Məhkəmə qərarları › İş №1(101)-122/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-122/2024

07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-122/2024 07.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu ödənilmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri Sabunçu rayonu, Hacıağa Abbasov küçəsi, ev 20-də qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi toxumlardan istifadə etməklə yaşadığı Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Abbasov küçəsi, 20 saylı evin həyətinə girişdə sağ tərəfdə yerləşən plastik materialdan hazırlanmış dibçəklərdə əkilib becərilməsi qadağan olunmuş 16 (on altı) ədəd külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərinin diblərini yumşaldılmaqla, su və gübrə verərək əkib yetişdirməklə onlara aqrotexniki qaydada qulluq göstərib 26 avqust 2022-ci il tarixədək kultivasiya etmiş, həmçinin istintaqa məlum olmayan vaxtda həmin bitkilərin yarpaqlarını toplayaraq qurutmaqla satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 30,756 qram narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı əldə edib həmin ünvanda saxlamış, «Xaş-xaş 2022» şərti tədbirlər planının icra edilməsi məqsədi ilə qrupların yaradılması barədə 3 iyun 2022-ci il tarixdə Sabunçu RPİ-də təsdiq olunmuş Ə412-075-22 nömrəli əmrə əsasən Sabunçu RPİ-nin X1 əməkdaşları tərəfindən onun qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi ilə bağlı əldə olunmuş məlumatın yoxlanılması məqsədi ilə 26 avqust 2022-ci il tarixdə, saat 01:30-da yaşadığı Sabunçu rayonu Maştağa qəsəbəsi, H.Abbasov küçəsi, 20 saylı evin yaxınlığında saxlanılıb, evində keçirilmiş axtarış zamanı evin həyətinə girişdə sağ tərəfdə yerləşən plastik materialdan hazırlanmış dibçəklərdə onun tərəfindən əkilib-becərilməklə kultivasiya edilmiş, yaş vəziyyətdə ümumi təmiz çəkisi 2 kq 200 qram olan 16 (on altı) ədəd külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, habelə satış məqsədi ilə qanunsuz olaraq əldə edib evin yataq otağına girişdə sol tərəfdə yerləşən dolabda 1 ədəd kağız bükülüdə saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 30,756 qram narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2 və 237.2.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, himayəsində biri azyaşlı olmaqla 3 uşağı vardır. Narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Tutulmamışdan təxminən dörd ay əvvəl şəxsi istifadəsi üçün marixuana almışdır. Bükümü açdıqda içərisində yaşıl kütlə ilə birlikdə toxumlarının olduğunu görmüşdür. Həmin toxumlarını götürüb, həyətdə 5-6 dibçəkdə əkmişdir. Dibçəklərin yanında torpaqda da kollar bitməyə başlamışdır. Həmin kollar toxumların yerə düşməsi nəticəsində bitmişdir. İttiham aktında qeyd olunan 16 kol əkməmişdir. 26 avqust 2022-ci il tarixdə gecə saatlarında 4 nəfər polis əməkdaşı yaşadığı evə gəlib, onun barəsində əməliyyat məlumatı olduğunu bildirmişlər. Bu zaman polislər dibçəkdəki çətənə kollarını aşkar etmişlər. Sonuncular yerdə quruyub çürümüş yarpaqları görüb, onları yığıb evdə yataq otağında sellofan paketə qoymuşlar. Daha sonra onlar mətbəxdə istifadə etdikləri tərəzini ona verib, videoçəkiliş zamanı təqdim etməsini bildirmişlər. Sonra onu 14-cü PB-nə aparmışlar. Orada ona yüngül şəkildə fiziki təzyiq göstərilmiş, evdə siyirmədə çanta olduğunu, onu çəkiliş zamanı çıxardıb təqdim etməsini bildirmişlər. Gecə vaxtı polislərin evə gəlmələrinə görə ailə üzvləri qorxduğundan, onların dedikləri ilə razılaşmışdır. Onda qurudulmuş marixuana olmamışdır. Həmin qurudulmuş marixuana dibçəkdəki kolların yerə tökülən yarpaqlarıdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Cinayət işinin materiallarında onun adının qarşısında icra edilmiş imzalar ona məxsus deyil. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sabunçu RPİ-nin X2 əməliyyat müvəkkili vəzifəsində çalışır. Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Hacıağa Abbasov küçəsi, ev 20-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi ilə bağlı tərəflərindən əməliyyat yolu ilə məlumat almışdır. Onun ifşa olunması üçün əməliyyat tədbirləri həyata keçirilmişdir. Nəticədə sonuncu 26 avqust 2022-ci il tarixdə saat 1:30-da yaşadığı evin yaxınlığında onun və idarənin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən saxlanılaraq 14-cü PB-nə aparılmışdır. Orada aqronom dəvət edilmiş və Təqsirləndirilən şəxs yaşadığı ünvanında yerləşən fərdi yaşayış evinə getmişlər. Sonuncu həyətdə plastik materialdan hazırlanmış dibçəklərdə yaş vəziyyətdə olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinə bənzər bitkiləri göstərib, şəxsi istifadəsi üçün əkib-becərdiyini bildirmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs göstərdiyi bitkilər dibçəklərdən çıxarılaraq yerdə ayrı-ayrılıqda düzülüb sayılmış, 16 (on altı) ədəd bitkinin olduğu müəyyən olunmuşdur. Daha sonra evə daxil olaraq axtarış aparılmışdır. Axtarış zamanı yataq otağına girişdə sol tərəfdə yerləşən dolabdan bir ədəd kağız bükülü və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Aşkar edilmiş maddənin tərkibi barədə soruşulduqda Təqsirləndirilən şəxs kağız bükülüdə olan maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həyətdə əkib qulluq edərək sonradan qurudub şəxsi istifadəsi üçün saxladığını, elektron tərəzinin isə uzun müddətdir ki, evdə olduğunu və istifadə etmədiyini bildirmişdir. Həmin 16 ədəd bitki, evdən aşkar edilmiş bir ədəd kağız bükülüdə narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs polis bölməsinə aparılmış və üzərinə şəxsi axtarış keçirilmişdir. Sonuncu əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Yaşadığı evdə və Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə ilə bağlı təhqiqatçı tərəfindən protokollar tərtib edilmiş, protokolların doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, eləcədə də polis bölməsində olduğu müddət ərzində ona fiziki və ya psixi təsir-təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. İşin 15-16, 39-40-cı vərəqlərindəki 26 avqust 2022-ci il tarixli protokollardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin X1 baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1, Maştağa kənd təsərrüfatı məhsulları istehsalı müəssisəsindən aqronom-mütəxəssis qismində dəvət olunmuş X3 iştirakları ilə hüquq və vəzifələri izah olunduqdan sonra, yaşadığı ünvan 1 ünvanında axtarış keçirilməsi zərurətinin olduğu, buna etirazı olub-olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs evində vəkilin iştirakı olmadan axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra axtarışda iştirak edən şəxslərlə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olmuşdur. Həyətdə təhqiqatçı Təqsirləndirilən şəxs evində və ya evin həyətində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olub-olmadığı soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs həyətdə plastik materialdan hazırlanmış dibçəklərdə yaş vəziyyətdə olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinə bənzər bitkiləri göstərib, 2 ay əvvəl gələcəkdə istifadə etməsi üçün əkib aqrotexniki qaydada qulluq edərək kultivasiya etdiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən həmin bitkilər dibçəklərdən çıxarılaraq yerdə ayrı-aynlıqda düzülüb sayılmış, 16 (on altı) ədəd bitkinin olduğu müəyyən olunmuşdur. Daha sonra mənzilə daxil olub axtarış davam etdirilmiş və yataq otağına girişdə sol tərəfdə yerləşən dolabdan 1 ədəd kağız bükülüdə narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Aşkar edilmiş maddənin tərkibi barədə təhqiqatçı tərəfindən soruşulduqda Təqsirləndirilən şəxs kağız bükülüdə olan maddə narkotik vasitə qurudulmuş marixuana olduğunu, həyətdə əkib qulluq edərək sonradan qurudub özü istifadəsi üçün saxladığını, elektron tərəzi isə uzun müddət evdə olduğunu istifadə etmədiyini bildirmişdir. Təhqiqatçı tərəfindən həyətdən aşkar edilmiş 16 (on altı) ədəd bitki və evdən aşkar edilmiş 1 ədəd kağız bükülüdə narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs və axtarışda iştirak etmiş şəxslərlə birlikdə Sabunçu RPİ-nin 14-cü PB-yə gəlib xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Buna etirazı olub-olmadığı, üzərində qanunla dövriyyəsi qadağan edilən əşya olub-olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirib, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd «Samsung» markalı mobil telefonu çıxarıb təqdim edib, özünə məxsus olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, lakin, qanunla dövriyyəsi qadağan edilən hər hansı bir əşya aşkar edilməmişdir. İşin 68-69-cu vərəqlərindəki «şəxsi axtarış və götürmə aparılması haqqında» və «axtarış və götürmə aparılması haqqında» 26 avqust 2022-ci il tarixli protokollara əlavə olunmuş 2 ədəd DVD yaddaş daşıyıcısına Təqsirləndirilən şəxs və onun müdafiəçisi Elnur Nəbiyevin iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı yuxarıda qeyd olunanlar yaddaş daşıyıcılarında öz əksini tapdığı müəyyən edilmişdir. Baxışda iştirak edən şübhəli şəxs Təqsirləndirilən şəxs videogörüntüdə əks olunan şəxs onun özü olduğunu, yaşadığı evin həyətindən aşkar edilmiş 16 (on altı) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini, evin yataq otağına girişdə sol tərəfdə yerləşən dolabdan bir ədəd kağız bükülüdə narkotik vasitə qurudulmuş marixuananı və bir ədəd elektron tərəzini təqdim etməyə, qeyd olunanları deməyə, tərtib olunmuş protokola imza etməyə hər hansı bir şəxs tərəfindən məcbur edilmədiyini, fiziki və psixi təsirlərə məruz qalmadığını, törətmiş olduğu əməldən peşman olduğunu bildirmişdir. İşin 17-ci vərəqindəki mütəxəssis rəyindən görünür ki, 26 avqust 2022-ci il tarixdə ünvan 2 ünvanında keçirilmiş axtarış zamanı həyətdə narkotik tərkibli çətənə bitkilərinin əkildiyi aşkar olunmuş, çətənə bitkilərinə baxış keçirilərkən onlara aqrotexniki qulluq göstərilməklə, kultivasiya tədbirləri yerinə yetirildiyi, çətənə bitkiləri kökü ilə birlikdə dibçəklərdən çıxarılıb, sayıldıqda cəmi 16 ədəd, 4 ədədi şitil fazasında (5-10 sm), 12 ədədi orta inkişaf fazasında (40-80 sm) olduğu müəyyən edilmişdir. İşin 53-54-cü vərəqlərindəki məhkəmə-bioloji ekspertizasının 26 avqust 2022-ci il tarixli 7/947 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 16 (on altı) ədəd yaş vəziyyətdə ümumi çəkisi 2 kq 200 qram olan bitkilər, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Təqdim edilmiş zərfdə bir ədəd kağız bükülüdə çəkisi 30,756 qram olan kütlə, narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuana və çətənə bitkiləri tərkiblərinə görə eynidirlər. Təqdim edilmiş bir ədəd elektron tərəzidə bitki mənşəli narkotik maddələrin qalıqları yoxdur. İşin 171-172-ci vərəqlərindəki ambulator məhkəmə-psixiatrik ekspertizasının 5 oktyabr 2022-ci il tarixli 2640 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Ondan xəstəliyin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Hazırda da o, öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Məcburi müalicəyə ehtiyacı yoxdur. Hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. İşin 173-174-cü vərəqlərindəki ambulator məcburi-narkoloji tibbi yoxlamanın 5 oktyabr 2022-ci il tarixli 5771 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 yanvar 2024-cü il tarixli 4/2046 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş cinayət işinin materiallarında Təqsirləndirilən şəxs adının qarşısında olan imzalar eyni şəxs Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. İşin 179-190-cı vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş 16 (on altı) ədəd, yaş vəziyyətdə ümumi çəkisi 2.200 (ekspertiza tədqiqatından sonra qalan 2.199,68) qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri, yaşadığı evin yataq otağından dolabdan aşkar edilmiş təmiz çəkisi 30,756 (ekspertiza tədqiqatından sonra qalan 30,656) qram narkotik vasitə qurudulmuş marixuana, bir ədəd elektron tərəzi və onun üzərinə və yaşadığı evə keçirilmiş axtarış və götürmə zamanı qeydə alınmış videogörüntüləri özündə saxlayan iki ədəd DVD yaddaş daşıyıcıları maddi sübut kimi tanınmış, disklər iş materiallarına əlavə edilmiş, qalanları isə saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir. İşin 126-127-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Əliyev X4 rayon məhkəməsinin 29 aprel 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 24 iyun 2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisin 20 may 2016-cı il tarixli Amnistiya qərarın 1.2-ci bəndinə əsasən təyin olunmuş cəzadan azad edilmişdir. Bundan başqa o, 23 yanvar 2018-ci ildə Sabunçu rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 9 oktyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Probasiya İdarəsindən daxil olmuş məktubdan görünür ki, Sabunçu Rayon Məhkəməsinin 1(008)-62/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş Təqsirləndirilən şəxs əlavə cəza müddəti başa çatdığı üçün 7 oktyabr 2022-ci il tarixdə idarənin qeydiyyatından çıxarılmışdır. İşin 27-28-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 97-99-cu vərəqlərindəki Sabunçu rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 26 avqust 2022-ci il tarixdən hesablanmaqla barəsində üç ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İşin 154-162-ci vərəqlərindəki 22 noyabr 2022-ci il tarixdə Sabunçu rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. «Azemis» Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 29 iyul 2011-ci il təvəllüdlü Fatimə Əliyeva adlı bir azyaşlı uşağı vardır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində dibçəkdə cəmi 5-6 kol əkdiyini, digər kolların yabanı halda bitdiyini, yaşadığı evdə qurudulmuş marixuana olmadığını bildirmişdir. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi, məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadəsinə tənqidi yanaşır və cəzasını yüngülləşdirmək məqsədi güdən ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları mötəbər hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə tövsif edilməli, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdarın hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərək qərara gəlir ki, ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 26 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas alında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş 16 (on altı) ədəd, yaş vəziyyətdə ümumi çəkisi 2.200 (ekspertiza tədqiqatından sonra qalan 2.199,68) qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri, yaşadığı evin yataq otağından dolabdan aşkar edilmiş təmiz çəkisi 30,756 (ekspertiza tədqiqatından sonra qalan 30,656) qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun üzərinə və yaşadığı evə keçirilmiş axtarış və götürmə zamanı qeydə alınmış videogörüntüləri özündə saxlayan iki ədəd DVD yaddaş daşıyıcıları cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 327 (üç yüz iyirmi yeddi) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 234.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 237.2.3cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 26 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş 16 (on altı) ədəd, yaş vəziyyətdə ümumi çəkisi 2.200 (ekspertiza tədqiqatından sonra qalan 2.199,68) qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri, yaşadığı evin yataq otağından dolabdan aşkar edilmiş təmiz çəkisi 30,756 (ekspertiza tədqiqatından sonra qalan 30,656) qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun üzərinə və yaşadığı evə keçirilmiş axtarış və götürmə zamanı qeydə alınmış videogörüntüləri özündə saxlayan iki ədəd DVD yaddaş daşıyıcıları cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 327 (üç yüz iyirmi yeddi) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar