Məhkəmə qərarları › İş №1(101)-1217/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1217/2024

18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1217/2024 18.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi bağ massivi, nömrəsiz fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, saxlamış, daşımış və qanunsuz olaraq tərkibində narkotik vasitələr olan külli miqdarda bitkiləri kultivasiya etmişdir; belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz əldə etdiyi toxumlardan istifadə etməklə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağ massivi, nömrəsiz bağ evinin həyətyanı sahəsində qanunsuz olaraq əkilib-becərilməsi qadağan edilmiş tərkibində narkotik maddələr olan külli miqdarda – 97 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisini əkib-becərərək aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş və məlum olmayan vaxtda yığıb qurudaraq, qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda təmiz çəkisi 2200,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşıyaraq yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağ massivi, nömrəsiz bağ evində gizlədərək saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 02 iyun 2023-cü İl tarixdə saat 20:20 dəqiqədə Bakı şəhəri, Sabunçu RPİ-nin NMB-nin və Bakı şəhəri, Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağ massivi, nömrəsiz bağ evinin qarşısında saxlanılaraq həmin tarixdə yaşadığı evin həyətinə baxış keçirilərkən həyətdən yaş vəziyyətdə külli miqdarda ümumi çəkisi 1485,0 qram, ümumi sayı 97 ədəd olan, 77 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 20 ədəd çətənə (kannabis) bitkisinin şitilləri və yaşadığı evin yataq otağında taxta dolabın içərisindən həyətyanı sahədən aşkar edilmiş çətənə (kannabis) bitkiləri ilə tərkibində olan kannabinoidli komponentlərə görə eynilik təşkil edən, təmiz çəkisi 2200,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış küllimiqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1 və 237.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, başında ağrılar olması səbəbindən narkotik vasitə marixuanadan istifadə etmiş, istifadə etdikdən sonra baş ağrıları keçmişdir, yaşadığı evin otaqlarının birində çətənə bitkisinin toxumlarını səpələmiş, yetişdiyini görüb həmin bitkilərə su verərək qulluq etmiş, bitkilər böyüdükdən sonra isə yarpaqlarını toplayaraq qurutmuş və siqaret kağızına dolduraraq siqaret kimi çəkməklə istifadə etmişdir; evdə ancaq arvadı yaşamış və sonuncunun həmin bitkilərdən məlumatı olmamışdır; qurudaraq saxladığı marixuanadan heç kimə satmamış, ancaq özü istfiadə etmişdir. Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmə baxşı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində Azərbaycan Respublikası CM-in 234.1-1 və 237.2.3-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 5-6 il olar ki baş nahiyəsində şiddətli ağrılar olur. Apteklərdə olan dərmanlar həmişə ağrılarını kəsməmişdir. Təxminən keçən il, yəni 2022-ci ilin qış aylarında qərara gəlmişdir ki, nəşə çəksin və Sabunçu qəsəbəsində yerləşən bazarın yanına getmişdir. Həmin vaxt orada tanımadığı şəxs ilə tanış olmuş və onunla bir qədər söhbət etmişdir. Söhbət zamanı ona bildirmişdir ki, baş ağırlarından əziyyət çəkdiyi üçün nəşədən istifadə etmək istəyir və ona nəşə toxumu tapa bilib-bilməyəcəyini soruşmuşdur. Həmin şəxs isə ona demişdir ki. nəşə toxumunu axtarıb tapa bilər. Bundan sonra ertəsi gün həmin yerdə görüşməyə razılaşmışlar. Səhəri gün yenidən Sabunçu qəsəbəsində yerləşən bazarın yanına getmiş və həmin şəxs ilə görüşmüşdür. Həmin şəxsdən sayı dəqiq xatırlamadığı, təxminən 10-15 ədəd nəşə toxumu almışdır. Toxumu aldıqdan sonra həmin şəxs ilə heç vaxt görüşməmişdir. Bundan sonra həmin toxumları əkmək qərarına gəlmiş, lakin sonradan fikirləşmişdir ki, hava soyuq olduğundan həmin toxumları əkməsin və yaza qədər özündə saxlasın. Təxminən 2023-cü İlin fevral-mart aylarında həmin toxumları ailə üzvlərinin görə bilməyəcəyi bir yerdə əkməyə qərar vermişdir. Bu minvalla həmin toxumları yaşadığı evin həyətyanı sahəsində əkmişdir. Həmin toxumları əkdikdən sonra onlara xüsusi qulluq göstərməyə başlamışdır. Belə ki, həmin əkdiyi 10- 15 ədəd toxumdan cəmi 97 ədədi yetişmiş və həmin yetişən bitkilərə mütəmadi olaraq su vermiş, diblərini təmizləmiş, həmçinin bitkidən çıxan yarpaqları da kəsib götürmüşdür. Kəsdiyi yarpaqları yaşadığı evin yataq otağında sərib qurutmuşdur. Qurutduğu yarpaqları isə həmin 02 ədəd plsatik ləyənin içində saxlamışdır. Hər gün qurutduğu çətənə kollarını siqaretə doldurub çəkmişdir. Həmin narkotik vasitələri satmamış və özü üçün çəkib istifadə etmişdir. 02 iyun 2023-cü il tarixdə saat təxminən 20:20 radələrində evdə olduğu vaxt bir neçə mülki geyimdə şəxslər həyətə girmişlər. Onlar özlərini təqdim edib polis əməkdaşları olduqlarını və həyətə baxış keçirəcəklərini demişlər. Polis əməkdaşlarına həyətinə baxış keçirməyə razılıq vermişdir. Baxış onun özünün və mütəxəssis-aqronomun iştirakı ilə keçirilmişdir. Baxış zamanı həyətyanı sahəsində olan daş hasarın yanında 97 ədəd şəxsi istifadəsi üçün əkib becərdiyi nəşə kollan aşkar edilib götürülmüşdür. Bundan başqa evinin yataq otağında taxta dolabın içərisində 02 ədəd plastik ləyənin içərisində saxladığı təxminən iki kiloqramdan artıq çəkidə olan nəşələri də aşkar etmişlər. Bundan sonra müvafiq protokol tərtib edilmiş. Protokol ucadan oxunmuş və doğruluğu iştirakçılar tərəfindən İmzalarla təsdiq edilmişdir. Aşkar edilmiş narkotik vasitələr isə qablaşdırılaraq götürülmüşdür (1-ci cild iş vərəqi 61-62). Məhkəmə zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin sabiq əməliyyat müvəkkili (hazırda Bakı şəhər Nəsimi RPi-nin NMB-nin rəisi) Şahid1 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, sonuncunun yaşdığı ünvana getmişlər, Mirzədadaş Cabarovun yaşadığı evə keçirilmiş baxış zamanı evin tam tikilməmiş, təmirsiz və üstü açıq olan otağında çətənə bitkilərinin əkilməsi müəyyən edilmiş, o cümlədən Mirzadadaş Cabarovun yaşadığı evin yataq otağındakı şifonerin içindən ləyənlərə yığılmış qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 02 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana əkməsi, aqrotexniki qaydada qulluq etməsi, saxlaması, daşıması və dövriyyəsi ilə məşğul olması barədə qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatı əsasında tərəfimdən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və Sabunçu RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. 02 iyun 2023-cü il tarixdə tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sabunçu rayonu ərazisində olduğu yer müəyyən edilmişdir. Həmin tarixdə saat 20:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağlar massivində yaşadığı evin qarşısında Təqsirləndirilən şəxs yaxınlaşmışlar və özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər, eləcə də ona yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik vasitə olan marixuana əkməsi, aqrotexniki qaydada qulluq etməsi, saxlaması, daşıması və dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu və tərəflərindən keçirilən əməliyyat tədbirləri ilə bağlı yaşadığı evin həyətyanı sahəsinə baxış və götürmə keçiriləcəyini bildirmişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan yaşadığı ünvana baxış və götürmə keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış, axtarış və götürmə keçirilməsi barədə qəbul edilmiş qərarla tanış edildikdən sonra Sabunçu RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, baxış, axtarış və götürmədə İşitrak edən aqronom mütəxəssis X1 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış və götürmə başlamazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvanda və həyətyanı sahədə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra o, yaşadığı evin arxa hissəsində evə bitişik olan, dam hissəsi olmayan yarım tikilidə torpaq sahədə əkib-becərdiyi və qulluq etdiyi 20 ədəd şitil formasında, 77 ədəd isə orta inkişaf fazasında olan narkotik tərkibli çətənə bitkisini göstərərək təqdim edib həmin çətənə bitkisini may ayında öz istifadəsi üçün əkdiyini və qulluq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində təqdim etdiyi 97 ədəd narkotik tərkibli çətənə bitkiləri cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb möhürlənərək götürülmüşdür. Baxış, axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş narkotik tərkibli çətənə kollarından başqa yaşadığı ünvanda qanunla dövriyyəsi qadağan olunmuş digər maddələrin olub-olmaması soruşulduqda o, yaşadığı mənzildə narkotik maddə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış və götürmə keçirilmişdir. Baxış və götürmə zamanı Təqsirləndirilən şəxs evin yataq otağında yerləşən taxta dolabın içərisində iki ədəd plastik materialdan olan ləyəni təqdim etmişdir. Həmin təqdim edilmiş ləyənlərin içərisinə baxıldıqda İçərisində qurudulmuş ot kütləsi aşkar edilmişdir. Bundan sonra hər iki plastik ləyənin içərisində olan qurudulmuş ot kütləsi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs mənzilindən aşkar olunaraq götürülmüş maddələrin narkotik tərkibli olduğunu və şəxsi istifadəsi üçün saxladığını, həmin qurudulmuş ot kütləsini 2022-ci ildə əkib-becərdiyi çətənə bitkilərindən əldə etdiyini bildirmişdir. Mənzildə əlavə axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Baxış, axtarış və götürmə keçirilməsi barədə tərtib edilmiş protokolla tanış olduqdan sonra imzası ilə təsdiq etmişdir; bundan sonra, 02 iyun 2023-cü il tarixdə saat 23:40 dəqiqədə Sabunçu RPİ-nin 42-ci PB- nin inzibati binasında xidməti otaqda Sabunçu RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə "Panasonic" markalı videokamera vasitəsilə videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılması barədə ərizə ilə müraciət etmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs əynində, paltarında və ya bədənində olması ehtimal edilən qanunla qadağan edilmiş maddə, əşya və ya predmet varsa könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya, predmet və ya maddə olmadığını bildirmiş və əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd qara rəngli “Nokia” markalı mobil telefonu, 01 ədəd “Maqna” markalı siqaret qutusunu və 01 qutu kibriti çıxararaq təqdim etmişdir. Bundan sonra tərəflərindən Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış keçirilmiş, lakin, iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülərək qablaşdırılmışdır. Şəxsi axtarış və götürmə keçirilməsi barədə tərtib edilmiş protokolla tanış olduqdan sonra imzası ilə təsdiq etmişdir (1-ci cild iş vərqəi 130-133). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir (1-ci cild iş vərəqi 126-129). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, 02 iyun 2023-cü il tarixli «Baxış, axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, baxış, axtarış və götürmə aparılmasından əvvəl barəsində baxış, axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək yaşadığı ünvanda və həyətyanı sahədə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin arxa hissəsində evə bitişik dam hissəsi olmayan yarım tikilidə torpaq sahədə əkib-becərdiyi və qulluq etdiyi 20 ədəd şitil formasında, 77 ədəd isə orta inkişaf fazasında olan narkotik tərkibli çətənə bitkisini təqdim etmiş və həmin çətənə bitkisini may ayında öz istifadəsi üçün əkdiyini və qulluq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində təqdim etdiyi 97 ədəd narkotik tərkibli çətənə bitkiləri cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kisədə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 241 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Baxış, axtarış və götürmə davam edən zaman onun yaşadığı ünvanın həyətyanı sahəsindən aşkar olunarq götürülmüş narkotik tərkibli çətənə kollarından başqa yaşadığı ünvanda qanunla dövriyyəsi qadağan olunmuş digər maddələrin olub- olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs yaşadığı mənzildə narkotik maddə olduğunu etiraf etmiş və yaşadığı mənzildə yataq otağında taxta dolabın İçərisində 2 ədəd plastik materialdan olan ləyəni təqdim etmiş və həmin ləyənlərin içərisində qurudulmuş ot kütləsinin olması müəyyən olunmuş və hər iki plastik ləyənin içərisində olan qurudulmuş ot kütləsi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd sellofan torbada qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 241 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs mənzilindən aşkar olunaraq götürülmüş maddələrin narkotik tərkibli olduğunu və şəxsi istifadəsi üçün saxladığını, həmin qurudulmuş ot kütləsini keçən il, yəni 2022-ci ildə əkib-becərdiyi çətənə bitkilərindən əldə etdiyini bildirmişdir (1-ci cild iş vərəqi 34-35). 03 iyun 2023-cü il tarixli «Diskdə olan videogörüntülərə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, diskin yaddaşında 02 ədəd fayl mövcuddur. Diskdə olan "20230602_205219” adlı videofayl açıldıqda 22 dəqiqə 11 saniyə davam edən baxış, axtarış və götürmə istintaq hərəkətini əks etdirən videogörüntülər olduğu müəyyən edilir. Baxış zamanı çəkilişin Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında aparıldığı, evin giriş qapısının qarşısında ümumilikdə Sabunçu RPİ-nİn 42-ci PB-nin təhqiqatçısı, polis kapitanı X4, Sabunçu RPİ-nin 42-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, Sabunçu RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, aqronom mütəxəssis X3 və barəsində şəxsi axtarış aparılacaq şübhəli şəxs Təqsirləndirilən şəxs olduğu görünür. Təhqiqatçı tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan həyətyanı sahədə baxış və axtarış keçirilməsinə etirazı olub-olmaması bildirilir və yaşadığı ünvanda və həyətyanı sahədə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan həyətyanı sahədə baxış və axtarış keçirilməsinə etirazı olmadığını bildirir və yaşadığı evin arxa hissəsində evə bitişik olan, dam hissəsi olmayan yarım tikilidə torpaq sahədə əkib-becərdiyi və qulluq etdiyi 20 ədəd şitil formasında, 77 ədəd isə orta inkişaf fazasında olan narkotik tərkibli çətənə bitkisini göstərərək təqdim edir və həmin çətənə bitkisini may ayında öz istifadəsi üçün əkdiyini və qulluq etdiyini bildirir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində təqdim etdiyi 97 ədəd narkotik tərkibli çətənə bitkiləri cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb möhürlənərək götürülür. Baxış, axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsindən aşkar olunarq götürülmüş narkotik tərkibli çətənə kollarından başqa yaşadığı ünvanda qanunla dövriyyəsi qadağan olunmuş digər maddələrin olub- olmaması soruşulduqda o, yaşadığı mənzildə narkotik maddə olduğunu etiraf edir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə, sonradan mənzildəki yataq otağına daxil olunur. Təqsirləndirilən şəxs yataq otağında yerləşən taxta dolabın içərisində iki ədəd plastik materialdan olan ləyəni təqdim edir. Həmin təqdim edilmiş ləyənlərin içərisinə baxıldıqda içərisində qurudulmuş ot kütləsinin olması müəyyən edilir. Bundan sonra hər iki plastik ləyənin içərisində olan qurudulmuş ot kütləsi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb möhürlənərək götürülür. Təqsirləndirilən şəxs mənzilindən aşkar olunaraq götürülmüş maddələrin narkotik tərkibli olduğunu və şəxsi istifadəsi üçün saxladığını, həmin qurudulmuş ot kütləsini 2022-ci ildə əkib-becərdiyi çətənə bitkilərindən əldə etdiyini bildirir. Mənzildə əlavə axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa hər hansı əşya və ya predmet aşkar edilmir (1-ci cild iş vərəqi 64). Sübatların qiymətləndirilməsi haqqında 04 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə və evinə baxış, axtarış və götürmə istintaq hərəkətinin aparılmasını özündə əks etdirən 01 ədəd DVD formatlı disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (1-ci cild iş vərəqi 134-144). Məhkəmə baxışı zamanı baxış, axtarış və götürmə istintaq hərəkətinin DVD diskə köçürüldüyü videogörüntüsü proses iştirakçılarına nümayiş etdirilərək tədqiq edilmiş və videogörüntünün 02 iyun 2023-cü il tarixli «baxış, axtarış və götürmə aparılması haqqında» protokolun məzmununa uyğun olması müəyyən edilmişdir. Məbkəmə-bioloji ekspertizası üzrə 03 iyun 2023-cü il tarixli 7/798 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs» yazılar və imzalar olan üzəri skoçla bağlanmış qara rəngli sellofan torbadakı 1 ədəd sellofan torbada təmiz çəkisi -2200,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs "yazılar və imzalar olan üzəri skoçla bağlanmış qara rəngli sellofan torbada yaş vəziyyətdə, ümumi sayı 97 ədəd, ümumi çəkisi - 1485,0 qram bitkilərdən 77 ədədi əkilib- becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 20 ədədi çətənə (kannabis) bitkisinin ştilləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə və ştillərə aqrotexniki qaydada qulluq göstərilmişdir. - Çətənə (kannabis) bitkilərində və həmin növ bitkilərdən hazırlanmış marixuananın tərkibində olan kannabinoidli komponentlərə görə eynilik təşkil edirlər (Qeyd: Marixuananın təmiz çəkisi - 2200,0 qram, tədqiqata istifadə olundu - 01 qram, qalıq - 2199,9 qram, çətənə bitkilərinin və stillərin ümumi çəkisi - 1485,0 qram, tədqiqata sərf edildi cəmi - 1,54 qram, qalıq - 1483,46 qram). Maddi sübut kimi tanınma haqqında 04 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə və evinə baxış, axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş təmiz çəkisi - 2200,0 qram, marixuana və ümumi çəkisi - 1485,0 qram çətənə bitkiləri və ştillər maddi sübut kimi tanınmış, tədqiqata istifadə olundunduqdan sonra qalıq qalmış 2199,9 qram marixuana və 1483,46 qram çəkidə 97 ədəd çətənə bitkiləri və ştillər saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (1-ci cild iş vərəqi 99-100). Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 03 iyun 2023-cü il tarixli 3419 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabınoidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə1’ qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7- ci bəndinə uyğun olaraq, hal- hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 69-70). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş 30 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 120-121). Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci Polis bölməsinin 27 avqust 2023-cü il tarixli iş üzrə verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş zəruri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş çətənə (kannabis) bitkisinin toxumlarını əldə etdiyi şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Keçirilmiş tədbirlərə baxmayaraq Təqsirləndirilən şəxs hər hansı kənar şəxslərlə cinayət əlaqəsinə girməsi, çətənə bitkilərini kultivasiya etməkdə onunla eyni ünvanda yaşayan ailə üzvləri ilə əlbir olması, həmçinin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması İlə bağlı Sabunçu RPİ-nin 42-cü PB-yə məlumat daxil olmamışdır (1-ci cild iş vərəyi 107). Şübhəli şəxsin tutulması haqqında 02 iyun 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 24). Bakı şəhəri Sabunçu rayon prokurorunun 04 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir (1-ci cild iş vərəqi 91-93). 04 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (1-ci cild iş vərəqi 94-96). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə kollegiyası toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-1 və 237.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə zamanı yaşadığı evin otaqlarının birində çətənə bitkisinin toxumlarını səpməsini, cücərmiş çətənə kollarına aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyini, yetişmiş kolların yarpaqlarını toplayaraq qurudub öz istifadəsi üçün saxladığını etiraf etmiş, əməlindən peşman olduğunu bildirmişdir. Bundan əlavə ibtidai istintaq və məhkəmə zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs yaşadığı evə getdiklərini, orada əkilərək aqrotexniki qulluq göstərilmiş çətənə kollarının və qurudularaq hazırlanmış narkotik vasitə marixuananın aşkar edildiyini göstərmişdir. Eyni zamanda tədqiqi edilmiş məhkəmə-bioloji ekspertizası üzrə 03 iyun 2023-cü il tarixli 7/798 nömrəli ekspert rəyi ilə Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş ümumi sayı 97 ədəd, ümumi çəkisi - 1485,0 qram bitkilərdən 77 ədədinin əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 20 ədədinin isə çətənə (kannabis) bitkisinin ştillərinin olması, 1 ədəd sellofan torbada təmiz çəkisi 2200,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması haqqında Sabunçu RPİ-nin 42-cü PB-yə məlumat daxil olmaması, ibtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs evində saxladığı narkotik vasitə qurudulmuş marixuananı satması, pay verməsi, dəyişməsi və ümumiyyətlə qanunsuz dövriyyəsi ilə bağlı hər hansı məlumat və sübut müəyən edilməməsi sonuncunun satış məqsədi olmadan narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsini, saxlamasını və daşımasını təsdiq edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.1ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir; həmin Qanununu 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr və 3-cü siyahı tərkibində narkotik maddələr olan bitkilər) əsasən narkotik vasitə qurudulmuş marixuananın külli miqdarının aşağı həddi isə 500 qram və çətənə növlü bitkilərin külli miqdarının aşağı və yaxarı həddləri müvafiq olaraq 16-800 ədəd (31-1550 hissə) müəyyən edilmişdir; Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın ümumilikdə təmiz çəkisi isə 2200,0 qram və çətənə bitkilərinin sayı cəmi 97 ədəd olduğundan külli miqdar təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi, saxlaması, daşıması və qanunsuz olaraq tərkibində narkotik vasitələr olan külli miqdarda bitkiləri kultivasiya etməsi təsdiq olunmuş, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 237.2.3-cü maddəsinin sanksiyasında da üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən CM-in 234.1-1 və 237.2.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs münasibətdə Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların müəyyən edilməməsi, onun barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini istisna edir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 iyun 2023-cü il tarixdən 04 iyun 2023-cü il tarixədək tutulduğu 2 (iki) gün müddətin azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla cəza çəkməsinin başlanğıcı 18 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-1 və 237.2.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cəza təyin edilməsini, Azərbaycan Respublikası CM-in 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 iyun 2023-cü il tarixdən 04 iyun 2023-ci il tarixədək tutulduğu 2 (iki) gün müddətin ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti cəza saxlanılmasını, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilərək dərhal məhkəmə iclas zalında həbs edilməsini, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının 18 oktyabr 2024-cü il tarixdən hesablanmasını cəzanın məqsədlərinə və qanunun tələblərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 03 iyun 2023-cü il tarixli 3419 nömrəli ekspert rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs kannabınoidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Lakin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı” Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişi və 55 yaşından yuxarı olan qadınlara, narkomaniya xəstəliyinə düçar olmuş şəxslərə məcburi məcburi müalicə qaydalarının 3.7ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar (61 yaş) ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Məhkəmə-bioloji ekspertizası üzrə 03 iyun 2023-cü il tarixli 7/798 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 2200,0 qram narkotik vasitə qurudulmuş marixuana kustar üsulla hazırlanmışdır. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 2199,9 qram qurudulmuş marixuana və 97 ədəd çətənə bitkiləri məhv edilməli, Təqsirləndirilən şəxs evində baxış, axtarış və gütürmə keçrilən zaman çəkilmiş video görüntünün köçürüldüyü 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-bioloji ekspertiza üzrə tədqiqatın dəyəri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə . hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 237.2.3-cü maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 02 iyun 2023-cü il tarixdən 04 iyun 2023-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla və həmin müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o məhkəmə iclas zalndan həbs edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 18 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 2199,9 qram qurudulmuş marixuana və 97 ədəd çətənə bitkiləri məhv edilsin, Təqsirləndirilən şəxs evində baxış və gütürmə keçrilən zaman çəkilmiş video görüntünün köçürüldüyü 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi - məhkəmə-bioloji ekspertiza üzrə tədqiqatının dəyəri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirə olunmalı əmlakn olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar