Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1235/2024 06.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10:35 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28, 214.2.1-ci, 28,214.2.3-cü, 214-2-ci, 220.2-ci, 228.3-cü, 228.4-cü, xx.xx.2016-cı il tarixə kimi qüvvədə olmuş Cinayət Məcəlləsinin 278-ci, 279.1-ci, 281.2-ci və 283.2.3-cü maddələri ilə təqsirli bilinərək 12 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 16 mart 2019-cu il tarixli 1049 nömrəli Sərəncamına əsasən əvf olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq yaşayış massivi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, 10 oktyabr 2023-cü il tarixdə səhər saat 08:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərin yaxınlığında istintaqla müəyyən edilməmiş şəraitdə qanunsuz olaraq satış məqsədi olmadan 01 ədəd gümüşü rəngli kağız bükümdə külli miqdarda - təmiz çəkisi 2,192 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini alıb əldə edərək üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 09:10-da Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu. Biləcəri qəsəbəsi, M.S,Ordubadi küçəsində yerləşən fərdi yaşayış evin qarşısında saxlanılaraq, ünvan 3 ünvanında yerləşən həmin Polis Bölməsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə külli miqdarda - təmiz çəkisi 2,192 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, Biləcəri lokomotiv deposunda yanacaq ilə bağlı məntəqə rəisi vəzifəsində işləmişdir. 10 oktyabr 2023-cü il tarixdə səhər evdən çıxaraq işə getmiş, işə çatan vaxt, yəni təxminən saat 09 radələrində 6-cı Polis Bölməsinin əməkdaşları X4 sahəsində onun qarşısını kəsmişlər. Həmin vaxt o, özünə məxsus “X6” markalı avtomobilində olmuşdur. Polis əməkdaşları onu 6-cı Polis Bölməsinə dəvət etmişlər. O, səbəbini soruşduqda “orada biləcəksən” deyərək heç nə bildirməmişlər. Özlüyündə bu dəvətin işlə əlaqədar olduğunu düşünərək polis əməkdaşlarının avtomobili ilə polis bölməsinə getmiş və orada onu rəisin otağına aparmışlar. Rəis ona “sən getməlisən!” demişdir. O, “hara? niyə?” deyə soruşduqda rəis “belədir, getməlisən” deyə cavab vermiş, heç bir səbəb göstərməmişdir və həmin səbəb indiyə kimi ona məlum deyil. Bundan sonra onu digər otağa apararaq bir büküm narkotik vasitəni istifadəçi kimi üzərinə götürməsini tələb etmişlər, əks halda onu külli miqdarda narkotik vasitə ilə tutacaqlarını bildirmişlər. O, heç vaxt narkotik vasitə istifadə etmədiyini, heç onun rəngini belə görmədiyini bildirmişdir. Ona təzyiq göstərilmiş, o da məcbur olub polislərin dedikləri ilə razılaşmış və ona verilən bir bükümü götürmüşdür. Videoçəkilişlə üzərinə baxış keçirilmiş, o da bir bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bükümü açıb baxış keçirdikdə onun içərisində “metamfetamin” adlanan maddə olmuşdur. Şəxsi axtarış zamanı müdafiəçi iştirak etməmişdir. O, müdafiəçinin şəxsi axtarışda iştirak etməsindən imtina barədə ərizə verməmiş, heç bunu ondan soruşan belə olmamışdır. Şübhəli şəxs kimi tutma haqqında protokol tərtib edilərkən, hüquq və vəzifələri izah edilərkən də müdafiəçi iştirak etməmiş, o, müdafiəçini ilk dəfə barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə görmüşdür. Müdafiəçini görənə qədər artıq bir çox sənədlərə imza etmişdir. Ona istifadəçi kimi rəsmiləşdiriləcəyi deyildiyi üçün inanaraq bütün sənədləri oxumadan imzalamışdır. O, narkotik vasitə istifadəçisi deyil, heç vaxt bu kimi maddələrdən istifadə etməmişdir. Ona narkotik vasitəni boynuna götürərsə onu istifadəçisi kimi rəsmiləşdirəcəklərini və məsələnin sadəcə məcburi müalicə ilə bitəcəyini, əks halda isə üzərinə külli miqdarda narkotik vasitə qoyacaqlarını bildirdikləri üçün, həm də ona şiddət göstərdikləri üçün o, bir büküm narkotiki üzərinə götürməyə razılaşmışdır. Amma ona yenə də külli miqdarla bağlı ittiham verilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, hazırkı ifadəsi doğrudur. Narkotik vasitədən uzaq adamdır, namaz qılır, məscidə gedir. Heç bir qanunsuz əməl törətməmişdir. Göstərilənləri, himayəsində üç uşağının olmasını nəzərə alaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, 10 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərin yaxınlığında 01 ədəd bükümdə psixotrop maddə metamfetamini 20 manat ödəyərək öz istifadəsi üçün alıb əldə edərək üzərində saxlamışdır. Həmin gün saat 09:10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində yerləşən fərdi yaşayış evinin qarşısında olduğu zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində qanunsuz olaraq psixotrop maddə saxlamaqda şübhəli bilindiyi üçün onu Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə dəvət etmişlər. O, da könüllü olaraq polis əməkdaşları ilə birlikdə 6-cı Polis Bölməsinə getmişdir. Bölmədə xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra öz razılığı ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş, o da təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Bundan sonra öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin büküm açıldıqda içərisində ağ rəngli kristalşəkilli olan psixotrop maddəyə bənzər kütlə aşkar olunmuşdur. Sorğu zamanı o, cibində saxlayaraq aşkar edilmiş bir ədəd bükümdəki kütlənin metamfetamin olduğunu və 10 oktyabr 2023-cü il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində fərdi yaşayış evlərinin qarşısında tanımadığı şəxsdən 20 manat müqabilində aldığını bildirmişdir. Həmin kütlə bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və 2,88 qram olması müəyyən edilmişdir. Aşkar olunmuş büküm zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadan protokol imzalarla təsdiq edilmişdir. O, heç kimlə cinayət əlaqəsinə girməmiş və psixotrop maddə satmamışdır. Həmin psixotrop maddəni ona satmış şəxsi tanımır, onun anket məlumatları və telefonu ona məlum deyil. O, heç kimlə cinayət əlaqəsinə girməmişdir. Yalnız narkotik vasitə və psixotrop maddə istifadə edəndir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı fiziki və ya psixi zor tətbiq olunmamışdır (cild 1, iş vərəqə 86-88). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin Cinayət-Axtarış üzrə əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 10 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bəhram adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetaminin satışı və dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı raportla rəsmiləşdirilərək rəhbərliyə məruzə edilmiş, müvafiq əmrlə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 10 oktyabr 2023-cü il tarixdə saat 09:10-da Təqsirləndirilən şəxs Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində yerləşən fərdi yaşayış evinin qarşısında saxlamışlar. Onlar özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra onun qanunsuz olaraq külli miqdarda - psixotrop maddələrin satışı və dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək onlarla birlikdə Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs razılaşaraq onlarla birlikdə Polis Bölməsinə getmişdir. X1 şəxs şübhəli şəxs qismində tutulmuş, sonuncunun razılığı ilə vəkilinin iştirakı olmadan videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs axtarış qərarı elan olunmuş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etməsi təklif olunmuş, sonuncu da əynindəki qara rəngli şalvarın sağ cibindən bir ədəd gümüşü rəngli kağız bükümü, sol cibindən isə bir ədəd '‘Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqda içərisindən ağ rəngli kristalşəkilli psixotrop maddəyə bənzər kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş kütlənin metamfetamin olduğunu, həmin maddəni 10 oktyabr 2023-cü il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində fərdi yaşayış evlərinin qarşısında tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Həmin kütlə kağız zərfə qoyulub möhürlənərək götürülmüşdür. Bundan sonra şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və qeydlər daxil olmadan protokol imzalarla təsdiq edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olması, üzərindən aşkar olunmuş psixotrop maddəni satış məqsədilə əldə etməsi, kiminləsə əlbir olması barədə məlumatlar əldə olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin digər əməkdaşı Şahid2 Qüdrət oğlu Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 10 oktyabr 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntüsünün köçürüldüyü diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü, sol cibindən bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs cibindən aşkar edilmiş kütlənin metamfetamin olduğunu, onu 10 oktyabr 2023-cü il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Orduabdi küçəsində fərdi yaşayış evlərin qarşısında tanımadığı şəxsdən 20 manat müqabilində aldığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 35-36, 89). Məhkəmə-kimyəvi ekspertizasının 10 oktyabr 2023-cü il tarixli 3-16-16/2-6/5275 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Azərbaycan Respublikası DİN-in Zərflər üçün №175 dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazıları, soyad və imzalar olan bir ədəd zərfin içərisinə bir ədəd bükümdə təmiz çəkisi 2,192 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazizisində dövriyyəsi qadağan edilən psixotrop maddələri’in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 2,142 qram təşkil etmişdir (cild 1, iş vərəqə 40-44). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 22 noyabr 2023-cü il tarixli 7659 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olmuşdur. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 148- 149). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 16 oktyabr 2023-cü il tarixli 13463 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 115). Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli 3-16-17/40/2-537 saylı məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir və tibbi müayinəsi zamanı onda xəsarət aşkar edilməmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən Təchizat departamentinin Yanacaq və təminat şöbəsinin X1 məntəqə müdiri vəzifəsində çalışır. İşlədiyi müddət ərzində özünü nizamintizamlı, işgüzar işçi kimi göstərmişdir. Rəhbərlik tərəfindən verilən tapşırıqları düzgün və məsulliyyətlə, vaxtında icra etmişdir. Özünə qarşı tələbkarlıq nümayiş etdirmiş, vəzifə borcunun icrasına məsuliyyətlə yanaşmış və cəmiyyətdə işlədiyi müddət ərzində kollektivin hörmətini qazanmışdır. Bakı şəhəri Sabunçu RİHB-nin Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşadığı müddətdə qonşulardan və sakinlərdən heç bir məlumat daxil olmadığı göstərilmişdir. Bakı şəhəri Sabunçu rayonunun Maştağa qəsəbəsinin bir qrup sakinləri məhkəməyə yazılı şəkildə müraciət edərək Təqsirləndirilən şəxs kəndin sayılıb seçilən sakinlərindən olduğunu, çox tərbiyəli, alicənab, böyüyünün, kiçiyinini yerini bilən, heç vaxt kriminal hadisələrlə əlaqəsi olmayan şəxs olduğunu, pis vərdişlərinin, xüsusilə də narkotik vasitələrlə bağlı hər hansı pis vərdişinin olmadığını, kəndin ağsaqqalları tərəfindən hər zaman müsbət və ən yaxşı keyfiyyətlərlə xarakterizə olunduğunu, ailəsinin çox kasıb, tərbiyəli, mərifətli ailə olduğunu bildirmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il və xx.xx.2012-ci il təvəllüdlü uşaqları var. İbtidai istintaq orqanının 11 dekabr 2023-cü il tarixli qərarı ilə hazırkı cinayət işindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 140-141). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28, 214.2.1-ci, 28,214.2.3-cü, 214-2ci, 220.2-ci, 228.3-cü, 228.4-cü, xx.xx.2016-cı il tarixə kimi qüvvədə olmuş Cinayət Məcəlləsinin 278-ci, 279.1-ci, 281.2-ci və 283.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 12 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 16 mart 2019-cu il tarixli 1049 nömrəli Sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (cild 1, iş vərəqə 110-112, 118-135). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan səkkiz il müddət keçmədiyinə görə onun barəsində məhkumluq ödənilməmiş hesab edilməlidir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.3.2-ci maddəsinə əsasən onun əməlində cinayətlərin xüsusilə təhlükəli residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən xüsusilə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etməyə, saxlamağa və daşımağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir. Amma Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddəni qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin psixotrop maddəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən əlavə mötəbər sübutların ədə edilməsi məqsədilə onun istifadəsində olmuş “Samsung” markalı mobil telefon aparatına baxış keçirilmiş, amma cinayət işi üzrə əhəmiyyət kəsb edən, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, habelə əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə dəlalət edə bilən hər hansı məlumatlar müəyyən edilməmişdir (cild 1, iş vərəqə 90). Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş psixotrop maddənin növünün, çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, bu tövsiyyədə ilk növbədə başqa sübutların və narkotik vasitənin miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması tövsiyyə olunur. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən psixotrop maddənin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə psixotrop maddəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs külli miqdarda - təmiz çəkisi 2,192 qram təşkil edən psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlaması şəxsi axtarış və götürmə barədə protokol, əməliyyatı keçirmiş polis əməkdaşlarının ifadələri, məhkəməkimyəvi ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Onun həmin psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, həmin maddələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olmasını, üzərindən aşkar olunan maddəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittihamla bağlı isə məhkəmə qeyd edir ki, həmin maddə ilə cinayət məsuliyyətinin yaranması üçün Məcəllənin 234.2, 234.3 və 234.3-1-i maddələrində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməlidir. Ona görə də satış məqsədini təsdiq edən heç bir sübutun olmadığı vəziyyətdə, ittiham tərəfinin belə əməlin həm də qabaqcadan əlbir olan bir qrup şəxs halında tövsifedici əlaməti ilə törədilməsinə dair israrının təkzibi üçün əlavə əsaslandırmaya zərurət olmaması qanuni və əsaslı qənaət kimi qəbul edilməlidir. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı şəraitdə psixotrop maddənin külli miqdarda olması şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin yalnız külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddənin ona məxsus olmamasına, psixotrop maddənin polis əməkdaşları tərəfindən onun cibinə qoyulmasına dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Təqsirləndirilən şəxs polis orqanında qanunazidd davranışa məruz qalması ilə bağlı ifadəsi isə hər hansı dəlillə təsdiqini tapmır. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən iş və yaşayış yerləri üzrə müsbət xasiyyətlənməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin xüsusilə təhlükəli residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 10 oktyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 22, 104-108). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,142 qram təşkil edən metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 41). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 10 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,142 qram təşkil edən metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-1235/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1235/2024
06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver