Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1222/2023 27.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: “Ədalət” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, hal-hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 10,679 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 02 dekabr 2022-ci il tarixdə saat 13:35-də Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 125 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3da yerləşən DİN- in BMCMl-nə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, ümumilikdə 10,679 qram çəkidə eyni tərkibli psixotrop maddə metamfetamin əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 02 ədəd bükümdə, ayrılıqda təmiz çəkiləri 5,121 qram və 5,558 qram olmaqla aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, ümumiyyətlə, siqaret belə çəkmir. O, Heydər Əliyev prospekti 95 ünvanında yerləşən “Qafqaz Business center” adlanan yerdə boks müəllimi kimi işləyirmiş. Təxminən günorta namazından sonra, 2-yə 20-25 dəqiqə qalmış, aşağı düşüb maşınına minib nahar etməyə gedirmiş. Maşınının yanında qara maşın olduğunu görmüşdür. Oradan 3 nəfər ona yaxınlaşaraq “bizimlə getməlisən” demişdir. Soruşduqda ki, hara və nə üçün getməlidir, ona səs-küy etməməsini bildirmişlər. O da problem olmadığını, hara lazımdırsa gedə biləcəyini demişdir. Həmin şəxslər mülki formada olmuşlar və onun maşınına minmişlər. 2 nəfər onun maşını ilə getmiş, digəri isə öz maşınları ilə hərəkət etmişdir. Onlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmişlər. Orada ona dindar olduğu üçün idarəyə aparıldığını bildirmişlər. O isə şərqşünaslıq fakültəsini bitirdiyini, Qurandan dərs də dediyini bildirmişdir. Ona bükümlərin ona məxsus olduğunu deməyini, əks halda əgər boynuna almasa ona qarşı hörmətsizlik edəcəklərini demişlər. Həmin bükümün ya maşınından, ya da evindən çıxacağını bildirmişlər. Məcbur olub etiraf etmişdir. Həmin 2 ədəd bükümü onun sol cibinə qoymuşlar. Çəkiliş zamanı onların dediklərini söyləməyini istəmişlər. Niyə belə etdiklərini soruşduqda ona fikirləşməyini bildirmişlər. Onu məcbur edib, hədə-qoru gələrək ittihamı etiraf etməyin istəmişlər. Qətimkan tədbiri seçilən zaman axşam vaxtları imiş. İclasda xanım hakimə narkotikin ona məxsus olmadığını demişdir. O idarədə olan zaman onu niyə tutduqlarını soruşmuş, ona iranlı qruplarla əlaqəsi olmasından şübhələndiklərini demişlər. O heç bir iranlı hərəkat və ya təşkilatla əlaqəsi olmadığını demişdir. Narkotiki cibinə yerləşdirib ondan ifadəsində həmin narkotiki Xırdalanda yerləşən “Kristal Abşeron” yaşayış kompleksində yerdən tapdığını deməsini istəmişlər. Polis əməkdaşları maşınına baxış keçirib heç bir qanunsuz vasitə və ya maddə aşkar etməmişlər. Maşında dini kitabları olmuşdur. O, heç bir qruplaşmanın üzvü olmamış, şərqşünaslığı bitirdikdən sonra bir müddət məciddə işləmişdir. Onun narkotiklə əlaqəsi olmamışdır. Gümüş alqı-satqısı ilə məşğul olmuş, dini üzüklər düzəldərək mağazalara satmağa verirmiş. Maşınında olan kitablar qadağan edilməyən dini kitablar olmuşdur. Dini kitabları maşında hərdən hansısa məclis olanda Quran oxumaq üçün saxlayırmış. Hansı vaxt namaz olsa, yaxınlıqdakı məscidə namaz qılmaq üçün gedirmiş. Daha çox Məşədi Dadaş və Hacı Cavad məscidlərinə gedirmiş. Vaxt olmadıqda idman zalında da namaz qılırmış. O, Ombudsmana və Baş Prokurorluğa şikayət məktubları yazaraq əsassız tutulduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində çalışır. Təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. 2022-ci il 2 dekabr tarixində əməliyyat məlumatı daxil olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin daşınması və dövriyyəsində şübhəlidir. Bununla əlaqədar əməliyyat qrupu yaradılmış, qrupun iştirakı ilə saat 13:30-13:40 radələrində H.Əliyev prospekti 125 ünvanı yaxınlığında həmin şəxs tərəflərindən saxlanılmışdır. Ona yaxınlaşaraq özlərini təqdim edib, yaxınlaşmalarının səbəbini söyləmiş və onu öz idarə etdiyi avtomobillə baş idarəyə aparmışlar. Baş idarədə təhqiqatçı tərəindən videoçəkilişlə üzərinə baxış keçirilmiş və üzərindən 2 büküm metamfetamin aşkar olunmuşdur. O həmin maddəni yaşadığı evin yaxınlığından tapıb öz istifadəsi üçün saxladığını bildirmişdir. Əməliyyat məlumatı Şahid1 daxil olmuşdur. Qış ayları olduğu üçün üzərinə yerindəcə baxış keçirə bilməmişlər. Əlverişsiz şərait olduğu üçün yerində videoçəkiliş aparmaq mümkün olmamışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 verdiyi ifadəyə uyğun ifadə vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini araşdırılmış sübutlar əsasında qiymətləndirərək ona elan edilmiş satış məqsədi ilə narkotik vasitəni qanunsuz əldə edib, həmin narkotik vasitəni satmasına dair ittihamın təsdiq edilməməsi qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs həmin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməli və həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Belə ki, əməlin tövsifi ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs verilmiş ittihamda narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi nəticəsini heç cür əsaslandırmamışdır və iş materiallarından da görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Yuxarıda qeyd olunduğu kimi, ittiham aktında istinad edilən sübutların (ifadələrin) heç birində belə bir məlumat yoxdur ki, narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilməsi qənaətinə gəlməyə əsas versin və iş materiallarından görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs belə niyyətinin olduğunu göstərə bilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında”» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011ci il tarixli qərarının izahlarını da nəzərə alır. Belə ki, həmin qərarın 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işlərə baxılarkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinin tələbinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Bu halların mövcud olmadığını vurğulamaqla yanaşı məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı və məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsi heç bir sübutla öz təsdiqini tapmamışdır. Bundan başqa, adı çəkilən qərarın 9-cu bəndindəki izahda sadalanan hallar da mövcud deyildir. Həmin bəndə izah olunur ki,“... Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, narkotik vasitənin miqdarı da onun satış məqsədi ilə əldə olunmasına dəlalət etmir və təcrübədə bundan yüksək miqdarda narkotik vasitənin satış məqsədi olmadan əldə olunmasına rast gəlinir. Bundan başqa, adı çəkilən Plenumun qərarının 11-ci bəndində izah edilmişdir ki, məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Sadalanan xüsusatlara əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi qənaətinə gəlməyə əsas (o cümlədən Plenumun qeyd olunan izahında göstərilən hallar) iş üzrə mövcud deyildir. Bu baxımdan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə müvafiq olaraq məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandırılmalıdır. Bütün bunları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 21.2, 145.3, 351.3.4 maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olmasına dair, eləcə də Azərbaycan Respublikası CPM-nin 351.2 maddəsinin ittiham hökmünün ehtimallara əsaslanmasının yol verilməməzliyi barədə tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitənin əldə etməsi və həmin narkortik vasitəni satması təsdiq olunmur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarını əsas tutaraq məhkəmə Təqsirləndirilən şəxs əməllərini qanunsuz olaraq istehlak miqdarından artıq miqdarda narkotik vasitinənin əldə edib saxlaması kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda müvafiq cinayətin tərkibi yaranır. Həmin Məcəlləsinin 234.1-1-ci maddəsinə görə isə bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır. Beləliklə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il qərarından görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır.Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Məhkəmə Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olmamasına dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir və hesab edir ki, o cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30 gündür “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə etmiş, həmin maddəni Bakı şəhərində tanımadığı şəxslərdən almışdır. Metamfetamini falqa kağızının üzərinə qoyub falqanın aşağı hissəsindən qızdırdıqdan sonra yaranan tüstünü burnuna çəkməklə qəbul etmişdir. 01 dekabr 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “Kristal Abşeron” yaşayış kompleksində olan zaman binaların birinin yanında yerdə 02 ədəd bükümün olduğunu görmüş, həmin vaxt ətrafda heçkimin olmadığını görüb həmin maddələri açıb baxan zaman bükümlərin içərisində “şüşə” kimi bilinən psixotrop maddənin olmasınn şahidi olmuşdur. Həmin maddədən istifadə etmək üçün götürüb üzərində saxlamaq qərarına gəlmiş və bükümləri götürüb əynində olan şalvarın sol yan cibinə qoymuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 02 dekabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 02 ədəd sellofan bükümü, avtomobil açarını, həmin şalvarın sağ yan cibindən şəxsiyyət vəsiqəsini, üzərlərində "**********889150", “**********208250", rəqəmləri qeyd edilmiş 02 ədəd plastik bank kartı, əynində olan şalvarının sol arxa cibindən 100 manat pulu və əynində olan şalvarının sağ arxa cibindən “Samsung” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan bükümə baxış keçirilərkən bükümlərin içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Həmin istintaq hərəkəti video çəkilişlə qeydə alınmış və videogörüntüləri özündə əks etdirən 01 ədəd dvd diski cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6871 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün № 6” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə; şübhəli şəxs Təqsirləndirilən şəxs - imza iştirak etdi: üç imza, müdafiəçi: - imza, tərtib etdi: B.Haqverdiyev - imza ...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 02 (iki) ədəd bükümlərdəki təmiz çəkiləri 5,121 qram, 5,558 qram ümumi təmiz çəkisi- 10,679 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (siyahı İ) daxildir. Qeyd: metamfetaminlərin ümumi təmiz çəkisi-10,706 qram, tədqiqata sərf edildi: hər birindən 0,1 qram, qalıq: 10,506 qram, (ekpertiza tədqiqatın dəyəri 92 manatdır) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 02 dekabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli, 4(005)-1309/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 04(dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 5(005)-1602/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 02 dekabr 2022-ci il tarixli qərar qanuna uyğun hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-504/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Probasiya İdarəsindən sorğu edilərək əldə olunan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası icra olunmamışdır. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən məhkəmə onun hazırki əməlini residiv kimi qəbul etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4, 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2022-ci il tarixli, 7328 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmasına dair verdiyi ifadəsi də tənqidi yanaşaraq, inandırıcı saymır və onun bu ifadəsini özünümüdafiə kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nərimanov rayon Prokurorunun böyük köməkçisi, kiçik ədliyə müşavirə X3 tərəfindən toplanmış 89-C-23 nömrəli material əsasında tərtib olunmuş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 04 mart 2023-cü il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol verilmir. Azemis Elektron Məhkəmə İnformasiya Sistemindən sorğu edilərək əldə olunan məhkəmə istintaqı zamanı tədqiq olunan qohumluq məlumatlarını əks etdirən sənədin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X7 adlı ikisi azyaşlı biri yetkinlik yaşına çatmayan olmaqla üç övladı vardır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 02 dekabr 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində ikisi azyaşlı biri yetkinlik yaşına çatmayan üç uşağının olmasının cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 92(doxsan iki) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİNin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 10,506 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətinin video çəkilişi zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, ekspertiza xərci təşkil edən 92(doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il, 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhər Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)- 504/2022 saylı hökmü ilə təyin edilmiş 1(bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə iki gün bərabər tutulmaqla, həmin müddət-6 ay azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 02 dekabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci təşkil edən 92(doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 10,506 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətinin video çəkilişi zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-1222/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1222/2023
27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver