Məhkəmə qərarları › İş №1(101)-1227/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1227/2022

03.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1227/2022 03.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri «Femida» vəkil bürosunun vəkili Müdafiəçi1, Abşeron rayon Vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Binəqədi Rayon Məhkəməsinin 03 mart 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.4-cü maddəsi tətbiq edilməklə 1500 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci ildə təyin olunmuş cəriməni tam ödəmiş; Nərimanov Rayon Məhkəməsinin 03 avqust 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə CM-nin 76.3.1-ci maddəsinə əsasən 04 ay 13 gün vaxtından əvvəl şərti azad olunmuş; Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 noyabr 2014-cü il tarixli, 1(001)- 383/2014 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 29 dekabr 2017-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, naməlum şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girərək, qabaqcadan aralarında olan razılaşmaya əsasən 23 sentyabr 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən «Lallar fabriki» adlanan ərazidə satış məqsədilə qanunsuz olaraq külli miqdarda 2,748 qram psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, həmin tarixdə saat 18:40 radələrində ünvan 1 ünvanın yaxınlığında Binəqədi RPİ-nin 43-cü PBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 3 ünvanında yerləşən 43-cü PB-nə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 2,748 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkomandır, müxtəlif narkotik vasitələrdən istifadə edir. 23 sentyabr 2021-ci il tarixdə saat təxminən 18 radələrində o, evdə olmuşdur. Elvin adlı dostu da onlarda olmuşdur. Elvinlə həyətdə oturub nərd oynayan zaman polis əməkdaşları həyətə gəlmişlər. Həmin vaxt onda narkotik vasitə olmamışdır. Lakin polis əməkdaşları ona bildirmişlər ki, hər ikisini narkotiklə həbs edəcəklər. Onu Binəqədi RPİ-nin 43-cü PB-nə gətirmişlər. Orada üzərinə baxış keçiriləcəyini bildirmişlər. Onun üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşlarından biri, hazırda onu xatırlamır, onlara bildirmişdir ki, ya bir nəfər narkotiki öz üzərinə götürəcək, yada ki ikisi narkotik vasitələrin gəzdirməsi ilə məsuliyyətə cəlb olunacaqlar. O, bir neçə dəfə məhkum olunmuş, fikirləşmişdir ki, dostunu heç nəyə görə tutacaqlar və dostuna görə narkotik vasitələrin ona məxsus olmasını boynuna almışdır. Bundan sonra, ona bir nəfər mülki geyimdə şəxs bir büküm vermiş və bildirmişdir ki, üzərinə şəxsi axtarış keçirilərkən həmin bükümün ona məxsus olmasını deməlidir. O, kamera qarşısında bunu təsdiq etmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Onun adına bir neçə telefon nömrəsi olmuş, səhv etmirsə istifadəsində ***- ***-**-** telefon nömrəsi olmuşdur. ***-***-**-** nömrəsini xatırlamır. Elan olunmuş cinayət işinin 156-159-cu vərəqələrində olan SMS yazışmalarına əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş telefon SMS-lərini xatırlamır. Həmin şəxsləri tanımır, onların anket məlumatlarını bilmir. Elan olunmuş cinayət işinin 31-33-cü vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda olan imzaya əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, protokolu təsdiq etmir. O, dostu Elvinə görə imza etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş və ifadəsininin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 34-37-ci vərəqələrində olan ifadəsində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «... 23 sentyabr 2021-ci ildə saat 18:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsində yaşadığım evin yaxınlığında piyada gedən zaman iki nəfər mülki geyimdə olan şəxs mənə yaxınlaşaraq özlərini təqdim etdilər və üzərimdə psixotrop maddə olmasından şübhə edildiyim üçün üzərimə şəxsi axtarış aparılması məqsədi ilə məni Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etdilər. Şəxsi axtarış zamanı mən əynimdə olan qara rəngli idman şalvarımın sol yan cibindən bir ədəd içərisində ağ rəngli kristal halda kütlə olan şəffaf rəngli sellofan bükülünü çıxarıb masanın üzərinə qoydum. ...mən həmin maddəni həmin gün saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Lallar fabrikinin yaxınlığında tanımadığım şəxsdən 100 manata şəxsi istifadəm üçün aldığımı bildirdim. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş protokolda olan imza onun imzasıdır. Protokolu təsdiq etmir. O, dostu Elvinə görə imza etmişdir. Elan olunmuş cinayət işinin 60-61-ci vərəqələrində olan şübhəli şəxsin dindirilməsi protokoluna və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olumuş imza onun imzasıdır. Elan olunmuş ifadəni təsdiq edir. Onda narkotik vasitə olmamış, narkotik vasitəni ona vermişlər. Elan olunmuş cinayət işinin 117-119-cu vərəqələrində olan təqsirləndirilən şəxsin dindirilməsi protokola sasən Təqsirləndirilən şəxs bildirmişdir ki, o, bu protokola imza etməmişdir. Onda narkotik vasitə olmamış, üzərinə baxış keçirilən zaman ona büküm verib demişlər ki, çəkiliş zamanı bükümün onun olduğunu deyər. O da bu protokola imza etməmiş və bundan sonra cinayət işində olan sənədlərin heç birinə imza etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-də əməliyyat müvəkkili işləyir. 23 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, üzərində gəzdirməsi və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında raportla rəhbərliyə məruzə olunduqdan sonra ondan və əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. 23 sentyabr 2021-ci il tarixdə saat 18:40 radələrində daxil olmuş məlumat əsasında ünvan 1 ünvanının yaxınlığında, əvvəlcədən alınmış məlumatda Xəyyam adlı şəxsin zahiri əlamətləri ilə uyğun gələn şəxs tərəflərindən saxlanılmış və onlar həmin şəxsə özlərini təqdim edəndən sonra onun da özünü təqdim etməsini bildirdikdə həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar həmin şəxsi üzərinə baxış keçirilməsi üçün Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla Binəqədi RPİ-nin 43-cü PB-nə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda, Xəyyam əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd içərisində ağ rəngli kristal halında kütlə olan şəffaf rəngli sellofan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükülüdə olan maddə psixotrop maddə metafetamindir və həmin gün saat 15 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Lallar fabrikinin yaxınlığında tanmadığı şəxsdən 100 manat müqabilində almışdır. Bundan sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Xəyyam Nəcəfli tək olmuş, yanında heç kəs olmamışdır. Xəyyam Nəcəfliyə qarşı heç bir fiziki güc tətbiq edilməmişdir. Xəyyamın yaşadığı evə hasardan aşmamışlar, onu evində saxlamamışlar, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsi 12A ünvanının yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs videoçəkiliş zamanı özü könüllü olaraq narkotik vasitəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq və təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 23 sentyabr 2021-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə edərək üzərində gəzdirməsi barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 4-5-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 23 sentyabr 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə edərək üzərində gəzdirməsi barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 48-49-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 5(001)-1376/2021 saylı qərarından görünür ki, Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 23 sentyabr 2021-ci il tarixli əməliyyat tədbirlərinin keçirilməsi barədə qərarı qanuni hesab edilmişdir. Cinayət işinin 30-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 23 sentyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına etiraz etməmişdir. Cinayət işinin 31-33-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 sentyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən əvvəl sonuncuya paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməli təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd içərisində ağ rəngli kristal halında kütlə olan şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində başqa heç bir predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni həmin gün saat 15:00-da Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Lallar fabrikinin yaxınlaığında tanımadığı şəxsdənn 100 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş kütlə qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 43-46-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 sentyabr 2021-ci il tarixli, 6/4247 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....Təqsirləndirilən şəxs üzərindən ...” sözləri olan zərfdəki bir bükümdə təmiz çəkisi 2,748 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 78-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 sentyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən 1 ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərinə axtarış aparılan zaman sonuncuya üzərində olan qanunsuz əşyaları könüllü təqdim etməsi təklif edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının cibindən bir ədəd şəffaf rəngli sellofanı çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülü açıldıqda, Təqsirləndirilən şəxs həmin maddənin metamfetamin olduğunu, həmin maddəni tutulmamışdan əvvəl tanımadığı şəxsdən aldığını bildirmişdir. Aşkar edilmiş büküm qablaşdırılıb götürülmüşdür. Cinayət işinin 93-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin 43-cü Polis Bölməsindən daxil olmuş 25 oktyabr 2021-ci il tarixli, ***-**** saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Binəqədi rayonu ərazisində narkotik vasitə və psixotrop maddənin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları mövcuddur, lakin, narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 91-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Rasim Məmmədovun 05 oktyabr 2021-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 105-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Rasim Məmmədovun 16 fevral 2022-ci il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 156-172-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 aprel 2022-ci il tarixli telefon danışıqlarına dair məlumatlar əks etdirilmiş diskə baxış keçirilməsi barədə protokoldan və protokola əlavə edilmiş sms məlumatlarından çıxarışdan görünür ki, "xxxx" MMC-dən əldə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsinə daxil olan və çıxan zəng və sms məzmunlarına dair məlumatlar olan 01 ədəd CD diskə baxış keçirilmiş və baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəyə ***-***-**-** nömrədən aşağıdakı məzmunda sms-lər daxil olmuşdur: xx.xx.2021-ci il tarixdə «Yarım-Saata-zənk-vuraçağam. -bayağ-dedİm-sənə-5manatsığ-verərsən, yaxşı.Xəyyam.?»; xx.xx.2021-ci il tarixdə- «QərdeşOğlu--İmkan-Varsa-kəlim--Sənin-yanunda-bir-yerdə- Cəkəy; MƏN-CATİRAM.-BELƏQƏRDEŞOĞLULUĞ- OLAR.-ƏMİ-ÖLÜR-PUL-ƏLİNDƏ- QALİB; Alə-Balaça-Kişi. ƏMİ--Bu-Keçə--Burda-Qalaçağ. Sən-Əmiyə-Bidənə- beşdik-Pati-- Birdə--Dünən-Verdiyin-Koki-Qədər-Koki-ƏMİYƏ-PAS-Atkinən.? ƏMİ -İNŞALLAH-- SABAH--Axşam~Bura--Kələndə~5-cin--6~tıyçın--15--Manat-Verər--Sənə.təmiz- Noldayam. xx.xx.2021-ci il tarixdə- “Qərdeşoğlu-ƏMİYÇİN-Bidənə-yarım-koki-bidənədə-5- Manatdığ Pati-ƏMİNİN-20-MANAT.PULU.VAR.DÜZƏLƏRSƏ.KƏLİM”; xx.xx.2021-ci il tarixdə- “QƏRDEŞOĞLU-BİDƏNƏ-10-LUĞ-PATİ-AXŞAM-SAAT-10-NA- 11-RƏ-DÜZƏLTDƏ.KƏLİM.PULU.VERİM.KÖTÜRÜM.KEDİM” Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəyə ***-***-**-** nömrədən aşağıdakı məzmunda sms-lər daxil olmuşdur: xx.xx.2021-ci il tarixdə - «Xeyam salam 5 var onan var sende gekim götrum» xx.xx.2021-ci il tarixdə- “Ata kolani iki yari qoyarsanda”, Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəyə ***-***- **-** nömrədən aşağıdakı məzmunda sms-lər daxil olmuşdur: xx.xx.2021-ci il tarixdə- «patin var»; xx.xx.2021-ci il tarixdə - «Ay qaqa sef vermisen 15 pati 5 kola» Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəyə ***-***-**-** nömrədən aşağıdakı məzmunda sms-lər daxil olmuşdur: xx.xx.2021-ci il tarixdə- “SALAM MENEM CELAL 10 MANAT PULUM VAR EVDEN CİXA BİLMİREM MENE PATİ GETRE BİLERSEN TUALETİN PENCERESİNE DANİWA BİLMİREM” Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəyə ***-***- **-** nömrədən aşağıdakı məzmunda sms-lər daxil olmuşdur: xx.xx.2021-ci il tarixdə- “Xayam manam seymur. Galim 17 manat verim sana mana kola ver 0.5. Axsam sanla eladiymizin avazina bir az pati ver vso mi staboy rasot. Galim ???”, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrədən 055-444- 00-69 nömrəyə aşağıdakı məzmunda sms-lər göndərilmişdir: xx.xx.2021-ci il tarixdə- “Ramin qaqawimsan mene 4/5 rati qoyda qiragi goturecem”, Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrədən ***- ***-**-** nömrəyə aşağıdakı məzmunda sms-lər göndərilmişdir: xx.xx.2021-ci il tarixdə-“Meni… salmaq istisen yigib mennen soruwursan yerimi tema varimdi yoxsa yox?”, Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrədən ***- ***-**-** nömrəyə aşağıdakı məzmunda sms-lər göndərilmişdir: xx.xx.2021-ci il tarixdə- “Birazda pati verim lap send 30m pul ama temiz 1k duz qow gelim goturum tez bazar lomkadayam pis agridayam”, Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrədən ***- ***-**-** nömrəyə aşağıdakı məzmunda sms-lər göndərilmişdir: xx.xx.2021-ci il tarixdə- “Qaqaw verdim getdi etaga ne qalmiwdisa he yox elediy getdi gozdirem temani gelsin goturmeliyem goturen kimi sene xeber eliyerem.Allah saxlasin seni”, Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrədən ***- ***-**-** nömrəyə aşağıdakı məzmunda sms-lər göndərilmişdir: xx.xx.2021-ci il tarixdə- “sende salamatcilqdi bir kelme sene soz dedim axi bidene mala gore sen oyun cixardirsanee men yox dedim ki sene verecem bir kelmede.hec koncenniy narkaman bucur inamsizdiq elemeyib mend qarwi ele bil senin puluvu goturub gedecem vermiyecem yeke oğlansan gelen kimi verecem emanetvi”, xx.xx.2021-ci il tarixdə- “etaga kanalim tutulub kalan pullarmiz batib bawimiz ona qatiwmiwdi gelim yoluna qoyariq”, Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrədən ***- ***-**-** nömrəyə aşağıdakı məzmunda sms-lər göndərilmişdir: xx.xx.2021-ci il tarixdə- “Rewad gelme temani itirdim tapa bilmirem”, Cinayət işinin 174-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin 43-cü Polis Bölməsindən daxil olmuş 26 may 2022-ci il tarixli məktubdan görünür ki, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***- ***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil nömrələrinin sahibləri müəyyən edilsələr də, olduqları yerləri müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 197-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21 may 2022-ci il tarixli təqsirləndirilən şəxsin üzləşdirmə istintaq hərəkətinin keçirilməsindən imtina etməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə şahidlər Şahid2 və Şahid1 ilə üzləşdirmə keçirilməsi bildirilmiş, lakin Təqsirləndirilən şəxs bundan imtina etmişdir. Cinayət işinin 213-214-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin İŞ-nin polis mayoru X3 22 may 2022-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəyini müəyyən etmək üçün cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi icraata ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək bildirmişdir ki, onda narkotik vasitə olmamış, polis əməkdaşları ona narkotik vasitəni verib demişlər ki, boynuna götürsün,o, əvvəllər məhküm olduğu və dostunu məsuliyyətdən yayındrmaq üçün narkotikin ona məxsus olmasını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə, iş üzrə şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, Təqsirləndirilən şəxs istifadəsində olan nömrəyə daxil olan SMS məlumatlarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 94-96-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 16 oktyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin 03 mart 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.4-cü maddəsi tətbiq edilməklə 1500 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci ildə təyin olunmuş cəriməni tam ödəmiş; Nərimanov Rayon Məhkəməsinin 03 avqust 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə CM-nin 76.3.1-ci maddəsinə əsasən 04 ay 13 gün vaxtından əvvəl şərti azad olunmuş; cinayət işinin 97-100-cü vərəqələrində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 noyabr 2014-cü il tarixli, 1(001)-383/2014 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 29 dekabr 2017-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində qeyd edilmişdir ki, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 83.3.3-ci maddəsinə müvafiq olaraq az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 101-102-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 20 noyabr 2021-ci il tarixli, 4573 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür Cinayət işinin 179-180-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" X8 ambulator məhkəmə psixiatrik ekspertizasının 14 mart 2022-ci il tarixli, 664 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir.dir. Bundan başqa, cinayət işinin 19-20-ci vərəqələrində olan 23 sentyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 72-73-cü vərəqələrində olan Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik leytenantı X2 25 sentyabr 2021-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və şübhəli şəxsin MSY-dən azad edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənə qədər həbsdə saxlama müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyə əsasən Təqsirləndirilən şəxs 23 sentyabr 2021-ci iil tarixdən 25 sentyabr 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin ediləcək cəza müddətindən çıxılmalıdır. Cinayət işinin 89-cu vərəqəsində olan Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik leytenantı X2 03 oktyabr 2021-ci il tarixli ittiham elan edilməsi üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında qərardn görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin 104-cü vərəqəsində olan 16 fevral 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 fevral 2022-ci il tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 134-138-ci vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli 4(001)-180/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 16 fevral 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 16 fevral 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,698 qram psixotrop maddə metamfetamin məhv edilməli, iki ədəd diskin cinayət işinin materiallarına əlavə edilərək saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 81.82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 sentyabr 2021-ci iil tarixdən 25 sentyabr 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət nəzərə alınmaqla ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,698 qram psixotrop maddə metamfetamin məhv edilsin. İki ədəd diskin cinayət işinin materiallarına əlavə edilərək saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 81.82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar