Məhkəmə qərarları › İş №1(101)-1210/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1210/2024

20.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1210/2024 20.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 qızının və X5, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 21 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Mədən küçəsində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 4,189 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1,309 qram kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 22 avqust 2023-cü il tarixdə saat 11:10-da Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən “Fartuna” kafesinin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Suraxanı rayon Polis İdarəsinə gətirilərək, orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,417 qram, 1,691 qram və 1,081 qram olmaqla, ümumi təmiz çəkisi 4,189 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə öz aralarında eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 1,309 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, onu 3 nəfər polis əməkdaşı Suraxanıda kafenin yanında tutmuşlar, üzərinə baxış keçirilmiş, üzərindən heç nə aşkar olunmamışdır. Daha sonra o, idarəyə gətirilmişdir. Orada onu döymüşlər, ailə üzvləri ilə hədələmişlər. Ona narkotik vasitələr verilmiş və bunları boynuna götürməsi tələb edilmişdir. O, sadəcə marixuana istifadə etmiş, digər narkotik vasitələrdən xəbəri yoxdur. Əməkdaşlar onu döydükdən sonra o, dözə bilməmiş və narkotik vasitəni üzərinə götürmüşdür. Bununla yanaşı, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, dörd aydır ki, narkotik maddə olan heroindən istifadə edir. Narkotik vastəni sosial şəbəkədə tanış olduğu şəxsdən onlayn qaydada alır. xx.xx.2023-cü il tarixdə “Facebook” sosial şəbəkəsində tanış olduğu tanımadığı şəxs mesaj yazaraq mobil telefon nömərəsini istəmiş, həmin şəxsə telefon nömərsini yazaraq göndərmiş və “WhatsApp” sosial şəbəkəsində yazışaraq kart nömrəsini göndərərək həmin karta 70 manat pul göndərməsini, pul göndərdikdən sonra narkotik maddənin yerini deyəcəyini bildirmişdir. Həmin şəxsə Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsindəki mağazadan ödəmə terminalı vasitəsi ilə 70 manat pulu göndərmiş, pulu göndərdikdən sonra qəbzin şəklini çəkərək həmin şəxsə göndərmiş və həmin şəxs ona narkotik maddələri qoyduğu yerin koordinatını (konumunu) göndərmişdir. Narkotik maddənin qoyulduğu yerə, Suraxanı rayonu, Mədən küçəsinə gedərək oradakı dəmir istinad hasarının aşağı hissəsindən dörd ədəd balaca bükümləri götürərək həmin yerdən uzaqlaşmışdır. xx.xx.2023-cü il tarixdə saat 11:10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsindəki “Fartuna” kafesinin qarşısında olan zamanı iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyərək onu Suraxanı rayon Polis İdarəsinə dəvət etmişlər. Suraxanı rayon Polis İdarəsinin inzibati binasında ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmişdir. Polis əməkdaşları videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağının zəruri olmasını bildirmiş, sonra isə videoçəkiliş aparmaqla üzərində axtarış keçirilmişdir. Axtarış aparılmasına başlamazdan əvvəl üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşya, vasitə və ya pretmet varsa təqdim etməsi təklif olunduqda o, üzərində narkotik vasitə olmasını etiraf etmişdir. Bundan sonra o, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonunu, həmin şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristallardan ibarət kütləni və 03 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli kütləni çıxarıb təqdim etmiş, həmin bükümlərdən birinin içərisində psixotrop maddə, üçünün içərisində isə narkotik maddə heroin olduğunu, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini 70 manata öz şəxsi istifadəsi üçün alıb üzərində saxdadığını bildirmişdir. Təqdim etdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən bir ədəd zərfə qablaşdırılaraq götürülmüş, zərf möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokolu və möhürlənmiş zərfin üzərini imzalamışdır (cild 1, iş vərəqi 163-165). İfadələri elan edildikdən sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs protokoldakı imzaların ona məxsus olduğunu, lakin məhkəmədə verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 ifadəsində göstərdi ki, polis idarəsinə - əməliyyat işçisi X12 Abdinovun narkotik vasitəni daşıması barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna Siyavuş Səfərov rəhbərlik etmiş, o isə qrupa daxil olmuş, daha sonra onlar Təqsirləndirilən şəxs Əmircan qəsəbəsində yaxınlaşıb özlərini təqdim etmiş, sonuncunu Suraxanı rayon Polis İdarəsinə dəvət etmişlər. İdarədə çəkiliş zamanı Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, şəxsin üzərindən 4 büküm narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkarlanan maddənin narkotik vasitə olduğunu, öz istifadəsi üçün əldə etdiyini demişdir. Səhv etmirsə, qiymətini 70 manat demişdir. Narkotik vasitə qablaşdırılaraq məhkəmə ekspertizasına göndərilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, saxlanılarkən Təqsirləndirilən şəxs fiziki və psixi təsir olmamış, sonuncu, qaçmağa cəhd göstərməmiş, özünü adekvat aparmışdır. Şahid2 ifadə vedikdən sonra çarpaz suallara cavab verən Təqsirləndirilən şəxs narkotik vasitələrin ona məxsus olmadığını, Siyavuş adlı polis əməkdaşının onu vurduğuna və hədə-qorxu gəldiyinə görə məcbur olub narkotiki boynuna aldığını bildirdi. İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmiş ifadəsində digər polis əməkdaşı X8 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdikləri xüsusatları tam təsdiq etmişdir (cild 1, iş vərəqi 99- 101). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx xxxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satması, saxlaması və istifadəsi ilə məşğul olması bildirilir (cild 1, iş vərəqi 5). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 8-9). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə Suraxanı RPİ-nin NMBnin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin istifadəsində əsaslı şübhələr olan xx xxxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nvanında yaşayan Təqsirləndirilən şəxs ünvan 5rtuna” kafesinin yaxınlığında saat 11:10da saxlanılaraq Suraxanı rayon Polis İdarəsinə gətirilmişdir (cild 1, iş vərəqi 4). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin gün videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristallardan ibarət büküm və 3 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli spesifik qoxuya malik bükümü təqdim etmiş, həmin bükümlərdə metamfetamin və heroin olduğunu və onları onlayn qaydada İran vətəndaşından 70 manat pula aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 45 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 35-36). - materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/4499 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N45” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs “imza”, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki: - 03 (üç) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,417 qram, 1,691 qram və 1,081 qram olan, ümumi təmiz çəkisi 4,189 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin 03 (üç) ədəd bükümdə olan heroinlər öz aralarında kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. - 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,309 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat təşkil edir (cild 1, iş vərəqi 42-47). - diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, cinayət işinə əlavə edilmiş 01 ədəd diskə köçürülmüş şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən videogörüntüyə şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X6 iştirakı ilə baxış keçirilmişdir. Diskə baxış keçirilən zaman müəyyən edildi ki, təqdim edilmiş disk DVD formatlıdır. Diskin üzərində yazılar yoxdur, ağ rənglidir. Disk xidməti iş otağında olan kompyüterin disk oxuyan cihazına daxil edildi. Monitorda açılan diskin yaddaşında "X7" proqramı vasitəsi ilə yazılmış MP4 formatında 01 ədəd fayl olması müşahidə olunur. Həmin videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, üzərində şəxsi axtarış aparılan şəxs o özüdür. Baxış zamanı müəyyən olundu ki, polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, sağ yan cibindən isə 1 (bir) ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristallardan ibarət kütləni, 3 (üç) ədəd şəffaf sellofana bükülmüş içərisındə qəhvəyi rəngli kütlə olan bükümü çıxarıb təqdim edir, təqdim etdiyi 1 (bir) ədəd bükümün içərisinlə olan kütlənin psixotrop maddə metamfetamin olduğunu, 3 (üç) ədəd bükümün içərisində isə narkotik vasitə heroin olduğunu, narkotik vasitə heroini və psixotrp maddə metamfetamini sosial şəbəkədə tanış olduğu tanımadığı şəxsdən 70 manata aldığını və özü istifadə etməsi üçün üzərində saxladığını bildirir. Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilir, amma onun üzərindən özünün təqdim etdiyi 1 (bir) ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristallardan ibarət kütlədən, 3 (üç) ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyı rəngli kütlə olan bükümdən və bir ədəd “Samsung” markalı mobil telefondan başqa heç nə aşkar edilib götürülmür (cild 1, iş vərəqi 58). - cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir (cild 1, iş vərəqi 59). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, iş vərəqi 61-62). - telefona baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş “Samsung” markalı telefonun yaddaşında iş üçün əhəmiyyətli ola biləcək zənglər, SMS yazışmaları və ya şəkillər müəyyən edilmədi (cild 1, iş vərəqi 102-103). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7290 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 107-108). - xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid2 ifadəsində göstərdiklərini təsdiq etmiş və bununla bağlı Təqsirləndirilən şəxs üzünə demişdir ki, xx.xx.2023-cü il tarixdə Suraxanı RPİ-nin NMB-nə ünvan 6 ünvanda qeydiyyatda olan və faktiki olaraq ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitlər və psixitrop maddələr əldə edib saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11:10 radələrində Bakı şəhəri, Suraxanı rayonundakı “Fartuna” kafesinin yaxınlığında saxlanılıb Suraxanı RPİ-nin inzibati binasına şübhəli şəxs qismində gətirilmişdir. Suraxanı RPİ-nin inzibati binasında, xidməti otaqda şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş və hüquqlarının müdafiə olunması üçün dövlət vəsaiti hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Təklif olunub ki, üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də əldə edilib saxlanması və gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya, vasitə və predmet varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olduğunu etiraf edib əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristallardan ibarət kütləni, 3 (üç) ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli kütlə olan bükümü çıxarıb təqdim etmiş və bildirmişdir ki, təqdim etdiyi 1 (bir) ədəd bükümün içərisinlə olan kütlə psixotrop maddə metamfetamin, 3 (üç) ədəd bükümün içərisində isə narkotik vasitə heroindir, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini sosial şəbəkədə tanış olduğu tanımadığı şəxsdən 70 manata alıb özün istifadə etməsi üçün üzərində saxlamışdır. Əməliyyat məlumatı əsasında saxlanılarkən RPİ-nə gətirilən zaman və orada olduğu müddətdə ona qarşı heç bir zor tətbiq edilməmiş, heç bir təzyiqə məruz qalmamışdır. Onunla aparılan bütün hərəkətlər videogörüntüyə alınmışdır. Təqsirləndirilən şəxs qarşısında əyləşmiş Şahid2 üzünə demişdir ki, 4 aydır ki, 2-3 gündən bir narkotik vasitə qəbul edir. Tutulduğu zaman onun üzərində 2 (iki) büküm narkotik vasitə heroin və metamfetamin olmuşdur. Həmin narkotik vasitələrin 1 (bir) qramdan çox olmamışdır. Həmin narkotik vasitəni 70 manat qarşılığında almışdır. O, narkotik vasitə qəbul edirmiş, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. O, tutularkən və polis bölməsində olarkən ona zor tətbiq edilmiş, döyülmüşdür. Çox saylı təzyiqlərə məruz qalmışdır (cild 1, iş vərəqi 136-138). - xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, şahid X10 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Siyavuş Səfərov ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiklərini təsdiq etmiş, habelə Təqsirləndirilən şəxs qarşı hər hansı, o cümlədən fiziki zorakılıq tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 139-141). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmiş, ondan aşkar edilib götürülmüş 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,417 qram, 1,691 qram və 1,081 qram olmaqla, ümumi təmiz çəkisi 4,189 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 1,309 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq qalan ümumilikdə 4,099 qram çəkidə narkotik vasitə heroin və 1,259 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına verilmişdir (cild 1, iş vərəqi 145-152). - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsilə yenidən ittiham elan edilmişdir (cild 1, iş vərəqi 157-159). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 105-106). - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü Elçin Abdinov adlı uşağı vardır (cild 1, iş vərəqi 109-110). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 800 qramı xüsusilə külli miqdar, metamfetaminin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 400 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Təqsirləndirilən şəxs polislər tərəfindən saxlanılarkən üzərində heç bir narkotik vasitənin olmaması, polislərin onu döymələri və hədə-qorxu gəlmələri, ona narkotik vermələri və boynuna götürməsini tələb etmələri, onun da dözə bilməyərək verilmiş narkotiki boynuna götürməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir və hesab edir ki, belə ifadələr verməklə təqsirləndirlən şəxs məsuliyyətdən yayınmaq məqsədi güdür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə polis şöbəsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə o tutulmuş, daha sonra onun yazılığı razılığı əsasında müdafiəçinin iştirakı olmadan, lakin videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristallardan ibarət büküm və 3 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli spesifik qoxuya malik bükümü təqdim etmiş, həmin bükümlərdə metamfetamin və heroin olduğunu və onları onlayn qaydada İran vətəndaşından 70 manat pula aldığını bildirmişdir. Şəxsi axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə ilkin ifadələr verərkən üzərindən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin özünə aid olduğunu etiraf etmiş, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı, o cümlədən fiziki təzyiq göstərilmədiyini bildirmişdir. Lakin ibtidai istintaqın sonrakı mərhələsində və məhkəmədə verdiyi ifadələrində polis bölməsində polis əməkdaşları tərəfindən ona fiziki və psixoloji təzyiq edildiyi və onun həmin təzyiq altında etirafedici ifadələr verdiyini bildirmişdir. Qeyd edilənlərdən əlavə Təqsirləndirilən şəxs, barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət və təqdimata baxılarkən verdiyi izahatında tərətdiyi cinayət əməlini qismən etiraf etmiş, ondan aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün alıb saxladığını bildirmişdir. Məhkəmə qeyd edir ki, həm ibtidai istintaq zamanı, həm də məhkəmədə dindirilmiş şahidlər ifadələrində və keçirilmiş üzləşdirmələr zamanı Təqsirləndirilən şəxs qarşı hər hansı təzyiq, o cümlədən fiziki təzyiq göstərilmədiyini bildirmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı İstintaq təcridxanasından onun tibbi kitabçasının surəti əldə edilərək baxışı keçirilmiş, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təcridxanaya qəbul edilərkən onun tibbi müayinəsi keçirilmiş, baxış zamanı bədən səthində yeni xəsarət izləri aşkar edilməmiş, habelə özü zədə almadığını bildirmişdir. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqlərə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini, həmin ifadələr işin digər materialları ilə tam uzlaşdığı səbəbindən sübut kimi qəbul edir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə edib, üzərində saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 22 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 avqust 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 22 avqust 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 29-30, 81-86, 120-124). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 22 avqust 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumilikdə 4,099 qram çəkidə narkotik vasitə heroin və 1,259 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 89 (səksən doqquz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Bakı şəhəri Suraxanı rayon prokurorluğunun Suraxanı rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisinə ünvünladığı və cinayət işinin 176-cı vərəqinə tikilmiş 08 dekabr 2023-cü il tarixli sorğusunda Təqsirləndirilən şəxs ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək aparılan istintaq hərəkətlərinin kimin iştirakı ilə keçirilməsi barədə məlumat verilməsi istənilmişdir. Həmin sorğuya 099-7871/1223 nömrəli cavab məktubu Suraxanı rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi polis kapitanı X4 tərəfindən imzalanmaqla verilmişdir. Cavab məktubundan aydın olur ki, müstəntiq həmin məktubu Polis İdarəsinin blankında deyil, Suraxanı rayon prokurorluğunun blankında tərtib etmiş, üstəlik cavab məktubunu sorğunun verildiyi tarixdən 10 gün əvvəlki tarixlə, yəni 28 noyabr 2023-cü il tarixlə imzalamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 125-ci maddəsinə əsasən: 125.1. Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. 125.3. Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Beləliklə, məhkəmə cinayət-prossesual qanunvericiliyinin qeyd edilən müddəalarını rəhbər tutaraq hesab edir ki, Bakı Suraxanı rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi polis kapitanı X2 imzaladığı 28 noyabr 2023-cü il tarixli, 099-7871/1223 nömrəli cavab məktubu cinayət-prossesual qanunvericiliyinin tələblərinin kobud pozuntusu ilə əldə edildiyindən həmin sənəd sübutlar siyahısından çıxarılmalı və yol verdiyi kobud qanun pozuntusu ilə bağlı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi polis kapitanı X4 barəsində xüsusi qərar çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 22 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumilikdə 4,099 qram çəkidə narkotik vasitə heroin və 1,259 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 89 (səksən doqquz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar