Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1247/2025 03.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1994-cü ildə İsmayıllı rayonu, İsmayıllı kəndində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, 08 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü (07 mart 2025-ci il tarixli dəyişikliklərə qədər olan köhnə redaksiyada) və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 6,471 qram çəkidə psixotrop maddə metamfetamini və 1 ədəd soyuq silah hesab edilən bıçağı əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 08 yanvar 2025-ci il tarixdə saat 16:30-da yuxarıda qeyd olunan ünvanda saxlanılaraq ünvan 2aş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilməklə orada həmin tarixdə saat 18:29-dan üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman bel nahiyəsinin sağ hissəsindən zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən ümumi təyinatlı, istifadəyə yararlı 1 ədəd ov bıçağı və əynində olan qara rəngli şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 1 bükümdə külli miqdarda - təmiz çəkisi 6,471 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən isə Təqsirləndirilən şəxs həmin hissədə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, yəni külli miqdarda psixotrop maddənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilib saxlanılması və daşınması kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamlar üzrə məhkəmə baxışına təqdim edilmiş bütün sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıldı, bu zaman təqsirləndirilən şəxsin ondan aşkar olunmuş psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması faktı öz təsdiqini tapmadı. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, polis işçiləri tərəfindən saxlanıldığı gün yolla gedəndə 3 maşında mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar. Onu saxladıqdan sonra maşına mindirib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə aparmışlar. İdarədə ona Natiqin döyülməsində iştirak edib-etməməsi soruşulmuş, o isə, iştirak etmədiyini demişdir. Sonra polis əməkdaşları ona narkotik və bıçaq verib boynuna götürməsini demişlər. O da, deyilən sənədləri oxumadan imzalamışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, o, Natiq adlı şəxsi tanımamış və belə bir şəxsin döyülməsində iştirak etməmişdir. Ümumiyyətlə, Natiq adlı şəxsin döyülüb-döyülməməsini bilməmişdir. Polis işçiləri tərəfindən saxlanılarkən onun üzərində nə psixotrop maddə, nə də bıçaq olmamışdır. Hələ tutulmamışdan qabaq BMCMİ-nin əməliyyatçıları ona qəsəbədən köçüb getməsi barədə məlumat da göndərmişlər. O, tutularkən əynimdə idman şalvarı olmuşdur. Saxlanıldığı vaxt həmin yerdə ərazinin sahə inspektorunu da görmüşdür. Özü təxminən 1 il-il yarım əvvəl narkotikdən istifadə etmişdir. İstintaqa verdiyi ifadəsini təzyiq altında vermişdir. Həmin ifadəni müstəntiq kompüterdə yazmış, lakin özü oxuya bilmədiyi üçün həmin ifadəni oxumamışdır. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək həmin ifadəsində göstərmişdir ki, arabir “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə edir. 08 yanvar 2025-ci il tarixdə səhər saatlarında yaşadığı Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində tanımadığı şəxsdən 50 manat müqabilində öz şəxsi istifadəsi üçün metamfetamin almış və həmin maddəni istifadə etmək üçün cibinə qoymuşdur. 08 yanvar 2025-ci il tarixdə saat 16:30-da yaşadığı evin yaxınlığında olan zaman ona bir neçə nəfər mülki geyimdə şəxs yaxınlaşıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib, ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu, eləcə də soyuq silah əldə edib saxlamaqda şübhəli olduğunu demişlər. O da, səmimi olaraq hazırda üzərində “patı” kimi bildiyi maddə, eləcə də bıçaq olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Orada müdafiəçi ilə təmin edilmiş, sonra üstünə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Bu zaman o, üzərində olan bıçağı və əynində olan şalvarın sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan 1 ədəd selofan bükümü, 1 ədəd “Redmi” markalı mobil telefonu və 45 manat pulu təqdim etmişdir. 1 ədəd selofan bükümdə olan metamfetamin və 1 ədəd bıçaq ayrılıqda bir ədəd kağız zərfdə möhürlənib qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Üstündən aşkar edilmiş mobil telefon polis əməkdaşı tərəfindən götürülmüş, 45 manat pul isə ona qaytarılmışdır. Şifahi sorğu zamanı üstündən aşkar edilmiş metamfetamini 08 yanvar 2025-ci il tarixdə yaşadığı Müşfiqabad qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 50 manat pul müqabilində aldığını, bıçağı isə təxminən 1 ay əvvəl «20 Yanvar» metrostansiyası yaxınlığından aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (cild 1, iş vərəqi 80-83). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların və qeydin ona məxsus olduğunu, həmçinin şəxsi axtarış və götürmə protokolundakı imzaların da ona məxsus olduğunu, lakin elan olunmuş ifadəni təsdiq etmədiyini bildirdi. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs verdiyi izahatı, həmçinin şübhəli şəxs qismində verdiyi ifadəsi tədqiq olunarkən elan olunmuş ifadə ilə eyni məzmunlu olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqi 31-34, 57-60). Təqsirləndirilən şəxs barəsində 10 yanvar 2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məsələyə baxılarkən, Təqsirləndirilən şəxs verdiyi izahatında əməlindən peşman olduğunu və polis əməkdaşları tərəfindən ona qarşı təsir və təzyiq olunmadığını bildirmişdir (cild 1, iş vərəqi 98-102). Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid ifadəsində bildirdi ki, 08 yanvar 2025-ci il tarixdə Qaradağ rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması, eləcə də soyuq silah əldə edib saxlaması və gəzdirməsi bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi ilə əməliyyat müvəkkilləri X5 və X3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 16-17 radələrində Təqsirləndirilən şəxs Müşfiqabad qəsəbəsində olması müəyyən edilmiş və həmin yerə getmişlər. Saat 16:30-da Müşfiqabad qəsəbəsi, ev 94 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən edərək onu saxlamışlar. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, ona qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda, eləcə də soyuq silah əldə edib saxlama və gəzdirmədə şübhəli olduğunu bildirərək Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə müdafiəçinin iştirakı və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində bıçaq və “patı” adı ilə tanıdığı metamfetamin olduğunu bildirərək onları, həmçinin 1 ədəd mobil telefonu və üzərində olan pulu da təqdim etmişdir. Selofan bükümə baxış keçirilərkən içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olması müşahidə edilmiş, həmin büküm və 1 ədəd bıçaq ayrı-ayrılıqda zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin “patı” adı İlə tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni 08 yanvar 2025-ci il tarixdə yaşadığı ərazidə tanımadığı şəxsdən 50 manata aldığını və şəxsi istifadəsi üçün daşıdığını, bıçağı isə «20 Yanvar» metrostansiyası yaxınlığından aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra 1 ədəd mobil telefon da götürülmüş, pul vəsaiti isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış başa çatdıqdan sonra bu barədə protokol tərtib olunmuş və həmin protokolu imzalamışlar. Əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamışdır. Məhkəmə iclasında şahidlər - Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X6 məhkəmədə dindirilərkən, həmçinin əməliyyat müvəkkili X4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən, onların 08 yanvar 2025-ci il tarixdə Müşfiqabad qəsəbəsi, 94 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması və BMCMİ-nə gətirilərək üzərinə şəxsi axtarış zamanı psixotrop maddə metamfetamin və bıçaq aşkar edilərək götürülməsi ilə bağlı əməliyyat tədbirində qrup üzvləri kimi iştirak etdikləri, həmkarları Şahid məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadələr verdikləri müəyyən olundu (cild 1, iş vərəqi 136-138). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan 08 yanvar 2025-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həmin tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 16:30-də ünvan 1 ünvanının yaxınlığında olduğu zaman saxlanılaraq BMCMİ-nə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu bel nahiyəsindən 1 ədəd bıçağı, əynində olan şalvarının sağ yan cibindən 1 ədəd şəffaf selofan bükümü, həmin şalvarın sol yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefonu və 45 manat pulu təqdim etmişdir. Təqdim edilmiş 1 ədəd şəffaf selofan bükümə baxış zamanı içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Təqdim edilmiş 1 ədəd şəffaf bükümdə olan maddə və 1 ədəd bıçaq ayrıayrılıqda qablaşdırılaraq götürülmüşdür. Eləcə də, Təqsirləndirilən şəxs təqdim etdiyi “Redmi” markalı mobil telefon götürülmüş, 45 manat pul ona geri qaytarılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 08 yanvar 2025-ci il tarixdə saat 18:29-da başlamış və həmin tarixdə saat 18:45-də bitmişdir (cild 1, iş vərəqi 27-28). İbtidai istintaq zamanı şəxsi axtarış və götürmə aparılması haqqında 08 yanvar 2025ci il tarixli protokola əlavə edilmiş 1 ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı videogörüntülərin 08 yanvar 2025-ci il tarixli protokolda qeyd olunanlarla uyğunluq təşkil etdiyi müəyyən edilmişdir (cild 1, iş vərəqi 157). Məhkəmə-kimyəvi ekspertizasının 09 yanvar 2025-ci il tarixli 3-16-16/2-6/73 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün № 6“ dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş ... (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 6,471 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi: 6,471 qram, tədqiqata sərf edildi: 0,1 qr., qalıq 6,371 qr. (cild 1, iş vərəqi 44-48). İbtidai istintaq orqanının 04 mart 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 6,371 qram çəkidə psixotrop maddə metamfetamin və 1 ədəd bıçaq iş üzrə maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama otağına təhvil verilmişdir (cild 1, iş vərəqi 159-179). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması videogörüntülərini əks etdirən 1 ədəd DVD disk sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 173). Məhkəmə-narkoloji ekspertizasının 09 yanvar 2025-ci il tarixli 90 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloii dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs narkoloji-tibbi yoxlama zamanı 1 aydır ki, psixotrop maddə metamfetamini yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etdiyini, həmçinin 2 aydır ki, narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə etdiyini bildirmişdir (cild 1, iş vərəqi 143-144). Məhkəmə-kimyəvi ekspertizasının 17 yanvar 2025-ci il tarixli 167/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid və fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edildi (cild 1, iş vərəqi 145-148). Məhkəmə-ballistik ekspertizasının 31 yanvar 2025-ci il tarixli 3/46 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində sonradan dəyişiklik edilməmişdir və təyinatı üzrə istifadəyə yararlıdır (cild 1, iş vərəqi 153-156). Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qeyri-qanuni hərəkətlərə və təzyiqlərə məruz qalmasını bildirməsi xüsusatı ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsində araşdırma aparılmış və xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir (cild 1, iş vərəqi 238-239). Cinayət işinə əlavə olunmuş İsmayıllı rayon İcra hakimiyyəti başçısının birinci müavininin 23yanvar 2025-ci il tarixli məktubu ilə istintaqa təqdim edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Mirzəyev X2 şəhərinin ərazisində (keçmiş İsmayıllı kəndi) ünvanında qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi həyat yoldaşından və üç azyaşlı uşağından ibarətdir, ərazi üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqi 118-122). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 20 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Baş idarənin əməliyyatsorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur (cild 1, iş vərəqi 114). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək, hadisə baş verən gün polis işçiləri tərəfindən saxlanılarkən onun üzərində nə psixotrop maddə, nə də bıçaq olmadığını, hələ tutulmamışdan qabaq BMCMİ-nin əməliyyatçıları ona qəsəbədən köçüb getməsi barədə məlumat göndərdiklərini, istintaqdakı ifadəsini təzyiq altında verdiyini, həmin ifadəni müstəntiqin kompüterdə yazdığını, lakin özü oxuya bilmədiyi üçün həmin ifadəni oxumayıb imzaladığını bildirib, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş psixotrop maddəni və soyuq silah hesab edilən bıçağı polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadələrində üzərindən aşkar edilmiş psixotrop maddənin, həmçinin bıçağın özünə məxsus olduğunu, psixotrop maddəni tutulduğu gün Müşfiqabad qəsəbəsi ərazisində 50 manat müqabilində şəxsi istifadə məqsədilə əldə etdiyini, bıçağı isə təxminən bir ay əvvəl «20 Yanvar» metrostansiyası yaxınlığında əldə etdiyini və marağı olduğu üçün üzərində saxladığını, polis əməkdaşları tərəfindən saxlanılarkən həmin psixotrop maddənin və bıçağın üzərində olduğunu və şəxsi axtarış zamanı könüllü çıxarıb təqdim etdiyini bildirmişdir. 10 yanvar 2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məsələyə baxılarkən Təqsirləndirilən şəxs verdiyi izahatında əməlindən peşman olduğunu və polis əməkdaşları tərəfindən ona qarşı təsir və təzyiq olunmadığını bildirmişdir (cild 1, iş vərəqi 98-102). Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qeyri-qanuni hərəkətlərə və təzyiqlərə məruz qalmasını bildirməsi xüsusatı ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsində araşdırma aparılmış və xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Bu səbəbdən, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlilləri, məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadə verməsini, polis əməkdaşları tərəfindən qeyri-qanuni hərəkətlərə və psixoloji təzyiqlərə məruz qalması səbəbindən özünə aidiyyəti olmayan psixotrop maddəni və bıçağı boynuna götürməsi barədə bildirdiklərini onun öz məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Bütün bunlarla yanaşı, məhkəmə kollegiyası yuxarıda sadalanan və məhkəmədə tədqiq edilmiş bütün sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, Təqsirləndirilən şəxs bir bükümdə 6,471 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması ilə bağlı verilmiş ittiham məhkəmə iclasında sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən qərarının təfsirinə əsasən, şəxsə CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Baxılan cinayət işi üzrə isə ittiham tərəfi bu cür halların mövcudluğunu müəyyən edib məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 145.1, 145.2-ci maddələrinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə, öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. İşin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 830-02-12 saylı mobil telefona baxışı keçirilmiş, həmçinin məhkəmədə "xxxx" MMC-dən həmin mobil nömrə ilə aparılmış telefon danışıqlarına dair məlumatlar təhlil edilmişdir. Lakin bu zaman şəxsin psixotrop və narkotik maddələrin satışı ilə bağlı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal müəyyən edilməmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs 6,471 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasına dair hər hansı birbaşa və ya yanakı sübut əldə edə bilməmiş, məhkəmədə də bu hal öz təsdiqini tapmamışdır. Buna baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən heç bir əsas və sübut olmadan, yalnız fərziyyə və mülahizələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə ittiham verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-nin müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə tədqiq olunmuş mötəbər və təkzibedilməz sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham məhkəmə iclasında öz təsdiqini tapmadığından, lakin həmin hissədə onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin cinayət tərkibi olduğundan, şəxsin əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli, həmçinin ona Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə verilmiş ittiham (07 mart 2025-ci il tarixli dəyişikliklərə qədər olan köhnə redaksiyada) dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən, Cinayət Məcəlləsinin 228.4-cü maddəsində (07 mart 2025-ci il tarixli dəyişikliklərə qədər olan köhnə redaksiyada) nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl isə ağır cinayətlər kateqoriyasına aiddir, hər iki əməl qəsdən törədilmiş, başa çatmış cinayətlərdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər, CM-nin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü (07 mart 2025-ci il tarixli dəyişikliklərə qədər olan köhnə redaksiyada) və 234.1-1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllarini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşağının olması, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzaları tamamilə toplanılmaq yolu ilə ona qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 08 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin, Təqsirləndirilən şəxs 08 yanvar 2025-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 09 yanvar 2025-ci il tarixli 90 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, ona narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 6,371 qram çəkidə psixotrop maddə metamfetamin və 1 ədəd soyuq silah hesab edilən bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərinin əks olunduğu 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatları 178 (yüz yetmiş səkkiz) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 178 (yüz yetmiş səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü (07 mart 2025-ci il tarixli dəyişikliklərə qədər olan köhnə redaksiyada) və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 228.4-cü (07 mart 2025-ci il tarixli dəyişikliklərə qədər olan köhnə redaksiyada) maddəsi ilə 6 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 yanvar 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş maddi sübutlar - Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 6,371 qram çəkidə psixotrop maddə metamfetamin və 1 ədəd soyuq silah hesab edilən bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərinin əks olunduğu 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 178 (yüz yetmiş səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1247/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1247/2025
03.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver