Məhkəmə qərarları › İş №1(101)-1229/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1229/2024

26.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1229/2024 26.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14:55 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “Kiçikbəyov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan külli miqdarda - təmiz çəkisi 2,737 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşımış, 07 sentyabr 2023-cü il tarixdə saat 15:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində “Zabrat dairəsi” yaxınlığında Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq 15-ci Polis Bölməsinə aparılmış, orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş külli miqdarda - təmiz çəkisi 2,737 qram təşkil edən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, hələ 09 fevral 2023-cü ildə Zabrat məscidinin yanından “mal” almağa getmişdir. Həmin “mal”ı aldığı adam onu polislərə satmışdır. Polislər də onu tutub bölməyə aparmışlar. 5 manatlıq “çet”i qırağa qoyub əllərini qandallamışlar, ayaqlarını skotçlayıb onu döyməyə başlamışlar. İki gün onu döydükdən sonra polislərdən nə məsələ olduğunu soruşmuşdur. Onlar da “qızıllar, pullar haradadır? 8.000 manat qızıl, 16.000 manat pul?” deyə ondan soruşmuşlar. O da “sən nə danışırsan? bu nə vaxt olub?” deyə bildirmiş, polis də “9-14 yanvar aralığında” demişdir. O da “cinayətkarı tapa bilmirsinizsə, qoyursunuz boynuma?” deyə bildirmişdir. Bundan sonra narkotiki boynuna götürməyə məcbur olmuş, idarəyə təhvil verilməyini gözləmişdir. İdarəyə təhvil veriləndən sonra müstəntiq ondan nə məsələ olduğunu soruşmuşdur. O da “vurun görün, dekabrın 19-dan yanvarın 20-sinə görə mən hardayam?” deyə bildirmişdir. Araşdırma aparıldıqdan sonra onun həmin tarixdə Binəqədidə həbsdə olduğu müəyyənləşdirilmişdir, onu xeyli bölmədə saxlamışlar ki, göyərti yerləri keçsin. Müstəntiq ondan nəyə görə tutulduğunu soruşmuş o da “5 manatlıq çetə görə tutuldum, çeti qoydular qırağa, oğurluğu yüklədilər” demişdir. Sonra onu prokurorun yanına aparmışlar, prokuror da araşdırıb onda heç nə olmadığını, şübhəli bilindiyi oğurluq hadisəsi baş verən vaxtda sutkalıq həbsdə olduğunu müəyyən etmişdir. Ağakərim adlı polis ona “bizi satsan, səni harada tutsaq, yükləyəcəyik” demişdir. Bununla da idarədən buraxılmış, azad edilmişdir. 5ci Polis Bölməsi onun çöldə olduğundan xəbər tutmuşdur. 6-7 ay onu axtarmışlar, hətta bacısının da evinə getmişlər. Sonra Zabrata bir adamın yanına «mal» üçün getmiş, həmin “mal” satan adam da onu polisə satmışdır. Birinci dəfə 5 manata mal almış, ikinci dəfə tutulanda isə, yəni 07 sentyabr 2023-cü il tarixdə hələ “mal”ı almağa getmişdir. Həmin adama yaxınlaşanda, Ağakərim adlı polis onu tutmuşdur. O da polisdən qaçmamış, “mən 234.1-lə razıyam, gedim srok çəkim, sağalım” demişdir. Polis də “səni 234.1-lə rəsmiləşdirəcəyəm” deyə bildirmişdir. Özü maşına oturmuş, sonra onu bölməyə aparıb müvəqqəti saxlama yerinə qoymuşlar. Sonra çəkiliş zamanı ona “bunu qoy sağ cibinə” demişlər. O da “tərəzini götür, mən sonra məhkəmə qarşısına çıxacağam, sonra onu da üstümə qoyacaqsınız” demişdir. Sonra isə ifadə vermişdir ki, “20 manata adını bilmədiyim şəxsdən almışam”. İttihamda 2 ya 3 qram yazılmış, halbuki 20 manata ona 2-3 qram heç kim “mal” verməz. Tutulanda onun üstündə heç nə olmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, ibtidai istintaq zamanı verdiyi deyil, məhkəmədə verdiyi ifadəsi düzgündür. O, vəkilə demişdir ki, “bu nədir, bu, mənim deyil”. Müstəntiq də “elə etmə ki, 234.4-cü maddə ilə səni rəsmləşdirək. Bu yüngüldür, bunu götür” demişdir. İstintaq zamanı təxminən 7-8 sənədə qol çəkmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, o, müəyyən bir müddət olar ki, narkotik vasitələrdən istifadə etmişdir. 07 sentyabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində olarkən üzdən tanıdığı lakin adını və digər məlumatları bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manat pul ödəməklə bir ədəd büküm heroin almış və cibinə qoyub saxlamışdır. 07 sentyabr 2023-cü il tarixdə saat 15:40 radələrində Sabunçu rayonu, Zabrat dairəsi yaxınlığında olarkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edib Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan səndlərini təqdim etməyini tələb etmişlər, lakin onda heç bir sənəd olmamışdır. Bu zaman polislər onu 15-ci Polis Bölməsinə aparmışlar, orada barəsində tutma protokolu tərtib edilmiş, vəkil dəvət edilərək ona təqdim edilmiş, hüquqları izah edilmişdir. Bundan sonra onun üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə aparılacağı bildirilmişdir. O, şəxsi axtarış zamanı vəkilin iştirak etməməsini xahiş etmiş və bu barədə ərizə yazmışdır. Daha sonra polis əməkdaşların iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Ona üzərində qanunla daşınması və gəzdirilməsi qadağan edilən nəsə varsa təqdim etməsi təklif edilmiş, o da cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükülünü çıxardıb masanın üstünə qoymuşdur. O, bükümdə olan maddənin heroin olduğunu, şəxsi istifadəsi üçün 20 manata Balaxanı qəsəbəsindən üzdən tanıdığı şəxsdən aldığını bildirmişdir. Daha sonra ondan aşkar edilən büküm zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. O həm zərfi, həm də protokolu oxuyub tanış olduqdan sonra imzalamışdır (cild 1, iş vərəqə 54-56). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, hadisə zamanı Sabunçu rayon Polis İdarəsinin 15ci Polis Bölməsində çalışmışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, daşıması və üzərində saxlanması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Ondan və baş əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 07 sentyabr 2023-cü il tarixdə saat 15:40 radələrində Təqsirləndirilən şəxs Sabunçu rayonu, Zabrat dairəsi yaxınlığında saxlanılaraq 15-ci Polis Bölməsinə aparılmışdır. Bölmədə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs özü şalvarının sol yan cibindən sellofan bükümü çıxarıb təqdim etmişdir. Təxminən 2,7-2,8 qram arası narkotik vasitə olmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin heroin olduğunu, şəxsi istifadəsi üçün Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Daha sonra həmin büküm zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək imzalanmışdır. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, əməliyyat məlumatı Şahid2 daxil olmuşdur. Şəxsi axtarış və müayinə zamanı Təqsirləndirilən şəxs etirazı olmamışdır. Təqsirləndirilən şəxs dəfələrlə xırda oğurluq halları olmuşdur. Həmin ərazidə 1 il 2 aydır ki, xidmət edir, ona görə məlumatı var. Şahid2 təqsirləndirilən şəxsi tək tutmamışdır, Təqsirləndirilən şəxs saxlanılan zaman o da iştirak etmişdir. Şahid2 ona təcili zəng vurmuş,amma o, telefonu götürməmişdir. İş yoldaşı ona demişdir ki, Ağakərim onunla təcili danışmaq istəyir. O da Ağakərimlə danışmış, sonuncu ona təcili “Zabrat dairəsi”nə yaxınlaşmağını demişdir. O da bölmənin həyətindəki “Kia” markalı maşına minib Ağakərimin yanına getmişdir. O, əməliyyatçı kimi Təqsirləndirilən şəxs şəklini də çəkmişdir. Hətta indi saxlanıldığı vaxtla müqayisədə vəziyyəti yaxşıdır. Təqsirləndirilən şəxs pis münasibət göstərməmiş, sonuncu ona “əmi” deyə müraciət edib köməklik göstərilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və ya təsir olunmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan edilərək tədqiq olunmuş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir (cild 1, iş vərəqə 70-71). Şəxsi axtarış və götürmə aparılması haqqında 07 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitəyə oxşar maddəni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddəni 07 sentyabr 2023-cü il tarixdə səhər saatlarında 20 manata Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 30-31, 68). Məhkəmə-kimyəvi ekspertizasının 08 sentyabr 2023-cü il tarixli 3-16-16/2-6/4759 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "...Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,737 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 2,637 qram təşkil etmişdir (cild 1, iş vərəqə 37-41). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 02 oktyabr 2023-cü il tarixli 6224 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 77-78). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 75). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Məhkəmə, Təqsirləndirilən şəxs saxlanılarkən üzərində narkotik vasitə olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü bu mülahizəsi yuxarıda göstərilən sübutlarla cinayət işinin materialları, şəxsi axtarış keçirilməsi barədə protokol, şahidin ifadəsi, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs polis əməkdaşlarının ona qarşı əvvəllər oğurluq hadisəsi ilə bağlı şübhəli bilinməsi səbəbindən qərəzli münasibətdə olmasına dair ifadələrinə də tənqidi yanaşır, onların özünümüdafiə mövqeyi ilə bağlı olması qənaətinə gəlir. Həm də nəzərdə saxlanmalıdır ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi çərçivəsində ona qarşı hər hansı fiziki güc və ya işgəncə tətbiq edilməsi ilə bağlı heç bir dəlil irəli sürmür və məhkəmə istintaqı zamanı da ümumiyyətlə belə hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs bu cinayət işi ilə bağlı saxlanmazdan aylarla əvvəl – 2023-cü ilin fevral ayında oğurluq hadisəsi ilə bağlı şübhəli şəxs qismində saxlanarkən təzyiqlərə məruz qalması ilə bağlı mülahizələrini bildirir və həmin vaxt ona qarşı şübhələr təsdiq edilmədiyindən azad olunduğunu qeyd edir. Yəni, onun nə vaxtsa başqa bir araşdırma ilə əlaqədar polis qurumunda təzyiqlərə məruz qalması ilə bağlı bildirdiklərinin hazırkı cinayət işinin araşdırma predmetinə, irəli sürülmüş ittihamın qanuni həllinə hər hansı aidiyyəti yoxdur. Həm də, bu cinayət işi üzrə irəli sürülmüş ittihamla bağlı Təqsirləndirilən şəxs ifadə verərkən faktiki olaraq qanunsuz olaraq narkotik vasitə əldə etməsini dolayısı ilə etiraf edir, hətta eyni mənbədən tutulmazdan az əvvəl narkotik vasitə əldə edib istifadə etdiyini, növbəti dəfə eyni üsulla eyni mənbədən əldə etmək istəyərkən polis əməkdaşları tərəfindən yaxalandığını, hətta ilkin araşdırma zamanı könüllü olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürüləcək ittihamla razılaşaraq «müalicə olunmaq üçün» həbsə getməsi ilə də razılaşdığını bildirir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 sentyabr 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 07 sentyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 21, 63-67). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 07 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,637 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 39). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı “Kiçikbəyov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi “Kiçikbəyov və partnyorları” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 07 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,637 qram təşkil edən heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Kiçikbəyov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar