Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1245/2024 16.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər – Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri, “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri, “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx xxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, 25 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 26 iyun 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 25 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 26 iyun 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmək, saxlamaq və daşımaq barədə tanışı Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə ünvan 3 ünvanının yaxınlığında gizlətməklə saxladıqları külli miqdarda - 6100,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq əldə edib üzərilərində saxlamaqla ünvan 3 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 25 iyun 2023cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün saat 21:30-da qeyd olunan ünvanda saxlanılaraq ünvan 4 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərilərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 əlində saxladığı selofan torbada külli miqdarda - 6100,0 qram çəkidə bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, tutulmamışdan 15-20 gün əvvəl “İnstaqram”, daha sonra isə sonra “Whatsapp” sosial şəbəkəsindən ona mesaj göndərilərək narkotik vasitə təklif edilmişdir. O, «Paşa Holdinq»in təhlükəsizlik xidmətində işləmişdir. Onu iyun ayının 25-də saxlamışlar. Avqust ayının 1-də isə xarici ölkəyə getməyə hazırlaşırmış. Həmin vaxt onun əmək haqqı ilə birlikdə işdən çıxma pulu da verilmişdir. Onun cəmi 1164 manat pulu olmuşdur. Öz istifadəsi üçün narkotik vasitə almaq istəmiş, bu məqsədlə 150 qram narkotik vasitə üçün tanımadığı şəxsə 900 manat pul atmışdır. Yer təyin edilmiş, o da, maşınla təyin olunmuş yerə getmişdir. Maşından düşüb mağazaya getmiş, mağazadan çıxanda polis əməkdaşları yaxınlaşaraq onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Orada onlara təzyiq göstərilərək 150 qram narkotik vasitəni 6 kq edərək boyunlarına qoymuşlar. Ona güclü xəsarət yetirməsələr də, yenə ailəsi ilə təhdid edilmişdir. Ona əgər deyilənlərlə razılaşmasa, narkotiki vasitənin onun evinə qoyulacağı və evindən daha çox narkotik çıxarılacağı deyilmişdir. Buna görə də məcburiyyət qarşısında qalaraq təzyiqlərə dözməyib razılaşmışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs1 bildirdi ki, ona “Whatsapp” sosial şəbəkəsi vasitəsilə tanımadığı şəxs tərəfindən narkotik vasitə təklif olunmuşdir. 150 qram narkotik vasitəni 900 manata razılaşmışdır. Lakin narkotik vasitəni götürə bilməmişdir. Narkotik vasitənin «Memar Əcəmi» metrostansiyasının yaxınlığında Zərifə Əliyeva adına göz xəstəxanasının yanına qoyulacağı bildirilmiş, həmin yerin şəkli ona atılmışdır. Narkotiki götürməyə Zakirlə birlikdə getmiş, lakin narkotik vasitəni götürməmişdən əvvəl ona deyilən yerə təxminən 30 metr qalmış polis işçiləri onlara yaxınlaşmışlar. Onlar 25 iyun 2023-cü il tarixdə Cavadxan küçəsi 215B ünvanında saxlanılmışlar. Onları saxlayarkən təxminən 10 nəfərdən çox polis əməkdaşı olmuşdur. Polis əməkdaşlarından biri onun üzərindən telefonunu götürmüş, Zakirin telefonunu götürübgötürmədiklərini isə görməmişdir. Onların üstündə həmin vaxt narkotik vasitə olmamışdır. İdarəyə gətirildikdən sonra onlara narkotik vasitə təqdim edilmişdir. Onların avtomobilini idarəyə aparmışlar, özləri isə başqa maşınla idarəyə gətirilmişlər. Zakirə məxsus həmin avtomobilə baxış keçirilməmiş, maşını idarədən kimin götürdüyünü bilməmişdir. Saxlanıldıqdan iki ay əvvəl narkotik vasitə marixuanadan istifadə etməyə başlamışdır. O, yolda olanda Zakirə narkotik vasitə götürməyə getdiklərini, taksi kimi getdiyi üçün ona da narkotik vasitə verəcəyini bildirmişdir. Şəhərə getmək adı ilə Zakiri çağırmışdır. Onu ailəsi ilə təhdid etdikləri üçün istintaqda fərqli ifadə vermişdir. Ona xəsarət yetirilmiş, Bakı İstintaq Təcridxanasına daxil olarkən qabırğasının üstündə göyərmələr olmuşdur. Xəsarətlə bağlı heç yerə şikayət etməmişdir. Narkotik vasitə polis işçilərinin əlində olmuşdur. Onlar narkotik vasitəni idarəyə gətirildikdən sonra görmüşlər. Müstəntiq onu təhdid etməmiş və ondan ifadə almamışdır. Onların saxlanılmasında iştirak etmiş polis əməkdaşı Şahid1 onları döyməmiş, pul tələb etməmişdir. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmamışdan təxminən 2 ay qabaqdan narkotik vasitə qurudulmuş marixuananı çəkmək yolu ilə qəbul etmişdir. Narkotik vasitəni təsadüfi şəxslərdən əldə etmişdir. Tutulmamışdan təxminən 1 ay qabaq “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə adını deməyən İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Bundan sonra “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə danışmağa başlamışdır. Danışıqlarda həmin iranlının Azərbaycana keçirdiyi narkotik vasitələrin alveri ilə məşğul olduğunu bilmişdir. Həmin şəxs ona təklif etmişdir ki, “kuryer” kimi dediyi yerdən narkotik vasitələri götürüb digər yerə aparsa, ona çəkmək üçün narkotik vasitə verəcəkdir. O da, razılaşmışdır. 25 iyun 2023-cü il tarixdə həmin şəxs onunla əlaqə saxlayıb Binəqədi rayonu, 4-cü mikrorayon ərazisində Göz klinikası ilə üzbəüz ərazidə narkotik qoyulduğunu, həmin narkotiki götürüb özündə saxlamalı olduğunu, deyilən vaxt dediyi yerə qoymalı olduğunu, bunun müqabilində ona 150 qram narkotik çatacağını bildirmişdir. O da, razılaşmışdır. Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyır, onunla dostluq edir. Zakir də onun kimi marixuana qəbul edir. O da, iranlının təklifi barədə Zakirə demiş və xahiş etmişdir ki, narkotikin götürülməsində ona köməklik etsin, əvəzində ona çatacaq 150 qram narkotik vasitə qurudulmuş marixuananı aralarında bölüb çəkərlər. Zakir də razılaşmışdır. 25 iyun 2023-cü il tarixdə axşam vaxtlarında Zakirlə birlikdə deyilən əraziyə getmiş və oradan qara rəngli selofan torbada nəşə götürmüşlər. Həmin torbanı Zakir əlində daşımışdır. 25 iyun 2023-cü il tarixdə saat 21:30-da ünvan 5 ünvanının yaxınlığında olduqları zaman polis əməkdaşları ona və Zakirə yaxınlaşıb onların narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. O və Zakir yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişlər ki, hazırda Zakirin əlində saxladığı selofan torbada narkotik vasitələr vardır. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə getmişlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün onlar müdafiəçi ilə təmin edilmişlər və şübhəli şəxs qismində tutulmuşlar. Onlara hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərilərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində, eləcə də sağ əlində saxladığı qara rəngli selofan torbada olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 sağ əlində saxladığı qara rəngli selofan torbanın içərisində narkotik vasitə marixuana olduğunu bildirib, sağ əlində saxladığı qara rəngli selofan torbanı və əynində olan göy rəngli cins şalvarının sol yan cibindən “Samsung” markalı mobil telefonu masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 1 ədəd qara rəngli selofan torbanın içərisindən 1 ədəd qara rəngli selofan bağlama aşkar edilmişdir. Qara rəngli selofan bağlama açılarkən içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 aşkar edilmiş 1 ədəd selofan bağlamada olan narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşı tərəfindən 1 ədəd qara rəngli selofan torbada qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs1 istintaq orqanına verdiyi ifadəsinə görə, daha sonra ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığım bildirib, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd “İphone” markalı mobil telefonu, sağ yan cibindən 1 ədəd alışqanı və pul qabını masanın üzərinə qoymaqla təqdim etmişdir. Pul qabının içərisindən 1 ədəd “BakıKart”, ona məxsus şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi aşkar edilmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 1 ədəd “İphone” markalı mobil telefon, ona məxsus şəxsiyyət və sürücülük vəsiqəsi polis əməkdaşı tərəfindən götürülmüşdür. Üzərindən aşkar edilmiş pul qabı, “BakıKart” və 1 ədəd alışqan geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 onun təklifi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 4cü mikrorayon ərazisində göz klinikası ilə üzbəüz ərazidə içərisi narkotik vasitə qurudulmuş marixuana ilə dolu olan qara rəngli selofan torbanı yerdən götürdüklərini, başqa əraziyə qoyaraq əvəzində üzərindən 150 qram narkotik vasitə qurudulmuş marixuana götürməli olduqlarını bildirmişdir. Şifahi sorğu zamanı o, Təqsirləndirilən şəxs2 bildirdiklərini təsdiq edərək anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə “Whatsapp” vasitəsi ilə əlaqə saxlayaraq Bakı şəhəri, Binəqədi rayonu, 4-cü mikrorayon ərazisində göz klinikası ilə üzbəüz ərazidə Təqsirləndirilən şəxs2la birlikdə gedərək narkotik vasitə qurudulmuş marixuana götürdüklərini, İran İslam Respublikasının vətəndaşının göstərişi ilə narkotik vasitəni digər əraziyə qoyaraq əvəzində 150 qram narkotik vasitə qurudulmuş marixuana əldə edəcəklərini bildirmişdir (cild 1, iş vərəqi 107-109, 243-245). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs1 dindirmə protokolundakı imzaların və sonda yazılmış qeydlərin ona məxsus olduğunu, lakin təzyiq altında həmin protokola imza etdiyini və həmin ifadəsini təsdiq etmədiyini bildirdi. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, öz məhlələrində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Tutulduqları gün Səxavət ona yaxınlaşaraq şəhərə getmək lazım olduğunu bildirmişdir. O da, günü 25 manata taksi fəaliyyəti ilə məşğul olduğundan razılaşmışdır. Səxavət maşına əyləşmiş, daha sonra Zərifə Əliyeva adına göz xəstəxanasının yanına getmişlər. Yolda olanda Səxavət ona narkotiki götürdükdən sonra bir-iki şey doldurub kənddə çəkməyi təklif etmişdir. Daha sonra Səxavət şərab evinə girmiş, o da, həmin vaxt ayaqyoluna getmişdir. Elə bu vaxt polis əməkdaşları onları saxlamış, sonra isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Orada narkotik vasitənin olduğu torbanı onların qarşısına qoyaraq boyunlarına götürmələri söylənilmişdir. Əgər narkotiki çəkilişdə çıxarıb stolun üstünə qoymasa, anası, atası və qardaşını da idarəyə gətirəcəkləri ilə təhdid etmişlər. O da, ailə üzvlərinin gətirilməməsi üçün məcburiyyət qarşısında qalaraq onların dediklərini eyni ilə videoçəkiliş zamanı söyləmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı dindirilmədiyini, heç bir sənədə imza etmədiyini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmamışdan 3 ay qabaqdan narkotik vasitə qurudulmuş marixuananı çəkmək yolu ilə qəbul etmişdir. Narkotik vasitəni təsadüfi şəxslərdən əldə etmişdir. Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır, onunla dostluq münasibəti vardır, ədavəti və yaxud düşmənçiliyi yoxdur. Səxavət də onun kimi nəşə çəkmişdir. 25 iyun 2023-cü il tarixdə Səxavət ona demişdir ki, bir nəfər İran İslam Respublikasının vətəndaşı var, həmin şəxs Bakı şəhəri, Binəqədi rayonu, 4-cü mikrorayon ərazisində göz klinikasının yaxınlığında narkotik vasitə qurudulmuş marixuana qoyub, həmin malı götürüb deyilən ünvana çatdırmaq lazımdır, əvəzində üstündən 150 qram götürə bilərlər. Səxavət ona təklif etmişdir ki, malın götürülməsində köməklik etsin, əvəzində 150 qram nəşəni aralarında bölsünlər. O da, razılaşmışdır. 25 iyun 2023-cü il tarixdə axşam vaxtlarında Səxavətlə birlikdə deyilən əraziyə getmiş və oradan qara rəngli selofan torbada nəşə götürmüşlər. Həmin torbanı o, götürüb əlində daşımışdır. 25 iyun 2023-cü il tarixdə saat 21:30-da ünvan 5 ünvanının yaxınlığında olduqları zaman polis əməkdaşları ona və Səxavətə yaxınlaşıb narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. O və Səxavət yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişlər ki, hazırda əlində saxladığı selofan torbada narkotik vasitə vardır. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə getmişlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün onlar müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. Onlara hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərilərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona paltarında, əşyalarında və ya bədənində, eləcə də sağ əlində saxladığı qara rəngli selofan torbada olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, sağ əlində saxladığı qara rəngli selofan torbanın içərisində narkotik vasitə marixuana olduğunu bildirib, sağ əlində saxladığı qara rəngli selofan torbanı və əynində olan göy rəngli cins şalvarının sol yan cibindən ‘‘Samsung” markalı mobil telefonu masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 1 ədəd qara rəngli selofan torbanın içərisindən 1 ədəd qara rəngli sellofan bağlama aşkar edilmişdir. Qara rəngli selofan bağlama açılarkən içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra 1 ədəd selofan bağlamada olan narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşı tərəfindən 1 ədəd qara rəngli selofan torbada qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 1 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd “İphone" markalı mobil telefonu, sağ yan cibindən 1 ədəd alışqanı və pul qabını masanın üzərinə qoymaqla təqdim etmişdir. Pul qabının içərisindən 1 ədəd “BakıKart”, Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi kartı aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd “İphone” markalı mobil telefon, Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət və sürücülük vəsiqəsi polis əməkdaşı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş pul qabı, “BakıKarf və 1 ədəd alışqan ona geri qaytarılmışdır. Şifahi sorğu zamanı o, dostu Təqsirləndirilən şəxs1 təklifi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 4-cü mikrorayon ərazisində göz klinikası ilə üzbəüz ərazidə içərisi narkotik vasitə qurudulmuş marixuana ilə dolu olan qara rəngli selofan torbanı yerdən götürdüyünü, başqa əraziyə qoyaraq əvəzində üzərindən 150 qram narkotik vasitə qurudulmuş marixuana götürəcəklərini bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 onun bildirdiklərini təsdiq edərək anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə “Whatsapp” vasitəsi ilə əlaqə saxlayaraq Bakı şəhəri Binəqədi rayonu 4-cü mikrorayon ərazisində göz klinikası ilə üzbəüz ərazidə onunla birlikdə gedərək götürdüyünü, İran İslam Respublikasının vətəndaşının göstərişi ilə narkotik vasitəni digər əraziyə qoyaraq əvəzində 150 qram narkotik vasitə qurudulmuş marixuana əldə edəcəklərini bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. (cild 1, iş vərəqi 122-124, 258-260). Elan olunmuş ifadə ilə bağlı suallara cavab verən Təqsirləndirilən şəxs2 dindirmə protokolundakı imzaların ona məxsus olduğunu, istintaq zamanı ona boş sənədlərə imza etdirdiklərini, ifadəni oxumadan imzaladığını, təzyiq altında olduğu və ailəsi ilə hədələdikləri üçün o cür ifadə verdiyini, lakin xəsarət almadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərdi ki, 2023-cü ilin iyun ayının 25-də Səxavət və Zakir adlı şəxslərin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Baş idarəyə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə olunduqdan sonra idarənin əməkdaşlarından ibarət əməlmiyyat qrupu yaradılmışdır. Şübhəli şəxslərin olduqları yer müəyyənləşdirildikdən sonra Binəqədi rayonu, Cəfər Xəndan küçəsində onları görüb yaxınlaşmışlar və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Onlara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqları bildirilmiş və Baş idarəyə dəvət edilmişlər. İdarədə vəkillərin iştirakı ilə şübhəli şəxslərin üzərinə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə Zakirə üzərində qanunsuz əşyaların olubolmamadığı, varsa onları təqdim etməsi təklif edilmiş, Zakir əlində olan çantanı təqdim edərək içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Sonra onun üzərinə baxış keçirilsə də, başqa heç nə aşkar olunmamışdır. Daha sonra Səxavətin üzərinə baxış keçirilmiş, onun üzərindən isə qanunsuz heç bir şey aşkar edilməmişdir. Şifahi sorğu zamanı Zakir bildirmişdir ki, narkotik vasitələri götürmək üçün Səxavətin təklifi ilə getmişdir. Həmçinin, Zakir həmin narkotik vasitənin üzərindən özlərinin istifadə etmələri üçün 150 qram marixuana götürəcəklərini bildirmişdir. Verilən sualları cavablandıran Şahid1 bildirdi ki, saxlanılarkən və polis idarəsində olarkən təqsirləndirilən şəxslərə qarşı heç bir təsir və təzyiq olunmamış, onların azadlığa buraxılmaları üçün onlardan pul tələb edilməmişdir. Əməliyyat məlumatı ona iyun ayının 25-də daxil olmuşdur. Məlumat şəxslərin narkotik vasitələrin satışı ilə məşğul olmaları barədə olsa da, şübhəli şəxs kimi onları saxlayarkən şəxslər satışla məşğul olmadıqlarını, sadəcə ona təklif olunan narkotik vasitəni onlara deyilən yerə qoymalı olduqlarını bildirmişlər. Əməliyyat məlumatının saat neçədə daxil olduğunu xatırlamır. Saxlanıldıqları yerdə şərait olmadığı üçün Zakir və Səxavəti idarəyə dəvət etmışlər və orada onların üzərinə şəxsi axtarış keçirilmişdir. Onlar təqsirləndirilən şəxsləri saxlamaq üçün yaxınlaşanda həmin narkotik vasitələr artıq onların əlində olmuşdur. Zakirlə Səxavətin hadisə yerinə avtomobillə gəlib-gəlmələrini və həmin vaxt onların avtomobilinin olub-olmadığını xatırlamır. Polis əməkdaşları kimi onlar əməliyyat tədbirinə iki avtomobillə getmiş, onun avtomobilində Zakir oturmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə idarəsinin digər əməkdaşları Şahid2, Şahid3 və Şahid4 25 iyun 2023-cü il tarixdə şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müəyyən edilərək saxlanılmaları, üzərinə şəxsi axtarış və baxış keçirilərkən külli miqdarda narkotik vasitə marixuananın aşkar edilərək götürülməsi tədbirində əməliyyat qrupunun üzvləri kimi iştirak etdiklərini bildirərək, Şahid1 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 25 iyun 2023cü il tarixli protokola əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 21:30-da ünvan 5 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunmuş, orada üzərilərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 əlində saxladığı selofan torbada külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 53-56). Məhkəmə-bioloji ekspertizasının 26 iyun 2023-cü il tarixli 7/936 rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 əlində saxladığı...” sözləri, soyad və imzalar olan qara rəngli polietilen bağlamada 1 ədəd qara rəngli selofanda təmiz çəkisi 6100,0 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qalıq çəki 6099,95 qramdır (cild 1, iş vərəqi 66-69). İbtidai istintaq orqanının 15 noyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 6100,0 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, həmin narkotik vasitənin ekspertiza tədqiqatından sonra qalıq qalan 6099,95 qram hissəsi məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild1, iş vərəqi 148-150). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 18 sentyabr 2023-cü il tarixli 5983 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqi 220-221). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 18 sentyabr 2023-cü il tarixli 5981 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqi 218-219). Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 25 iyun 2023-cü il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərar qanuni və əsaslı hesab edilmişdir (cild 1, iş vərəqi 151-154). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunmuş narkotik vasitənin mənbəyinin müəyyən olunması məqsədilə DİN-nin BMCMİ-nin əməliyyat aparatına ünvanlanmış tapşırığa cavab olaraq verilmiş məktubdan görünür ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələri satış məqsədi ilə əldə etmələri müəyyən edilmiş, lakin onların digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdikləri narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etmələrinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 213). Cinayət işində olan 11 sentyabr 2023-cü il tarixli tələbnamələrə əsasən, Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluqları barədə məlumat yoxdur (cild 1, iş vərəqi 174-177). Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü elan olunmuş ittihamla qismən təqsirli bilərək, onun sosial şəbəkədə tanımadığı şəxsə 150 qram narkotik vasitə sifariş verdiyini və həmin narkotiki 900 manata razılaşdıqlanını, lakin narkotik vasitəni götürə bilmədiklərini, narkotiki götürməyə Zakirlə birlikdə getdiyini, lakin narkotik vasitəni götürməmişdən əvvəl ona deyilən yerə təxminən 30 metr qalmış polis işçilərinin onlara yaxınlaşıb saxladıqlarını, onlara təzyiq göstərilərək 150 qram narkotik vasitəni 6 kq edilməsini və boyunlarına qoyulduğunu, ailəsi ilə təhdid edildiyini və deyilənlərlə razılaşmasa, narkotiki vasitənin onun evinə qoyulacağının və evindən daha çox narkotik çıxarılacağının deyildiyini, məcburiyyət qarşısında qalaraq təzyiqlərə dözməyib polis işçilərinin dedikləri ilə razılaşdığını bildirib öz müdafiəsi üçün dəlillər gətirdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamla özünü təqsirli bilməyərək, taksi fəaliyyəti ilə məşğul olduğunu, Səxavətin ona bir yerə getmək lazım olduğunu bildirdiyindən, onunla birlikdə göz xəstəxanasının yanına getdiklərini, bu vaxt polis əməkdaşlarının onları saxladığını və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirdiklərini, orada narkotik vasitənin olduğu torbanı onların qarşısına qoyaraq boyunlarına götürmələrini söylədiklərini, əgər narkotiki çəkiliş zamanı çıxarıb stolun üstünə qoymasa, anası, atası və qardaşını da idarəyə gətirəcəkləri ilə təhdid edildiyini, onun da ailə üzvlərinin gətirilməməsi üçün məcburiyyət qarşısında qalaraq ona deyilənləri videoçəkiliş zamanı söylədiyini bildirib öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin gətirdikləri həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, müdafiəçilərin iştirakı ilə videoçəkiliş aparılmaqla onların şəxsi axtarışları zamanı Təqsirləndirilən şəxs2 heç bir kənar təsir olmadan əlində saxladığı iri hcmli qara rəngli selofan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 da onun yanında olmuş, o da, aşkar olunmuş narkotik vasitəyə aidiyyəti olduğunu etiraf etmişdir. Həmin maddi sübutlar videoçəkiliş altında prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı sorğu edilərkən, ilkin izahatında, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 təklifi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 4-cü mikrorayon ərazisində göz klinikası ilə üzbəüz ərazidə içərisi narkotik vasitə qurudulmuş marixuana ilə dolu olan qara rəngli selofan torbanı yerdən götürdüklərini, başqa əraziyə qoyaraq əvəzində üzərindən 150 qram narkotik vasitə qurudulmuş marixuana götürməli olduqlarını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 da Təqsirləndirilən şəxs2 dediklərini təsdiq edərək anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə “Whatsapp” vasitəsi ilə əlaqə saxlayaraq Bakı şəhəri, Binəqədi rayonu, 4-cü mikrorayon ərazisində göz klinikası ilə üzbəüz ərazidə Təqsirləndirilən şəxs2la birlikdə gedərək narkotik vasitə qurudulmuş marixuana götürdüklərini, İran İslam Respublikasının vətəndaşının göstərişi ilə narkotik vasitəni digər əraziyə qoyaraq əvəzində 150 qram narkotik vasitə qurudulmuş marixuana əldə edəcəklərini bildirmişdir. Həmin videogörüntülərin qeydə alındığı diskdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçilərinin iştirakı ilə keçirilmiş həmin istintaq hərəkətləri zamanı özlərini sərbəst aparmaqla cinayət əməlləri barədə etirafedici izahatlar vermiş, onların üz nahiyəsində və ya bədəninin görünən hissələrində fiziki zorakılığa xas hər hansı izlər müşahidə edilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Bu səbəbdən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin məhkəmədə gətirdikləri dəlilləri əsaslı hesab etmir, bunu onların cinayət məsuliyyətindən yayınmaq üçün seçdikləri müdafiə taktikası kimi qiymətləndirir, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin narkotik vasitələri məhz satış məqsədi ilə əldə edib saxlamaları və daşımaları nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı onlardan aşkar olunmuş narkotik vasitələrin özlərinə məxsus olduğunu səmimi etiraf etmələrini, həmçinin aşkar olunmuş narkotik vasitələrin kütləsinin külli miqdar həcmindən dəfələrlə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər isə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərin gənc olmaqla hər ikisinin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmələrini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, onların barəsində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzalarının başlanğıcı 25 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və halhazıra qədər həbsdə saxlanılırlar. Həmçinin, hər iki təqsirləndirilən şəxsin ibtidai araşdırma və hazırkı iş üzrə məhkəmə baxışı zamanı həbsdə saxlanıldıqları bütün müddət onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 18 sentyabr 2023-cü il tarixli 5981 nömrəli rəylərini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onların narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, onların hər ikisi barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və onlar ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və tədqiqatdan sonra qalıq qalan 6099,95 qram çəkidə narkotik vasitə heroin məhv edilməli; - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ibtidai araşdırma zamanı keçirilmiş məhkəmə-bioloji ekspertizası tədqiqatı 210 (iki yüz on) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 210 (iki yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 105 (yüz beş) manat hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 25 iyun 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 25 iyun 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və tədqiqatdan sonra qalıq qalan 6099,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin; - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsi axtarışı zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 210 (iki yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 105 (yüz beş) manat hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1245/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1245/2024
16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver