Məhkəmə qərarları › İş №1(101)-1241/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1241/2024

18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1241/2024 18.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məcidov X7 və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçilər – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “Pətək” çay evinin sahibi olaraq fərdi sahibkarlıqla məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 kompleksində faktiki yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. İttiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 10,563 qram çəkidə külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində qanunsuz saxlamaqla ünvan 3 ünvanının yaxınlığına qanunsuz daşımış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 16 iyun 2023-cü il tarixdə saat 16.00-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilib orada xidməti otaqların birində saat 18.00-dan etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən onun satış məqsədi ilə qanunsuz olaraq əldə etməklə saxladığı 01 ədəd bükümdə ümumi təmiz çəkisi külli miqdar 10,563 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Lakin məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun təqsirli olması qanunla nəzərdə tutulmuş qaydada öz təsdiqini tapmamışdır. Məhkəmə bu nəticəyə gəlməsini aşağıdakı sübutlarla əsaslandırır: Belə ki, Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, 16 iyun 2023-cü il tarixdə Neapol dairəsi yaxınlığındakı “Pətək” adlı iaşə obyektində oturduğu zaman 8-10 nəfər polis əməkdaşı yaxınlaşaraq, Təqsirləndirilən şəxs olduğunu dəqiqləşdirdikdən sonra qolunu qandallamışlar. Polis əməkdaşları əvvəlcə onu obyektin içərisindən çıxarıb, bayırda gözləyən maşına oturtmuş, daha sonra isə Lamiyə, Hüseyn və Etibar adlı işçilərini də saxlayaraq gətirmişlər. Həmin vaxt onların hansı idarə tərəfindən saxlanıldıqları və haraya aparıldıqları barədə məlumatları olmamışdır. Avtomobillə gedərkən indiki “8 Noyabr” prospektinə çıxdıqları zaman, ilk öncə Xətai RPİ-yə aparıldıqlarını düşünüb, obyektdə onun xəbəri olmadan dava hadisəsinin olmasını güman etmiş, lakin həmin polis idarəsi istiqamətini keçdikdən sonra ona aydın olmuşdur ki, onu başqa yerə aparırlar. Həmin vaxt onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Həmin gün üstündə mobil telefonu, çaxmağı və siqareti, qolunda isə “Apple” firmasına məxsus ağıllı saat olmuşdur. Polis əməkdaşları obyektdə yerində baxış edib telefonunu cibindən götürmüş, siqaret və çaxmağını da götürmüş, saatını isə yolda gedərkən maşında qolundan çıxartmışlar. Baş Narkotiklərlə Mübarizə İdarəsinə çatdıqdan sonra onu və onunla birlikdə saxlanılan şəxsləri eyni bir otağa salmışlar, onlar üzlərini bir istiqametdə saxlamaqla həmin günü orada qalmışlar. Növbəti gün, yəni 17 iyun tarixində işçilərin ikisini buraxsalar da, onu 17-18 iyun tarixlərində Baş Narkotiklərlə Mübarizə İdarəsində saxlayıb, yalnız 19 iyun tarixində, təxminən saat 17-18 radələrində Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsinə təhvil vermişlər. O, bir gün də həmin idarənin MSY-də saxlanıldıqdan sonra, 20 iyun tarixində məhkəməyə çıxarılmışdır. Məhkəmədə işə baxıldıqdan sonra BMCMİ-yə aparılmış, oradan isə təxminən 1 saatın içərisində Bakı İstintaq Təcdirxanasına göndərilmişdir. Üzərindən aşkar edildiyi qeyd edilən narkotik vasitəni onun üzərinə 19 iyun tarixində, elə polis əməkdaşları özləri qoymuş, bundan təxminən 1 saat sonra isə onu aparıb “Covid” analizi verdirmiş, yenidən gətirib BMCMİ-yə təhvil vermişlər. Ümumiyyətlə hadisə ittiham aktında yazılanlar kimi olmamışdır. Onu qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə aparanda müstəntiq ona yaxınlaşıb, “sənin onsuz da gedəcəyin yer Banditizmdir, ona görə də nə demişiksə onu da təkrarla” deyə bildirmişdir. Ona dövlət hesabına müdafiəçi təyin edilsə də, polis əməkdaşları müdafiəçisi ilə yan-yana gəlməyə belə imkan verməmişlər. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, saxlandıqdan sonra ona heç nə açıqlayan olmamış, sadəcə narkotik vasitənin ona məxsus olduğunu boynuna götürməli olduğu, əks təqirdə onunla birlikdə saxlanılan işçilərini də onunla birlikdə “yükləyəcəklərini”, hər birinin ayrı-ayrı otaqlarda videolarını çəkib sənədləşdirəcəklərini dedikləri üçün, məcbur qalıb polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. O, polis əməkdaşları tərəfindən 16 iyun 2023-cü il tarixində tutulmuş, 19 iyun 2023-cü il tarixinə qədər Baş Narkotiklərlə Mübarizə İdarəsində saxlanılmış, daha sonra həmin gün Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsinə gətirilmişdir. 19 iyun 2023-cü il tarixində üzərinə narkotik vasitə qoyulmuş, 20 iyun 2023-cü il tarixində isə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə gətirilmişdir. O, Baş İdarədə saxlandığı müddətdə psixoloji təzyiqə məruz qalmış, lakin fiziki təsir olmamışdır. Onun heç kimlə arasında narazılıq olmamış, onu saxlayıb idarəyə aparan polis əməkdaşlarının heç birini tanımamışdır. Onu aparmağa gələn polis əməkdaşları özlərini təqdim etməmiş, onu hansı səbəbdən tutduqlarını da deməmişlər. İstintaq təcridxanasında olarkən başına gələnlər və qanunsuz saxlanılması barədə heç yerə şikayət etməmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, onu aparmağa gələn polis əməkdaşlarının hər biri mülki geyimdə olmuş, həmin şəxslər restoranın qapısından içəri daxil olanda onların müştəri olduğunu zənn etmiş, ona görə də işçilərdən birinə böyük kabinetlərdən birini təşkil etməsini, gələnləri orada əyləşdirməsini tapşırmışdır. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşıb Təqsirləndirilən şəxs olubolmadığını dəqiqləşdirmiş və qoluna qandal vurub aparmışlar. Restoranda qoluna qandal vuran şəxs elə oradaca onun üstünə baxış keçirmiş, cibində olan siqareti, çaxmağı və telefonunu götürüb, özünü də ümumi yoxlamışlar. O, idarəyə gedəndə artıq üzərində heç nə olmamış, əşyalarını polis əməkdaşları restoranda götürdükləri üçün, telefonu da sonuncularda olmuşdur. Onun telefonu kod parol vasitəsilə kilidli olmuş, yolda gedərkən maşında ön sərnişin oturacağında əyləşən şəxsə digər maşındakı polis əməkdaşları zəng edib onun telefonunun kodunu istəmiş, o, əvvəlcə kod-parolu demək istəməsə də, təhdidə məruz qalmış, onu məhv edəcəklərini demişlər. Həmin vaxt onun qolu qandallı olmuşdur. 16 iyun 2023-cü il tarixində polis əməkdaşları onu şöbə rəisi Bəxtiyar adlı şəxsin otağına aparmış, sonuncu ondan narkotikdən istifadə edib-etmədiyini soruşmuş, o da narkotik vasitə istifadəçisi olmadığını bildirdikdən sonra, Bəxtiyar işçilərindən üstünü yoxlayıbyoxlamadıqlarını soruşmuş, onlar da onun üzərini yoxlasalar da, qanunsuz heç bir predmet olmadığını demişlər. Bundan sonra Bəxtiyar onun telefonunu soruşmuş və yanına aparmalarını bildirmişdir. Həmin vaxt onunla birlikdə saxlanılmış işçiləri digər otaqda olmuşlar. O, sonuncularla bir gün müddətində eyni yerdə qalsa da, onlarla bir kəlimə belə danışmağa imkan verilməmişdir. Polis əməkdaşları onu BNMİ-yə apardıqları zaman əvvəlcə ikinci mərtəbədə, dəhlizdə sağ tərəfə dönəndə soldan birinci olan otağa aparmışlar, daha sonra onu oradan çıxarıb həmin koridorun solunda yerləşən Bəxtiyar adlı şəxsin otağına, oradan isə zirzəmiyə düşürdərək, koridorun sonunda sol tərəfdəki otağa aparmışlar. O, əvvəlcə orada tək olmuş, sonradan isə bir-bir onunla birlikdə saxlanmış işçilərini oraya gətirmişlər. O, işçiləri ilə birlikdə səhərə kimi orada qalmış, bu müddətdə isə komyuterin arxasında əyləşmiş yaşlı bir adam onlara nəzarət etmiş və danışmaqlarına belə icazə verilməmişdir. Saxlanıldığı zaman obyektə 10 nəfər polis əməkdaşı gəlmiş, bir nəfər polis əməkdaşı ona yaxınlaşaraq, əlində tutduğu bükümü göstərib, “bu narkotik sənindir” deyə bildirmiş və şalvarının bağlı cibini açaraq narkotik vasitəni oraya qoymuşdur. O, həmin əməkdaşdan cibinə qoyulanın nə olduğunu soruşmuş, lakin sonuncu əlinin üstündən sərt şəkildə vuraraq, əlini aşağı salmasını, həmin narkotik vasitənin onun olduğunu və cibindən çıxdığını demişdir. Həmin şəxs həmçinin onu tənbeh edərək, danışdıqları kimi olmalı olduğunu, əks halda “uşaqlar” da, yəni işçilərinin də onunla birlikdə həbsə gedəcəklərini bildirmişdir. O da məcbur qalıb razılaşmış, bundan sonra həmin polis əməkdaşı əvvəlcədən ondan götürülmüş olan siqaretini və çaxmağını da cibinə qoymuş, sonrasında onu tutan şəxs çəkiliş aparmış, Nəcəf Abuşu isə danışmışdır. O, təhqiqatçı Nəcəfdən,- “hardan tapmışam bunu?” deyə soruşmuş, o isə ondan harada tutulduğunu soruşmuşdur. O, kafedə tutulduğunu dediyi zaman isə Nəcəf ona kafedən tapdığını deməsinin düzgün olmadığını, kafenin yerləşdiyi küçənin adını deməsini, avtomobilini avtoyuma məntəqəsinə verdiyini, həmin avtoyuma məntəqəsinin yanından tapdığını deməsini məsləhət görmüşdür. Maddənin adını soruşanda isə “kokos” olduğunu deməsini istəmişlər. O da çəkiliş zamanı maddənin adını çəkməmiş, bu səbəbdən ona təzyiq olunaraq, videonu yenidən çəkmək istəsələr də, sonra nə isə olmuş və yenidən çəkiliş olmamışdır. Müstəntiq ilə vəkil ona deyilənləri yazmasını, işin bağlanacağını dedikləri üçün, o da vəkilinə baxaraq sənədləri imzalamışdır. O, tutulduqdan sonra ilk dəfə 19 iyun 2023-cü il tarixində sənədləri imzalamış, onun üzərinə baxış keçirilərkən vəkil yanında olmuş, lakin qanunsuzluqlar sonuncunun yanında olmamışdır. Vəkili ondan “yüklənib-yüklənmədiyini” soruşan zaman, “xeyr” deyərək cavab vermişdir. Ona 19 iyun 2023-cü il tarixində köhnə tarixlə, yəni 16 iyun 2023-cü il tarixi ilə sənədlərə qol çəkdirmişlər. Onun heç kimlə düşmənçiliyi olmamış, heç vaxt narkotik vasitədən istifadə etməmişdir. Şahidlər məhkəmə iclasında dindirilən zaman təqsirləndirilən şəxsə verilmiş çarpaz suallara cavab olaraq o, bildirmişdir ki, məhkəmə iclasında dindirilmiş şahidlər onun saxlanılmasında iştirak etmiş, onu “Covid” analinizə bir yerdə aparmışlar, həmin yer “Abu Arena”-ya tərəf yolun üstündə olmuş, onu BMCMİ-ə həmin şəxslər təhvil vermiş, yolda “Çempion” kafesinə gəlib, orada nəyəsə, kiməsə qol çəkdirmişlər, maşını isə Şahid1 idarə etmişdir. Polislər ona narkotik vasitənin adının kokos olduğunu bildirməsini tələb etmiş, o, “heroin” sözünü işlətməmişdir. Elgün onun (şahidin) dostudur, obyekti əvvəl Elgün adlı şəxs işlətmiş, sonra ona təhvil verdiyindən o işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı məlumat daxil olmuş, bununla əlaqədar olaraq qrup yaradılmışdır. Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində saxlanılıb, baş idarəyə gətirilmiş, baxış zamanı üzərində narkotik vasitə aşkar edilmişdir. Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində küçədə saxlamışlar, sonuncu saxlanılan zaman tək olmuş və hər hansı bir müqavimət göstərməmiş, eləcə də ona qarşı hər hansı zor və ya təzyiq göstərilməmiş, təqsirləndirilən şəxsin “Pətək” adlı restorandan aparılması ilə bağlı hal olmamış, onu saxlayıb idarəyə gətirmişlər. Şahid ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, əməliyyata o rəhbərlik etmiş, əməliyyat məlumatı elə həmin gün daxil olmuşdur. Qəşəmi saxlayan zaman ona nə üçün saxlanıldığını deyib özlərini təqdim etmişlər. Onlar orada Qəşəmlə danımış, sonuncu əməlini etiraf etmiş, bu səbəbdən onu idarəyə gətirmişlər. Onlar Qəşəmdən üzərində narkotik vasitə olduğunu soruşanda, sonuncu da bunu təsdiq etmiş, üzərinə dərhal baxış keçirilməsi üçün şərait olmamış, həmin vaxt Qəşəmin telefonu götürülməmişdir. Qəşəm idarədə saxlanılmamış, sənədləşdirilmiş və aidiyyatı üzrə təhvil verilmiş, hara təhvil verildiyi isə hazırda yadında deyil. Qəşəmin üzərindən heroin aşkar olunmuş, şəxsin narkotik vasitənin adını deyib-deməməsi yadında deyil. Qəşəm narkotik vasitəni Xətai rayonu ərazisindən tapdığını demiş, Qəşəmin Covid analizindən keçirilməsini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, daxil olmuş məlumat əsasında 16 iyun 2023-cü il tarixdə, saat 16:00 radələrində, Xətai rayonu, General Mehmandarov küçəsində Təqsirləndirilən şəxs piyada hərəkət edən zaman tərəflərindən saxlanılaraq, BNMİ-yə aparılmış, orada inzibati otaqların birində video çəkiliş vasitəsilə, müdafiəçi və təhqiqatçı Aburşu Nəcəfin iştirakı ilə keçirilən şəxsi axtarış zamanı, Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni bir əşya olub-olmadığı soruşulmuş və bu zaman sonuncu özü cibindən heroinə bənzər kütləni çıxararaq təqdim edərək, həmin bükümü yerdən tapdığını bildirmişdir. Şahid2 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, Xətai rayonu, General Mehmandarov küçəsində saxlamışlar, saxlanılan zaman sonuncu tək olmuş və piyada hərəkət etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən hər hansı bir müqavimət göstərməmiş, onunla birlikdə başqa bir şəxs tutulmamışdır. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı Şahid1 daxil olmuş, əməliyyat qrupuna o və Şahid1 daxil olmuşdur. Təqsirləndirilən şəxs küçədə saxlamışlar və bu zaman özlərini təqdim etmişlər. Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarı Təqsirləndirilən şəxs təqdim edib-etmədiklərini dəqiq olaraq xatırlamır, güman edir ki, qərarı təqdim etmiş olarlar. Təqsirləndirilən şəxs saxlanılan zaman üzərinə baxış keçirilməmiş, çünki şəxsi axtarış inzibati otaqda keçiriləcəkdi. Qəşəmi narkotik vasitələrin dövriyyəsində, satışında və istifadəsində şübhəli olduğu üçün saxlamışlar. Qəşəm narkotik vasitəni inkar etməmiş, inzibati otaqda özü könüllü narkotik vasitəni təqdim etmiş, Qəşəmi BMCMİ-ə kimin apardığını xatırlamır. O, “Pətək” adlı obyekt tanımır, elə bir obyektdə bəlkə də əvvəllər olmuşdur, lakin hazırda xatırlamır. Saxlanıldığı zaman Təqsirləndirilən şəxs tək olmuşdur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə onlar işlədikləri “Pətək” çay evində olmuş, təxminən saat 12-13 radələrində içəri 15-20 nəfər adam daxil olmuş və həmin şəxslər Qəşəmin qoluna qandal vuraraq, üstündə axtarış aparmış, cibindən pulunu götürdükdən sonra, “xanımı aparın” demişlər. O, nə olduğunu soruşanda, “bilərsiz” demişlər. Həmin vaxt işdə o, Etibar, Hüseyn və Qəşəm olmuşdur. Onun da telefonunu alıb qolunu burmuş, onları da maşına mindirib İdarəyə aparmışlar. Orada onları ayrı otaqlara saldıqdan sonra, ondan Qəşəmi soruşmuşlar. Qəşəmi tanıdığını dedikdə, polis əməkdaşları Qəşəmin narkotik vasitə istifadə etdiyini bildirmişlər. O, cavabında 1 ildir ki Qəşəmlə işlədiyini, sonucunun narkotik vasitə istifadə etdiyini görmədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ona analiz verməli olduğunu, əgər nəsə çıxsa, həbs olunacağını bildirmişlər. Onun isə heç bir günahı olmamışdır. Qəşəm günahsız bir insandır və onun narkotk vasitə istifadə etdiyini görməmişdir. Onları orada saxlamışlar, yekunlaşanda isə çıxıb getmələrini bildirmişlər. O, Qəşəmi soruşanda ona bildirdilər ki, Qəşəm 2 saata çıxacaq, lakin daha sonra Qəşəmdən xəbər çıxmamışdır. Şahid3 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, çay evində olarkən polis əməkdaşları Qəşəmin üzərini axtarmış, ayaqqabısına kimi çıxarmışlar, lakin heç nə tapılmamış, onlar da Qəşəmin pulunu götürmüşlər. Gələn şəxslər onların telefonlarını almışlar. O, həmin vaxt ***-***-**-** nömrəli telefondan istifadə etmişdir. Yanlış xatırlamırsa polis əməkdaşları oraya 3 və ya 4 maşında gəlmişlər. Onun mobil telefonu 5 aya yaxın müddətdə İdarədə qalmış, təxminən 5 aydan sonra telefonunu qaytarmışlar. Ona demişlər ki, “buradan yuxarısı yoxdur, heç yerə şikayət verə bilməyəcəksən”. Saxlandıqdan təxminən 3-4 gün sonra 102 xidmətinə müraciəti olmuş, telefonunu sonradan polislər iş yerinə gətirmişlər. Çay evində polis əməkdaşları həmçinin Etibar və Hüseynin də üzərini yoxlamış, lakin onlardan da heç nə çıxmamışdır. Polis əməkdaşları çay evinə daxil olarkən Qəşəm divanda oturmuş vəziyyətdə olmuşdur. Şahid ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, o, hadisə vaxtı “Pətək” çay evində xadimə işləmiş, hazırda isə 1 il yarımdır ki həmin iş yerindən çıxmışdır. xx.xx.2023-cü il tarixdə, o, Etibar, Hüseyn və Qəşəm orada olmuş, Etibar çay evində kassir olaraq, Hüseyn isə ofisiant olaraq çalışmışdır. Hadisədən sonra 2-3 gün də həmin obyektdə işləmiş, daha sonra oradan işdən çıxmışdır. “Pətək” çay evində işlədiyi müddətdə orada qanunsuz heç nə baş verməsinin şahidi olmamışdır. Qəşəm həmişə haqqa tərəf insan olmuşdur. BNMİ-də onları əvvəlcə ayrı-ayrı otaqlara salmışlar, sonra Etibar və Hüseyn gəlmiş, hamının üzü divara doğru çevrilməsini istəmiş, daha sonra Qəşəmi gətirmişlər. Onlar axşam bir otaqda qalmış və yanlarında da 2 nəfər olmaqla, səhərə qədər yanlarında oturmuşlar. Səhəri gün saat təxminən 14-də onlara getmələrini demişlər, lakin Qəşəmi buraxmamışlar, Qəşəmin 2 saat sonra gələcəyini demişlər. Qəşəmin heç bir yaxını ilə əlaqəsi yoxdur. Etibar isə hələ də “Pətək” çay evində işləyir. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə onlar hamısı işlədikləri “Pətək” çay evində olmuş, saat təxminən 15-16 radələrində içəri 8-10 nəfər adam girmiş və onların hamısını saxlamışlar. Saxlanma səbəbini soruşduqları zaman cavabları “bilərsiniz” olmuşdur. Gecəni BNMİ-də qaldıqdan sonra, səhərisi gün, saat 8-10 radələri olsa da, ilk olaraq onları buraxmamış, bir müddət sonra buraxdıqları zaman isə Qəşəm onlarla olmamışdır. Qəşəmi soruşanda isə buraxacaqlarını desələr də, ondan sonra nə olduğundan xəbəri olmamışdır. Şahid4 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, saxlanıldığı “Pətək” çay evində təxminən 1 il yarım müddətində, Qəşəmlə birlikdə işləmişdir. Polis əməkdaşları onları saxlayan zaman hamısının, o cümlədən Qəşəmin də üzərini yoxlamış və telefonlarını almışlar. Onun istifadəsində olan mobil nömrə ***-***-**-** olmuşdur. Polis əməkdaşları telefonunu alıb, 5-6 ay sonra qaytarmışlar. İdarədə olan zaman gecə Qəşəmlə bir otaqda saxlanılmışlar. Polis əməkdaşlarından saxlanma səbəblərini soruşsalar da, onlara bir izah verən olmamışdır. Saxlandığı müddətdə ondan sadəcə narkotik vasitədən istifadə edib-etmədiyini soruşmuşlar. Səhəri gün polis əməkdaşları onlara,- “siz gedin, Qəşəm sizi qurtardı” deyib yola salmışlar. Saxlandıqları çay evinə polis əməkaşları 2 maşında gəlmiş, onu maşında tək aparmışdılar. Əsassız yerə saxlanması ilə bağlı qorxduğu üçün şikayət etməmişdir. Sonradan BNMİ-yə gedərək özünün də, Lamiyənin da telefonunu götürmüşdür. Çay evində onların əsas müdirləri Elgün olmuş, o, hər gün kafeyə gedərək işləmişdir. Hadisə günü çay evində onların hər biri bir yerdə olmuş, soldan 2-ci masada əyləşmişlər. Həmin vaxt kafedə kamera olmamış, içəri girərkən polis əməkdaşları özlərini təqdim etməmişdilər. Polis əməkdaşları tərəfindən elə çay evindəcə hamının üstünə baxış keçirilmişdir. Ondan azad olunması üçün heç nə tələb edilməmişdir. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin anası Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə oğlu Təqsirləndirilən şəxs işə getmişdir. Qəşəm hər gün onunla əlaqə saxlamış, lakin həmin gün səs-soraq gəlmədiyi üçün o, bu barədə böyük oğluna demiş, sonuncu da gedib Qəşəmə deyəcəyini, yəqin işinin çox olduğunu bildirmişdir. Həmin gün axşam saatlarında artıq böyük oğlu ona Qəşəmi polis əməkdaşlarının apardığını, yəqin ki, anlaşılmamazlıq olduğunu demişdir. Səhəri gün polis əməkdaşlarının oğlu Qəşəmi narkotiklə bağlı tutduqlarını öyrənmişlər. Onlar bu işin Qəşəmlə əlaqəsi olmadığından əmindirlər. 21 iyun tarixində Qəşəm evə zəng edib istintaq təcridxanasında olduğunu demişdir. Oğlu Qəşəmin 2 azyaşlı övladı var, Qəşəmin özünün böyrəklərində problem, anası olaraq özü isə xərçəng xəstəsidir. Evi dolandıran Qəşəm olub və bu yaşınadək heç vaxt onun barəsində pis xəbər almamışdır. Şahid Mehriman Ədilova ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Qəşəmi “Pətək” kafesində tutmuşlar, orada işləyən işçilərdən Lamiyə və Etibarı da tutmuşlar. Onları buraxsalar da, Qəşəmi buraxmamışlar, çünki əgər onu buraxmış olsaydılar, o, evə gələrdi. - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqəsdi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıması faktına görə barəsində CM-in 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (cild İ, i/v: 1) - BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 həmin idarənin rəisinə olan xx.xx.2023-cü il tarixli raportundan görünür ki, əməliyyat müvəkkili yazılı şəkildə məruzə edərək, xx.xx.1993-cü ildə Ağcabədi rayonu, Boyat kəndində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 810 yaşayış kompleksində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib, həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (cild İ, i/v: 4) - “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qeyd edilən əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda Təqsirləndirilən şəxs tərəfindən külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin , cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, polis orqanına gətirilməsi və üzərinə, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə və yaşayış yerinə baxış keçirilməsi, əməliyyataxtarış tədbirləri həyata keçirilən zaman zərurət yarandığı halda mövcud şəraitdən asılı olaraq “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə qanunvericiliyə uyğun şəkildə davam etdirilməsi, Təqsirləndirilən şəxs müəyyən edilib ifşa edilməsi məqsədilə əməliyyat qrupunun yaradılması, qrupun tərkibinə Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 daxil edilməsi, qrupa rəhbərliyin baş əməliyyat müvəkkili Şahid1 həvalə edilməsi, qərarın müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır. (cild İ, i/v: 5-6) - “Əməliyyat qrupunun yaradılması haqqında” xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, BNMİ-ni rəisi tərəfindən Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikası DİN BNMİ-nin baş əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 ibarət tərkibdə birgə əməliyyat qrupu yaradılması əmr edilmişdir. (cild İ, i/v: 9) - BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 həmin idarənin rəisinə olan xx.xx.2023-cü il tarixli raportundan görünür ki, əməliyyat müvəkkili yazılı şəkildə məruzə edərək, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop madələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün xx.xx.2023-cü il tarixdə, saat 16:00 dəqiqədə ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq, hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla BNMİ-yə gətirilməsini bildirmiş, habelə Təqsirləndirilən şəxs üzərində və paltarında, əşyalarında, bədənində, yaşadığı ünvanda olması ehtimal edilən nakrotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Raportun üzərinə dərkənar qoyulmaqla, N.Aburşudan qərar qəbul edilməsi xahiş edilmiş, o cümlədən sözügedən raport BNMİ-nin “törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyat kitabında xx.xx.2023-cü il tarixində, 201 nömrəli ilə növbətçi S.Hidayev tərəfindən qeydə alınmışdır. (cild İ, i/v: 10) - xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, DİN BNMİ-nin təhqiqat qrupunun təhqiqatçısı Nəcəf Aburşu tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində, xx.xx.2023cü il tarixdə, saat 17:30 dəqiqədə BNMİ-nin inzibati binasında müdafiəçi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə tutulmuşdur. Tutulmanın əsasları olaraq xx.xx.2023-cü il tarixdə AR DİN BNMİ-yə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi və dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında xx.xx.2023-cü il tarixdə, saat 16:00 dəqiqədə ünvan 3 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılması və daha sonra BNMİ-yə gətirilməsi qeyd edilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokol xx.xx.2023-cü il tarixdə, saat 17:30 dəqiqədə tərtib edilmişdir. (cild İ, i/v: 21) - “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, DİN BNMİ-nin təhqiqat qrupunun təhqiqatçısı Nəcəf Aburşu tərəfindən, həmin gün, saat 18:00-dan 18:05-dək olan müddətdə müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs müvafiq qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən bir bükümdə qəhvəyi rəngli, spesifik iyə malik heroinə bənzər kütləni təqdim etmiş, sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan şalvarın sağ yan cibindən bir ədəd “İphone” markalı mobil telefon, bir ədəd alışqan, içində siqaret dənələri olan siqaret qutusu aşkar olunmuş, sonra həmin heroinə bənzər kütlə qablaşdırılmış, şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəbs etdiyi üçün bir ədəd “İphone” markalı mobil telefon götürülmüş, digər əşyalar isə geri qaytarılmışdır. - Təqsirləndirilən şəxs əlyazması ilə yazılmış, xx.xx.2023-cü il tarixi qeyd edilmiş iltizamdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə BNMİ-nin əməkdaşları tərəfindən saxlanılıb baş idarəyə gətirildiyini, Sabunçu rayonunda daimi yaşadığını, Xətai rayonunda yerləşən “Pətək” restoranında işlədiyini, bu səbəbdən istintaq orqanına təhqiqatçı və ya müstəntiqin çağırışına vaxtında gələcəyi, araşdırmanın gedişatına maneçilik törətməyəcəyi, bu tələbləri pozacağı təqdirdə məsuliyyət daşımasının ona bildirilməsi barədə iltizam tərtib edərək imzalamışdır.(cild İ, i/v 36) - “Şübhəli şəxsin tutulmadan azad edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, saat 10:00-da qəbul edilmiş qərardan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs dərhal azad edilmiş, şübhəli şəxs qismində statusuna xitam verilmiş, buna əsas olaraq isə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:30-da şübhəli şəxs qismində tutulmasına baxmayaraq, sonuncunun cinayət məsuliyyətinə cəlb edilə bilməsi üçün ekspert rəyinin göstərilən müddət ərzində alınmasının mümkün olmaması qeyd olunmuşdur. (cild İ, i/v: 37) - “Məhkəmə kimyəvi ekspertizasının təyin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qeyd edilən tarixdə təhqiqatçı Nəcəf Aburşu tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə ilə bağlı ekspertiza tədqiqatının aparılması qərara alınmışdır. (cild İ, i/v: 38) - BMCMİ-nin istintaq və təhqiqat idarəsinin müstəntiqi X4 rəisinə olan xx.xx.2023-cü il tarixli raportundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkarlanması ilə bağlı toplanmış material müstəntiqin icraatına qəbul edilmişdir. (cild İ, i/v: 47) - “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə müstəntiq tərəfindən Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. (cild İ, i/v: 48-49) - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(011)-447/2023 nömrəli qərarından görünür ki, məhkəmənin qərarı ilə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə əmr qanuni hesab edilmişdir. (cild İ, i/v: 78-79) - “Mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, müstəntiq tərəfindən xx.xx.2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən Təqsirləndirilən şəxs götürülmüş və iş materiallarına əlavə edilmiş 1 ədəd “İphone” markalı mobil telefon aparatının yaddaşında olan məlumatlara baxış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edə biləcək hər-hansı məlumat aşkar edilməmişdir. (cild İ, i/v: 80) - AR DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild İ, i/v: 117-118) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 19 iyun 2023-cü il tarixli, 6/3410 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunan şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 10,563 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (cild İ, i/v: 41-45) - “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan nümunənin geri qaytarılmasına dair” aktdan görünür ki, iş üzrə maddi sübut olan narkotik vasitə xx.xx.2023-cü il tarixdə, saat 09:10-da ekspertə təqdim edilmiş, həmin gün saat 13:00-da həmin vasitənin tədqiqatdan sonra qalıq hissəsi istintaq orqanının əməkdaşına geri qaytarılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 23 oktyabr 2023-cü il tarixli, 6928 nömrəli rəyində göstərilmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild İ, i/v: 119-120) Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi: - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 5(011)-447/2023 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barədə “əməliyyat-axtarış tədbirinin aparılmasına dair qərarın qanuniliyinin yoxlanılması” barədə material xx.xx.2023-cü il tarixli məktubla yalnız xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-72/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə ekspertiza təyin olunmuş, iş materialları və maddi sübut həmin tarixdə Mərkəzə daxil olmuş və elə həmin gün də rəy və maddi sübut ekspertiza təyin etmiş orqana təhvil verilmişdir. - “Buta” Klinikasının direktoru tərəfindən imzası və möhürü ilə təsdiqlənmiş vəkil Müdafiəçi3 sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə klinikaya müraciət etmiş, COVİD-19 testi aparılmış və cavabı neqativ çıxmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Bu baxımdan məhkəmə əvvəlcə qeyd edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olmaqla, bu norma özlüyündə CM-in 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllərin külli miqdarda tövsifedici əlaməti üzrə törədilməsini ehtiva edir. CM-in 234.2-ci maddəsi ilə isə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma – qanunla qadağan edilir. Məhkəmə hazırki cinayət işinin hallarından çıxış edərək qeyd edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamla bağlı cinayət əməli üzrə ilk növbədə sonuncu tərəfindən qanunla dövriyyəsi qadağan edilmiş predmetin əldə edilmiş olması və həmin predmetin Təqsirləndirilən şəxs (üzərindən) aşkar edilməsi qanuni yollarla əldə edilmiş sübutlarla təsdiq olunmalıdır. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, cinayət işi üzrə ibtidai istintaq materiallarında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməklə 16 iyun 2023-cü il tarixdə saat 16.00-da ünvan 3 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanması, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılması, habelə bundan sonra elə həmin gün üzərinə şəxsi axtarış keçirilməsi və bu mexanizm üzrə ittihamın əsasını təşkil edən sübutların toplanmış olması rəsmiləşdirilmişdir. Məhkəmə istintaqı zamanı ilk növbədə Təqsirləndirilən şəxs ifadəsində hadisələrin tamamilə başqa formada cərəyan etdiyini bildirmiş, həmçinin məhkəmə istintaqı zamanı müdafiə tərəfi sübutlarını məhkəməyə təqdim etmişdir. O cümlədən aparılmış məhkəmə istintaqının gedişatında tərəflərin vəsatəti əsasında bir sıra yeni obyektiv sübutlar əldə olunmuşdur. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan göründüyü kimi, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsinin əsasını 2 mərhələdə toplanmış sübutlar məcmusu təşkil etmişdir. Bunlar Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat tədbiri nəticəsində şübhəli şəxs qismində saxlanması, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və maddi sübutun götürülməsi istintaq hərəkətləri olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ətrafında keçirilmiş yuxarıda sadalanan tədbir və prosessual hərəkətlərin bir-biriləri ilə qarşılıqlı şəkildə bağlı olduğunu qeyd edərək belə hesab edir ki, hər bir mərhələdə keçirilmiş tədbirlərin və onların rəsmiləşdirilməsi ilə bağlı protokolların məzmunu, məhkəmə istintaqı zamanı əldə olunmuş digər sübutlarla qarşılıqlı şəkildə tədqiq və təhlil edilməklə, ətraflı şəkildə araşdırılmalıdır. Məhkəmə yuxarıda qeyd edilən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və ilkin olaraq polis əməkdaşları tərəfindən saxlanması ilə bağlı birinci növbədə qeyd edir ki, istintaq materiallarına, verilmiş ittihama və əməliyyat müvəkkili olan şahidlərin verdikləri ifadələrə görə Təqsirləndirilən şəxs 16 iyun 2023-cü il tarixdə saat 16.00-da ünvan 3 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, bu barədə əməliyyat müvəkkili tərəfindən müvafiq raport tərtib edilmişdir. (cild İ, i/v: 10) Təqsirləndirilən şəxs isə məhkəmə istintaqı zamanı ifadəsində 16 iyun 2023-cü il tarixdə Neapol dairəsi yaxınlığındakı “Pətək” adlı iaşə obyektində oturduğu zaman 8-10 nəfər polis əməkdaşı tərəfindən saxlandığını, elə oradaca üzərinə baxış keçirildiyini, üzərindən qanunsuz hər hansı predmet aşkar olunmadığını, habelə özü ilə birlikdə obyektdə olan işçiləri Etibar, Hüseyn və Lamiyə adlı şəxslərində onunla birlikdə saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparıldığını, habelə sənədlərdə guya xx.xx.2023-cü il tarixdə azad olunması qeyd edilməsinə baxmayaraq faktiki olaraq 16 iyun 2023-cü il tarixdə tutulduqdan sonra polis orqanında saxlandığını, yalnız məhkəmə qərarından sonra istintaq təcridxanasına göndərildiyini bildirmişdir. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi “Pətək” adlı ictimai iaşə obyektinin mövcudluğu, habelə həmin obyektin Təqsirləndirilən şəxs məxsusluğu məhhkəmə kollegiyasında heç bir şübhə doğurmur. Belə ki, hələ xx.xx.2022-ci il tarixdə internet informasiya ehtiyatlarında yayılmış məlumatlardan görünür ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 416 ictimai iaşə obyektində 741 monitorinq keçirilmiş, monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunmuşdur ki, həmin obyektlərdən biri də məhz ünvan 6 ünvanında yerləşən, fiziki şəxs Təqsirləndirilən şəxs məxsus “Pətək” çay evi olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs əl yazısı ilə tərtib olunmaqla cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli iltizamda da, təqsirləndirilən şəxs Xətai rayonunda yerləşən “Pətək” kafesində daimi işlədiyini qeyd etmişdir. (cild İ, i/v: 36) Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş sözügedən ictimai iaşə obyektində işləmiş Şahid3 və hazırda da həmin ictimai iaşə obyektində işləyən Şahid4 da Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları – sonuncunun xx.xx.2023-cü il tarixdə “Pətək” çay evində olarkən polis əməkdaşları tərəfindən saxlandığını, özlərinin də Təqsirləndirilən şəxsla birlikdə saxlandıqlarını, elə çay evindəcə həm Təqsirləndirilən şəxs, həm də onların üzərinə axtarış keçirildiyini, Təqsirləndirilən şəxs üzərindən hər hansı qadağan edilmiş predmet aşkar edilmədiyini, daha sonra isə birlikdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparıldıqlarını, bir gün orada saxlandıqdan sonra Qəşəmdən başqa digər saxlanmış şəxslərin sərbəst buraxıldığını bildirmişlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və şahidlərin ifadələrində qeyd etdiyi halların obyektiv sübutlarla müqayisəli tədqiqinin aparılması məqsədilə məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə müdafiəçinin vəsatəti təmin edilərək Təqsirləndirilən şəxs istifadəsində və istintaq materiallarına əsasən saxlanarkən üzərində olmuş mobil telefonların üzərində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin, habelə əlavə şahid qismində dindirilmiş Şahid3 istifadəsində olan ***-***-**-**, Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələrinin xx.xx.2023-cü il tarixdən etibarən hansı ərazi üzrə antenanın təsiri altında olmaları və hərəkət trayektoriyasının müəyyən edilməsi qərara alınmış və qərarın icrası müvafiq mobil operatorlara həvalə edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar "xxxx" MMC-dən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin xx.xx.2023-cü il tarixində və sonrakı müddətdə anten məlumatları cədvəl formasında təqdim edilmişdir. Həmin məlumatlardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** mobil telefon nömrəsi gün ərzində, saat 10:00-dan etibarən, sonuncu məlumat saat 15:22-yə təsadüf etməklə “Pətək” çay evinin yerləşdiyi Xətai rayonu, Neapol dairəsi yaxınlığında olan “LBBK1095O1/LBBK1095 Neapol Dairesi/"Bakı şəhəri, Xətai ray,Neapol dairəsi 24"/Khatai/ (40.381xx/xx.96449)” ünvanında yerləşən antenin əhatə dairəsində olmuş, Təqsirləndirilən şəxs mobil telefonu həmin gün saat 15:57-də isə artıq “LBBK6223O3/LBBK6223 Boulvar/"Dənizkənarı milli park, Paraşüt qülləsi" /Sabail/ (40.368xx/xx.84403)” ünvanında yerləşən antenin əhatə dairəsində olmuş, həmin mobil telefondan əldə olunan növbəti məlumat isə artıq xx.xx.2023-cü il tarixə, saat 18:27-yə, “LBBK3143O2/LBBK3143 MUM//Sabail/ (40.371xx/xx.83479)” ünvanında yerləşən antenin dairəsinə təsadüf etmişdir. Məhkəməyə təqdim olunmuş digər məlumatlardan müəyyən edilir ki, Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi də, xx.xx.2023-cü il tarixdə, səhər saatlarından əsas etibarı ilə həmin zaman kəsiyi üçün Təqsirləndirilən şəxsla eynilik təşkil edən “LBBK1095O1/LBBK1095 Neapol Dairesi/"Bakı şəhəri, Xətai ray,Neapol dairəsi 24"/Khatai/ (40.381xx/xx.96449)” ünvanında yerləşən antenin əhatə dairəsində olmuş, habelə həmin mobil telefon nömrəsi eynilə Təqsirləndirilən şəxs mobil telefonu kimi xx.xx.2023-cü il tarixdə, saat 18:03 və 18:30-da “LBBK3143O2/LBBK3143 MUM//Sabail/ (40.371xx/xx.83479)” ünvanında yerləşən antenin əhatə dairəsində olmuşdur. Həmçinin toplanmış məlumatlardan müəyyən edilir ki, Şahid4 istifadəsində olan ***- ***-**-** saylı mobil telefon nömrəsi də, xx.xx.2023-cü il tarixdə, saat 13:55-də həmin zaman kəsiyi üçün Təqsirləndirilən şəxsla eynilik təşkil edən “LBBK1095O1/LBBK1095 Neapol Dairesi/"Bakı şəhəri, Xətai ray, Neapol dairəsi 24"/Khatai/ (40.381xx/xx.96449)” ünvanında yerləşən antenin əhatə dairəsində olmuş, bundan sonra həmin gün üçün telefonun başqa bir anten dairəsində olmasına dair məlumat olmamaqla, telefon artıq 17 və 19 iyun tarixlərində aktivləşmiş, həmin vaxtlarda əsasən Bakı şəhəri, Səbail rayonu ərazisində olmuş, habelə həmin mobil telefon nömrəsi də eynilə Təqsirləndirilən şəxs mobil telefonu kimi xx.xx.2023-cü il tarixdə, saat 18:18-də “LBBK3143O2/LBBK3143 MUM//Sabail/ (40.371xx/xx.83479)” ünvanında yerləşən antenin əhatə dairəsində olmuşdur. Göründüyü kimi qeyd edilən müvafiq anten məlumatlarından Təqsirləndirilən şəxs həqiqətən də xx.xx.2023-cü il tarixdə saxlandığı zaman “Pətək” çay evində olması, həmin zaman sonuncunun yanında məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid3 və Şahid4 da olması, sonuncuların da Təqsirləndirilən şəxsla birlikdə saxlanılaraq ünvan 9 ünvanında yerləşən DİN-in BNMİ-yə aparılmış olmaları şübhəsiz olaraq müəyyən edilir. Məhkəmə yuxarıda qeyd edilən sübutları qarşılıqlı şəkildə tədqiq və təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 15-16 radələrində polis əməkdaşları tərəfindən ünvan 6 ünvanında yerləşən “Pətək” çay evində saxlanmasına dair ifadəsində göstərdiyi xüsusatlar iş üzrə toplanmış sübutlar olan Şahid3 və Şahid4 birbaşa olaraq bu hadisəni görməklə və özləri də polis əməkdaşları tərəfindən saxlanmaqla məhkəmə iclası zamanı şahid qismində verdikləri obyektiv sübutlarla təsdiq olunan ifadələri, Təqsirləndirilən şəxs və şahidlər Şahid3 və Şahid4 istifadəsində olmuş mobil telefonların əhatə dairəsinə dair məlumatlarla təsdiq olunur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən xx.xx.2023-ci il tarixdə, saat 15-16 radələrində məhz ünvan 10 ünvanında yerləşən “Pətək” çay evində saxlanmış olması halını sübuta yetirilmiş hesab etməklə yanaşı qeyd edir ki, həm Təqsirləndirilən şəxs, həm də şahidlər Şahid3 və Şahid4 saxlandığı zaman elə onların yanındaca Təqsirləndirilən şəxs üzərində axtarış keçirildiyini, lakin sonuncunun üzərindən hər hansı qanunsuz predmet aşkar edilmədiyini bildirmişlər. Məhkəmə kollegiyası qeyd edilən halın, yəni saxlanarkən Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları tərəfindən rəsmiləşdirilməmiş şəxsi axtarış keçirilmiş olmasını əlavə şahidlər Şahid3 və Şahid4 obyektiv sübutlarla təsdiq olunan və bu səbəbdən mümkün və mötəbər sübut olaraq qəbul edilən ifadələrinə əsasən obyektiv həqiqət kimi qəbul edir və bu səbəbdən sonuncunun saxlandıqdan sonra aparılmış istintaq və digər prosessual hərəkətlərin sənədləşdirilməsi ilə bağlı prosedurların tədqiq və təhlil edilməsini zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, istintaq sənədlərinə görə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 16:00-da saxlandıqdan sonra, həmin gün saat 17:30-da şübhəli şəxs qismində tutululmuş və həmin gün saat 18:00-da üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmiş, xx.xx.2023-cü il tarixdə, saat 10:00-da qəbul edilmiş qərara görə isə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində statusuna xitam verilməklə, şübhəli şəxs olaraq tutulmadan azad edilmiş, əsas olaraq isə sonuncuya ittiham elan edilməsi üçün üzərindən aşkar edilmiş narkotik vasitə ilə bağlı ötən müddət ərzində müvafiq ekspertiza rəyinin alınmasının mümkün olmaması qeyd edilmişdir. Hadisələrin qeyd edilən formada cərəyan etməsi məhkəmədə baxılmış işlər üzrə tez-tez rast gəlinən təcrübə olmamaqla, artıq yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs saxlanması ilə bağlı istintaq sənədlərində göstərilənlərdən fərqli mexanizmin müəyyən edilmiş olması məhkəmə kollegiyasında yuxarıdakı abzasda qeyd edilən xüsusatların daha dərin tədqiq edilməsini zəruri edir. Belə ki, təhqiqatçı tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 10:00-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində statusuna xitam verilməsi barədə qərar qəbul edilərkən, qərarın qəbul edilməsi əsası olaraq sonuncuya ittiham elan edilməsi üçün zəruri olan ekspert rəyinin ötən müddət ərzində alınmasının mümkün olmaması qeyd edilmişdir. İş materiallarına nəzər saldıqda görünür ki, sözügedən qərar qəbul edilərkən Təqsirləndirilən şəxs faktiki olaraq azadlığı məhdudlaşdırıldığı vaxtdan (xx.xx.2023, saat 16:00) cəmi 18 saat vaxt keçmiş və CPM-in 148.6-cı maddəsinə əsasən şübhəli şəxsin tutulmaqla saxlanmasının qanunla icazə verilən müddətinin bitməsinə hələ 30 saat vaxt qalmışdır ki, belə olan halda təhqiqatçı tərəfindən lazımı tədbirlərin həyata keçirilməsi üçün kifayət qədər müddətin qalmış olması işin şübhəsiz halıdır. Digər tərəfdən qeyd edilməlidir ki, təhqiqatçı qərarında ittiham elan edilməsi üçün zəruri olan ekspert rəyinin ötən müddət ərzində alınmasının mümkün olmamasını əsas gətirsə də, şəxsin saxlandığı müddətdən qərarın qəbul etdiyi vaxtadək ötən 18 saat ərzində təhqiqatçı tərəfindən ümumiyyətlə iş üzrə ekspertizanın keçirilməsi barədə qərar belə qəbul edilməmiş, Məhkəmə Ekspertiza Mərkəzinin qeyd edilən ərəfədə fəaliyyət göstərə bilməməsi ilə bağlı hər hansı rəsmi məlumat olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-72/2024 nömrəli məktubundan da görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə ekspertiza təyin olunmuş, iş materialları və maddi sübut həmin tarixdə mərkəzə daxil olmuş və elə həmin gün də rəy və maddi sübut ekspertiza təyin etmiş orqana təhvil verilmişdir. Belə olan halda təhqiqatçının qeyd etdiyi kimi ekspertiza rəyinin alınmasının mümkün olmamasının obyektiv hallardan qaynaqlandığı məhkəmə kollegiyası tərəfindən ağlabatan hesab edilməməklə, bu formada gecikmənin yalnız subyektiv maraqlara xidmət etməsini deməyə əsas verir. Eyni zamanda o da qeyd edilməlidir ki, ekspertizanın təyini barədə qərar yalnız şəxsin saxlanmasından 48 saat keçdikdən sonra, xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, həmin gün saat 09:10-da artıq ekspertiza tədqiqatının predmeti olan narkotik vasitə istintaq orqanının əməkdaşı tərəfindən ekspertə təqdim edilmiş, həmin gün saat 13:00-da narkotik vasitə geri qayarılmaqla, elə həmin gün də ekspertiza tədiqatına dair rəy tərtib olunaraq istintaq orqanına təqdim edilmişdir. Göründüyü kimi təhqiqatçı tərəfindən xx.xx.2023-cü il tarixdə ekspertizanın təyini barədə qərarın qəbul edilməsindən cəmi bir neçə saat sonra müvafiq rəy artıq istintaq orqanında olmuşdur ki, məhkəmə kollegiyası belə bir prosessual hərəkətlərin Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasından 48 saat ərzində həyata keçirilməmiş olmasını, məhz sonuncunun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin elə xx.xx.2023-cü il tarixdə keçirilmiş olması ilə əlaqələndirir. Belə olan halda həmin zaman kəsiyində baş vermiş hadisələrin təhlilinin aparılmasını oxşar işlər üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında əks etdirilmiş «əldə edilmiş sübutların saxlanılan şəxslərin polisin nəzarəti altında saxlandığı müddətdə üzərinə yerləşdirilməsinin mümkünlüyü və bu hallara dair haqlı şübhəyə əsas yaranıb-yaranmaması ilə bağlı» mövqeyi baxımından zəruridir. Belə ki, «Layıcov Azərbaycana qarşı» şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun «qoyulması» mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. «Savalanlı və digərləri Azərbaycana qarşı» şikayətlərlə bağlı qərarında da Avropa Məhkəməsi bildirmişdir ki, ərizəçilərin ayrıca cinayət mühakimə icraatları çərçivəsində tutulmalarına və həbs olunmalarına baxmayaraq, hazırkı ərizələrin ümumi xüsusiyyəti ondan ibarətdir ki, ərizəçilər barəsində seçilmiş həbs qətimkan tədbiri və həbs müddətinin uzadılmasında istintaq orqanları tərəfindən irəli sürülən və yerli məhkəmələrin istinad etdikləri yeganə sübutlar polis tərəfindən tutulduqdan sonra onların üzərində aşkar edilmiş narkotik vasitələrdir. Belə olan halda Məhkəmə hesab edir ki, yerli hakimiyyət orqanları tərəfindən sözügedən sübutlara dair aparılan istintaq tədbirlərinin ərizəçilərin ittiham olunduqları cinayətləri törədə biləcəyini müəyyən etmək üçün obyektiv bir müşahidəçini inandırmağa kifayət edib-etmədiyi də daxil olmaqla, həmin sübutların toplanması, istifadəsi və tədqiqi ilə bağlı bütün müvafiq halları diqqətləyoxlanılmalıdır (müqayisə edin, Rəşad Həsənov və başqaları Azərbaycana qarşı, № 48653/13, §§ 98-106, 7 iyun 2018-ci il, və İbrahimov və Məmmədov Azərbaycana qarşı, №63571/16, §§ 113-30, 13 fevral 2020). Məhkəmə polisin axtarışın aparması qaydası ilə bağlı Azərbaycana qarşı əvvəlki işlərdə gəldiyi nəticələrə istinad edir. Məhkəmə əvvəlki işlərdə müəyyən etmişdir ki, şübhəli şəxsin üzərinə baxışın üzrlü səbəb olmadan tutulduqdan dərhal sonra aparılmaması, əldə edilən sübutların polis tərəfindən yerləşdirilməsinin mümkün olduğu barədə əsaslı şübhə yaradır (bax, Layıcov Azərbaycana qarşı, № 22062/07, § 69, 10 aprel 2014- cü il və Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, §53,12 noyabr 2015 ci il). Məhkəmə hesab edir ki, qeyd edilən həmin nəticələr hazırkı işin hallarına da aid edilir. Tutulmaları və üzərinə aparılmış baxışlar arasında keçən müddət ərzində ərizəçilər tamamilə polisin nəzarəti altında olduğundan, əldə edilmiş sübutların bu müddətdə onların üzərinə yerləşdirilməsinin mümkün olduğu üçün haqlı şübhəyə əsas yaranır. Üstəlik, axtarışın aparılmasını ərizəçilərin tutulmalarından dərhal sonra qeyri-mümkün edən hər hansı xüsusi halların mövcud olması ilə bağlı heç bir əsas aşkar edilmir. Bununla yanaşı, hal şahidlərinin çağırılması və rəsmi axtarış və götürmənin aparılmasından əvvəl tutulan şəxslərin şəxsi əşyalarına polis tərəfindən narkotik vasitə və ya digər sübuti əhəmiyyətə malik olan əşyaların qoyulmasına dair çoxsaylı ardıcıl hallar barədə beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında əksini tapan məlumatlara əsaslanaraq məhkəmə həmçinin hesab edir ki, hazırkı axtarışlar zamanı hal şahidlərinin iştirakının təmin edilməsi mövcud vəziyyətin aradan qaldırılmasına əsas kimi qəbul edilə bilməz (İbrahimov və Məmmədov, § 127). O da vurğulanmalıdır ki, xx.xx.2023-cü il tarixi qeyd edilmiş qərara görə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində statusuna xitam verildiyi göstərilsə də, xx.xx.2023-cü il tarixli protokollar üzrə Təqsirləndirilən şəxs ekspertizanın təyini barədə qərar, habelə ekspertin rəyi ilə tanış edilərkən şübhəli şəxs olaraq iştirak etmiş, həmin statusda protokolları imzalamış, protokollardan biri “şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında” adlandırılmaqla, həmin protokolun məzmununda şəxsin tanış edildiyi qərarın xx.xx.2023-cü il tarixdə qəbul edildiyi (halbuki həmin tarixdə ekspertiza təyin edilməmişdir) göstərilmişdir. (cild İ, i/v: 39) Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə “Pətək” çay evində saxlandıqdan sonra heç bir zaman polis əməkdaşları tərəfindən azadlığa buraxılmadığını, müvafiq idarədə nəzarət altında saxlandığını, üzərində videoçəkilişlə şəxsi axtarışın da elə xx.xx.2023-cü il tarixdə keçirildiyini, orada saxlandığı uzun müddət ərzində ona edilmiş psixi təsirlərin nəticəsində, məcbur qalaraq xx.xx.2023cü il tarixdə köhnə tarixli sənədlərə imza atdığını bildirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin anası Şahid5 da ifadəsində Təqsirləndirilən şəxs saxlandığı gündən sonra polis orqanından azad edilmədiyini, yaşadığı evə gəlmədiyini bildirmiş, digər əlavə şahidlər olan və Təqsirləndirilən şəxsla birlikdə saxlandıqları sübuta yetirilmiş Şahid3 və Şahid4 da xx.xx.2023-cü il tarixdə onlar azadlığa buraxıldığı zaman Təqsirləndirilən şəxs azad edilmədiyini, sonrasında həmin şəxsi görmədiklərini bildirmişlər. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən xüsusatları qarşılıqlı olaraq tədqiq və təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra xx.xx.2023-cü il tarixdə məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilənədək faktiki olaraq azadlığı məhdudlaşdırılmaqla, qanunun icazə verdiyi müddətdən də artıq şübhəli şəxs qismində saxlanılmış (xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir) saxlanılmış, bu müddətdə polis orqanının bilavasitə nəzarəti altında olmuşdur. Göstərilən hala eyni zamanda təqsirləndirilən şəxsin xx.xx.2023-cü il tarixdə azadlıqda olduğu fərz edildikdə belə, sonuncunun istintaq orqanına yenidən hansı formada çağırılmış olmasına dair iş materiallarında heç bir sübutun olmaması da dəlalət edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası xx.xx.2023-cü il tarixli BNMİ-nin təhqiqatçısı tərəfindən tərtib edilərək iş materiallarına əlavə edilmiş “şübhəli şəxsin tutulmadan azad edilməsi haqqında” qərarın formal olaraq tərtib edilərək, yalnız Təqsirləndirilən şəxs qanunla icazə verilən müddətdən artıq şübhəli şəxs kimi tutularaq, azadlığı məhdudlaşdırılmış şəkildə polis orqanında saxlanmış olması faktını, yəni prosessual qanunvericiliyin və şəxsin azadlıq hüququnun kobud şəkildə pozulması halını gizlətmək məqsədilə (şəxsin guya azad edilmiş olması görüntüsü yaratmaqla) iş materiallarına əlavə edildiyini danılmaz fakt olaraq qəbul edir. Bu hal eyni zamanda əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə materialın qanuniliyinin yoxlanması üçün 48 saat müddətində məhkəməyə təqdim edilməli olmasına dair qanunvericiliyin tələblərinin pozulması faktı (material məhkəməyə tədbirin keçirilməsindən 5 gün sonra – xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir) ilə də öz təsdiqini tapır. Yuxarıda göstərildiyi kimi Təqsirləndirilən şəxs iş materiallarına əlavə edilmiş videogörüntü qeydə alınmaqla onun üzərində şəxsi axtarış keçirilməsinə dair istintaq hərəkətinin əslində protokolda qeyd edildiyi kimi xx.xx.2023-cü il tarixdə deyil, xx.xx.2023cü il tarixdə keçirildiyini, videoçəkilişdən öncə polis əməkdaşlarının ona nəyi, necə deməli olduğunu, narkotik vasitənin “kakos” olduğunu deməsini, habelə N.Aburşunun ona narkotik vasitəni hardan tapması barədə suallar verəcəyini deyib, onun üçün bir növ təlimat verdiklərini qeyd etmişdir. Məhkəmə kollegiyası artıq yuxarıda xx.xx.2023-cü il tarixinə rəsmiləşdirilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkətinin qeyd edildiyi tarixdə deyil, xx.xx.2023-cü il tarixdə keçirilmiş olmasını inandırıcı qəbul etdiyini bir daha vurğulamaqla, həmin prosessual hərəkət zamanı qeydə alınmış videogörüntü ilə bağlı müəyyən edilmiş bir neçə halı vurğulamağı zəruri hesab edir. Belə ki, videogörüntünün 03:15 taymkodunda narkotik vasitənin qablaşdırıldıqdan sonra zərfin üzəri imzalanarkən Təqsirləndirilən şəxs,- “sual verməyəcəksiniz?” deyə müraciət etməsi, təhqiqatçı N.Aburşu isə sonuncuya cavab olaraq,- “sual verəcəm” deməsi, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilən mobil telefonun sönülü vəziyyətdə olması (şəxsin tutulmasından uzun müddət keçməsinə dəlalət edən haldır), habelə xidməti otaqda olan kompyuterin monitorunda görünənlərin montaj vasitəsilə “blur” effekti ilə görüntüsünün məhdudlaşdırılmış olması (ekrandan hər hansı formada tarix və saatın görünməsinin qarşısının alınmasına xidmət edir) müşahidə edilmişdir. Şübhəli şəxslə təhqiqatçı arasında qeyd edilən məzmunda dialoqun baş verməsi həyatında birinci dəfə üzərində şəxsi axtarış keçirilən şəxslə həqiqətən də, hərəkətin həyata keçirilməsindən öncə təhqiqatçı tərəfindən verəcəyi suallar və onların cavabını necə verməsi barədə danışıqların baş tutmasını deməyə əsas verir. Belə ki, həmin vaxt çay evi işlətməklə məşğul olub qazanc əldə edən şəxsin nəinki hər hansı formada narkotik vasitə satışı ilə məşğul olması (belə bir hala dair sübut iş materiallarında ümumiyyətlə yoxdur), habelə iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyi ilə narkotik vasitə istifadəçisi olmadığı müəyyən edilmiş şəxsin, yerdən tapdığı naməlum predmeti “sadəcə maraq üçün” götürüb üzərində saxlamış olmasının inandırıcı hesab edilməsi iş materiallarında olan və təqsirləndirilən şəxsin belə bir cinayət əməlini törətmədiyini deməyə əsas verən sübutların fonunda inandırıcı hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə istintaq orqanı tərəfindən yuxarıda qeyd edilən prosessual qanunvericiliyin tələblərinin pozulması fonunda, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi kimi ona polis əməkdaşları tərəfindən köməklik göstəriləcəyi, üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması, bunun üçün videoçəkiliş zamanı öyrədildiyi kimi hərəkət etməsinin məsləhət görülməsi və onun özünün bu məsləhət üzrə davranışı ilə bağlı halların mümkünlüyünü buna dair yuxarıda sadalanan kifayət qədər əsaslı şübhələrin mövcudluğunu məcmu halında qiymətləndirərək ağlabatan hesab edir. Bu isə özlüyündə yuxarıda qeyd edilən Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qadağan edilmiş predmetin aşkar edilməsi ilə bağlı ittihamın sübutlarının əsasını təşkil edən xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun mötəbər sübut kimi qəbul edilməsini cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından mümkünsüz edir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və X2 haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Bununla bağlı məhkəmə kollegiyası iş üzrə ibtidai istintaq müddətində təqsirləndirilən şəxs tərəfindən özünü qismən təqsirli bilən məzmunda ifadələr vermiş olmasına (ittiham tərəfinin sübutlarına) münasibətdə ilk növbədə qeyd edir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda sübutların məcmusu şəxsin təqsirsizliyini deməyə əsas verməsini vurğulamaqla yanaşı, qeyd edir ki, Təqsirləndirilən şəxs saxlandığı ilk andan psixi təsirə və uzun müddət qanunsuz olaraq azadlığı məhdudlaşdırılmaqla, hüquqlarının bir çox şəkildə pozulması ilə və həmin pozuntuların onun səhhətinin kəskin şəkildə pisləşməsi fonunda fiziki təzyiqə də məruz qalmış olması sonuncunun istintaq müddətində qismən də olsa etiraf edici ifadələr verməsi üçün məcburedici hal kimi qiymətləndirilməlidir. Bu səbəbdən Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində verdiyi ifadələri mötəbər sübut hesab edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin ilkin olaraq qismən etirafedici ifadələr verməsinə onun işçiləri ilə birlikdə saxlanılması ilə (həmin işçilərdən biri himayəsində azyaşlı övladı olan qadındır), sonrakı mərhələdə isə ibtidai istintaq müddətinin əsassız olaraq iki dəfə uzadılması, bununla da şəxsin davamlı olaraq uzun müddət həbsdə saxlanılması vasitəsi ilə nail olunmuşdur. Belə ki, cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavinin 16 oktyabr 2023-cü il tarixdə imzalanmış qərarı ilə ********* nömrəli cinayət işinin ibtidai istintaq müddəti 02 ay-06 ayadək, yəni 19 dekabr 2023-cü il tarixədək uzadılmış, həmçinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti də həmin tarixədək uzadılmışdır.(cild İ, i/v: 105-106; 107-111) Daha sonra yenidən Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavinin 06 dekabr 2023-cü il tarixdə imzalanmış qərraı ilə cinayət işi üzrə istintaq müddəti 01 ay-07 ayadək, yəni 19 yanvar 2024-cü il tarixədək uzadılmış, həmçinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti də həmin tarixədək uzadılmışdır. (cild İ, i/v: 158- 159; 162-165) İbtidai istintaq müddətinin və təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı vəsatətlər işin mürəkkəbliyi ilə əsaslandırılsa da, qeyd olunan mürəkkəbliyin nədən ibarət olması, ibtidai istintaqın AR CPM-nin 218.2.3-cü maddəsinin tələblərinə müvafiq olaraq 4 ay müddətində başa çatdırılmamasının səbəbləri heç nə ilə əsaslandırılmamışdır. Belə olan halda məhkəmə, yalnız bir təqsirləndirilən şəxsin cəlb olunduğu, bir epizodluq cinayət işi üzrə ibtidai isitintaq müddətinin (eyni zamanda həbs müddətinin) əsassız olaraq iki dəfə 7 ayadək uzadılmasını təqsirləndirilən şəxsə psixoloji təzyiqin bir növü kimi qiymətləndirir və cinayət işinin materialları ilə tanış olma zamanı da protokollara özünü təqsirli bilməməsini deyil, əməlinin CM-nin 234.1-1-ci maddəsinə tövsif edilməsinin xahiş etdiyini qeyd etməsini də, ibtidai istintaqın yekunlaşması və cinayət işinin məhkəməyə verilməsinə nail olmağa çalşması kimi qiymətləndirir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və X2 haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətinə görə, Təqsirləndirilən şəxs bu cür qanunsuz əldə olunmuş sübutlar əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsi nə cinayət mühakimə icraatının prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydalara, o cümlədən CPM-nin 125, 143-146-cı maddələrinə, nə də ki, (nəticə etibarı ilə) İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ehtiva etdiyi tələblərə uyğun deyil. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 125.2.1-ci maddəsinə əsasən İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir; 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; 125.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir; 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur və cinayət işi üzrə aparılmış istintaq hərəkətlərinin prosessual pozuntularla həyata keçirilməsi həmin şübhələrin mövcudluğunu bir daha təsdiq edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Məhkəmə kollegiyası iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsinə təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən barəsində təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis kapitanı X3 barəsində yol verdiyi prosessual pozuntularla bağlı xüsusi qərar çıxarılması məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinin mənası baxımından məhkəmə məsrəfləri məhkəmə tərəfindən yalnız məhkumun üzərinə qoyula bildiyindən, hazırkı iş üzrə isə Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə bəraət verildiyindən, o, cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat məhkəmə məsrəflərindən tam şəkildə azad edilməli və həmin məbləğ Dövlət Büdcəsi vəsaiti hesabından ödənilməlidir (CPM-198.2.). Eyni zamanda iş üzrə maddi sübut kimi tanınmış və qalıq qalmış 10,463 qram narkotik vasitə heroinin qanunla dövriyyəsi qadağan edildiyindən və həmin narkotik vasitənin mövcudluğu mübahisə doğurmadığından, onun qanunsuz olaraq əldə olunması saxlanılması, satışı və s. cinayət təqibi üçün əsas götürülə bildiyindən, hazırkı iş üzrə narkotik vasitənin əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavininə göndərilməli və BMCMİ-də saxlanılmaqla maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,463 qram narkotik vasitə heroin həmin iş materiallarına əlavə edilməlidir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən o, təqsirsiz hesab edilsin və ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qismində qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və bu hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. İş üzrə məhkəmə məsrəfi olan 114 (yüz on dörd) manat məbləğində pul dövlət büdcəsi hesabına aid edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış narkotik vasitə ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırki cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavininə göndərilsin və BMCMİ-də saxlanılmaqla maddi sübut kimi tanınmış və qalıq qalmış 10,463 qram narkotik vasitə heroin həmin iş materiallarına əlavə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər: Əli Məmmədov Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar