Məhkəmə qərarları › İş №1(101)-1234/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1234/2025

12.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1234/2025 12.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş (FİN № xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağı olan, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, 10 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və yerdə naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 3,070 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsi, 21-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 dekabr 2024-cü il tarixdə saat 12:45-də saxlanılaraq 21-ci Polis bölməsinin inzibati binasına aparılmış və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkcənin cibindən 1 bükümdə təmiz çəkisi 3,070 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə baş verən gün o, işdən icazə almış və iş yerinin yaxınlığında olan Pasport qeydiyyatı idarəsinin yanında oturmuşdur. Bu vaxt mülki geyimli bir şəxs ona yaxınlaşaraq kömək lazım olub-olmadığını soruşmuş, o isə, təşəkkür edərək kömək lazım olmadığını demişdir. Sonra həmin şəxs ondan əl çəkməmiş, qolundan tutmuş, həmin vaxt özünün çantası və noutbuku əlində olmuşdur. Şəxsin əl çəkmədiyini görüb o, həmin şəxsi vurmuşdur. Bu vaxt bir nəfər polis əməkdaşı ona yaxınlaşmış və onu 21-ci Polis bölməsinə aparmışlar. Orada o, polis işçilərindən su istəmiş, ona su vermişlər. Həmin su acı tam vermiş, o, boğazı quruduğu üçün məhəl qoymayaraq həmin sudan 2-3 qurtum içmişdir. Polis işçilərinə suyun acı olduğunu bildirmiş, onlar isə içməyi məsləhət görərək sonradan sakitləşəcəyini demişlər. O, özünün psixoloji durumunun yerində olmadığını demiş, sonra onu kameraya aparmışlar. Orada vəziyyəti daha da pisləşmişdir. Sonra onu kabinetlərin birinə apararaq videoçəkiliş olacağını bildirib, ondan tapılmış maddənin özünə məxsus olduğunu boynuna almağı təklif etmişlər, əks halda, onu polis işçisini vurmaqda təqsirli biləcəklərini deyərək təhdid etmişlər. O da, bundan sonra məcbur qalıb razılaşmışdır. Daha sonra videoçəkiliş aparmışlar, ona bir köynək, bir də ki, gödəkcə vermişlər. O, çəkiliş vaxtı polis işçilərinin sözlərini təkrar etmişdir. Sonrakı hadisələr bulanıq yadında qalmışdır. 3-4 gün sonra Bakı İstintaq təcridxanasında ayılmışdır. Sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, o, özünün psixi durumu ilə bağlı heç yerə müraciət etməmişdir. Özü şirkətdə printer üzrə mütəxəssis işləmişdir. Əvvəllər toyda, bayramda nəşə çəkmişdir, sonuncu dəfə tutulmamışdan iki həftə əvvəl ad günündə narkotikdən istifadə etmişdir. Özü ailəlidir, həyat yoldaşı, 20 yaşlı və 14 yaşlı iki övladı var. Çəkilişdən qabaq ona polis formasında olan şəxsi vurduğunu demişlər, əslində isə belə şey olmamış, əksinə polis işçisi onu döymüşdür. Təcridxanaya daxil olarkən onun üzərində xəsarət izləri olmuş, onun əl-qolunu qandalla və skoçla bağlamışlar. Müstəntiq ona sənədləri imzalatdırmışdır. Lakin ona vəkil verilməmişdir. Psixi cəhətdən səhhəti tutulmamışdan təxminən 1-2 ay əvvəl pozulmuşdur. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 11 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində dindirilərkən, həmçinin 12 dekabr 2024-cü il tarixdə ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ittiham elan edilərkən özünü təqsirli bilməyərək ifadə verməkdən və tərtib olunmuş sənədlərə imza etməkdən imtina etmişdir (cild 1, iş vərəqi 81-87). Həmçinin məşkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs yalnız üzərinə şəxsi axtarış keçirilərkən ondan aşkar olunmuş «patı» kimi tanıdığı 1 bükümdə psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu etiraf etmiş, həmin maddəni xx.xx.2024-cü il tarixdə Hövsan qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 100 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmədə ona təqdim olunmuş sənədlərdəki imzaları nəzərdən keçirən Təqsirləndirilən şəxs şəxsi axtarış aparılması haqqında protokolda, ibtidai istintaqın qurtarması və cinayət işinin materialları ilə tanış olma protokollarındakı imzaların ona məxsus olduğunu, verilmiş ittihamla razı olmadığına görə digər protokolları imzalamaqdan imtina etdiyini, tutulduqdan bir müddət sonra Baş prokurorluğa şikayət etdiyini və prokurorluq əməkdaşının gəlib onun izahatını aldığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ, 21-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 10 dekabr 2024-cü il tarixdə Salman adlı şəxsin Nəsimi rayonu ərazisində külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və onun rəhbərliyi ilə 21-ci Polis bölməsinin sahə inspektoru Şahid3 və sahə rəisi Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 12 radələrində əldə etdikləri məlumat əsasında əməliyyat qrupunun üzvləri ilə Nəsimi rayonu, Rəşid Behbudov küçəsinə getmişlər. Saat 12:45 radələrində 60 saylı binanın qarşısında olarkən Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq saxlamışlar, sonuncuya narkotik vasitələri və psixotrop maddələri üzərində saxlaması, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs müəyyən suallar verərkən, sonuncu verilən suallara cavab verməkdən imtina edib, özünü şübhəli aparmış və qaçmağa cəhd etmişdir. Lakin bu zaman o, qarşısında olan maneəyə çırpılaraq yerə yıxılmış, onlar Təqsirləndirilən şəxs tutaraq xidməti avtomobilə əyləşdirmək istəmiş, bu zaman Salman başını nəqliyyat vasitəsinə vurub səs-küy salmağa başlamışdır. Onlar güc tətbiq etməklə Təqsirləndirilən şəxs avtomobilə əyləşdirib Nəsimi RPİ, 21-ci Polis bölməsinə gətirmişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs vəkil təyin olunmuş, sonra isə onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şübhəli şəxsə üzərində qanunsuz əşyalar varsa təqdim etməsi təklif olunduqda, Təqsirləndirilən şəxs əynində olan gödəkcənin cibindən 1 ədəd bükümü və 1 ədəd «Samsung» markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Şübhəli şəxsə bükümdə olan maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda, o, psixotrop maddə «patı» olduğunu, həmin maddəni 08 dekabr 2024-cü il tarixdə Hövsan qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 100 manata şəxsi istifadəsi üçün əldə etdiyini, uzun müddətdir psixotrop maddə metamfetamin qəbul etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 1 ədəd büküm və mobil telefon qablaşdırılmış və götürülmüşdür. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Daxil olmuş məlumatda Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması bildirilsə də, həmin məlumat təsdiqini tapmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ, 21-ci Polis bölməsinin əməkdaşları Şahid3 və Şahid2 şübhəli şəxs Təqsirləndirilən şəxs 10 dekabr 2024-cü il tarixdə müəyyən edilərək saxlanılması və üzərinə şəxsi axtarış keçrilərkən külli miqdarda psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi prosesində əməliyyat qrupunun üzvləri kimi iştirak etdiklərini bildirərək, həmkarları Ramiz Rüstəmovun məhkəmədəki ifadəsinə uyğun ifadələr verdilər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan şəxsi axtarış və götürmə haqqında aparılması haqqında 10 dekabr 2024-cü il tarixli protokola əsasən, həmin tarixdə Təqsirləndirilən şəxs ünvan 2 ünvanında saxlanılaraq Bakı şəhəri, Nəsimi RPİ, 21-ci Polis bölməsinə gətirilmiş, orada müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcəsinin cibindən 1 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə və 1 ədəd «Samsung Galaxy» markalı mobil telefon aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqi 37-40). Məhkəmə-kimyəvi ekspertizasının 11 dekabr 2024-cü il tarixli 6/5439 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 189...” möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...» və sair soyadlar, imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 3,070 qram təşkil edən ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 56-60). Məhkəmə-narkoloji ekspertizasının 11 dekabr 2024-cü il tarixli 7772 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 62-63). Məhkəmə-kimyəvi ekspertizasının 20 dekabr 2024-cü il tarixli 4336/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid və fenilalkilamin qrupuna aid olan olan metamfetamin aşkar edildi (cild 1, iş vərəqi 128-131). Cinayət işində olan xx.xx.2025-ci il tarixli 1/1499 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə müalicə üçün 2 nömrəli Kliniki Psixiatriya xəstəxanasına müraciət etməmişdir (cild 1, iş vərəqi 134). İstintaq orqanı tərəfindən verilmiş əməliyyat tapşırığına cavab olaraq Nəsimi RPİ, 21ci Polis bölməsinin cavab məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməliyyat tapşırığında göstərilən xüsusatlarla bağlı müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəni aldığı naməlum şəxsin şəxsiyyətini və olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Həmçinin, əməliyyat tapşırığında göstərilən digər xüsusatlar üzrə müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, məxfi aqentlər təlimatlandırılmış, lakin Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirməsini təsdiq edən hər hansı bir məlumat əldə olunmamışdır (cild 1, iş vərəqi 103). İbtidai istintaq orqanının 02 aprel 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 3,070 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 2,920 qram çəkidə metamfetamin məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Bakı şəhəri, Nəsimi RPİ-nin Növbətçi hissəsinə təhvil verilmişdir (cild 1, iş vərəqi 138-145). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması ilə bağlı müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində müvafiq araşdırma aparılmış və 20 fevral 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması faktı öz təsdiqini tapmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması hissəvi rədd edilmiş, material Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunmuş xəsarətləri hansı şəraitdə alması ilə bağlı araşdırma aparılmasından ötrü aidiyyəti üzrə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Baş idarənin əməliyyatsorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur (cild 1, iş vərəqi 99). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ittihamda qeyd olunan psixotrop maddənin ona məxsus olmadığını, hadisə baş verən gün işdən icazə aldığını və iş yerinin yaxınlığında olan Pasport qeydiyyatı idarəsinin yanında oturarkən mülki geyimli bir nəfərin ona yaxınlaşaraq ondan əl çəkmədiyini, qolundan tutduğunu, həmin vaxt özünün çantası və noutbukunun əlində olduğunu, şəxsin ondan əl çəkmədiyini görüb həmin şəxsi vurduğunu, bu zaman bir nəfər polis əməkdaşı ona yaxınlaşaraq 21-ci Polis bölməsinə apardığını, özünün psixoloji durumunun yerində olmadığını polis işçilərinə dediyini, sonra onu kameraya apardıqlarını, sonra onu kabinetlərin birinə apararaq videoçəkiliş olacağını bildirib, ondan tapılmış maddənin özünə məxsus olduğunu boynuna almağı təklif etdiklərini, əks halda, onu polis işçisini vurmaqda təqsirli biləcəklərini deyərək təhdid etdiklərini, bundan sonra məcbur qalıb razılaşdığını, daha sonra videoçəkiliş apardıqlarını, ona bir köynək, bir də ki, gödəkcə verdiklərini, çəkiliş vaxtı polis işçilərinin sözlərini təkrar etdiyini, sonrakı hadisələrin bulanıq yadında qaldığını, 3-4 gün sonra Bakı İstintaq təcridxanasında ayıldığını, təcridxanaya daxil olarkən onun üzərində xəsarət izləri olduğunu, onun əlqolunu qandalla və skoçla bağladıqlarını, müstəntiqin ona bütün sənədləri imzalatdırdığını, lakin ona vəkil verilmədiyini, psixi cəhətdən səhhətinin tutulmamışdan təxminən 1-2 ay əvvəl pozulduğunu bildirib, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına, həmçinin cinayət işinə əlavə olunmuş videogörüntülərə əsasən, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla keçirilən şəxsi axtarış zamanı özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş bir bükümdə psixotrop maddə metamfetamini, həmçinin digər cibində olan 1 ədəd mobil telefonu polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübut prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış keçirilərkən verilən suallara cavab olaraq şübhəli şəxs aşkar olunmuş «patı» kimi tanıdığı 1 bükümdə psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu etiraf etmiş, həmin maddəni xx.xx.2024-cü il tarixdə Hövsan qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 100 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmədə gətirdiyi dəlillərində Təqsirləndirilən şəxs tutularkən polis işçilərinin onun əl-qolunu qandalla və skoçla bağladıqlarını, müstəntiqin ona bütün sənədləri imzalatdırdığını, lakin ona vəkil verilmədiyini bildirsə də, onun üzərinə şəxsi axtarış keçirilməsina dair videogörüntülərə baxış zamanı bu halların heç biri öz təsdiqini tapmadı. Belə ki, videogörüntülərdən aydın görünür ki, o, şəxsi axtarış zamanı özünü tam sərbəst aparmış, verilən suallara adekvat cavab vermiş, dövlət büdcəsinin vəsaiti hesabına ona təqdim olunmuş müdafiəçi şəxsi axtarış zamanı yanında olmuş, bədən səthində gözlə görünən hər hansı xəsarət izi müşahidə edilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı yalnız şəxsi axtarış aparılması haqqında protokolu, ibtidai istintaqın qurtarması və cinayət işinin materialları ilə tanış olma protokollarını imzalamış, digər protokolları isə imzalamaqdan imtina etmiş, müstəntiq tərəfindən bu barədə müvafiq prosessual sənədlərdə qeydlər aparılmış, həmin hal vəsatət kimi qəbul edilərək təmin olunmadan rədd edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq olunmuş məhkəmə-narkolojİ ekspertizasının 11 dekabr 2024-cü il tarixli 7772 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması ilə bağlı müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində müvafiq araşdırma aparılmış və 20 fevral 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması faktı öz təsdiqini tapmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması hissəvi rədd edilmiş, material Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunmuş xəsarətləri hansı şəraitdə alması ilə bağlı araşdırma aparılmasından ötrü aidiyyəti üzrə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir. Qeyd olunan qərar isə təqsirləndirilən şəxs tərəfindən mübahisələndirilməmişdir. Şərh olunanları ümumiləşdirən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə iclasında gətirdiyi dəlilləri onun məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir. Qeyd olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs 10 dekabr 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi RPİ, 21-ci Polis bölməsinin əməkdaşları tərəfindən tutulduğundan və hal-hazıra qədər həbsdə saxlanıldığından, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduğu bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməli, cəzanın başlanğıcı 10 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü tarixli 7566 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, şəxsin barəsində tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinin tələbinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd olunan müddəaya əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Nəsimi RPİ-nin Növbətçi hissəsinə təhvil verilməklə Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 2,920 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 110 (yüz on) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduğu bütün müddət cəza müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 10 dekabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Bakı şəhəri, Nəsimi RPİ-nin Növbətçi hissəsinə təhvil verilməklə Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 2,920 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Səbinə Məmmədzadə, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar