Məhkəmə qərarları › İş №1(101)-1230/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1230/2025

01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1230/2025 01.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, X3 küçəsi, ev 4 A, mənzil 35 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 massivi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda mobil telefon əlaqəsi qurduğu istintaqla şəxsiyyətini müəyyən etmək mümkün olmayan “Əli” adlı şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 1100,17 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, təmiz çəkisi 3,268 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini və təmiz çəkisi 0,739 qram olan kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla yaşadığı ünvan 2 massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə gətirməklə daşımış, orada satış məqsədi ilə qablaşdıraraq həmin ümumi təmiz çəkisi 1100,17 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı hissələrə bölüb ayrılıqda təmiz çəkiləri 90,17 qram qurudulmuş marixuananın xeyli miqdarda olan hissəsini satış məqsədi ilə əynində olan qara rəngli şalvarının sağ yan cibində 1 ədəd açıq sarı rəngli şəffaf sellofan bükümdə gizlədib saxlamış, eyni zamanda həmin narkotik vasitə qurudulmuş marixuananın qalan təmiz çəkisi 1010 qram olmaqla külli miqdar təşkil edən hissəsini 1 ədəd rəngli sellofan bükümdə qablaşdırılmış halda, həmçinin təmiz çəkisi 3,268 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini 1 ədəd şəffaf selofan bükümdə və həmin təmiz çəkisi 0,739 qram olan kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamini 1 ədəd şəffaf selefon bükümdə qablaşdırılmış halda yaşadığı ünvan 2 massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə taxta qapıdan daxil olub dəhlizdən sonrakı yataq otağına girdikdə sağ tərəfdə yerləşən taxta konstruksiyalı dolabın içərisində gizlədərək satış məqsədi ilə saxlamış, 9 yanvar 2025-ci il tarixdə saat 16:15-də Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün yaşadığı həmin ünvanın qarşısında piyada hərəkətdə olduğu vaxt orada saxlanan Təqsirləndirilən şəxs üstünün həmin gün orada saat 16:22-də videoçəkiliş aparılmaqla yoxlanması zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibində satış məqsədi ilə gizlədib saxladığı həmin təmiz çəkiləri 90,17 qram olmaqla bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana 1 ədəd açıq sarı rəngli şəffaf sellofan bükümdə qablaşdırılmış halda Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 16:25-də Azərbaycan Respublikasi DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə onun iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirilən zaman evin taxta qapısından girdikdə dəhlizdən sonra olan yataq otağından girişdə sağ hissədə yerləşən taxta konstruksiyalı dolabın içərisində gizlədərək satış məqsədi ilə saxladığı həmin bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın qalan təmiz çəkisi 1010 qram olmaqla külli miqdar təşkil edən hissəsi 1 ədəd rəngli sellofan bükümdə qablaşdırılmış halda, həmçinin həmin təmiz çəkisi 3,268 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin 1 ədəd şəffaf sellofan bükümdə və eyni zamanda həmin təmiz çəkisi 0,739 qram olan kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin 1 ədəd şəffaf sellofan bükümdə qablaşdırılmış halda, bundan başqa narkotiklərin çəkilib hissələrə bölünməsində istifadə olunan 2 ədəd elektron tərəzi, həmçinin 1 ədəd üzərində cüzi miqdarda narkotik vasitə marixuananın izləri olan, narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin hissəcikləri olan içərisi boş plastik qab aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 9 yanvar 2025-ci il tarixdə təxminən saat 14:30 radələrində Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Əliheydər Qarayev küçəsi, Yeni bağlar massivində yerləşən fərdi yaşayış evində olarkən bir neçə nəfər polis əməkdaşı evin qapısına təpik vuraraq qapını sındırıb evə daxil olmuşlar. Polis əməkdaşları evə daxil olduqdan dərhal sonra ondan külli miqdarda narkotik vasitə olan marixuananı istəmişlər. Polislər guya onun hadisədən 1 gün əvvəl İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlayaraq 1,5 kq narkotik vasitə olan marixuana əldə etdiyini bildirmişlər. O, etiraz edərək polislərə evində olan heroini və metamfetamini göstərmiş və hazırda evində onların dediyi miqdarda narkotik vasitə olmadığını bildirmişdir. Həmçinin o, heç kəsə narkotik vasitə satmadığını bildirmişdir. Polis əməkdaşları onun və qardaşının evinə baxış keçirmişlər. Qardaşı ilə onun həyəti bir olsa da evləri ayrıdır. Polis əməkdaşları evlərə keçirdikləri baxış nəticəsində heç nə aşkar etməmişlər. Sonra polis əməkdaşları onu və qardaşını hədələyərək külli miqdarda narkotik vasitə ilə onları yükləyəcəklərini bildirmişlər. Nəticədə o, qardaşına görə polis əməkdaşlarının tələbləri ilə razılaşmış və 1157 qram narkotik vasitəni öz üzərinə götürmüşdür. Polis əməkdaşları 100 qram narkotik vasitəni cibinə, geridə qalan hissəsini isə tərəzi ilə birlikdə evə yerləşdirmişlər. Sonra polislər onu evdən çölə çıxartmışlar. Çöldə polis əməkdaşları ona nə edəcəyini izah etmişlər. Daha sonra guya evinin qapısının çölündə polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmiş, baxış nəticəsində üzərindən 100 qram narkotik vasitə aşkar olunmuş və sonra o, polis əməkdaşlarına evində 1 kq narkotik vasitə saxladığını bildirmişdir. Guya ancaq onun üzərinə baxış keçirildikdən sonra polislər onun etirafı nəticəsində evinə baxış keçirmiş və evə baxış zamanı o, polislərə 1 kq narkotik vasitəni təqdim etmişdir. Çəkilişlərdən sonra polis əməkdaşları onu DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar, orada sənədləşmə aparıldıqdan sonra onu Xəzər Rayon Məhkəməsinə aparmışlar. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, “Əli” adlı şəxsi tanıyır, onunla sosial şəbəkələr üzərindən tanış olmuşdur. Ancaq onun İran İslam Respublikası vətəndaşı olub-olmamasını bilmir. “Əli” adlı şəxsdən öz istifadəsi üçün narkotik vasitə almışdır. Axırıncı dəfə “Əli” adlı şəxslə narkotik vasitə almaq üçün əlaqə saxlayandan və onun atdığı konuma getdikdən sonra onunla danışdıqları narkotik vasitədən başqa əlavə olaraq marixuana qoyduğu ona məlum olmuşdur. O, “Əli” adlı şəxsin atdığı konumdan ancaq heroini və metamfetamini götürmüş, marixuanadan ümumiyyətlə xəbəri olmamışdır. “Əli” adlı şəxs ona bir neçə dəfə narkotik vasitə olan marixuananı təklif etmiş, ancaq o, imtina etmişdir. Güman edir ki, “Əli” adlı şəxs polis əməkdaşları ilə əlbir olmuşdur. “Əli” adlı şəxsdən ümumilikdə 2 dəfə şəxsi istifadəsi üçün narkotik vasitə almışdır. “Əli” adlı şəxs sosial şəbəkə üzərindən özü onu tapmışdır. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmişdir. Polis əməkdaşları onu qardaşı ilə hədələdiklərinə görə çəkiliş zamanı etirazını bildirməmişdir. “Əli” adlı şəxslə görüşməmişdir. Onunla ancaq “WhatsApp” sosial şəbəkəsi üzərindən zəng vasitəsi ilə əlaqə saxlamışdır. Qardaşı hadisə günü evdə olmuş və baş verənlərə şahidlik etmişdir. İbitidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Polis əməkdaşları evin çöl qapısını qardaşının vasitəsi ilə açmışlar. Polis əməkdaşları ona qarşı psixi zorakılıq göstərmişlər. İbtidai istintaq zamanı adından yazılan ifadəni oxumadan imzalamışdır. Qardaşı ilə onun evinin həyəti bir olsa belə evləri ayrıdır. Artıq 6 aydır hazırki ittihamla bağlı həbsdədir. Qardaşı 6 ay ərzində onun yanına gəlməmişdir. Şahid1 yalan ifadə verir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 9 yanvar 2025-ci il tarixdə, saat 16:15 dəqiqədə ünvan 2 ünvanının yaxınlığında 3 nəfər mülki geyimdə polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş, onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, ona üzərində narkotik vasitə olubolmadığını, varsa təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuana kütləsini, həmin şalvarın sol yan cibindən 1 ədəd üzərində ***-***-**-** nömrəsi olan “Samsung” markalı mobil telefonu, 1 ədəd özünə aid şəxsiyyət vəsiqəsini və 2 ədəd açarı təqdim etmişdir. Sonra üstü yoxlanılmış, yoxlama zamanı heç bir əşya predmet aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd mobil telefon və 1 ədəd şəxsiyyət vəsiqəsi ondan götürülmüş, digər əşyalar özünə qaytarılmışdır. Aşkar olunmuş kütləyə baxış keçirilmiş, sonra həmin kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 107 qram olması müəyyən edilmişdir. Sonra həmin kütlə zərfdə qablaşdırılmış, üzəri imzalanmış və DİN-in 7 saylı möhürü ilə möhürlənmişdir. O, verilən suallara cavab olaraq aşkar olumuş narkotik vasitəni İran İslam Respublikası vətəndaşının vasitəsi ilə 3-4 gün əvvəl gizlədilmiş yerdən ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncunun ona 1000 manat pul verəcəyini bildirmişdir. Daha sonra ünvan 2 massivində yerləşən nömrəsiz fərdi evdə narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə edilməklə baxış aparılmışdır. Bu təklifdən sonra o, yaşadığı evin taxta qapıdan daxil olub dəhlizdən sonrakı yataq otağına girdikdə sağ tərəfdə yerləşən taxta konstruksiyalı dolabdan 1 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütləni, 1 ədəd bağlamada metamfetaminə bənzər kütləni, 1 ədəd bükümdə heroinə bənzər kütləni, bir ədəd boş plastik qabı və 2 ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və qurudulmuş marixuanaların ümumillikdə çəkisi 1 kq 39 qram, heroinin çəkisi 3,96 qram, metamfetaminin çəkisi 0,89 qram olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər, tərəzilər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Evin digər otaqlarına və hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya predmet maddə aşkar edilməmişdir. O, verilən suallara cavab olaraq aşkar olumuş narkotik vasitəni və psixotrop maddəni İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsin vasitəsi ilə “8-ci km” adlanan ərazidə (Nizami rayonu) gizlədilmiş yerdən ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncunun ona 1000 manat pul verəcəyini bildirmişdir. Daha sonra onu BNMİ-yə gətirmişlər. Burada aşkar olunmuş kütlələrlə yenidən baxış keçirilmişdir. Baxış zamanı o, verilən suallara analoji cavablar vermiş, onun üzərinə və evinə daha əvvəl baxan olmamış, “Əli” adlı şəxsi heç vaxt görməmiş, dəqiq anket məlumatlarını bilmir, milliyyətcə İranlı olub-olmamağı barədə dəqiq məlumatı yoxdur, onunla təxminən 1 ay bundan qabaq “İnstagram” sosial şəbəkəsində tanış olmuş, “Əli” İranlı olduğunu özü demiş, söhbət əsnasında onun əvvəllər məhkum olunduğunu, narkotik vasitə istifadə etdiyini bilib, bu barədə o, özü danışmış, onlar “Əli” ilə “WhatsApp” sosial şəbəkəsi vaistəsilə əlaqə saxlamışdır. “Əli” adlı şəxsin telefon nömrəsi +**********97-dir, “Əli” onunla bu nömrə vasitəsilə danışmışdır, “Əli” ona göndərəcəyi narkotik vasitəni dediyi yerlərə qoyandan sonra, ona 1000 manat pul verəcəyini bildirmişdir. Onun pula ehtiyacı olduğuna görə razılaşmış, “Əli” ilə əlaqə saxlayıb danışandan sonra xx.xx.2025-cü il tarixdə “Əli”nin onun mobil telefonuna göndərdiyi məkan əsasında Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsi, maşın bazarının yaxınlığına getmiş, oradan paketlərin içərisində götürdüyü narkotik vasitəni özü ilə yaşadığı evə aparmışdır. Bundan sonra o, paketlərin birində olan marixuanadan Əlinin sifarişi ilə 100 qram ayırıb, özündə olan tərəzi ilə çəkmişdir. “Əli” adlı şəxs ona bildirmişdir ki, 100 qram marixuananı müvafiq bir yerə qoysun, ona da bununla bağlı məkan göndərsin. Razılaşmalarına əsasən bütün narkotik vasitələrin qoyulacağı yerləri o, seçməli olmuşdur, bundan sonra məkanı ona göndərməli olmuşdur. O, evdən çıxandan sonra polis əməkdaşları yaxınlaşıb onu saxlamışdır. O, heç vaxt İran İslam Respublikasında olmamışdır. O, “Əli”dən şəxsi istifadəsi üçün bir neçə dəfə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almış, onların pullarını müxtəlif ödəmə terminalı vasitəsilə “Əli”nin ona göndərdiyi yadında qalmayan kart hesablarına atmışdır. “Əli”nin dediyi yerdən gedib həmin maddələri götürmüşdür. O, həm marixuana, həm metamfetamin, həm də heroin istifadəçisidir. Saxlanılan zaman ona polis əməkdaşları tərəfindən ona heç bir zorakılıq tətbiq edilməmişdir. “Əli”nin göndərdiyi narkotik vasitələri və psixotrop maddələri götürdüyü yeri dəqiq olaraq göstərə bilməz, həmin yerə “Əli”nin göndərdiyi məkan əsasında getmiş, həmin məkanı da narkotik vasitəni götürəndən sonra silmişdir. Amma bilir ki, həmin yer 8-ci kilometr adlanan ərazidə maşın bazarının yaxınlığında olmuşdur (cild 1, iş vərəqi 73-76). Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə tam təqsirli olması onun ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilmiş etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs daxil olmuş əməliyyat məlumatı əsasında Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Əliheydər Qarayev küçəsi ərazisində tərəflərindən saxlanılmış və onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 1 büküm heroin, 1 büküm metamfetamin, 1 ədəd açar və 1 ədəd mobil telefon aşkar olunmuşdur. Daha sonra şəxsin yaşadığı evə baxış keçirilmişdir. Evə keçirilən baxış nəticəsində təxminən 1 kiloqram qurudulmuş marixuana, az miqdarda heroin və metamfetamin aşkar olunmuşdur. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, əməliyyat qrupu 3 nəfərdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs onun yaşadığı evin qarşısında saxlamışlar. Sonuncunun yaşadığı evin qarşısında saxladıqlarından onun üzərinə şəxsi axtarışı həmin ərazidə keçirmişlər. Şəxsi axtarış keçirildikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirmişlər. Təqsirləndirilən şəxs saxlayan zaman tərəflərindən videoçəkiliş aparılmışdır. Şəxsi hadisə günü təxminən günorta saatlarında saxlamışlar. Onlara daxil olmuş məlumatda Təqsirləndirilən şəxs evdə narkotik vasitələri saxladığı qeyd olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlayaraq Nizami rayonu ərazisindən əldə etdiyini bildirmişdir. Həm şəxsi axtarış, həm də evə baxış videoçəkiliş vasitəsi ilə aparılmışdır. Təqsirləndirilən şəxs qarşı tərəflərindən hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə ifadəsi tədqiq edilərək sübut kimi qəbul edilmiş şahidlər Şahid2 və Şahid3 ifadələrindən görünür ki, onlar Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş məhkəmə-bioloji ekspertizasının 10 yanvar 2025-ci il tarixli 7/46 saylı rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs mənzilindən aşkar olunmuş” yazı və imzalar olan bağlamada (bir) ədəd sellofanda təmiz çəkisi 1010 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin bağlamanın içərisində olan 2 (iki) ədəd elektron tərəzi, 1 (bir) ədəd içərisi boş plastik qabın üzərində cüzi miqdarda narkotik vasitə olan marixuana hissəcikləri vardır. Marixuana hissəcikləri cüzi miqdar olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut....” yazı və imzalar olan kağız paketdə 1 (bir) ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 90,17 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir (cild 1, iş vərəqi 41-45). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizasının 10 yanvar 2025-ci il 6/94 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs mənzilindən aşkar olunmuş ...” sözləri, soyad və imzalar qeyd edilmiş üzəri yapışqan lentlə bağlanmış bağlamada bir ədəd bükümdə təmiz çəkisi 3,268 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,739 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Təqdim edilmiş maddələr kimyəvi tərkibinə görə fərqli növ maddələrə aid olduğundan onlar arasında müqayisəli tədqiqat aparılması mümkün deyildir. İki ədəd elektron tərəzidə və şəffaf plastik qabda narkotik vasitə olan heroinin və psixotrop maddə metamfetaminin izləri vardır. Heroin və metamfetamin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş ‘Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş ‘Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 46-50). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş məhkəmə-narkoloji ekspertizasının 24 yanvar 2025-ci il tarixli, 399 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 137-138). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş kompleks məhkəmə psixoloji və psixatrik ekspertizasının 31 may 2025-ci il tarixli 259 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Aparılmış eksperimental-psixoloji müayinənin nəticələrinə əsasən Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik, hövsələsizlik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərərkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərərkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əqli-intelektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları görə cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur (cild 1, iş vərəqi 139- 142). Cinayət işinin materiallarında olan 9 yanvar 2025-ci il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunan, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, X3 küçəsi, ev 4A, mənzil 35 ünvanında qeydiyyatda olmaqla qeydiyyatda olmaqla ünvan 2 massivində yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Xəzər rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin yaşadığı ünvan 2 massivində yerləşən nömrəsiz fərdi evdə külli miqdarda narkotik maddə gizlətməsində şübhəli bilindiyi üçün, 9 yanvar 2025-ci il tarixdə, saat: 16:15 dəqiqədə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Əliheydər Qarayev küçəsi, yem bağlar massivində yerləşən nömrəsiz fərdi evin qarşısında piyada hərəkətdə olan zaman saxlanılaraq, üstü yoxlama zamanı, 1 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək 1 ədəd zərfdə qablaşdırılmış, əlavə olaraq 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd mobil telefon aşkar edilmiş, evinə baxış zamanı isə 1 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr, 1 ədəd bükümdə heroinə bənzər kütlə, 1 ədəd bağlamada metamfetaminə bənzər kütlə, 1 ədəd içərisi boş olan plastik qab və 2 ədəd elektron tərəzi aşkar edilərək 1 ədəd torbada qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs BNMİ-yə gətirilmişdir. Əməliyyat-axtarış tədbirlərinin gedişatına dair qanunvericiliyin tələblərinə uyğun olaraq protokollar tərtib olunmuş və videoçəkilişlər DVD-yə qeyd olunmuşdur. Göstərilənlərə əsasən müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verməyinizi xahiş etdikdən sonra araşdırmanın aparılması Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru X2 həvalə olunmuşdur (cild 1, iş vərəqi 11). Cinayət işinin materiallarında olan 9 yanvar 2025-ci il tarixli «təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi haqqında» protokoldan görünür ki, barəsində əməliyyataxtarış tədbiri keçirilən və üstü yoxlanılan şəxs xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunan, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, X3 küçəsi, ev 4A, mənzil 35 ünvanında qeydiyyatda olmaqla qeydiyyatda olmaqla ünvan 2 massivində yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Xəzər rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin yaşadığı ünvan 2 massivində yerləşən nömrəsiz fərdi evdə külli miqdarda narkotik maddə gizlətməsində şübhəli bilindiyi üçün, 9 yanvar 2025-cı il tarixdə, saat:16:15 dəqiqədə ünvan 2 massivində yerləşən nömrəsiz fərdi evin qarşısında piyada hərəkətdə olan zaman saxlanılaraq, üstü yoxlama zamanı, 1 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək 1 ədəd zərfdə qablaşdırılmış, əlavə olaraq 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd mobil telefon aşkar edilmiş, evinə baxış zamanı isə 1 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr, 1 ədəd bükümdə heroinə bənzər kütlə, 1 ədəd bağlamada metamfetaminə bənzər kütlə, bir ədəd içərisi boş olan plastik qab və 2 ədəd elektron tərəzi aşkar edilərək 1 ədəd torbada qablaşdırılması və Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş, aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan 1 (bir) ədəd mobil telefon,1 (bir) ədəd şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd torbaya, 1 (bir) ədəd zərfə və 1 (bir) ədəd DVD-yə baxış keçirilmiş, zərfdən 1 (bir) ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlə, 1 (bir) ədəd bağlamada metamfetaminə bənzər kütlə, 1 (bir) ədəd bükümdə heroinə bənzər kültə, bir ədəd boş plastik qab və 2 (iki) elektron tərəzi aşkar olunmuşdur. Sonra həmin kütlələr yenidən qablaşdırılıb möhürlənmiş, daha sonra 1 (bir) ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması baradə bildirməsi əksini tapmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olumuş narkotik vasitəni və psixotrop maddəni İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsin vasitəsi ilə 3-4 gün qabaq “8-ci km” adlanan ərazisində (Nizami rayonu) gizlədilmiş yerdən ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncunun ona 1000 (min) manat pul verəcəyini bildirmişdir. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmiş, baxış və götürmə zamanı «SONY» markalı videokamera vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru, Şahid3 tərəfindən videoçəkiliş aparıldı (cild 1, iş vərəqi 16-17). Cinayət işinin materiallarında olan 9 yanvar 2025-ci il tarixli «əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və evinə baxış keçirilməsinə dair» protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üzərini yoxlamağa başlanmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd üzərində ***-***-**-** nömrəsi olan Samsung markalı mobil telefonu, 1 (bir) ədəd özünə aid şəxsiyyət vəsiqəsini və 2 (iki) ədəd açarı təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncudan heç bir əşya predmet aşkar edilməmiş. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd mobil telefon və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi sonuncudan götürülmüş, digər əşyalar şəxsin özünə qaytarılmışdır. Aşkar olunmuş kütləyə baxış keçirilmiş, sonra həmin kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 107 (yüz yeddi) qram olması müəyyən edilmişdir. Sonra həmin kütlə zərfdə qablaşdırılmış, üzəri imzalanmış və DİN-in 7 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olumuş narkotik vasitəni İran İslam Respublikası vətəndaşının vasitəsi ilə 3-4 gün əvvəl gizlədilmiş yerdən ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqqabilində sonuncunun ona 1000 (min) manat pul verəcəyini bildirmişdir. Daha sonra ünvan 2 massivində yerləşən nömrəsiz fərdi evdə narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə edilməklə baxış aparmışdır. Bu təklifdən sonra Təqsirləndirilən şəxs, yaşadığı evin taxta qapıdan daxil olub dəhlizdən sonrakı yataq otağına girdikdə sağ tərəfdə yerləşən taxta konstruksiyalı dolabdan 1 (bir) ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütləni, 1 (bir) ədəd bağlamada metamfetaminə bənzər kütləni, 1 (bir) ədəd bükümdə heroinə bənzər kütləni, bir ədəd boş plastik qabı və 2(iki) ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və qurudulmuş marixuanaya bənzər kütlənin ümumillikdə çəkisi 1 (bir) kq 39 (otuz doqquz) qram, heroinə bənzər kütlənin çəkisi 3,96 (üç tam yüzdə doxsan altı) qram, metamfetaminə bənzər kütlənin çəkisi 0,89(sıfır tam səksən doqquz) qram olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər, tərəzilər qablaşdırılmış üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Evin digər otağlarına və hissələrinə baxış keçirildi və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya predmet maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olumuş narkotik vasitəni və psixotrop maddəni İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsin vasitəsi ilə “8-ci km” adlanan ərazisində (Nizami rayonu) gizlədilmiş yerdən ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncunun ona 1000 (min) manat pul verəcəyini bildirmişdir. Üstünü yoxlama və evə baxış ünvan 2 massivində yerləşən nömrəsiz fərdi evdə keçirilmişdir. Üstünü yoxlama və evə baxış zamanı «İphone» markalı mobil telefon vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis nayoru, Şahid3 tərəfindən video çəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən BNMİ-nin inzibati binasında tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmişdir, protoloka 1 (bir) ədəd DVD əlavə olunmuşdur (cild 1, iş vərəqi 18-19). Cinayət işinin materiallarında olam “diskə baxış keçirmə haqqında” protokoldan görünür ki, is üzrə ünvan 2 massivində yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Xəzər rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin yaşadığı ünvan 2 massivində yerləşən nömrəsiz fərdi evdə külli miqdarda narkotik maddə gizlətməsində şübhəli bilindiyi üçün 9 yanvar 2025-ci il tarixdə, saat 16:15 dəqiqədə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Əliheydər Qarayev küçəsi, yem bağlar massivində yerləşən nömrəsiz fərdi evin qarşısında piyada hərəkətdə olan zaman saxlanılaraq, üstü yoxlama zamanı, 1 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək 1 ədəd zərfdə qablaşdırılmış, əlavə olaraq 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd mobil telefon aşkar edilmiş, evinə baxış zamanı isə 1 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr, 1 ədəd bükümdə heroinə bənzər kütlə, 1 ədəd bağlamada metamfetaminə bənzər kütlə, 1 ədəd içərisi boş olan plastik qab və 2 ədəd elektron tərəzi aşkar edilərək 1 ədəd torbada qablaşdırılmışdır (cild 1, iş vərəqi 134). Cinayət işinin materiallarında olan “diskə baxış keçirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması baradə bildirməsi əksini tapmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olumuş narkotik vasitəni və psixotrop maddəni İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsin vasitəsi ilə 3-4 gün qabaq “8-ci km” adlanan ərazisində (Nizami rayonu) gizlədilmiş yerdən ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncunun ona 1000(min) manat pul verəcəyini bildirmişdir. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmiş, baxış və götürmə zamanı «SONY» markalı videokamera vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru, Şahid3 tərəfindən video çəkiliş aparmışdır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd üzərində ***-***- **-** nömrəsi olan Samsung markalı mobil telefonu, 1 (bir) ədəd özünə aid şəxsiyyət vəsiqəsini və 2(iki) ədəd açarı təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncudan heç bir əşya predmet aşkar edilməmiş. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd mobil telefon və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi sonuncudan götürülmüş, digər əşyalar şəxsin özünə qaytarılmışdır. Aşkar olunmuş kütləyə baxış keçirilmiş, sonra həmin kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 107(yüz yeddi) qram olması müəyyən edilmişdir. Sonra həmin kütlə zərfdə qablaşdırılmış, üzəri imzalanmış və DİN-in 7 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olumuş narkotik vasitəni İran İslam Respublikası vətəndaşının vasitəsi ilə 3-4 gün əvvəl gizlədilmiş yerdən ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqqabilində sonuncunun ona 1000 (min) manat pul verəcəyini bildirmişdir. Daha sonra ünvan 2 massivində yerləşən nömrəsiz fərdi evdə narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə edilməklə baxış aparmışdır. Bu təklifdən sonra Təqsirləndirilən şəxs, yaşadığı evin taxta qapıdan daxil olub dəhlizdən sonrakı yataq otağına girdikdə sağ tərəfdə yerləşən taxta konstruksiyalı dolabdan 1 (bir) ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütləni, 1 (bir) ədəd bağlamada metamfetaminə bənzər kütləni, 1 (bir) ədəd bükümdə heroinə bənzər kütləni, bir ədəd boş plastik qabı və 2 (iki) ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və qurudulmuş marixuanaya bənzər kütlənin ümumillikdə çəkisi 1 (bir) kq 39 (otuz doqquz) qram, heroinə bənzər kütlənin çəkisi 3,96 (üç tam yüzdə doxsan altı) qram, metamfetaminə bənzər kütlənin çəkisi 0,89 (sıfır tam səksən doqquz) qram olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər, tərəzilər qablaşdırılmış üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Evin digər otağlarına və hissələrinə baxış keçirildi və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya predmet maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olumuş narkotik vasitəni və psixotrop maddəni İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsin vasitəsi ilə “8-ci km” adlanan ərazisində (Nizami rayonu) gizlədilmiş yerdən ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncunun ona 1000(min) manat pul verəcəyini bildirmişdir. Üstünü yoxlama və evə baxış ünvan 2 massivində yerləşən nömrəsiz fərdi evdə keçirilmişdir. Üstünü yoxlama və evə baxış zamanı «İphone» markalı mobil telefon vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis nayoru, Şahid3 tərəfindən video çəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən BNMİ-nin inzibati binasında tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır (cild 1, iş vərəqi 135-136). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş və məhkumluqları ödənilmiş, sonuncu dəfə Xəzər Rayon Məhkəməsinin 6 aprel 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 31 may 2024-cü il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 3 ay 28 gün vaxtından əvvəl şərti azad edilmiş, 27 sentyabr 2024-cü il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqi 147-159). Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin 6 aprel 2023-cü il tarixli hökmünə əsasən törətdiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmş cinayət həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs cəza müddətinin bitdiyi 27 sentyabr 2024-cü il tarixdən iki il keçmədən, yəni məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 9 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 28). Cinayət işinin materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 9 yanvar 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 99-104). Cinayət işinin materiallarında olan 11 yanvar 2025-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş tədqiqata sərf edildikdən sonra qalan 1100,07 qram narkotik vasitə qurudulmuş marixuana, 3,218 qram narkotik vasitə heroin, 0,689 qram psixotrop maddə metamfetamin, iki ədəd elektron tərəzi və 1 ədəd üzərində cüzi miqdarda narkotik vasitə marixuana izləri və psixotrop maddə hissəcikləri olan içərisi boş plastik qab cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Xəzər RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir (cild 1, iş vərəqi 86-88). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayəti törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələrlə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edildiyini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halı, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edib nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla təqsirli bilindiyi həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi hazırkı cinayət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə görə “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 9 yanvar 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri - 135 (yüz otuz beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xəzər RPİ-də saxlanılan Təqsirləndirilən şəxs götürülmüş tədqiqata sərf edildikdən sonra qalan 1100,07 qram narkotik vasitə qurudulmuş marixuana, 3,218 qram narkotik vasitə heroin, 0,689 qram psixotrop maddə metamfetamin, iki ədəd elektron tərəzi və 1 ədəd üzərində cüzi miqdarda narkotik vasitə marixuana izləri və psixotrop maddə hissəcikləri olan içərisi boş plastik qab hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 9 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 135 (yüz otuz beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xəzər RPİ-də saxlanılan Təqsirləndirilən şəxs götürülmüş tədqiqata sərf edildikdən sonra qalan 1100,07 qram narkotik vasitə qurudulmuş marixuana, 3,218 qram narkotik vasitə heroin, 0,689 qram psixotrop maddə metamfetamin, iki ədəd elektron tərəzi və 1 ədəd üzərində cüzi miqdarda narkotik vasitə marixuana izləri və psixotrop maddə hissəcikləri olan içərisi boş plastik qab hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar