Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1244/2021 09.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 4 (dörd) azyaşlı uşağı olan, orta təhsilli, həbs olunanadək fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Qaradağ rayonu, Şanqar qəsəbəsi, ev 2, mənzil 1-də qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 08 aprel 2021ci il tarixdə, saat 23:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Şanqar qəsəbəsində yerləşən “Talış” marketdə şəxsi münasibətlərin pozulması zəminində aralarında baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə 1 (bir) dəfə qəsdən kürək nahiyəsindən vuraraq sonuncuya sol tərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayət olunan və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, həbs olunanadək yaşadığı evin qarşısındakı “Talış” marketdə ticarətlə məşğul olmuşdur. O, Zərərçəkmiş şəxs uşaq vaxtlarından tanıyır. Onların arasında dostluq münasibətləri olmuşdur. Onunla zərərçəkmiş şəxs arasında heç vaxt düşmənçilik və ədavət olmamış, əksinə onlar dost olmuşlar. O, hadisə baş verən gün işlədiyi mağazada inkubator aparatını təmir etmişdir. Zərərçəkmiş şəxs da həmin gün onun yanına gəlmiş və inkubator aparatını təmir etməyə kömək etmişdir. Onlar işlədikdən sonra axşam saatlarında acdıqlarından axşam yeməyi yemək qərarına gəlmişlər. Əvvəlcə Məhərrəm mağazada olan vitrindəki kolbasalardan birini yemək üçün götürmüşdür. O isə Məhərrəmə götürdüyü həmin kolbasanı yerinə qoymasını, daha keyfiyyətli kolbasa götürməsini bildirmişdir. Kolbasa doğramaq üçün dükanda gündəlik istifadə üçün bıçaq olmuşdur. Məhərrəm əvvəlcə həmin bıçağı götürərək kolbasanı doğramaq istəmişdir. O, kolbasanı özü doğramaq istəmiş və bu məqsədlə Məhərrəmdən bıçağı almışdır. Bundan sonra Məhərrəm bıçağı ondan almaq qərarına gələrək kolbasanı özü doğramaq istədiyini bildirmişdir. O isə kolbasanı özü doğrayacağını bildirmişdir. Bu səbəbdən onların arasında kolbasanı doğramaq üstündə mübahisə baş vermişdir. Onlar uşaqlıqdan dostluq etdiklərindən aralarındakı mübahisə daha çox zarafatla müşaiyət olunmuşdur. Həmin vaxt onların arasında bıçağı əldə etmək üçün çəkişmə olmuş və bu zaman onlar bir-birlərini itələməyə başlamışlar. Hadisə anında bıçaq onun əlində olmuşdur. O, sağ əli ilə bıçağı Məhərrəmin başının arxasından təxminən sonuncunun kürək nahiyəsində fırlatmışdır. Məhərrəm də bıçağı ondan almağa çalışmışdır. O, bıçaqdan ehtiyatsız davrandığından onun əlindəki bıçaq təsadüf nəticəsində Məhərrəmin sol kürək nahiyəsinə batmışdır. Sonra Məhərrəm kürək nahiyyəsində istilik hiss etdiyini ona demişdir. O, Məhərrəmin dediyi sözü yoxlamaq üçün sonuncunun köynəyini qaldırıb kürəyinə baxmışdır. Həmin vaxt o, Məhərrəmin kürəyindən qan axmağa başladığını görmüşdür. Sonra o, dərhal Məhərrəmin yarasını yumuş və dükanın qarşısındakı ortaq tanışları olan şəxslərdən evə gedib onun anasından spirt, yod və perikes almaqlarını xahiş etmişdir. Bu vasitələr gətirildikdən sonra o, bacardığı qədər Məhərrəmə ilkin tibbi yardım göstərmişdir. Sonra o, Məhərrəmi həkimə müraciət etməyə məcbur etmişdir. Məhərrəm isə əvvəlcə etirazını bildirmişdir. Lakin sonra onunla razılaşmışdır. Sonra onlar birlikdə qəsəbədəki X6 Stansiyasına müracət etmişlər. Orada həkim briqadası olmadığından onlar Lökbatan qəsəbəsində fəaliyyət göstərən X6 Stansiyasına getmişlər. Orada həkim Məhərrəmə cərrahiyyə əməliyatına zərurət olduğunu bildirmişdir. Bundan sonra onlar Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Kliniki Xəstəxanasına getmişlər və orada həkimlər tərəfindən Məhərrəmə tibbi yardım göstərilmişdir. Sonra Məhərrəmə mütləq qaydada cərrahiyyə əməliyyatının keçirilməsi bildirilmişdir. Onun Məhərrəmə ağır xəsarət yetirmək kimi niyyəti olmamışdır. Onların arasında baş vermiş hadisə zarafat nəticəsində baş vermişdir. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin zərərçəkmiş şəxslə ibtidai istintaqın əvvəlində barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini, zərərçəkmiş şəxsin ifadəsini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq və onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında zərərçəkmiş şəxsə qəsdən deyil, zarafat nəticəsində, yəni ehtiyatsızlıqdan bıçaqla ağır xəsarət yetirməsi ilə bağlı verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxslə eyni qəsəbədə, yəni Qaradağ rayonu, Şanqar qəsəbəsində yaşayır. O, Elməddini uşaqlıq illərindən tanıyır. Onlar hər zaman dost olmuşlar. Onların arasında heç vaxt düşmənçilik olmamışdır. Onlar demək olar ki, bir yerdə böyümüşlər və dost olmuşlar. O, hadisə baş verən gün Elməddinin yaşadığı evin qarşısındakı “Talış” marketə getmişdir. Həmin vaxt Elməddin dükanda inkubator aparatını təmir etmişdir. O da Elməddinə inkubator aparatını düzəltməyə kömək etmişdir. Bundan başqa, o, həmin gün Elməddinə kömək edərək dükana gələn müştərilərə ərzaq satmışdır. Onlar həmin gün birlikdə dükanda işləmişlər. Axşam saatlarında onlar acmışlar və birlikdə axşam yeməyi yemək qərarına gəlmişlər. O, vitrindən kolbasa götürmüşdür. O, kolbasanı doğramaq məqsədi ilə, həmçinin dükanda gündəlik istifadə üçün nəzərdə tutulmuş bıçağı da götürmüşdür. Bu vaxt Elməddin kolbasanı özü doğramaq məqsədi ilə bıçağı ondan almışdır. O isə Elməddinə kolbasanı özü doğrayacağını bildirmişdir. Elməddin ona bildirmişdir ki, yox kolbasanı özü doğrayacaq. Beləliklə onların arasında zarafatyana mübahisə düşmüşdür. Bu vaxt bıçaq Elməddinin sağ əlində olmuşdur. Mübahisə vaxtı onlar üz-üzə dayanmışlar. O, Elməddinin əlindən bıçağı almağa çalışmışdır. Elməddin də bıçağı sağ əlində havada fırlatmışdır. Nəticədə bıçaq ehtiyatsızlıqdan təsadüfən onun sol kürək nahiyəsinə batmışdır. O, həmin vaxt Elməddinə kürəyinin sol tərəfində istilik hiss etdiyini bildirmişdir. Elməddin də ona baxıb kürəyindən qan axdığını bildirmişdir. Elməddin əlindən gələn bütün köməkliyi ona etmiş, yəni ilkin tibbi yardım göstərərək əvvəlcə yarasını yumuşdur. Sonra isə Elməddin spirt, yod və perikeslə onun yarasının infeksiyalaşmasının qarşısını almaq məqsədilə təmizləmişdir. Eyni zamanda Elməddin onu X6 Stansiyasına, oradan isə Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışdır. Elməddinin ona qəsdən xəsarət yetirmək kimi niyyəti olmamışdır. Hadisə məhz zarafat nəticəsində baş vermişdir. Onların arasında real dava-dalaş olmamışdır. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin bildirmişdir ki, o, hələ ibtidai istintaqın əvvəlində təqsirləndirilən şəxslə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərinin, eləcə də təqsirləndirilən şəxslə dost olmasının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 aprel 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 23) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 aprel 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 32) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3” Hüquqi Şəxsin 193 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 125-126) görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət - sol tərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşya təsirindən qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün 3 saylı Şəhər Klinik Xəstəxanasına müraciət etdiyi 08 aprel 2021-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Lokalizasıyasına və xarakterinə görə xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Zərərçəkmiş şəxs almış olduğu xəsarətin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətin, şəxsin ğz boyu hündürlüyündən yıxılma nəticəsində törənməsi inandırıcı deyil. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 aprel 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 53) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 aprel 2021-ci il tarixli Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-66/2021 saylı qərarından (cild 1, iş vərəqə 72-74) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu gündən, yəni 09 aprel 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 may 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3/726 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 120-122) görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 may 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 132-141) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yeni məzmunlu ittihamın elan edilməsi, onun əməllərində Cinayət Məcəlləsinin 29,120.1, 126.2.4, 228.4 və 221-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin maddələr üzrə barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi1 (bir) ədəd mətbəx bıçağının maddi sübut kimi tanınması və saxlanılması üçün Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin saxlancına verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 may 2021-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 144) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə yeni məzmunlu ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild 1, iş vərəqə 159) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddətdə onun barəsində 126 MKİS-nə heç bir şikayət daxil olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 may 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 131) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ilə X5 arasında nikah bağlanmış, onların birgə nikahdan 30.06.2014-cü il təvəllüdlü Elmir adlı, 30.01.2016-cı il təvəllüdlü Dəniz adlı, 03.01.2019-cu il təvəllüdlü Damla adlı və 20.06.2020-ci il təvəllüdlü Elmin adlı azyaşlı övladları var. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazlarını bildirmişlər, eləcə də irəli sürülmüş ittihamı bütövlükdə, ittiham tərəfinin əldə etdiyi və məhkəmə istintaqında tədqiq edilmiş sübutları mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs uşaqlıqdan dost olmuşlar və onların arasında yaxın dostluq münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin yanındaki “Talış” marketdə işləmişdir. Hadisə baş verən gün, yəni 08 aprel 2021-ci il tarixdə o, “Talış” marketdə olmuş və orada inkubator aparatını təmir etmişdir. Bu vaxt onun dostu olan Zərərçəkmiş şəxs onun yanına gəlmiş və ona orada kömək etmişdir. Həmin gün axşam vaxtı onlar acmışlar və birlikdə axşam yeməyi yemək qərarına gəlmişlər. Bu vaxt zərərçəkmiş şəxs marketdəki vitrindən kolbasanı və marketdə gündəlik istifadə üçün nəzərdə tutulmuş mətbəx bıçağını götürərək həmin kolbasanı doğramaq istəmişdir. Təqsirləndirilən şəxs isə zərərçəkmiş şəxsə öz etirazını bildirərək sonuncunun əlindəki bıçağı alıb özü kolbasanı doğramaq istəmişdir. Zərərçəkmiş şəxs isə bıçağı təqsirləndirilən şəxsə verməkdən imtina etmişdir. Məhz bu səbəbdən onların arasında əvvəlcə sözlü mübahisə yaranmışdır. Sözlü mübahisə daha sonra fəal hərəkətlərə çevrilmiş və onlar bir-biri ilə dartışmağa başlamışlar. Başqa sözlə, onların arasında fəal hərəkətlərlə müşayiət olunan real mübahisə baş vermişdir. Məhz bu real mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs kürək nahiyəsinə 1 (bir) dəfə mətbəx bıçağı ilə xəsarət yetirmişdir. Nəticədə isə zərərçəkmiş şəxsə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qəsdən 1 (bir) dəfə bədən xəsarəti yetirmişdir. Zərərçəkmiş şəxsin aldığı ağır xəsarətlə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarəti məhz təqsirləndirilən şəxsin bıçaqla ona yetirdiyi zərbə nəticəsində almışdır. Göründüyü kimi təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə cəmi 1 (bir) dəfə bıçaqla bədən xəsarəti yetirmiş, zərərçəkmiş şəxsin aldığı xəsarət dərəcəsinə görə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti olmuş və qeyd edilən cinayət hadisəsi 08 aprel 2021-ci il tarixdə, təxminən saat 23:30 radələrində baş vermişdir. Bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qəsdən bıçaq xəsarəti yetirdikdən dərhal sonra sonuncuya ilkin tibbi yardım göstərmiş, yəni yaranı yodla və digər tibbi dərmanlar vasitəsi ilə yumuş, daha sonra isə sonuncunu tibb müəssisəsinə apararaq orada bütün zəruri tibbi yardımın göstərilməsinə nail olmuşdur. Başqa sözlə, təqsirləndirilən şəxs həmin vaxt edilməsi mümkün olan bütün hərəkətləri edərək zərərçəkmiş şəxsə qayğı göstərmiş və göstərmiş tibbi yardım nəticəsində zərərçəkmiş şəxsin həyatını xilas etmək mümkün olmuşdur. Qeyd edilən hallar həm təqsirləndirilən şəxsin, həm də zəzərçəkmiş şəxsin məhkəmə istintaqında vermiş olduğu ifadələr əsasında təsdiq olunduğundan cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Bundan başqa, zərərçəkmiş şəxs məhkəmə istintaqında bir daha təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini, habelə onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs, eləcə də zərərçəkmiş şəxs ifadələrində hadisənin (bıçaqlanma hadisəsinin) məhz ehtiyatsızlıqdan (zarafat nəticəsində - kimin kolbasanı doğrayacağı üstündə) baş verməsini bildirmişlər. Məhkəmə onların belə məzmunda verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs uzun müddətdir ki, dostluq münasibətlərində olduqlarından 08 aprel 2021-ci il tarixdə aralarında baş vermiş mübahisənin əsl səbəbini gizlətməklə təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmasını arzulamışlar. Belə ki, uzun müddət ərzində dostluq münasibətlərində olmuş şəxslərin sadə bir səbəbdən, yəni kimin kolbasanı doğrayacağı üstündə zarafatlaşması və zarafat nəticəsində zərərçəkmiş şəxsə ağır bədən xəsarətinin yetirilməsini məhkəmə inandırıcı heab etmir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında başqa hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə ehtiyatsızlıqdan deyil, qəsdən ağır bədən xəsarəti yetirməsi nəticəsinə gələrkən həm də ona əsaslanmışdır ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs ifadə verərək kimin kolbasanı bıçaqla doğrayacağı barədə onların arasında sözlü mübahisə yarandığını, daha sonra isə sözlü mübahisə onların bir-birilərini dartışdırması ilə müşayiət olunmasını bildirmişlər. Göründüyü kimi onların hər biri ayrı-ayrılıqda 08 aprel 2021-ci il tarixdə aralarında sözlü mübahisənin yaranmasını, daha sonra isə sözlü mübahisənin fəal fiziki hərəkətlərlə əvəz olunmasını açıq-aşkar göstərmişlər. Qeyd edilənlər onların arasında zarafatın olmasını istisna edir. Eyni zamanda zərərçəkmiş şəxsin aldığı xəsarətin dərəcəsi, yəni ağır bədən xəsarətini və həmin xəsarətin zərərçəkmiş şəxsin məhz kürək nahiyəsinə yetirilməsi ona dəlalət edir ki, onların arasında zarafat deyil, əslində real mübahisə olmuşdur. Başqa sözlə, onların arasında zarafat olsaydı zərərçəkmiş şəxsin aldığı xəsarət dərəcəsinə görə ağır bədən xəsarəti olmazdı, eləcə də həmin xəsarət zərərçəkmiş şəxsin kürək nahiyəsinə yetirilməzdi. Göstərilən halları məcmu halda təhlil edib məhkəmə bir daha belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli üzrə tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, evli olmaqla himayəsində 4 (dörd) azyaşlı uşağının olmasını, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin arasında uzun illər dostluq münasibətlərinin olmasını, hazırda da onların dostluq münasibətlərinin davam etməsini, cinayət hadisəsi baş verdikdən dərhal sonra onun zərərçəkmiş şəxsə ilkin tibbi yardım göstərərək yarasını yod və digər tibbi ləvazimatlarla təmizləməsini, daha sonra zərərçəkmiş şəxsi tibb müəssisəsinə çatdırmasını, eləcə də zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı hissədə qeyd edir ki, ona məhz hansı növ cəzanın təyin edilməsi məsələsi məhkəmə tərəfindən ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində onun cəzasını yüngülləşdirən bütün hallar həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilmə üsulunu və mexanizmini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Lakin məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni cinayət hadisəsi baş verdikdən dərhal sonra onun zərərçəkmiş şəxsə ilkin tibbi yardım göstərməsini, daha sonra zərərçəkmiş şəxsi tibb müəssisəsinə çatdırmasını və orada sonuncuya ixtisaslı tibbi yardım göstərilməsini, başqa sözlə, bütün mümkün addımları ataraq zərərçəkmiş şəxsin həyatını xilas etməsini, eyni zamanda zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, eləcə də onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, evli olmaqla himayəsində 4 (dörd) azyaşlı uşağının olmasını, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin arasında uzun illər dostluq münasibətlərinin olmasını, hazırda da onların yaxın dostluq münasibətlərinin davam etməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onların islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi və onun həmin cəzanı real şəkildə çəkməsi onun özünə və ailə üzvlərinə, eləcə də onunla zərərçəkmiş şəxs arasında olan dostluq münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsi və onun ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onların davranışı üzərində nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Bundan başqa, Təqsirləndirilən şəxs 09 aprel 2021-ci il tarixdən 09 iyul 2021-ci tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay müddət ona təyin edilmiş cəzaya daxil edilərək həmin cəzadan çıxılmalı və onun üzərində saxlanılan cəza ona şərti olaraq tətbiq edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunmalı, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və qeyd edilən qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Qaradağ rayon Polis İdarəsində saxlanılan və cinayətin aləti qismində istifadə edilmiş 1 (bir) ədəd mətbəx bıçağı məhv edilməlidir. Bundan başqa, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 09 aprel 2021-ci il tarixdən 09 iyul 2021-ci tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay müddət ona təyin edilmiş cəzaya daxil edilərək həmin cəzadan çıxılsın və onun üzərində 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərində saxlanılan 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Onun davranışı üzərində nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut olub Bakı şəhəri Qaradağ rayon Polis İdarəsində saxlanılan və cinayətin aləti qismində istifadə edilmiş 1 (bir) ədəd mətbəx bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1244/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1244/2021
09.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver