Məhkəmə qərarları › İş №1(101)-1243/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1243/2022

07.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1243/2022 07.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı şəhərində saat 16:15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, məhkəmənin iclas katibi, X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Siqma” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, P.Məmməd küçəsi döngə 1, ev 3 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Vələd oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2017,782 qram narkotik vasitə olan heroini əldə edib daşıyaraq bir hissəsini yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində, bir hissəsini isə üzərində saxlamış, mötəbər mənbədən daxil olmuş əməliyyat məlumat əsasında Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində 09 fevral 2022- ci il tarixdə, saat 21:30-da Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, P.Məmməd küçəsi döngə 1 ünvanın yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə gətirilib, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş qara rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə ümumi təmiz çəkisi 2,782 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, həmin tədbirlərin davamı olaraq yaşadığı ünvan 2 ünvanında yerləşən 1 otaqlı evinə baxış keçirilən zaman otaqdakı çarpayının üzərinə yığılmış döşəklərin arasından 1 ədəd qara rəngli sellofan torbanın içərisindəki iki ədəd şəffaf bükümlərin içərisindən ayrı-ayrılıqda təmiz çəkisi müvafiq olaraq 1795,0 qram və 220,0 qram, ümumi təmiz çəkisi 2015,0 qram olan külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, P.Məmməd küçəsi döngə 1, ev 3-də tək yaşayır, rəsmi olaraq heç bir dövlət orqanında işləmir, lakin fərdi qaydada günəmuzd işləyib dolanmışdır. O, təxminən 3 ildir, narkotik vasitə heroindən istifadə edir. O, narkotik vasitə olan heroini tanımadığı müxtəlif şəxslərdən alıb istifadə etmişdir. Tutulmamışdan təximənən 7 gün əvvəl axşam saatlarında o, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən qəbirstanlığın yanından keçirkən orada markasını və nömrəsini görmədiyi qara rəngli avtomobilin zibil yeşiklərin yanında saxladığını və sürücüsünün avtomobildən düşüb əlindəki bir ədəd qara sellofanda bağlamanı qoyub oradan uzaqlaşdığını görmüşdür. O, həmin bağlamanın nə olması ilə maraqlanaraq oraya yaxınlaşmış və bağlamanı açdıqda orada qəhvəyi rəngdə maddə görmüşdür. Özü narkotik vasitə istifadəçisi olduğu üçün spesifik iydən və dadından anlamışdır ki, həmin maddə narkotik vasitə olan heroindir. Həmin bağlamadan bir büküm götürərək istifadə üçün üzərində saxlamış, digər hissəsini isə yaşadığı evdə çarpayının üzərindəki döşəyin altında gizlətmişdir. Bir həftə ərzində o, həmin maddələrdən az miqdarda istifadə etmişdir. xx.xx.2022-ci İl tarixdə, saat 22 radələrində o, yaşadığı evə gələn zaman Sabunçu rayonu, P.Məmməd küçəsi yaxınlığında 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını demişlər. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra onun narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə məlumatları olduğunu bildirib, onun Sabunçu RPİ-nin 12-ci PŞ-nə getməli olduğunu bildirmişlər. O, da polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə 12-ci Polis Şöbəsinə gəlmiş, orada barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Daha sonra dövlət hesabına müdafiəçi təyin edilərək dəvət edilmişdir. Həmin müdafiəçi, yəni X3 ona təqdim edildikdən sonra hüquq və vəzifələri izah edilmişdir. Qeyd edilən hərəkətlər edildikdən sonra üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilib, şəxsi axtarış keçirilməzdən əvvəl videoçəkilişlə şəxsi axtarış aparılmasına dair etirazının olub-olmaması soruşulmuşdur. O, etirazı olmadığını bildirmiş və həmçinin də üzərində narkotik vasitə olduğuna görə müdafiəçinin yanında işitrak edib hüquqlarının müdafiəsinə ehtiyac olmadığını bildirmiş və müdafiəçinin iştirakı olmadan şəxsi axtarış keçirilməyini bildirdikdən sonra polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı tərəfindən ondan üzərində dövriyəsi qadağan edilmiş əşya və ya predmet olması soruşulduqda o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş “kakos” kimi tanıdığı narkotik vasitə olan heroini olmasını bildirib çıxarıb təqdim etmişdir. Bundan sonra həmin büküm polis əməkdaşları tərəfindən açılaraq baxılmışdır. Sonra üzərində şəxsi axtarış polis əməkdaşları tərəfindən davam etdirilmiş, lakin üzərindən başqa hər hansı narkotik vasitə aşkar olunmamışdır. Həmçinin tutulduğuna görə o, üzərindən aşkar edilmiş narkotik vasitənin bir hissəsinin də yaşadığı evdə olmasını bildirmiş, polis əməkdaşları həmin narkotik vasitəni harda əldə etdiyini soruşduqda o, həmin narkotik vasitəni hansı yolla tapmasını yuxarıda qeyd etdiyi kimi bildirmişdir. Onun üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılmışdır. Sonra bu barədə protokol tərtib edilmiş və o, da imzalamışdır. Bundan sonra polis əməkdaşları yaşadığı evə onun razılıq ərizəsinin əsasında videoçəkilişlə baxış keçirmişlər və evində olan çarpayının üzərindəki döşəyin altında gizlətdiyi qara rəngli torbanın içərisindəki narkotik vasitə olan heroini təqdim etmişdir. Həmin torba açılmış və içərisində 2 ədəd şəffaf bükümlərdə olan narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Evindən başqa hər hansı qanunla dövriyyəsi qadağan olunmuş əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş və o, da digər iştirakçılarla birlikdə imzalamışdır. Bundan başqa o, ifadəsində hər hansı şəxsə narkotik vasitə satmadığını, narkotik vasitəni tapdığı yerə atan şəxsi tanımadığını, həmin şəxsin idarə etdiyi avtomobilin markasını, modelini və dövlət qeydiyyat nişanını görmədiyini, ***-***-**-** mobil telefon nömrəsini istifadə etdiyini, həmin mobil telefon nömrəsinin tutulmamışdan bir neçə gün əvvəl Balaxanı qəsəbəsində yaşayan tanışı Əziz adlı şəxsdən alıb istifadə etdiyini bildirmişdir. Bundan başqa o, ifadəsində göstərimişdir ki, xx.xx.2022-ci il tarixədək olan sms-ləri Əziz özü yazmışdır, çünki həmin vaxt nömrə sonuncunun istifadəsində olmuşdur. xx.xx.2022-ci il tarixdə ********* mobil nömrəyə isə “Bibi” ləqəbi ilə tanınan qadına 1 qram narkotik vasitə istədiyini, “1 litr kola” deyərkən bir qram narkotik vasitə olan heroini nəzərdə tutduğunu, “Bibi” kimi müraciət etdiyi qadını tanımadığını, mobil nömrəsini isə yaşadığı qəsəbədə narkotik vasitə aludəçilərindən öyrəndiyini, həmin vaxt “Bibi” ləqəbi ilə tanıdığı qadın ona hər hansı miqdarda narkotik vasitə vermədiyini bildirmişdir. Əməlindən peşmandır. Məhkəmə Təqsirləndirilən şəxs ona verilən ittihamla özünü qismən təqsirli bilməsi barədə məhkəmədə verdiyi ifadəsini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirməklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin məhkəmə baxışı zamanı tədqiq edilmiş aşağıdakı sübut növləri ilə tam təsdiq olunması qənaətinə gəlir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sabunçu rayon polis idarəsinin 12-ci Polis şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 09 fevral 2022-ci il tarixdə onlara ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda ədə etmə, saxlama, hazırlama, emal etmə, daşıması və satması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması ilə əlaqədar olaraq ondan və Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilib həmin yerə gedilmişdir. Təqsirləndirilən şəxs həmin taixdə saat 21:30-da ünvan 5 ünvanının yaxınlığında piyada hərəkət edərkən ona yaxınlaşıb, özlərini təqdim edib, ona qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqda, daşımaqda və satmaqda şübhəli olmasını bildirərək 12-ci PŞ-nə gətirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, müdafiə hüquqları izah edilib müdafiəçi dəvət edilmiş və onun üzərinə videoçəkilişlə öz razılığı əsasında müdafiəçisinin iştirakı olmadan şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra həmin büküm açılmış və içərisində qəhvəyi rəngli maddə olması görünmüşdür. Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu və haradan əldə etdiyi soruşulduqda, o, həmin maddənin "kakos” olmasını bildirmiş və həmin hadisədən 7-8 gün əvvəl yaşadığı Sabunçu rayonu, Balaxanı qəsəbəsinin ərazisində yerləşən qəbirstanlığı yanında olarkən bir nəfər şəxsin maşınla orada olan zibil qutusunun yanına gəldiyini, həmin torbanı da zibil qutusunun yanına qoyduğunu gördüyünü demişdir. Həmin şəxsin torbanı zibil qutusuna tullamaması onda şübhə yaratmış və həmin şəxs getdikdən sonra həmin bağlamanı götürüb içərisinə baxıb heroin olduğunu bilmiş və özü istifadə etdiyinə görə götürmüşdür. Təqsirləndirilən şəxs həmin maddələri öz istifadə etməsi üçün saxladığını, bir hissəsini də yaşadığı Balaxanı qəsəbəsi, P.Məmmədov küçəsi döngə 1 ev 3 ünvanında saxladığını və həmin ünvana gedib oradakı çarpayının altında saxladığı maddəni təqdim edə biləcəyini demişdir. Bundan sonra onun üzərində şəxsi axtarış keçirilmiş, lakin üzərində hər hansı əşya, predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr 1 ədəd zərfdə qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Həmin protokol Təqsirləndirilən şəxs özü və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra həmin tədirlərin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvana, yəni ünvan 6 gəlinmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən baxış və götürmənin videoçəkilişlə vəkilin iştirakı olmadan aparılacağı barədə məlumat verilmiş, sonuncu da evinə videoçəkilişlə və müdafiəçinin iştirakı olmadan baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra, təhqiqatçı tərəfindən X8 Şahvələdova yaşadığı evdə dövriyyəsi qadağan olunmuş əşyaları təqdim olunmasını təklif edilmiş, Təqsirləndirilən şəxs yaşadığı 1 otaqlı evinə daxil olaraq oradakı çarpayının üzərində yerləşən döşəklərin arasında 1 ədəd qara rəngli torbanı çıxıb təqdim etmişdir. Həmin torba açıldıqda içərisində 2 ədəd şəffaf sellofana bükülmüş maddə görünmüşdür. Həmin şəffaf sellofan bükümlər bıçaqla kəsilmiş və içərisinə qəhvəyi rəngli, toz şəkilli maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin də "kakos” kimi tanıdığı maddə olmasını bildirmiş və və həmin hadisədən 7-8 gün əvvəl yaşadığı Balaxanı qəsəbəsinin ərazisində yerləşən qəbirstanlığı yanında olarkən bir nəfər şəxsin maşınla orada olan zibil qutusunun yanına gəldiyini, həmin torbanı da zibil qutusunun yanına qoyduğunu gördüyünü, həmin şəxsin torbanı zibil qutusuna tullamaması onda şübhə yaratdığından həmin şəxs getdikdən sonra həmin bağlamanı götürüb içərisinə baxdığını, içərisində narkotik vasitə heroin olduğunu gördüyünü və istifadə etdiyinə görə götürdüyünü bildirmişdir. Bundan sonra həmin otaqda digər əşyalara baxış keçirilib, lakin hər hansı qanunla dövriyyəsi qadağan olunmuş əlavə predmet, əşya və narkotik vasitə aşkar olunmamışdır. Aşkar edilmiş maddələr torbaya qablaşdırılıb ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu rayon polis idarəsinin NMBŞ-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 10 fevral 2022-ci il tarixli, 6/5819 saylı rəyindən görünür ki, təqdim edilmiş üzərində, vət. "Təqsirləndirilən şəxs götürülmüş....» sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,782 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -üzərində “Təqsirləndirilən şəxs götürülmüş....» sözləri, soyadlar və imzalar qeyd edilmiş üzəri yapışqan lentlə bağlanmış qara rəngli iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 1795,0 qram, 220,0 qram, ümumi təmiz çəkisi 2015,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik maddə heroindir. xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxildir. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1476 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə olunmuş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 767 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. -Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müəlicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Ünsiyyətçilik , emosional sabitlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs sensor-perspetiv proseslərinin fərdi xüsusiyyətləri, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilməsi hadisə şəraitini nəzərə alaraq müəyyənləşdirilsin. Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs sözügedən əməli törədən anda affekt vəziyyətində olmamışdır. Cinayət işinə əlavə edilmiş 09 fevral 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 09 fevral 2022-ci il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı İsa Süleymanov tərəfindən, Sabunçu RPİnin 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 və Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 Abil oğlunun iştirakı ilə, Təqsirləndirilən şəxs üzərində video-çəkilişlə şəxsi axtarış keçiriləcəyinə dair qərarla tanış edilmiş və vəzifələri izah edildikdən sonra saat 22-45-də şəxsi axtarış və götürmə başlanılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddə təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan “Kakos” olduğunu, təxminən 7 gün bundan əvvəl Balaxanı qəsəbəsi, qəbirstanlığın yaxınlığndan keçən zaman naməlum şəxsin ora qoyduğunu görərək bağlamanı götürdüyünü bildirmişdir. Həmin bağlamadan bir qismini üzərində istifadə üçün saxladığını, digər qismini isə yaşadığı Sabunçu rayonu, Balaxanı qəsəbəsi, P.Məmməd küçəsi ev 3-da gizlətdiyini qeyd etmişdir. Bundan başqa cinayət işininə əlavə edilmiş 09 fevral 2022-ci il tarixli “fərdi evə baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 09 fevral 2022-ci il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı İsa Süleymanov tərəfindən, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 və Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 Abil oğlunun iştirakı ilə, Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi və götürmə haqqında qərarla tanış edilmiş, həmin gün saat 23:30-da baxışın keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs qeyd etdiyi narkotik vasitənin evin hansı hissəsində olması göstərməsi təklif edilmişdir.Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı bir otaqdan ibarət evə daxil olaraq sol tərəfdə yerləşən çarpayının altını göstərmiş, sonra oradan bir ədəd qara rəngli sellofan və içərisindən iki ədəd şəffaf rəngdə sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddəni təqdim etmişdir. Əlavə suallara Təqsirləndirilən şəxs həmin maddələrini narkotik vasitə olan “Kakos” olduğunu, təxminən 7 gün bundan əvvəl Balaxanı qəsəbəsi, qəbirstanlığın yaxınlığndan keçən zaman naməlum şəxsin ora qoyduğunu görərək həmin bağlamanı götürdüyünü və bağlamada olan maddələri evdə çarpayının altında gizlətdiyini qeyd etmişdir. Əlavə olaraq həmin maddəni öz isitifadə üçün orada saxladığını bildirmidşdir. Cinayət işinin materiallarına əlavə edilmiş 01 may 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, «Azerfon MMC»-nin 18 aprel 2022-cİ il tarixli AZF/LGL-5443/22 nömrəli məktubuna əlavə olunaraq Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilmiş, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə ilə aparılan danışıqların, rabitə və digər texniki vasitələrinə ötürülən məlumatları özündə əks etdirən 01 ədəd CD diskə 01 may 2022-ci il tarixdə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı nömrənin ünvan 7 ünvanında qeydiyyatda olan X1 məxsus olması göstərilmişdir. ***-***-**-** saylı nömrə ilə müxtəlif nömrələrin sahibləri arasında müxtəlif saatlarda danışıqların və SMS yazışmaların aparıldığı, «SMS» mesajların məzmunundan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilmişdir. Belə ki, xx-xx-2021-ci il saat 19:08:46-də istifadəsində olan ********* mobil nörədən ********* mobil nömrəyə “Menem eziz nomre menimdi brat mende 15” məzmunlu, xx-xx-2021 20:51:57 -də ********* mobil nömrəyə “25 manatlıq kola 2” məzmunlu, xx-xx-2021-ci il 20:38:31-də ********* mobil nömrəyə “ Vayaq didiyen kimi 06. Pat qram kola alib temiz 0.1 qram kola vermey olar" məzmunlu, xx-xx-2022-ci il 19:24:30də isə ********* mobil nömmrəyə “BİBİ SALAM.FAİQDİ MENE 1 LİTR KOLA LAZİMDİR PULUYNAN.ALİNAR MENE CAVAB DE” məzmunlu mesajlar yazılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələlərində ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, üzərindən və yaşadığı ünvandan aşkar olunaraq götürülmüş külli miqdarda narkotik vasitə olan heroini satış məqsədilə deyil, yalnız öz istifadəsi üçün üzərində daşıması və yaşadığı ünvanda saxlaması cinayət işi üzrə dindirilmiş şahid ifadələri və iş üzrə toplanmış digər sübutların məcmusu ilə də təkzib edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs mənzilindən və üzərindən aşkar olunaraq götürülən narkotik vasitənin külli miqdarda yəni 2kq 17, 782 qram olması həmçinin istifadə etdiyi mobil telefonda aşkar edilmiş SMS yazışmaları onun narkotik vasitələri satış məqsədilə əldə edib üzərində və mənzilində saxlaması qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1 -ci maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Hazırda məhkumluğu ödənilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 -cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 09 fevral 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Faiq Şhverdiyev barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmaqla Sabunçu rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 2017,632 qram narkotik vasitə heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması barədə videoçəkilişləri, telefon danışıqlarını və sms yazışmalarını əks etdirən 03 ədəd CD disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi “Siqma” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından müdafiəçi Təqsirləndirilən şəxs qızına 120 (yüz iyirmi) manat pul onun vəkil işlədiyi “Siqma” Vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 09 fevral 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Sabunçu rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 2017,632 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması barədə videoçəkilişləri, telefon danışıqlarını və sms yazışmalarını əks etdirən 03 ədəd CD disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi 120 (yüz iyirmi) manat pul onun vəkil işlədiyi “Siqma” Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar