Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1218/2022 29.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X7 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 30 saylı vəkil bürosunun vəkili X5, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxslərin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Təqsirləndirilən şəxs (xx xxxxxx 1972-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qadınları aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb edib insan alveri məqsədi ilə zərərçəkmiş şəxsin pasportunu götürüb saxlamaqla təkrarən tamah niyyəti ilə iki şəxs barəsində insan alveri, həmçinin insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2013-cü ilin noyabr ayının əvvəllərində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs2 ilə mobil telefon vasitəsilə əlaqə saxlayıb ona Türkiyə Respublikasının Kır şəhərində yüksək maaşlı işə düzəldəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 27 noyabr 2013-cü il tarixdə saat 07:02-də Azərbaycan Respublikasının dövlət sərhədinin Bakı hava limanından təyyarə vasitəsilə keçirməklə Türkiyə Respublikasının Kır şəhərinə aparıb orada kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus pasportu götürüb saxlamaqla 28 noyabr 2013-cü il tarixdən 11 dekabr 2013-cü il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 2014-cü ilin noyabr ayının əvvvələrində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs2 Şəmsədddin qızı ilə mobil telefon vasitəsilə danışaraq maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edib cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 16 noyabr 2014-cü il tarixdə saat 23:06-da Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Kır şəhərinə aparıb orada kirayə götürdüyü mənzildə yerləşdirərək 19 noyabr 2014-cü il tarixdən 14 dekabr 2014-cü il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 2016-cı ilin dekabr ayında ünvan 3 ünvanında yerləşən mənzildə yaşayan Zərərçəkmiş şəxs1 ilə Bakı şəhərində mobil telefon vasitəsilə əlaqə saxlayıb ona X1 Dubay şəhərinə gedərək orada ticarətlə məşğul olaraq yaxşı qazanc əldə edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 10 yanvar 2017-ci il tarixdə saat 22:43-də Azərbaycan Respublikasının dövlət sərhədinin Bakı Beynəlxalq Hava Limanından keçirməklə X1 Dubay şəhərinə aparıb orada kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus pasportu götürüb saxlamaqla 12 yanvar 2017ci il tarixdən 05 fevral 2017-ci il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona verilən ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2002-ci ildən etibarən maddi imkanı zəif olduğu üçün X3 gedib orada fahişəliklə məşğul olmuşdur. 2011-ci ildən eitbarən İran İslam Respublikasına gedib oradan məhsullar alıb gətirib Azərbaycan Respublikası ərazisində satmışdır. Sonra Türkiyə Respublikasında və Qətər dövlətinin Doha şəhərində ticarətlə məşğul olmuşdur. Türkiyə Respublikasından qayıdan zaman avtobusda Yeganə adlı qadınla tanış olmuş, Yeganə ilə mütəmadi olaraq telefonla əlaqə saxlamışlar. Yeganə əslən Xaçmaz şəhərindən olmuş, Yeganə ilə mobil telefon əlaqəsi saxlayan zaman Yeganə ona bildirmişdir ki, Ankara şəhərində sevgilisi ilə yaşayır və özü ilə birlikdə Elnarə adlı qadını da ora gətirmişdir. Zərərçəkmiş şəxs2 orada fahişəliklə məşğul olub pul qazanmışdır. O, həmin zamanlar Türkiyə Respublikasının Kır şəhərində yaşamışdır. Bir dəfə Yeganə ilə söhbət zamanı ona bildirmişdir ki, Zərərçəkmiş şəxs2 Yeganənin sevgilisi ilə münasibət qurmaq istədiyi üçün Yeganə onu evdən qovmuşdur. Həmin söhbətdən bir neçə saat keçdikdən sonra Zərərçəkmiş şəxs2 ona zəng vuraraq onun mobil nömrəsini Yeganənin mobil telefonundan götürdüyünü, getməyə evi olmadığı üçün ona köməklik etməsini xahiş etmişdir. O da evin ünvanını ona izah etmiş, Elnarə gəlib onun evində 2 gün qaldıqdan sonra onunla birlikdə Azərbaycan Respublikasına geri qayıtmışdır. Bundan sonra Elnarə ilə mübasibəti olmamış, Elnarəni heç vaxt fahişəliyə cəlb etməmiş və cinsi istismara məruz qoymamışdır. Zərərçəkmiş şəxs1 da Yeganə vasitəsilə təxminən 2016-cı ildə tanımışdır. Yeganə, Lamiyə və bir nəfər qadın birlikdə Türkiyə Respublikasının Ankara şəhərində qalıb fahişəliklə məşğul olmuşlar. Lamiyə də onun nömrəsini Yeganənin mobil telefonundan götürüb ona zəng vurub bildirmişdir ki, qalmağa yeri olmadığı üçün bir neçə günlük qonaq kimi onun evində qalmaq istəyir. O da Lamiyə ilə razılaşmış və evinə qonaq kimi qəbul etmişdir. Sonra Yeganənin yanında olan digər qadın ona zəng vuraraq bildirmişdir ki, Lamiyə onun qızıllarını oğurlamışdır. Buna görə də o, Lamiyəyə bildirmişdir ki, onun evindən getsin. Bundan sonra Lamiyə ilə əlaqəsi olmamış, hərdən bir mobil telefon əlaqəsi saxlamışlar. Söhbətlərin birində Lamiyə ona bildirmişdir ki, X1 Dubay şəhərinə getmək istəyir. O da Lamiyəyə bildirmişdir ki, həmin şəhərdən onu deportasiya etmişlər, ona görə ora gedə bilməz. Lakin sonradan fikirləşmişdir ki, deportasiyanın bitib bitmədiyini öyrənmək üçün Lamiyə ilə birlikdə X4 getsin. Lamiyə ilə birlikdə bilet almış və onlar birlikdə 2017-ci ilin yanvar ayında Dubay şəhərinə getmişlər. Hava limanında onu saxlamamışlar və bilmişdir ki, onun deportu yoxdur. Bundan sonra Lamiyə ilə birlikdə hotel axtarmağa başlamış, lakin sonra Özbəkistan Respublikasının vətəndaşının evində iki gün kirayədə qalmışlar. O, iki gün Lamiyə ilə birlikdə qaldıqdan sonra tanışlarının yanına getmişdir. Özü ümumiyyətlə Türkiyə Respublikasının İstanbul şəhərində olmamış, Türkiyə Respublikasının Kayseri vilayətinin Kır şəhərində yaşamışdır. Həmin şəhərdə də gözəllik salonu icarəyə götürüb işlətmişdır. Lamiyə özü Yeganənin yanında Ankara şəhərində fahişəliklə məşğul olmuş, Lamiyə Türkiyədə cəmi 3 gün qonaq kimi onun yanında qalmışdır. Dubay şəhərində də Lamiyə özü bir nəfər qadının nəzarəti altında fahişəliklə məşğul olmuşdur. O, Calrich hotelini tanımamışdır. Cəmi 3 gün Lamiyə ilə birlikdə qalmışdır. Sonralar özü Naif bazarı deyilən ərazidə yaşamış və həmin müddət ərzində evdən çıxmamışdır. Lamiyə ilə mobil telefon vasitəsilə əlaqə saxladıqda Lamiyə özü ona bildirmişdir ki, Dera hotelində fahişəliklə məşğul olur. Heç vaxt Lamiyəni fahişəliyə cəlb etməmiş, cinsi istismara məruz qoymamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə tanış olmamışdın əvvəl ticarət məqsədilə Türkiyə Respublikasının İstanbul şəhərinə gedib gəlmişdir. Təqsirləndirilən şəxs 2013-cü ildən tanımışdır. 2013-cü ilin noyabr ayının əvvəllərində yaşadığı Xaçmaz şəhərində olan zaman Elnarə ilə mobil telefon əlaqəsi saxlamış, aralarında olan söhbət zamanı maddi sıxıntıları olduğunu bildirmişdir. Elnarə ona bildirmişdir ki, ayın sonunda Türkiyə Respublikasına işləmək üçün gedəcəkdir. O, Elnarədən Türkiyə Respublikasında hansı işlə məşğul olduğunu soruşduqda Elnarə bildirmişdir ki, Türkiyə Respublikasının Kir şəhərində restoran və tekstil fabriklərində yaxşı işlər var. Orada işləyib yaxşı pul qazanır və ailəsini saxlayır. Elnarə ona təklif etmişdir ki, əgər istəsə onu da özü ilə birlikdə apara bilər. Maddi sıxıntıları olduğu üçün Elnarənin bu təklifi ilə razılaşmışdır. Sonra Elnarə ilə yenə də əlaqə saxlayıb Türkiyə Respublikasına getmək üçün ikisi də eyni reysə gediş və qayıdış üçün təyyarə bileti almışlar. Bundan sonra aralarında olan danışğa əsasən 27 noyabr 2013-cü il tarixdə Heydər Əliyev adma Bakı Beynəlxalq hava limanından təyyarə vasitəsilə Türkiyə Respublikasının İstanbul şəhərinə yola düşmüşlər. 27 noyabr 2013-cü il tarixdə İstanbul şəhərinə çatdıqdan sonra Elnarə ilə birlikdə avtobus vasitəsilə Türkiyə Respublikasının Kir şəhərinə getmişlər. Orada Elnarənin qaldığı yerdə yerləşmiş, Elnarə bildirmişdir ki, pasportunu ona versin. Elnarə onun pasportunu işə düzəlmək adı ilə ondan almışdır. 28 noyabr 2013-cü il tarixdə o, Elnarəyə necə iş tapacaqlarını soruşduqda Elnarə kişi müştərilərlə cinsi əlaqədə olacağını bildirmişdir. Elnarə bildirmişdir ki, burada onun tanışları var, pasportu da ondadır və o nə deyirsə onu etməlidir. Məcburiyyət qarşısında qalıb Elnarə ilə razılaşmış, Elnarənini tutduğu evdə onun tapdığı kişi müştərilərlə cinsi əlaqədə olmuşdur. Elnarə onu gün ərzində 3-4 kişi müştəri ilə görüşdürmüş, müştəridən 100 türk lirəsi pul almış və ona 50 tl pul vermişdir. Qalan pulu da ev pulu və digər xərclər adı ilə demək olar ki, ondan almışdır. Elnarə onu 11 dekabr 2013-cü il tarixədək cinsi istismar etmiş, 12 dekabr 2013-cü il tarixə biletləri olduğu üçün təyyarə ilə Azərbaycan Respublikasına geri qayıtmışlar. Elnarə onu yolda hədələmiş və bu barədə heç kimə bir söz deməmişdir. Sonra Elnarə ilə münasibətləri bir qədər normallaşmış, özü ticarət məqsədilə Türkiyə Respublikasına getməli olmuşdur. Elnarə də Türkiyə Respublikasına getməli olduğunu bildirib onunla eyni avtobusa bilet almışdır. Onlar 13 yanvar 2104-cü il tarixdə Bakı Beynəlxalq Avtovağzalından Türkiyə Respublikasına yola düşmüşlər. İstanbul şəhərinə çatdıqda Elnarə ilə ayrılmış və hara getməsindən məlumatı olmamışdır. Sonra satmaq üçün bəzi məhsullar alıb Azərbaycan Respublikasına geri qayıtmış, sonra da Elnarə ilə hərdənbir əlaqə saxlamışdır. 2014-cü ilin noyabr ayının əvvəllərində Elnarə ilə əlaqə saxlayıb maddi sıxıntılarının olduğunu bildirmiş, Elnarə yenə də Türkiyə Respublikasına gedəcəyini, onun yanına gəlib fahişəliklə məşğul ola biləcəyini bildirmişdir. O da maddi sıxıntılarına görə Elnarə ilə razılaşmış, 16 noyabr 2014-cü il tarixdə Elnarə ilə birlikdə Bakı şəhərindən avtobus vasitəsilə yola düşmüşlər. 19 noyabr 2014-cü il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərinə çatmışlar və oradan da Türkiyə Respublikasının Kir şəhərinə getmişlər. Elnarə bu dəfə başqa ev tutmuş, yenə də maddi sıxıntıları olduğu üçün məcburiyyət qarşısında Elnarənin tapdığı kişi müştərilərlə cinsi əlaqədə olmuşdur. 14 dekabr 2014-cü il tarixədək olan müddət ərzində Elnarənin nəzarəti altında tapdığı müştərilərlə cinsi əlaqədə olmuşdur. Elnarə yenə də ona hər müştəriyə görə 50 tl pul vermiş və əlavə olaraq ev pulu almışdır. 15 dekabr 2014-cü il tarixdə İstanbul şəhərinə oradan da Azərbaycan Respublikasına yola düşmüşlər. Sonralar Elnarə ilə əlaqələrini kəsmişdir. Elnarənin barəsində cinayət işi başlyanda onu istintaqa çağırmışlar və gedib Elnarə barəsində ifadə vermişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, bibisi Zenfira uzun müddətdir ki, Türkiyə Respublikasında yaşayır. 2016-cı ilin əvvəllərində bibisinin yanına yaşamaq üçün getmiş, həmin zamanlar Türkiyə Respublikası vətəndaşı olan Muxtar adlı şəxslə birlikdə yaşamış, sonradan ondan ayrılmışdır. Həmin zamanlar Türkiyə Respublikasının İstanbul şəhərində əslən Tovuz rayonundan olan qadın vasitəsilə Elnarə ilə tanış olmuşdur. Elnarə ilə münasibəti yarandıqdan sonra Elnarə ona bildirmişdir ki, Türkiyə Respublikasında və X2 ticarətlə məşğul olur, müxtəlif məhsullar alıb Azərbaycana gətirib satır və bu yolla maddi ehtiyaclarını ödəyir. Sonralar Azərbaycan Respublikasına geri qayıtmış, Azərbaycan Respublikasında olduğu müddət ərzində də Elnarə ilə əlaqə saxlamışdır. 2016-cı ilin dekabr ayında Elnarə ilə söhbət zamanı sonuncu ona bildirmişdir ki, 2017-ci ilin əvvəllərində ticarət məqsədilə X1 Dubay şəhərinə gedəcək və ona da təklif etmişdir ki, əgər istəsə onunla birlikdə gedə bilər. O da fikirləşmişdir ki. Elnarə ilə gedib oradan bir miqdar qızıl alıb gətirib Azərbaycan Respublikasında sata bilər. Lakin həmin zaman maddi vəziyyəti yaxşı olmamışdır. Bu fikrini Elnarəyə dedikdə Elnarə ona narahat olmamasını ona borc verə biləcəyini və daha sonra aldığı məhsulları satıb pulunu qaytaracağını bildirmişdir. Elnarə ona bildirmişdir ki, pasportunun fotoşəklini ona göndərsə onun üçün də bilet ala bilər. O öz pasportunun fotoşəklini Elnarəyə göndərmiş, Elnarə onun üçün bilet almış və viza məsələlərini həll etmişdir. Biletin pulunu da Elnarə sonradan geri ödəmək şərti ilə onun üçün vermişdir. 09 yanvar 2017-ci il tarixdə Elnarənin Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində olan “Mado” restoranının yaxınlığında yerləşən evində qalmış, 10 yanvar 2017-ci il tarixdə Heydər Əliyev adına Bakı Beynəlxalq Hava limanından təyyarə vasitəsilə X1 Dubay şəhərinə getmişlər. Dubay şəhərində görmüşdür ki, Elnarə ərəb və ingilis dillərini yaxşı bilir. Orada Elnarə bir nəfər vasitəsilə qalmaq üçün ev tapmışdır. Həmin evdə onlardan başqa iki nəfər Tacikistan vətəndaşı da olmuşdur. Onların orada nə işlə məşğul olmasını bilməmişdir. Elnarənin tutduğu ev Dera adlanan ərazidə yerləşmişdir. Evdə olduqda Elnarə onun pasportunu almışdır ki, burada qeydiyyata düşmək üçün lazım olacaqdır. O da pasportunu Elnarəyə vermişdir. Səhəri gün Elnarə kişi müştərilər tapıb gətirmiş və müştərilərlə pul müqabilində cinsi əlaqəd olmasını bildirmişdir. Pasportu Elnarədə olduğu üçün onun dediklərini etməkdən başqa çıxış yolu olmamışdır. 12 yanvar 2017-ci il tarixdə Elnarə onu “Clarich” hotelinə aparmış, həmin hoteldə də kişi müştərilərlə görüşməyə məcbur etmişdir. Elnarə onu gün ərzində 3-4 kişi müştəri ilə pul müqabilində görüşdürmüş, lakin aldığı puldan ona verməmişdir. Elnarə onu 05 fevral 2017-ci il tarixdək cinsi istismar etmişdir. Sonralar dil öyrəndikdən sonra X6 vətəndaşı olan Abdulla adlı şəxslə münasibəti yaranmış, Elnarədən pasportunu alıb 05 fevral 2017-ci il tarixdən etibarən Abdulla adlı şəxslə birlikdə yaşamağa başlamış, sonra Elnarədən məlumatı olmamışdır. Daha sonralar Dubay şəhərinə Abdullanın yanına özü getmişdir. Elnarənin barəsində cinayət işi başlyanda onu istintaqa çağırmışlar və gedib Elnarə barəsində ifadə vermişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan İbtidai istintaq zamanı Daxili İşlər Nazirliyinin İAMAS xidmətindən götürülmüş sərhəd keçidinə dair sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 xx.xx.2013-cü il tarixdə saat 07:02 dəqiqədə «C00106468» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə təyyarə vasitəsilə Türkiyə Respublikasının İstanbul şəhəri istiqamətində tərk etmiş, xx.xx.2013-cü il tarixdə saat 16:20 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, xx.xx.2014-cü il tarixdə saat 23:06 dəqiqədə «C00106468» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2014-cü il tarixdə saat 21:01 dəqiqədə AA75602 nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs1 xx.xx.2017-ci il tarixdə saat 22:43 dəqiqədə «P00600669» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə təyyarə vasitəsilə X1 Dubay şəhəri istiqamətində tərk etmiş, xx.xx.2017-ci il tarixdə saat 03:47 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə təyyarə vasitəsilə X1 Dubay şəhəri istiqamətindən ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə saat 07:00 dəqiqədə «P5449880» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq hava limanından keçməklə Türkiyə Respublikasının İstanbul şəhəri istiqamətində tərk etmiş, xx.xx.2013-cü il tarixdə saat 16:21 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq hava limanından keçməklə Türkiyə Respublikasının İstanbul şəhəri istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2014-cü il tarixdə saat 23:07 dəqiqədə Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2015-ci il tarixdə saat 00:42 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, xx.xx.2017-ci il tarixdə saat 10:43 dəqiqədə «C01704279» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq hava limanından keçməklə X1 Dubay şəhəri istiqamətində tərk etmiş, xx.xx.2017-ci il tarixdə saat 10:43 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq hava limanından keçməklə X1 Dubay şəhəri istiqamətindən ölkəyə daxil olmuşdur. Cinayət işinə əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağaməmməd qızının məhkumluğu yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli 4(005)-978/2021 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə əvvəli 30 sentyabr 2021-ci il tarixdən hesablanmaqla 08 noyabr 2021-ci il tarixədək «ev dustaqlığı» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından gbrünür ki, 08 noyabr 2021-ci il tarixdə isə Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələrində nəzərdə tutulan əməllərini törətməsini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 cinsi istismara məruz qoymaması, onları fahişəliyə cəlb etməməsi kimi ifadələri zərərçəkmiş şəxslərin ifadələri və işdə olan digər sübutlarla təkzib olunmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Cinayət işinin materiallarına əlavə olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar yaşayış yeri üzrə müsbət xarakterizə olunması, zərərçəkmiş şəxslərlə barışması və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasıdır. Azərbaycan Respublikası CM-in 61.1.6-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal kimi cinayətin tamah məqsədilə törədilməsidir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 sentyabr 2021-ci il tarixdən 08 noyabr 2021-ci il tarixədək «ev dustaqlığı»da saxlanıldığı 1 ay 8 gün müddət əsas cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Bundan başqa məhkəmə Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirənin tətbiq olunmasını zəruri hesab etmir. Belə ki, 01 may 2012-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə, məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş musadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı alət və vasitələr istisna olmaqla) məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlakın hesabına əldə olunmuş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsinin; terrorçuluğun, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin (qrupların), mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutmuşdur. Qeyd edilən normaların tələblərinə görə əmlakın müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə istintaqı nəticəsində Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Cinayət işi üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslərə yuxarıda göstərilən hüquqları izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs”qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndəlilməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan – 29 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 36 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 60 (altmış) manat məbləğində pul ödənilməlidir. İş üzrə məhkəmə xərcləri yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 144-3.4-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 sentyabr 2021-ci il tarixdən 08 noyabr 2021-ci il tarixədək «ev dustaqlığı»da saxlanıldığı 1 ay 8 gün müddət əsas cəzadan çıxılmaqla ona qəti olaraq 8 (səkkiz) il 4 (dörd) ay 22 (iyirmi iki) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs”qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndəlilsin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan- 29 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə təbiq edilməsin. Zərərçəkmiş şəxslərə mülki iddiasının mulki icraat qaydasında verilməsi izah edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 36 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 60 (altmış) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1218/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1218/2022
29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver