Məhkəmə qərarları › İş №1(101)-124/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-124/2025

10.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-124/2025 10.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanova Nigar Arzu qızı (sədrlik edən), X10 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 02 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 Zeynal oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə elmiş, saxlamış və daşımışdır.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 02 ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 6,522 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 31 yanvar 2023-cü il tarixdə, saat 12:45-da Suraxanı RPİ-nin 31ci PB-nin əməkdaşlarının Suraxanı RPİ-nin NMB-nin əməkdaşları ilə birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsində yaşadığı evin qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PB-nə aparılaraq orada hal şahidlərinin iştirakları ilə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli parça idman şalvarının sol yan cibindən 02 ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 3,340 qram və 3,182 qram, külli miqdarda ümumi təmiz çəkisi 6,522 qram olan xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

Təqsirləndirilən şəxsin təqsirli olmasına dəlalət edən və məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

3. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs saxlamışlar. Təhqiqatçının otağında onun üzərinə baxış keçirilmiş, üzərindən 02 ədəd kart, 100 manat pul və 02 bükümdə narkotik vasitə çıxmışdır.

4. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid şəxsin üzərinə baxışın hal şahidlərinin iştirakları ilə keçiridiyini, əvvəllər Ümidvarı tanımadığını, əməliyyat məlumatının ona daxil olduğunu, Ümidvarın narkotik vasitələrin satışı ilə məşğul olubolmamasını xatırlamadığını, Ümidvarı günorta saatlarında tutduqlarını, təhqiqatçının otağında təhqiqatçı, Ümidvar və 02 nəfər hal şahidinin olduğunu, ibtidai istintaq zamanı müxtəlif vaxtlarda verdiyi ifadələrə tələsik qol çəkdiyindən həmin imzaların bir az fərqli görünməsinin mümkün olduğunu, həmin imzaların ona məxsus olduğunu bildirmişdir.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Əmican qəsəbəsində saxlamışlar. Ümidvarın Əmircan qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bilirmişlər. Ümidvarı saxladıqdan sonra onu Suraxanı RPİ-nin 34-cü polis bölməsinə aparmışlar. Təhqiqatçının otağında Yaqubov Ümidvarın üzərinə baxış keçirilən zaman üzərindən 02 bükümdə narkotik vasitə aşkar olunmuşdur.

6. Məhkəmə iclasında verilən suallara cavab olaraq şahid Ümidvarın narkotik vasitənin özünə məxsus olduğunu bildirdiyini, üzərinə videoçəkilişlə baxış keçirildiyini, əvvəllər Ümidvarla şəxsi tanışlığının olmadığını, əməliyyat məlumatına əsasən Ümidvarın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildiklərini, Ümidvarın onlara etiraz etmədən polis bölməsinə getdiyini, Ümidvarı avtomobillə bölməyə apardıqlarını, hadisə 02 il öncə olduğundan hansı maşınla onu bölməyə apardıqlarını xatırlamadığını, narkotik vasitəni Ümidvarın özünün könüllü təqdim etdiyini, ibtidai istintaq zamanı müxtəlif vaxtlarda verdiyi ifadələrdəki imzalarının fərqli olmasının normal olduğunu, imzasını sonradan dəyişdiyini bildirmişdir.

7. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X5 ona verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs onun xidmət apardığı ərazidə yaşadığını və Ümüdvarı oradan tanıdığını, Ümüdvargilin evində oğurluq hadisəsi olduğu üçün onunla tanış olduğunu, Ümüdvarla əyani görüşləri olmasa da, telefon danışıqlarının olduğunu, bu səbəbdən Ümüdvarın telefon nömrəsinin onda olduğunu, Təqsirləndirilən şəxs kim tərəfindən tutulduğunu xatırlamadığını, onu Suraxanı RPİ-nin 31-ci PŞ-də gördüyünü, lakin nə ilə bağlı orada olduğunu xatırlamadığını, 31 yanvar 2023-cü il tarixdə Ümüdvara nə ilə bağlı zəng etdiyini xatırlamadığını, Təqsirləndirilən şəxs evindən olan oğurluq hadisəsi ilə və ya başqa məsələ ilə bağlı onun evində olmasını, Ümüdvar tutulduqdan sonra onun evinə getməsini və ya başqa əməliyyatçılarla orada olmasını, hər-hansı əşyanın götürülməsini xatırlamadığını, Təqsirləndirilən şəxs qeyd etdiyi halın olmadığını, Ümüdvarı zəng edərək PŞ-nə dəvət etmədiyini, Ümüdvara zənglərinin ancaq evdəki oğurluqla bağlı olduğunu, iş materiallarında adının qarşısında olan imzaların ona məxsus olduğunu, hazırda imzasını dəyişdiyini bildirmişdir.

8. Şahidlər Şahid3 və Şahid1 məhkəmə iclaslarında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verilmiş ifadələri elan edilmişdir.

9. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 31 yanvar 2023-cü il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nin yaxınlığından keçdiyi vaxt bir nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb xidməti vəsiqəsi ilə özünü təqdim edərək, Suraxanı RPİ-nİn 31-ci polis bölməsinin əməkdaşı olduğunu bildirib, bir nəfər şəxsin üzərinə şəxsi axtarış keçiriləcəyi ilə əlaqədar ona həmin şəxsi axtarışda hal şahidi kimi iştirak etməsini xahiş etmişdir. O da polis əməkdaşına etiraz etməyərək, onunla birlikdə polis bölməsinə getmişdir. Həmin vaxt polis bölməsində ondan başqa tanımadığı digər bir şəxs də hal şahidi kimi dəvət olunmuşdur. Onlara hal şahidinin hüquq və vəzifələri izah edilmişdir. Otaqda bir nəfər əvvəllər tanımadığı şəxs oturmuşdur. Onlara həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu və onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Sonra onların və polis əməkdaşlarının iştirakı ilə polis təhqiqatçısı tərəfindən hüquqları izah edilən Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya narkotik vasitə varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli, çiyin hissəsi qara rəngli, üzərində yazı olan parça idman gödəkcəsinin sol yan cibindən özünün adına olan bir ədəd şəxsiyyət vəsiqəsini, bir ədəd bank kartını, bir ədəd 100 manatlıq pul əskinasını, əynindəki tünd göy rəngli parça idman şalvarının sol yan cibindən içərilərində qəhvəyi rəngli kütlə olduğu görünən iki ədəd şəffaf sellofan bükümlərini çıxarıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və başqa əşya aşkar edilməmişdir. Ondan təqdim etdiyi bükümlərdəki kütlələrin nə olması, nə vaxt, kimdən, hansı yolla və nə məqsədlə əldə etməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin ona məxsus olmadığını və bükümlərin içərisindəki kütlənin nə olması barədə məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərilərində qəhvəyi rəngli kütlə olan iki ədəd şəffaf sellofan bükümləri təhqiqatçı tərəfindən götürülərək bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri onlar və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgünlüyü imzalarla təsdiq edilmişdir.

10. Şahid1 ibtidai istintaq zamanı digər Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir.

11. Cinayət işi hazırki məhkəmə tərkibindən öncəki məhkəmə tərkibinin icraatında olan zaman məhkəmə iclasında dindirilmiş hal şahidinin ifadəsi məhkəmə iclasında elan edilmiş, Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində polislərin ona yaxınlaşaraq onu hal şahidi qismində polis bölməsinə dəvət etdiklərini, təqsirləndirilən şəxsin üzərindən nəyinsə çıxmasını görmədiyini, narkotik vasitənin stolun üzərində olduğunu, polis əməkdaşlarının həmin bükümləri Ümüdvarın üzərindən götürdüklərini bildirdiklərini göstərmişdir.

12. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 31 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində iki nəfər hal şahidi və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilərkən əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş, saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngliərində “Reebbok” yazısı olan parça idman gödəkcənin sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, 4098-5844- 6531-4241 nömrəli bank kartını, bir ədəd 100 manatlıq pul əskinasını, əynindəki tünd göy rəngli parça idman şalvarının sol yan cibindən içərilərində qəhvəyi rəngli maddə olan iki ədəd şəffaf sellofan bükümlərini çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin ona məxsus olmadığını, bükümlərdəki maddənin nə olduğunu bilmədiyini bildirmişdir (cild 01; i.v.30-33).

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 01 fevral 2023-cü il tarixli, 6/606 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN Arayışlar üçün № 195” daiəvi möhür əksi olan, Təqsirləndirilən şəxs üzərindən üzərindən .., sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,340 qram, 3,182 qram ümumi təmiz çəkisi 6,522 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir (cild 01; i.v.39-43).

14. “Axtarış aparılması haqqında” 25 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanda axtarış aparılmış, orada olan yaşayış olmayan təmirsiz otaqdan 19 ədəd ərəb və fars əlifbası ilə yazılmış kitablar, 9 ədəd DVD disk, 02 ədəd şəkil və 02 ədəd bayraq götürülmüşdür (cild 01; i.v.102-103).

15. Məhkəmə-narkoloji ekspertizasının 07 fevral 2023-cü il tarixli, 696 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01; i.v.166-167).

16. Ambulator məhkəmə-psixiatrik ekspertizası keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psxiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş 06 mart 2023-cü il tarixli, 645 saylı rəydən görünür ki, X3 ona ittiham olunan cinayət əməlini törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs X3 halhazırda psixi xəstəlik qeyd edilmir. Yoxlanılan şəxs X3 ictimai təhlükəli əməli törətdiyi zaman, onda hər hansı psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs X8 təhlükəli əməl zamanı öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs X4 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1ci və 22-ci maddələrin təsiri altına düşmür. Yoxlanılan şəxs X8 barəsində tibbi xarakterli məcburi tədbirlər tədbiq edilməsinə ehtiyyac yoxdur. Yoxlanılan şəxs X3 hal-hazırda hər hansı psixi xəstəlik aşkar edilmir. Yoxlanılan şəxs X4 Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs X8 barəsində tibbi xarakterli məcburi tədbirlər tədbiq edilməsinə ehtiyyac yoxdur. Yoxlanılan şəxs X8 fərdi-psixi xüsusiyyətlərinə görə ünsiyyətcil, konfliktə meylli olmayan, adaptiv şəxsdir. Cinayət əməlinin törətdiyi Ü.A Yaqubovun psixi- emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Yoxlanılan şəxs X8 cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (cild 01; i.v.168-171).

17. “Sübutların qiymətləndirilməsi haqqında” 20 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 6,522 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,422 qram narkotik vasitə heroinin saxlanması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilməsi qərara alınmışdır (cild 01; i.v.223-232).

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü dəlillər aşağıdakılardır:

18. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2023-cü ildə səhər evdən çıxmış və dostu Əzizlə görüşməyə getmişdir. Yaşadığı Əmircan qəsəbəsindən çıxıb dostu ilə görüşmüş və birlikdə noratiusa getmişlər. Yolda polinklinikadan zəng gəlmişdir ki, atasının dərmanları hazırdır, getsin onları götürsün. Notariusdan çıxmış, yolda olarkən tanımadığı mobil nömrədən ona zəng gəlmişdir. Telefonu açdıqda həmin şəxs Suraxanı Rayon Polis İdarəsində çalışan Əli Gülmalıyev olduğunu bilmişdir. Əvvəllər evlərində oğurluq hadisəsi olduğundan idarədə onu görmüş və tanış olmuşlar. Əli ona zəng edərək barəsində şikayət verildiyini və bununla bağlı bölməyə gəlməli olduğunu bildirmişdir. O da Əlinin dediyi kimi bölməyə getmişdir. Bölmədə olan zaman Əli ona ibadət edib-etmədiyini, hansı məscidlərə getdiyini soruşmuşdur. Sual-cavab əsnasında Əli tez-tez otaqdan çıxır, kimləsə çöldə danışır, daha sonra yenidən otağa daxil olurdu. Əli ona 27 yanvarda İran Səfirliyində olan məsələ ilə bağlı həmin dövrdə ora gedib gəlmiş şəxsləri saxladıqlarını bildirmişdir. Bundan sonra telefonunu ondan almışlar. Ona boynuna götürməyə silah təklif olunmuş, amma o, silahı götürməkdən imtina etmişdir. Onu tez-tez növbətçi hissəyə aparıb gətirirdilər. Onu apardıqları yer çox pis qoxduğundan qardaşından köhnə paltarları gətirməyini xahiş etmişdir. Təhqiqatçı paltarlarını ona vermiş, sonra isə onu imza etmək üçün içəriyə çağırmışlar. Onun üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. O, heç vaxt həmin maddələrdən istifadə etməmişdir. Onu sadəcə dini baxışlarına görə şərləmişlər.

19. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs onu günortaya yaxın tutduqlarını, ona zəng gəldikdən bir qədər sonra bölməyə getdiyini, ora getdikdən sonra bir daha onu buraxmadıqlarını, ona yalnız hava qaraldıqdan sonra müdafiəçi təqdim edildiyini, müdafiəçisi gələnədək polis əməkdaşları ilə telefonuna görə mübahisəsinin olduğunu, onlara telefonunda ailə üzvlərinin şəkilləri olduğundan telefonunun kodunu vermək istəmədiyini dediyini, lakin sonda telefondakı şəkilləri silərək telefonu onlara təqdim etdiyini, stolun üzərinə 2 bükümdə narkotik vasitə qoyulduğunu, ondan həmin maddələri boynuna götürməsini tələb etdiklərini, onun isə bunu etmədiyini və ona verilmiş sənədləri imzalamaqdan imtina etdiyini, Suraxanı RPİ-də Abbasov Ruslanı da İran hadisələrinə görə tutduqlarını, polislərdən başqa otaqda 2 nəfər şəxsin də olduğunu, lakin polis əməkdaşları onların qarşılarında durduqlarından həmin şəxslərin üzlərini görə bilmədiyini göstərmişdir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

20. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

21. Həmin Məcəllənin 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

22. Cinayət əməlinin törədildiyi zaman qüvvədə olan «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur.

Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:

23. “Şübhəli şəxsin tutulması haqqında” 31 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü il tarixdə, saat 12:45-dən tutulmuş hesab edilmişdir (cild 01; i.v.20).

24. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 4(010)-46/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 31 yanvar 2023-cü il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.85-89).

25. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 4(010)-234/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 ay olmaqla, 31 iyul 2023-cü il tarixədək uzadılmışdır (cild 01; i.v.150-154).

26. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 25 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 01; i.v.155).

27. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 4(010)-296/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 ay olmaqla, 31 avqust 2023-cü il tarixədək uzadılmışdır (cild 01; i.v.196-200).

28. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 4(010)-344/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 ay olmaqla, 31 oktyabr 2023-cü il tarixədək uzadılmışdır (cild 01; i.v.212-214).

29. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 4(010)-412/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün olmaqla, 20 noyabr 2023-cü il tarixədək uzadılmışdır (cild 01; i.v.272-274).

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:

30. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;

31. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;

32. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər.

33. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.

34. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

36. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.

37. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

38. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

39. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığından Təqsirləndirilən şəxs əməli AR CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməklə ona həmin maddənin sanksiyası daxilində ədalətli cəza təyin edilməlidir.

40. Məhkəmə istintaq orqanının təqsirləndirilən şəxsə AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən istinad etdiyi sübutların ayrı-ayrılıqda tədqiq edilməsini, həmin sübutlara şəxsə qeyd olunan maddə ilə ittiham irəli sürülməsi üçün kifayət etməsi baxımından qiymət verilməsini zəruri hesab edir və aşağıdakıları qeyd edir:

41. -İlk növbədə xx.xx.2023-cü il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərara münasibətdə məhkəmə qeyd edir ki, şəxs barəsində narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar əməliyyat məlumatının daxil olması hələ özü-özlüyündə həmin məlumatın birmənalı şəkildə doğru olmasına qənaətinə gəlmək üçün əsas olmamaqla yalnız bu halı təsdiq edən sübutların müəyyən edildiyi və daxil olmuş məlumatın həqiqiliyi təsdiq edildiyi halda şəxsi narkotik vasitə və ya psixotrop maddələrin dövriyyəsi ilə əlaqədar ittihamın verilməsi ilə nəticələnə bilər. Hazırki halda isə cinayət işinin materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin dövriyyəsi məşğul olması öz təsdiqini tapmadığından sadəcə daxil olmuş əməliyyat məlumatına istinad olunaraq şəxsə ağır maddə ilə ittihamın irəli sürülməsi yolverilməzdir.

42. -Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitələrin miqdarına, yəni külli miqdar təşkil etməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, narkotik vasitənin külli miqdar təşkil etməsi həmin narkotik maddənin satışına və ya həmin maddənin satış məqsədi ilə əldə edilməsinə dəlalət edən digər hər hansı sübutun olmadığı təqdirdə özüözlüyündə həmin narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilərək saxlanılmasının göstəricisi kimi qiymətləndirilə bilməz.

43. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarının külli miqdarda olması onun həmin maddəni satış məqsədi ilə əldə etməsinə dəlalət etməməklə öz şəxsi istifadəsi üçün də həmin miqdarda narkotik vasitəni (6,522 qram) əldə edərək saxlaması mümkündür.

44. Göstərilən bu hallar onu deməyə əsas verir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair nəticəyə gələrkən həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixitrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 nömrəli qərarında ifadə olunmuş Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyini nəzərindən qaçırmışdır.

45. Belə ki, həmin Plenum qərarının 9-cu bəndinin 2-ci abzasında göstərilmişdir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

46. Göründüyü kimi, Plenum qərarında narkotik vasitənin miqdarının və yaxud nə cür qablaşdırılmasının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyyə olunur. Qeyd edilən izaha görə aşkar edilmiş narkotik vasitənin və ya psixotrop maddənin miqdarı həmin maddənin məhz satış üçün əldə edilib saxlanılmasına dair nəticəni əvvəlcədən müəyyən edən, satış məqsədinin mövcudluğunu sübuta yetirmək vəzifəsini ittiham tərəfinin üzərindən qaldıran hallar kimi şərh edilə bilməz.

47. Plenum qərarının izahı ilə müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitənin külli miqdar təşkil etməsi müəyyən edilsə də, Təqsirləndirilən şəxs digər istehlakçılarla razılıq əldə etməsi, məhz özünün satış üçün narkotik vasitələri xırda bükümlərə qablaşdırması, narkotik vasitələrin hazırlanması, çəkilməsi üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir.

48. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də ki, məhkəmə istintaqı zamanı onun narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir.

49. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və ya psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” psixotrop maddələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır.

50. Bununla yanaşı, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilmiş SMS-lər məhkəmənin qərarına əsasən "xxxx" MMC-dən əldə edilmiş və həmin yazışmaların heç birində Təqsirləndirilən şəxs narkotik vasitələrinin dövriyyəsi ilə məşğul olmasına dəlalət edən hər hansı bir hala rast gəlinməmişdir.

51. Məhkəmə qeyd edir ki, şəxsin üzərindən külli miqdarda narkotik vasitənin aşkar olunması olması faktı yuxarıda sadalanan digər mühüm halların müəyyən edilmədiyi halda, yalnız özözlüyündə həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını, eləcə də onun həmin vasitələri satış məqsədi ilə əldə etməsini təsdiq edən hal kimi qiymətləndirilə bilməz.

52. Həmçinin, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərdən də (polis əməkdaşları) heç biri Təqsirləndirilən şəxs narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı tutarlı sübuta dayanan məlumat verməmişlər. Onlar müstəsna olaraq Təqsirləndirilən şəxs üzərindən yuxarıda qeyd olunan narkotik vasitənin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər.

53. Həmin şahid ifadələrinə münasibətdə məhkəmə həmin şahidlərin əməliyyat məlumatı əsasında əməliyyat tədbiri keçirərək təqsirləndirilən şəxsi saxladıqlarını, təqsirləndirilən şəxsin hər hansı şəxsə narkotik vasitə satmasının şahidi olmamaqla satış niyyəti ilə əldə etməsinə dair hər hansı fakta istinad etmədiklərini, sadəcə təqsirləndirilən şəxsin üzərindən iki bükümdə narkotik vasitənin aşkar edilməsinə və həqiqiliyi sübuta yetirilməyən narkotik vasitələrin dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatına əsaslanaraq ifadə verdiklərini nəzərə alaraq həmin şahid ifadələrinin şəxsə AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsi üçün yetərli olmaması qənaətindədir.

54. Göründüyü kimi, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlinin tövsifində həlledici rol oynamasına baxmayaraq Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə heroini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən etməmiş və sadəcə heç bir sübuta dayanmayan ehtimallar əsasında ona AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsini məqbul hesab etmiş, ittiham aktında nəinki çoxsaylı sübutlara, narkotik vasitələrin satılmasını və ya satış məqsədi ilə əldə edilməsini təsdiq edən hər hansı bir sübuta istinad etməmiş, sadəcə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarına istinad etməklə kifayətlənmişdir.

55. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.

56. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

57. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə onun üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir.

58. Məhkəmə yuxarıda sadalananları hazırkı iş üzrə tətbiq edərək hesab edir ki, ibtidai istintaq orqanının gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ittiham olunduğu əməli CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir.

59. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək üzərində narkotik vasitənin olmadığını, ümumiyyətlə heç vaxt narkotik vasitə istifadə etmədiyini və satmadığını, polis bölməsində narkotik vasitənin ona məxsus olması ilə sənədləşmə aparılmasına baxmayaraq belə bir halın olmadığını bildirsə də, məhkəmə onun narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən sübutların olmaması ilə razılaşsa da, onun üzərində ümumiyyətlə narkotik vasitənin olmamasına dair ifadəsini özünümüdafiə xarakterli və işin həqiqi halları ilə uzlaşmayan ifadə kimi qiymətləndirir.

60. Belə ki, yuxarıda sadalanan “şəxsi axtarış və götürmə” protokolunda göstərilən xüsusatlar, məhkəmə iclasında və ibtidai istintaq zamanı dindirilmiş şahid ifadələri, ibtidai istintaq zamanı dindirilmiş hal şahidlərinin ifadələri ilə təqsirləndirilən şəxsin ifadələrində səmimi olmaması açıq-aşkar görünməkdədir.

61. Məhkəmə iclasında təqsirləndirilən şəxs onun polis əməkdaşları tərəfindən saxlanılmadığını, polis şöbəsinə polis əməkdaşı Əli Gülmalıyevin zəngi əsasında yaxınlaşdığını bildirsə də, məhkəmə iclasında dindirilmiş Şahid4 və Şahid2 təqsirləndirilən şəxsi əməliyyat məlumatı əsasında Bakı şəhəri, Suraxanı rayonu, R.Rzayev küçəsində saxladıqlarını və polis şöbəsinə apardıqlarını qeyd edərək təqsirləndirilən şəxsin saxlanılma şəraiti ilə bağlı biri digəri ilə uzlaşan ifadələr vermişlər.

62. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X5 isə ona verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxsı onun xidmət apardığı ərazidə yaşadığını və Ümüdvarı oradan tanıdığını, Ümüdvargilin evlərində oğurluq hadisəsi olduğu üçün onunla tanış olduğunu, Ümüdvarla əyani görüşləri olmasa da, telefon danışıqlarının olduğunu, Təqsirləndirilən şəxs qeyd etdiyi halın olmadığını, Ümüdvarı zəng edərək PŞ-nə dəvət etmədiyini, Ümüdvara zənglərinin ancaq Ümüdvargilin evindəki oğurluqla bağlı olduğunu bildirmişdir.

63. Göründüyü kimi, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən küçədə olarkən saxlanılmamasına, onun polis əməkdaşı Əli Gülmalıyevin zənginə əsasən Suraxanı RPİnin 31-ci polis bölməsinə şəxsən getməsinə dair dəlilləri məhkəmə iclasında ətraflı araşdırılaraq təkzib edilmişdir.

64. Məhkəmə iclasında müdafiə tərəf iş materiallarında polis əməkdaşı olan şahidlərin imzalarının saxtalaşdırıldığını iddia etsə də, məhkəmə iclasında iştirak edən sözügedən şahidlər Şahid4 və Şahid2 hər biri imzalarla tanış olaraq həmin imzaları şəxsən icra etdiklərini, ola bilər tələsik imzaladıqlarından imzalarının fərqli göründüyünü bildirmişlər, Şahid2 ötən müddət ərzində imzasını dəyişdiyini göstərmişdir. Məhkəmə iclasında iştirak edən əlavə şahid Əli Gülmalıyev də imzasını ötən müddət ərzində dəyişdiyini, lakin 2023cü ildə olan imzasının ona təqdim edilən sənədlərdəki kimi olduğunu, həmin imzanı şəxsən icra etdiyini bildirmişdir.

65. Göründüyü kimi, müvafiq imza müəllifləri məhkəmə iclasında şəxsən onların adlarının qarşısında olan imzaların onlara məxsus olduğunu təsdiq etmişlər ki, belə olan halda məhkəmə sözügedən şəxslərin imzalarının və həmin imzaların əks olunduğu sənədlərin şübhə altına alınması üçün əsas görmür.

66. Müdafiə tərəf məhkəmə iclasında şahidlərdən Şahid2 məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılmasını, həmin vaxt orada hal şahidlərinin olmamasını göstərməsinə istinad etsə də, məhkəmə şahidin şəxsən məhkəmə iclasında hadisədən uzun müddət keçdiyindən bir çox nüansları xatırlamadığını etiraf etdiyini, həqiqətən ötən 02 ildən artıq müddət ərzində polis əməkdaşlarının demək olar ki, hər gün müxtəlif əməliyyat tədbirlərində iştirak etmələri nəzərə almaqla hesab edir ki, göstərilən uzun müddət ərzində şahidin hər hansı xüsusatları unutması realdır.

67. Belə olan halda, o cümlədən, Şahid4 həmin xüsusatla bağlı məhkəmə iclasında iş materiallarına uyğun ifadə verməsi nəzərə alınmaqla Şahid2 məhkəmə iclasında göstərdiyi həmin xüsasata istinadən onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin şübhə altına alınması və birmənalı olaraq təqsirləndirilən şəxsin ifadəsindəki xüsusatların həqiqəti əks etdirməsi qənaətinə gəlinməsi qanuni hesab edilə bilməz.

68. Müdafiə tərəfin digər dəlili daha öncəki məhkəmə iclasında dindirilmiş hal şahidi Şahid1 məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin çıxarılması anını görmədiyini, sadəcə polis bölməsində stolun üzərində iki büküm olmasını və polis əməkdaşlarının ona həmin bükümləri Ümüdvarın üzərindən aşkar etdiklərini bildirdiklərini göstərməsi olmuşdur ki, məhkəmə hal şahidinin həmin ifadəsini onun özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, digər hal şahidinin və polis əməkdaşlarının ifadəsi ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə iclasında verilmiş ifadəsini işin həqiqi halları ilə uzlaşmayan ifadə kimi qiymətləndirir.

69. Nəzərə alınsa ki, hal şahidi Şahid1 ibtidai istintaq zamanı şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak edərək həmin protokolu heç bir qeyd vermədən, o cümlədən, sərbəst ifadə verərək ifadəsini də heç bir etiraz etmədən imzalamışdır ki, məhkəmə onun məhkəmə iclasında digər şahidlərlə uzlaşmayan ifadə verməsinə tənqidi yanaşaraq onun həmin ifadəsini mötəbər sübut kimi qəbul etmir.

70. Müdafiə tərəfin digər dəlili təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun müdafiəçi ilə təmin edilməməsi və müdafiə hüquqlarının pozulması olmuşdur ki, cinayət işinin materialları ilə həmin dəlil də təkzib edilmişdir.

71. Belə ki, iş materiallarında olan sənədlərə əsasən müəyyən olunur ki, 31 yanvar 2023-cü il tarixli “Vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında” protokolla müdafiəçi Bakı şəhəri 09 saylı vəkil bürosunun vəkili X6 təqsirləndirilən şəxsə təqdim edilmiş, “Şübhəli şəxsin tutulması haqqında” protokolu müdafiəçi tərəfindən imzalanmış, həmin tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolla müdafiəçi tanış olaraq bu faktı da imzası ilə təsdiq etmiş, o cümlədən, təqsirləndirilən şəxsin ilkin izahatı təqsirləndirilən şəxs tərəfindən imzalanmasa da, müdafiəçisi tərəfindən imzalanmışdır.

72. Müdafiə tərəf növbəti dəlil qismində təqsirləndirilən şəxsin dini baxışlarına görə tutularaq hazırki maddə ilə ittiham olunmasını irəli sürmüşdür ki, məhkəmə təqsirləndirilən şəxsin evində axtarış nəticəsində əldə edilmiş materiallar əsasında onun barəsində AR CM-nin müvafiq maddəsi ilə cinayət işinin başlanmasının mümkün olduğu halda narkotik vasitələrə aidiyyəti olmayan şəxsə qarşı narkotik vasitələrlə əlaqədar cinayətə dair ittiham irəli sürülməsində heç bir məntiq görmür və müdafiə tərəfin həmin dəlilini də əsassız hesab edir.

73. Müdafiə tərəf məhkəmə iclasında X7 ad və soyadlı şəxsin də Təqsirləndirilən şəxs ilə eyni gündə saxlanılmasına, onların hər ikisinin əsassız olaraq dini baxışlarına görə AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham olunmalarını, bu faktı Ruslan Abbasovun məhkəmə iclasında verdiyi ifadəsində də vurğuladığını bildirsə də, məhkəmə iki nəfər şəxsin eyni gündə AR CM-nin eyni maddəsi ilə şübhəli şəxsi qismində saxlanılmalarının mümkün olmasını, X9 Yaqubovun da eyni gündə saxlanılmasını göstərməsinin hər hansı həlledici rolunun olmadığını (nəzərə alınsa ki, onların hər biri ilə bağlı əməliyyat tədbirləri və istintaq hərəkətləri ayrı-ayrılıqda həyata keçirilmiş, X11 Yaqubovun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak etməmiş və onun üzərindən narkotik vasitə aşkar olunub-olunmamasını təsdiq edə biləcək şəxs deyildir), Ruslan Abbasovun özünü ümumiyyətlə AR CM-nin 234-cü maddəsi ilə təqsirli bilməməsinə və barəsində AR CM-nin 234.1-1-ci maddəsi ilə ittiham hökmü çıxarılmaqla azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə baxmayaraq həmin ittihamla razılaşaraq hökmü mübahisələndirmədiyini nəzərə alaraq onun sadəcə Təqsirləndirilən şəxs əsassız olaraq dini baxışlarına ittiham olunmasını göstərməsinə istinad edərək müdafiə tərəfin dəlillərinin mötəbər olmasını düşünmək məntiqsiz olmaqla mümkünsüzdür.

74. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tam əhatə olunduğundan o, həmin maddə ilə təqsirli bilinməlidir.

75. Qeyd edilən AR CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona həmin maddə ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.

76. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir.

77. Təqsirləndirilən şəxs ağırlaşdıran ağırlaşdıran hallar müəyyən edilməmişdir.

78. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hal, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir.

79. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

80. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.

81. İş üzrə mülki iddia yoxdur.

82. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.

83. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq,

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 31 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Bakı Şəhəri Suraxanı RPİ-nin saxlancına verilmiş 6,422 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatlarının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Nigar İmanova Hakimlər: Kamil Əliyev Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar