Məhkəmə qərarları › İş №1(101)-1233/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1233/2022

26.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1233/2022 26.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-«PRO-BONO» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Xaqan Dadaşov küçəsi, ev 121-də qeydiyyatda olan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə istintaqa məlum olmayan mənbədən külli miqdar təşkil edən narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə edib özündə saxlamaqla daşımış, 29 yanvar 2022-ci il tarixdə saat 18:10-da Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə gətirilmiş və orada onun üstünə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən 01 bükümdə təmiz çəkisi 57,650 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin və 01 ədəd sellofan bükümün içərisində 02 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,645 qram və 19,970 qram olmaqla, ümumi təmiz çəkisi 22,615 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, İİ Qarabağ müharibəsi iştirakçısıdır, döyüş zamanı zədə aldığı üçün sakitləşdirici kimi narkotik vasitə istifadə edir. 28 yanvar 2022-ci il tarixdə günorta radələrində avtomobildən düşərək yaşadığı ünvan 4 ünvana daxil olmuş, təxminən 10 dəqiqə sonra qapı döyülərək qonşu olduğu bildirilmişdir. Qapını açanda isə 6-7 nəfər mülki geyimli şəxs mənzilə daxil olmuş və onu döyə-döyə “Yarım kiloqram mal haradadır?” sualını vermişlər. O isə evdə yarım kiloqram narkotik vasitə olmadığını bildirmişdir. Bundan sonra təxminən yarım saat onu döydükdən sonra “Kent” siqaret qutusunun içərində olan 07 qram heroini, telefon və maşınının açarını da götürərək onu Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə aparmışlar. 3-4 saat vaxt keçdikdən sonra ona demişlər ki, ”ilin əvvəlidir, sənin əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə rəsmiləşdirək, qazi olduğuna görə hakim səni buraxacaq”. Bu cür aldadılaraq, ona məxsus olmayan 70 qram narkotik vasitə və psixotrop maddəni boynuna alaraq sənədləri imzalamaq məcburiyyətində qalmışdır. Onda 07 qram heroin olub, o heç vaxt satışla məşqul olmamışdır. Təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduğu ifadəsi elan olunarkən müəyyən olunmuşdur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, əvvəllər məhkum olunmamışdır, 2-ci Qarabağ müharibəsi iştirakçısıdır və “Füzulinin azad olunmasına görə” medal ilə təltif olunmuşdur. Müharibədən sonra, təqribən saxlanılmamışdan iki ay əvvəl müharibə zamanı aldığı travma ilə əlaqədar narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyinə görə onda asılılıq yaranmışdır. Belə ki, narkotik vasitələr ona sakitləşdirici təsir göstərir. «Whatsapp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə təsadüfən tanış olduğu İran İslam Respublikası vətəndaşı olan Əfşan adlı şəxsdən narkotik vasitələr və psixotrop maddələr alıb satır. Həmçinin narkotik vasitələrdən və psixotrop maddələrdən özü üçün istifadə edir. 29 yanvar 2022-ci il tarixdə saat 18:10-da yaşadığı ünvan 4 ünvanın qarşısında olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirdikdən sonra ondan ad və soyadını soruşub hərəkətlərinin şübhəli olduğunu, həmçinin narkotik vasitələrin istifadəsində və satışında şübhəli olduğunu bildirib üzərində hər hansı qanunsuz əşya olub olmadığım soruşmuşlar. O isə polis əməkdaşlarına üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onlarla birlikdə Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə getməyi bildirmiş, o, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə gəlmişdir. Polis bölməsində xidməti otaqlardan birində baxışda iştirak etmək üçün 2 nəfər şahid yəni polis əməkdaşları, video çəkiliş aparan bir nəfər mütəxəsis dəvət edilmişdir. Ondan üstündə, paltarında və paltarlarının ciblərində, bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildikdən sonra o, əynindəki qara rəngli dəri gödəkçəsinin sol iç cibindən, ümumilikdə 02 (iki) ədəd olmaqla, 01 (bir) ədəd şəffaf sellofana və 01 (bir) ədəd qara rəngli sellofana bükülmüş bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Təqdim etdiyi şəffaf sellofandakı bükümün içərisindən ayrılıqda eyni, yəni şəffaf rəngli sellofana bükülmüş 2 büküm aşkar edilmiş və beləliklə təqdim etdiyi bükümlərin ümumi sayı 3 (üç) ədəd olmuşdur. Yəni o, şəffaf rəngli sellofan bükümün içərisində el içində “şüşə” adlanan psixotrop maddə olan metamfetamin saxlamış, şəffaf sellofanı dağılmasın deyə digər şəffaf sellofanın içərisinə qoymuşdur. Digər ayrıca qara rəngli sellofan bükümdə isə el içində “kokos” adlanan narkotik vasitə olan heroin saxlamışdır. Bütün bunlardan sonra üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o, üzərində hər hansı bir əşya olmadığını bildirdikdən sonra üzərində axtarış aparılmağa başlanılmışdır. İlk öncə onun geyindiyi qara rəngli gödəkçənin boyun hissəsi və ciblərinə baxılmışdır. Daha sonra əynində olan köynəyinin boynuna baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra geyindiyi şalvarının bütün cibləri və ətəyi yoxlanılan zaman hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra isə ona ayağında olan ayaqqabılarını çıxarıb silkələdikdən sonra heç bir əşya aşkar edilməmiş, ayaqqabısını geyinməyi və üst-başını səliqəyə salmağı tələb edilmişdir. Ondan üzərindən aşkar olunmuş maddənin nə olduğu soruşulduqda şəffaf rəngli sellofan bükümün içərisindəkinin el içində “şüşə” adlanan psixotrop maddə olan metamfetamin olduğunu, qara rəngli sellofan bükümün içərisindəkinin el içində “kokos” adlanan narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Ona həmin psixotrop maddəni və narkotik vasitəni haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi sual edəndə, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyini və narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu, saxlanılmamışdan əvvəl 27 yanvar 2022-ci il tarixdə saat 12 radələrində Papanin adlanan ərazidən İran İslam Respublikası vətəndaşı İslam adlı şəxsdən satış məqsədilə aldığını bildirmişdir. Bundan sonra iştirakçılara üzərindən aşkar olunan narkotik vasitəyə bənzər vasitənin və psixotrop maddəyə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərflərə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərflərin içərisi iştirakçılara göstərilmiş və həmin zərflərin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra narkotik vasitəyə bənzər maddə və psixotrop maddəyə bənzər maddə ağ rəngli zərflərə qoyularaq möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. O, ifadəsində üzərinə keçirilən şəxsi axtarış zamanı video çəkiliş vaxtı video çəkdiyinə görə yalandan İran İslam Respublikası vətəndaşı İslam adlı şəxsdən narkotik vasitə və psixotrop maddə aldığını və həmin narkotik vasitə və psxiotrop maddəni 1050 manata aldığını demiş, əslində həmin şəxs İran İslam Respublikası vətəndaşı olsa da onun adını Əfşan kimi bildiyini etiraf etmişdir. Həmin şəxs ona özünü Əfşan kimi təqdim etmiş, Əfşan, həmin narkotik vasitəni və psixotrop maddəni ona 300 manata satmışdır. O, narkotik vasitəni və psixotop maddəni almamışdan əvvəl Əfşanın bank kartına 300 manat pul göndərmiş, əvvəllərdə Əfşandan pulunu ödəyib narkotik vasitə almışdır. Əvvəlcə Əfşanın ona göndərdiyi kart nömrəsinə ödədiyi pulun şəklini çəkib «Whatsapp» vasitəsi ilə ona göndərmiş, daha sonra isə Əfşanın dediyi yerdən gedib həmin narkotik vasitəni və psixotrop maddəni götürmüşdür. Hal hazırda Əfşanın kartının şəkli onda olmadığını, İran İslam Respublikası vətəndaşı Əfşan adlı şəxsdən aldığı narkotik vasitənin və psixotrop maddənin qramını dəqiq bilmədiyni, aldığı narkotik vasitədən və psixotrop maddədən özü çəkməklə istifadə etdiyini, həmçininin az bir hissəsini satdığını, qalıq hissəsinin isə saxlanılan vaxt üzərində olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində heroindən və psixotrop maddə metamfetamindən bədənində olan ağrılara görə çəkməklə istifadə etdiyini, həmçinin narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olduğunu, psixotrop maddə və narkotik vasitə əldə etməyi barədə heç kimdə məlumat olmadığını, 27 yanvar 2022-ci il tarixdə İran İslam Respublikası vətəndaşı Əfşan adlı şəxsdən psixotrop maddə və narkotik vasitə əldə etdikdə aralarında başqa heç bir razılaşma olmadığını, psixotrop maddə və narkotik vasitəni almamışdan əvvəl Əfşana 300 manat pulu kart vasitəsilə göndərdiyini, pulu göndərdikdən sonra Əfşan ona narkotikin yerini dedikdən sonra həmin yerdən narkotiki götürdüyünü, həmin şəxsi görmədiyini, «Whatsapp» vasitəsi ilə danışıqlar apardığın, əvvəllərdə dəqiq sayını bilməsə də bir neçə dəfə Əfşan adlı şəxsdən narkotik vasitə və psixotrop maddə aldığını, onun istifadəsində ***-***-**-** saylı mobil nömrə olduğunu, heç vaxt İran İslam Respublikasına getmədiyini, Əfşanm mobil nömrəsini bilmədiyini, saxlanılarkən və ondan sonra polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki və yaxud psixi təzyiqə məruz qalmadığını, ruhi dispanserdə qeydiyyatda olmadığını, törətdiyi əməldən peşiman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Daxili İslər Nazirliyinin Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində vəzifəsində xidmət edir. Əməliyyat müvəkkili Şahid1lə inzibati ərazidə xidmətdə olarkən 29 yanvar 2022-ci il tarixdə saat 18 radələrində ünvan 5 ünvanın qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsin üzərində heç bir sənəd olmadığına görə onu Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə aparmışlar. Orada onun Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxsla şifahi sorğu-sual zamanı o, narkotik vasitələrin aludəçisi olduğunu və üzərində gəzdirdiyini bildirmiş, bundan sonra baş vermiş hadisə ilə bağlı bölmə rəisinə raportla məruzə edilmişdir. Daha sonra dəvət edilmiş dövlət hesabına müdafiəçinin iştirakı ilə üzərinə video çəklişlə şəxsi axtarış keçirilmişdir. Bu zaman o, cibindən ümumilikdə iki ədəd olmaqla bir ədəd şəffaf sellofana bükülmüş və bir ədəd qara rəngli sellofana bükülmüş bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Sonra həmin bükümlər açılmış, Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofandakı bükümün içərisindən ayrılıqda eyni, yəni şəffaf rəngli sellofana bükülmüş 02 büküm aşkar edilmiş və beləliklə onun təqdim etdiyi bükümlərin ümumi sayı 3 ədəd olmuşdur. Bundan sonra o, şəffaf rəngli sellofan bükümün içərisində psixotrop maddə metamfetamin, digər qara rəngli sellofan bükümdə isə narkotik vasitə olan heroin olduğunu və onları 27 yanvar 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidən İran İslam Respublikası vətəndaşından aldığını, narkotik vasitənin bir hissəsini istifadə etdiyini, qalıq qalmış hissəni üzərində saxladığını bildirmişdir. Həmin maddələr qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadələr vermişlər. Məkəmə baxışı zamanı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 30 yanvar 2022-ci il tarixli 6/597 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində şübhəli şəxs Təqsirləndirilən şəxs yazı və sözləri yazılmış həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Zərflər üçün №188” möhür əksi olan zərfdəki bir ədəd zərfin içəsində 01 ədəd qara rəngli sellofan kəsiyi bükümdə təmiz çəkisi 57,650 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heorindir. Digər üzərində şübhəli şəxs Təqsirləndirilən şəxs yazı və sözləri yazılmış həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Zərflər üçün №188” möhür əksi olan zərfdəki içərisində iki ədəd şəffaf sellofan kəsiyi bükümdə hər birinin ayrı ayrılıqda təmiz çəkisi 2,645 qram və 19,970 qram olmaqla ümumi çəkisi 22,615 qram ağ rəngli kristal şəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Qeyd: Ekspertiza tədqiqatı zamanı narkotik vasitə heroinin təmiz çəkisi 57,650 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş və 57,600 qram qalıq qalmışdır. Ekspertiza tədqiqatı zamanı psixotrop maddə metamfetaminin ümumi təmiz çəkisi 22,615 qram olmuş, tədqiqata 0,1 qram sərf edilmiş və 22,515 qram qalıq qalmışdır.) Məkəmə baxışı zamanı zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının 21 may 2022-ci il tarixli 2686 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixi vəziyyəti: huşu aydin, bələdliliyi bütün növlərdə saxlanilib. suallara düzgün cavab verir. produktiv pisxopatoloji simptomatika aşkar olunmur. Emosional iradi sferasi dəyişkəndir. Əhval-ruhiyyəsi aşağidir. Öz psixi vəziyyətinə tənqidi münasibəti kifayət qədər deyildir. Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. narkomaniyadan məcburi müalicəyə ehtiyaci vardir. Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 57,650 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 02 ədəd bükümdə hər birinin ayrı ayrılıqda təmiz çəkisi 2,645 qram və 19,970 qram olmaqla ümumi çəkisi 22,615 qram ağ rəngli kristalşəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdiyi üçün 21 may 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin qalıq qalan 57,600 qram hissəsi və psixotrop maddə metamfetaminin qalıq qalan 22,515 qram hissəsi qablaşdıpəlmaqla möhürlənmiş vəziyyətdə saxlanması üçün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hisəssinə təhvil verilmişdir. 29 yanvar 2022-ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokollarla və ona əlavə edilmiş DVD diski ilə Təqsirləndirilən şəxs tərəfindən istintaqa məlum olmayan şəxsdən satış məqsədilə, qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni daşımaqla özündə saxlaması faktı təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş GSM nömrəyə daxil olan mesaj mətnlərinə baxış keçirilərək müəyyən edilmişdir ki; 553393886 saylı abunəçi ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2021-ci il saat 06:49:28-də sms yazışması Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə: Azer yigma meni poxdayam deyirem yigma neter adamsan e sen. Verdiyin 5 manata gore salassan meni zibile 553393886 saylı abunəçi: Neyse Letif isinde ol denen alinmir basqa mesele onun söhbetini elyesi deyilem bloka atirsan meni usag deyilem men bir kelme yaza bilersen en azinan gec eden senen xeber gozleyirem canin sagolsun menede minnet qoyma ki, nolub men usag deyilem Letif neyin ne olduğunu bilirem. xx.xx.2021 il saat 11:10:13-də Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrədən X3 adına olan **********88 saylı nömrəyə göndərilmiş sms məzmunu: Mehemmed qehbeliy elemede qardasimsan camaat pul gozluyur mennen ayibdi senol. Gonder axsam qaytarim lap sene. xx.xx.2022 il saat 19:47:38-dən xx.xx.2022-ci il saat 20:13:40 01-ə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs məxsus ***-***-**-** sayh mobil nömrə ilə X4 adına olan **********11 sayh mobil nömrə arasında sms yazışması **********11 sayh mobil nömrə: letif neynirsen?axwamdi xeber yoxdu senden nece eliyey? ***-***-**-** saylı mobil nömrə: Taleh yanimda adam var uz be uz maqazine 20 manat pul vermisem 2 3 gun qabaq bayaq yadima dusub birazdan goturende atacam senin puluvu qurban olum 5 3 manata gore bele eleme ayibdi valla sencun **********11 saylı mobil nömrə: Letif men 5-3m pul isteyirdim senden yoxsa pati vermeliydin! 2 ci deki 5-3m gore bele elemeyin ayibdisa 2kolani iki pati ile barter elediyininde pulnu vericeydin 10 verdin 5 vermedin durub onda mende diyerdim ayibdi Letif bu nedi elisen 5m verde gorursenki olanda olmurda direm varyoxnu sikim uwaga 05pati vermeliyem! ***-***-**-** sayh mobil nömrə: Bildimde taleh eger yoxdusa goture bilmiremse hardan verim men sene bunu 5 manata qalandada sene dedimde taleh 15 manatdan cixda o 5 manati kecen seferki temadan. xx.xx.2022-ci il saat 21:06:51-də və saat 21:24:34-də Şəbnəm Əsədovanın adına olan **********64 saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş sms məzmunu: Rayona gerem he yoxunu dinen mende bilimde Abi mene he yoxunu dinen bilimde kankret. Digər sms: 4169 7385 4670 4739 Kapital bank İmanov Letif. xx.xx.2022-ci il saat 01:36:46-da X1 adına olan **********57 sayh mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş sms məzmunu: Qaqaş axşamın xeyir. Necəsən? əgər varsa imkan olar 5+5 sabaha kimi? sözləri yazılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli mobil telefona baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan Samsung markalı mobil telefonda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması öz əksini tapmaqla tam sübuta yetirildiyindən, mobil telefona baxış keçirilməsi barədə tərtib olunmuş protokol sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə sübut növü kimi qiymətləndirilmiş və sübut əhəmiyyəti kəsb edən məlumatlar protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən fərqli ifadə verərək onda narkotik vasitə cəmi 7 qram olmaqla, yalnız öz istifadəsi üçün əldə etdiyini bildirməsi, heç vaxt narkotik vasitələrin satışı ilə məşqul olmaması, o, polis əməkdaşlarının təsiri və aldatması ilə əlaqədar ifadələri imzalamısnı bildirməsi və özünü müdafiə üçün gətirdiyi digər dəlillər iş üzrə şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, sms danışıq mətnləri və digər istintaq sənədləri ilə tam təkzib olunmuşdur, odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsini inandırıcı hesab etmir və onun ifadəsinə tənqidi yanaşır. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, baxış keçirilməsi barədə protokoldan, sms danışıq mətnləri və ekspertiza rəyləri ilə tam təsdiqini tapmışdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar məhkəmə istintaqı zamanı müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, «Vətən Müharibəsi»ndə “Füzulinin azad olmunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunması məhkəmə tərəfindən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 29 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Nəsimi Rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 57,600 qram narkotik vasitə heroin və qalıq çəkisi 22,515 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. İş üzrə ekspertiza xərcləri 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından «PRO-BONO» Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 29 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından «PRO-BONO» Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut olan və Nəsimi rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 57,600 qram narkotik vasitə heroin və qalıq çəkisi 22,515 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar