Məhkəmə qərarları › İş №1(101)-1243/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1243/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1243/2023 31.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 15:10 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X2, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1986-cı il tarixdə Ağdam rayonunun Mirəşəlli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonunun Mirəşəlli kəndində qeydiyyatda olan və faktiki həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mədən küçəsində tanışı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı üzərində gəzdirdiyi bıçağı çıxararaq Zərərçəkmiş şəxs boyun nahiyəsindən və bədənindən bir neçə dəfə bıçaqla vuraraq ona diafraqmanın və mədənin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin bir ədəd daxilə nüfuz edən torokoobdominal deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin ön səthinin sağ yuxan bayır şöbəsinin bir ədəd, boyunun bir ədəd, sol bazunun bir ədəd, sağ bazunun üç ədəd, sağ saidin iki ədəd, sağ qaşın bayır bucağı nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yaraları, boyunda sağda bir ədəd, sağ əlin İ və İİ barmaqlarının səthi kəsilmiş yaraları, sağ bazunun cızığı ilə nəticələnən, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, hadisədən təxminən 4-5 ay əvvəl həyat yoldaşı Şahid2 ona qarşı münasibətinin dəyişməsi və aqressiv olmasına görə həyatında kiminsə ola biləcəyindən şübhələnmişdir. Bundan əlavə bir neçə dəfə taksi lazım olanda israrla kənddə taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi Elgün adlı şəxsin çağırılmasını istəməsi şübhələrini daha da artırmışdır. 05 sentyabr 2022-ci ildə saat təxminən 14 radələrində həkimə getməli olduqlarından Aygün taksi kimi Elgünü çağırmağı təklif etmiş, o da Elgünə zəng vuraraq taksi lazım olduğunu bildirdikdə sonuncu hazırda kənddə olmadığını, bir saat ərzində gələ biləcəyini demişdir. Bir saatdan sonra Elgün onlara gəlmiş və o, Aygünlə birlikdə Elgünün maşını ilə Quzanlı kəndində yerləşən rayon xəstəxanasına getmişlər. Həkim xəstəxanada olmadığından yolun yarısından, yəni Xındırıstan kəndindən geri qayıtmışlar. Qayıdarkən yolda Elgün halının pis olduğunu deyib avtomobili onun sürməyini istəmiş, o da razılaşmışdır. O, sükan arxasına, Elgün isə sürücünün yan oturacağına oturaraq oturacağı açmış və yarıuzanıqlı vəziyyətdə yollarına davam etmişlər. Evə çatanda Elgünü evə dəvət edərək halı yaxşılaşana qədər evdə dincəlməyini və lazım olarsa iynə vurmağı təklif etmişdir. Evə daxil olduqda Elgünə uzanmağı təklif etmiş və Aygün Elgünə ağrıkəsici iynə vurmuşdur. Aygün və Elgün otaqda olanda o, həyətə ayaqyoluna getməli olduğunu demiş, evdən çıxarkən həyətdə qonşunun gəlinini görmüş və əynində mayka olduğu üçün utanaraq cəld evə qayıtmışdır. Evə daxil olanda Elgünün uzanıqlı vəziyyətdə, yoldaşı Aygünün isə oturaqlı vəziyyətdə Elgünə tərəf əyilərək öpüşdüklərini görmüşdür. Həmin vaxt Elgün onun gəldiyini görüb əli ilə Aygünü itələmişdir. Elgün özünü itirərək onu yanına çağırmış və əlini başına qoymağını istəyərək təzyiqinin olduğunu bildirmişdir. O da gördükləri ilə bağlı heç nəyi biruzə verməyərək həkim olmadığını demiş və əlini Elgünün başına qoymamışdır. X11 çay gətirmiş, bundan sonra sonuncu vəziyyətinin bir az yaxşı olduğunu deyərək getmək istədiyini bildirmişdir. O, Elgünü yola saldıqdan sonra evə qayıtmış, oğlu Ümidi qonşuya göndərmişdir. X8 öpüşdüyünü gördüyünü demiş, amma Aygün inkar etmişdir. O, Aygünə bir neçə yumruq zərbəsi və bir dəfə də ağac parçası ilə vurmuş, bundan sonra Aygün onu döyməyini dayandırmağı və hər şeyi etiraf edəcəyini demişdir. O da vurmağı dayandırmış, Aygün ona Elgünlə öpüşdüyünü etiraf etmiş və pozğun damğası ilə yox, guya dolana bilmədikləri səbəbi ilə onu boşaması üçün yalvarmışdır. O, Aygünün bacısı Gülnara zəng vuraraq hadisəni olduğu kimi danışmış və taksi ilə Aygünü Bakıya göndərdiyini bildirmişdir. Sonra Aygünün anası Aynaya zəng vurub hadisəni olduğu kimi danışmışdır. Təxminən 4-5 saatdan sonra Aygünün qardaşı Nail zəng vuraraq məsələ ilə maraqlanmış, o da hadisəni olduğu kimi danışmışdır. Nail ona “gözlə mən Elgünün qardaşı Faiqlə danışım və hadisəni bir də Elgündən soruşum” demiş və təxminən saat 21 radələrində Nail yenidən ona zəng vuraraq Elgünün hazırda Bakıya gəlmək üçün yola çıxdığını, Bakıya çatan kimi onun yanına gələcəyini bildirmiş və onu səbrli olmağa çağırmışdır. Saat 23 radələrində Nail ona zəng vuraraq Elgünün nömrəsinə zəng çatmadığını və qardaşlarının onu axtardığını bildirmişdir. O, sentyabrın 6-da Bakıya gəlmiş və Elgünün qardaşı Faiqlə danışmış, Faiq ona hələ də Elgünü tapa bilmədiyini demişdir. 06 sentyabr 2022-ci ildə axşam saatlarında rayona qayıtmışdır. 08 sentyabr 2022-ci ildə Faiq ona zəng vuraraq Elgünün hansısa məsciddə and içərək Qurana əl basmasını göstərən şəkil göndərdiyini demişdir. O da Faiqə Elgünün üzə çıxmasını, onunla üzbəüz söhbət etmək istədiyini bildirmişdir. Amma həmin gün Elgün görüşə gəlməmişdir. 11 sentyabr 2022-ci ildə Nail ona zəng vuraraq Faiqin Elgünü görüşə gətirəcəyini bildirmişdir. O, səhəri gün saat təxminən 21 radələrində Bakıya gəlmiş və Naillə görüşmüşdür. Sonra Nailin avtomobili ilə Faiqin Suraxanı rayonunda mədənlərin arasında yerləşən evinə tərəf getmişlər. Onlar Suraxanıya çatanda Faiqin evinin yaxınlığında Elgünün, qardaşı Faiqin və digər qardaşı İmranın onları gözlədiklərini görmüşlər. Onlarla salamlaşdıqdan sonra Elgünün dayısı onların yanına gəlmiş, Faiq İmran və dayısına yanlarından çıxıb getmələrini, onların özlərinin söhbət edəcəklərini bildirmişdir. İmran və dayısı getdikdən sonra onlar dördü söhbət etməyə başlamışlar. O, hadisəni danışanda Elgün and içərək elə bir şeyin olmadığını bildirmişdir. O da hadisəni gözləri ilə gördüyünü və Elgünün yalan danışdığını demişdir. Elgün məscidə gedib and içməyi təklif etmiş, o da Elgünə inanmadığını demişdir. Elgün Aygünü də götürüb məscidə getməyi təklif etmiş, o da inanmadığı halda Aygünü də götürməyə razılıq vermişdir. Elgün, Faiq, Nail və o sonuncunun avtomobilinə əyləşərək Aygünü götürməyə getmişlər. Bir müddət avtomobillə getdikdən sonra Nail maşını qəflətən yoldan çıxarıb saxlamış və Faiqə irad bildirərək niyə onun üstünə adam gətirdiyini soruşmuşdur. Faiq də and içərək heç kəsi arxasıyla gətirmədiyini bildirmişdir. Bu vaxt o dönüb geriyə baxmış və arxalarında ağ rəngli “BMW” markalı avtomobil görmüşdür. Avtomobildə Elgünün əmisi oğlu Xətai, Elgünün qardaşı İmran və xalası oğlu Sabir adlı şəxs olmuşdur. Nail maşından düşmüş, Faiq də avtomobildən düşmək istəyərkən ona qarşı hansısa hərəkət edəcəklərindən şübhələnmiş və Elgün maşından düşərkən əvvəlcədən üzərində gətirdiyi bıçaqla Elgünə ardıcıl bir neçə bıçaq zərbəsi vurmuşdur. Harasından və necə vurduğunu xatırlamır. Hər şey anidən baş vermişdir. X14 maşınına mindirərək xəstəxanaya aparmışdır. O, bir qədər kənarda yayınıb gizləndikdən sonra taksi saxlamış və rayona getmək istəmişdir. Suraxanıda dəmir yoluna çatdıqda taksi sürücüsü üstünün və əlinin qan olduğunu görüb onu maşından düşürtmüşdür. Sonra bir qədər gəzişdikdən sonra başqa taksi ilə Günəşli qəsəbəsinə gedib dükandan siqaret almış və Günəşlidə yerləşən Polis Bölməsinə gedərək hadisəni danışıb təslim olmuşdur. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, sonuncunun ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən bütün bu halların, özünün ciyərinin xəstə olmasını, həyat yoldaşının ağır şəkər xəstəsi, uşağının birinin talasemiya xəstəsi olmasının, əməlindən səmimi peşman olmasının, himayəsində iki azyaşlı uşaqlarının olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı tam etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, o, yaşadığı Mirəşəlli kənddə taksi fəaliyyəti ilə məşğul olur. 05 sentyabr 2022-ci ildə saat təxminən 22 radələrində həmkəndlisi Araz ona zəng edərək onları xəstəxanaya aparmağını istəmişdir. O da təxminən yarım saatdan sonra Arazgilin evinə gəlmiş, Arazı və yoldaşını Quzanlı kəndində yerləşən xəstəxanaya aparmaq üçün yola çıxmış, xəstəxanaya çatdıqda Araz onları gözləməyini istəmişdir. Sonra Araz və yoldaşı xəstəxanadan çıxdıqdan sonra onları evlərinə aparmaq üçün kəndə doğru getmişlər. Yolda olarkən böyrəyindən sancı tutduğu üçün avtomobili sürə bilmədiyindən Araz sürmüşdür. Arazgilə çatdıqda dərhal qayıtmaq istəmiş, amma Araz narahat olduğu üçün ona “gəl evə yoldaşım sənə iynə vursun, yaxşılaşandan sonra çıxıb gedərsən” demişdir. O da evə girmiş və Araz onu çarpayıya uzatmışdır. Uzanıb siqaret çəkmiş, Araz da mətbəxə külqabı gətirməyə getmişdir. Bu vaxt Arazın yoldaşı Aygün yanına gələrək əlini alnına qoymuş və onun nəbzini ölçmək istəmişdir. O da Aygünün əlini itələyərək nəbzin alından yox, biləkdən ölçüldüyünü demişdir. Həmin vaxt Araz külqabını gətirib içəri girmişdir. O, Araza zarafatla yoldaşının nəbzin hardan ölçülməli olduğunu bilmədiyini bildirmiş, Araz da nəbz ölçməkdən başı çıxmadığını demişdir. Araz külqabını yanına qoyub digər çarpayıda uzanmışdır. Sonra Aygün ona ağrıkəsici iynə vurmuşdur. Getmək istədiyini bildirdikdə Araz ona demişdir ki, “gözlə Aygün çay gətirsin, içək, sonra get”. Çay içdikdən sonra iynənin təsirindən evə gedib yatmaq istədiyini bildirmişdir. Araz orada yatıb dincəlməyini demiş, o isə evə getmək istədiyini bildirmişdir. Sonra Araz onun qolundan tutaraq maşına qədər aparmış, o, maşına oturarkən Araz ondan siqaret istəmiş, o da siqaret qutusunu açıb Araza tərəf tutmuş, sonuncu da 3-4 dənə siqaret götürüb evinə tərəf getmişdir. Evə gedib uzanıb yatmış, yuxudan durub Arazın ona zəng vurmadığını görüb niyə onunla maraqlanmadığını irad bildirmək üçün Araza zəng etmiş, amma Araz zənginə cavab verməmişdir. Sonra yenidən kəndin içinə çıxıb taksi fəaliyyəti ilə məşğul olmuşdur. 06 sentyabr 2022-ci ildə saat təxminən 18:00 radələrində Bakıda yaşayan qardaşı Faiq ona zəng vuraraq Arazın yoldaşı Aygünlə aralarında şəxsi münasibətin olub-olmamasını soruşmuş, o da heç bir şəxsi münasibətlərinin olmadığını bildirmişdir. Faiq ona demişdir ki, “Araz Aygünü döyüb Bakıya bacısının yanına göndərib ki, sənin Elgünlə şəxsi münasibətin var”. Faiq ondan təkrar həmin gün Aygünlə öpüşüb-öpüşmədiklərini soruşmuş, o da elə bir şeyin olmadığını bildirmişdir. Faiq də ona əgər elə bir şey yoxdursa niyə görə Aygünün qardaşı Nailin zəng vurub belə məsələni dediyini soruşmuş, o da Faiqə əgər Araz belə bir şey görmüşdüsə niyə ona evində çay verdiyini demişdir. Faiq ona Bakıya gəlib Naili başa salmağını, belə bir şeyin olmadığını izah etməyini istəmiş, o da bu söhbətləri aydınlaşdırmaq üçün Bakıya yola düşmüşdür. Kürdəmirdə olarkən Faiq yenidən zəng vuraraq ona inanmadığını bildirmiş, o da hirsindən telefonu yerə vurub qırmışdır. Bakıya çatanda Sabunçu qəsəbəsində yaşayan dayısının evinə getmişdir. Səhəri günü məscidə gedib Quran kitabına əl basaraq belə bir şeyin olmadığını, tamamilə səhv anlaşıldığını bildirərək andını videoya çəkib qardaşı Faiqə göndərmiş, həmin videonu Aygünün anasına, Nailə və atasına göndərməsini xahiş etmiş və bildirmişdir ki, ona inanmadıqları üçün onu daha axtarmasın. Sonra Beyləqan rayonuna getmək üçün yola düşmüş, yolda fikrini dəyişərək Ağcabədi rayonunun Hindarx qəsəbəsinə getmişdir. İki gün orada qaldıqdan sonra yenidən Bakıya qayıtmaq qərarına gəlmiş, Bakıya gəldikdə Faiqin uşağının xəstəxanada olduğunu eşitmiş və Sabunçu xəstəxanasına getmişdir. Xəstəxanada Faiqlə söhbət etdikdən sonra Naili xəstəxanaya çağırmasını istəmiş, Faiq də Nailə zəng vuraraq xəstəxanaya çağırmışdır. Nail də təxminən bir saatdan sonra xəstəxanaya gəlmişdir. O, Naillə xəstəxananın həyətində təkbətək söhbət etmiş, hər şeyi olduğu kimi Nailə danışmış və Aygünlə aralarında heç bir şeyin olmadığını demişdir. Nail onu başa düşdüyünü demiş və bu məsələnin tam aydınlaşması üçün Arazı da Bakıya çağıracağını bildirmişdir. 12 sentyabr 2022-ci ildə axşam saatlarında Nail Faiqə zəng vuraraq Arazın Bakıya gəldiyini demiş və bu səbəbdən görüşüb məsələni aydınlaşdırmağın vacib olduğunu bildirmişdir. Təxminən axşam saat 21 radələrində X12 yaşadığı məhəlləyə gəlmişlər. O, Faiq və qardaşı İmran küçəyə çıxmış, birlikdə söhbət etmişlər. O Araza da demişdir ki, “sən bizi səhv başa düşmüsən,sən külqabını gətirərkən Aygün mənim nəbzimi ölçürdü”. Araz da “mən içəri girən vaxt sən Aygünü qolundan tutaraq itələdin” deyə cavab vermişdir. Bir az söhbət etdikdən sonra demişdir ki, “gedək sizin qarşınızda mən yenidən Qurana əl basaraq elə bir şeyin olmamasını sübut edim”. Bu vaxt Nail demişdir ki, “gedək Aygünü də götürək, ikiniz də and için”. Buna görə də onlar Aygünü Suraxanıda yaşayan dayısıgildən götürmək üçün Nailin maşını ilə yola çıxmışlar. Nail maşını sürmüş, Araz qabaqda Nailin yanında oturmuş, qardaşı Faiq və o arxada oturmuşdur. O Nailin arxasında, Faiq isə Arazın arxasında oturmuşdur. Yolda Nail maşını saxlayaraq onun əmisi oğlunun hansı səbəbdən arxalarıyca gəldiyini soruşmuş, Faiq də heç kəsi arxasıyla gətirmədiyini demişdir. Nail Faiqə hirslənərək maşından düşməsini istəmiş, Faiq də qayıtmaqları üçün onlarla danışacağını Nailə demişdir. Faiq maşından düşəndə o da maşından düşmək istəmiş, bu vaxt onu vurmuşlar. Onu kimin və nə ilə vurduğunu bilməmişdir. Bir anlıq huşu getmiş, özünə gəldiyində Arazın onu bıçaqladığını görmüşdür. Maşından düşmək istəmiş, amma maşının qapısı bağlı olduğu üçün düşə bilməmişdir. Bu vaxt Faiq onun tərəfdən qapını çöldən açmış və o, özünü yerə atmışdır. O, Arazın qabaq qapıdan düşərək qaçıb uzaqlaşdığını görmüşdür. Sonra onu Nailin avtomobili ilə xəstəxanaya aparmışlar. Hazırda Təqsirləndirilən şəxsla barışmış və onu bağışlamışdır, Araza qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş X6 göstərdi ki, 05 sentyabr 2022-ci ildə Bakı şəhərində yaşayan digər yeznəsi Orxan ona zəng vuraraq bacısı Aygünün evində problem olduğunu və Aygünün hazırda onlara gəldiyini bildirmişdir. O da yeznəsi Araza zəng vurub evdə nə problem olduğunu soruşmuş, Araz da ona Aygünün həmkəndlisi Elgünlə öz evində öpüşərkən gördüyünü, buna görə də Aygünü evdən göndərdiyini demişdir. O, Faiqə zəng vurub görüşmək istədiyini demiş, sonra Faiqin yaşadığı evə gedib onunla söhbət etmiş və qardaşı Elgünün harada olduğunu soruşmuşdur. Faiq qardaşı Elgünün rayonda olduğunu və belə bir şeyin baş verə biləcəyinə inanmadığını demiş, o da əsəbləşərək Elgünü tez bir zamanda tapmağını tələb etmişdir. Bir neçə dəfə Faiqə zəng vuraraq Elgünü tapıb-tapmadığını soruşmuş, onlar da Elgünü hələ də tapa bilmədiklərini demişlər. 11 sentyabr 2022-ci ildə Faiq ona zəng vuraraq Elgünün Bakı şəhərinə gəldiyini bildirmişdir. Həmin gün axşam Elgün, Faiq və digər qardaşları İmranla Sabunçu xəstəxanasında görüşmüşlər. Elgünlə söhbət etdikdə sonuncu hadisənin bu cür olmadığını, Arazın ona şər atdığını və lazım olsa Arazla üzləşə biləcəyini də demişdir. O, Araza zəng vurub Elgünlə bir yerdə olduğunu və Elgünün belə bir hadisənin olmadığını bildirdiyini demək istəmiş, amma Araza zəng çatmamışdır. Sonra evə getmiş, Araza yenidən zəng vurub Elgünün hadisəni dandığını demiş və ona görə də üzləşmək üçün Arazın Bakıya gəlməli olduğunu bildirmişdir. 12 sentyabr 2022-ci ildə saat təxminən 18-19 arası Araz onun iş yerinə gəlmiş, Arazla yemək yedikdən sonra Faiqə zəng vurub Arazın Bakıya gəldiyini və görüşmək lazım olduğu bildirmişdir. Təxminən saat 21 radələrində o, Arazla Faiqin yaşadığı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Tosoil” yanacaqdoldurma məntəqəsinin yanındakı evinə getmişlər. Təxminən beş qəqiqə sonra Elgün, Faiq, İmran və dayısı onların yanına gəlmiş, amma o, Elgünün dayısının bu söhbəti eşitməli olmadığını bildirərək onun getməsini istəmiş və dayısı yenidən evə getmişdir. Daha sonra Arazla Elgün üzləşmiş, amma Elgün söyüş söyərək belə bir hadisənin olmadığını bildirmişdir. Bir az da söhbət etdikdən sonra bacısı Aygünü də üzləşdirməyi qərara almışlar və təxminən 20 dəqiqə sonra Aygünün qonaq getdiyi Ramana qəsəbəsinə doğru yola çıxmışlar. Yolda olarkən arxalarınca Elgünün əmisi oğlunun avtomobilinin gəldiyini görmüşdür. Dəqiqləşdirmək üçün maşını saxlayıb su almağa düşmüş, düşərkən arxalarınca gələn avtomobilin Xətainin olduğunu dəqiqləşdirmişdir. Onlar yollarına davam edib bir az getdikdən sonra həmin maşının yenidən arxalarınca gəldiyini görmüşdür. O, narahat olaraq maşını saxlamış və Faiqə irad bildirərək arxasınca hansı səbəbdən adam gətirdiyini soruşmuş və aralarında sözə mübahisə olmuşdur. Sonra Faiq qardaşı İmrana zəng vuraraq geri qayıtmalarını demişdir. O, arxa oturacaqda oturan Faiqə əsəbləşib maşından düşməyini tələb etmiş, amma onlar maşından düşmək istəməmişdir. Bundan sonra Arazla Elgünün arasında sözlə mübahisə baş vermiş, Araz Elgünə əsəbləşərək düzgün olmayan əməl törətdiyi azmış kimi hələ səs-küy də saldığını bildirərək Elgünü yumruqla vurmuş və ardınca da bıçağı çıxarıb Elgünü bıçaqlamışdır. Sonra o, Arazı Elgündən aralamış, Elgünü Faiqlə birlikdə onun avtomobili ilə Suraxanı rayonunun təcili yardımına çatdırmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 şahid X3 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, 05 sentyabr 2022-ci il tarixdə əri Araz onu xəstəxanaya aparmaq üçün taksi çağırmışdır. Taksi sürücüsü kimi gələn şəxs isə həmkəndlisi Elgün adlı şəxs olmuşdu. Onlar xəstəxanaya getdikdə həkimin orada olmadığını bilib geri qayıtmışlar. X16 özünü yaxşı hiss etmədiyini, onun yerinə avtomobili Arazın idarə etməyini demişdir. Yarı yoldan evlərinədək Elgünün avtomobilini Araz idarə etmiş, evə çatdıqdan sonra Elgün hələ də özünü pis hiss etdiyini demişdir. Araz da Elgünü evə dəvət etmişdir ki, “gedək evə Aygün sənə iynə vursun sən də özünə gəldikdən sonra çıxıb gedərsən”. Evə girdikdən sonra Elgün qonaq otağında çarpayının üzərinə uzanmış, o isə Elgünə ağrıkəsici iynə vurmuşdur. Bir az sonra Elgün özünə gəldiyini demişdir. Araz mətbəxə su içməyə getdiyi zaman Elgün onun qolundan tutaraq özünə tərəf çəkmiş və onu qucaqlamışdır. O anda Araz içəri girmiş və onları həmin vəziyyətdə görmüşdür. O, Arazın içəri girdiyini gördükdə tez özünü yığışdırıb ayağa qalxmışdır. Sonra Araz onlara heç nə demədən Elgünə çay verməyini istəmiş, o da Elgünə çay vermişdir. Elgün özünü yaxşı hiss etdiyi üçün evlərinə getmək istədiyini bildirmiş və maşını üzü çıxış istiqamətinə döndərib ona verməyini, özünün birtəhər sürüb gedəcəyini Araza demişdir. Elgün getdikdən sonra Araz ondan heç nə soruşmadan onun gözünə və qoluna yumruqla vurmuşdur. O, Araza Elgünlə heç bir münasibətinin olmadığını, onun gördüyü şeylərin həqiqət olmadığını desə də Araz ona inanmamışdır. O Araza əgər inanmırsa Elgünü çağırıb soruşmasını təklif etmiş, amma Araz razılaşmamışdır. Sonra Araz taksi çağıraraq onu və uşaqlarını Bakıya bacısı Gülnarın yanına göndərmişdir. Bacısıgilə gəldikdən sonra Arazın anasına zəng vurub gördüklərini danışdığını eşitmişdir. Sonra qardaşı Nail bacısına zəng vurub hadisəni danışmağını istəmiş, o da Arazın ona şər atdığını demişdir. 06 sentyabr 2022-ci ildə Elgünün qardaşı Faiq həyat yoldaşı ilə bacısıgilə gələrək Arazın Elgünə nəsə edə biləcəyindən narahat olduğunu və bu səbəbdən Elgünü gizlətdiyini bildirmişdir. O da X10 üzbəüz görüşdürməməsini tapşırmış və Elgünü qardaşı Naillə görüşdürüb söhbət etməsinin vacibliyini bildirmişdir. 1-2 gün sonra Faiq yenidən bacısıgilə gələrək Elgünün yerini bilmədiyini demiş və Elgünə görə ailəsindən boşanmamağını məsləhət görmüşdür. O da Faiqə artıq Arazla ailə ola bilməyəcəyini demiş, o gündən sonra heç kəslə bu məsələ haqqında danışmamışdır. 12 sentyabr tarixində dayısı ona Arazın Elgünü bıçaqla vurduğunu demişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspertiza rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. Hadisə yerinə baxış keçirilməsi haqqında 13 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mədən küçəsindədir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 7-10). İfadənin yerində yoxlanılması barədə 14 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə ilə bağlı ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 38-39). Məhkəmə-tibbi ekspertizasının 19 dekabr 2022-ci il tarixli 1416 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs diafraqmanın və mədənin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin bir ədəd daxilə nüfuz edən torokoobodominal deşilmiş-kəsilmiş yarası,döş qəfəsinin ön səthinin sağ yuxarı bayır şöbəsinin bir ədəd,boyunun bir ədəd,sol bazunun bir ədəd,sağ bazunun üç ədəd,sağ saidin iki ədəd,sağ qaşın bayır bucağı nahiyəsinin bir ədəd kəsilmiş-deşilmiş yaraları,boyunda sağda bir ədəd,sağ əlin İ və İİ barmaqlarının səthi kəsilmiş yaraları,sağ bazunun cızığı olmuşdur. Qeyd olunan xəsarətlər deşici-kəsici əşyanın (ola bilsin bıçaq) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərəvurmaya aiddir (cild 1, iş vərəqə 85-95). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il və xx.xx.2017-ci il təvəllüdlü iki azyaşlı uşaqları vardır (cild 1, iş vərəqə 99). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli tibbi sənəddən görünür ki, Şahid2 şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Cinayət işinin materiallarına əlavə edilmiş 1551 nömrəli çıxarışın surətindən görünür ki, X5 enteropatik artropatiyalar, dövrü xəstəlik FMF-irsi genetik mənşəli heteroziqot, mutasiya uğramış forma, ağır gedişli aseptik periodik hipertermiya tutmalarından əziyyət çəkir. Zərərçəkmiş şəxs 03 aprel 2023-cü il tarixli ərizə ilə ibtidai istintaq orqanına müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, onu bağışladığını, ona qarşı şikayətinin və tələbinin olmadığını bildirmişdir (cild 1, iş vərəqə 226). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 101-105). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, özünü təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin 03 mart 2023-cü il tarixli qərarı ilə həbsdən azad edilmiş, ibtidai istintaq orqanının 03 mart 2023-cü il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 27, 61-62,197-202,203-204). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2022-ci il tarixdən 03 mart 2023-cü il tarixədək tutulduğu və həbsdə olduğu 5 ay 18 gün ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı, cəzanın çəkilməsi müddətinin başlanğıcı 31 may 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu və həbsdə olduğu 5 ay 18 gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq onun üzərində 2 (iki) il 6 (altı) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 31 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırma zamanı seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına vəkil X4 üçün 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar