Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1219/2023 06.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metafetamini əldə edib üzərində saxlamaqla daşımış, 7 dekabr 2022-ci il tarixdə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 11:30-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 10,343 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış həmin psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, uzun müddət Böyük Britaniyada ailəsi ilə birlikdə yaşamışdır. Evlidir və himayəsində 2 azyaşlı övladı var. 4 dekabr 2022-ci il tarixdə dostu X7 Bakıya gəlmişdir. Onlar Bakı şəhərinə 6 günlük səfər etməyi planlaşdırmışdılar. ünvan 5 ünvanında yerləşən mənzili kirayə götürmüşlər. 7 dekabr 2022-ci tarixdə səhər saatlarında Rəşid Behbudov küçəsində yerləşən restoranların birində səhər yeməyi yeyib restorandan çıxarkən 3-4 nəfər mülki geyimli şəxs onlara yaxınlaşıb əlində olan çantanı alaraq onu zorla avtomobilə əyləşdirib qolunu qandallamışlar. O, avtomobildə olarkən həmin şəxslərin cinayətkar olduğunu zənn edib bütün pulunu götürmələrini, əvəzində isə onu buraxmalarını xahiş etmişdir. Bundan sonra avtomobilin qabaq sağ oturacağında əyləşən şəxs ona xidməti vəsiqəsini göstərib DİN-in BNMİ-nin əməkdaşı olduğunu bildirmişdir. Həmin şəxsin adı Səttar olmuşdur. Sonra həmin şəxslər onu Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirmiş, şöbədə olarkən üzərinə baxış keçiriləcəyini bildirmişlər. Üzərinə baxış keçirilməzdən əvvəl onun əynində olan şalvarının cibinə narkotik vasitə qoymuşlar. O, həmin vaxt etiraz edərək narkotik vasitənin ona aid olmadığını bildirmiş, bu vaxt Səttar adlı şəxs digər polis əməkdaşlarını otaqdan çıxardaraq onunla tək söhbət edəcəyini demişdir. Səttar ona narkotik vasitənin ona məxsus olmasını qəbul etməyəcəyi halda ya bir neçə kiloqram narkotik vasitə ilə ittiham olunacağını, ya da ailə üzvlərinin Bakıya gətirilib həbs olunacağını bildirmişdir. Lakin o, Səttarın təklifi ilə razılaşmamışdır. Buna görə də polislər onu döyməyə başlamış, hətta ayaq dırnağını da çıxartmışlar. Onu o qədər döymüşlər ki, özündən getmiş, sonra onu ayıldıb su vermişlər. Polislər uşaqlarını həbs edəcəklərini dediklərdən məcbur olub onların təklifi ilə razılaşmışdır. Daha sonra otağa xanım vəkil gəlib şəxsi axtarış zamanı narkotik vasitəni yerdən tapdığını və satış məqsədilə üzərində saxlamadığını bildirməsini demişdir. O, ailəsi ilə təhdid olunduğu üçün şəxsi axtarış zamanı yalan ifadə vermişdir. Bundan sonra onu 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparmış, xəstəxanadan isə onu Nəsimi RPİ-nin MSY-nə gətirmişlər. MSY-da olarkən içəri iri cüssəli bir şəxs daxil olmuşdur. Əvvəlcə onu döymək üçün ora gəldiyini zənn etmiş, lakin həmin şəxs də onun kimi şübhəli şəxs olduğunu bildirmişdir. Həmin şəxs yaralarını bintlə sarımışdır. Bu müddətdən sonra onlara çay gətirmişlər. O, çayı içdikdən sonra özünü narahat hiss etməyə başlamış, gözü qaralmış və özündən getmişdir. Bundan sonra müstəntiq polis əməkdaşları tərəfindən ona xəsarət yetirilməməsi ilə bağlı izahat verməli olduğunu bildirmişdir. Lakin o, gözünün yaxşı görməməsini əsas gətirib izahat verməkdən imtina etmişdir. Daha sonra Narkoloji Dispanserə aparılmış, oradan da Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Təcridxanaya daxil olduqdan 4 gün sonra müdafiəçi onunla görüşmüş və bədənində olan xəsarətləri qeyd etmişdir. Bir müddət sonra təcridxanada aclıq aksiyasına başlamışdır. Buna görə də o, Nəsimi RPİ-nin MSY-nə etap olunmuşdur. Orada olarkən müstəntiq ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsini həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmasını ona təklif etsə də, o, razılaşmamışdır. Saxlanılarkən üzərində narkotik vasitə olmamış və narkotik vasitələrdən heç vaxt istifadə etməmişdir. X10 qanunsuz saxlanılması ilə bağlı Böyük Britaniyadan məktub göndərmişdir. Narkotik vasitəni tapmamış, ibtidai istintaq zamanı ailəsini də cinayət məsuliyyətinə cəlb etməklə hədələndiyi üçün yalan ifadə vermişdir. Onu 3-4 nəfər polis əməkdaşı saxlamış, polis şöbəsində olarkən üzərinə baxış keçirmişlər. Polis əməkdaşlarının ona qarşı hansı səbəbdən qərəzli olduqlarını bilməmiş, narkotik vasitələrdən istifadə etməmişdir. Böyük Britaniyada olarkən Azərbaycan Respublikasının Səfirliyinə edilən hücumun qarşısını almağa çalışmış, bir azərbaycanlı olaraq dövlətin təşkil etdiyi ictimai tədbirlərin hər birində fəal iştirak etmişdir. Avtomobildə olarkən polis əməkdaşlarına Böyük Britaniyadan yeni gəldiyini və narkotik vasitələrdən istifadə etmədiyini deyə bilməmiş, çünki ona fiziki təzyiq göstərmişlər. Saxlanılan zaman Böyük Britaniya səfirliyinin nümayəndəsini polis şöbəsinə dəvət etmələrini tələb etsə də, dəvət etməmişlər. Dostu ilə viza alıb Azərbaycana gəlmiş, məqsədləri ölkəni gəzmək olsa da, əlavə olaraq dişlərini də müalicə etdirmək istəmişlər. Saxlanıldıqdan 2 gün sonra dostu ölkəsinə qayıtmış, bu müddət ərzində dişlərini müalicə etdirmişdir. X11 Nəsimi RPİ-nin 22-ci PB-nin qarşısına gəlsə də, ibtidai istintaq zamanı dindirilməmiş, lakin həmin şəxs o saxlanılarkən gördükləri ilə bağlı Böyük Britaniyadan məktub göndərmişdir. Böyük Britaniyada olarkən bir çox məhşur şəxsin mühafizəçisi işləmişdir. Himayəsində 2 azyaşlı uşağı var. İbtidai istintaq zamanı yazılan ifadəyə oxumadan imza etmiş, onun şəxsi axtarış aparılmazdan əvvəl döymüşlər. Həmin ifadəni müstəntiq yazmış, o isə oxumadan imza etmişdir. Müstəntiqin otağında olarkən ona fiziki və psixoloji təsir göstərilməmiş, lakin həm qorxmuş, həm də MSY-da olarkən içdiyi çaya görə özündə olmamışdır. Qətimkan tədbiri ilə bağlı məhkəmə iclası başlamazdan əvvəl məhkəmə iclas katibinə ayağında olan xəsarəti göstərmiş, məhkəmə iclası zamanı da hakimə xəsarət aldığını demişdir. Bakı İstintaq Təcridxanasına daxil olarkən bədənində olan xəsarətləri qeyd etmişlər. Barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasında ayağında olan xəsarəti hakimə göstərməmişdir. Aldığı xəsarətlərlə bağlı prokurorluq əməkdaşı tərəfindən izahatı alınmışdır. Bədənində olan xəsarətlərlərlə bağlı tibbi ekspertiza keçirilməmişdir. Şahid2 ona fiziki təsir göstərmiş, lakin dırnağını Səttar adlı şəxs çıxartmışdır. Şahid1 və Şahid3 ona xəsarət yetirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmamışdır. 7 dekabr 2022-ci il tarixdə saat 11:30-da ünvan 3 ünvanın qarşısında olan zaman ona 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra onun hərəkətlərinin şübhəli olduğunu, həmçinin narkotik vasitələrin istifadəsində və satışında şübhəli olduğunu bildirərək onlarla birlikdə Nəsimi RPİ-nin 22-ci PŞ-nə getməyi bildirmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Nəsimi RPİ-nin 22-ci PŞ-nə gəlmiş, polis şöbəsində xidməti otaqlardan birinə dəvət edilərək orada ona hüquq və vəzifələri izah edilmişdir. Ona ərizəsi əsasında dövlət hesabına müdafiəçi təyin edilmiş, müdafiəçi şöbəyə gəldikdən sonra ona təqdim edilmiş, heç bir etirazı olmadığını bildirdikdən sonra üzərinə keçiriləcək baxışda iştirak etmək üçün 2 nəfər şahid, yəni polis əməkdaşları və videoçəkiliş aparan mütəxəssis dəvət edilmişdir. Bundan sonra ona üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya olduğu təqdirdə təqdim etməyi təklif olunmuş, bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd bükümdə metafetamini, 1 ədəd içərisində simkart nömrəsi olmayan “İphone” markalı mobil telefonu, 411 manat pulu və 350 funt sterlinq pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra isə şalvarının sol yan cibindən çıxarıb masanın üzərinə qoyduğu əşyaya baxış keçirilmiş və ondan həmin bükümün nə olduğu soruşulduqda o, həmin bükümün içərisindəki maddənin metafetamin olduğunu bildirmişdir. Ondan həmin metafetaminin haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual etdikdə, həmin metafetamini saxlanılmazdan 1 gün əvvəl, yəni 6 dekabr 2022-ci il tarixdə axşam saatlarında Nəsimi rayonu ərazisində yerdən tapdığını, tapdığı metafetamindən istifadə etmədiyini, sonra öz istifadəsi üçün üzərində gəzdirdiyini demişdir. Bundan sonra iştirakçılara həmin şəffaf sellofanın içində olan psixotrop maddəyə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra psixotrop maddəyə bənzər maddə zərfə qoyularaq zərfin ağzı DİN-nin zərf üçün nəzərdə tutulmuş “7” nömrəli möhürü ilə möhürlənmişdir. O və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. Psixotrop maddə olan metafetamini əldə etməmiş, onu yerdən tapmış, bu barədə heç kəsə məlumat verməmişdir. Saxlanılarkən və ondan sonra polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki və yaxud psixi təzyiqə məruz qalmamış, üzərindən aşkar edilmiş metafetamini saxlanmazdan 1 gün əvvəl, yəni 6 dekabr 2022-ci il tarixdə axşam saatlarında Nəsimi rayonu ərazisində tapmış, heç vaxt İran İslam Respublikasına getməmiş, metafetamini tapdığı zaman tək olmuş, başqa heç bir cinayət əməli törətməmiş, ruhi dispanserdə qeydiyyatda olmamışdır (cild 1, iş vərəqə 63-65). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Ona qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması ilə bağlı məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən sonra bilavasitə yaxalanması, narkotik vasitələrin vaxtında aşkar olunmaqla götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması və təxirəsalınmaz tədbirlər görülməklə aşkar və gizli üsulla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə onun tərəfindən Baş İdarənin rəhbərliyinə raportla məruzə olunmuş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə 7 dekabr 2022-ci il tarixdə onun tərəfindən qərar tərtib olunmaqla rəhbərlik tərəfindən həmin tədbirin həmin idarənin əməliyyat müvəkkili Şahid1 və Şahid3 ilə birgə keçirilməsi ilə bağlı əmr imzalanmışdır. 7 dekabr 2022-ci il tarixdə saat 11:00 radələrində keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs ünvan 6 ünvanın yaxınlığında saxlanılaraq Nəsimi RPİ-nin 22-ci PŞnə gətirilmişdir. PŞ-də olarkən onun şəxsiyyəti tam dəqiqləşdirilərkən xx xxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 8 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Bundan sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış və götürmə aparılmasına başlanılmış və qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra ilkin olaraq Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd bükümdə ağ rəngli, kristalşəkilli psixotrop maddə olan metafetaminə bənzər kütləni, 1 ədəd mobil telefonu, azərbaycan manatını və ingilis pulunu təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən qadağan olunmuş əşya və hər hansı bir predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi metafetaminə bənzər kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin metafetamini saxlanılmazdan 1 gün əvvəl, yəni 6 dekabr 2022-ci il tarixdə axşam saatlarında Nəsimi rayonu ərazisində yerdən tapdığını, tapdığı metafetamindən istifadə etmədiyini, öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs Nəsimi rayonu ərazisində o, DİN-nin BNMİnin əməliyyat müvəkkilləri Şahid3 və Şahid1 tərəfindən gündüz saatlarında saxlanılmışdır. Təqsirləndirilən şəxs restoranda və ya küçədə saxladıqlarını dəqiq xatırlamamışdır. Təqsirləndirilən şəxs saxlayarkən özlərini ona təqdim etmişlər. Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 22-ci PŞ-nə avtomobillə gətirmiş, lakin o, avtomobilin ön və ya arxa oturacağında oturduğunu xatırlamamışdır. Şəxsi axtarışda tədbir iştirakçıları, müdafiəçi, təhqiqatçı və təqsirləndirilən şəxs iştirak etmiş, lakin Səttar adlı polis əməkdaşı şəxsi axtarışda iştirak etməmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixoloji təsir göstərilməmişdir. Hansı polis əməkdaşının avtomobili ilə əməliyyat tədbirinə getdiklərini xatırlamamışdır. Narkotik vasitədən əlavə Təqsirləndirilən şəxs üzərindən azərbaycan manatı və ingilis funt sterlinqi aşkar edilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 və Şahid3 Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması” haqqında 7 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd bükümdə psixotrop maddə metafetaminə oxşar maddə aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Şəxsi axtarışın gedişatını əks etdirən görüntülər “DVD” diskə köçürülməklə iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 30-32). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7 dekabr 2022-ci il tarixli 6/6930 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №189” möhür əksi “Təqsirləndirilən şəxs təqdim etdiyi” və s. yazılar, imzalar olan 1 ədəd kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 10,343 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Metafetamin 2005-ci il 28 iyun tarixli “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: metafetaminin təmiz çəkisi 10,343 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 10,243 qram, cild 1, iş vərəqə 42-44). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 10 dekabr 2022-ci il tarixli 7505 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 113- 114). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 2 mart 2023-cü il tarixli 573 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik aşkar edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli hazırda Azərbaycan Respublikası CM-nin 21.3-cü və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti onunla istintaq hərəkətlərinin həyata keçirilməsinə imkan verir. Təqsirləndirilən şəxs qərarda qeyd olunan əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 192-193). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin 5 yanvar 2023-cü il tarixli 568 nömrəli rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ayaq pəncəsinin 1-ci barmağının dırnaq falqasının hiperemiyalı, mənfəzi infiltratlı yarası, hər iki baldırın arxa-iç və ön-yan səthlərinin trofiki səthi dəri yaraları, hər iki dizin səthin ön səthinin sıyrıq izləri aşkar edilmişdir. Bədən səthində 7.12.2022-ci il tarixə və qərarın təsviri hissəsində göstərilən şəraitə uyğun hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Qeyd olunan sıyrıq izləri, trofiki və infiltratlı yaralar Təqsirləndirilən şəxs müayinəsindən çox əvvəl yarandığından və qeyri-müəyyən mənşəyə malik olduqlarından məhkəmə-tibbi meyarlara əsasən bu hallar sağlamlığa zərərvurma dərəcəsinin təyinində nəzərə alınmır (cild 1, iş vərəqə 111-112). Cinayət işinin materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən fiziki təzyiqlərə və işgəncələrə məruz qalması ilə bağlı müraciətində göstərilən xüsusatlar öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs barəsində məhkəmə tibbi ekspertizasının rəyinə əsasən bədən səthində tutulduğu 7.12.2022-ci il tarixə və qərarın təsviri hissəsində göstərilən şəraitə uyğun hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədiyindən, onda aşkar olunmuş sıyrıq izləri, trofiki və infiltratlı yaralar Təqsirləndirilən şəxs müayinəsindən çox əvvəl yarandığından və qeyri-müəyyən mənşəyə malik olduqlarından cinayət işinin başlanılması rədd edilmişdir (cild 1, iş vərəqə 137-139). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə 7 dekabr 2022-ci il tarixdə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 11:30-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 1 bükümdə təmiz çəkisi 10,343 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış həmin psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs psixotrop maddə satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən heç bir sübut əldə etməmiş, məhkəmə baxışında da təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmamışdır. İbtidai istintaq orqanı gəldiyi nəticəni həm də təkzibedilməz sübutlar kimi sadaladığı şahid ifadələri, əməliyyat məlumatı və məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə də təsdiq edildiyini vurğulamışdır. Ancaq həmin sübutların heç birində təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınmasını təsdiq edən hallar mövcud deyildir. Beləliklə, faktiki olaraq ibtidai istintaq orqanının qiymətləndirdiyi sübutlar əslində təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən onun üzərindən aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyidir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı Qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da, işin ədalətli həlli məhz təqsirkarın yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində ondan aşkar olunmuş metafetamini saxlanılmazdan 1 gün əvvəl, yəni 6 dekabr 2022-ci il tarixdə axşam saatlarında Nəsimi rayonu ərazisində yerdən tapdığını, tapdığı metafetamindən istifadə etmədiyini, sonra öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan “mobil telefona baxış keçirilməsi haqqında” 28 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “İphone” markalı mobil telefona keçirilən baxış zamanı “WhatsApp” ani mesajlaşma mübadilə sistemi yoxlanılarkən istintaq üçün sübut əhəmiyyətli heç bir fakt aşkarlanmamışdır (cild 1, iş vərəqə 101). Cinayət işinin materiallarında olan “DİN-nin BİKİ-dən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında” 1 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrənin 1 dekabr 2022-ci il tarixdə saat 00:00 radələrindən 10 dekabr 2022-ci il tarixə saat 23:50 radələrinə qədər olan müddətdə daxil olan, çıxan mesajların siyahısı və mesajların mətnləri alınmış, həmin mesaj mətnlərinə baxış zamanı narkotik vasitələrin satışını sübut edən mesajların olması müəyyən olunmamışdır (cild 1, iş vərəqə 197-206). Təqsirləndirilən şəxs həmin psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, psixotrop maddənin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamış və faktiki olaraq bu istiqamətdə hər hansı istintaq hərəkəti yerinə yetirilməmişdir. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs psixotrop maddənin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan psixotrop maddənin satmaq məqsədi ilə əldə etməsini və istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir sübut yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi (cild 1, iş vərəqə 63-65) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olmasını sübut etdiyindən məhkəmə həmin ifadəni mötəbər hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması özünün ibtidai istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə, hərtərəfli, tam və obyektiv tədqiq edilərək şahidlərin ifadələri, eləcə də işin bir-birini təsdiq edən digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 1 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 10,243 qram olan psixotrop maddə metafetamin maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 2 ədəd DVD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 208-217). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 93). Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı vardır (cild 2). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 7 dekabr 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 21). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 9 dekabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 7 dekabr 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 76-78). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 7 dekabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 109,90 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 10,243 qram olan psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 7 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 109,90 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 10,243 qram olan psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1219/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1219/2023
06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver