Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1239/2021 12.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, X7, Dövlət ittihamçısı, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Pro Bono” Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxx 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baхaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsə həyat üçün təhlükəli olan xəsarət yetirərək qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, o, 20 mart 2021-ci il tarixdə saat 20:00 radələrində ünvan 2 ünvanın qarşısında küçədə Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə üzərində saxladığı soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə vuraraq ona qaraciyər bağının və qaraciyərin zədələnməsi və qarın boşluğuna çoxlu qanaxma (300 ml) ilə müşayiət olunan qarının ön divarının sağ yarısının daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan xəsarət yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəхs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 mart 2021ci il tarixdə saat 11:00 radələrində yaşadığı evin yaxınlığında, evə gələn anasının yükü ağır olduğundan ona kömək etmək üçün getmişdir. Həmin yol yoxuş olduğundan taksinin arxasında avtomobili ilə dayanan Zərərçəkmiş şəxs avtomobilin içərisindən yüksək səslə taksi sürücüsünə irad bildirmişdir ki, avtomobili orada saxlamasın. Həmin vaxtı düşünmüşdür ki, Məmməd söyüş söyə bilər. Çünki anası da avtomobildə olmuşdur. Ona görə də, Məmmədə bir az yavaş danışmasını bildirmişdir. Məmmədə tutduğu irada görə sonuncunun acığı tutmuş və bildirmişdir ki, gözləsin, gəlir. Anasını evə yola saldıqdan sonra həmin yerə qayıdıb Məmmədlə görüşmüş və Məmməd ondan bir qədər əvvəl nə deməsi barədə soruşmuşdur. Ona görə də, Məmmədlə bir-birilərinin yaxasından tutmuş və əlbəyaxa olmuşlar. Lakin bu o qədər də çox uzun çəkməmiş, ətrafda olan şəxslər onları aralaşdırmışlar. Məmməd onun nəslinin ünvanına nalayiq sözlər demiş, ona görə pis olmuş və Məmmədə görüşəcəklərini bildirmişdir. Həmin gün yenidən məhləyə, yəni Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsinə getmiş, Məmmədin də bir neçə tanışları ilə orada olduğunu görmüşdür. Həmin şəxslərə Məmmədlə şəxsən söhbətinin olduğunu deyib, Məmmədə onunla birlikdə kənara çəkilməsini demiş, Məmməd də onunla birlikdə həmin küçədə yerləşən 158 saylı evin qarşısına gəlib söhbət etmiş, yanlarında heç kim olmamışdır. Məmmədlə söhbət edən zaman ona bildirmişdir ki, kişidirlər, dalaşarlar da, döyülərlər də, döyərlər də, lakin söyüş söymək olmaz. Bu sözləri deyən kimi cibindən bıçağı çıxarıb Məmmədin qarın nahiyəsinə bir dəfə vurmuş, bıçağın onun qarnına girdiyini hiss etmişdir. Bıçağı çıxartdıqda Məmməd qışqırmış, ona görə də, Məmmədin yanında olan şəxslər ona tərəf gəlmişlər. Oradan uzaqlaşmaq istədikdə arxadan kimsə onu tutmuş, həmin şəxsin kim olduğunu görməsə də, ona narahat olmamasını, daha heç kimə xəsarət yetirməyəcəyini bildirmişdir. Bundan sonra oradan uzaqlaşmışdır. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 20 mart 2021-ci il tarixdə, saat 10:00 radələrində idarə etdiyi “VAZ 2106” markalı avtomobillə yaşadığı məhləyə gələrkən “Vaz 2107” markalı avtomobilin tanımadığı sürücüsünün idarə etdiyi həmin avtomobili yolun yoxuş hissəsində düzgün saxlamadığını görüb ona iradını bildirmişdir. Sürücü isə əl işarəsi ilə ona üzrxahlıq etmiş və hərəkətini davam etdirərək həmin yerdən uzaqlaşmışdır. Həmin vaxtı “Vaz 2107” markalı avtomobildə əvvəldən qonşuluqda yaşayan şəxs kimi tanıdığı Fəridin anası əyləşmişdir. Bu zaman Fərid qışqıra-qışqıra ona tərəf yaxınlaşmış, Fəridə evə getməsini, sonra görüşüb söhbət etmələrini demişdir. Bundan sonra məhləyə çıxıb uşaqlardan Fəridin harada olması barədə soruşmuş, lakin Fəridin harada olması barədə məlumat ala bilməmişdir. Az sonra Fərid onun yanına gəlmiş, Fəriddən az əvvəl üstünə qışqırmasının səbəbini soruşduqda aralarında sözlə mübahisə baş vermişdir. Fərid onun ünvanına söyüş verdiyinə görə Fəridin ünvanına söyüş vermişdir. Fərid onunla görüşəcəyini deyib həmin yerdən uzaqlaşmışdır. Həmin günü, yəni 20 mart 2021-ci il tarixdə saat 18:00 radələrində Füzuli ilə birlikdə yaşadığı evə gəlmiş, birlikdə şam yeməyi yedikdən sonra saat 20:00 radələrində birlikdə yaşadığı evdən çıxıb yaxınlıqdakı bayram tonqalının yanına gəlmişlər. Orada əvvəldən tanıdığı Nicat və Bayram adlı oğlanlarla görüşdükdən sonra onunla mübahisə etmiş Fəridin yaşadığı məhləyə tərəf addımlamağa başlamışlar. Fəridin yaşadığı evin yaxınlığında əvvəldən tanıdığı Ağa da onların yanına gəlmiş və birlikdə dayanıb Fəridin gəlməsini gözləməyə başlamışlar. Az sonra Fərid də həmin yerə gəlib onlarla görüşmüş, Füzuli bundan sonra Fəridə onunla barışmasını demişdir. Həmin vaxtı Fərid, onunla tək söhbət etmək istədiyini bildirmiş və buna etiraz etməyərək Fəridlə birlikdə həmin yerdən bir qədər aralaşıb yaxınlıqdakı dalana keçmişlər. Həmin vaxtı yanlarında heç kim olmamışdır. Əlini Fəridə uzadaraq onu öpüb barışmaq istədiyini dedikdə Fərid, qəflətən sağ əlində olan bıçaqla onun qarın nahiyəsinə bir dəfə vurmuş və “bu söyüşə görə” sözlərini demişdir. Həmin vaxtı qarın nahiyəsində ağrı hiss etmiş və ağrıdan qışqırmışdır. Bu zaman Füzuli yaxınlaşaraq Fəridin əlidə olan bıçağı almaq istəmiş və bıçaq yerə düşmüşdür. Bundan sonra Füzuli və Ağanın köməkliyi ilə sürücüsünü tanımadığı avtomobilə əyləşmiş və Füzuli onu tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 20 mart 2021-ci il tarixdə saat 11 radələrində Məmmədin anası Rübabə onun mobil telefonuna zəng edib Məmmədin kiminləsə mübahisə etməsini bildirmiş, nə baş verməsini bilmək üçün yaşadığı evdən çıxıb Məmmədin yaşadığı evin yaxınlığına gəlmiş və sonradan adının Fərid olduğunu bildiyi oğlanla sözlə mübahisə etdiyini görmüşdür. Ona görə də dərhal yaxınlaşaraq onları sakitləşdirmiş və Məmmədlə birlikdə həmin yerdən uzaqlaşmışlar. Bundan sonra şəxsi işləri ilə əlaqədar Məmmədlə birlikdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsinə getmiş və həmin günü saat 18 radələrində yenidən Məmmədlə birlikdə onun yaşadığı evə gəlmişlər. Birlikdə şam yeməyi yedikdən sonra həmin günü saat 20 radələrində birlikdə Məmmədin yaşadığı evdən çıxıb yaxınlıqdakı bayram tonqalının yaxınlığına gəlmiş, orada əvvəldən tanıdığı Nicat və Bayram adlı şəxsləri görmüş, onlarla görüşdükdən sonra Məmmədlə mübahisə etmiş Fərid adlı oğlanın yaşadığı məhəlləyə tərəf addımlamağa başlamışlar. Fəridin yaşadığı evin yaxınlığında əvvəldən tanıdığı Ağa da onların yanına gəlmiş və birlikdə dayanıb Fəridin gəlməsini gözləməyə başlamışlar. Fəridlə görüşməkdə məqsədləri onunla bayramlaşmaq olmuşdur. Az sonra Fərid onların yanına gəlmiş və görüşdükdən sonra Məmmədlə söhbət etmək istədiyini bildirmişdir. Bundan sonra Fərid və Məmməd onların dayandıqları yerdən bir qədər aralaşaraq dalana tərəf getmişlər. Bu zaman Məmmədin səsini eşitmiş və nə baş verməsini bilmək üçün dərhal yaxınlaşdıqda Məmmədin və Fəridin qaçdıqlarını görmüşdür. Həmin vaxtı Məmməddən eşitmişdir ki, Fərid özündə olan bıçaqla onun qarın nahiyəsinə vurmuşdur. Ona görə də Fəridə yaxınlaşıb onun əlində olan bıçağı almaq istəmiş, həmin vaxtı bıçaq Fəridin əlindən yerə düşmüşdür. Məmmədin qarın nahiyəsindən xəsarət aldığı üçün Ağa ilə birlikdə onu yolla keçən avtomobilə əyləşdirib, xəstəxanaya aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 15 may 2021-ci il tarixli, 251 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət - qaraciyər bağının və qaraciyərin zədələnməsi və qarın boşluğuna çoxlu qanaxma (300 ml) ilə müşayiət olunan qarının ön divarının sağ yarısının daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici xarakterli alətin təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 20 mart 2021-ci il tarixdə qarının ön divarına bıçaqla 1 (bir) zərbə ilə vurma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətin xarakterik xüsusiyyətlərinə, lokalizasiyasına, müayinə olunanın verdiyi anamnestik məlumatlara, eləcə də, maddi sübutun müayinəsinə əsaslanıb, xəsarətin kənar şəxs tərəfindən ekspertizaya təqdim edilmiş bıçaqla lokal zərbə təsirindən törənə bilinməsi barədə fikir söyləmək mümkündür. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə psixiatrik ekspertizasının 05 may 2021-ci il tarixli 974 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarinda olmuşdur. Təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs 20 mart 2021-ci və 22 mart 2021-ci il tarixlərdə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ona ittiham edilən zaman həmin ittihamın mahiyyətini dərk etmək iqtidarında olmuşdur. Cinayət işi üzrə məhkəmədə elan edilərək tədqiq edilmiş “Məhkəmə Tibbi Ekspertiza və X6” Publik hüquqi şəxsin 17 may 2021-ci il tarixli 234/MTKŞ-2021 nömrəli ekspert rəyindən görünür ki, təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prоsessual Məcəlləsinin 144- 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə tоplanmış, yuхarıda sadalanan sübutları tam, hərtərəfli və оbyektiv yохlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsə həyat üçün təhlükəli olan xəsarət yetirərək qəsdən sağlamlığına ağır zərər vurma cinayətini törətməsi tam sübut оlunmuşdur. Təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs qeyd olunan əməli Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə tövsif edilməli və оna həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəхsin əməlinin cinayət оlmasını aradan qaldıran hallar, habelə оnun cinayət məsuliyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəхsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun оlaraq törətdiyi cinayətin хarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəхsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah оlunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qardaşı X1 Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirərək Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Xocavəndin azad edilməsinə görə medalı ilə təltif edilmiş və 30 oktyabr 2020-ci il tarixdən, 11 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edərək yaralanmışdır. Həmçinin Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində və ərizəsində qeyd etmişdir ki, baş vermiş hadisə ilə bağlı Təqsirləndirilən şəxs ilə aralarında heç bir münaqişə yoxdur, onunla hər hansı bir ədavəti yoxdur, hər hansı bir şikayəti və tələbi yoxdur, onunla barışmış və onu bağışlamışdır. Məhkəmə hesab edir ki, bu yüngülləşdirən hallar nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzaya Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, onun cəzası şərti hesab edilməlidir. Cinayət işi üzrə tutma prоtоkоlundan görünür ki, Təqsirləndirilən şəxs 21.03.2021-ci il tarixdə tutulmuş və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 22.03.2021-ci il tariхli qərarı ilə оnun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində хüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın və məhkəmə xərcinin оlmaması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Səbail rayon Polis İdarəsində saxlanılan 01 ədəd bıçaq təsərrüfat təyinatını itirdiyindən məhv edilməlidir. Cinayət işi üzrə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş müdafəçi X5 300 (üç yüz) manat miqdarında pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməklə təqsirli bilinsin və 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyyin edilsin. Təqsirləndirilən şəxs 21 mart 2021-ci il tarixdən 12 oktyabr 2021-ci il tarixədək həbsdə saxlanılması müddəti nəzərə alınmaqla, ona təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və ona 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalından azad edilsin və barəsində seçilmiş başqa yerə getməmək iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Onun davranışı üzərində nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə mülki iddianın və məhkəmə xərcinin оlmaması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Səbail rayon Polis İdarəsində saxlanılan 01 ədəd bıçaq məhv edilsin. Cinayət işi üzrə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş müdafəçi X5 300 (üç yüz) manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1239/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1239/2021
12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver