Məhkəmə qərarları › İş №1(101)-1221/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1221/2025

24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1221/2025 24.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanova Nigar Arzu qızı (sədrlik edən), X8 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri “Ruslan Vəliyev və partnyorları” vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1972-ci il tarixdə Füzuli rayonu, Horadiz qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi sürücü işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs «X12» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarəetmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan 25 noyabr 2024-cü ildə, saat 22:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisindən keçən 59-cu kilometrində idarə etdiyi «Moskviç 2140» minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə üç zolaqlı yolun orta zolağı ilə Bakı şəhəri istiqamətində 65 km/saat sürətlə hərəkətdə olarkən hərəkəti üçün təhlükə yarandığını görüb nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyib «X12» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hadisənin qarşısını almağa texniki imkanı olsa da, ala bilməyib yolun sol kərarındakı bütöv sarı xətdən adi yerişlə 4,6 metr məsafə qət etmiş piyada 1986-cı il təvəllüdlü X4 avtomobilin qabaq sağ fara hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan Ruslan Şıxəliyevə ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma, başın sağ gicgah nahiyəsinin əzilmiş yarası, sağ qalça, hər iki diz oynağının və sağ baldır nahiyələrinin sıyrıqları xəsarətlərini yetirməklə ölümünə səbəb olmuşdur.

Təqsirləndirilən şəxsin təqsirli olmasına dəlalət edən və məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

3. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün, axşam saatlarında anası ona zəng edərək qardaşının xəstəxanada olduğunu bildirmişdir. O, xəstəxanaya çatan zaman qardaşı rəhmətə getmişdir. Xəstəxanada olarkən polislər də daxil olmaqla, xeyli adam orada olmuş, o, qardaşını oradan aparıb morqa qoymuşdur. Səhər saat 06:00 radələrində dəfn üçün lazımi əşyaları alıb morqa getmiş, qardaşının nəşini morqdan götürüb Şamaxıya aparmışdır. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam ödənildiyindən barışmış, təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur.

4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Hüseynağa qızı ifadəsində göstərmişdir ki, o, Cümşüdün həyat yoldaşıdır. 25 noyabr 2024-cü il tarixdə, saat 22:00 radələrində ad günündən qayıdan zaman yol-nəqliyyat hadisəsi baş vermişdir. Avtomobildə baldızı, qayınanası, özü və qabaq oturacaqda əyləşən baldızının yoldaşı olmuşlar. Yolun hadisə baş verən hissəsi qaranlıq olmuşdur. Cümşüd avtomobili çox yavaş sürətlə idarə edirdi. Onlar piyadanı uzaqdan yox, düz avtomobilin qarşısında vurulan an görmüşlər. O da avtomobil hərəkətdə olan zaman oyaq olduğu üçün piyadanın vurulmasını görmüşdür. Hadisədən sonra avtomobildən aşağı enmişlər. Yolun ortasında zərərçəkmiş şəxs uzanıqlı vəziyyətdə olmuş, lakin hələ ölməmişdi. Daha sonra piyadanı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışlar.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi anidən olmuşdur. Cümşüd öz yolu ilə avtomobili idarə edirdi. Həmin yolda sürət 110km/saat olmuş, Cümşüd isə avtomobili maksimum 70 km/saat ilə hərəkət edirdi. Cümşüd avtomobili yolun ortası ilə idarə edirdi. Sol tərəf işıqlı olsa da, sağ tərəf qaranlıq olmuşdur. O, özü də piyadanı yolu keçərkən görməmiş, anidən vurulan anda görmüşdür.

6. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid1 piyadanın vurulan ərəfədə yeridiyini, yaxud qaçdığını görmədiyini, sadəcə vurulan zaman səs eşitdiyini, bu zaman şəxsin vurulduğunu bildiyini, Cümşüdün şəxsin vurulacağını hiss edəndə maşını sola qaçırmağa cəhd etdiyini bildirmişdir.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun qardaşıdır. Yol-nəqliyyat hadisəsi qəfildən baş vermişdir. Onlar piyadanı görmürmüşlər. O, qorxaq olduğundan qardaşı Cümşüd avtomobili çox yavaş idarə edirdi. O, özü isə diqqətlə yola baxırdı. Piyada anidən çıxdığından və yol qaranlıq olduğundan Cümşüd piyadanı görməmiş və onu vurmuşdur.

8. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid3 Cümşüdün avtomobili nə qədər döndərməyə cəhd etməsinə baxmayaraq onu vurduğunu, piyadanın qaçdığını görmədiyini, qaranlıq olduğu üçün piyadanın maşının qabağından kölgə kimi keçməsinin şahidi olduğunu bildirmişdir.

9. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 25 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun 59-cu kilometrliyində baş vermişdir. Hadisə yerində şin və tormoz işləri yoxdur (i.v.5-10).

10. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 26 noyabr 2024-cü il tarixli, 2/65494 saylı rəydən görünür ki, hadisə günü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v.13).

11. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X18 İdarəsi tərəfindən verilmiş 04 dekabr 2024-cü il tarixli, 3-13-16/2-206975/24 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 22 avqust 2013-cü il tarixdə (22 avqust 2023-cü il tarixədək etibarlı olan) AE800115 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, lakin onun nəqliyyat vasitələrini idarə etmək hüququ 14 aprel 2017-ci il tarixdən 14 oktyabr 2017-ci il tarixədək Füzuli Rayon Məhkəməsinin qərarı ilə məhdudlaşdırılsa da, sürücülük vəsiqəsi qərara əlavə edilməmiş, AR İXM-nin 153.3-cü maddəsinə əsasən onun sürücülük hüququnun məhdudlaşdırılması müddətinin axımı dayandırılmışdır (i.v.25).

12. Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X17 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 20 dekabr 2024-cü il tarixli, 127 saylı rəyindən görünür ki, X2 meyitində baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma, başın sağ gicgah nahiyəsinin əzilmiş yarası, sağ qalça, hər iki diz oynağının və sağ baldır nahiyələrinin sıyrıqları aşkar olmuşdur. Qeyd olunan xəsarətlər həyati olub, bərk küt əşya (əşyalar) təsirindən əmələ gəlmişdir, ölümlə bilavasitə səbəbli əlaqəlidirlər, xx.xx.2024-cü ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. R.A.Şıxəliyevin ölümünə səbəb baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma və başın sağ gicgah nahiyəsinin əzilmiş yarası olmuşdur. X2 qanında məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir (i.v.47-51).

13. “Maddi sübutun tanınması və saxlanca verilməsi haqqında” 18 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Moskviç 2140” minik markalı, **- BB-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq avtomobilin sahibinə qaytarılması nəzərə alınmışdır (i.v.61).

14. Məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 20 fevral 2025-ci il tarixli 8/166 №-li rəyi ilə müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsində «Moskviç 2140» minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X12» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v.67-70).

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü dəlillər aşağıdakılardır:

15. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, özünü baş vermiş hadisə ilə bağlı təqsirli bilmir. Həmin gün onun anasının ad günü idi. Eyni gün qardaşının nəvəsinin də ad günü olduğundan və o, uzun müddətdir ki, rayona getmədiyindən düşünmüşdür ki, həmin gün ad günündə iştirak etməlidir. Həyat yoldaşını, anasını, bacısını və onun həyat yoldaşını da götürüb ad gününə getmişdir. Məclisi yola verdikdən sonra geri qayıdırmışlar. Həmin vaxt hava qaranlıq olmuşdur. Saat 23:00-24:00 radələrində orta yolda hərəkət edirmiş. Maşınında nasazlıq olduğu üçün avtomobili sürətlə idarə edə bilmirdi. Çünki sürətlə idarə edəcəyi halda avtomobilin motoru sıradan çıxa bilərdi. Maşınla gedən zaman bir nəfər şəxs qarşısına çıxmışdır. Avtomobillə həmin şəxs arasında uzağı 1-2 metr məsafə olmuşdur. Əgər şəxsi əvvəldən daha uzaqdan görsə idi, onu vurmaya bilərdi. Ancaq o, piyadanı gördükdə piyada artıq maşının qarşısında idi. Onu vurmamaq üçün çox cəhd etmış, lakin hadisənin qarşısını ala bilməmişdir. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Əməlindən peşmandır.

16. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs hərəkət etdiyi yolun işıqlandırılmadığını, avtomobili təxminən 60-70 km/saat sürətlə idarə etdiyini, sürücülük vəsiqəsinin olduğunu, lakin onun qüvvədə olma vaxtının keçdiyini bilmədiyini, zərərçəkmiş şəxsi görən zaman piyadanın artıq maşının qarşısında olduğunu, onu görən kimi rolu çevirdiyini, lakin hadisənin qarşısını ala bilmədiyini, zərərçəkmiş şəxsi orta zolağın sağ yan tinində vurduğunu, zərərçəkmiş şəxsin yolun sol tərəfindən sağ tərəfinə keçdiyini, zərərçəkmiş şəxsin hərəkət sürətini görmədiyini, onu vuran anda təkcə maşının qarşısında şok halda olan üzünü gördüyünü, zərərçəkmiş şəxsin maşının sağ tininə toxunaraq yerə yıxıldığını bildirmişdir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

17. 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır;

18. 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

19. 263-1.3-cü maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair” 24 sentyabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir.

21. Həmin qərarda göstərilmişdir ki, sürücülük vəsiqəsinin etibarlıq müddətinin qurtarması fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququnu məhdudlaşdırır. (“X12” Qanunun 33-cü maddəsinin V hissəsinin 1-ci bəndi). Belə olan halda Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası, həmçinin hadisə törədilən zaman sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarmış şəxsi ehtiva edir.

22. “X12” Qanunun 33-cü maddəsinin V hissəsində fiziki şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasından bəhs olunur. Belə ki, həmin normaya əsasən Azərbaycan Respublikasının ərazisindəki yollarda hər hansı fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 1) şəxsin sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıbsa — sürücülük vəsiqəsi dəyişdirilənədək; 2) şəxs tərəfindən yol hərəkətinin qaydaları bu Qanunla müəyyən edilmiş hallarda kobud surətdə pozulmuşdursa — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada beş ildən artıq olmayan müddətin qurtarmasınadək; 3) şəxsdə bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş xəstəliklər və ya fiziki qüsurlar müəyyən edilərsə — xəstəlik müalicə olunanadək və ya fiziki qüsur aradan qaldırılanadək.

Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:

23. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 02 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 27 noyabr 2017-ci il tarixdə AR CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, AR CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmiş, Abşeron Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli hökmünə əsasən AR CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 14 noyabr 2023-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, 18 mart 2023-cü il tarixdə AR CM-nin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, AR CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir (i.v.24).

24. Azərbaycan Respublikası Füzuli Rayonu İcra Hakimiyyəti Başçısının Horadiz Şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17 mart 2025-ci il tarixli, 5- 43-12/2-325/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs bacarıqlı usta olmaqla qonşuları və şəhər sakinləri tərəfindən hörmət qazanmışdır. Horadiz şəhərində aparılan ictimai tədbirlərdə mümkün olduqca iştirak etmiş, ona verilmiş tapşırıqları lazımınca yerinə yetirmişdir. Onun barəsində bu günədək nümayəndəliyə şikayət və ərizə daxil olmamışdır (i.v.74).

25. “Qətimkan tədbirinin seçilməsi haqqında” 19 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.103-104).

26. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:

27. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;

28. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;

29. 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.

30. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir;

31. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır;

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

33. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.

34. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

35. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.

36. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

37. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, şahid ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144- 146).

38. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək piyadanın anidən onun idarə etdiyi avtomobilin qarşısına çıxdığını, piyadanı yolu soldan hərəkətə başlayan zaman görmədiyini, yolun işıqlandırılmadığını və qaranlıq olduğunu, o cümlədən, yol-nəqliyyat hadisəsi baş verən zaman sürücülük vəsiqəsinin etibarlılıq müddətinin bitməsindən məlumatsız olduğunu bildirərək AR CMnin 263-1.3-cü maddəsi ilə təqsirli olmadığını iddia etsə də, məhkəmə təqsirləndirilən şəxsin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək həmin halların işin həqiqi halları və iş materiallarında olan sübutlarla təkzib olunması qənaətindədir.

39. Belə ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, özünü ona elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 noyabr 2024-cü il tarixdə arvadı Şahid2, anası Qoqla Sadıqova, bacısı Elnaz Məmmədova və yeznəsi Rüstəmlə birlikdə idarə etdiyi avtomobillə Hacıqabul rayonundan yaşadığı Bakı şəhərinə qayıtmaq üçün yola düşmüşlər. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Rüstəm qabaq sağ oturacaqda, digərləri isə arxa oturacaqda əyləşmişdilər. Saat 22:30 radələrində Bakı-Qazax- Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisindən keçən hissəsi ilə üç zolaqlı yolun orta zolağı İlə 65 km/saat sürətlə Bakı şəhəri istiqamətinə hərəkətdə olarkən görmüşdür ki, hərəkətdə olduğu orta zolaqda piyada var və piyada yolu soldan sağa doğru adi yerişlə keçir. Həmin piyadanı vurmamaq üçün tormozdan istifadə edib avtomobili sola doğru istiqamətləndirmişdir. Lakin buna baxmayaraq avtomobilin qabaq sağ tin hissəsi ilə piyadanı vurmuşdur.

40. Məhkəmə iclasında təqsirləndirilən şəxs piyadanın yolu hansı qaydada keçdiyini görmədiyini, yol qaranlıq olduğundan və işıqlandırılmadığından piyadanı öz avtomobilin qarşısında olan zaman qəfildən gördüyünü iddia etmişdir ki, həmin hala münasibətdə məhkəmə qeyd edir ki, yolun işıqlandırılmaması sürücünün avtomobili idarə edərkən daha artıq diqqət və ehtiyatlılıq göstərməli olmasını labüd etməklə həmin şəraitə istinad olunmaqla onu piyadanı vurmasına haqq qazandıran hal kimi qiymətləndirilə bilməz.

41. AR CM-nin 26.3-cü maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur.

42. Müdafiə tərəf məhkəmə iclasında piyadanın yolu adi yerişlə deyil, qaçaraq keçməsi kimi arqument irəli sürərək iş materiallarında olan yol-nəqliyyat hadisələri ekspertizasının təyini mübahisələndirsə də, piyadanın yolu qaçaraq keçməsi, nəinki ibtidai istintaq zamanı verilmiş ifadələrlə, hətta məhkəmə iclasında da hər hansı mötəbər sübutla müəyyən edilməmiş, şahidlər, o cümlədən, təqsirləndirilən şəxs piyadanın hansı formada, yəni yeriyərək və ya qaçaraq yolu keçdiyini görmədiklərini, piyadanı anidən avtomobilin qarşısında gördüklərini bildirmişlər ki, bu da müdafiə tərəfin hər hansı mötəbər sübuta dayanmadan yeni hadisə mexanizmi irəli sürməsinin göstəricisidir.

43. Təqsirləndirilən şəxs məhkəmə iclasında sürücülük vəsiqəsinin etibarlılıq müddətinin bitməsindən məlumatsız olduğuna istinad edərək əməlində törədilməsi ona istinad olunan cinayətin tərkibinin olmamasına istinad etsə də, məhkəmə “X12” Azərbaycan Respublikası Qanununun yuxarıda göstərilən müddəalarını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair” 24 sentyabr 2014-cü il tarixli qərarının tələblərini nəzərə alaraq qeyd edir ki, sürücünün məsuliyyətsizlik edərək sürücülük vəsiqəsinin etibarlılıq müddətinə nəzarət etməməsi, həmin müddətin bitdiyi vaxt onu dəyişdirməməsi onun sürücülük hüququ məhdudlaşdırılmış şəxs olmasını aradan qaldırmamaqla sürücünün bu hala, o cümlədən, qanunvericiliyin tələblərinə laqeyd münasibəti onun xeyrinə şərh oluna bilməz.

44. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır.

45. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir.

46. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur.

47. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.

48. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (AR CM 59.2), zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini (CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir.

49. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.

50. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut “Moskviç 2140” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1).

51. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

52. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.

53. İş üzrə mülki iddia yoxdur.

54. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.

55. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq,

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut “Moskviç 2140” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 85 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödəsilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Nigar İmanova Hakimlər: Kamil Əliyev Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar