Məhkəmə qərarları › İş №1(101)-1211/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1211/2023

26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1211/2023 26.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məcidov X1 və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, Niyazova Nəzrin Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1992-ci ildə Naxçıvan MR-nın Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, ittiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 4,516 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, 13 sentyabr 2022-ci il tarixdə Nəsimi RPİ-nin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 01:00-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə 4,516 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, saxlanıldığı gün səhər tanımadığı nömrədən ona zəng gəlmiş və əgər istəsə onun üçün narkotik vasitə təşkil edə biləcəyini demişdir. O isə cavabında pulunun olmadığını demişdir. Həmin şəxs isə ona demişdir ki, «eybi yoxdur, indi al, pulun olanda mənə borcunu ödəyərsən». Telefonda onunla danışan şəxsə şəxsiyyət vəsiqəsinin surətini göndərmiş, həmin şəxs axşam saatlarında borc müqabilində 01 qram narkotik vasitə göndərəcəyini, əgər xoşuna gəlsə yenidən göndərəcəyini bildirmişdir. O, həmin şəxslə razılaşmış, həmin şəxs ona axşam saat 21-22 radələrində onun üçün narkotik vasitə qoyduğunu demişdir. Onun ayağında problem olduğu və yol pulu olmadığı üçün tanışlarının birindən ona pul verməsini xahiş etmiş, lakin həmin şəxs də xırda pulunun olmadığını və 20 manatının olduğunu demişdir. Ona görə də həmin şəxslə birlikdə narkotik vasitəni alacağı ünvana gəlmişlər. Onlar narkotik vasitəni götürüb geri qayıdarkən onu saxlamışlar. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, onu 3 nəfər polis əməkdaşı saxlamış, onu saxlayıb 22-ci polis bölməsinə aparmışlar. Səhərə qədər onu orada saxlamışlar. Səhər saat 8-9 radələrində qarşısına içərisində narkotik vasitə olan paketi qoyub, onun üzərindən çıxdığını demişlər. Həmin paketi əlinə aldığı an onu tutmuşlar. Video çəkiliş aparılmış, ona dediklərini təkrarlamasını demişlər, o da onlarla razılaşmışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, həmin vaxt «Nokia» markalı telefonu üzərində olmuş, daha sonra telefonu əlindən almışlar. Daha əvvəl bir neçə dəfə tanışlarının öz istəkləri ilə onlar üçün narkotik vasitə təşkil etmiş, bununla bağlı telefonunda bir neçə mesaj da olmuşdur. 4-5 ildir ki, narkotik vasitələrdən istifadə edir, narkotik vasitəni əlilliyi ilə bağlı aldığı təqaüd və ailəsinin maddi dəstəyi hesabına əldə etmişdir. Kənddə tanıdığı bir neçə nəfərdən narkotik vasitə almış, onlar da hal-hazırda həbsdədirlər. Gecə saat təxminən 23-24 radələrində saxlanılmış, video çəkiliş isə səhər saatlarında olmuşdur. Paketin içində nə olduğunu bilməmiş, lakin hesab edir ki, o paketə maksimum 02-03 qram narkotik vasitə yerləşərdi. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə alıb əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 13 sentyabr 2022-ci il tarixdə əməliyyat məlumatı daxil olmuş, daxil olan məlumatı yoxlamaq üçün əməliyyat qrupu yaradımış, Atatürk Liseyi yaxınlığında Təqsirləndirilən şəxs saxlanılıb, təhqiqat şöbəsinə təqdim edilmiş, daha sonra video çəkiliş ilə şəxsin üzərinə baxış keçirilmişdir. Baxış zamanı şəxsin üzərindən «kakos» deyilən narkotik vasitə olan heroin aşkarlanmışdır. Narkotik vasitənin miqdarı dəqiq yadında deyil. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, əməliyyatda o və Şahid2 iştirak etmiş, təqsirləndirilən şəxsi Atatürk Liseyi yaxınlığında saxlamışlar, şəxsi saxlayarkən gecə olmuş, onu polis bölməsinə gətirərkən ona qarşı hər hansı bir təzyiq göstərilməmiş, Təqsirləndirilən şəxs bölmədə olarkən heç bir etirazını bildirməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadə məqsədilə aldığını bildirmiş, lakin kimdən və necə əldə etdiyi barədə hansı məlumatı verdiyini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilən istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli raportdan və həmin tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, «Vüsal» adlı şəxsin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməsi, üzərində saxlayaraq daşıması və narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (i/v: cild İ, səh. 4; 5). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 13 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin bükümün içərisindəki maddənin “kakos” adı ilə tanıdığı narkotik vasitə heroin olduğunu və xx.xx.2022-ci il tarixdə gecə vaxtı Nəsimi rayonu ərazisində tanımadığı İİR-nın vətəndaşından 17 manata aldığını bildirmişdir. (i/v: cild İ, səh.49-54). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «CD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında» 14 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, 1 ədəd üzərində «GOLD» yazısı olan DVD-R diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları tərəfindən Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı çəkilmiş video görüntülərin qeydə alınması öz əksini tapmışdır. Belə ki, video çəkiliş zamanı əvvəlcə Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı İsa Taralov özünü təqdim edir, Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları, saxlanılan şəxs Təqsirləndirilən şəxs və mütəxəssis Bahadur Bəxtiyarov özlərini təqdim edirlər. Bundan sonra təhqiqatçı İsa Taralov, Təqsirləndirilən şəxs qanunla dövriyyəsi qadağan edilmiş şübhəli bilinən əşya və predmetlərin saxlanmasında, gəzdirməsində şübhəli bilindiyi üçün Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları tərəfindən 13 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanıldığını və polis şöbəsinə gətirildiyini deyərək, hüquq və vəzifələrini izah edir, daha sonra video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyini bildirərək, vəkilin iştirakı olmadan video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs də etiraz etmir. Bundan sonra təhqiqatçı İsa Taralov, Təqsirləndirilən şəxs üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş edir. Təklifə əsasən Təqsirləndirilən şəxs qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükümü çıxardaraq masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm təhqiqatçı İsa Taralov tərəfindən açıldıqda bükümün içərisindən maddələr aşkar olunur. Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli sellofan bükümün içərisindən aşkar olunmuş maddənin «kakos» olduğunu deyərək, bir gün əvvəl, yəni 12 sentyabr 2022-ci il tarixdə Nizami kinoteatrının yaxınlığında İran İslam Respublikası vətəndaşı olan şəxsdən 17 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində maddələr olan büküm təhqiqatçı İsa Taralov tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir, şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən imzalanır və bununla da çəkiliş sona çatır. (i/v: cild İ, səh. 93-94). Cinayət işinin materiallarına əlavə edilmiş DVD diskdə olan video görüntülər məhkəmə iclasında nümayiş etdirilməklə bilavasitə tədqiq edilmiş və müəyyən edilmişdir ki, həmin video görüntülər «şəxsi axtarış və götürmə aparılması haqqında» 13 sentyabr 2022-ci il tarixli protokolla və «CD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında» 14 sentyabr 2022-ci il tarixli protokolun məzmunu ilə eynilik təşkil edir. Bundan əlavə qeyd olunan video görüntülərlə həmçinin Təqsirləndirilən şəxs üzərində olan köynəyin yaxası açıq olmaqla, geyiminin səliqəsiz və dağınıq şəkildə olduğu, həmçinin bir qolunu tutmaqla hərəkət etdiyi müəyyən edilmişdir. Məhkəmə qeyd olunan halları təqsirləndirilən şəxsdən dəqiqləşdirərkən o, yaxasının açıq olmasını bölmədən qaçmaq istəyərkən polis əməkdaşının onun köynəyinin arxasından tutub dartması ilə əlaqədar köynəyinin düymələrinin qırılması, qolunu tutmasını isə əlil olması ilə əlaqələndirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin 23 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, verilmiş əməliyyat tapşırığı üzrə müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni əldə etdiyi İran İslam Respublikasının vətəndaşının şəxsiyyətini və yerini müəyyən etmək mümkün olmamışdır. Həmçinin əməliyyat tapşırığında göstərilən digər xüsusatlar üzrə müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, məxfi agentlər təlimatlandırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olur. (i/v: cild İ, səh.137) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «baxış keçirilməsi haqqında» 05 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə narkotik vasitələrin satışının həyata keçirilməsi ilə bağlı bir sıra SMS mübadilələri aparılmışdır. Belə ki, SMS mübadilələrində «qardawım baw aqrısı olmasın senın tema ıwun duzelen kımı xeber ele brat pul atım sene olar qardawım», «qardawım evdeyem gor nesen temanı delı olmuwam xeber ele», «Bele men 10 lig gelib gotrubdee ozumcun sene ezyet vermisem danismisan alnirsa 5 cola 5 pati», «Aydaa qardasim bawma oyun geldi sen ol mehman (..nalayiq ifadə) elyiree qardaw cani diyrem 5 dene cet var orda diyir mene bu 15 manatdig mal deyil sen allaj qardasimsan basva donum mene iki cet el borcu duz qow saar patalok 10 da pul sendedi bir deyqe kecee bilmezaa canimcun», «Vusal o cetee deyenin (...nalayiq ifadə) nece vermisen ele vermiyenin allah en agir bel a versin ayib deyil nece verrdin ele veemisem ay yetim», «Beyendim yetim prosta bidnee pul duzum qowum gelicemde tez masinnan» məzmununda SMS-lər Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə göndərilmişdir. (i/v: cild İ, səh. 163-165) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 13 sentyabr 2022-ci il tarixli, 6/5126 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №190» dairəvi möhür əksi olan, «Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək…» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 4,516 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. (i/v: cild İ, səh. 64-68). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 14 oktyabr 2022-ci il tarixli, 6054 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i/v: cild İ, səh. 167-168). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 14 oktyabr 2022-ci il tarixli, 2729 nömrəli rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədilən anda öz hərəkətlərini ölçüb-biçmək və ona qarşı törədilənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayəti törədən anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmadı. Qıcığa qarşı həssaslıq, ünsiyyətçillik, özünə məxsus mövqe və prinsipə malik olmaq və sair kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs əqli və intellektual imkanları normaya uyğundur. O, ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir etmək imkanına malikdir. (i/v: cild İ, səh.169-172). Məhkəmə təqdim olunmuş sübutları qarşılıqlı şəkildə və məcmu halında, tam, obyektiv və qərəzsiz şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham qanuni və əsaslıdır. Məhkəmə bu nəticəyə gəlməklə yanaşı təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd olunan xüsusatların hər birinə ayrı-ayrılıqda qiymət verilməsini zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxs cinayət işinin materiallarında qeyd olunan narkotik vasitənin ona məxsus olmadığını, həmin bükümü polis əməkdaşlarının onun qarşısına qoyduğunu bildirmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs öz ifadəsində həmçinin bildirmişdir ki, o, əvvəlcədən telefonla danışaraq razılıq əldə etdiyi kimi qoyulmuş yerdən narkotik vasitəni alıb qayıdan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxsin həm üzərində narkotik vasitə olmasını, həm də aşkar olunmuş narkotik vasitənin ona məxsus olmaması ilə bağlı ziddiyyətli ifadələrini anlaşılmaz və həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində onun narkotik vasitələrin satışı ilə məşğul olmadığını, narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Lakin, Təqsirləndirilən şəxs istifadəsində olmuş telefon danışıqları və SMS yazışmalarından aydın görünür ki, o narkotik vasitələrin satışı ilə məşğul olmuş və müxtəlif şəxslər ondan narkotik maddə almaq üçün ona müraciət edərək müqabilində pul təklif etmişlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq ifadələrini danaraq məhkəmədə ifadə verərkən fərqli ifadə verərək məsuliyyətdən yayınmaq məqsədi güdmüşdür. Belə ki, təqsirləndirilən şəxs nəyinki ilkin izahatında, həmçinin istintaqın sonrakı mərhələlərində də təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində etiraf edici ifadələr vermişdir. Bu hissədə məhkəmə qeyd edir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib üzərində saxlamaqla daşıması tam təsdiqini tapan hallarından birini təşkil edir. Bundan başqa, iş materiallarına əlavə olunmuş SMS yazışmalarından da müəyyən olunur ki, onun digər şəxslə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı razılaşmaları, həmin psixotrop maddələrin əldə olunması müqabilində bank kartına pul köçürülməsi ilə bağlı razılaşdırılması da məhkəmə istintaqında müəyyən edilmiş hallardan birini təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən ümumi təmiz çəkisi 4,516 qram heroin aşkar edilməklə «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən heroinin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar həddində olmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edərək daşıyıb saxlaması, onun istifadəsində olan mobil telefon nömrəsinə narkotik vasitələrin satılması ilə bağlı kifayət qədər aydın sms-lərin daxil olması, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat orqanının məlumatları, onun üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisi təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşımaqla, məsuliyyətdən yayınmaq məqsədi güdmüşdür. Buna görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə bu hissədə tənqidi yanaşır və inandırıcı hesab etmir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DİNnin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. (i/v: cild İ, səh. 114-115). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə ona təyin edilmiş cəzadan «Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə amnistiya haqqında» Milli Məclisin 7 may 2013-cü il tarixli qərarı ilə azad edilmişdir. Məhkumun şəxsi işi 30 may 2013-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. Bundan başqa Suraxanı rayon Məhkəməsindən daxil olmuş 19 sentyabr 2023-cü il tarixli məktubdan və ona qoşma edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2013-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməsi hissəsində icra olunması üçün 04 fevral 2013-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə göndərilmiş və həmin idarə tərəfindən icraya qəbul edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs çəkilməmiş əsas və əlavə cəzası yoxdur, Azərbaycan Respublikası CM-nin 83.3.2-1-ci maddəsinə əsasən məhkumluğu olmayan şəxsdir və onun əməlində cinayətlərin residivi yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalı və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli və barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından həbsə alınmalıdır. Məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının 6054 nömrəli 14 oktyabr 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi» Qaydasının 3.2-ci maddəsinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş, əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Belə olan halda Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət, cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (i/v: cild İ, səh.24-25), Bakı şəhəri Nəsimi rayon prokurorunun 14 sentyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş (i/v: cild İ, səh.105-106) və Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i/v: cild İ, səh. 107-109). Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək 2 gün həbsdə olduğu müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı iki gün ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və təyin olunacaq cəzanın çəkilmə müddətinin əvvəli hökm elan olunduğu, yəni 26 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçiləcək həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçiləcək həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Nəsimi RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan ümumi çəkisi 4,466 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd DVD formatlı disk və 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı iş üzrə məhkəmə məsrəfləri olaraq 65 (altmış beş) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. (i/v: cild İ, səh. 65). «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 13 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək 02 (iki) gün həbsdə olduğu müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 26 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanılması yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 4,466 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Azad Məcidov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar