Məhkəmə qərarları › İş №1(101)-1222/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1222/2025

13.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1222/2025 13.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri X6 (sədrlik edən), İmanova Nigar Arzu qızı və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı "Siyavuş" və "Behnam" adlı şəxslər və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil elmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən İran İslam Respublikası vətəndaşı "Siyavuş" və "Behnam" adlı şəxslər və qeyrilərinin qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı göndərdiyi yerdən götürüb özündə saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə verdiyi təlimatına, həmçinin, bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul vədinə əsasən qeyd edilən narkotik vasitəni əldə etmək qərarına gəldikdən sonra 30 yanvar 2025-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən naməlum vaxtda və şaraitdə sonuncular tərəfindən göndərilmiş külli miqdarda - 13915 (on üç min doqquz yüz on beş) qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib cinayətdən xəbərsiz Şahid2 idarə eldiyi "Toyota Prius" markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacaq hissəsində saxlayaraq Bakı şəhəri, Qaradağ rayonu, Xocasən-Lökbalan avtomobiİ yolunun 2-ci kilometrliyində yerləşən "Socar" yanacaq doldurma məntəqəsinin yaxınlığına daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 30 yanvar 2025-ci il tarixdə, saat 22:35-də qeyd olunan ünvanda saxlanılaraq sərnişin qismində əyləşdiyi "Toyota Prius" markalı, 90-RB- 493 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin arxa oturacağının üzərində olan 01 ədəd qara rəngli çanta və 01 ədəd sellofan torbanın içərisində olan 15 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 910 (doqquz yüz on) qram, 975 (doqquz yüz yetmiş beş) qram, 960 (doqquz yüz altmış) qram, 940 (doqquz yüz qırx) qram, 975 (doqquz yüz yetmiş beş) qram, 1005 (min beş) qram, 975 (doqquz yüz yetmiş beş) qram, 735 (yeddi yüz otuz beş) qram, 910 (doqquz yüz on) qram, 940 (doqquz yüz qırx) qram, 965 (doqquz yüz altmış beş) qram, 935 (doqquz yüz otuz beş) qram, 860 (səkkiz yüz altmış) qram, 875 (səkkiz, yüz yetmiş beş) qram və 955 (doqquz yüz əlli beş) qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 13915 (on üç min doqquz yüz on beş) qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

Təqsirləndirilən şəxsin təqsirli olmasına dəlalət edən və məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

3. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, 30 yanvar 2025-ci il tarixdə saat 22:30 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Seymur Şabanov, Vasif Bədəlov və Etibar Rəsulovdan ibarət tərkibdə yaradılmış əməliyyat qrupu ilə birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs saxlanılmışdır. Saxlanılarkən yanında “Toyota Prius” markalı maşını idarə edən Seymur adlı taksi sürücüsü olmuşdur. Fuad saxlanılarkən onun üzərinə baxış keçirilmiş, lakin baxış zamanı üzərindən 1 ədəd molil telefon, 1 ədəd pul qabı və 2 ədəd açardan başqa heç nə aşkar olunmamışdır, lakin şəxs özü bildirmişdir ki, Seymura məxsus olan avtomobildə narkotik vasitə vardır. Təqsirləndirilən şəxs özü narkotik vasitələri təqdim etmişdir. Maşına baxış keçirilərkən 15 ədəd bağlama müəyyən olunmuş. Bağlamaların içərisində narkotik vasitə marixuana olduğu müəyyən edilmişdir. Həmin narkotik vasitə tərəzi vasitəsilə çəkilərək 15 kq 560 qram olması müəyyən edilmişdir. Bundan sonra təqsirləndirilən şəxs həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı olan internet vasitəsilə tanış olduğu tanımadığı şəxslərdən götürdüyünü və onların deyəcəkləri yerə qoyacağını bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs özü əməlini etiraf etmiş, heç bir polis əməkdaşı tərəfindən şəxsə qarşı heç bir psixi və ya fiziki təsir olmamışdır. Təqsirləndirilən şəxslə bağlı məxfi mənbədən məlumat daxil olmuşdur, özü narkotik vasitənin maşında olduğunu bildirmişdir. Külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə bağlı məlumat daxil olsa da, ancaq narkotik vasitənin çəkisi deyilməmişdir. Fuad özü maşında narkotik vasitə olduğunu bildirmiş. Təqsirləndirilən şəxs narkotik vasitələri satmaq niyyətinin olmadığını, öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir.

4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Qaradağ rayonu Lökbatan qəsəbəsində taksi fəaliyyəti ilə məşğul olur. Fuad da Lökbatan qəsəbəsində yaşamışdır. 30 yanvar 2025-ci il tarixdə Fuad ona zəng edərək demişdir ki, rayondan çanta gəlib, onu götürmək lazımdır. O, Fuadla onun dediyi yerə getmiş, çantanı götürüb biraz uzaqlaşdıqdan sonra polis əməkdaşları onları saxlamışdır. O, çantanın içində nə olduğunu bilməmiş, Fuadın narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı olmamışdır.

5. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (cild 1, iş vərəqə 01);

6. "Əməliyyat axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilinə baxış keçirilməsinə dair" 30 yanvar 2025-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 30 yanvar 2025-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 22:35-də Bakı şəhəri, Qaradağ raxonu, Xocasən-Lökbatan yolunun üzərində yerləşən "Socar" yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılmış, "Toyota Prius" markalı **-RB-*** qeydiyyat nişanlı avtomobil yoxlanılan zaman avtomobilin arxa oturacaq hissəsindən 01 ədəd qara çanta və 01 ədəd sellofan torbanın içərisində olan 15 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, avtomobildən aşkar olumuş narkotik vasitələri İran İR-nın vətəndaşı "Siyavuş" və “Behnam" adlı şəxslərin vasitəsi ilə gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etmiş, bunun əvəzində həmin şəxslər ona 300-400 manat pul vəd etmiş, yanında olan Şahid2 avtomobilində olan narkotik vasitələrdən xəbərsiz olmuşdur (cild 01; i.v.9-12);

7. “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqqında” 31 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, 31 yanvar 2025-ci il tarixdə saat 01:00 dəqiqədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru X4 tərəfindən tərtib edilmiş sözügedən protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Qaradağ rayonunda dövriyyəsi ilə məşğul olması, həmçinin “Toyota Prius” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobildə gizlətməsində şübhəli bilindiyi üçün Təqsirləndirilən şəxs 30 yanvar 2025-ci il tarixdə saat 22:35 dəqiqədə Bakı şəhəri Qaradağ rayonu Xocasən-Lökbatan yolu Elektrik yarımstansiyası, "Socar" yanacaq doldurma məntəqəsi yaxınlığında Toyola Prius" markalı **-RB-*** qeydiyyat nişanlı avtomobilin yanında Şahid2 ilə birlikdə saxlanılaraq üzəri yoxlanılmış, 2 ədəd mobil telefon götürülmüş, Toyola Prius" markalı **-RB-*** qeydiyyat nişanlı avtomobilə baxış zamanı 15 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək 1 ədəd torbada qablaşdırılaraq Təqsirləndirilən şəxs götürülməsi barədə raportda qeyd olunmuş və aidiyyatı üzrə təqdim olunmuşdur (cild 01; i.v.15-17);

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 yanvar 2025-ci il tarixli 7/208 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində: "Təqsirləndirilən şəxs..." yazısı və imzalar olan qara rəngli sintetik torbadakı 15 (on beş) ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 910 qram; 975 qram; 960 qram; 940 qram; 975 qram; 1005 qram; 975 qram; 735 qram; 910 qram; 940 qram; 965 qram; 935 qram; 860 qram; 875 qram və 955 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 13915 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. 1) Marixuananın ümumi çəkisi: 13915 qram, tədqiqata sərf edildi - 1,5 qram (hər obyektdən 0,1 qram), qalıq – 13913,5 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manatdır (cild.1, i/v 45- 48);

9. “Mobil telefona baxış keçirilməsi barədə” 24 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd "Samsung" markalı mobil telefona baxış keçirilən zaman telefonun “WhatsApp" bölməsində İran İslam Respublikasına məxsus olan adı "Bratik" deyə qeyd edilmiş +98 914 *** **** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs məxsus +994 77 *** ** ** mobil telefon nömrəsinə 23 yanvar 2025-ci il tarixdə "Zəng vurma e pulu vur, pul, pul", "Fuad hər kim 20 manat, 50 manat, 40 manat, 30 manat vurssa, çekin at özümə heç bir problem yoxdur kart özümündür, öz xeyirini də vurdur, qorxma", "Götürdün, qayıdırsan evə ya oradasan?" deyə, cavab olaraq qarşı tərəfdən "Ay Behnam, bu daşı yenə atmısan Binədən... and ola allaha kişiyə gərək 15 manat benzin pulu vurum... bunu bir yerə at da", "Sənə kart deyəcəm ora atarsan da..." deyə səsli mesajların göndərilməsi, bundan başqa sellofan bükümlərdə qablaşdırılmış narkotik vasitəyə oxşar kütlələrin elektron tərəzinin üstündə çəkilmiş videogörüntülərinin adı “Bratik" deyə qeyd edilmiş +98 914 *** **** mobil telefon nömrəsinə “WhatsApp" bölməsi vasitəsi ilə göndərilməsi, habelə narkotik vasitələrin və psixotrop maddələrin satışının həyata keçirilməsinə əsaslı şübhələr yaradan çoxsaylı danışıqların aparılması müəyyən edilmişdir. Bundan başqa 29 və 30 yanvar 2025-ci il tarixlərdə Təqsirləndirilən şəxs məxsus +994-77-569-31-72 mobil telefon nömrəsindən İran İslam Respublikasına məxsus olan adı “Azərbaycan” deyə qeyd edilmiş +98 919 *** **** mobil telefon nömrəsinə "Sən mənə denən bu gün olacaq yoxsa nə təhər olacaq? Mən sənə atıram indi, sən mənə maraqlan, onu de. Behnamda var e...“, "Hə bildim, sən mənə denən görüm nə var nə yox? Nə atırsan, nə atmırsan? Denən görüm bir ona uyğun hərəkət eləyək..." "Dəqiq bir şey denən mənə maşınla camaatla danışım ya yox?" "Ay Siyavuş mən maşın tapmalıyam, hə yox denən işimi bilim" deyə, cavab olaraq qarşı tərəfdən "Maşın danışaq, taksi, tanış olsun, get, götür, qayıt, qoyasan cibinə orada fırlanasan” deyə səsli mesajların göndərilməsi müəyyən edilmişdir. Habelə narkotik vasitələrin atıldığı yerin fotogörüntülərinin və olduğu yerin koordinatlarının 30 yanvar 2025-ci il tarixdə "WhatsApp" mobil tətbiqi vasitəsi ilə göndərilərək sonuncunun məlumatlandırıldığı müəyyən edilmişdir (cild. 1iş vərəqə 120-121);

10. “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi barədə” 17 mart 2025-ci il tarixli protokoldan görünür ki, Azərfon MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** saylı mobil nömrəsi ilə müxtəlif nömrələr arasında SMS yazışmaları müəyyən edilsə də, cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edə biləcək məlumatlar aşkar edilmədi (cild 1, i/v 136-138);

11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsindən daxil olmuş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 17 fevral 2025-ci il tarixli 915 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmənarkoloji ekspertizasından keçirilən zaman Təqsirləndirilən şəxs 2018-ci ildən narkotik vasitə qurudulmuş marixuanadan siqaretə doldurub çəkməklə, arabir psixotrop maddə metamfetamini yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. Əvvəllər narkotik vasitə olan tiryəkdən istifadə etdiyini bildirmişdir (c.1, i/v 141-142);

12. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 01 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmiş, barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 13 kq 913.5 qram qalmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd "Samsung" markalı mobil telefon maddi sübut hesab edilmişdir. 13 kq 913,5 qram qalmış narkotik vasitə qurudulmuş marixuana məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş, 01 ədəd "Samsung" markalı mobil telefon isə cinayət işi materiallarına əlavə edilmişdir (cild 1, i/v 143-153);

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü dəlillər aşağıdakılardır:

13. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, şəxsi istifadəsi üçün hər dəfə 5-10 qramlıq narkotik vasitə almışdır. 5-6 ay əvvəl sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Siyavuş” adlı şəxs ona yazıb “konum atdığım yerdən gedib narkotik vasitəni götürərsən” demişdir. O, da həmişəki kimi 4-5 qram narkotik vasitə əldə etmək üçün konum atılan yerə getmiş, bağlamanı görəndə götürmüşdür. Həmin bağlamanın içərisində 15 kq narkotik vasitə olduğunu bilməmiş, narkotik vasitəni satmaq məqsədi olmamış, öz şəxsi istifadəsi üçün götürmüşdür. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs İran vətəndaşlarını 6-7 ay olar ki, tanıdığını, həmin İran vətəndaşı ilə sosial şəbəkədə tanış olduğunu, 3-4 il olar ki, narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Həmçinin bildirmişdir ki, o, özü də əvvəllər mühafizə polisində işləmiş, həbs olunana qədər özünə məxsus nar nömrədən istifadə etmiş, kuryerliklə məşğul olmamışdır. Adətən İran vətəndaşından öz istifadəsi üçün 3-5 qram narkotik vasitə götürmüş, 15 kq narkotik vasitə olan büküm qara rəngli bağlamada olduğundan, bağlamanın içində həmin miqdarda narkotik olduğunu bilməmişdir. İran İslam Respublikasının vətəndaşı “Siyavuş” adlı şəxslə 3-5 qram narkotik vasitə götürəcəyi barədə danışmış, büküm qara rəngdə olduğuna görə narkotik vasitənin nə qədər olduğunu seçə bilməmişdir.“Samsung” markalı nömrəsi ***-***-**-** olan mobil telefondan istifadə etmişdir. Telefonunda olan sms yazışmalardan xəbəri vardır, Behram ona kartına 20-30 manat pul vurarsan, Siyavuş adlı şəxs ona “atdığım ünvana gedib, narkotik vasitəni cibinə qoyarsan” yazmışdır. O, marixuanadan, arabir də metamfetamindən istifadə etmişdir. Başqa heç bir narkotik vasitədən istifadə etməmişdir. 15 kq narkotik vasitə ona aid olmamışdır. Öz istifadəsi üçün olan 5 qram narkotik vasitə üçün əvvəlcədən 100 manat ödəmişdir. Ona pulsuz narkotik vasitə verməmişlər, bəzən artıq pul atdığına görə “Siyavuş” 2-3 qram artıq narkotik vasitə qoymuşdur. O, 10 qramdan çox narkotik vasitə götürməmişdir. İran İslam Respublikasının vətəndaşı əvvəlcədən demişdir ki, narkotik vasitəni artıq qoyur pulunu sonra verər. 15 kq bağlamanı göndərilən ünvandan 15-20 metr aralıda tapmış. Onun diqqətini çəkdiyinə görə həmin bağlamanı götürmüşdür. Əgər polis əməkdaşları onu saxlamasaydılar 15 kq marixuananı polisə özü təhvil verəcəkdi. Polis əməkdaşları tərəfindən ona hər hansı zor və fiziki güc tətbiq edilmədiyini qeyd etmişdir.

14. Sonda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, narkotik vasitənin satışı ilə heç vaxt məşğul olmadığını, narkotik vasitəni yalnız özünün şəxsi istifadəsi üçün aldığını, himayəsində anasının, bir azyaşlı uşağının olması bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi.

Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

15. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və külli miqdarda törədilkdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

16. Həmin Məcəllənin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

17. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 5 qram olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar, 500 qram olduqda isə külli miqdar, 50000 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur.

18. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə psixotrop maddələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə psixotrop maddələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin psixotrop maddələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın psixotrop maddələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, psixotrop maddənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

19. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və 12 “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CMin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3- 1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edibetməməsi araşdırılmalıdır.

Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:

20. “Şübhəli şəxsin tutulması haqqında” 31 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 yanvar 2025-ci il tarixdə, saat 22:35-dən tutulmuş hesab edilmişdir (cild 01; i.v.26);

21. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 fevral 2025-ci il tarixli, 4(005)- 109/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 30 yanvar 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.98-100);

22. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2024-cü il təvəllüdlü Ayla Dadaşova adlı övladı var (cild 1, iş vərəqə 119);

23. Qaradağ rayon İcra hakimiyyəti başçısının X5 dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli 09 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir ərizə və şikayət materialı daxil olmamışdır (cild 1, iş vərəqə 117);

24. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 139-140).

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:

25. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;

26. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;

27. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər.

28. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.

29. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

31. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.

32. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

33. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

34. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin ilkin etirafedici izahatı, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146).

35. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilmiş, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, şəxsi istifadəsi üçün hər dəfə 5-10 qramlıq narkotik vasitə aldığını, 5-6 ay əvvəl sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Siyavuş” adlı şəxs ona yazıb “konum atdığı yerdən gedib narkotik vasitəni götürərsən” demişdir. O, da həmişəki kimi 4-5 qram narkotik vasitə əldə etmək üçün konum atılan yerə getmiş, bağlamanı görəndə götürmüşdür. Həmin bağlamanın içində 15 kq narkotik vasitə olduğunu bilmədiyini, narkotik vasitəni satmaq məqsədi olmadığını, öz şəxsi istifadəsi üçün götürdüyünü göstərsə də, məhkəmə onun həmin ifadəsini özünümüdafiə xarakterli və iş materiallarında olan sübutlarla uzlaşmayan ifadə kimi qiymətləndirir.

36. Belə ki, iş materiallarında olan Təqsirləndirilən şəxs izahatından görünür ki, “Toyota Prius” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin arxa hissəsindən qara çantanın və torbanın içərisindən 15 (on beş) ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin kütlələrin tərəzidə çəkildiyini, ümumi çəkisinin 15 (on beş) kq 560 (beş yüz altmış) qram olduğunu, ona verilən suallara cavab olaraq avtomobildən aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşı “Siyavuş” və “Behnam” adlı şəxslərin vasitəsi ilə gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, əvəzində həmin şəxslərin ona 300-400 (üç yüz, dörd yüz ) manat pul veriləcəyini, yanında olan Şahid2 narkotik vasitələrdən xəbərsiz olduğunu bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş ifadəsi onun sadəcə məsuliyyətdən yayınmaq naminə verilmiş ifadə kimi qiymətləndirir. (cild 01; i.v.39-40)

37. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilkin izahatında özünü ona elan edilmiş ittihamda təqsirli bilmiş, “Toyota Prius” markalı ** RB *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin arxa hissəsindən qara çantanın və torbanın içərisindən 15 (on beş) ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin kütlələrin tərəzidə çəkildiyini, ümumi çəkisinin 15 (on beş) kq 560 (beş yüz altmış) qram olduğunu, ona verilən suallara cavab olaraq avtomobildən aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşı “Siyavuş” və “Behnam” adlı şəxslərin vasitəsi ilə gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, əvəzində həmin şəxslərin ona 300-400 (üç yüz, dörd yüz ) manat pul verəcəyini bildirmiş, ibtidai istintaq zamanı müstəntiq tərəfindən, o cümlədən, hazırda məhkəmə iclasında dövlət ittihamçısı və sədrlik edən tərəfindən ona hər hansı zor və fiziki güc tətbiq edilib-edilməməsi ilə bağlı verilmiş suallara cavab olaraq ona ibtidai istintaq zamanı hər hansı fiziki zor tətbiq edilmədiyini bildirmişdir.

38. Bundan savayı, iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 fevral 2025-ci il tarixli, 4(005)-109/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata məhkəmə iclasında baxılan zaman o,özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək sözügedən əməli pul vəsaitinə ehtiyacı olduğundan məcburiyyət qarşısında törətdiyini əməlindən peşman olduğunu bildirmişdir. (cild 01; i.v.98-100)

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

40. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

41. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edib üzərində saxlayaraq daşıdığı qanunsuz əşyaların külli miqdarda olmaqla 15 bağlamada xüsusi qablaşdırılmış narkotik vasitə (13 kq 913,5 qram qurudulmuş marixuana) olması, habelə ibtidai istintaqda öz əməlini etiraf etməsi, müvafiq əməliyyat məlumatının olması və cinayət işinin materiallarında olan digər sübutlar (cinayət işinin materiallarında olan çoxsaylı mesajlar və şahid ifadələri) onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

42. Bundan başqa təqsirləndirilən şəxsin mobil telefonuna baxış protokolundan onun “Siyavuş” və “Behnam”adlı İran İslam Respublikası vətəndaşı ilə yazışmaları açıq-aşkar görünməkdədir. Həmin yazışmalar elan olunarkən təqsirləndirilən şəxs ona ünvanlanmış suala cavab olaraq “Siyavuş” adlı şəxslə 3-5 qram narkotik vasitə götürəcəyi barədə danışdığını, telefonunda olan sms yazışmalardan xəbəri olduğunu, Behnam ona kartına 20- 30 manat pul vurarsan, Siyavuş adlı şəxs ona “atdığım ünvana gedib, narkotik vasitəni cibinə qoyarsan” yazdığını, 15 kq narkotik vasitə ona aid olmadığını, öz istifadəsi üçün olan 5 qram narkotik vasitə üçün əvvəlcədən 100 manat ödədiyini bildirmişdir ki, bu da onun məhkəməyə yalan söyləməklə öz ifadələrinə inam yaratmağa cəhd etməsinə baxmayaraq məhkəmə iclasında yalanının ifşa olunmasına dəlalət edir.

43. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

44. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmaması və hazırki hökmlə münasibət bildirilmiş digər xüsusatlarla bağlı ifadəsində göstərdiyi halları və gətirdiyi ziddiyyətli dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilməsi qənaətinə gəlir və onun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

45. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır.

46. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan istintaq hərəkətinin protokolları, Watsapp mesajlaşma proqramı ilə göndərdiyi olan yazışmalar, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin izahatını və baxış və axtarış keçirilən zaman, habelə barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə özünün bildirdiyi xüsusatları inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir.

47. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur.

46. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.

47. Təqsirləndirilən şəxs himayəsində anasının, bir azyaşlı uşağının olması, yaşayış yer üzrə müsbət xarakterizə olması (CM-59.1.4) cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır.

48. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. (CM-61.1.1).

49. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut- narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübutlar –01 ədəd “Samsung ” markalı, mobil telefon təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, 01 ədəd disk iş materiallarında saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir.

50. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

51. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.

52. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

53. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.

54. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir.

55. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməsi müəyyən olunmuş, daha sonra isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli 141 saylı Qərara əsasən həmin haqq vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında müəyyənləşdirilmişdir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 24 iş saatı həcmində hüquqi yardımla bağlı X3 vəkil işlədiyi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına 214 (iki yüz on dörd) manat məbləğində pul köçürülməlidir.

56. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq,

HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının çəkilməsi müddətinin başlanğıcı 30 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddı sübutların saxlancına verilmiş 13 kq 913,5 qram qalmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut- Təqsirləndirilən şəxs götürülmüş və cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd “Samsung ” markalı, mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına vəkil X7 üçün 214 (iki yüz on dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Kamil Əliyev

Hakimlər: Nigar İmanova

Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar