Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1219/2024 02.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1996-cı il tarixdə Cəlilabad rayonunun Suluçeşmə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Suluçeşmə kəndində qeydiyyatda olan, faktiki olaraq Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində nömrəsiz fərdi evdə yaşamış, 08 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 09 sentyabr 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - ümumi təmiz çəkisi 3,417 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi təmiz çəkisi 11,280 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhələnildiyi üçün Bakı şəhəri, Sabunçu rayon Polis idarəsi, Post-patrul xidməti bölməsinin əməkdaşları tərəfindən 08 sentyabr 2023-cü il tarixdə saat 06 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 90 saylı məktəbin yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Bakı şəhəri, Sabunçu RPİ, 12-ci Polis şöbəsinin inzibati binasına gətirilmiş və xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eynilik təşkil edən, külli miqdarda - 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,783 qram, 0,751 qram, 0,721 qram, 0,411 qram, 0,751 qram olmaqla, ümumi təmiz çəkisi 3,417 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və xarici əlamətlərinə, tərkibindəki kimyəvi komponentlərinə görə eynilik təşkil edən külli miqdarda - 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,873 qram, 0,478 qram, 0,929 qram olmaqla, ümumi təmiz çəkisi 11,280 qram təşkil edən ağ kristallik formada maddə kütlələri kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, polis işçiləri onu 07 sentyabr 2023-cü il tarixdə axşam saat 19 radələrində Ramana qəsəbəsində məktəbin yanında saxlamışlar. Üzərinə baxış keçirilərkən bir bükümdə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Bundan sonra onu polis bölməsinə apararaq orada səhərə qədər saxlamışlar. Səhər onu çəkilişə aparanda üstündən çıxmış maddəni ondan götürərək çox miqdarda başqa narkotik maddələr vermişlər və ona həmin maddələri çəkiliş zamanı çıxarıb təqdim etməyi tapşırmışlar. O da, videoçəkiliş zamanı polis işçilərinin dediyi kimi etmiş və ona verilmiş narkotik vasitələri çıxarıb təqdim etmişdir. Polis işçiləri onu bölməyə aparıb səhərə qədər döymüş, o da, məcburiyyətdən onların dedikləri ilə razılaşmışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, polis əməkdaşları onun sifət nahiyəsindən yox, qarın nahiyəsindən vurmuşlar. Buna görə də təcridxanaya gətiriləndə onun üzərində xəsarət izləri olmamışdır. Saxlanılan vaxt onun üzərində 1 büküm “mal” olmuş, lakin onun dəqiq çəkisini bilməmişdir. Həmin narkotik vasitəni Yasamaldan tanımadığı şəxsdən almış və narkotik vasitənin üstündən götürüb istifadə etmişdir. Həmin narkotik vasitəni aldığı şəxsin narkotiklərin satışı ilə məşğul olduğunu əvvəlcədən bilmiş, ona görə də gedib ondan narkotik vasitə almaq qərarına gəlmişdir. Əvvəllər də özünün istifadəsi üçün narkotik lazım olanda həmin şəxsdən almışdır. Saxlanılıb polis bölməsinə gətirildikdən sonra polis əməkdaşları ona hədə-qorxu gəlmişlər, onlardan birinin adının Anar olduğunu xatırlayır. 3 aydan sonra onu Müvəqqəti saxlama yerindən çıxarıb sənədlərə imza etdirmişlər. Məhkəməyə sanksiya üçün aparılanda da polislər necə demişlərsə, həmin cür izahat vermişdir. Polis işçiləri ona hədə-qorxu gəldikləri üçün onların öyrətdikləri qaydada danışmışdır. İttiham aktında onun guya narkotik vasitəni İran vətəndaşından aldığı qeyd olunmuşdur. Lakin bu, belə deyildir. O, heç vaxt iranlıdan narkotik vasitələr almamışdır. Videoçəkiliş vaxtı onun yanında vəkil olmamış, çəkilişdən iki saat sonra vəkil gəlmişdir. Ona hədəqorxu gəldikləri üçün vəkilə bu barədə bir şey deməmişdir. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilən Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 8-ci km. bazarında göyərti bağlamaqla məşğul olub özünü dolandırmışdır. Lakin çox vaxt da işləyə bilməmiş, faktiki işsizdir. Təxminən 1-2 ilə yaxındır ki, narkotik vasitələrin aludəçisidir. Narkotik vasitələrdən heroini və metamfetamini əridib tüstüsünü iyləməklə qəbul edir. Narkotik vasitələrə ehtiyacı olanda internet vasitəsi ilə tanımadığı İran vətəndaşının hesabına pul göndərib gizlədilən yerdən narkotiki əldə edir və gizlin yerdə istifadə edir. Lakin son 2 aydır ki, həm də narkotik vasitələrin satışını həyata keçirir. Belə ki, uzun müddətdir başqa anket məlumatlarını bilmədiyi, özünü ona İran vətəndaşı Fazil kimi təqdim edən şəxsdən narkotik vasitələr aldığı üçün ona inamı yaranmışdır və Fazil narkotik vasitələri ona göndərir, o, narkotikləri götürür, ya özü istifadə edir, ya da satır və sonda Fazilin pulunu onun göndərdiyi kartın hesabına göndərir. Fazili bir ilə yaxındır ki, “instagram” sosial şəbəkəsində “narkotik satan” deyə yazıb axtarış edərkən tapmışdır və Fazil ona özünə məxsus xarici nömrənin “vatsapp” nömrəsini verərək onunla səsli və “sms” yazmaqla əlaqə yaratmışdır. Əvvəllər ondan narkotiki az miqdarda alıb istifadə etmiş və sonradan özünü dolandırmaq və narkotik vasitə almaq üçün pulu olması üçün Fazildən narkotik vasitələri - “kakos”, yəni heroin və “patı”, yəni metamfetaminin hər ikisinin 1 qramını 25 manatdan hazır bükümlərdə hərdən nisyə alıb, həmin narkotik vasitələrin bir qismini özü istifadə edib, bir qismini isə yarım qram narkotiki özü 30 manatdan başqa şəxslərə satıb, 1 qram narkotikin 25 manatdan pulunu sonradan Fazilin hesabına göndərmişdir. Yəni Fazildən 1 qram narkotiki 25 manata alıb, yarım qramını özü 30 manata satmış və pul qazanmışdır. Qazandığı puldan Fazilə verməmişdir. Fazil sadəcə ona 1 qramı 25 manatdan narkotik satmışdır. Fazildən narkotiki hərdən nisyə də almışdır. Fazillə olan yazışmaları və şəkilləri də sonradan telefonundan silmişdir. Buna görə də onun xarici nömrə olan vatsapp nömrəsini və hesab nömrəsini əzbər bilmir. Beləliklə, yenə də narkotik almaq üçün Fazillə danışıb ondan narkotik istəmiş və o da, 14 qramdan bir qədər çox miqdarda narkotiki ona verməyə razılaşmışdır. Onunla 07 sentyabr 2023-cü il tarixdə “vatsap” vasitəsi ilə danışmış və onun kart hesabına 230 manat pulu göndərdikdən sonra Fazil həmin 14 qram narkotikin olduğu Sabunçu qəsəbəsi, “Sabunçu bazarı”nın arxa hissəsindəki gözəllik salonun yanında olan böyük ağacın dibində gizlədilmiş yerin şəkillərini ona göndərib, yeri də səsli “sms”də izah etdikdən sonra oraya gedib həmin narkotik vasitələri götürmüşdür. Fazil ona təxminən 130 manat borclu qalmağını bildirmiş və o da, razılaşmışdır. Həmin yerə gedərkən ağacın dibində siqaret qutusunun içərisində 5 ədəd bükümdə heroin və 3 ədəd bükümdə metamfetamin olmasını görüb onları siqaret qutusundan çıxarıb qutunu yol kənarına atdıqdan sonra əynində olan tünd boz rəngli şalvarının cibinə qoymuş və oradan uzaqlaşmışdır. Həmin gün işləri ilə məşğul olmuş və gecələr yuxusu gəlmədiyi üçün 08 sentyabr 2023-cü il tarixdə yaşadığı yerə yaxın Sabunçu rayonu, Ramana qəsəbəsi, 90 nömrəli məktəbin yaxınlığına çıxıb gəzərkən iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmiş və xidməti vəsiqələrini göstərərək şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Üzərində olan narkotik maddənin tapılmasından qorxaraq onlardan yayınmağa çalışmışdır. Lakin onlar şübhələnmişlər və onu 12-ci Polis şöbəsinə dəvət etmişlər. Ona hüquq və vəzifələri izah olunduqdan və müdafiəçi ilə təmin olunduqdan sonra üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Baxışdan öncə ona üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuş, o, tünd boz rəngli şalvarının sağ yan cibindən həmin 2 ədəd ağ selofana bükülmüş və bir ədəd qara selofana bükülmüş içərisində ağ rəngdə kristal formalı maddə olan metamfetamin bükümlərini, 5 ədəd selofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddə olan heroin bükümlərini təqdim etmişdir. Üzərindən aşkar edilən narkotik vasitə bükümləri qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Həmçinin üzərində olan “Redmi” markalı mobil telefonu da götürülmüşdür. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və iştirakçılar protokolu imzalamışlar (cild 1, iş vərəqi 52-54). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların və sonda yazılmış qeydlərin ona məxsus olduğunu, lakin həmin ifadəni təsdiq etmədiyini, protokolu qorxub imzaladığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu rayon Polis idarəsi, Post-patrul xidməti bölməsinin polis nəfəri Şahid1 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi keçirilmiş əməliyyat tədbiri ilə bağlı tanımışdır. Ərazidə xidmət apararkən onlar şübhəli şəxsi kimi onu görmüş, Xəyyam onları görən kimi hərəkət istiqamətini dəyişmişdir. Onun bu hərəkətləri şübhə doğurduğundan, həmin şəxsə yaxınlaşıb adını və soyadını soruşmuşlar. Onlar şübhəli şəxsin adını portala daxil etdikdə, sonuncu, suallardan yayınmış, bu səbəbdən onu 12-ci polis bölməsinə aparmışlar. Bölmədə olarkən şübhəli şəxs özü könüllü olaraq üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçının otağında videoçəkiliş aparılmaqla şəxsin üzərinə baxış keçirilmişdir. Bu zaman şübhəli şəxsin üzərindən müxtəlif bükümlərdə metamfetamin və balaca bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Verilən sualları cavablandıran Şahid1 istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, suallara qeyri-adekvat cavab verdiyini, yaşadığı ünvanı bilmədiyini dediyini, şübhəli şəxsin saat neçədə saxladıqlarını xatırlamadığını, onu səhərə yaxın saxladıqlarını, bölməyə gətirildikdən maksimum 30 dəqiqə sonra şəxsin üzərinə baxış keçirildiyini, saxlanılan vaxt və polis bölməsində olarkən şəxsə qarşı heç bir fiziki və psixi təsir və təzyiq olunmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu rayon Polis idarəsi, Post-patrul xidməti bölməsinin polis nəfəri Şahid2 08 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığını, Sabunçu RPİ, 12-ci Polis şöbəsinə gətirildikdən sonra təhqiqatçı tərəfindən üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçrilməsi, bu zaman üzərindən müxtəlif bükümlərdə narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələrin aşkar olunaraq götürülməsi tədbirində iştirak etdiyini bildirərək, həmkarı Evin Həsənovun məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş 08 sentyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman ona edilmiş təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd ağ selofana bükülmüş və 1 ədəd qara selofana bükülmüş içərisində ağ rəngdə kristal formalı maddələr, 5 ədəd selofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddələri, həmin şalvarın sol yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə “Kakos” və “Patı” olduğunu, həmin maddələri ümumillikdə 230 manat pula İran vətəndaşı Fazil adlı şəxsdən istifadə və satış məqsədi ilə alaraq üzərində saxladığını bildirmişdir. Əlavə suallara cavab olaraq narkotik vasitələrdən 1 ilə yaxındır ki, istifadə etdiyini, iki aya yaxındır ki, narkotiklərin satışı ilə məşğul olduğunu bildirmişdir (cild 1, iş vərəqi 25-26). Cinayət işində olan videogörüntüyə baxış keçirilməsi haqqında 11 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, 1 ədəd DVD diskə köçürülmüş həmin görüntülər Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmışdır və bu barədə tərtib olunmuş 08 sentyabr 2023-cü il tarixli protokolla uyğunluq təşkil edir (cild 1, iş vərəqi 88). Məhkəmə-kimyəvi ekspertizasının 08 sentyabr 2023-cü il tarixli 3-16-16/2-6/4776 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün nömrə 159” dairəvi möhür əksləri, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 5 ədəd selofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,783 qram, 0,751 qram, 0,721 qram, 0,411 qram, 0,751 qram, ümumi təmiz çəkisi 3,417 qram təşkil edən qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 3 ədəd selofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,873 qram, 0,478 qram, 0,929 qram, ümumi təmiz çəkisi 11,280 qram təşkil edən ağ rəngli kristallik formada maddə kütlələri xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 8 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin»in siyahısına (Siyahı İ), metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən pxisotrop maddələri»in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 32-37). Məhkəmə-narkoloji ekspertizasının 25 sentyabr 2023-cü il tarixli 6098 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 108-109). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 6255 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hadisə zamanı qəflətən baş vermiş ruhi həyəcan vəziyyətində, affekt halında olmamışdır. Təqsirləndirilən şəxs baş verənləri düzgün qavrayıb təsvir etmək və ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs özündən uydurmağa patoloji meyllilik aşkar olunmamışdır (cild 1, iş vərəqi 112-115). İbtidai istintaq orqanının 07 dekabr 2023-cü il tarixli qərarı ilə təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 5 ədəd ayrı-ayrılıqda təmiz çəkiləri 0,783 qram, 0,751 qram, 0,721 qram, 0,411 qram, 0,751 qram, ümumi təmiz çəkisi 3,417 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin bükümləri və 3 ədəd ayrı-ayrılıqda təmiz çəkiləri 9,873 qram, 0,478 qram, 0,929 qram, ümumi təmiz çəkisi 11,280 qram təşkil edən ağ kristallik formada maddə kütlələri kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin bükümləri, 08 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 3,217 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 11,160 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmçinin bir ədəd “REDMİ” markalı mobil telefon aparatı maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, 08 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürməni özündə əks etdirən 1 ədəd DVD disk, "xxxx"xxxx"xxxx" MMC-dən daxil olmuş 2 ədəd CD disk iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 218-226). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, BƏSİİ-nin əməliyyat sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur (cild 1, iş vərəqi 96). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, polis işçilərinin onu 07 sentyabr 2023-cü il tarixdə axşam saat 19 radələrində Ramana qəsəbəsində məktəbin yanında saxladıqlarını, üzərinə baxış keçirilərkən bir bükümdə psixotrop maddə metamfetamin aşkar olunduğunu, bundan sonra onu polis bölməsinə apararaq orada səhərə qədər saxladıqlarını, səhər onu çəkilişə aparanda üstündən çıxmış maddəni ondan götürərək çox miqdarda başqa narkotik maddələr verdiklərini və ona həmin maddələri çəkiliş zamanı çıxarıb təqdim etməyi tapşırdıqlarını, onun da videoçəkiliş zamanı polis işçilərinin dediyi kimi etdiyini və ona verilmiş narkotik vasitələri çıxarıb təqdim etdiyini, polis işçilərinin onu bölməyə aparıb səhərə qədər döydüklərini, onun da məcburiyyətdən onların dedikləri ilə razılaşdığını bildirib öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri və psixotrop maddələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin müdafiəçinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu, həmin maddələri «İnstaqram» şəbəkəsindən tanış olduğu Fazil adlı İran vətəndaşından həm özünün istifadəsi, həm də satış məqsədilə əldə edib saxladığını, son 2 aydır narkotik vasitələrin satışını həyata keçirdiyini, Fazildən narkotik vasitələr aldığı üçün sonuncunun ona inamı yarandığını, Fazilin narkotik vasitələri ona göndərdiyini, onun isə həmin narkotikləri götürüb həm özü istifadə etdiyini, həm də satdığını, sonda Fazilin pulunu onun göndərdiyi kart hesabına göndərdiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə baxış keçirilən zaman ona qarşı hər hansı zor və təzyiq göstərilmədiyini bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar 09 sentyabr 2023-cü il tarixdə Sabunçu rayon Məhkəməsində keçirilən məhkəmə iclasında müdafiəçinin iştirakı ilə özünü təqsirli bilərək, izahatında narkotik maddələri Fazil adlı şəxsdən aldığını, onların satışından əldə olunan pulun çox hissəsini Fazil adlı şəxsə göndərdiyini, həmin şəxsi tanımadığını, yalnız telefon vasitəsi ilə əlaqə yaratdığını göstərmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Təqsirləndirilən şəxsin polis işçilərinin onu saxlayarkən və polis bölməsində olarkən döymələri və fiziki təzyiqlərə məruz qalması barədə gətirdiyi dəlillə bağlı məhkəmə qeyd etmək istəyir ki, həmin hal da məhkəmə iclasında yoxlanılmış və öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasından təqsirləndirilən şəxsin adına açılmış tibbi kitabçanın surəti alınmış və məhkəmə iclasında həmin sənəd tədqiq olunmuşdur. Tibb kitabçada aparılmış qeydlərlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 11 sentyabr 2023-cü il tarixdə Bakı İstintaq təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilmişdir. Bu zaman onun bədəni üzərində hər hansı xəsarət aşkar olunmamış, hər iki saidin ön səthində kiçik ölçüdə köhnə çapıqlar müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs xəsarət almadığını və şikayəti olmadığını bildirmişdir. Həmçinin, məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 Natiq oğlu şübhəli şəxs kimi Təqsirləndirilən şəxs saxlanılarkən və polis bölməsində olarkən ona qarşı hər hansı fiziki və psixoloji təzyiqlər göstərilmədiyini bildirmişlər. Qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadələr verməsini, saxlanılarkən üzərində bir bükümdə psixotrop maddə metamfetamin aşkar olunması, qalan maddələrin onun üzərinə polis işçiləri tərəfindən qoyulması, polis işçiləri tərəfindən döyülməsi və zor göstərilməsi nəticəsində aşkar olunmuş bütün narkotik və psixotrop maddələrin özünə məxsus olmasını, onların satışı ilə məşğul olmasını etiraf etməsi barədə bildirdiklərini Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı sübutlarla təsdiq olunduğuna görə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ondan aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrində şəxsi axtarış zamanı aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin özünə məxsus olduğunu, onların satışı ilə məşğul olmasını etiraf etməsini, həmçinin aşkar olunmuş maddələrin həm narkotik, həm də psixotrop maddələr olmaqla 2 növdə olmasını, ayrı-ayrı bükümlərə bükülmüş vəziyyətdə və ekspertin rəyinə əsasən, həmin narkotik və psixotrop maddələrin tərkib komponentlərinə görə eynilik təşkil etməsini, aşkar olunmuş maddələrin kütləsinin külli miqdar həcmindən dəfələrlə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməllərinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs subay olmaqla ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə 08 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 09 sentyabr 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin vaxtdan halhazıra qədər həbsdə saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan müddəaları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına daxil edilməli, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 25 sentyabr 2023-cü il tarixli 6098 saylı rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, onun barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Bakı şəhəri, Sabunçu RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 3,217 qram çəkidə narkotik vasitə heroin və 11,160 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, bir ədəd “REDMİ” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalı, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk, "xxxx" MMC və “Azərcell MMC-dən daxil olmuş 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatı 80 (səksən) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 sentyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə Bakı şəhəri, Sabunçu RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 3,217 qram çəkidə narkotik vasitə heroin və 11,160 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin; - bir ədəd “REDMİ” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk və "xxxx" MMC və “Azərcell MMC-dən daxil olmuş 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1219/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1219/2024
02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver