Məhkəmə qərarları › İş №1(101)-1237/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1237/2021

06.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1237/2021 06.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 Şahbaba oğlu və Müdafiəçi1 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1966-cı ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2011-ci il təvəllüdlü uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, V.Bədəlov küçəsi, ev 24, mənzil 8-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdı: Təqsirləndirilən şəxs 01.02.2021-ci il tarixdə saat 12 radələrində icarə götürüb işlədiyi Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsindəki 71 saylı binanın yarım zirzəmisindəki elektrik məişət əşyalarının təmiri sexində icarə haqqını gecikdirməsinə görə Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun sexdəki müştərilərə aid məişət cihazlarını yerə ataraq ondan obyekti tərk etməsi tələbindən əsəbiləşib həmin sexdə kəsici alət kimi istifadə etdiyi, mənbəyi istintaqa məlum olmayan, dəmirdən kəsici-deşici xassəyə malik əşya ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən bir dəfə vuraraq sonuncuya insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid daxili qanaxma ilə müşayiət olunan, böyük piyliyin zədələnməsi ilə nəticələnən qarnın ön divarının sol yarısının daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarasından ibarət xəsarət yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır. Belə ki, hadisədən təxminən 10 ay əvvəl Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsindəki 71 saylı binanın zirzəmisini ayı 200 manatdan icarəyə götürüb məişət əşyalarını təmiri ilə məşğul olmuşdur. İlk aylar icarə haqqını vaxtlı-vaxtında ödəmiş, lakin sonrakı aylar pandemiya dövrünə təsadüf etdiyi üçün işdə qazancı az olmuş, maddi çətinlikləri yaranmış, bu səbəbdən Malikə 100 manat borcu yaranmışdır. Qeyd etmək istəyir ki, başqa obyektlərdə obyekt sahibləri pandemiya ilə əlaqədar vəziyyətin çətin olmasını nəzərə alaraq güzəştlərə getmşlər. Lakin Malik ona heç bir güzəşt etməmiş, əksinə demişdir ki, pandemiyanın ona aidiyyəti yoxdur, pulu vaxtında versin. Malik demək olar ki, hər gün sexə gəlib borclu qaldığı 100 manatı ödəyib ondan obyektdən çıxmasını tələb etmişdir. 01.02.2021-ci il tarixdə saat 12 radalərində Malikin oğlu Səid sexə gəlib ayaqyolunda suyun gəlib-gəlməməsini bilmək istədiyini bəhanə edib açarları istəmiş, o açarları verdikdə Səid açarları götürüb özü ilə aparmışdır. Başa düşmüşdür ki, Səid atası Malikin tapşırığı ilə açarları aparmışdır. Onsuz da o, sexdən çıxacaqdı. Lakin bundan əvvəl vətəndaşların təmir üçün gətirdikləri avadanlıqları qaytarmalı, qazanc əldə etdiyi puldan Malikə olan 100 manat borcunu ödəməli idi. Çarəsiz qalıb Malikin yaşadığı obyektin üstündəki mənzilinə qalxmışdır. Malik ilə görüşüb xahiş etmişdir ki, onunla sexə düşsün, məqsədi orada müştərilərin təmir üçün verdikləri elektrik cihazlarını Malikə göstərib açarsız həmin məişət əşyalarını təmir edə bilməyəcəyini demək olmuşdur. Malik onunla sexə düşmüş, lakin obyektə daxil olan zaman divardakı dolabın siyirmələrindən müştərilərin elektrik cihazlarına aid ehtiyat hissələrini götürüb yerə tökmüşdür. Həmin vaxt həmin cihazlardan bəziləri yerə düşərək sınmışdır. Malik onun ünvanına “oğraş oğlu, çıx buradan” söyləyəndə o Malikə demişdir ki, “sən namaz qılansan, namaz sənə qənim olsun”. Malik onun üzərinə gəlib yaxasından tutaraq yenidən ünvanına söyüş söyən zaman əsəbiləşib sexdəki masanın üzərindən elektrik cihazlarının platasını təmizləmək üçün istifadə etdiyi, dəmir yeyədən hazırladığı, ucu iti aləti götürərərək bir dəfə Malikin sol qarın nahiyəsindən vurmuşdur. Malik əli ilə qarının tutub demişdir ki, “məni öldürdün”. Həmin vaxt anlamışdır ki, Malikə xəsarət yetirib. Bundan sonra qorxub obyektdən çıxıb qaçmışdır. Maliki vurduğu aləti isə xatırlamadığı bir yerdə yol kənarına tullamışdır. Qeyd etmək istəyir ki, hadisə törədən zaman sərxoş olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, hadisədən bir müddət əvvəl yaşadığı binanın zirzəmisində özünə məxsus qeyri-yaşayış sahəsini Təqsirləndirilən şəxs kirayə vermişdir. Rauf həmin sahədə elektrik avadanlıqlarının təmiri ilə məşğul olurdu. Rauf ilk aydan başlayaraq icarə haqqını gecikdirmiş, obyektin kommunal xərclərini ödəməmişdir. Bu səbəbdən Rauf ilə aralarında narazılıq yaranmışdır. Dəfələrlə Raufdan tələb etmişdir ki, obyektdən çıxsın. Lakin Rauf onun qonşularını, yaxud onunla yaxın münasibəti olan ayrı-ayrı adamları onun yanına göndərib obyektdə qalıb işləməsini xahiş etdirmişdir. Raufdan aylıq icarə haqqını çətinliklə almışdır. Nəhayət qəti olaraq Raufu obyektdən çıxartmaq qərarına gəlmişdir. 01.02.2021-ci il tarixdə səhər işə gedərkən oğlu Səidə tapşırmışdır ki, obyektin ayaqyolusunun açarını Raufdan alsın. Məqsədi o idi ki, Rauf sexi tərk etməsini anlasın. Həmin gün saat 12 radələrində Rauf onun yaşadığı məzilin qapısını döyüb onunla söhbət etmək istədiyini bildirmişdir. O mənzilin giriş qapısı qarşısında Raufla görüşüb gəlişinin səbəbini soruşanda Rauf onunla söhbət etmək istədiyini bildirib xahiş etmişdir ki, onunla bir yerdə obyektə düşsün. Raufun təkidləri ilə sexə enmişdir. Obyektə daxil olan zaman Raufun içkili olduğunu hiss etmişdir. Rauf ondan hansı səbəbə görə obyektdən çıxartmaq istədiyini soruşanda demişdir ki, təcili obyekti boşaltsın. Bundan sonra obyektin giriş qapısına bərkidilmiş, Raufun alətlərini yığdığı qutunu yerindən qoparıb yerə atmaq istəmişdir. Həmin vaxt qəflətən Rauf onun ünvanına söyüş söymüş, o arxaya dönən zaman Rauf sağ əlindəki bıçaqla bir dəfə onun sol qarın nahiyəsindən vurmuşdur. Rauf yenidən onun ünvanına söyüş söyərək, “bunu istəyirdin, bunu istəyirdin” deyərək təkrar onu bıçaqla vurmağa cəhd etmişdir. O əlindəki qutu ilə onun cəhdinin qarşısını almış və Rauf növbəti dəfə onu vura bilməyəcəyini görüb gödəkçəsini götürərək təcili obyektdən çıxıb getmişdir. Qarın nahiyəsindən ağrı hiss etdiyi üçün kömək üçün qonşuluqdakı obyektini icarə götürüb işlədən Şahid1 yanına gedib sonuncudan onu təcili xəstəxanaya çatdırmasını xahiş etmişdir. Bundan sonra Azər avtomobili ilə onu Sabunçu ŞKX-na çatdırmışdır. Hal-hazırda Təqsirləndirilən şəxsla barışıb, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, Zərərçəkmiş şəxs isə onun atasıdır. Hadisədən 10 ay əvvəl atası yaşadıqları binanın zirzəmisində olan qeyri-yaşayış sahəsini sex kimi istifadə etmək üçün Təqsirləndirilən şəxs icarəyə vermişdir. Rauf ilk aydan başlayaraq icarə haqqını gecikdirmiş, obyektdə işlətdiyi suyun və elektrikin pulunu ödəməmişdir. Bu səbəbdən atası ilə Rauf arasında narazılıq yaranmışdır. 01.02.2021-ci il tarixdə səhər saatlarında atası işə gedən vaxt ona demişdir ki, Raufun işlədiyi sexə düşüb sonuncudan sexdəki ayaqyolunun açarını götürüb evə gətirsin. Həmin gün atası işə getdikdən sonra o Raufun yanına düşüb atası deyən kimi sonuncudan sexdəki ayaqyolunun açarını istəmişdir. Rauf tək ayaqyolunun deyil, obyektə dair qalan açarları da bir yerdə ona vermişdir. O atasına zəng vurub açarı götürdüyünü bildirmiş və açarları evdə qoyub şəxsi işi ilə əlaqədar başqa yerə getmişdir. Həmin gün günorta saatlarında ona məhəlləsində yaşayan dostu zəng vurub qapılarına polis əməkdaşlarının gəldiyini demişdir. O da narahat olub evərinə gəlmiş, o zaman bilmişdir ki, Rauf atasını bıçaqlamış, atasını xəstəxanaya aparmışlar. Məhkəmə iclasında ibtidai istintaq zamanışahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, uzun müddətdir reklam işləri ilə məşğul olur. 2019-cu ilin yay aylarından Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsindəki 71 saylı binanın zirzəmisini oranın sahibi Zərərçəkmiş şəxs icarə götürüb qanuni əsaslarla reklam işləri ilə məşğul olur. 01.02.2021-ci il tarixdə saat 12 radələrində o işdə tək olan zaman Malik bir əli ilə qarın nahiyəsini tutmuş vəziyyətdə obyektyə daxil olub qonşu obyektini işlədən Raufu nəzərdə tutub söyləmişdir ki, “alçaq məni bıçaqladı, məni təcili xəstəxanaya apar”. Həmin vaxt Malikin qarın nahiyəsindən qan gəldiyinin şahidi olmuşdur. Malikdən nə baş verdiyini soruşanda sonuncu demişdir ki, Raufla aralarında mübahisə olub, həmin vaxt Rauf onu bıçaqla vurmuşdur. O təclili olaraq öz avtomobili ilə Maliki Sabunçu rayon mərkəzi xəstəxanasına aparmışdır. Malik ilə Rauf arasında baş verən mübahisənin bilavasitə şahidi olmamışdır, lakin əvvəllər Raufun icarə haqqını vaxtında verə bilməməsi səbəbindən Malik ilə aralarında tez-tez mübahisənin baş verdiyinin şahidi olmuşdur. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nizami RPİ-nin 25-ci PB-nin rəisinə həmin bölmənin baş təhqiqatçısı N.Məmmədovun ünvanladığı 01.02.2021-ci il tarixli raportdan müəyyən olunur ki, 01.02.2021-ci il tarixdə, saat 13:30 radələrində 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qarının ön divarının kəsilmiş deşidlmiş yarası ilə 3 saylı ŞKX-na müraciət etməsi barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış 01.02.2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokolundan müəyyən olunur ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi 71 saylı binanın yarımzirzəmisində yerləşən məişət əşylarının təmiri sexidir. Zirzəmiyə giriş pilləkənlidir. Qapını açdıqda sex qarışıq, məşiət əşyaları dağılmış vəziyyətdə olmuşdur. Keçirilən baxış zamanı hadisə yerində qan izləri aşkar edilməmişdir. Hadisə yerinə baxış protokolu ilə zərərçəkmiş şəxsin hadisədən birbaşa əvvəl qanunsuz olaraq Təqsirləndirilən şəxs icarəyə götürdüyü sexə gələrək kənar şəxslərə məxsus məişət avadanlıqları olduğu yerlərdən yerə tökərək Təqsirləndirilən şəxs ziyan vurması öz təsdiqini tapmışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nizami rayon polis idarəsinin 040- 1308-1221 saylı, 18.02.2001-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 18.02.2021-ci il tarixdə saxlanılaraq Nizami RPİ-nə təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» 18.02.2021-ci il tarixli protokolundan müəyyən olunur ki, H Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nizami rayon məhkəməsinin 19.02.2021-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay 14 (on dörd) gün həddində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqıda” 19.02.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi 71 saylı binanın yarımzirzəmisində yerləşən məişət əşylarının təmiri sexidir. Təqsirləndirilən şəxs həmin sexdə obyektin sahibi Zərərçəkmiş şəxs ilə aralarında baş verən mübahisə zamanı ucu iti alətlə sonuncunu vurduğunu bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 19.02.2021-ci il tarixli, 135 saylı rəyindən müəyyən olunur ki, “Zərərçəkmiş şəxs daxili qanaxma ilə müşayiət olunan, böyük piyliyin zədələnməsi ilə nəticələnən qarnın ön divarının sol yarısının daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası olmuşdur. Qeyd olunan xəsarət deşici-kəsici əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 01.02.2021 -ci il tarixdə yarana bilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Lokalizasiya və xarakterlərinə əsasən xəsarətin şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində yaranması inandırıcı deyil.” Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 05.03.2021-ci il tarixli, 492 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərərkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 29.08.1984-cü ildə Bakı şəhəri, Nizami rayon Xalq Məhkəməsinin hökmü ilə Azərbaycan SSR-nin CM-nin 17, 143-cü maddəsinin 4-cü hisəsi ilə təqsirli bilinib əmlakı müsadirə olunmaqla 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ rayon xalq məhkəməinin 26.09.1986-ci il tarixli qərarı ilə Azərbaycan SSR CM-nin 50-2-ci maddəsinə əsasən cəzasının 03 il 09 ay 28 gün şərti azad olunub, 19.08.1987-ci ildə SSRİ X6 Heyətinin 18.06.1987-ci il tarixli Fərmanının 9-cu maddəsinin “q” bəndinə əsasən qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab olunmalıdır. Məhkəmədə elan edilib araşdırılmış ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs 17.05.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, məlum hadisədən sonra ona dəymiş ziyan Təqsirləndirilən şəxs bacısı tərəfindən ödənilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xarakterizə dən digər sənədlərdən müəyyən olunur ki, o evlidir, öhdəsində üç övladı olmaqla sonuncu övladı 07.06.2011-ci il təvəllüdlü olmaqla azyaşlıdır, Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən müəyyən olunur ki, o yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsidə azyaşlı uşağının olmasını, CM-nin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CM-nin 59.1.13-cü maddəsinə uyğun olaraq cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə həmçinin nəzərə alır ki, zərərçəkmiş şəxs qanunsuz üsullarla Təqsirləndirilən şəxs açarları almaqla, sexi dağıtmaqla mübahtsəyə zəmin yaratmışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-50.1.13-cü maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etdikdə onun məsuliyyətini yüngülləşdirici halları nəzərə alır və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə islah olunmasını mümkün sayır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini barəsində həbs qətimkan tədbiri seçilmiş 18.02.2021-ci il tarixdən hesablamalıdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3 (i/v 144), məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1 müdafiə etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X3 üçün 240 (iki yüz qırx) manat, müdafəçi Müdafiəçi1 üçün isə 180 AZN (yüz səksən manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 18.02.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X3 üçün 240 AZN (iki yüz qırx manat) pul Bakı şəhər 6 saylı Vəkil Bürosunun nəfinə, məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi1 üçün 180 AZN (yüz səksən manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar