Məhkəmə qərarları › İş №1(101)-1244/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1244/2024

22.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1244/2024 22.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Nizam oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14.15-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. 2.Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə külli miqdarda qara polietilen bağlamada bir ədəd şəffaf sellofanda təmiz çəkisi 1032,8 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisinə gələrək daşımış, 12 avqust 2023-cü il tarixdə, saat 07 radələrində Abşeron RPİ-nin CAŞ-nin əməkdaşlarının həmin ünvanda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb Abşeron RPİ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə olan qurudulmuş marixuana əlində olan sellofan torbanın içərisindən aşkar olunaraq götürülmüş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin davamı olaraq yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində axtarış aparılan zaman yataq otağında olan çarpayının altından hər konvalyutda 10 ədəd olmaqla 18 ədəd konvalyutda ümumilikdə 180 ədəd (1 ədəd həbdə 0,04 qram) maddəsinin ümumi miqdarı 7,2 qram olan külli miqdarda narkotik vasitə metadon həbi aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirili bilməyərək ifadəsində qeyd etmişdir ki, İkinci Qarabağ müharibəsində iştirak etmiş və medallarla təltif edilmişdir. Müharibədən sonra narkotik vasitə marixuana istifadə etməyə başlamışdır. "Whatsapp” proqramında iranlı Rza adlı şəxs ilə tanış olmuş, ondan bir neçə dəfə narkotik almışdır. Aprel ayının on biri, gecə saat ikidə polsilər tərəfindən tutulmuşdur. Tutulan zaman yanında dostu Azər Atakişiyev olmuşdur. Saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Narkotik götürmək üçün iranlının bildirdiyi yerə Binə sovxoza getmiş, orada narkotik olmadığından qayıdıb maşına minəndə onu tutmuşlar. Polis bölməsində ona təzyiq olunmuş, şantaj edilmiş, hədə-qorxu gəlinmiş və bu səbəbdən çəkiliş zamanı polislərin dediklərini təkrarlamışdır. Onu saxlayan şəxslər döymüşdür. Onlardan adını bildiyi yalnız Anardır. Çəkiliş zamanı müdafiəçi olsa da onunla danışmağa imkan verilməmişdir. Xırdalandan polislərlə birlikdə iki yoxsa üç maşında çıxılmış, vəkil onunla bir avtomobildə olmuşdur. Evə o polislərdən sonra gəlmişdir. Evə gələrkən ailə üzü evdə olmuşdur. Evdən 18 dənə dərman çıxmış, polislər özləri həmin dərmanları evə qoymuşlar. 4.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Təxminən 2-3 ildir ki, narkotik vasitə istifadəçisidir. 27 sentyabr 2020-ci il tarixdə başlanılmış İkinci Qarabağ müharibəsində iştirak etdiyi üçün, yəni müharibə veteranı olduğuna görə aylıq 80 (səksən) manat təqaüd alır. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmişdir. Təxminən bir il bundan əvvəl “instagram” sosial şəbəkəsində İran İslam Respublikası vətəndaşı olan sonradan adını “Rza” kimi bildiyi şəxslə tanış olmuşdur. Onunla bir qədər söhbətləşdikdən sonra İİR-nın vətəndaşı Rza adlı şəxs ondan narkotik vasitə istifadəçisi olub-olmadığını soruşmuşdur. O, isə narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Rza ona istifadəsində olan +**********40 saylı mobil telefon nömrəsini verərək narkotik vasitə lazım olacağı halda onunla “whatsapp” proqramı vasitəsilə əlaqə saxlamağını və onun üçün narkotik vasitə təşkil edə biləcəyini bildirmişdir. Təxminən bir neçə gün sonra mobil telefonunun "whatsapp” proqramında qeydiyyatdan keçdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Rza adlı şəxsə yazmışdır. Ona istifadəsi üçün narkotik vasitə olan qurudulmuş marixuana istədiyini deyib, bir qramını neçə manata satdığını soruşmuşdur. Rza da qurudulmuş marixuananın bir qramını 8 manata satdığını bildirmişdir. Rzadan 10 qram qurudulmuş marixuana istəmişdir. Rza isə ona Bakı şəhərində yaşayan, onun narkotik vasitələrini satan tanışı vasitəsilə göndərəcəyi ünvana 10 qram narkotik vasitə olan qurudulmuş marixuana yerləşdirəcəyini və onun da həmin ünvandan narkotik vasitəni götürəcəyini bildirmişdir. Alacağı narkotik vasitənin qiymətinin isə 80 manat təşkil etdiyini və göndərəcəyi kart hesabına həmin pulu ödəyəcəyini demişdir. O, da Rza ilə razılaşmış və ona narkotik vasitə lazım olduğu vaxtlarda Rza ilə əlaqə saxlayaraq ondan əldə edirdi. Pulunu isə onun göndərdiyi kart hesabına yükləyirdi. Rza adlı şəxsi tanıyandan təxminən 7-8 ay sonra Rza ilə söhbət edən zaman maddi imkanının yaxşı olmadığını və ona pul lazım olduğunu bildirdiyindən Rza ona iş təklif etmək istədiyini bildirmişdir. Belə ki, Bakı şəhərində müxtəlif ünvanlara narkotik vasitə yerləşdirəcəyini, həmin ünvanların konkret yerləşdiyi məkanı “whatsapp” proqramı vasitəsilə ona göndərəcəyini və Rzanın dediyi ünvana narkotik vasitəni qoyduqdan sonra ona məsafədən asılı olaraq 200-300 manat pul verəcəyini demişdir. O, da Rzanın təklifi ilə razılaşaraq bir neçə dəfə onun dediyi ünvanlardan narkotik vasitələri götürüb “whatsapp” proqramına məkan olaraq göndərdiyi ünvanlara qoyurmuş. O, Rzadan istifadəsi üçün narkotik vasitə istəyəndə isə həmin narkotik vasitənin pulunu onun payladığı narkotik vasitələrə görə aldığı puldan çıxaraq qalan pulu ona göndərmişdir. Təxminən 2-3 ay bundan əvvəl yenidən Rza “whatsapp” proqramında ona yazaraq Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisinə 18 list metadon adlı dərman qoyduğunu bildirərək həmin yerin konkret məkanını ona göndərmişdir. O, həmin yerdən hər listdə 10 ədəd olmaqla 18 list üzərində metadon sözləri yazılmış həbləri götürüb yaşadığı ünvan 1 ünvanına gətirmişdir və yataq otağında olan çarpayının altında gizlətmişdir. Bundan sonra Rzaya yerləşdirdiyi metadon həblərini götürdüyünü və yaşadığı ünvanda gizlətdiyini bildirmişdir. Rza isə həbləri özündə saxlamağını və həbləri qoyacağı ünvanı ona göndərəcəyini demişdir. Rza həbi yerləşdirəcəyi ünvan barədə ona heç bir söz demədiyindən o, da həmin həbləri evində gizlədərək saxlamışdır. 12 avqust 2023-cü il tarixdə isə saat 02 radələrində Rza yenidən ona yazaraq Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisinə təxminən bir kiloqram çəkidə narkotik vasitə qurudulmuş marixuana qoyduğunu və həmin marixuananı sonradan deyəcəyi ünvana çatdırmalı olduğunu demişdir. O, da həmin tarixdə saat 07 radələrində həmin ünvana getmişdir. Əvvəllər də həmin ünvana narkotik vasitə qoyduğundan o, artıq təxmini olaraq narkotik vasitənin yerini bilirdi. Ünvana çatdıqda sellofan torba görmüş və torbanı götürüb piyada olaraq yaşadığı ünvana doğru hərəkət edərkən iki nəfər tanımadığı mülki geyimdə olan şəxs ona yaxınlaşmışlar. Özlərini təqdim edərək Abşeron RPİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Polis işçiləri üzərində qanunsuz olaraq narkotik vasitə saxlamağından şübhələndiklərini bildirmişlər və onu Abşeron RPİ-nə dəvət etmişlər. Onlar birlikdə Abşeron RPİ-nə gəlmişlər. Polis idarəsində video çəkiliş aparılmaqla dəvət edilmiş müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri ona izah olunmuşdur. Bundan sonra əlində olan sellofan torbanı təqdim etmiş və sellofan torbanın içərisinə baxış keçirilən zaman içərisindən üzəri yapışqan lentlə bağlanmış qara rəngli polietilen torba, torbaya baxış keçirilən zaman isə içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Üzərinə baxış keçirilən zaman üzərindən qanunla qadağan edilmiş hər hansı predmet və ya əşya aşkar edilməmişdir. Bundan sonra isə aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. O və digər iştirakçılar protokolla tanış olmuşlar, doğruluğunu imzaları ilə təsdiq etmişlər. Şifahi sorğu zaman yaşadığı ünvanda narkotik vasitə saxlayıbsaxlamamağı barədə soruşulduqda o, yaşadığı ünvanda narkotik vasitə olan metadon həbi olduğunu bildirmişdir. Razılığı ilə evdə axtarış aparılan zaman yataq otağında olan çarpayının altında gizlətdiyi hər birində 10 ədəd olmaqla 18 list narkotik vasitə metadon həbini çıxardıb təqdim etmişdir. Yaşadığı ünvandan da aşkar edilmiş metadon həbləri zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. O və digər iştirakçılar protokolla tanış olmuşlar, doğruluğunu imzaları ilə təsdiq etmişlər (İ cild, səh. 96-99). 5.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə satışı ilə məşğul oması barədə əməliyyat məlumatı daxil olmuş, rəhbərliyə məruzə edərək, əməliyyat qrupu yaradılmışdır. 12 avqsut 2023-cü il tarixdə, səhər saat 07 radələrində X11 deyilən ərazidə piyada hərkətdə olan Təqsirləndirilən şəxs yaxınlaşıb Abşeron RPİ-nə dəvət etmişlər. Saxlanılan zaman şəxs yalnız olmuşdur. İran İslam Respublikası vətəndaşının göndərdiyi narkotik vasitəni götürüb qayıdarkən saxlanılmışdır. Polis İdarəsində könüllü olaraq üzərində olan marixuanaya bənzər əşyanı təqdim etmiş, bundan əlavə yaşadığı evdə başqa vaxtı tanımadığı İİR vətəndaşından götürdüyü narkotik vasitə həbləri olduğunu bildirmişdir. Yaşadığı evdə, dediyinə görə yatdığı çarpayının altında metadon həbləri olduğunu bildirmişdir. Üzərinə şəxsi axtarış və baxış Abşeron RPİ-də təhqiqatçısı və müdafiəçinin iştirakı ilə videoçəkilişlə keçirilmişdir. Şəxsə qarşı hər-hansı formada zor tətbiq edilməmişdir. 6.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş letenantıdır. 12 avqust 2023-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X4 mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində olması və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Abşeron RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisinə getmişlər. Həmin gün saat 07 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və ona narkotik maddə qəbul etməsi barədə məlumatları olduğunu bildirib, Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla Abşeron RPİ-nə gəlmişdir. Bundan sonra onlar Abşeron RPİ-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əlində olan sellofan paketin içində qara rəngli sellofana qoyularaq streçlənmiş narkotik vasitə marixuana olduğunun bildirmiş və əlində olan sellofan paketi təqdim etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra onlar Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan paketə baxış keçirmişlər. Baxış zamanı həmin sellofan paketin içində olan qara rəngli sellofana qoyularaq streçlənmiş narkotik vasitə marixuanaya bənzər maddələr aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan paketin içində olan qara rəngli sellofana qoyularaq streçlənmiş kütlə narkotik vasitə marixuana və həmin narkotik vasitə marixuananı 12 avqust 2023-cü il tarixdə saat təxminən 02 radələrində tanımadığı İİR-in vətəndaşı olan Rza adlı şəxsin dediyi yerdən, yəni Suraxanı rayonu, Binə qəsəbəsi Südçülük sovxozu ərazisindən götürüb özündə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş bir ədəd qara rəngli sellofan kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, o, da protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evində “metadon” kimi tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuş və Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evinə gedərək Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə həmin evə baxış keçirilmişdir. Baxış zamanı əvvəlcə Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla qadağan olunmuş saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında olan çarpayının altında gizlətdiyi hər birində 10 ədəd olmaqla 18 list metadon həbi olmasını bildirmiş və çıxarıb təqdim etmişdir. Həmin hər birində 10 ədəd olmaqla 18 list açıldıqda içərisində qəhvəyi rəngli dərman həbə bənzər maddə əşkar edilmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs yaşadığı evindən qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Sonra isə keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (İ cild, səh. 122-124). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında 12 avqust 2023-cü il tarixdə saat 07 radələrində Bakı şəhəri, Suraxanı rayonu ərazisində Evin adlı şəxs o və əməliyyat qrupunun üzvü Elmir tərəfindən saxlanılmışdır. Saxlanılan zaman şəxs yalnız olmuşdur. Əməliyyatda yalnız iki nəfər iştirak etmişlər. Saxlanılan şəxsin üzərinə axtarış idarədə təhqiqatçının və müdafiəçinin iştirakı ilə keçirilmişdir. Narkotik vasitə şəxsdə olan setkadan aşkar edilmişdir. Şəxs özü marixuana olduğunu və iranlıdan aldığını bildirmişdir. Daha sonra evinə gedilmiş, oradan tabletkalar aşkar edilmişdir. Saxlanılan zaman və idarəyə gətirildikdən sonra şəxsə qarşı hər-hansısa fiziki, psixi təzyiq göstərilməmişdir. 8.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 125-127). 9.Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, rəsmi nikahları olmasa da E.İsamyılov faktiki həyat yoldaşıdır. Elvin hardasa avqustun on birindən on ikisinə keçən gecə tutulmuşdur. Saat ikidən sonra onun telefonlarına zəng çatmamışdır. ünvan 6 ünvanda yaşayırlar. Ayın on üçü saat 4-dən sonra polis əməkdaşları gələrək yoldaşının padvalda nəsə olduğunu dediyini bildirmişlər. O da padvalları açaraq hamısını göstərmişdir. Haradasa 15-20 dəqiqə sonra Elvini gətirmişlər. Elvin gələndən sonra onlar aşağı girmişlər. Həblər aşkar edilən zaman o otağa girməmişdir. Narkotik vasitənin haradan çıxdığını görməmişdir, sonra onu çağıraraq demişlər ki, bəs buradan narkotik çıxdı. Bu mümkün ola bilməzdi, çünki Elvin o otağa girmir, heç bilmir ki, o kravatın altı var ya yox. Birinci dəfə otağa baxış keçiriləndə o da orada olmuşdur. Polislər tərəfindən Elvinlə bağlı təhdid olunmamışdır. 10.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 avqust 2023-cü il tarixli 7/1154 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “... Şübhəli şəxs: imza Təqsirləndirilən şəxs...” sözləri yazılmış qara rəngli polietilen bağlamada bir ədəd şəffəf sellofanda təmiz çəkisi 1032,8 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (İ cild, səh. 43-45). 11.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 avqust 2023-cü il tarixli 6/4339 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Azərbaycan Respublikası DİN-nin Zərflər üçün №565" dairəvi möhür əksi olan, “...Şübhəli şəxs “imza" Təqsirləndirilən şəxs..." ad, soyad və imzalar qeyd edilmiş bir ədəd bağlamadakı 18 ədəd konvalyutda ümumilikdə 180 ədəd üzərində “F/m40" göstəricisi olan qəhvəyi rəngli dərman həbin tərkibində metadonun təsir maddəsinin miqdarı 7,2 qram təşkil edir (üzərində olan göstəriciyə əsasən bir ədəd həbdə metadonun təsir maddəsinin miqdarı 0,04 qram). Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir (İ cild, səh. 83-87). 12.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 16 noyabr 2023-cü il tarixli, 7495 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 143-144). 13.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8-Hüquqi şəxsi ambulator məhkəmə psixiatrik ekspertizasının 13 noyabr 2023-cü il tarixli, 3121 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqılı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, səh. 138- 140). 14.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 12 avqust 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərinin özündə əks etdirən CD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs əlində olan sellofan paketi təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan açıldıqda məlum olur ki, içərisində qara sellofana streçlənmiş narkotik vasitə marixuanaya oxşar kütlə vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan paketin içərisində qara sellofana streçlənmiş narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni adını Rza kimi tanıdığı İran İslam Respublikasının vətəndaşının dediyi yerdən götürüb özündə saxladığını bildirir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heç nə aşkar edilməmişdir (İ cild, səh. 34-35). 15.«Baxış keçirilməsi haqqında» 12 avqust 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərinin özündə əks etdirən CD diskdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanında yerləşən evinə baxış keçirilmiş, baxış zamanı həmin evin yataq otağında olan çarpayının altında hər konvolyutda 10 ədəd olmaqla 18 ədəd konvolyutda ümumilikdə 180 ədəd qəhvəyi rəngli narkotik vasitə metadon həbinə bənzər maddə aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur (İ cild, səh. 37). 16.«Maddi sübut hesab edilməsi barədə» 14 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1032,8 qram narkotik vasitə qurudulmuş marixuana və yaşadığı mənzildən götürülmüş 180 ədəd narkotik vasitə metadon həbi cinayət prosesi üçün mötəbər dəlil olduğundan iş üzrə maddi sübut hesab olunmuş, tədqiqatdan sonra qalıq qalmış 1032,75 qram narkotik vasitə qurudulmuş marixuana və 165 ədəd narkotik vasitə metadon həbi saxlanması üçün Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir (İ cild, səh. 100-101). 17.«Sübutların qiymətləndirilməsi haqqında» 04 dekabr 2023-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə aparılması zamanı videoçəkilişin görüntüləri olan bir ədəd CD disk və evə baxış zamanı çəkilimiş videogörüntünü özündə əks etdirən bir ədəd CD disk iş üzrə sübut növü kimi qiymətləndirilmişdir (İ cild, səh. 165-174). 18.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 01 aprel 2024-cü il tarixli məktubdan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı xəsarət aşkar olunmamış, sağ saidin ön və arxa səthində, sağ bazu nahiyəsində köhnə çapıq toxuması müşahidə olunmuşdur. 19.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 26). 20.Bakı şəhəri Nizami rayon məhkəməsinin 13 avqust 2023-cü il tarixli, 4(012)- 611/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 12 avqust 2023cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 81-82). 21.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş X3 İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 103). 22.Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Medalının vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı, “Xocəvəndin azad olunmasına görə” medal və “Füzulinin azad olunmasına görə” medal ilə təltif olunmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 23.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 24.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 25.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 26.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 27.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 28.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 29.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 30.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 31.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 32.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. 33.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının siyahının 109.1-ci bəndinə görə 500 qram və yuxarı həddə narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar hesab hesab edilir. Həmin siyahının 111-ci bəndinə görə 1,6 qram və yuxarı həddə narkotik vasitə olan metadon külli miqdar hesab hesab edilir. 34.Məhkəmə qeyd edir ki, şübhəli şəxsin üzərinə və yaşadığı evə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntülərin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin vaxt Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitələrin təqsirləndirilən şəxsə məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 35.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X5rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 36.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təzyiq edilməsi dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 37.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 38.Təqsirləndirilən şəxsin onun şəxsi axtarışı və yaşadığı evə baxış keçirilməsi dair videoçəkilişin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. 39.Məhkəmə həmçinin şahid qismində dindirilmiş Şahid3 ifadəsinə münasibətdə qeyd edir ki, onun Təqsirləndirilən şəxsla faktiki ər-arvad münasibətində olduğundan təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsi istisna olunmur. 40.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 41.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlayaraq daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. 42.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 43.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirli olması ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı verdiyi ifadələrin əlaqəli təhlili, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 44.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 45.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 46.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 47.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 48.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, vətən müharibəsi iştirakçısı olmaqla “Xocəvəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 49.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 50.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 51.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 52.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 53.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 54.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 55.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 12 avqust 2023-cü il tarixdən hesablanmalıdır. 56.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 57.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 58.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 59.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1032,75 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın və 165 ədəd narkotik vasitə metadon həblərinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı, yaşadığı evə baxış keçirilməsi və götürmə aparılması zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 02 ədəd CD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 60.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 61.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 62.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 154 (yüz əlli dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 63.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 64.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 46 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 276 (iki yüz yetmiş altı) manat təşkil edir. 65.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 276 (iki yüz yetmiş altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 66.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 12 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 154 (yüz əlli dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 276 (iki yüz yetmiş altı) manat Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübutlar - Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1032,75 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 165 ədəd narkotik vasitə metadon həbləri məhv edilsin, 02 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Siyavuş Hacıyev

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar