Məhkəmə qərarları › İş №1(101)-1214/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1214/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1214/2024 17.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 7 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxxx 1988-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Südçülük sovxozu, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, naməlum mənbədən, naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 5,894 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Nizami rayonu ərazisinə daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 13 oktyabr 2023-cü il tarixdə saat 14:00-da Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında saxlanılaraq Bakı şəhəri, Nərimanov rayonu Dəmirçizadə 7 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməklə həmin gün saat 15:55-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarının sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 02 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,414 qram və 3,480 qram olmaqla xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan külli miqdarda ümumi çəkisi 5,894 qram ağ rəngli kristallardan ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə edir. 13 oktyabr 2023-cü ildə, saat 14:00-da Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında olduğu zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Həmin vaxt onun üzərində 1 baş “şey” və yarım qramdan az «patı» var imiş. O, saxlanılarkən yanında dayısı oğlu Seyhun və digər yaxınları var imiş. BMCM-nin əməkdaşları onu maşına oturtmuşlar. Maşın ağ rəngli “Prado” imiş. O, maşında arxa oturacaqda əyləşmiş, yanında 1 nəfər əməkdaş oturmuşdur. Avtomobildə BMCM-nin əməkdaşları onun üzərinə baxış keçirmişlər. Üzərində olan 1 baş “şey” və yarım qramdan az «pat»ını BMCMİ-nin əməkdaşları ondan almışlar. BMCMİ-də 1 nəfər polis əməkdaş ona bildirmişdir ki, əvvəllər də məhkumluğu olduğundan cibində narkotik vasitə olması cəzasını ağırlaşdırır, onun 2 övladı olduğundan ona yaxşılıq edərək cibinə 02 ədəd metamfetamin qoyacaqlar və o aşağı cəza alacaq. Həmçinin bu barədə nəsə desə cəzası ağırlaşacaq. O, razılaşmışdır. Çəkiliş otağında ona məxsus 100 manat pul, telefonunu gətirib cibinə qoymuşlar. Halbuki, o saxlanılarkən üzərində mobil telefonu yox imiş. BMCM-nin əməkdaşları onun telefonunu obyektindən götürüb gətirmişlər. Onun 1 mobil telefonu olmuşdur. BMCM-nin əməkdaşlarının götürdükləri telefonda ***-***-**-** mobil nömrəsi olmuşdur. O, polis əməkdaşları ilə razılaşaraq cibinə qoyulan 2 büküm metamfetamini boynuna götürmüdür. O, polis əməkdaşlarının verdikləri sənədləri oxumadan imzalamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, istintaq zamanı 1 dəfə ifadə vermişdir. Onun əvvəllər BMCM-nin əməkdaşları ilə münaqişəli vəziyyəti olmamışdır. O, narkotik vasitələrdən az da olsa, istifadə edir. O, saxlanılarkən dayanmış vəziyyətdə imiş. Ona 3 nəfər BMCMİ-nin əməkdaşı yaxınlaşmışlar. BMCMİ-nin əməkdaşları qoluna girib özlərini ona təqdim edərək BMCM-nin əməkdaşları olduqlarını demişlər. O, avtomobilə əyləşənə qədər BMCM-nin əməkdaşları üzərinə baxış keçirməmişlər. BMCM-nin əməkdaşları qoluna girdiklərindən onlardan yayınmaq imkanı yox imiş. Onu saxlayan BMCM-nin əməkdaşlarını görsə tanıyacaq. İdarəyə daxil olanda onu əməliyyatçıların otağına aparmışlar. Videoçəkiliş aparılmışdır. Videoçəkiliş aparılana kimi əməliyyatçılar mütəmadi olaraq yanında olmuşlar. Çəkiliş otağında mülki formada olan polis əməkdaşları imişlər. Onun obyektində təhlükəsizlik kameraları var. Ona 2 büküm narkotik vasitəni verərkən otaqda 2 nəfər əməkdaş var imiş, otaqda imişlər. Videoçəkiliş zamanı vəkili var imiş. Çəkilişdən qabaq olan vaxtlarda, hüquq və vəzifələri izah olunarkən belə o vəkili görməmişdir. O, çəkiliş vaxtı vəkili görmüşdür. Çəkiliş zamanı onu tutan BMCM-nin əməkdaşları da iştirak edirmişlər. Çəkilişi isə başqa əməkdaş aparırmış. BMCM-nə birbaşa 20 dəqiqəyə çatmışlar. 4-5 saat sonra çəkiliş aparılmış, vəkili görmüşdür. O, qətimkan tədbiri seçilərkən də məhkəmədə özünü qismən təqsirli bilmiş, o, hakimə nə dediyini xatırlamır. O, vəkilə demişdir ki, ittihamda qeyd olunan narkotik vasitələr onun üzərində deyil. Vəkil başını yelləyərək çölə çıxmışdır. Onun ilkin ifadəsini əməliyyatçı almış, yanlarında heç kim yox imiş. İfadə alındıqdan sonra oxumadan imzalamışdır. Sonra digər sənədlər ona imzalatdırılmış və o padvala endirilmişdir. Nə ifadə verərkən, nə də ifadəni imzalayarkən yanında vəkil yox imiş. BMCM-nin əməkdaşları ona işgəncə verməmişlər, onu döyməmişlər. Elan olunmuş cinayət işinin 18-19-cu vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. BMCMİ-də 1 nəfər polis əməkdaşı ona bildirmişdir ki, əvvəllər də məhkumluğu olduğundan cibində narkotik vasitə olması cəzasını ağırlaşdırır, onun 2 övladı olduğundan ona yaxşılıq edərək cibinə 02 ədəd metamfetamin qoyacaqlar və o aşağı cəza alacaq. Həmçinin bu barədə nəsə desə cəzası ağırlaşacaq. O da razılaşaraq protokolu oxumadan imzalamışdır. İfadənin sonundakı cümlələri hərf-hərf ona yazdırmışlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu izahatı, ifadələri və cari məhkəmə baxışında verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı, ifadələri elan olunmuş, izahatın sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 39-40-cı vərəqələrində olan izahatında, 55-57 və 70-73-cü vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «... uzun müddətdir ki, narkotik vasitənin və psixotrop maddənin müxtəlif növlərindən istifadə edir. İstifadə etdiyi psixotrop maddənin bir növü də metamfetamindir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində gəzərkən bir nəfər ilə həmsöhbət olmuşdur. Həmin şəxs özü narkotik vasitənin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirmişdir. O da psixotrop maddə metamfetamindən istifadə etmək niyyətində olduğu üçün ondan 20 manata psixotrop maddə metamfetamin istəmişdir. Həmin şəxs də ondan 20 manatı alıb 02 ədəd büküm metamfetamini ona vermişdir. ...13 oktyabr 2023-cü il saat 14:00-da Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, "Xalqlar Dostluğu” metrostənsiyasının yaxınlığında olduğu zaman bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşdur. O özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişdir. O yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində psixotrop maddə metamfetamin vardır. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişdir. O da buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş İdarəyə gəlmişdir. ...Ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd «Samsung» markalı mobil telefonu, 100 manat pulu, sol yan cibindən isə 02 ədəd şəffaf sellofan bükülünü çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. ...Daha sonra 02 ədəd şəffaf sellofan bükümlərə baxış keçirilmişdir. Bükümlər iştirakçıların şahidliyi ilə açılmışdır. Hər iki sellofan bükümün içərisindən psixotrop maddə metamfetamin aşkar edilmişdir. Şifahi sorğu zamanı o üstündən aşkar edilmiş ümumilikdə 02 ədəd sellofan bükümdə olan maddələri iki gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi məqsədi ilə aldığını, həmin maddələrin adını “patı” olaraq bildiyini, bir ilə yaxın müddətdir ki, bu maddələrdən istifadə etdiyini, bu maddələri heç kimə satmaq, hədiyyə və ya pay qismində vermək kimi bir niyyətinin olmadığını, yalnız şəxsi istifadəsi üçün bu maddələri üzərində saxladığını bildirmişdir. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, imzalar onun imzasıdır. BMCMİ-də 1 nəfər polis əməkdaşı ona bildirmişdir ki, əvvəllər də məhkumluğu olduğundan cibində narkotik vasitə olması cəzasını ağırlaşdırır, onun 2 övladı olduğundan ona yaxşılıq edərək cibinə 02 ədəd metamfetamin qoyacaqlar və o aşağı cəza alacaq. Həmçinin bu barədə nəsə desə cəzası ağırlaşacaq. O da razılaşaraq izahatı və protokolları oxumadan imzalamışdır. İfadələrinin sonundakı cümlələri hərf-hərf ona yazdırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 13 oktyabr 2023-cu il tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə BMCMİ-nə əməliyyat məlumatı daxil olmuşdur. Lakin satış faktı öz təsdiqini tapmamışdır. Əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna Ayaz müəllim başçılıq edirmiş. Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, "Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığındakı ünvanda Təqsirləndirilən şəxs oxşar şəxsi görüb saat 14:00-da həmin şəxsə yaxınlaşmışlar. Lakin, dəqiq olaraq hansı obyektin yanı olmasını xatırlamır. Onlar özünü təqdim edərək polis əməkdaşları olduqlarını bildirib özünü təqdim etməsini bildirmişlər. Şəxs Təqsirləndirilən şəxs olduğunu təsdiq etmişdir. Təqsirləndirilən şəxs saxlayarkən o, Ayaz və Nicat adlı əməliyyat müvəkilləri var imiş. Təqsirləndirilən şəxs saxlayarkən Nurlan onlardan yayınmağa, qaçmağa çalışmamışdır. Onlar Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu və buna görə də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmək lazım olduğunu bildirmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş, hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şəxsi əşyalarını və iki ədəd şəffaf sellofan büküm təqdim edərək iki ədəd sellofan bükümdə olan maddələri iki gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi məqsədi ilə aldığını, həmin maddələrin adını “patı” olaraq bilməsini, bir ilə yaxın müddətdir ki, bu maddələrdən istifadə etdiyini, bu maddələri heç kimə satmaq, hədiyyə və ya pay qismində vermək kimi bir niyyətinin olmadığını, yalnız şəxsi istifadə üçün bu maddələri üzərində saxlamasını bildirmişdir. Vəkil siyahısını təhqiqatçı təqdim edir. Çəkiliş vaxtı o müdafiəçini görmüşdür. Təhqiqatçı və vəkilin yanında o da olmuşdur. Həmin vaxt hansı mərhələ olmasını artıq xatırlamır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlayarkən üzərində nə olduğunu soruşmamışlar. Onlar Təqsirləndirilən şəxs BMCMİ-nə xidməti avtomobillə gətirmişlər. Təqsirləndirilən şəxs BMCMİ-nə gətirdikləri xidməti avtomobilin qeydiyyat nömrəsini xatırlamır, lakin, maşın ağ rəngdə imiş. Onlar yolda olarkən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olmasında şübhəli olduğunu bildirmişlər. Avtomobildə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs üzərindən heçnə atmağa cəhd etməmişdir. Təqsirləndirilən şəxs avtomobilin arxa oturacağında imiş, yanında o və Nicat əyləşmişlər, sürücü Ayaz müəllim imiş. İdarəyə birbaşa olaraq saat neçədə çatdıqlarını xatırlamır. İcra olunmalı tapşırıqlar olduğundan İdarədə mütəmadi olaraq Təqsirləndirilən şəxs yanında ola bilməzmişlər. Lakin İdarədə əməliyyat qrupunun üzvlərindən 1 nəfər mütəmadi olaraq Təqsirləndirilən şəxs yanında durmuşdur. Amma o mütəmadi Təqsirləndirilən şəxs yanında durmamışdır. O, Təqsirləndirilən şəxs saxlanılması və çəkiliş vaxt arasında neçə saat keçdiyini dəqiqliklə deyə bilməz. O, Təqsirləndirilən şəxs saxlayarkən üzərində mobil telefonu yox imiş, onun üzərində tədbir zamanı xüsusi rabitə vasitələri olur. Təqsirləndirilən şəxs saxlayarkən onun telefonu İdarədə imiş. O, ***-***-**-** mobil nörməsindən istifadə edir. Təqsirləndirilən şəxs mobil telefonunun obyektdən götürülməsindən məlumatı yoxdur. Heç kim Təqsirləndirilən şəxs üzərinə heçnə qoymamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməmkdaşı Şahid1 və məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid3 eyni məzmunlu ifadələr verərək, Şahid2 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 13 oktyabr 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli qmidarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, həmin maddələri saxlaması və daşıması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 5-6-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 13 oktyabr 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli midarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, həmin maddələri saxlaması və daşıması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 105-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 5(005)- 1716/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 13 oktyabr 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarı qanunauyğun hesab edilmişdir. Cinayət işinin 136-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 5(007)-663/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 13 oktyabr 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarı qanuni və əsaslı hesab edilmişdir. Cinayət işinin 7-8-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general mayoru Əbülfət Rzayevin 3-13-6/Ə 316/2023 nömrəli Əmrindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli midarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, həmin maddələri saxlaması və daşıması barədə barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 28-29-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 oktyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən əvvəl, şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonla 100 manat pulu, sol yan cibindən isə iki ədəd şəffaf sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış keçirilir, lakin Təqsirləndirilən şəxs üərindən heç bir əşya aşkarlanmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümlərə baxış keçirilən zaman oradan ağ rəngli, kristallik formada, psixotrop maddə metamfetaminə oxşar maddələr olması müəyyən edilmişdir. Həmin bükümlər bir ədəd içərisi boş olan zərfə qoyularaq qablaşdırılıb, götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini saxlanılmazdan əvvəl 11 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində daşıdığını bildirmişdir. 01 ədəd “Samsung” markalı mobil telefon götürülmüş, 100 manat pul isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Şəxsi axtarış və götürmə zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 42-46-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5394 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 büküm metamfetaminə oxşar maddələr., şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,414 qram və 3,480 qram, ümumi təmiz çəkisi 5,894 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 59-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 oktyabr 2023-cü il tarixli DVD disk daşıyıcısında qeydə alınan videogörüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, ilk olaraq təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr və ya psixotrop maddələr varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonla 100 manat pulu, sol yan cibindən isə iki ədəd şəffaf sellofan bükümü təqdim edərək masanın üzərinə qoyur. Daha sonra şəxsi axtarış keçirilir, lakin heç bir əşya aşkarlanmır. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümlərə baxış keçirilən zaman oradan ağ rəngli, kristallik formada, psixotrop maddə metamfetaminə oxşar maddələr olması müəyyən edilir. Həmin bükümlər bir ədəd içərisi boş olan zərfə qoyularaq qablaşdırılır, üzəri iştirakçılar tərəfindən imzalanır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini saxlanılmazdan 11 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində daşıdığını bildirir. Cinayət işinin 137-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 noyabr 2023-cü il tarixli cinayət işinin istintaq materiallarına əlavə edilmiş mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 140-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 noyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan sms və zəng məlumatlarını özündə əks etdirən Azerfon MMC-dən daxil olmuş 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 160-162-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsinin 02 noyabr 2023-cü il tarixli, 407/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar edilməmişdir. Cinayət işinin 174-175-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin müstəntiqi, polis leytenantı X1 05 dekabr 2023-cü il tarixli cinayət işi üzrə materialın ayrılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin mənbəyini müəyyən etmək üçün hazırki cinayət işindən material ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onda saxlanılan zaman yalnız 1 baş «şey» və yarım qramdan da az «patı» olmuş, BMCMİ-də 1 nəfər polis əməkdaşı ona bildirmişdir ki, əvvəllər də məhkumluğu olduğundan cibində narkotik vasitə olması cəzasını ağırlaşdırır, onun 2 övladı olduğundan ona yaxşılıq edərək cibinə 02 ədəd metamfetamin qoyacaqlar və o aşağı cəza alacaq, o da razılaşaraq istintaq vaxtı fərqli ifadə vermişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə təhqiqat orqanına verdiyi izahatından və istintaq orqanına verdiyi ifadələrindən fərqli ifadə verməsini, ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən psixotrop maddə “metamfetamin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 121-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 21 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 122-ci vərəqəsində olan və məhkəmədə tədqiq olaraq araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsindən daxil olmuş 24 oktyabr 2023-cü il tarixli, xx/xx-12686 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıb. xx.xx.2022-ci il tarixdə mərkəzdə narkoloji (profilaktik) qeydiyyatdadır. Cinayət işinin 124-cü vərəqəsində olan və məhkəmədə tədqiq olaraq araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik Hüquqi Şəxsindən daxil olmuş 30 oktyabr 2023-cü il tarixli, 14192 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 127-ci vərəqəsində olan və məhkəmədə tədqiq olaraq araşdırılmış Babək RİHB-nın Nehrəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilir. Cinayət işinin 144-cü vərəqəsində olan və məhkəmədə tədqiq olaraq araşdırılmış şəxsiyyət vəsiqələrinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı -xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X7 vardır. Cinayət işinin 156-158-ci vərəqələrində olan və məhkəmədə tədqiq olaraq araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsinin məhkəmə kimyəvi ekspertizasının 30 oktyabr 2023-cü il tarixli, 3776/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan Amfetamin və Metamfetamin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Cinayət işinin 163-164-cü vərəqələrində olan və məhkəmədə tədqiq olaraq araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsinin Ambulator X2 məhkəmə-narkoloji ekspertizasının 16 oktyabr 2023-cü il tarixli 6575 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, halhazırda abstensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun himayəsində dörd azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, müsbət səciyyələndirilməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 13 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 19-cu vərəqəsində olan 13 oktyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 100-104-cü vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 oktyabr 2023-cü il tarixli, 4(005)-1480/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 13 oktyabr 2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, aparılmış ekspertiza tədqiqatdan sonra qalıq qalmış 5,794 qram çəkidə psixotrop maddə mütamfetamin məhv edilməli, 01 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında”, xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 13 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, aparılmış ekspertiza tədqiqatdan sonra qalıq qalmış 5,794 qram çəkidə psixotrop maddə mütamfetamin məhv edilsin. 01 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar