Məhkəmə qərarları › İş №1(101)-1236/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1236/2022

13.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1236/2022 13.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X12 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1987-ci il tarixdə Ermənistan Respublikası, Kalinino rayonu, Qızıldaş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş (Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 13 aprel 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4, 181.2.5, 326.2, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 6 noyabr 2017-ci il tarixli qərarı ilə cəzasının qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş), məhkumluğu ödənilməmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxslərə zor tətbiq edərək xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 13 avqust 2021-ci il tarixdə saat 17 radələrində ünvan 2 ünvanında yerləşən “F.Studio” qadın salonunun qarşısında Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 onun tanışı Şahid2 yaşadığı ünvana gələrək sonuncuya məxsus təmir etdikləri avtomobilin təmir haqqını tələb etmələrini cüzi səbəb kimi bəhanə edib heç bir əsaslı səbəb olmadan ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli sürətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud sürətdə pozan, ətrafdakı şəxslər üçün aşkar sürətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinadsızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər etməklə istintaqa məlum olmayan mənbədən əldə etdiyi və üzərində gəzdirdiyi bıçaqdan silah qismində istifadə edərək Zərərçəkmiş şəxs3 sol qoluna 1 dəfə vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol bazunun deşilmişkəsilmiş yarası, Zərərçəkmiş şəxs2 sol bud nahiyəsinə 1 dəfə vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol budun arxa səthinin deşilmiş-kəsilmiş yarası və Zərərçəkmiş şəxs1 boyun nahiyəsinə 1 dəfə vuraraq ona xuliqanlıq niyyəti ilə boyunun sol yan səthində 1 ədəd daxilə nüfuz edən qırtlaq və traxeyanı zədələyən deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 avqust 2021-ci il tarixdə, saat təxminən 17 radələrində yaşadığı ünvan 3 ünvanından çıxaraq idmana getmək məqsədilə hərəkət etməyə başlamışdır. Təxminən 150 metr məsafəni piyada qət edərkən əvvəllər məhləuşağı kimi tanıdığı Röyal adlı şəxlə rastlaşmış, Röyal küçədə dayanmış 3-4 nəfər şəxsi göstərib onlara borcu olduğunu, həmin şəxslərin onu narahat etdiyini, ondan həmin şəxslərdən ona borcu qaytarmağa möhlət vermələrini xahiş etməyini istəmişdir. O da əllə işarə edib həmin şəxsləri yaxınına çağırmışdır. Ona tərəf gələn şəxslərdən biri, sonradan adı məlum olan Amin dolu bədənli oğlan olmuşdur. Həmin şəxs ona Röyalın onlara borcu olduğunu və borcun qaytarılması ilə bağlı dəfələrlə zənglər etsələr də, sonuncunun telefonlara cavab vermədiyini bildirmişdir. Belə olan halda Röyala iradını bildirib nə üçün onların pulunu qaytarmadığını soruşmuş, sonuncu həmin şəxslərin yanında hazırda işləmədiyini deyib işi qaydasına düşən kimi borcunu qaytaracağına söz vermişdir. Digər şəxslər Röyalın onlara da borcu olduğunu dedikdə o, “nə oldu, Royal hamınıza borclu oldu” deyərək cavab vermişdir. Bu vaxt Amin adlı şəxs mobil telefonunu qulağına tutub kiməsə zəng edib hadisə yerinə çağırmaq istədikdə o, həmin şəxsə hərəkətlərinin yersiz olduğunu deyərək iradını bildirib əl atıb telefonunu əli ilə birlikdə sıxıb əlini cibinə istiqamətləndirmiş və kimisə çağırmağa ehtiyac olmadığını demişdir. Həmin şəxslərə bu ərazidə qadın, qız, gəlin qohumlarının yaşadığını, burada səs-küy salmağın lazım olmadığını, çıxıb getmələrini xahiş etmiş, hətta yalvararaq lazım olduğu halda pulun qaytarılmasına zamin dura, hətta özü verilən müddət ərzində pulu onlara verə biləcəyini demişdir. Buna baxmayaraq həmin şəxslər təklifi ilə razı olmayıb üzərinə gələrək ona əlqol atmışlar. Ceyhun adlı şəxs ona təpik atmış, Amin adlı şəxs isə arxadan qollarını tutmuşdur. Onların sakitləşmək istəmədiklərini görüb üzərində saxladığı kiçik ölçülü açılıbbağlanan bıçağı sağ əli ilə çıxarıb arxadan qollarını qucaqlamış Amin adlı oğlanın sol qolundan bir dəfə vurmuş, sonra ona təpik atan Ceyhun adlı şəxsin sol bud nahiyəsinə bir dəfə bıçaqla vurmuşdur. Həmin vaxt sonradan adı ona məlum olan Elnur adlı şəxsin üzərinə gəldiyini gördükdə həmin şəxsi qorxutmaq üçün əlindəki bıçağı ona tərəf istiqamətləndirib sağa-sola atmış və zərbənin biri Elnurun boyun nahiyəsinə dəymişdir. Bundan sonra həmin şəxslər, eləcə də özü hadisə yerindən uzaqlaşmışdır. Hadisənin şahidi olmuş şəxs və ya şəxsləri tanımamışdır. İstifadə etdiyi bıçağı hadisə yerində atmışdır. Adlarını çəkdiyi şəxslərin Röyalın ünvanına borc tələbi ilə gəlmələrindən əvvəlcədən məlumatsız olmuşdur. Röyalı tanıyır, onun qonşusudur. Amin, Ceyhun, Elnur və Emin adlı şəxsləri əvvəllər tanımamışdır. Röyal hadisə barədə ona qabaqcadan zəng etməmiş və ya məlumat verib hadisə yerinə çağırmamışdır. Hadisə zamanı Röyal tərəfindən həmin şəxslərə qarşı heç bir qanunazidd hərəkətə yol verilməmişdir. Üzərinə gələn şəxsləri uzaqlaşdırmaq üçün bıçağını çıxarmışdır. Yolda piyada hərəkət edərkən Röyal ona yaxınlaşıb kömək istəmişdir. Amin, Ceyhun, Elnur və Emin adlı şəxslərlə arasında düşmənçilik olmamışdır. Borcu tələb edən şəxslər onu vurduqdan sonra onlara müqavimət göstərmişdir. Hadisə vaxtı üzərinə 4 nəfər şəxs gəlmişdir. Hadisədən əvvəl borcu tələb edən şəxsləri sakitləşdirib məhlədən uzaqlaşdırmağa çalışmışdır. Üzərində olan bıçaq meyvə doğramaq üçün istifadə ediyi kiçik ölçülü bıçaq olmuşdur. Törətdiyi cinayət əlindən peşmandır, zərərçəkmiş şəxslərlə barışmışdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri və cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin əvvəllərindən tanışı Zərərçəkmiş şəxs1 və Şahid1 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində avtomobil təmiri sexi icarəyə götürüb işlətmişlər. 2021-ci ilin may ayında Emin və Aminin tanışı Röyal adlı sürücü idarə etdiyi avtomobilini sexdə təmir etdirmiş, həmin ilin iyun ayında Röyal özü sexdə “Mercedes” markalı avtomobil təmir etdirmiş və 600 manat borclu qalmışdır. Röyal yaxın zamanlarda pulunu ödəyəcəyinə söz versə də, borcunu ödəməyib, hətta ona edilən zənglərə də cavab verməmişdir. Bu səbəbdən Amin adlı şəxsin vasitəsilə Röyalın borcunu ödəməsini xahiş etmişlər. Amin bir neçə dəfə Röyala borcun ödənilməsinin vacib olduğunu demiş, Röyal da borcunu ödəməyə söz vermişdir. Lakin sonuncu yenə də sözünə əməl etməmişdir. Bundan sonra Röyalı onlarla tanış edən Aminlə birlikdə onun ünvanına getmək qərarına gəldmiş və 13 avqust 2021-ci il tarixdə tanışları Zərərçəkmiş şəxs1, Şahid1 və Amin Səfıquliyevlə birlikdə Röyalın yaşadığı ünvan 4 ünvanına getmişlər. Evin qarşısında Amin Röyala zəng edərək həyətə çıxmasını bildirmiş, Röyal təxminən 20 dəqiqə sonra evdən çıxaraq nə üçün ünvanına gəldiklərini deyib onlara iradını bildirmiş və qonşu küçəyə getmələrini, onlarla orada görüşüb söhbət edəcəyini demişdir. Bundan sonra Röyal yaxınlıqdakı həyətə daxil olub bir neçə dəqiqə sonra “Daevo Nexia” markalı avtomobili idarə edərək məhlənin yaxınlığındakı Eldar Babayev küçəsinə doğru hərəkət etmiş, Röyal avtomobili asta sürətlə idarə edib həmin məhəlləyə çıxmış, onlar da göstərilən ünvana getmişlər. Həmin yerdə Röyal Aminə bir daha narazılıq ifadə edib onları ünvanına gətirməsinə irad bildirdikdə Amin borcun qaytarılmadığı üçün onları ünvana gətirdiyini bildirmişdir. Həmin vaxt sonradan adı ona məlum olan idmançı görünüşlü, qollarında köhnədən kəsik izləri olan Vəfalı adlı şəxs söhbətə müdaxilə edərək həyətə gəlməyin düzgün olmadığını və buna görə bıçağın qarşısına verilə biləcəklərini demişdir. Vəfalı ünvana gəlmələrinin səbəbini öyrəndikdə Röyala borcun verilməsinin vacib olduğunu deyib, onların da borc üçün ünvana gəlmələrinin doğru olmadığını demiş və əli ilə Ceyhunun sinəsindən bir dəfə yumruq vurmuşdur. Yumruq zərbəsindən sonra Ceyhun qarşılıq olaraq Vəfalıya təpik atmış, lakin zərbə ondan yan keçmişdir. Bu zaman hadisə yerinə toplaşmış şəxslərdən tanımadığı orta yaşlı, orta boylu, keçəl başlı bir şəxs, həmçinin arıq bədən quruluşlu, qara köynəkli ikinci şəxslər müdaxilə edib ona və Ceyhuna əl-qol atmışlar. Tanımadığı həmin şəxslərlə söz mübahisəsi edən zaman gözlənilmədən Aminin arxadan Vəfalının qollarını qucaqladığını, bir anda Ceyhunun yerə yıxıldığını və Vəfalının isə onun başı üzərində olduğunu görmüşdür. Həmin vaxt Ceyhuna kömək edib yerdən qaldırmaq üçün ona yaxınlaşdıqda Vəfalı əlindəki bıçaq olduğunu sonradan bildiyi alətlə ona tərəf zərbə atmış və zərbə onun boğaz nahiyəsinin sol tərəfinə dəyərək xəsarət yetirmişdir. Əli ilə qan gələn yeri tutmuş və yerdən qalxan Zərərçəkmiş şəxs2 ilə birlikdə oradan uzaqlaşmışdır. Eminin idarə etdiyi Aminə məxsus avtomobilə minərkən Aminin sol qol, Ceyhunun sol bud və özümün boğaz nahiyəsindən bıçaq xəsarətləri aldığını və həmin xəsarətin Vəfalı tərəfindən yetirildiyini bilmişdir. Hadisə zamanı tanımadığı şəxslər hadisənin şahidi olmuşdur. Vəfalı tərəfindən ölümlə hədələnməmiş və ona ikinci dəfə bıçaq zərbəsi endirilməmişdir. Təqsirləndirilən şəxs əvəllər tanımamış, onunla ədavəti və ya düşmənçiliyi olmamışdır. Vəfalı Röyalla etdikləri söhbətə sonradan qoşulmuşdur. Mübahisə zamanı ilk əl-qol atan şəxs Vəfalı olmuşdur. Hadisə zamanı Vəfalıya vurmamışdır. Söhbət etmələri və hadisənin baş verməsi ümumilikdə təxminən 10 dəqiqə çəkmişdir. Hadisə zamanı onlara yalnız Vəfalı tərəfindən xəsarət yetirilmişdir. Röyal və tanımadığı digər şəxslər tərəfindən onlara hər hansı bədən xəsarəti yetirilməmiş, fiziki zor tətbiq olunmamışdır. Hadisənin baş vermə səbəbi Röyalın borcunu ödəməməsi olmuşdur. Vəfalı tərəfindən ona kinci dəfə bıçaq zərbəsi endirilməmişdir. Dava-dalaş zamanı qarışıqlıq olmuşdur. Vəfalı dava zamanı əlindəki bıçağı sağa-sola yelləyən zaman o, boynundan xəsarət almışdır. Röyal tərəfindən Vəfalıya yardım edilməmişdir. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin əvvəllərindən tanışı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində avtomobil təmiri sexini icarəyə götürüb işlətmişlər. 2021-ci ilin may ayında Amin adlı tanışı Röyal adlı sürücünün idarə etdiyi avtomobilini sexlərində təmir etdirmiş və bu tanışlıqdan sonra həmin ilin iyun ayında Röyal özü Amin olmadan sexə “Mercedes” markalı avtomobil gətirərək təmir etdirmiş və 600 manat təmir haqqını sonrakı günlərdə verəcəyinə söz vermişdir. Buna baxmayaraq Röyal borcunu ödəməmiş, hətta ona edilən zənglərə də cavab verməmişdir. Bu səbəbdən Amin adlı tanışının vasitəsilə Röyalın borcunun ödəməsini xahiş etmişlər. Amin bir neçə dəfə Röyala borcun ödənilməsinin vacib olduğunu demiş, Röyal borcunu ödəməyə söz vemişdir. Lakin nəticədə Röyal yenə də sözünə əməl etmədiyindən Röyalı onlarla tanış edən Aminlə birlikdə onun ünvanına getmək qərarına gəlmişlər. 13 avqust 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Amin Səfıquliyevlə birlikdə Röyalın yaşadığı ünvan 5 ünvana getmiş və evin qarşısında Amin Röyala zəng edərək həyətə çıxmasını bildirmişlər. Təxminən 20 dəqiqə sonra Röyal evdən çıxaraq onların nə üçün ünvanına gəldiklərini deyib iradını bildirmiş və qonşu küçəyə getmələrini, onlarla orada görüşüb söhbət edəcəklərini demişdir. Röyal özü isə yaxınlıqdakı həyətə daxil olaraq bir neçə dəqiqə sonra “Daevo Nexia” markalı avtomobili idarə edərək məhlənin yaxınlığındakı Eldar Babayev küçəsinə doğru hərəkət etmişdir. Röyal avtomobili asta sürətlə idarə edib həmin məhəlləyə çıxmış, onlar göstərilən ünvana getmişlər. Həmin yerdə Röyal Aminə bir daha narazılıq ifadə edib nə üçün onları ünvanına gətirdiyini deyib irad bildirmişdir. Amin də onlara olan borcun qaytarılmadığı üçün ünvanına gəldiklərini demişdir. Həmin vaxt sonradan adı ona məlum olan idmançı, qollarında köhnədən kəsik izləri olan Vəfalı adlı şəxs küçənin digər tərəfindən gələrək söhbətə müdaxilə etmişdir. Vəfalı Röyalla maraqlanıb borc üçün məhəlləyə gəldiklərini bildikdən sonra həyətə gəlməyin düzgün olmadığını və buna görə bıçağın qarşısına verilə biləcəklərini demişdir. Vəfalı ünvana gəlmələrini səbəbinin Röyalın onlara borclu olmasından yarandığını öyrəndikdə Röyala borcun qaytarılmasının vacib olduğunu, onların isə borc üçün ünvana gəlmələrinin doğru olmadığını deyib əli ilə Ceyhunun sinəsindən bir dəfə yumruq vurmuşdur. Amin Vəfalının hərəkətinə irad bildirdikdə Vəfalı üzərində olan açılıb-bağlanan şabalıdı rəngli plasmas dəstəkli, təxminən 25 sm uzunluğunda olan bıçağı çıxarıb Aminin üzərinə gedərək onun sol qolundan bir dəfə vurmuş, bundan sonra Ceyhunun üzərinə gedərkən sonuncu çevrilib qaçmaq istədikdə arxadan onun sol bud nahiyəsindən bir dəfə vurmuşdur. Vəfalı həmin vaxt qarşısına çıxan Elnurun da boyun nahiyəsindən bir dəfə bıçaqla vurmuşdur. Bundan sonra onlar hadisə yerindən qaçıb uzaqlaşmışlar. Bir neçə dəqiqə ərzində davam edən hadisə zamanı tanımadığı şəxslər hadisənin şahidi olmuşlar. Mübahisəyə səbəb Röyalın borcunu verməməsi olmuşdur. Röyal tərəfindən onlara hər hansı bədən xəsarəti yetirilməmiş, fiziki zor tətbiq olunmamışdır. Röyal Vəfalıya törətdiyi əməldə yardımçı olmamışdır. Bıçaq yalnız Vəfalıda olmuşdur. Mübahisə təxminən 10 dəqiqə davam etmişdir. Hadisəyədək Vəfalı ilə hər hansı mübahisələri və ya problemləri olmamışdır. Vəfalı Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 bıçaq xəsarətləri yetirsə də, ona hər hansı bədən xəsarəti yetirməmişdir. Mübahisə zamanı o, kənarda dayanmışdır. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanda qeydiyyatda olsa da, ünvan 5 ünvanında nənəsi X5 ilə birgə yaşamış, atası X3 1-ci Qarabağ müharibəsinin iştirakçısı, 1ci qrup əlil olaraq almış olduğu yaralardan xx.xx.2013-cü ildə vəfat etmiş, atası dünyasını dəyişdikdən sonra anası X1 himayəsində yaşamış, son 1 il ildir ki, Azərbaycan Texniki Universitetini bitirsə də, təcrübə kursları bitmədiyindən diplomunu ala bilməmiş və ona görədə ailənin maddi durumuna yardımçı olmaq üçün fərdi taksi fəaliyyəti ilə məşğul olmuş, 2019-cu ildə ailə qurmuş, hazırda 1 azyaşlı oğlu vardır. Arvadı tələbə, azyaşlı uşağı körpə olduğundan və ondan başqa daha bir bacısının da olmasına görə məcbur olub ailənin maddi təminatını qarşılamaq üçün müddətdən artıq Hərbi Qulluqçu, yaxud Sərhədçi və bu kimi müqaviləli xidmətkeçmə üzrə orduya qəbul olunması üçün müraciətlər etmiş, lakin çoxsaylı müraciətlərinə baxmayaraq müsbət cavab ala bilmədiyindən müvəqqəti olaraq taksi fəaliyyəti ilə məşğul olmuş, müxtəlif işlərdə çalışmışdır. 2021-ci ilin ilk aylarında tanıdığı Zərərçəkmiş şəxs3 təsis etdiyi "xxxx" MMC-də sürücü işləmiş, həmin ilin may ayında şirkətə məxsus idarə etdiyi “Ford” markalı avtomobili Aminin özünün iştirakı ilə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid1 birgə icarə əsasında işlətdikləri sexdə təmir etdirmiş, bundan başqa həmin ərəfələrdə başqa bir “Mercedes” markalı avtomobili də həmin şəxslərin sexində təmir etdirmiş, 600 manat məbləğində təmir haqqının ödənməsi üçün qısa vaxt istəsə də, sonradan işdən çıxması səbəbindən həmin pulu ödəyə bilməmiş, onun işdən çıxdığını bildikdə Emin, Elnur və Ceyhun onu tez-tez narahat etməyə başlamış, zənglər etmiş, ünvanına gəlmişlər. 2021-ci ilin avqust ayının birinci həftəsində onun ünvanına gəlmiş Zərərçəkmiş şəxs1 fərdi taksi xidməti ilə məşğul olub gündəlik onlardan birinin kart hesabına 5-10 manat pul köçürməklə borcunu ödəyəcəyinə söz vermiş, 2 dəfə 5 manat pul göndərə bilsə də, davamını gətirə bilməmiş, 13 avqust 2021-ci il tarixdə saat təxminən 16:40 radələrində yaşadığı ünvan 7 ünvanda olarkən Zərərçəkmiş şəxs3 ona zəng edərək həyətə çıxmasını istəmiş və o, yuxudan oyanaraq həyətə çıxdıqda Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Şahid1 onu gözlədiklərini görmüş, evdə arvadı, azyaşlı uşağı, nənə və babasının narahat olmamaları üçün həyətə düşüb Amindən bir məhəllə kənara çəkilmələrini xahiş edib gəlib orada söhbət edib razılığa gələrik demiş, idarə etdiyi **-KP-*** dövlət qeydiyyat nömrəli “Daevo Nexia” markalı ağ rəngli maşına əyləşib uşaqların getdiyi küçəyə çıxmış, qeyd edilən məhlədə Amin və onun dostları ilə söhbət zamanı onlara pula görə evə kimi gəlməyə ehtiyac yox olmadığını demiş, onlara “sizin pulunuzu yavaş-yavaş verib qurtaracam” demiş, bu zaman qonşu kimi tanıdığı Vəfalının əlində sellofan sumka ilə yaxınlaşdığını görmüş, Vəfalı yaxınlaşaraq ümumi salam vermiş, “bura nə üçün yığışmısınız” demiş, Vəfalıya onlara borcu olduğunu və vaxt vermələrini istədiyini bildirmiş, Vəfalı əvvəl dinləmiş, ona həmin uşaqların sexində maşın təmir etmiş, təmirhaqqı olaraq onlara 600 manat borcu olmasını demiş, bundan sonra Vəfalı həmin uşaqlara irad bildirərək nə üçün gündəlik 5-10 manat karta köçürmə ilə razı olmadıqlarını və gəlib evdə qız-gəlini, ana-bacını, qocanı narahat etmələrini irad bildirmiş, hətta Vəfalı onlara o, gündəlik 5-10 manat karta ödəyə bilmədiyi halda, özü həmin pulun davamını ödəyə biləcəyini və buna zamin dura biləcəyini demiş, buna baxmayaraq Elnur təkid edərək pulun bu saat verilməli olduğunu, əks halda buradan getməyəcəklərini demiş, belə olan halda Vəfalı onlara əsəbiləşərək və ani bir vaxtda əlində əlamətlərinə diqqət yetirə bilmədiyi bıçaqla Aminin qoluna, Ceyhunun buduna və Vəfalıya yaxınlaşmaq istəyən Elnurun boğaz nahiyəsinə bir dəfə vurmuş, uşaqların hansındansa Vəfalının sifətinə qan sıçramış, həmin uşaqlar qaçıb oradan uzaqlaşmışlar. Belə olan halda maşına minib oradan uzaqlaşmış və Binqədi RPİ-nin 7-ci PB-nə getmiş, orada hadisənin necə baş verdiyini danışmış, hadisənin Vəfalı tərəfindən törədildiyini demiş, hadisə barədə araşdırmanın Binəqədi RPİ-nin istintaq şöbəsi tərəfindən araşdırılacağı və həmin şöbənin əməkdaşı tərəfindən dəvət edilərək ifadəsinin alınacağı bildirilmiş, bundan sonra o, evinə getmiş və gündəlik taksi fəaliyyəti ilə məşğul olmuşdur (cild 1, iş vərəqə 179-182). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı təsdiq etmişlər (cild 1, iş vərəqə 145-151). Cinayət işinin materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Bakı şəhəri, ünvan 8 ünvanında yerləşən “F Studio” qadın salonunun qarşısında baş vermişdir (cild 1, iş vərəqə 13-17). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X10 11 oktyabr 2021-ci il tarixli 28/1271 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədən səthində aşkar olunmuş xəsarət sol bazunun deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin (əşyanın), ola bilsin, bıçağın tiyəsinin təsirindən onun tibbi yardım üçün Az.Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutuna müraciət etdiyi 13 avqust 2021-ci il tarixdə əmələ gəlmiş, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs3 bədən səthində aşkar edilmiş xəsarət qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni 13 avqust 2021-ci il tarixdə bıçaqla vurulan zərbə nəticəsində əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs3 bədən səthində aşkar olunmuş xəsarətin əlçatan nahiyədə yerləşməsinə baxmayaraq onun özü tərəfindən yetirilməsi, eləcə də onun öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi az inandırıcıdır (cild 1, iş vərəqə 81-82). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X10 xx.xx.2021-ci il tarixli 27/1269 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarət-sol budun arxa səthinin deşilmiş-kəsilmiş yarası deşicikəsici alətin (əşyanın), ola bilsin, bıçağın tiyəsinin təsirindən onun tibbi yardım üçün “Real” hospitala müraciət etdiyi 13 avqust 2021-ci il tarixdə əmələ gəlmiş, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarət qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni 13 avqust 2021-ci il tarixdə bıçaqla vurulan zərbə nəticəsində əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətin əlçatan nahiyədə yerləşməsinə baxmayaraq onun özü tərəfindən yetirilməsi, eləcə də onun öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi az inandırıcıdır (cild 1, iş vərəqə 84-85). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X10 11 oktyabr 2021-ci il tarixli 29/1417 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər-boyunun sol yan səthində 1 ədəd daxilə nufuz edən qırtlaq və traxeyanı zədələyən deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin (əşyanın), ola bilsin, bıçağın tiyəsinin təsirindən onun tibbi yardım üçün “Real” hospitala müraciət etdiyi xx.xx.2021-ci il tarixdə əmələ gəlmiş və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə bıçaqla vurulan zərbə nəticəsində əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin əlçatan nahiyədə yerləşməsinə baxmayaraq onun özü tərəfindən yetirilməsi, eləcə də onun öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi az inandırıcıdır (cild 1, iş vərəqə 87-89). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 4 aprel 2022-ci 832 nömrəli məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlametləri aşkar olunmamışdır. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xaraktenai və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 197-198). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 13 aprel 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4, 181.2.5, 326.2, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 6 noyabr 2017-ci il tarixli qərarı ilə cəzasının qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur (cild 1, iş vərəqə 213-234). Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2, 15.3 və 15.4-cü maddələrinin tələblərinə əsasən “böyük ictimai təhlükə törətməyən”, “az ağır” və “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər ağır cinayət törətməyə görə məhkum olunmuş və vaxtından əvvəl cəza çəkməkdən azad edildikdən sonra 6 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4 və 83.4-cü maddələrinin tələblərinə əsasən əməlində cinayətlərin təhlükəli residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrinin sanksiyasının yuxarı həddinin üçdə ikisindən az ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbləri yoxdur (cild 2). Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində cinayətlərin təhlükəli residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2 mart 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 106-107). Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 4 mart 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 2 mart 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 158-162). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 2 mart 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə ekspertiza xərci, maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 2 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Azad Məcidov Zeynal Ağayev Düzdür Sədrlik edən hakim Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar