Məhkəmə qərarları › İş №1(101)-1229/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1229/2022

30.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1229/2022 30.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxx 1964-cü il tarixdə Bakı şəhərində doğulmuş, evli, ali təhsilli, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 06 oktyabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci və 306.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 9 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə olan heroini və külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, istintaq tərəfindən müəyyən edilməyən mənbədən satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə olan heroin və külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib daşıyaraq özündə saxlamış, 03 fevral 2022-ci il tarixdə, saat 20:00 radələrində Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 116 ünvanının yaxınlığında saxlanılaraq Nərimanov rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və orada üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli idman köynəyinin sol yan cibindən 01 ədəd boz rəngli elektron tərəzi və həmin köynəyin sağ yan cibindən 01 ədəd üzərində “X7” yazılı olan narıncı rəngli eynək qutusunun içərisindən 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,248 qram, 0,214 qram, 0,192 qram, 0,178 qram, 0,225 qram, 0,179 qram olmaqla ümumi təmiz çəkisi 1,236 qram təşkil edən narkotik vasitə olan heroin və 15 ədəd bükümdə ayrı-ayrılıqda 0,262 qram, 0,247 qram, 0,253 qram, 0,311 qram, 0,239 qram, 0,245 qram, 0,289 qram, 0,276 qram, 0,272 qram, 0,263 qram, 0,278 qram, 0,194 qram, 0,267 qram, 0,353 qram, 0,314 qram olmaqla ümumi təmiz çəkisi 4,063 qram təşkil edən psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, tutulmamışdan əvvəl təxminən 6-7 ay əvvəldən başlayaraq heroindən və metamfetamindən istifadə etməyə başlamışdır. 02 fevral 2022-ci il tarixdə günorta saatlarında, internet vasitəsilə tapdığı, adını Qasım kimi bildiyi İran vətəndaşı ilə növbəti dəfə internet vasitəsi ilə əlaqə saxlayaraq ondan heroin və metamfetamin istəmişdir. O, “Milli ön” aparatı vasitəsilə həmin şəxsin kart hesabına 150 manat pul göndərmiş, həmin şəxs də ona yerin şəklini atmaqla Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 4 yol adlanan yerdən heroini və metamfetamini götürə biləcəyini demişdir. Bundan sonra o, həmin ünvana gedərək heroini və metamfetamini götürmüş, onları geyindiyi qara rəngli idman köynəyinin sağ yan cibinə qoyaraq özündə saxlamışdır. 03 fevral 2022-ci il tarixdə təxminən saat 20:00 radələrində ünvan 3 ünvanının yaxınlığında olduğu vaxt iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Nərimanov rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər və ondan adını, soyadını, harada yaşadığını soruşmuşlar. O, yayınmaq məqsədilə polis əməkdaşlarına özünü təqdim etmək istəməmiş, polis əməkdaşları da onun narkotik maddə istifadə etdiyindən şübhələndiklərini deyərək onlarla birlikdə Nərimanov rayon Polis İdarəsinə getməyini xahiş etmişlər. O, da polis əməkdaşları ilə birlikdə Nərimanov rayon Polis İdarəsinə getmişdir. İdarədə ona üzərində narkotik maddə olmasında şübhələndiklərinə görə üzərinə videoçəkilişdən istifadə edilməklə axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra hüquqları izah olunaraq onun üçün İlham adlı vəkil çağırılmışdır. Bundan sonra vəkilin və onu İdarəyə gətirən polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərində axtarış keçirilməyə başlanılmışdır. Axtarışdan əvvəl polis əməkdaşları ona üzərində saxlanılması və daşınması qadağan olunmuş hər hansı əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsini təklif etmişlər. O da qara rəngli idman köynəyinin sol yan cibindən bir ədəd boz rəngli elektron tərəzini və həmin köynəyinin sağ yan cibindən bir ədəd üzərində “X7” yazısı olan narıncı rəngli eynək qutusunun içərisində 6 ədəd bükümdə heroin və 15 ədəd büküm metamfetamin olmaqla ümumilikdə 21 ədəd bükümü könüllü təqdim etmişdir. Bundan əlavə, o, əynindəki qara rəngli idman köynəyinin sol yan cibindən bir ədəd qızılı rəngli “Samsung Duos” markalı mobil telefon aparatını, bir ədəd 1 manatlıq pul əskinasını və özünə məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsini çıxardıb könüllü təqdim etmişdir. Onun təqdim etdiyi bükümlərdəki maddələr və bir ədəd elektron tərəzi polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, möhürlənib götürülmüşdür. Sonda bu barədə protokol tərtib edilərək ucadan oxunmuş və hamı tərəfindən imzalanmışdır. O, narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır, üstündə aşkar olunan maddələri də özünün istifadə etməsi üçün almışdır. Törətdiyi əmələ görə səmimi peşmandır. Məhkəmədən barəsində cəza təyin edilərkən əməlindən peşman olmasının, narkomaniya xəstəliyindən əziyyət çəkməsinin, birinci Qarabağ müharibəsinin veteranı olmasını və yaşının nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələri də oxşar məzmunlu olmuş, bununla belə o, ibtidai istintaq zamanı verdiyi ifadələrində özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilmiş, 150 manata aldığı heroini və metamfetamini həm də satış məqsədilə əldə etdiyini etiraf etmişdir (cild 1, iş vərəqə 57- 59, 73-75 138-141). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşı Şahid2 göstərdi ki, 03 fevral 2022-ci il tarixdə saat 20:00 radələrində inzibati ərazidə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid1 ilə gəzinti apararkən ünvan 4 ünvanın qarşısında bir şəxsin özünü şübhəli apardığını görmüşlər. Buna görə ona yaxınlaşaraq vəsiqələrini təqdim etməklə Nərimanov rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər və ondan da özünü təqdim etməsini xahiş ediblər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, lakin həmin vaxt rabitəsiz danışmağa, suallardan yayınmağa və onların yanından çıxıb getməyə çalışmışdır. Əslində saxlanandan sonra o özü də Təqsirləndirilən şəxs xidməti ərazinin sakini kimi üzdən tanıyıb yadına salmışdır. Yunusun davranışından və danışığından onun narkotik vasitənin təsiri altında olduğunu hiss etmişlər. Ondan spirtli içki qoxusu gəlmədiyinə görə onun narkotik vasitənin təsiri altında olmasına tam əmin olub onu Nərimanov rayon Polis İdarəsinin inzibati binasına dəvət etmişlər. Polis İdarəsində məlum olmuşdur ki, həmin şəxs xx xxx 1964-cü il təvəllüdlü, ünvan 5 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxsdur. Bundan sonra o və Şahid1 raport tərtib etmişlər. Polis İdarəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı Toğrul Məmmədov tərəfindən Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman köynəyinin sol yan cibindən bir ədəd boz rəngli elektron tərəzini, bir ədəd “Samsung" markalı mobil telefonu, özünə məxsus şəxsiyyət vəsiqəsini, bir ədəd 1 manatlıq pul əskinazını və həmin köynəyin sağ yan cibindən 01 ədəd üzərində “X7” yazısı olan narıncı rəngli eynək qutusunu təqdim etmişdir. Həmin eynək qutusunun içinə baxış keçirən zamanı onun içərisindən hər biri ağ rəngli kağıza bükülərək üzərində “Qiymət” yazısı olan çəhrayı rəngli yapışqan kağızla bağlanmış 21 ədəd büküm aşkar olunmuşdur. Bükümlərin üzərində “0.5”, “0.5 PA”, «0.5 KAK», “0.6 KAK», «0.7 Kak» yazılarının olduğunu xatırlayır. Təqsirləndirilən şəxs bükümlərin içərisində nə olduğu soruşulduqda o, 15 ədəd bükümün içərisində metamfetamin, digər 6 ədəd bükümün içərisindəki qəhvəyi rəngli maddənin heroin olduğunu, onları İran İslam Respublikasının vətəndaşı olan “Qasım” adlı şəxsin vasitəsi ilə əldə etdiyini bildirmişdir. Aşkar olunmuş bükümlər iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Xidməti vəzifələrinin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs xidmət etdiyi ərazinin sakini kimi tanımış və onun həm narkotik vasitələrin istifadəsi, həm də satışı ilə məşğul olması barədə kifayət qədər məlumatlar olmuşdur. Yaşadığı məhəllənin sakinləri də bu şəxsi narkotik vasitələri yayan birisi kimi tanımış, onun bu qanunsuz əməlləri qonşular tərəfindən kifayət qədər narazılıqla qarşılanmış, gəncləri bu maddələrlə zəhərlədiynə, narkotik vasitələri və psixotrop maddələri yaydığına görə ətrafdakıların ciddi narahatlığına səbəb olmuşdur. Tam əminliklə bildirir ki, övladlarına, yaxınlarına görə narahat olan ərazi sakinləri Təqsirləndirilən şəxs ifşa edilib həbs olunmasını böyük razılıqla qarşılamışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasındaifadəsi elan olunaraq tədqiq olunmuş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir (cild 1, iş vərəqə 109-111). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 03 fevral 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində qara rəngli idman köynəyinin sol yan cibindən bir ədəd boz rəngli elektron tərəzi və həmin köynəyin sağ yan cibindən bir ədəd üzərində “X7” yazısı olan narıncı rəngli eynək qutusunun içərisindən hər biri ağ rəngli kağıza bükülərək üzərində “Qiymət” yazısı olan çəhrayi rəngli yapışqan kağızla bağlanmış 21 ədəd bükümü təqdim etmişdir. Həmin 21 ədəd bükümdən 10 ədədinin üzərində “0.5” yazısı, digər 05 ədədinin üzərində “0.5 PA” yazısı, 04 ədədinin üzərində “0.5 KAK” yazısı, 01 ədədinin üzərində “0.6 KAK” yazısı, 01 ədəd bükümün üzərində “0.7 Kak” yazısı yazılmış bükümlər aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 15 ədəd bükümün içərisindəki ağ rəngli maddənin psixotrop maddə metamfetamin, digər 6 ədəd bükümün içərisində olan qəhvəyi rəngli maddənin narkotik vasitə heroin olduğunu olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 23-24, 130-134). Məhkəmə-kimyəvi ekspertizasının 04 fevral 2022-ci il tarixli 6/699 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs : Təqsirləndirilən şəxs (imza)...” sözləri olan paketdəki 15 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,262 qram, 0,247 qram, 0,253 qram, 0,311 qram, 0,239 qram, 0,245 qram, 0,289 qram, 0,276 qram, 0,272 qram, 0,263 qram, 0,278 qram, 0,194 qram, 0,267 qram, 0,353 qram, 0,314 qram, ümumi təmiz çəkisi 4,063 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir, 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,248 qram, 0,214 qram, 0,192 qram, 0,178 qram, 0,225 qram, 0,179 qram, ümumi təmiz çəkisi 1,236 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 1,176 qram, metamfetaminin qalıq çəkisi 3,913 qram təşkil etmişdir (cild 1, iş vərəqə 36-43). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 07 aprel 2022-ci il tarixli 1649 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 120-121). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 12 mart 2022-ci il tarixli 646 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək qabiliyyətinə malik olmuş, buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsir altına düşmür, hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1, iş vərəqə 122-124). Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmadığından ibtidai istintaq orqanının 15 may 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 162-163). Cinayət işinin materiallarına əlavə edilmiş 062295 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır (cild 1, iş vərəqə 159). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 06 oktyabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci və 306.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur (cild 1, iş vərəqə 106-107). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmamasına dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş tam etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, Qarabağ müharibəsi veteranı olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 fevral 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 03 fevral 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 14-15, 85-90). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 03 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkiləri 1,176 qram təşkil edən heroin və 3,913 qram təşkil edən metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 37,182). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 03 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkiləri 1,176 qram təşkil edən heroin və 3,913 qram təşkil edən metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına vəkil X3 üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar