narkotik vasitə heroinə, doqquz ədəd bükümün içərisində isə kristalşəkilli ağ rəngli psixotrop maddə metamfetaminə oxşar kütlələrin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkarlanan maddələri «İnstagram» sosial şəbəkəsində tanış olduğu Şahbaz adlı İran İslam Respublikasının vətəndaşından «WhatsApp» proqramı ilə əlaqə saxlayaraq şəxsi istifadəsi və satış məqsədi ilə alıb üzərində saxladığını bildirmişdir. Tərtib olunan protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis baş leytenantı olmaqla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləmiş Azər Şahid2 şahid X3 ilə analoji ifadə verdi. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırmadakı ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələrində ittiham olunduğu əməlləri tam etiraf edib təfsilatı ilə izah etmişdir (iş vərəqi 38-39, 55-58, 71-73 və 166-168). İş materiallarındakı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin 2021-ci il fevralın 15-də və 2021-ci il fevralın 16da tərtib etdiyi raportlardan, 2021-ci il 15 fevral tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarından, eyni tarixli Ə55-007-21 №-li əmrindən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2021-ci il 17 fevral tarixli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2021-ci il 18 fevral tarixli qərarlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, sonuncu 2021-ci il fevralın 15-də saat 13:00-da ünvan 3 ünvanın qarşısında saxlanıb idarəyə gətirilməklə üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülmüş, qərar məhkəmələr tərəfindən qanuni hesab edilmişdir (iş vərəqi 3-8, 12, 104-107 və 112-113). İş materiallarındakı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin tərtib etdiyi 2021-ci il 15 fevral tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:00-da Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, bu barədə sonuncunun qardaşı X4 telefon vasitəsilə məlumat verilmişdir (iş vərəqi 23). İş materiallarındakı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin tərtib etdiyi 2021-ci il 15 fevral tarixli protokoldan görünür ki, üzərinə videoçəkilişlə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilən Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins gödəkcəsinin sağ ön cibindən bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini, sol iç cibindən bir ədəd qara rəngli dəmir qutunu, sağ yan cibindən «Xiaomi Redmi» markalı mobil telefonu, əynində olan şalvarın sağ yan cibindən 31 manat pulu təqdim edərək qara rəngli dəmir qutunun içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, göstərilən maddələri «İnstagram» sosial şəbəkəsində tanış olduğu Şahbaz adlı İran İslam Respublikasının vətəndaşından «WhatsApp» proqramı vasitəsilə əlaqə saxlayıb pulun yarısını öncədən, qalan yarısını sonradan ödəmək şərti ilə sifariş verməklə 2021-ci il fevralın 11-də gedərək sonuncunun qeyd etdiyi ünvandan narkotik vasitəni və psixotrop maddəni götürdüyünü, şəxsi istifadəsi və satış məqsədi ilə üzərində gəzdirdiyini bildirmiş, Təqsirləndirilən şəxs aşkarlanan 12 ədəd sellofan bükümdəki narkotik vasitə heroinə, doqquz ədəd sellofan bükümdəki psixotrop maddə metamfetaminə bənzər kütlələlr, şəxsiyyət vəsiqəsi və «Xiaomi Redmi» markalı mobil telefon götürülüb 31 manat sonuncuya qaytarılmış, bir ədəd DVD diski protokola əlavə edilmişdir (iş vərəqi 31-33). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 16 fevral tarixli 6/672 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilməklə üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...» sözləri olan 12 ədəd bükümdə ümumi təmiz çəkisi 5,023 qram, ayrıayrılıqda təmiz çəkiləri 0,425 qram, 0,829 qram, 0,367 qram, 0,361 qram, 0,704 qram, 0,406 qram, 0,257 qram, 0,370 qram, 0,161 qram, 0,285 qram, 0,335 qram və 0,523 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olaraq kustar üsulla hazırlanan narkotik vasitə heroin; doqquz ədəd bükümdə ümumi təmiz çəkisi 8,101 qram, ayrı-ayrılıqda təmiz çəkiləri 0,381 qram, 0,415 qram, 1,415 qram, 1,102 qram, 0,847 qram, 1,373 qr, 0,379 qram, 1,131 qram və 1,058 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanan psixotrop maddə metamfetamindir, narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 4,783 qram və 7,921 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 114 manatdır (iş vərəqi 41-45). İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2021-ci il 16 fevral tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (iş vərəqi 59-60). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2021-ci il 16 fevral tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il fevralın 15dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 80-84). İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2021-ci il 20 fevral tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 5,023 qram çəkidə narkotik vasitə heroinin və 8,101 qram çəkidə psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 4,783 qram və 7,921 qram qalıqları maddi sübut hesab edilib idarənin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (iş vərəqi 96-97). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin 2021-ci il martın 03-də tərtib etdiyi tələbnamədən və məhkəmə hökmünün kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2016-cı il 08 noyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinməklə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2017-ci il 10 may tarixli qərarı ilə 01 ay 19 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş, 2017-ci il iyunun 29-da cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır (iş vərəqi 108- 109 və 134-138). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2021-ci il 01 aprel tarixli 2693 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs orada müalicədə olmamışdır (iş vərəqi 122). İş materiallarındakı «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 02 aprel tarixli AZF/LGL-6861/21 №-li məktubundan və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2021-ci il 10 aprel tarixli protokoldan görünür ki, MMC-nin məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə 2020-ci il noyabrın 15-dən 2021-ci il fevralın 15-dək olan müddət ərzində +**********19 saylı nömrə istifadəçisindən sonuncuya müvafiq vaxtlarda «Xaloglu tema istyrdim 10 nug cola dukana», «Xaloglu 20 lik laz4m idi acda yagiwdi», «Qaqa dukana cola laziwdi 20 lik», «Xaloglu miwkani getirim 7 manatda puldu mene bir az cola ver yatmiwam butun gunu öllem», «Niye adboy verisene uzume ramin.özvu qirag kimi gosterirsen ama men seni özme coxunnan yaxin bilirem.o gunde wuweni qaldirdin indide bele.yenede sennen narazi qalmaram ama qelbin qirirsan adamin.yiga bilersen yig kankret elyey gelim», «Xaloglu cola istyrdhm dukana», «Qaqa 15 manatdiq cola dukana istyrdim», «Qaqa 15 diy tema istiqeme», «Qaqa 5 diy cola 15 diy pati alinar qaqa» məzmunlu, +**********21 saylı nömrə istifadəçisindən «Menem baxadi imkan var hardansa 20 manatliq pati goturmeye?» məzmunlu, +**********03 saylı nömrə abunəçisindən «Salam qaqaw menem tetene tema var heresinen yarim», +**********68 saylı nömrənin istifadəçisinin «Ata bawuva donerem mawin catir gelirem qadan alaram ramin», «Qardawim olureme men ata», «Ramin bawuva donerem qaqa iki qatam alhqi durmusan qaqa», «Ata bide qram lazimdi», «Bawuva donerem Ramin olan qopan 10matim var ele elki tezdende duranda cekim bawuva donerem at», «Ata gelmisen tema sdyirdim», «Ata bawuva donerem tema lazimdiye ona gore yigram ata», «Qadan alaram ata sen canun tez cixda ata berk lomka gelibe qaqam mene alhqi», «Ata qadan alaram ele elki qram yarim 2ye oxwasin yarida adelni qoyarsan ata», «Ata qadan alaram onun klokun boyuk elde 1oxwasin qadan alaram ata», «Ay dede seni gozdyurem ata telide sondurmusen oldume ata lomkadan soyugdan» məzmunlu, +**********12 saylı nömrə istifadəçisindən «Ata bir list metadon alinr naxadi balnisaya göndermelideler», «Ata 4 dene metadon istirlere ata», «Kolanin ata birni 07 qoyarsan birni 1.3», «Ata 1 kola yar pattadan», «Qardawim mawin goturdum ata lomkadayam yuxudan durmuwam ata 9 za gedib gelmeliyem bidene vaxt dede ata mene gecikmiyim», «Ay xalam oglu bu ne patidi cekmisen hec qaqaw limon duzudu ne zibildi qariwig varyoxna nehlet duz kimi deneler erimir it iyi verir», «Ata sen bisenki varyoxnu ***im o pul sene catacag bugun vermeliydi sehere qaldi. 15 manat var indi gelim gotrum yari», «Ata 80 X9 X7 X5 X8», «X11 X12» məzmunlu mesajlar göndərilməsi müəyyən edilmişdir (iş vərəqi 123-124 və 127-129). İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 2021-ci ilin tarixsiz məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkarlanan narkotik vasitənin və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmasının yoxlanılması, habelə həmin şəxsin digər cinayət əməllərinin və cinayətkar əlaqələrinin, İran İslam Respublikasının vətəndaşının şəxsiyyətinin və olduğu yerin müəyyənləşdirilməsi mümkün olmamışdır (iş vərəqi 126). İş materiallarındakı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2021-ci il 24 aprel tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan «Xiaomi Redmi» markalı mobil telefona baxış zamanı telefonun işlək vəziyyətdə olmaqla üzərində ***-***-**-** saylı nömrə olması müəyyən edilmiş, iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal aşkarlanmamışdır (iş vərəqi 139). İş materiallarındakı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2021-ci il 01 may tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs DİN-in İAMAS-dan götürülən MAPS uçot xəritəsinə keçirilmiş baxış vaxtı sonuncunun özünə məxsus P3582893 nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə 2009-cu ildən etibarən bir neçə dəfə nəzarət-buraxılış məntəqələrindən Rusiya Federasiyası və İran İslam Respublikasına keçərək ölkə hüdudlarını tərk edib geri qayıtması, axırıncı dəfə 2016-cı il mayın 07-də saat 18:36-da Azərbaycan Respublikasının dövlət sərhədini Astara nəzarət-buraxılış məntəqəsindən İran İslam Respublikasına keçməklə ölkə ərazisini tərk etməsi və 2016-cı il mayın 08-də saat 19:08-də Astara sərhəd nəzarət-buraxılış məntəqəsindən keçərək ölkə ərazisinə daxil olması müəyyən edilmişdir (iş vərəqi 140-141). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 12 aprel tarixli 1054 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnmiş narkomaniya xəstəliyi aşkar olunub məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 142-143). İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2021-ci il 18 may tarixli sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi, habelə təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 2021-ci il 20 may tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsindən həmin Məcəllənin 32.5., 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələrinə tövsif edilməklə sonuncuya göstərilən maddələrdə nəzərdə tutulan ittiham elan olunmuş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülən narkotik vasitə heroinin və psixotrop maddə olan metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 4,783 qram və 7,921 qram qalıqlarının maddi sübut kimi tanınıb idarənin maddi sübutları saxlama yerinə təhvil verilməsi, eləcə də şəxsi axtarış və götürmə görüntülərini özündə əks etdirən bir ədəd DVD diskinin və «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin təqdim etdiyi CD diskinin maddi sübut qismində cinəyət işinin materiallarına əlavə olunması nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.2.-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs götürülən bir ədəd «Xiaomi Redmi» markalı mobil telefonun sonuncunun ailə üzvlərinə qaytarılması qərara alınmışdır (iş vərəqi 144-155 və 157-158). Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 32.5., 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini, əməllərində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının CM-nin 32.5., 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə, yəni narkotik vasitə heroinin aludəçisi olsa da heç vaxt həmin maddənin satışı ilə məşğul olmadığı, üzərində psixotrop maddə metamfetamin mövcud olmaması, şəxsi istifadəsi üçün bükümdə dörd-beş qram narkotik vasitə heroin gəzdirməsi, qaçaqmalçılıq cinayətini törətməməsi barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadəsini özünümüdafiə xarakteri daşıyıb cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, İİ siyahısında psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələrinin dispozisiyalarında ehtiva olunmayan tamah niyyəti kimi qiymətləndirilməsi üçün heç bir hüquqi əsasın olmadığı qənaətindədir. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün qismən etirafedici və şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırmadakı ilkin izahatı, şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələri, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2016-cı il 08 noyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2017-ci il 10 may tarixli qərarı ilə 01 ay 19 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmaqla 2017-ci il iyunun 29-da cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu 2019-cu il iyunun 29-da ödənildiyindən və sonuncunun ittiham olunduğu əməl 2021-ci il fevralın 15-də törədildiyindən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülən narkotik vasitə heroinin və psixotrop maddə olan metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 4,783 qram və 7,921 qram qalıqları məhv edilməli, bir ədəd DVD diskinin və bir ədəd CD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 60 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 360 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadıəsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il fevralın 15-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 32.5., 206.3.2.-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay, Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il fevralın 15-dən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 360 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülən narkotik vasitə heroinin və psixotrop maddə olan metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 4,783 qram və 7,921 qram qalıqları məhv edilsin, bir ədəd DVD diskinin və bir ədəd CD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar