Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1213/2021 23.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam ali təhsilli, fərdi işlə məşğul olmuş, Bakı Hərbi Məhkəməsinin 30 may 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.2.2, 332.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 62-ci maddəsi tətbiq edilməklə 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Hərbi Məhkəməsinin 17 dekabr 2013-cü il tarixli, 1-(093)- 337/13 saylı hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 29, 177.2.4, 177.2.4-cü maddələri təqsirli bilinərək CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə 03 il 01 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 14 iyun 2016-cı ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmiş, Ağdam rayonu, Maqsudlu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla saxlamışdır. Belə ki, o, külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, mənfəət olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışından əldə ediləcək gəlirin 25 faizini qazanc kimi götürməsi müqabilində digər şəxsə məxsus külli miqdarda narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib, 2021-ci ilin yanvar ayının sonlarında sonuncunun tapşırığı ilə Bakı şəhəri, Xətai rayonu «Həzi Aslanov» metrostansiyasının yaxınlığına şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qoyulmuş təmiz çəkisi 80,171 qram külli miqdarda psixotrop maddə olan metamfetamin və ümumi təmiz çəkisi 133,752 qram külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib yaşadığı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 69 saylı evin 32 saylı mənzilinə daşıyaraq orada saxlamış, satış məqsədi ilə həmin narkotik vasitələri bükümlərə ayıraraq, bir hissəsini yaşadığı mənzilində, bir hissəsini isə üzərində saxlamaqla daşımış, 02 fevral 2021-ci il tarixdə saat 03:10 radələrində ünvan 2 ünvanın qarşısında özünü şübhəli aparması səbəbindən Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 4 ünvanda yerləşən Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli qısa ətəkli gödəkçənin sağ yan cibindən 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,250 qram, 0,202 qram, 0,210 qram, ümumi təmiz çəkisi 0,662 qram, ağ rəngli kristal hissəciklərdən ibarət olan psixotrop maddə metamfetamin və 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,314 qram və 0,050 qram, ümumi təmiz çəkisi 0,364 qram olan qəhvəyi rəngli maddə kütlələri, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bundan başqa, həmin gün saat 05:40 radələrində öz razılığı əsasında yaşadığı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 69 saylı evin 32 saylı mənzilində keçirilmiş baxış zamanı mənzilin yataq otağındakı paltar dolabının ikinci siyirməsindən üzərində «YVES ROCHER france» yazılı yaşıl rəngli kardondan düzəldilmiş paketin içərisindən 22 ədəd bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,150 qram, 0,302 qram, 0,115 qram, 0,215 qram, 18,330 qram, 18,150 qram, 18,110 qram, 18,480 qram, 1,910 qram, 0,450 qram, 0,402 qram, 0,440 qram, 0,450 qram, 0,156 qram, 0,450 qram, 0,430 qram, 0,160 qram, 0,150 qram, 0,192 qram, 0,045 qram, 0,118 qram, 0,304 qram, ümumi təmiz çəkisi 79,509 qram ağ rəngli kristal hissəciklərdən ibarət olan psixotrop maddə metamfetamin, 12 ədəd bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,403 qram, 0,350 qram, 0,380 qram, 0,400 qram, 0,314 qram, 0,414 qram, 0,302 qram, 0,420 qram, 130,010 qram, 0,110 qram, 0,130 qram, 0,155 qram, ümumi təmiz çəkisi 133,388 qram olan qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd üzərində «Libin» markalanma yazısı olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. O, 2013-cü ildə Bakı Hərbi Məhkəməsi tərəfindən CM-nin 177-ci maddəsi ilə 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təxminən 5 aydır ki, «patı» kimi tanıdığı «şüşə» kimi də adlandırılan nakotik vasitədən və marixuanadan istifadə etməyə başlamışdır. Əslən Ağdam rayonundan olan qiyabi tanıdığı Saməddin adlı şəxslə təxminən 8 aydır ki, tanış olmuşdur. Saməddinin anket məlumatlarını və telefon nömrəsini xatırlamır. 2020-ci ilin dekabr ayının sonlarında Saməddinlə görüşdükdə, Saməddin onda narkotik vasitələrin olduğunu, həmin vasitələri satmaqda ona köməklik etməyini, hər satdığı narkotik vasitənin dəyərinin 25%-ni ona ödəyəcəyini demişdir. O, Saməddinin təklifi ilə razılaşmışdır. Saməddin ona “kakos” adlanan narkotik vasitə heroin və “şüşə" deyilən psixotrop maddə metamfetamin vermişdir. Həmin maddələri almaq istəyən tanımadığı şəxslərlə Saməddin özü telefon vasitəsi ilə əlaqəyə girəcəyini, nə zaman lazım olsa Saməddinin istədiyi yerdə gizlətməyini, gizlətdiyi yerin foto şəklini mobil telefonla çəkib “Whatsapp” vasitəsi ilə ona göndərəcəyini və Saməddin də öz növbəsində müştəridən pulu «online» şəkildə əldə etdikdən sonra narkotik vasitəni götürməsi üçün foto şəkli göndərəcəyini, satış baş tutduqdan sonra ona aid bank kartına həmin satışdan çatacaq məbləği göndərəcəyini bildirmişdir. Təxminən 29 dekabr 2020-ci ildə ilk dəfə Saməddindən onunla görüşmədən gizlətdiyi yerdən “kakos” və “şüşə” deyilən narkotik vasitəni götürərək sifarişə uyğun çəkidə hazırlayıb müxtəlif yerlərdə gizlədərək şəkilləri göndərməklə satışı həyata keçirməyə başlamışdır. Bundan sonra müxtəlif yerlərdən müxtəlif çəkidə narkotik vasitələr götürmüş və müxtəlif yerlərə gizlətməklə satışlarının həyata keçirilməsində iştirak etmişdir. Onun gizlətdiyi bükümləri alan şəxsləri tanımamış və onları görməmişdir. 02 fevral 2021-ci il tarixdə saat 02:50 radələrində Saməddinin verdiyi sifarişə uyğun əvvəlcədən hazırladığı çəkidə və şəkildə ümumilikdə üç büküm metamfetamini və heroini əynində olan qara rəngli gödəkcəsinin cibinə qoyub onları gizlətmək məqsədi ilə yaşadığı evdən çıxmışdır. Bükümlərdən ikisi ayrı-ayrılıqda iki bükümdə olmuş və hər bükümdə bir ədəd metamfetamin və bir ədəd heroin bükümləri olmuşdur. Bundan sonra Nizami rayonu, Məhsəti küçəsi 11 ünvanının qarşısına getmişdir. Orada bükümləri gizlətmək üçün əlverişli yer axtarmaq üçün ətrafa baxarkən mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Ondan kimliyini soruşduqda, o, üzərində olan şəxsiyyət vəsiqəsini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları onu 25-ci PŞnə dəvət etmişlər. Polis şöbəsində ona üzərində qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar və olduğu təqdirdə könüllü şəkildə təqdim etməyini təklif etdikdə, o, etiraz etməyərək gödəkcəsinin cibində olan üç ədəd bükümü təqdim etmişdir. Bükümlərin birində yalnız “şüşə”, digər ikisində isə həm “şüşə”, həm də “kakos” deyilən narkotik vasitə olduğunu bildirmişdir. Gödəkcəsinin digər cibindən isə 02 ədəd telefonları, pul qabını, metro kartını və şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Polis əməkdaşları videoçəkiliş aparmışlar. Bu barədə protokol yazılmışdır. Bundan sonra yaşadığı mənzilə, Nizami rayonu, Naxçıvanski küçəsi ev 69, mənzil 32 ünvanına baxış keçirilmişdir. Baxış zamanı o, paltar dolabının siyirməsində gizlətdiyi kardondan düzəlmiş paketi çıxararaq həmin paketdə saxladığı şəffaf sellofana bülükmüş ümumilikdə 04 ədəd hər biri 20 qram çəkidə olan bükümləri təqdim edərək həmin bükümlərdə olan maddənin narkotik vasitə olan “patı” deyilən maddə olduğunu, çay qutusunda isə ümumilikdə 25 ədəd müxtəlif ölçülü, bir necəsinin içərilərində ağ, bir neçəsinin isə içərisində “patı və kakos” kimi tanıdığı narkotik vasitələr olduğunu bildirib, həmin evdə olan elektron tərəzini də təqdim etmişdir. Həmin tərəzidən bükümlərin hazırlanması üçün narkotik vasitələri çəkmək məqsədi ilə istifadə etdiyini bildirmişdir. Paltar dolabının üzərində olan sellofan paketə bükülmüş içərisində 01 ədəd iri ölçülü bükümü də təqdim edərək həmin bükümdə olan maddənin “kakos” olduğunu bildirmişdir. Mənzildən aşkar edilmiş narkotik vasitələr qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib edilmişdir. Maddi cəhətdən çətinlik çəkdiyi üçün o, yalnız Saməddinin dediyi yerdən narkotik vasitələri götürüb, müxtəlif yerlərə qoymuşdur. Hərəkətindən peşman olmuşdur. Ona qarşı hər hənsı bir təsir və təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Nizami RPİ 25-ci PB-nin CAŞ-nin əməliyyat müvəkkili işləyir. 02 fevral 2021 -ci il tarixdə saat 03:10-da Nizami RPİ-nin 25-ci PB-nin CAŞ-nin əməkdaşları Şahid2la və Şahid3lə birlikdə Nizami rayonu, Məhsəti küçəsi 11 saylı ünvanda xidmətdə olarkən “Xəzər” universitetinin qarşısında sonradan Təqsirləndirilən şəxs olmasını bildikləri bir nəfər şəxsin ətrafa göz gəzdirdiyini, nəyisə axtardığını, irəli geri getməsini və özünü şübhəli apardığını görüb Elçinə yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsdən də özünü təqdim etməsini və sənədlərini göstərməsini bildirmişlər. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Onlar ondan gecə vaxtı burada nə axtardığını, kimi gözlədiyini soruşduqda Təqsirləndirilən şəxs aidiyyəti olmayan cavablar verdiyindən və özünü şübhəli apardığından Elçini Nizami RPİ-nin 25-ci PB-nə dəvət etmişlər. Elçin etiraz etməmiş və onlarla Polis Bölməsinə gəlmişdir. PB-də Elçinin üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman ona üzərində hər hansı bir qanunla qadağan olmuş əşya və ya predmet olduğu təqdirdə, təqdim etməsi təklif olunmuşdur. Elçin Məmmədli əynində olan gödəkcənin sağ yan cibindən 03 ədəd sellofana bükülmüş bükümləri, sol yan cibindən 01 ədəd ağ rəngli “Samsung Galaxy S4” markalı və 01 ədəd qara rəngli “Nokia X1” markalı mobil telefonları, şalvarın arxa cibindən isə içərisində cəmi 41 manat pul olan pul qabını, 01 ədəd üzərində “Bakı Kart” yazılı metro kartı, şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Elçinin üzərindən aşkar edilmiş 41 manat pul özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlərin içərisində narkotik vasitələr olan patı və ya şüşə, "kakos” deyilən narkotik vasitələr olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin maddələri satmaq məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş bükümlər qablaşdırılaraq möhürlənmiş və bundan sonra müdafiəçinin də iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Nizami rayonu, Naxçıvanski küçəsi ev 69, mənzil 32 ünvanına getmişlər. Mənzilə baxış zamanı Elçin otaqda olan paltar dolabının ikinci çəkməcəsini acaraq orada gizlətdiyi üzərində "YVES ROCHER france” yazılı kardondan düzəlmiş paketi çıxararaq həmin paketdə saxladığı şəffaf sellofana bükülmüş ümumilikdə 04 ədəd eyni ölçülü hər birinin üzərində 2 rəqəmi yazılmış, içərisində ağ rəngli toz şəkilli spesifik iyə malik olan maddələr olan və hər biri 20 qram çəkidə olan bükümləri təqdim edərək həmin bükümlərdə olan maddənin narkotik vasitə olan "patı” deyilən maddə olduğunu, üzərində “Berga çayı” yazılmış qutuda isə ümumilikdə 25 ədəd müxtəlif ölçülü, bir neçəsinin içərilərində ağ, bir neçəsinin isə içərsində qəhvəyi rəngli toz şəkilli, spesifik iyə malik olan maddələrin olduğu bükümləri təqdim edərək həmin maddələrin “patı və kakos” kimi tanıdığı narkotik vasitələr olduğunu bildirmişdir. Həmçinin də həmin yerdə olan 1 ədəd elektron tərəzini təqdim etmişdir. Təqsirləndirilən şəxs tərəzidən bükümlərin hazırlanması üçün narkotik vasitələri çəkmək məqsədi ilə istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs qeyd olunan paltar dolabının üzərində olan sellofan paketə bükülmüş içərisində 01 ədəd iri ölçülü üzərində "sAs” yazılmış bükümü təqdim edərək həmin bükümdə olan maddənin “kakos” olduğunu bildirmişdir. Aşkar edilmiş bükümlər qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilərək, iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsi PB-nə dəvət edilərkən Elçin heç bir müqavimət göstərməmiş və onlarla PB-nə getmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir təsir və təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid1 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nizami RPİ-nin 25-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Kamran Musayyevin 02 fevral 2021-ci il tarixli raportundan görünür ki, 02.02.2021-ci il tarixdə, saat 03:10-da inzibati ərazidə xidmətdə olan zaman Nizami rayonu, Məhsəti küçəsi 11 ünvanının qarşısında bir nəfər şəxsin hərəkətləri şübhə yaratdığı üçün şəxsiyyətinin müəyyən edilməsi məqsədi ilə həmin şəxs saxlanılaraq Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət olunmuş və həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Cinayət işinin 6-cı vərəqəsində olan Təqsirləndirilən şəxs 02 fevral 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılmasını xahiş etmişdir. Cinayət işinin 7-8-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 2 fevral 2021-ci il tarixli şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokoldan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncuya üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qısa ətəkli gödəkçənin sağ yan cibindən 03 ədəd sellofana bükülmüş bükümləri, sol yan cibindən 01 ədəd ağ rəngli ***-***-**-** mobi! nömrə altında İşlətdiyi «Samsung Galaxy S4» markalı, 01 ədəd qara rəngli ***-***-**-** saylı mobil nömrə altında işlətdiyi «Nokia X1» markalı mobil telefon aparatlarını, qara rəngli cins şalvarının sağ arxa cibindən 1 ədəd pul qabını çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdən birinin üzərində «15P», digərinin üzərində «K+P10» sözləri yazılmış, üçüncü bükümün üzərində isə yazı olmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümlərin üzərində onların içərisində hansı növ və hansı dəyərdə narkotik vasitənin olduğunu bilməsi üçün yazıları qeyd etmiş, üzərində «15P» yazısı olan bükümdə 15 manat dəyərində «patı» və ya «şüşə» deyilən narkotik vasitə, üzərində «K+P10» yazısı olan bükümdə 10 manat dəyərində «patı», 20 manat dəyərində «kokos» deyilən narkotik vasitələrin olduğu, üzərində heç bir yazı olmayan bükümdə isə 20 manat dəyərində kokos, 10 manat dəyərində isə patı deyilən narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin maddələri narkotik vasitə kimi tanıdığını və satmaq məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Həmin bükümlər açıldıqda, üzərində «15P» yazısı olan bükümdə ağ rəngli, toz şəkilli maddə, üzərində «K+P10» yazılmış və üzərində heç bir yazı olmayan bükümdə isə həm ağ rəngli, həm də qəhvəyi rəngli toz şəkilli, spesifik iyə malik olan maddələr aşkar edilmişdir. Cinayət işinin 27-ci vərəqəsində olan Təqsirləndirilən şəxs 02.02.2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 32-33-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 fevral 2021-ci il tarixli baxış keçirilməsi, axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 69 saylı evin 32 saylı mənzilinə keçirilmiş axtarış zamanı Təqsirləndirilən şəxs tərəfindən mənzilin yataq otağında olan paltar dolabının ikinci çəkməsini açaraq gizlətdiyi üzərində «YVES ROCHER france» yazısı olan yaşıl rəngli kardondan düzəldilmiş paketi çıxararaq paketdə saxladığı şəffaf sellofana bükülmüş ümumilikdə 04 ədəd eyni ölçülü hər birinin üzərində 2 rəqəmi yazılmış, içərisində ağ rəngli toz şəkilli spesifik iyə malik olan maddələr olan və hər biri 20 qram çəkidə olan bükümləri təqdim edərək həmin bükümlərdə olan maddənin narkotik vasitə olan «patı» deyilən maddə olduğunu, üzərində «Berga çayı» yazılmış qutuda isə ümumilikdə 25 ədəd müxtəlif ölçülü, bir neçəsinin içərisində ağ, bir neçəsinin isə içərisində qəhvəyi rəngli toz şəkilli, spesifik iyə malik olan maddələrin olduğu bükümləri, həmin yerdə olan üzərində «Libin» yazılı gümüşü rəngli elektron tərəzini təqdim edərək həmin maddələrin «patı» və «kakos» kimi tanıdığı narkotik vasitələr olduğunu, həmin elektron tərəzidən narkotik vasitələri bükümlərə ayırmaq üçün istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs qeyd olunan paltar dolabının üzərində olan sellofan paketə bükülmüş içərisində 01 ədəd iri ölçülü «sAs» yazılmış bükümü təqdim edərək bükümdə olan maddənin «kakos» olduğunu bildirmişdir. Göstərilən paketdə qeyd olunan bükümdən başqa 01 ədəd üzərində «Amrahbank» yazılmış kart aşkar edilmişdir. Cinayət işinin 39-42-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2 fevral 2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 ədəd büküm...» və s. qeydləri olan zərfdəki 3 ədəd bükümlərdə olan ümumi təmiz çəkisi 0,662 qram ağ rəngli kristal hissəciklərdən ibarət maddələr, tərkiblərinə görə psixotrop maddə metamfetamindir. Həmin zərfdəki 2 ədəd bükümlərdə olan ümumi təmiz çəkisi 0,364 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş üzərində «Vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş bükümlər...» və s. qeydləri olan zərfdəki 22 ədəd bükümlərdə olan ümumi təmiz çəkisi 75,509 qram ağ rəngli kristal hissəciklərdən ibarət maddələr, tərkiblərinə görə psixotrop maddə metamfetamindir. Həmin zərfdəki 12 ədəd bükümlərdə olan ümumi təmiz çəkisi 133,388 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilməsi qeyd edilən heroin və metamfetaminlərlə mənzilindən aşkar edilməsi qeyd edilən heroin və metamfetaminlər tərkiblərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına daxildir, Metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına daxildir. Cinayət işinin 101-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 fevral 2021-ci il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zamanə qeydə alınmış videgörüntüyə baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edilərək üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qısa ətəkli gödəkcənin sol yan cibindən 01 ədəd ağ rəngli “Samsunq” markalı, və 01 ədəd qara rəngli “Nokia” markalı mobil telefonları, əynində olan qara rəngli cins şalvarın sağ arxa cibindən isə 01 ədəd qəhvəyi rəngli pul qabını təqdim etmişdir. Pul qabında 02 ədəd 20 manatlıq, 01 ədəd 1 manatlıq əsginaslardan ibarət olan ümumilikdə 41 manat pul, 01 ədəd üzərində "Bakı Kart” yazılı metro kartı, 01 ədəd AA******* seriyalı Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qısa ətəkli gödəkcənin sağ yan cibindən 03 ədəd sellofana bükülmüş bükümləri təqdim edərək həmin bükümlərdə narkotik maddələr olmasını, bükümlərin üzərində onların içərisində hansı növ və hansı dəyərdə narkotik vasitənin olduğunu bilməsi üçün yazıları qeyd etməsini, üzərində “15 P" yazısını olan bükümdə 15 manat dəyərində el arasında “patı və ya şüşə” deyilən narkotik vasitə, üzərinə “K+P10” yazısı olan bükümdə 10 manat dəyərində patı, 20 manat dəyərində isə «kakos» deyilən narkotik vasitələrin olduğunu, üzərində heç bir yazı olmayan bükümdə isə 20 manat dəyərində «kakos», 10 manat dəyərində isə «patı» deyilən narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin maddələri narkotik vasitə kimi tanıdığını və satmaq məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Cinayət işinin 102-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 fevral 2021-ci il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış və axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntüyə keçirilmiş baxış zamanı, Təqsirləndirilən şəxs yaşamış olduğu ünvan 7 ünvanına baxış, axtarış və götürmə keçirilməsi zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edildikdən sonra könüllü olaraq mənzilində saxladığı qanunsuz əşyaları təqdim etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs paltar dolabının ikinci çəkməcəsini acaraq orada gizlətdiyi üzərində “YVES ROCHER france” yazılı yaşıl rəngli kardondan düzəlmiş paketi çıxararaq həmin paketdə saxladığı şəffaf sellofana bükülmüş ümumilikdə 04 ədəd hər birinin üzərində 2 rəqəmi yazılmış, içərisində ağ rəngli toz şəkilli spesifik iyə malik olan maddələr olan və hər biri 20 qram çəkidə olan bükümləri təqdim edərək həmin bükümlərdə olan maddənin narkotik vasitə olan «patı» deyilən maddə olduğunu, üzərində "Berga çayı” yazılmış qutuda isə ümumilikdə 25 ədəd müxtəlif ölçülü, bir neçəsinin içərilərində ağ, bir neçəsinin isə içərisində qəhvəyi rəngli toz şəkilli, spesifik iyə malik olan maddələrin olduğu bükümləri təqdim edərək həmin maddələrin «patı və kakos» kimi tanıdığı narkotik vasitələr olduğunu bildirərək, həmin yerdə olan üzərində “Libin” yazılmış gümüşü rəngli elektron tərəzini təqdim etmişdir. Elçin Məmmədi həmin tərəzidən bükümlərin hazırlanması üçün narkotik vasitələri çəkmək məqsədi ilə istifadə etdiyini, qeyd olunan paltar dolabının üzərində olan sellofan paketə bükülmüş içərisində 01 ədəd iri ölçülü üzərində “sAs” yazılmış bükümü təqdim edərək həmin bükümdə olan maddənin «kakos» olduğunu bildirmişdir. Cinayət işinin 108-109-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3 mart 2021-ci il tarixli, 6/558 nömrəli ekspert rəyindən görünür ki, «Vət. Təqsirləndirilən şəxs yaşadığı...mənzildən aşkar olunmuş bükümlər...» sözləri olan zərfdəki bir ədəd elektron tərəzinin səthində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdar olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmamışdır. Cinayət işinin 111-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 25 mart 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, “xxxx” MMCdən daxil olmuş içərisində CD diskə baxış keçirilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 134-136-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 aprel 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə şahid X1 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq etməyərək, ona narkotik vasitəni verən şəxsin bu Saməddin Eyvazov olmadığını, ona narkotik vasitə verən Saməddini görmədiyini və tanımadığını bildirmişdir. Cinayət işinin 138-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 08 aprel 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, “xxxx” MMCdən daxil olmuş içərisində CD diskə baxış keçirilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 159-160-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 aprel 2020-ci il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş «Nokia» markalı mobil telefon aparatına baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir danışıq və ya məlumat müəyyən edilməmişdir. «Samsung» markalı mobil telefon aparatının yaddaş kartına baxış keçirilərkən mobil telefon aparatının yaddaşında narkotik vasitələrin qoyulduğu yeri göstərən üzərində iki ədəd ox olan 2 ədəd fotoşəkillər olması və üzərində xalqlar dostluğu ticarət mərkəzinin tinindən sağa dönürsən, Xalqlar dostluğu ticarət mərkəzi yazıları müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin fotoşəkillərin narkotik vasitələrin qoyulduğu yerlərin fotoşəkilləri olmasını bildirmişdir. Cinayət işinin 170-171-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Əhməd Qurbansoyun 02 may 2021-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında 02 may 2021-ci il tarixli qərarından görünür ki, ********* saylı cinayət işinin materiallarından şəxsiyyəti istintaqa məlum olmayan Saməddin adlı şəxs və qeyriləri barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi ayrılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməkdə özünü qismən təqsirli bilərək, özünü yalnız CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs bu barədə verdiyi inkar edən ifadələrini işin həmin hallarla bağlı məhkəmədə araşdırılmış sübutlarla müqayisəli təhlil edib, onun həmin ifadələrinin həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin güman etdiyi cəzasını yüngülləşdirməyə cəhdi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs bu cür ifadələr verməklə ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü qismən təqsirli bildiyi halda, həmin ittihamı təkzib edəcək, tutarlı və mötəbər dəlilər göstərməmişdir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar, metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 81-82-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 09.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 30 may 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.2.2, 332.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 62-ci maddəsi tətbiq edilməklə 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cinayət işinin 117-127-ci vərəqələrində olan Bakı Hərbi Məhkəməsinin 17 dekabr 2013-cü il tarixli, 1-(093)-337/13 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 29, 177.2.4, 177.2.4-cü maddələri təqsirli bilinərək CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə 03 il 01 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 14 iyun 2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində qeyd edilmişdir ki, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 83.3.3-ci maddəsinə müvafiq olaraq az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 100-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 20 fevral 2021-ci il tarixli, 1372 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 98-99-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 Ambulator məcburi-narkoloji tibbi yoxlamanın məhkəmə-narkoloji ekspertizasının 18 fevral 2021-ci il tarixli 512 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 02 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 18-ci vərəqəsində olan 02 fevral 2021-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 76-78-ci vərəqələrində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 4(007)-19/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 02 fevral 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Nizami Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertizadan sonra qalıq qalmış 133,612 qram heroin, 80,031 qram psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 190,28 (yüz doxsan manat iyirmi səkkiz qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 28.06.2003-cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Nizami Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertizadan sonra qalıq qalmış 133,612 qram heroin, 80,031 qram psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 190,28 (yüz doxsan manat iyirmi səkkiz qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1213/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1213/2021
23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver