Məhkəmə qərarları › İş №1(101)-1226/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1226/2021

23.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1226/2021 23.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərər çəkmiş şəxslər - Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə məhkəmənin hazırlıq iclasında xx xxxxx 1972-ci il tarixdə Masallı rayonunda anadan olmuş, evli, ali təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Masallı rayonunun Təklə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, əvvəllər azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində faktiki azadlıqdan məhrum etmə növündə cəza çəkən, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə, xx xxxxxx 1957-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 2 ünvanında qeydiyyatda olan, əvvəllər azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində faktiki azadlıqdan məhrum etmə növündə cəza çəkən, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə, xx xxxxxxx 1968-ci il tarixdə Masallı rayonunun Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Təklə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* saylı həmin cinayət işi 03 iyun 2021-ci il tarixdə məhkəməyə daxil olmuş, cinayət işi 17, 21 və 24 iyun, 05, 09 iyul və 16, 23 sentyabr 2021-ci il tarixlərə məhkəmənin hazırlıq iclasına təyin edilməklə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanması üçün ilkin dinləmələr məqsədi ilə hazırlıq iclası keçirilmişdir. Məhkəmə hahzırlıq iclasında müəyyən edilmişdir ki, hazırkı cinayət işi Təqsirləndirilən şəxs1 Hüseynəli oğlunun CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair baxılmasına xitam verilmiş və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış ********* nömrəli cinayət işinə birləşdirilmiş cinayət işidir. Belə ki, Təqsirləndirilən şəxs1 Hüseynəli oğlunun CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq Azərbaycan Respublikası DİN-nin BŞBPİ-nin Nizami RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X6 tərəfindən aparılmaqla tamamlanmış, cinayət işi üzrə ittiham aktı 14 iyun 2017ci il tarixdə təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmə hazırlıq iclasında həmin cinayət işi üzrə məhkəməyədək icraat mərhələsində Azərbaycan Respublikası CPM-nin 303-cü maddəsində nəzərdə tutulan kobud prosessual qanun pozuntularına yol verilməsi müəyyən edildiyindən Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının 06 iyul 2017-ci il tarix qərarına əsasən cinayət işinin baxılmasına xitam verilmiş, cinayət işi yol verilmiş pozuntuların aradan qaldırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. Həmçinin, cinayət işi üzrə məhkəməyədək icraat mərhələsində kobud qanun pozuntularına yol vermiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X3 haqqında xüsusi qərar çıxarılmışdır. Cinayət işi yol verilmiş pozuntuların aradan qaldırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarıldıqdan sonra həmin cinayət işi Azərbaycan Respublikası DİN-nin BŞBPİ-nin Nizami RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X4 icraatına qəbul edilmiş, sonuncu tərəfindən təqribən iki il müddətində ibtidai istintaq aparılaraq tamamlanmış, 14 iyun 2019-cu il tarixdə təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Həmin iş üzrə 02, 05 və 23 iyul 2019-cu il tarixlərə təyin edilmiş məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, baxılmasına xitam verilmiş və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış ********* nömrəli cinayət işi ********* və ********* nömrəli cinayət işləri ilə birləşdirilmiş və ********* nömrə altında istintaq aparılmışdır. 04 sentyabr 2018-ci il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 CM-nin 178.2.1,178.2.2 və 178.2.4-cü maddələri, 26 fevral 2019-cu il tarixdə isə Təqsirləndirilən şəxs2 CM-nin 178.3.2-cü maddəsi ilə yeni məzmunda ittihamlar elan edilmişdir. 170080201 nömrəli həmin cinayət işi üzrə 02, 05 və 23 iyul 2019-cu il tarixlərə təyin edilmiş hazırlıq iclaslarında ilkin dinləmələr keçirilmiş və cinayət işi üzrə məhkəməyədək icraat zamanı təkrarən məhkəmə baxışı mərhələsində aradan qaldırılması mümkün olmayan bir sıra kobud qanun pozuntularına yol verildiyini müəyyən edildiyindən dövlət ittihamçısının vəsatəti üzrə Azərbaycan Respublikası CPM-nin 303.3.1 (təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması), 303.3.6 (cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması) və 303.3.8-ci (məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması) maddələrində nəzərdə tutulan əsaslarla cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhər Nizami rayon prokuroruna qaytarılmış, həmçinin, cinayət işi üzrə məhkəməyədək icraat mərhələsində kobud qanun pozuntularına yol vermiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin Nizami RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X4 haqqında xüsusi qərar çıxarılmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* saylı həmin cinayət işinin 17, 21 və 24 iyun, 05, 09 iyul və 16, 23 sentyabr 2021-ci il tarixlərə təyin olunan hazırlıq iclaslarında müəyyən edildi ki, hazırkı cinayət işinin yol verilmiş kobud prosessual pozuntular səbəbindən geri – ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına, Nizami RPİ-nin İstintaq Şöbəsinin müstəntiqləri X3 və X4 haqqında xüsusi qərarlar çıxarılmasına və hər iki müstəntiqin tabeçilik üzrə yuxarı orqan tərəfindən cəzalandırılmalarına baxmayaraq, sonuncu istintaqçı tərəfindən (müstəntiq, polis mayoru X7) müstəsna dərəcədə səhlənkarlıq və laqeyidlilik göstərilərək əvvəlki məhkəmə qərarlarında göstərilən kobud prosessual pozuntuları aradan qaldırmaq əvəzinə məhkəmə baxışı mərhələsində aradan qaldırılması mümkün olmayan bənzər kobud qanun pozuntularına yol verilmişdir. Belə ki, hazırlıq iclasında Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 vəsatət qaldıraraq cinayət işinin ibtidai istindaqı zamanı hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxsin məhkəmə baxışı nəticəsində aradan qaldırılması mümkün olmayan müdafiə hüquqlarının kobud pozuntusuna yol verildiyini qeyd edib, cinayət işinə baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Müdafiəçi məhkəmənin diqqətini cinayət işinin istintaqı zamanı müstəntiq tərəfindən yol verilən pozuntulara cəlb edib, cinayət işinə baxılmasına xitam verilməli və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı olmasını belə əsaslandırdı ki, ibtidai istintaqın yekunlaşdırılması mərhələsində Təqsirləndirilən şəxs2 və müdafiəçi olaraq onun cinayət işinin materialları ilə tanış olunmaları barədə müstəntiq tərəfindən cədvəl tərtib olunmuşdur. İş materiallarına əlavə olunan həmin cədvəldən görünür ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 və müdafiəçi olaraq o, 29.04.2021, 30.04.2021, 01.05.2021, 04.05.2021 və 08.05.2021 tarixlərdə cinayət işinin materialları ilə tanış olmuş və bunun təsdiqi olaraq müstəntiq tərəfindən tərtib olunan həmin cədvələ imza etmişlər. Lakin 29.04.2021-ci il tarixdə baş vermiş tanışlıq istisna olmaqla, digər tarixlərdə müstəntiqin yanında olmamış, iş materialları ilə tanış olmamış, 30.04.2021, 01.05.2021, 04.05.2021 və 08.05.2021 tarixlərdə cədvəldə heç bir qeyd aparmamış və imza etməmişdir. Cinayət işinin materialları ilə tanış olması məqsədilə dəfələrlə şifahi və ya yazılı formada müstəntiqə müraciət etsə də, bu və ya sair səbəbdən müstəntiq ya onu qəbul etməmiş, ya da iş materialları ilə tanış olması üçün şərait yaratmamışdır. Təqsirləndirilən şəxs2 və müdafiəçi olaraq onun cinayət işinin materialları ilə tanış olunmaları barədə tərtib olunan cədvəl müstəntiq və ya qeyrisi tərəfindən onun əvəzindən imzalanmış və qeydlər aparılmaqla saxtalaşdırılmışdır. Müdafiəçisi Müdafiəçi3 vəsatətində daha sonra göstərmişdir ki, 08.05.2021-ci il tarixdə təqsirləndirilən şəxsi, onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə barədə protokol tərtib edilmiş və göründüyü kimi həmin protokol təqsirləndirilən şəxs olaraq Təqsirləndirilən şəxs2 özü və müdafiəçi olaraq onun tərəfindən imzalanmışdır. Lakin 08 may 2021-ci il tarixdə o, və Təqsirləndirilən şəxs2 Nizami rayon Polis İdarəsinə getməmiş, cinayət işi tanışlıq üçün ona və təqsirləndirilən Təqsirləndirilən şəxs2 hər təqdim olunmamış, onlar cinayət işinin hər hansı materialları ilə tanış olmamış və heç bir sənəd imzalamamışlar. Cinayət işinin materialları ilə tanış etmə barədə 08.05.2021-ci il tarixli protokol onların iştirakı ilə tərtib olunmamış, o, və ya Təqsirləndirilən şəxs2 həmin protokolda hər hansı qeyd aparmamış və protokolu imzalamamışlar. Təqsirləndirilən şəxs2 bütün istintaq boyu özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilmədiyi halda, həmin protokola qeyrisi tərəfindən aparılan absurd qeydlərə əsasən guya o, və təqsirləndirilən şəxs iş materialları ilə tanış olmuş və onların heç bir şikayəti və ya tələbi olmamışdır. Cinayət işinin materialları ilə tanış etmə barədə 08.05.2021-ci il tarixli həmin prpotokol müstəntiq və ya qeyrisi tərəfindən onun əvəzindən imzalanmış və qeydlər aparılmaqla saxtalaşdırılmışdır. Müdafiəçisi Müdafiəçi3 qaldırdığı vəsatətdə iş üzrə göstərdiyi prosessual pozuntuların baş verib-vermədiyini müəyyənləşdirmək məqsədilə iş üzrə ona və Təqsirləndirilən şəxs2 məxsus mobil telefonların 30.04.2021, 01.05.2021, 04.05.2021 və 08.05.2021 tarixlərə olan antenn dairələrinin müvafiq mobil operatorlardan götürülməsini və məhkəmə-xətşünaslıq ekspetizası təyin edilməsini məhkəmə qarşısında təklif etmişdir. Ən nəhayət, müdafiəçisi Müdafiəçi3 qaldırdığı vəsatətdə cinayət işi üzrə ibtidai istintaqın natamam aparıldığını, zərər çəkmiş şəxslərlə Təqsirləndirilən şəxs2 arasında münasibətlərə aydınlıq gətirilmədiyini, aidiyyatı şahidlərin dindirilmədiyini, üzləşmələr aprarılmadığını qeyd etmiş, belə bir vəziyyətdə cinayət işi üzrə ibtidai istintaqın yekunlaşdırılmasının yolverilməz olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 Müdafiəçi3 tərəfindən qaldırılan vəsatəti müdafiə edib göstərdi ki, o, 29.04.2021-ci il tarixdə müdafiəçisi ilə bərabər Nizami RPİ-də barəsində cinayət işini istintaq etmiş müstəntiqin yanında olsa da, həmin tarixdə cinayət işinin bir neçə cildində olan materiallarla tanış olub imza etsə də, sonrakı - 30.04.2021, 01.05.2021, 04.05.2021 və 08.05.2021 tarixlərdə Nizami RPİ-də müstəntiqin yanında olmamış, iş materialları ilə tanış olmamışdır. 04.05.2021 - 08.05.2021-ci il tarixlər arası, dəqiq xatırlamadığı günlərin birində müstəntiq onu Nizami RPİ-yə dəvət etmiş, səlahiyyətlərindən sui-istifadə edərək “Təqsirləndirlən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə barədə” cədvələ və başqa sənədlərə bir neçə imza etdirmiş, müdafiəçisi Müdafiəçi3 həmin vaxt onun yanında olmamışdır. Qeyd olunan cədvəldə və protokolda olan bütün imzalar şəxsən onun özü tərəfindən icra olunmuş, lakin nə cədvəldə və nə də protokolda heç bir qeyd aparmamışdır. Məhkəmə kollegiyası məhkəmə hazırlıq iclasında qaldırılan vəsatətləri müzakirə edib, cinayət prosesi tərəflərini dinləyib, cinayət işinin materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxslərin təqsirlilik məsələsini əvvəlcədən həll etmədən, belə nəticəyə gəlir ki, Müdafiəçi3 tərəfindən qaldırılan vəsatətlər tam əsaslıdır, yəni məhkəməyədək icraat zamanı Müdafiəçi3 vəsatətində göstərilən Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.8-ci maddələrində nəzərdə tutulan, məhkəmə baxışı nəticəsində aradan qaldırılması mümkün olmayan kobud prosessual pozuntulara yol verilmişdir. Ona görə də qaldırılan vəsatətlər təmin olunmalı, cinayət işinə baxılmasına xitam verilməli və cinayət işi yol verilən prosessual pozuntuların aradan qaldırılması məqsədilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, iş materialları öyrənilərkən və məhkəmə hazırlıq iclasında müəyyən edildi ki, cinayət işinin ibtidai istintaqını aparmış Nizami RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Nicat Nayıbov Azərbaycan Respublikası CPM-nin 284.1.1-ci maddəsinə əsasən ibtidai istintaqın qurtarması barədə Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi3 27 aprel 2021-ci il tarixli protokol əsasında məlumat vermişdir(iş vərəqə: cild XV, səh.107). Bundan sonra müstəntiq Nicat Nayıbov Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi3 cinayət işinin materialları ilə tanış olmaları məqsədilə cədvəl tərtib etmişdir. Həmin cədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 və Müdafiəçi3 29.04.2021-ci il tarixdə, saat 17:00-dan 20:00-dək, 30.04.2021-ci il tarixdə, saat 18:30-dan 20:45-dək, 01.05.2021ci il tarixdə, saat 18:15-dən 20:30-dək, 04.05.2021-ci il tarixdə, saat 18:34-dən 21:00-dək və 08.05.2021-ci il tarixdə, saat 18:00-dan 20:00-dək cinayət işinin materialları ilə tanış olmuş və bunun təsdiqi olaraq müstəntiq tərəfindən tərtib olunan həmin cədvələ qeyd olunan tarixlərdə ayrı-ayrılıqda imza etmiş, həmçinin yekunda da həmin cədvəl Təqsirləndirilən şəxs2 və Müdafiəçi3 tərəfindən imzalanmışdır (iş vərəqə: cild XV, səh.148). Bundan başqa, müstəntiq Nicat Nayıbov tərəfindən təqsirləndirilən şəxsi, onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə barədə 08.05.2021-ci il tarixli protokoldan göründüyü kimi həmin protokolun təsviri hissəsində Təqsirləndirilən şəxs2 adından «vaxt məhdudiyyəti olmadan vəkilimin iştirakı ilə cinayət işinin materialları ilə tikilmiş və səhifələnmiş halda tanış oldum, heç bir şikayət və vəsatətim yoxdur. Maddi sübutlarla tanış olmaq istəmirəm» məzmunda qeydlər aparılmış və həmin protokol yekunda Təqsirləndirilən şəxs2 özü və müdafiəçi olaraq onun tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası CPM-nin 284.1.1-ci maddəsinə əsasən müstəntiq ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir. Həmin Məcəllənin 285.1-ci maddəsinin tələblərinə görə mstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. Qeyd olunan Məcəllənin 285.4-cü maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün vaxtı məhdudlaşdıra bilməz. Obyektiv həqiqətin müəyyənləşdirilməsi məqsədilə məhkəmə hazırlıq iclasının 09 iyul 2021-ci il tarixli qərarına əsasən cinayət işi üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin olunmaqla müvafiq rəy alınmış, həmçinin eyni tarixli qərara əsasən Təqsirləndirilən şəxs2, Müdafiəçi3 və cinayət işinin ibtidai istintaqını aparmış müstəntiq X5 istifadələrində olmuş mobil abonent nömrələrinin Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi3 cinayət işinin materialları ilə tanış olmalarının əhatə olunduğu tarixlərdəki əhatə dairəsi müəyyənləşdirilmişdir. Məhkəmə hazırlıq iclasının 09 iyul 2021-ci il tarixli qərarına əsasən cinayət işi üzrə keçirilmiş və məhkəmə hazırlıq iclasında tədqiq olunan məhkəmə-xəttşünaslıq ekspertizasının 13 avqust 2021-ci il tarixli, 4/1034 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin materiallarında olan «170080201 saylı cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 və Müdafiəçi3 tanış olma qrafiki» başlıqlı prosessual sənəddə 29.04.2021, 30.04.2021, 01.05.2021, 04.05.2021 və 08.05.2021 tarixlərdə «Təqsirləndirilən şəxs» və «Müdafiəçi» qrafasında alt alta edilmiş beş ədəd imza və beş ədəd «Şirəlizadə» və «Müdafiəçi3» yazıları, həmçinin həmin sənəddə «Cinayət işinin materialları ilə tanış oldu: Təqsirləndirilən şəxs:» qrafasındakı imza və «Şirəlizadə» yazısı və «Cinayət işinin materialları ilə tanış oldu: Müdafiəçi:» qrafasındakı imza və «Müdafiəçi3» yazısı, həmçinin işdə olan «Təqsirləndirilən şəxsi, onun müdafiəçisini və qanuni nümayəndəsini cinayət İşinin materialları ilə tanış etmə barədə» 08.05.2021 tarixli protokolun yekununda «Təqsirləndirilən şəxs:» qrafasındakı imza və «Şirəlizadə» yazısı, «Müdafiəçi:» qrafasındakı imza və «Müdafiəçi3» yazısı müvafiq olaraq Təqsirləndirilən şəxs2 və Müdafiəçi3 tərəfindən icra olunmuşdur. Tədqiq olunan məhkəmə-xəttşünaslıq ekspertizasının 13 avqust 2021-ci il tarixli, 4/1034 saylı həmin rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş, işdə olan «Təqsirləndirilən şəxsi, onun müdafiəçisi və qanuni nümayəndəsini cinayət işinin materialları ilə tanış etmə barədə» 08.05.2021 tarixli protokolda «Təqsirləndirilən şəxs2 bildirdi ki» qrafasındakı «vaxt məhdudiyyəti olmadan vəkilimin iştirakı ilə cinayət işinin materialları ilə tikilmiş və səhifələnmiş halda tanış oldum, heç bir şikayət və vəsatətim yoxdur. Maddi sübutlarla tanış olmaq istəmirəm» yazıları - Təqsirləndirilən şəxs2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ən nəhayət, tədqiq olunan həmin rəylə müəyyən edilmişdir ki, işdə olan «Təqsirləndirilən şəxsi, onun müdafiəçisini və qanuni nümayəndəsini cinayət işinin materialları ilə tanış etmə barədə» 08.05.2021 tarixli protokolda «Müdafiəçi3 bildirdi ki,» qrafasında «heç bir şikayət və vəsatətim yoxdur.» yazıları - Müdafiəçi3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə hazırlıq iclasının 09 iyul 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı, Müdafiəçi3 istifadəsində olmuş ***-***-**-** saylı və müstəntiq X5 istifadəsində olmuş ***-***-**-** saylı mobil abonent nömrələrinin Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi3 cinayət işinin materialları ilə tanış olmalarının əhatə olunduğu tarixlərdəki əhatə dairəsi müvafiq olaraq "xxxx" MMC və "xxxx" MMC mobil operatorlarından götürülmüş və tədqiq olunarkən müəyyən edilmişdir ki, cinayət işinin materialları ilə tanış olmanın ilk günündə, yəni 29.04.2021-ci il tarixdə, saat 17:00-dan sonrakı vaxtda Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi3, həmçinin cinayət işini istintaq etmiş müstəntiq X8 RPİ-nin inzibati binasının yerləşdiyi Nizami rayonu Qara Qarayev prospektində olmaları, hətta müdafiəçisi Müdafiəçi3 həmin gün saat 17:00:04-də müstəntiqlə telefon əlaqəsi saxlamaqla 21 saniyə danışıq aparması təsdiq olunsa da, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi3 cinayət işinin materialları ilə tanış olmaq barədə tərtib olunan cədvəldə göstərilən tarixlərdə və vaxtda Nizami RPİnin inzibati binasında və ya Nizami RPİ-nin inzibati binasının yerləşdiyi dairədə olmaları təsdiq olunmamışdır. Belə ki, məhkəmə hazırlıq iclasında tədqiq olunan "xxxx" MMC-dən əldə olunan çıxarışlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə 30.04.2021-ci il tarixdə, saat 18:30-dan 20:45-dək olan müddətdə Bakı şəhərinin Binəqədi və Nərimanov rayonları ərazisində, 01.05.2021-ci il tarixdə, saat 18:15dən 20:30-dək olan müddətdə Bakı şəhərinin Binəqədi, Xətai və Nərimanov rayonları ərazisində, 04.05.2021-ci il tarixdə, saat 17:54-dən saat 19:20-dək Bakı şəhərinin Nizami RPİ-nin inzibati binasının yerləşdiyi Nizami rayonu Qara Qarayev prospektində, bundan sonra həmin tarixdə Bakı şəhərinin Binəqədi və Xətai rayonları ərazisində, 08.05.2021-ci il tarixdə, saat 18:00-dan 20:00-dək Bakı şəhərinin Binəqədi və Nərimanov rayonları ərazisində istifadə olunmuşdur. 04.05.2021 - 08.05.2021-ci il tarixlər arası, dəqiq xatırlamadığı günlərin birində müstəntiqin onu Nizami RPİ-yə dəvət etdiyini, səlahiyyətlərindən sui-istifadə edərək “Təqsirləndirlən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə barədə” cədvələ və başqa sənədlərə bir neçə imza etdirdiyini Təqsirləndirilən şəxs2 özü də təsdiq etmişdir ki, qeyd olunan həmin tarix 04.05.2021-ci il tarixə təsadüf etmişdir. Bundan başqa, məhkəmə hazırlıq iclasında tədqiq olunan "xxxx" MMC-dən əldə olunan çıxarışlarla müəyyən olunur ki, Müdafiəçi3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə 30.04.2021-ci il tarixdə, saat 18:30-dan 20:45-dək, 01.05.2021-ci il tarixdə, saat 18:15-dən 20:30-dək, 08.05.2021-ci il tarixdə, saat 18:00-dan 20:00-dək olan müddətdə Sumqayıt şəhərində, 04.05.2021-ci il tarixdə, saat 18:34-dən 21:00-dək olan müddətdə isə Nizami RPİ-nin inzibati binasının yerləşdiyi inzibati ərazi istisna olmaqla, Bakı şəhərinin və Abşeron rayonunun müxtəlif ünvanlarında istifadə olunmuşdur. Ən nəhayət, məhkəmə hazırlıq iclasında tədqiq olunan "xxxx" MMC-dən əldə olunan çıxarışlarla müəyyən olunur ki, cinayət işi üzrə ibtidai istintaqı aparmış müstəntiq X4 istifadəsində olmuş ***-***-**-** saylı mobil abonent nömrəsindən 30.04.2021-ci il tarixdə, saat 18:30-dan 20:45-dək və 08.05.2021-ci il tarixdə, saat 18:00-dan 20:00-dək olan müddətdə Nizami RPİ-nin inzibati binasının yerləşdiyi inzibati ərazidə deyil, qeyri ünvanlarda istifadə olunmuşdur, yəni göstərilən tarixlərdə və vaxtda müstəntiq Nicat Nayıbov özü belə Nizami RPİ-nin inzibati binasının yerləşdiyi ünvanda olmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, məhkəməxəttşünaslıq ekspertizasının 13 avqust 2021-ci il tarixli, 4/1034 saylı rəyi "xxxx" MMC və "xxxx" MMC mobil operatorlarından götürülmüş mobil abonent nömrələrinin əhatə dairəsinə dair çıxarışlara münasibətdə şübhəli və qeyri-dəqiq məlumatdır və məhkəmə hazırlıq iclasında çıxarılacaq yekun qərarın əsasını təşkil edə bilməz. Ona görə də "xxxx" MMC və "xxxx" MMC mobil operatorlarından götürülmüş, yuxarıda qeyd olunan məlumatlar müasir texnoloji nailiyyətlərin məhsulu kimi daha mötəbər və obyektiv məlumatlar kimi qəbul edilməlidir. Bundan başqa, məhkəmə hazırlıq iclasıında müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 adından «Təqsirləndirilən şəxsi, onun müdafiəçisi və qanuni nümayəndəsini cinayət işinin materialları ilə tanış etmə barədə» 08.05.2021-ci il tarixli protokolda «vaxt məhdudiyyəti olmadan vəkilimin iştirakı ilə cinayət işinin materialları ilə tikilmiş və səhifələnmiş halda tanış oldum, heç bir şikayət və vəsatətim yoxdur. Maddi sübutlarla tanış olmaq istəmirəm» məzmunda qeydlərlə bir daha təsdiq olunur ki, Təqsirləndirilən şəxs2 08.05.2021-ci il tarixdə Nizami RPİ-nin inzibati binasında olmamış və cinayət işinin materialları ilə tanış olmamışdır. İşdə olan və məhkəmə hazırlıq iclasında tədqiq olunan «Təqsirləndirilən şəxsi, onun müdafiəçisi və qanuni nümayəndəsini cinayət işinin materialları ilə tanış etmə barədə» 04 aprel 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi3 04 aprel 2019-cu il tarixdə cinayət işinin materialları ilə tanış olduqdan sonra hər iki prosessual şəxs Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamla razı olmadıqlarını bildirmiş və Təqsirləndirilən şəxs2 barəsində cinayət təqibinə xitam verilməsini protokola qeyd etmişlər (cild Xİİİ, səh. 154). Məhkəmə kollegiyası məhkəmə hazırlıq iclasında qaldırılan vəsatətlər üzrə məsələni müzakirə edib, cinayət prosesi tərəflərini dinləyib, cinayət işinin materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin 303.3.1 (təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması) və 303.3.8-ci (məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması) maddələrində nəzərdə tutulan kobud prosessual pozuntulara yol verilmişdir və buna görə də cinayət işinə baxılmasına xitam verilməli, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, həmçinin cinayət işinə baxılmasına xitam verilməsinə və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına əsas olan kobud prosessual pozuntulara yol vermiş Bakı şəhər Nizami RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X7 barəsində təkrarən xüsusi qərar çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 303.3.8-ci maddəsinin tələblərinə görə məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286-cı maddəsinin tələblərinin pozulması ciddi prosessual pozuntu olmaqla təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsində nəzərdə tutulan müdafiə hüququnun pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CPM-nin: - 91.5.13-cü maddəsinə əsasən etirazlar etmək və vəsatətlər vermək; - 91.5.17-ci maddəsinə əsasən təqsirli olduğunu və ya təqsirli olmadığını bildirmək; - 91.5.18-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə öz etirazını bildirmək və bu etirazın istintaq və ya digər prosessual hərəkətlərin protokolunda qeyd edilməsini tələb etmək; - 91.5.22-ci maddəsinə əsasən ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq; - 91.5.29-cu maddəsinə əsasən hüquqlarına və qanuni mənafeyinə toxunan qərarlar haqqında cinayət prosesini həyata keçirən orqan tərəfindən məlumatlanmaq və xahişi ilə bu qərarların, …… habelə ittiham aktının, ….. surətlərini almaq; - 91.5.30-cu maddəsinə əsasən təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarlarından, yaxud hərəkətlərindən şikayət etmək qanunla təqsirləndirilən şəxsə verilmiş hüquqlardır. Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.8-ci maddələrinə əsasən, bu maddələrin tələblərinin pozulması kobud qanun pozuntusu hesab olunur və belə pozuntuya yol verildikdə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Həmin Məcəllənin 300.1 və 300.1.5-ci maddəsinə əsasən cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. Azərbaycan Respublikası CPM-nin 307.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 85.1-ci maddəsinə əsasən cinayət təqibini həyata keçirərkən müstəntiq qanunun tələblərini rəhbər tutaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişlərinə və öz daxili inamına əsaslanaraq, zəruri prosessual qərarlar qəbul edir, istintaq və ya digər prosessual hərəkətləri həyata keçirir. Həmin Məcəllənin 85.2.1-ci maddəsinin tələblərinə görə törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək müstəntiqin vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüqüqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi Milli məhkəmələrə tövsiyə edir ki, aşağı məhkəmədə işə baxan hakim apardığı məhkəmə icraatının 6-cı maddəyə uyğunluğunu təmin etməyə görə cavabdehlik daşıdığı üçün yuxarı məhkəmənin onun səhvlərini düzəldəcəyinə arxayın olmamalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 300.1.5-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edərkən həmin Məcəllənin 306cı maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri ilə bağlı məsələyə də baxmalıdır. İş materialları öyrənilərkən müəyyən edilmişdir ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 may 2013-cü il tarixli, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 15 avqust 2014-cü il tarixli və Bakı Hərbi Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli hökmləri üzrə Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə və 2 (iki) il 6 (altı) ay 1 (bir) gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasına məhkum edilmiş və cəza çəkməsinin əvvəli 24 may 2016-cı il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs1 hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkir. Məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmış və onun haqqında qətimkan tədbiri seçilməmişdir. Odur ki, qeyd olunan hal nəzərə alınmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs3 Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli, 1(101)-1023/2017 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə cəza çəkməsi məhkəməyədək icraat mərhələsində nəzərə alınmış və barəsində qətimkan tədbiri seçilməmişdir. Odur ki, qeyd olunan hal onun barəsində də nəzərə alınmalıdır. Digər Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir ki, məhkəmə kollegiyası sonuncunun barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını qərara alır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.1, 300.1.5, 303.3.1, 303.3.6, 303.3.8, 306 və 307.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin məhkəməyədək icraatı mərhələsində kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhər Nizami rayon prokurorluğuna qaytarılsın. Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 may 2013-cü il tarixli, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 15 avqust 2014-cü il tarixli və Bakı Hərbi Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli hökmləri üzrə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə və 2 (iki) il 6 (altı) ay 1 (bir) gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasına məhkum edilməsi, 24 may 2016-cı il tarixdən azadlıqdan məhrum etmə növündə cəza çəkməsi və buna görə onun haqqında qətimkan tədbiri seçilməməsi, Təqsirləndirilən şəxs3 Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli, 1(101)-1023/2017 nömrəli hökmünə əsasən 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə onun azadlıqdan məhrum etmə növündə cəza çəkməsi və buna görə onun haqqında qətimkan tədbiri seçilməməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol vermiş Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X4 haqqında xüsusi qərar çıxarılsın. Qərarın surəti məlumat üçün 3 (üç) gün müddətində cinayət prosesinin bütün iştirakçılarına göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar