Məhkəmə qərarları › İş №1(101)-1239/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1239/2023

24.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1239/2023 24.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Müğan oğlunun, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.2005-ci il tarixdə, Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, MİK-13, ev 51A, mənzil 17-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdı: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, xx.xx.2005-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 02 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sarıqaya- Metallurgiya düşərgəsi, fərdi nömrəsiz evdə atası Zərərçəkmiş şəxs gecə saatlarında onu işləmədiyinə görə evdən qovmaq istəməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı zavod üsulu ilə hazırlanmış məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə zərərçəkmiş Zərərçəkmiş şəxs bir dəfə döş qəfəsinə vuraraq döş qəfəsinin sol yarısının İV qabırğa proyeksiyasında plevra boşluğuna nufuz edərək hemotoraksla müşayiət olunan deşilmiş kəsilmiş yarası kimi xəsarət yetirib zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa Ağır zərər vurmuşdur. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma atasıdır. O, orta məktəbi 9-cu sinfə kimi oxumuş, oxuya bilmədiyi üçün məktəbdən çıxmış və atasının tələbi ilə ayrı-ayrı işlərdə , maşın yuma sexləri, tikinti obyektlərində gücü çatana qədər işləyib pulu atasına vermişdir. Atası çox vaxt işləmədiyi üçün ailəni, yəni ata-anası və iki bacısını dolandırmaq üçün ondan evə pul gətirməyi tələb edirdi. Atası anası və bacılarına qarşı da kobud olmuş, hətta anasına bir dəfə bıçaq xəsarəti yetirmişdir. xx.xx.2022-ci il tarixə, yəni hadisə baş verdiyi günə kimi atası ilə bir dəfə də davası olmuş, atası onu dəmir tava ilə başından vuraraq xəsarətlər yetirmiş, o isə özünü qoruyaraq atasını taxta parçası ilə vurmuşdur. Bundan sonra atası onu evdən qovmuşdur. Qalmağa yeri olmadığı üçün yarıtikililərdə ac-susuz gecələməyə məcbur olmuş, nəhayət dözməyərək xx.xx.2022-ci il tarixdə axşam hava qaralandan sonra atasının yatmasını zənn edərək evinə gəlmiş, anası Qanuni nümayəndə2 ac olduğunu, küçələrdə bu soyuqda qalmaqdan üşüdüyünü bildirmişdir. Anası ona yemək vermiş, bundan sonra o, özünə aid çarpayıda yatmışdır. Artıq xx.xx.2022-ci il tarixdə saat 02 radələrində üstündən adyalın kənara çəkilməsini və atasının qışqırıq səslərini eşidərək oyanmış, atasının evdən çıxıb getməsi tələbinə etiraz etmiş, qalmağa başqa yerinin olmadığını bildirmişdir. Bundan sonra atası mətbəxə keçərək bir əlində tava, bir əlində bıçaq qayıdıb tava ilə başından vurmuş, o isə atasının onu bıçaqla vurmasının qarşısını almaq üçün atasının bıçaq tutduğu əlini tutub dartaraq bıçağı atasından alıb atasını itələyən zaman bıçaq atasının bədəninə batmışdır. Bu zaman anası onları onları aralamış, atasına təcili tibbi yardım çağırmışdır. O isə bayırda həyəcan və stress vəziyyətində bayırda nə olacağını gözləmişdir. Bundan sonra polis əməkdaşları gəlib onu aparmışlar. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Elməddin oxumağa həvəsi olmadığı üçün 9-cu sinifdən məktəbdən çıxmış, tüfeyli həyat tərzi sürmüş, hətta eşitdiyinə görə narkotik də qəbul etmişdir. Bu hadisədən əvvəl Elməddinlə sonuncu işləmədiyi, tüfeyli həyat tərzi sürdüyü üçün mübahisə etmiş, mübahisələri dava-dalaşa keçmiş, hər ikisi bir-birini vurmuşlar. Bundan sonra Elməddin evdən çıxıb getmişdir. Elməddin evə gəlmədiyi üçün onun tapılıb evinə qaytarılması üçün polisə müraciət etmişdir. O, yol nəqliyyat hadisəsi törətdiyi üçün məhkum olunmuş, 2-ci qrup əlildir. Belə ki, ağ ciyər və göz xəstəliklərindən əziyyət çəkir. Bu hadisə ilə əlaqədar həbsdə olduğu zaman Elməddin onun ata-anasına zəng edib atasının evə gəlməsini istəmədiyini demişdir. Hadisədən 2 gün əvvəl baş vermiş dava-dalaşdan sonra, xx.xx.2022-ci il tarixdə axşam vaxtı Elməddin evə qayıtmışdır. Bu vaxt o yatmışdır. Elməddinin evə qayıtmasını hiss edib oyanmış və görmüşdür ki, Elməddin divanda yatmışdır. Arvadı Rəsmiyyə ona Elməddini oyatmamasını xahiş etmiş, lakin o, Elməddinə yaxınlaşıb onu oyatmış və ondan 2 gün harada olmasını soruşmuşdur. Elməddinlə mübahisələri yaranmış, əlbəyaxa olmuşlar, Elməddin mətbəxə keçib onun təzə aldığı mətbəx bıçağını götürüb üzərinə gəlmiş, o isə masanın üzərində olan tavanı götürüb əlində saxlayaraq özünü müdafiə etmiş, həmin tava ilə Elməddinin başına bir dəfə vurmuşdur. Elməddin isə onun əlindən vuraraq tavanı yerə salmış və əlindəki bıçaqla onun sinəsimndən vurmuşdur. Sinəsindən qan gəmış, Elməddin bunu görüb qorxub qaçmış, arvadı Rəsmiyyə isə təcili tibbi yardıma zəng edib həkim çağırmışdır. Hal-hazırda o, sağalmış, oğlu ilə barışmış, ona qarşı heç bir iddia və tələbi yoxdur, bu barədə ərizəsini məhkəməyə təqdim edir. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi olan Qanuni nümayəndə2 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlu, Zərərçəkmiş şəxs isə əridir. Bunlardan başqa ailələrində 2 azyaşlı qızları vardır. Yaşayış şəraitləri ağır olmuş, əri əvvəllər taksi fəaliyyəti ilə məşğul olaraq ailəni dolandırmış, lakin yol nəqliyyat hadisəsi zamanı məhkum olunandan sonra işləməmişdir. Ailə şəraitinə görə oğlu Elməddin 9-cu sinfi bitirib məktəbə getməmiş, ayrı-ayrı yerlərdə işləyərək qazancını ona gətirmişdir. X8 uşaqlıq çağlarından istəməmiş, həmişə onu incitmişdir. Əri heç ona qarşı da yaxşı olmamış, dəfələrlə onu döymüş, hətta bir dəfə bıçaqla xəsarət yetirmişdir. Uşaqlarına görə hər dəfə onu bağışlamışdır. Hadisənin baş verdiyi xx.xx.2022-ci il tarixdən bir neçə gün əvvəl əri Qiyamət oğlu Elməddinlə münaqişə yaradaraq evdən qovmuşdur. Havalar çox soyuq olduğu üçün və qalmağa yeri olmadığı üçün Elməddin xx.xx.2022-ci il tarixdə evə gəlmişdir. Bu vaxt əri Qiyamət artıq yatmışdır. Oğluna yemək vermiş və divanda yer salaraq yatmağa göndərmişdir. Gecə saat 02 radələrində Qiyamət oyanmış, Elməddinin yatdığını görüb yorğanını üstündən çəkib yerə salmış və qışqıra-qışqıra onu oyadaraq evdn çıxıb getməsini tələb etmişdir. O, ərinə uşaqla söhbətini səhər etməsini desə də əri onun sözünə qulaq asmamış, uşağın qulağından tutaraq başını divara vurmuşdur. Sonra əri mətbəxə keçərək bir əlində tava, bir əlində bıçaqla qayıtmış və tava ilə uşağın başından vurmuşdur. Elməddin atasına müqavimət göstərərək bıçağı atasının əlindən ala bilmiş və atasını özündən aralamaq istədikdə bıçaq atasının sinəsinə dəymişdir. Atasının paltarında qanı görən Elməddin qorxub evdən bayıra qaçmış, o isə dərhal təcili tibbi yardıma zəng edərək həkim çağırmışdır. Əri ilə oğlu barışmış, məhkəmədən oğluna həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi RPİ-nin rəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, X4 DİN-nin 102 xidmətinin zəng mərkəzinə zəng edərək Novxanı qəsəbəsi Sarıqaya düşərgəsində yaşayan Zərərçəkmiş şəxs yaşadıqları evdə oğlu Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanması barədə məlumat vermişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin rəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs döş qəfəsinin deşilmiş kəsilmiş xəsarəti ilə Respublika Xəstəxanasına daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, Sarıqaya Metallurgiya düşərgəsində yerləşən ünvansız tikilidir. Həmin tikili dəmir vaqondan ibarətdir. Baxış zamanı Təqsirləndirilən şəxs aralarında olan mübahisə zamanı atası Zərərçəkmiş şəxs xəsarət yetirdiyi mətbəx bıçağını təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 17 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1ci maddəsi ilə ittiham olunmuş Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsinə dair müstəntiq Ramil Quliyev tərəfindən Bakı şəhər Binəqədi rayon prokuroruna vəsatət, Bakı şəhər Binəqədi rayon prokuroru tərəfindən isə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə təqdimat verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 204 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət – döş qəfəsinin sol yarısının İV qabırğa proyeksiyasında plevra boşluğuna nüfuz edərək hemotoraksla müşayiət olunan deşilmiş–kəsilmiş yarası deşici – kəsici əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik xəstəxanası” X9 müraciət etdiyi xx.xx.2022-ci il saat 03:12-dən bir qədər əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin xarakterik xüsusiyyətini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarda göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşicikəsici təsirindən əmələ gələ bilərdi. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 582 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hal – hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Hal-hazırki psixiatrik müayinənin nəticələrinə əsasən belə qənaətə gəlmək olar ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 11/130 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əqli və psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə hadisə zamanı etdiyi hərəkətləri qavramaq və həmin hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə iş üçün əhəmiyyətli halları adekvat olaraq qavramaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs fərdi-psixoloji xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi-kriminalistik ekspertizasının 60- MKTŞ/2023 saylı, xx.xx.2023-cü il tarixli rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarların (qısaqol mayka və sviter) ön səthində solda bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə kafi itilikdə olan ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs məxsus qısaqol maykanın sol qolun ön səthində bir ədəd məhdud cırılma zədəsi aşkar olundu. Bu zədə küt yaranma mexanizminə malik olub, ola bilsin ki, maykanın müvafiq nahiyəsinin hər hansı bir predmetə ilişib-dartılması nəticəsində əmələ gələ bilərdi. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan təyinatının dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi-bioloji ekspertizasının 82/2023- MTBŞ saylı, xx.xx.2023-cü il tarixlii rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən qan qrupu AB0 sistemi üzrə O(İ)-dir. Ekspertizaya təqdim olunmuş bıçaq, Zərərçəkmiş şəxs məxsus sviter, mayka üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin AB0 sistemi üzrə qrupu tədqiq olunduqda yalnız H antigeni alındı. H antigeni 0(İ) qrupun əsasını təşkil edir. Beləliklə bu qan ləkələri AB0 sistemi üzrə 0(İ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki, o, oğlu, Təqsirləndirilən şəxs bağışlayır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs Müğan oğlunun xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim eidiyi ərizəsindən müəyyən olunur ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o əvvələr məhkum olmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə uyğun olaraq cinayəti yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, zərərşəkmiş şəxslə barışıq əldə etməsini, törətdiyi əməldən peşman olmasını, cinayət əməlini zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri,Binəqədi RPİ-nin 43-cü PB-nin sahə inspektoru, polis mayoru İldırım Şərifovun xx.xx.2022-ci il tarixli raportundan müəyyən olunur ki, Zərərçəkmiş şəxs ailəsi ailədə daimi münaqişə olduğu üçün münaqişəli ailə kimi qeydiyyata götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə saat 22:39-da Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağları massivində yaşayan Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs, atası isə onu döymüşdür. Həmin hadisənin şəxsi münasibətlər zənnində törədilməsini nəzərə alan Bakı şəhəri, Binəqədi RPİ-nin 43cü PB-nin təhqiqatçısı, polis kapitanı Tural Məmmədov “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən 14 yaşı tamam olmuş, lakin 18 yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. CM-nin 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 17 avqust 2005-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, cinayət əməlini törətdiyi xx.xx.2022-ci il tarixə yetkinlik yaşına çatmamışdır. CM-nin 85-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara cərimə, ictimai işlər, islah işləri və 10 ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilər. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxslə baxılan cinayət hadisəsindən əvvəl mübahisələri olmuş, bir-birinə xəsarətlər yetirmiş və Təqsirləndirilən şəxs evinə, atasının qaldığı ünvana qayıtması yeni cinayət hadisəsinin törədilməsinə səbəb ola bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etdikdə onun məsuliyyətini yüngülləşdirici halları nəzərə alır və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə islah olunmasını mümkün sayır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayanlar cəzanı ümumi rejimli tərbiyə müəssisələrində çəkməlidir. Həmçinin, Azərbaycan Respublikası CRM-nin 158.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci vardır. Məhkəmə ödəniləcək məbləğin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsini, eləcə də, Təqsirləndirilən şəxs müstəqil gəlir mənbəyinin olmaması səbəbindən həmin məbləği ödəməyə imkanının olmadığını nəzərə alıb Azərbaycan Respublikası CPM-nin 198.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs həmin məbləğin ödənilməsindən azad edilməsini əsaslı sayır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübutlarüçün Bakı şəhəri Binəqədi RPİ-nin saxlama yerinə təhvil verilmiş 01 ədəd mayka, 01 ədəd sviter və 01 ədəd bıçaq məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə, CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli tərbiyyə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş 01 ədəd mayka, 01 ədəd sviter və 01 ədəd bıçaq məhv edilsin. 100 (yüz) manat məbləğində ekspertiza xərci dövlət büdcəsi hesabından Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına köçürülsün və Təqsirləndirilən şəxs həmin məbləğin ödənilməsindən azad edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar