Məhkəmə qərarları › İş №1(101)-1248/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1248/2021

18.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1248/2021 18.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri: X12, X1, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı və həmin şöbənin prokuroru X2, müdafiəçi: Bakı Şəhər 21 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx xxxxx 1960-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bakı Şəhəri 1 nömrəli Dəri-Zöhrəvi Dispanserin baş həkimi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, o, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi üzrə 10 iyul 2007-ci il tarixli, 239/k nömrəli əmrlə Bakı şəhəri 1 Nömrəli Dəri-zöhrəvi Dispanserinin baş həkimi vəzifəsinə təyin edilib həmin vəzifədə işləməklə həmin Nazirlik üzrə 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”na əsasən, tibb müəssisənin fəaliyyətinə rəhbərliyi həyata keçirmək, əhaliyə keyfiyyətli müvafiq sahə üzrə tibbi xidmət göstərilməsini, inzibati-təsərrüfat və maliyyə fəaliyyətini təşkil etmək, müəssisənin fəaliyyətinin təhlilini həyata keçirmək və onun əsasında işin forma və metodlarının yaxşılaşdırılması üzrə zəruri tədbirlər görmək, müvafiq sahə üzrə müasir diaqnostika, müalicə və profilaktika metodlarının tətbiqini təmin etmək, digər müalicə-profilaktika müəssisələri arasında əhalinin müayinə və müalicəsində ardıcıl və əlaqəli iş prinsipinin tətbiq edilməsini təmin etmək, müəssisənin illik hesabatını və illik mühasibatlıq balansını təsdiq etmək, kadrların seçilməsi, onların ixtisaslarına uyğun yerləşdirilməsi və istifadəsini həyata keçirmək, onların peşə ixtisaslarının artırılması üçün şərait yaratmaq, daxili intizam, əməyin mühafizəsi üzrə, cihaz, avadanlıq, alətlər və mexanizmlərin istismarı qaydalarının tələblərinin yerinə yetirilməsinə nəzarət etmək, müəssisənin fəaliyyətini digər səhiyyə qurumları ilə əlaqələndirmək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs qismində qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı - 1997-ci ildən X5 İnstitutunda həkim-nevroloq vəzifəsində işləyən Şahid1 2019-cu ilin iyun ayında əlaqələrindən istifadə edərək özünün yaxın vaxtlarda guya Azərbaycan Respublikasının Səhiyyə naziri vəzifəsinə təyin ediləcəyini, bundan sonra onu da işlədiyi X5 İnstitutuna baş həkim vəzifəsinə təyin edəcəyini yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün vəzifəli şəxs qismində özünə xidməti vəzifəsinin icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə maddi nemət olan müəyyən məbləğdə pul vəsaitinin birbaşa yolla rüşvət qismində verilməsinin zəruri olmasını Şahid1 Bakı şəhəri ərazisində müəyyən edilməyən yerdə görüşləri zamanı bildirib, özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla sövdələşib, həmin adla sonuncudan 2019-cu ilin iyun ayından 2020-ci ilin mart ayınadək olan müddətdə hissə-hissə olmaqla, ümumilikdə 165.000 (bir yüz altmış beş min) ABŞ dolları məbləğində pul vəsaitini Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda alıb şəxsi ehtiyaclarına sərf edərək, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 165.000 (bir yüz altmış beş min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 280.500 (iki yüz səksən min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətlərə görə birbaşa yolla maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə özgə əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri 1 Nömrəli Dəri-Zöhrəvi Dispanserinin baş həkimi kimi özü tərəfindən 11 oktyabr 2019-cu il tarixdə təsdiq edilmiş ştat cədvəlinə əsasən, dispanserdə “Arxiv” şöbəsi və “arxivçi” vəzifəsinin olmamasına baxmayaraq, 2020-ci ilin iyul ayında işə düzəlməsində köməklik göstərilməsi üçün özünə müraciət etmiş Şahid3 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan suiistifadə edərək sonuncunu Dispanserin Arxiv şöbəsində arxivçi vəzifəsinə təyin edəcəyini yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində işləyən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə maddi nemət olan müəyyən məbləğdə pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını Şahid3 dispanserin ünvan 4 ünvanında yerləşən binasında olan xidməti otağında bildirib, özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla sövdələşib, həmin adla 2020-ci ilin noyabr ayında qeyd edilən xidməti otağında Şahid3 əri Şahid2 Adil oğlundan 2.400 (iki min dörd yüz) manat pul vəsaitini almaqla, bir müddət sonra eyni niyyətlə, Şahid3 işə qəbul prosesini surətləndirmək adı ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində işləyən həmin səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə, yəni işə qəbul prosesini sürətləndirmək üçün zəruri tədbirlərin həyata keçirilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Şahid3 yalandan bildirərək, həmin niyyətlə 28 fevral 2021-ci il tarixdə Şahid3 məxsus ***-***-**-** mobil nömrəsinə özünə məxsus ***-***-**-** mobil nömrəsindən zəng edərək 400 (dörd yüz) manat pul vəsaitinin cinayətdən xəbərsiz Şahid4 məxsus "xxxx" ASC-də yerləşən ******************** nömrəli hesaba köçürülməsini istəyib, Şahid3 əri Şahid2 tərəfindən həmin tarixdə ünvan 5 ünvanında yerləşən mağazada olan “e-manat” aparatı vasitəsilə 400,0 manat pul vəsaitinin qeyd edilən hesaba köçürülməsinə nail olmaqla, həmin pul vəsaitlərini alıb şəxsi ehtiyaclarına sərf edərək, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid3 məxsus cəmi 2.800 (iki min səkkiz yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirməklə təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncu və Şahid2 təkrarən təhrik etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittriham olunduğu cinayət əməlləri üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 10.07.2007-ci il tarixdən hazırkı dövrədək 1 saylı şəhər X6 baş həkimi vəzifəsində çalışır, Şahid1 tələbə yoldaşı olaraq bir universitetdə oxumuşlar. Təxminən 2019-cu ilin iyun ayında müəyyən işlərlə əlaqədar pula ehtiyacı olmuş və Sürəyyadan ilkin olaraq 700 manat borc almış, bir neçə gün sonra isə əlavə 1500 manat borc almışdır. Həmin vaxtlardan etibarən mütəmadi olaraq pula ehtiyacı olanda hər dəfə Sürəyyadan pul istəmişdir. Borcunun artdığını görəndə isə ona tezliklə səhiyyə naziri təyin olunacağını, onu isə hazırda işlədiyi X5 İnstitutuna baş həkim təyin edəcəyi barədə vəd vermişdir. Sonuncu dəfə 2020-ci ilin fevral ayında ondan pul almışdır. Ümumilikdə isə müxtəlif məqsədlərlə, Şahid1 baş həkim təyin edəcəyi vədi ilə ondan təxminən 288.000 (iki yüz səksən səkkiz min) manat pul almışdır. Şahid1 aldığı pul məbləğlərini xaricdən gələn və gömrükdə qalmış pul məbləğlərini gömrükdən çıxartmağa söz vermiş Vüsal adlı şəxsə versə də, Sürəyya ondan pulunu tələb etməyə başlamışdır. O da pulu qaytara bilməyəcəyini görəndə Sürəyyanı müxtəlif uydurmalarla aldatmağa və vaxt qazanmağa çalışmış, buna görə də, yalandan Sürəyyanı baş həkim təyin edilməyinə köməklik edəcəyini, səhiyyə naziri təyin olunacağına dair vədlər vermiş, amma bunları etməkdə məqsədi vaxt udmaq və ona qaytarılacaq pulu alandan sonra Sürəyya ilə hesablaşmaq olmuşdur. Sürəyya tərəfindən verilmiş pulun heç bir vəzifəli şəxsə verilməsi nəzərdə tutulmamış, həmin vaxt o, heç səhiyyə naziri olmağını xəyallarına belə gətirə bilməzdi. Şahid1 hər dəfəsində belə uydurma və yalanlar danışmaqla pulun sonuncuya qaytarılmasını gecikdirmək istəmişdir. Şahid3 əri Şahid2 həqiqətən də, 2800 manat pul almışdır. Həmin vaxt ona müəyyən xərclərini ödəmək üçün pul lazım olmuşdur. Bundan əlavə, Vüsal adlı şəxs ondan hər dəfə pul tələb etmiş, maddi vəziyyəti aşağı olmuş, çıxış yolu axtarmış, qərara gəlmişdir ki, yaxın tanışlarından borc alsın. Təxminən 2020-ci ilin iyul ayında katibəsi zəng edərək Şahid3 adlı şəxsin onunla görüşmək istədiyini bildirmiş, onu qəbul etmişdir. Söhbət əsnasında ona məlum olmuşdur ki, Samirə işə düzəlmək xahişi ilə qəbula gəlib. Şahid3 bildirmişdir ki, belə imkan yaransa ona xəbər edəcək. Maddi çətinliklə əlaqədar problemlərini həll etmək üçün Şahid3 zəng edərək ondan pul almaq qərarına gəlmişdir. Ona işə düzəltməklə verdiyi vədlərin hamısı uydurmadır və yalandır. Heç bir əsası yoxdur. Həmin pul məbləğindən 500 manat 2021-ci ilin aprel ayında geri qaytarıb. Həmin pulun geridə qalan hissə olan 2300 manatı geri qaytarmaq iqtidarında və niyyətindədir. Şahid3 əri Şahid2 tərəfindən “e-manat” ödəniş terminalı vasitəsilə 400 manat pul vəsaitinin Şahid4 məxsus hesaba köçürülməsi ilə bağlı bildirir ki, Şahid4 şəxsən tanımır, Vüsal ona həmin hesaba pulu köçürtmək lazım olduğunu demiş, o da öz növbəsində Şahid3 həmin hesaba 400 manat pul köçürmək lazım olduğunu bildirmiş, sonuncu da qeyd edilən məbləği Şahid4 adına olan hesaba köçürmüşdür. Şahid1 və Şahid3 aldığı pul məbləğlərinin müqabilində onlara öz xətti ilə yazılı iltizam vermişdir. Samirədən pul almaq üçün yalandan vədlər vermiş, əslində heç nə eləmək fikrim olmamışdır. O, “pepsi-cola” şirkəti tərəfindən aldadılmışdır. Vüsal Əliyev əlaqə saxlayaraq həmin pulların Gürcüstanda olduğunu və ona qaytara biləcəyini vəd etdiyindən Şahid1 aldığı pulları xaricdən gələn və gömrükdə qalmış pul məbləğlərini gömrükdən çıxartmağa söz vermiş Vüsal adlı şəxsə vermişdir. Vüsal Əliyev ona 1.300.000 dollar pul verməli idi. İttiham olunduğu cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi cinayət işində olan dəlillərin aşağıdakı məcmusu ilə sübuta yetir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 1997-ci ildən X5 İnstitutunda həkim-nevroloq kimi fəaliyyət göstərir, tələbə yoldaşı olan, 1 saylı şəhər X6 baş həkimi vəzifəsində çalışan və hazırda təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs 2019-cu ilin iyun ayında ona müraciət edərək yaxın vaxtlarda səhiyyə naziri vəzifəsinə təyin olunacağını, bunun müqabilində müəyyən vəzifəli şəxslərə pul verməli olduğunu bildirərək ondan bu məqsədlə ilkin olaraq 700 manat pul istəmiş, o, da həmin məbləği vermiş, bir neçə gün sonra Təqsirləndirilən şəxs yenə müraciət edərək əlavə pula ehtiyacı olduğunu bildirib ondan 1500 manat pul istəmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs səhiyyə naziri təyin olunmasında müəyyən problemlər yarandığını, bu problemlərin həlli üçün külli miqdarda pula ehtiyacı olduğunu deyərək, ondan daha yüksək məbləğlərdə pul istəmiş və verəcəyi pulların müqabilində nazir vəzifəsinə təyin olunduqdan sonra onu şəhər xəstəxanalarından birinə baş həkim təyin edəcəyini bildirmişdir. O da bu barədə əri Ataxəlillə məsləhətləşdikdən sonra onun istifadəsində olan “Sprinter Mersedes” markalı mikroavtobusu 30.000 (otuz min) manata, “Mitsubishi Pajero” markalı avtomobili isə 10.500 (on min beş yüz) manata satıb Təqsirləndirilən şəxs vermişdir. Hər dəfə Raşad müxtəlif bəhanələr gətirərək işin alınması üçün əlavə pul istəməyə başlamışdır. O, da növbəti dəfə tanışlarından, qohum-əqrabasından borc alıb ona vermişdir. Beləliklə, təxminən 2020-ci ilin mart ayına kimi Təqsirləndirilən şəxs ondan ümumilikdə 165.000 (yüz altmiş beş min) ABŞ dolları almışdır. Təxminən 2020-ci ilin iyul ayından sonra Raşaddan işin nə yerdə olduğunu soruşmuş, Raşad müxtəlif bəhanələrə gətirərək işin gecikdiyini, daha sonra isə alınmadığını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs verdiyi 165.000 ABŞ dollarını geri tələb etmişdir. Raşad isə İspaniyada biznesi olduğunu, həmin biznesi satıb ondan aldığı pulu artıqlaması ilə qaytaracağını bildirmişdir. Lakin hazırkı dövrədək Raşad müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamışdır. Raşadla bu barədə aralarında olan danışıqları mobil telefonu vasitəsilə qeyd etmişdir. Həmçinin, 14.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ondan 170.000 (bir yüz yetmiş min) ABŞ dolları məbləğində pul aldığını təsdiq edən əl yazısını işlədiyi 1 saylı Dəri-Zöhrəvi Dispanserdəki öz iş otağında əri Ataxəlil Həkimovun yanında yazaraq imzalayıb möhür vuraraq ona vermişdir. Raşad ondan 165.000 (yüz altmış beş min) ABŞ dolları alsa da, həmin sənəddə 170.000 (yüz yetmiş min) ABŞ dolları məbləğini yazılmışdır. Raşad sənədi yazıb, möhürlə təsdiq edib ona verəndə “Sənə çox ziyan vurmuşam. Ona görə də sənə borcum 165.000 yox, 170.000 (yüz yetmiş min) ABŞ dolları olmalıdır” demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, həyat yoldaşı Şahid3 əvvəllər Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində işləmiş, sonra da ailə vəziyyəti ilə əlaqədar işdən çıxmışdır. Son dövrdə yenidən münasib iş tapmaq üçün yaxın ətrafı ilə maraqlanmışdır. Bununla əlaqədar Şahid3 2020-ci ilin yay aylarında tanışı Zöhrəyə müraciət etmiş, sonuncu isə 1 saylı Şəhər X6 baş həkimi Təqsirləndirilən şəxs tanıdığını, işlə əlaqədar ona müraciət edə biləcəklərini bildirmiş, Samirə də sənədlərini hazırlayıb Zöhrə ilə birlikdə Təqsirləndirilən şəxs iş yerinə getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs Samirənin mobil telefon nömrəsini, özü ilə apardığı sənədlərin kserosurətlərini götürüb uyğun iş olacağı halda onunla əlaqə saxlayacağını bildirmişdir. 2020-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs Şahid3 mobil nömrəsinə zəng edərək xəstəxananın arxiv şöbəsində boş yerin olduğunu, Samirəni ora işə düzəldə biləcəyini, ancaq bunun üçün 2400 manat pul lazım olduğunu bildirmiş, Samirə də Raşadın bu təklifi ilə razılaşmışlar. Bir neçə gün sonra sonuncunun tələb etdiyi pul məbləğini düzəldərək o özü 1 saylı Şəhər Dəri Zöhrəvi Dispanserinə getmiş və Təqsirləndirilən şəxs ilə sonuncunun xidməti otağında görüşmüş, Samirənin işi ilə əlaqədar qısa söhbət etdikdən sonra 2400 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu alarkən həmin pul məbləğini “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) vəzifəli şəxslərinə verəcəyini, yaxın vaxtlarda Şahid3 işinin alınacağını bildirmişdir. Həmin söhbətdən bir neçə həftə keçməyinə baxmayaraq, Təqsirləndirilən şəxs bir xəbər çıxmadığını görüb ona zəng etmiş, Təqsirləndirilən şəxs isə “TƏBİB” ilə bəzi problemlərin olduğunu, bu səbəbdən işin ləngidiyini bildidirmişdir. Bu formada onları 2 ay yubatdıqdan sonra 2021-ci ilin fevral ayının 28-də Təqsirləndirilən şəxs Samirəyə və ona məsələnin artıq həll olunduğunu, sadəcə bir hesaba 400 manat pul köçürmək lazım olduğunu bildirmiş, o da ödəniş terminalı vasitəsilə həmin pul məbləğini Təqsirləndirilən şəxs dediyi hesaba köçürmüşdür. Bundan sonra isə sonuncu müxtəlif bəhanələrlə Şahid3 işə düzəltməkdən imtina etmiş, pullarını da hazırkı tarixədək qaytarmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2007-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və Psixologiya fakültəsinin Sosial fəlsəfə ixtisası üzrə bakalavr və magistr dərəcələrini bitirmiş, 2017-ci ildə 1 il Milli Arxiv idarəsində aparıcı arxivçi vəzifəsində işləmiş, 2017-ci ildə işdən çıxdıqdan sonra heç bir yerdə işləməmişdir. 2020-ci ilin təxminən iyun ayında tanışı Zöhrə vasitəsilə öyrənmişdir ki, 1 Saylı Şəhər Dəri-Zöhrəvi Dispanserində arxiv işçisi vəzifəsi boşdur, əgər istəsə onu baş həkim ilə tanış edə bilər. O da razılaşaraq Zöhrə ilə birlikdə baş həkimin qəbuluna gedib baş həkim Təqsirləndirilən şəxs ilə görüşmüş, qəbulda Zöhrə ilə birlikdə olmuşlar, qəbul zamanı Təqsirləndirilən şəxs hal-hazırda arxiv şöbəsində boş yerin olmadığını, əgər yer olarsa onu dəvət edəcəyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ondan şəxsiyyət vəsiqəsinin surətini və əlaqə nömrəsini götürmüşdür. Bundan bir neçə ay sonra 2020-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs onun istifadəsində olan ***-***-**-** nömrəsinə özünə məxsus ***-***-**-** mobil nömrədən zəng edərək bildirmişdir ki, xəstəxanada arxiv şöbəsində vakansiya var, lakin həmin vəzifəyə düzəlmək üçün gərək ona 2400 manat pul ödəsin. O, da bu barədə əri Şahid2 bildirmiş, sonuncu da razılaşdıqdan sonra növbəti gün əri 2400 manat pulu götürüb Təqsirləndirilən şəxs ilə görüşməyə getmişdir. Şahid2 Təqsirləndirilən şəxs ilə xidməti otağında görüşərək həmin pul məbləğini Təqsirləndirilən şəxs vermişdir. Pulu Təqsirləndirilən şəxs verəndən sonra, əri təklif etmişdir ki, pulu almağı barədə iltizam yazıb versin. O, da öz xətti ilə kiçik vərəqdə “Mən, Təqsirləndirilən şəxs Şahid2 2400 man borc aldım.12/Xİ və imza” yazıb Şahid2 verərək bildirmişdir ki, 2020-ci ilin dekabr ayında onun işi hazır olacaq, həmin pulu Səhiyyə Nazirliyinin rəhbər vəzifəli şəxslərinə vermək üçün alır. Dekabr ayında xəbər çıxmadığı üçün yenidən Təqsirləndirilən şəxs zəng edərək məsələnin nə yerdə olduğunu soruşmuş, sonuncu da müxtəlif bəhanələrlə yaxın günlərdə işin alınacağını bildirmişdir. 2020-ci ilin yanvar ayında yenə Təqsirləndirilən şəxs zəng eləmiş, o isə korona virus ilə bağlı yaranmış karantinlə əlaqədar işin gecikdiyini bildirmişdir. 2021-ci ilin fevral ayının 28-də sonuncu, ona zəng edərək bildirmişdir ki, kadrlar şöbəsində boş yer var, TƏBİB və Səhiyyə Nazirliyi ilə razılaşdırılıb, onu kadrlar şöbəsinə işə düzəldəcək. Lakin bu prosesi tezləşdirmək üçün 400 manat pul lazımdır, pul Şahid4 bank hesabına köçürülməlidir. O, da bu barədə Şahid2 məlumat vermişdir. İlqar da razılıq verdikdən sonra evin yaxınlığında yerləşən mağazadan pulu “e-Manat” aparatı vasitəsilə həmin hesaba ödəmişdir. Həmin hesab barədə məlumatları Təqsirləndirilən şəxs ona “Whatsapp” proqramı vasitəsilə atmışdır. Pulu köçürdükdən sonra Təqsirləndirilən şəxs “Whatsapp” proqramı vasitəsilə ona yazaraq, pulun köçdüyünü bildirmiş və təşəkkür etmişdir. Təqsirləndirilən şəxs dediyinə görə 2021-ci ilin mart ayının ilk həftəsi o, işə çıxmalı idi. Deyilən vaxtdan keçdiyinə görə Raşada zəng edərək məsələnin nə yerdə olduğunu soruşmuş, sonuncu isə hələ alınmadığını bildirmişdir. Bundan sonra o, aldadıldığını başa düşmüş və pulunu geri tələb etmişdir. Pulu geri tələb edəndə Təqsirləndirilən şəxs ona başqa işlər təklif eləmiş, lakin o, pulunu geri tələb eləmiş və verməyəcəyi təqdirdə ondan şikayət edəcəyini bildirmişdir. 2021-ci ilin aprel ayının 24-də Təqsirləndirilən şəxs ondan aldığı puldan 500 manat hissəsini Şahid2 öz xidməti otağına çağıraraq qaytarmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs onu işə düzəltmək adı ilə aldığı puldan 2300 manat qalmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Bakı Dəmiryolu Xəstəxanasında menecer vəzifəsində işləyir. Vəzifəsi müraciət etmiş xəstələri aidiyyatı üzrə müxtəlif xəstəxanalardakı həkimlərə yönləndirməkdir. 1 nömrəli Şəhər Dəri-Zöhrəvi Dispanserinin baş həkimi Təqsirləndirilən şəxs 6 ildən artıqdır ki, tanıyır, sonuncu savadlı həkim olduğu üçün daima onun yanına xəstələr göndərmiş və razı qalmışdır. Şahid3 uşağının təhsil aldığı məktəbdən tanıyır. 2020-ci ilin təxminən iyul ayında Samirə ona müraciət edərək köklükdən şikayətlənərək bunu bütün günü evdə olmaqla əlaqələndirdiyini bildirmiş və ondan xahiş etmişdir ki, tanış xəstəxanalardan birində ona iş tapmaqda köməklik göstərsin. O da özəl klinikaların heç birinin Şahid3 köklüyü ilə əlaqədar işə götürməyəcəyini düşündüyündən, sonuncuya təklif etmişdir ki, birlikdə 1 nömrəli Şəhər Dəri-Zöhrəvi Dispanserinin baş həkimi Təqsirləndirilən şəxs müraciət etsinlər. Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs qəbulunda olmuşlar, sonuncu Şahid3 ilə söhbət etdikdən sonra hal-hazırda vakansiyanın olmadığını və gələcəkdə vakansiya yaranacağı halda onunla əlaqə saxlayacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə sağollaşaraq getmişlər. Təqsirləndirilən şəxs Şahid3 işə düzəltmək adı ilə pul almağından xəbərsizdir, həmin prosesdə iştirak etməmişdir. Şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən, cinayət işinin 132-134-cü vərəqlərində olan ifadəsində bildirmişdir ki, Vüsal ilə qeyri-rəsmi nikahdadır. "xxxx" ASC-də yerləşən ******************** nömrəli hesab ona məxsusdur, həmin hesabı 2021-ci ilin təxminən fevral ayının əvvəllərində Vüsal ilə birlikdə açmışdır. Həmin hesabın açılmağında məqsəd hesaba pul məbləği yükləyərək internet vasitəsilə müxtəlif oyunlar oynamaqdan ibarət olmuşdur. Lakin, həmin kart Vüsalda olmuşdur. Şahid3 və Təqsirləndirilən şəxs tanımır, habelə Şahid3 tərəfindən onun hesabına köçürülmüş 400 manat pul məbləğindən xəbərsizdir. Məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, 2006-cı ildən 1 saylı Dəri-Zöhrəbi Dispanserində baş tibb bacısı vəzifəsində işləyir. 2007-ci ilin əvvələrində Təqsirləndirilən şəxs 1 saylı Dəri- Zöhrəbi Dispanserinə baş həkim təyin edilib, o vaxtdan Raşad müəllimlə birlikdə işləmişdir. Son illərdə Raşad müəllimin həyatında baş verən dəyişikliklərə özü şahid olmuşdur. Təqsirləndirilən şəxs borcları olmamış, xarici dövlətdə müəyyən məbləğdə pulu olduğunu, onu Bakıya köçürtmək istədiyini bilsə də, lakin hansı məbləğdə və hansı ölkədə olduğunu bilməmişdir. Vüsal adlı şəxs Raşad müəllimi aldadaraq, təzyiqlər edərək həmin pulu Azərbaycana gətirə biləcəyini demiş, sonuncu da Vüsala inanıb Sürəyya xanımla 2 dəfə görüşmüş, Sürəyyə özü ona demişdir ki, Raşad müəllimin müəyyən yerlərə borcu var və Sürəyya xanım özü Raşada kömək etmişdir. Hesab edir ki, Sürəyya xanım özü Raşad müəllimi rüşvətə təhrik edib. Raşad müəllim onun pullarını ödəyə bilmədiyinə görə Şahid1 özü təkid edirdi ki, Raşad müəllim onu baş həkim qoysun. Cinayət işinin 111-ci vərəqində olan sənəddən görünür ki, Şahid3 istintaqa təqdim etdiyi 10smx15sm ölçülü ağ rəngli kağızda “Mən, Təqsirləndirilən şəxs Şahid2 2400 man borc aldım” yazısı, habelə “12/Xİ” tarix və imzası öz əksini tapmışdır. Cinayət işinin 110-cu vərəqində olan, Şahid3 tərəfindən 20 may 2021-ci il tarixdə istintaqa təqdim edilən “e-manat” ödəniş terminalı çekindən görünür ki, sonuncunun yaşadığı ünvan 6 ünvanının yaxınlığında, yəni ünvan 5 ünvanında yerləşən “e-manat” ödəniş terminalı vasitəsilə Şahid4 məxsus ******************** nömrəli hesaba 400 (dörd yüz) manat pul köçürülmüşdür. Cinayət işinin 112-114-cü vərəqlərində olan Şahid3 (S) tərəfindən istintaqa təqdim edilmiş və Təqsirləndirilən şəxs (R) məxsus ***-***-**-** mobil nömrəsi ilə “Whatsapp” proqramı vasitəsilə yazışmalardan görünür ki, onlar arasında 28 fevral 2021-ci il tarixdə aşağıdakı məzmunda yazışma olmuşdur: R: Sabahınız xeyir. R: ******************** X7 S: 20 dəq pul köçəcək R: Tamam R: Mən deyirəm R: İnshallah her şey yaxşı olar S: (“e-manat” ödəniş terminalının çekin şəklini atıb) R: Teşekkür R: Böyük Allah her zaman üstümüzdə olsun Bundan əlavə, həmin protokoldan görünür ki, 17 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Şahid3 “Whatsapp” proqramı vasitəsilə aşağıdakı məzmunda sms yazmışdır: R: Samirə xanım bitmək üzrədir Səbr edin bir az. yoldaşı tələsdirirəm Habelə, həmin protokoldan görünür ki, 19 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Şahid3 “Whatsapp” proqramı vasitəsilə aşağıdakı məzmunda sms yazmışdır: R: Sabahınız xeyir. Samire xanım İlgar müəllimə deyin saat 10da pulu duzelde bilmemisem. Xahiş edirəm meni anlayın her hefte sonu mən sizə 500 manat gaytaracam ve bu borcu 5 həftəyə baglayacam. Mənim alacağım pulum var gecikir inşallah alan kimi lap tez də baglayacam bu ishi. Yenə sizdən üzr istəyirəm insanlığa naminə meni anlayın bu saat dururmum çox pisdir. Bir daha üzr istəyirəm. Xahiş edirəm məni anlayın. Bundan əlavə, Şahid3 (S) tərəfindən istintaqa təqdim edilmiş və Təqsirləndirilən şəxs (R) məxsus ***- ***-**-** mobil nömrəsi ilə telefon danışığına aid səs yazısına baxış keçirilməsinə dair protokoldan görünür ki, onlar arasında aşağıdakı məzmunda danışıqlar olub: S: Həkim, niyə ki, bugün alınmadı? R: Bilirsiz, TƏBİB bizdə gəldi oturdu, bircə adamı keçirtdi laboratoriyaya, dedi Raşad müəllim, bununla limitimiz doldu, o biri limit qalacaq aprel üçün, dedim yaxşı, siz qalacaqsız inşallah aprel üçün, nazirliklə olsaydı çoxdan həll olunmuşdu. S: Onda həkim, biz sizə 2800 verdik düzdü? R: Hə düzdü, 2800 S: Onda belə olsa mən 2400 verəcəm, biz 400-ü sizə işi tezləşdirmək üçün verdik. İlqar (əri Şahid2) da əsəbiləşib. R: Yox, yox narahat olmayın. Bundan əlavə, Şahid3 (S) tərəfindən istintaqa təqdim edilmiş və Təqsirləndirilən şəxs (R) məxsus ***- ***-**-** mobil nömrəsi ilə telefon danışığına aid digər səs yazısına baxış keçirilməsinə dair protokoldan görünür ki, onlar arasında aşağıdakı məzmunda danışıqlar olub: R: Samirə xanım bu saat həll edəcəyəm narahat olmayın S: Yox narahatam, əməlli başlı narahatam, hansı ayda vermişəm mən pulu sizə həkim? R: Yadımda deyil indi S: Yadınızdan çıxıb çünki maraqsızdır, o sizin pulunuz deyil axı, noyabrdan pulu vermişəm. R: İndi eləyəcəm. Narahat olmayın eləcəm, lap Allah eləməsin qalsa əgər... S: Yox, sabaha qalsa həkim mən sizi polisə verəcəm, əlimdə faktlar da var. R: Əgər alınmasa, mən öz maaş kartımı verəcəm sizə S: Mən sizin maaş kartını neynirəm həkim? Mən sizdən maaş kartı istədim? R: Yox uzansa deyirəm, uzansa S: Uzansa nədi? Uzana bilməz həkim. Bugün mənim pulum gəlməsə mən sizi polisə verəcəm. Siz bilirdiniz iş yoxdur niyə mənim pulumu saxlayırdınız? R: İş var niyə yoxdur? Məsələn qeydiyyat işi var, əməyin mühafizəsi var. S: Həkim mən sizə pulu nədən ötəri vermişəm? R: Siz arxiv istədiniz, arxiv işində də gündəlik işə çıxmaq lazımdır. S: Siz sonra mənə dediniz arxiv alınmır, çünki orda 1 nəfər var icazə vermirlər, arxivə götürə bilmirəm. Dediniz bir qalır kadrlar şöbəsi. R: Oldu Samirə xanım Allahaqqı narahat olmayın. Cinayət işinin 62-ci vərəqində olan Şahid1 ilkin araşdırma zamanı təqdim etdiyi Təqsirləndirilən şəxs ilə səs yazısının olduğu CD diskə baxış keçirilməsi haqqında 23 aprel 2021-ci il tarixli protokoldan görünür ki, həmin diskdə MPEG-4 formatda bir fayl var. Həmin fayldakı səs yazısı 25 dəqiqə 44 saniyə davam edir. Həmin danışıqlara qulaq asarkən müəyyən edildi ki, danışıqlar Şahid1 (S), Təqsirləndirilən şəxs (R) və Şahid1 əri Vahid Qasımov (V) arasında keçir. Səs yazısında qeyd edilən şəxslər arasında aşağıdakı məzmunda söhbət olduğu müəyən edilir: R: Sabah saat 3-də qızın özü ilə danışıram, burda yox idi, Dubayda idi, dirənəcəm üzünə. V: Əşi il yarımdı, il yarıma işmi düzəlir? R: Mən danışdım. Rövnəqi qoyanda da deyir belə olmuşdu. Onda da 2 il davam eləmişdi, sonra qoymuşdular. S: Xalq uje bizi daş qalaq eləyir, mümkün deyil. Bəs birdən alınmasa? R: Sabah mən əl çəkmiyəcəm ondan. Sabah mən açıqca deyəcəm ki, əgər belədirsə mən istəmirəm, qaytarın mənim pullarımı. S: Hə de ki, istəmirəm. Lazımdımı sənə səhiyyə? Onsuz səhiyyəni bütün çökdürüblər. Sənə laımdırmı, cəngəlliyə girəsən? Elə adamlar var ki, biz sələm veririk. Deyir bu qədər vermişəm faizini verin. R: Hə sabah konkret dirənəcəm ki, istəmirəm, kimi istəyirsiniz onu qoyun. O, biri Lənkəranlı geri götürübdür. Cinayət işinin 41-ci vərəqində olan Şahid1 istintaqa təqdim etdiyi ağ rəngli kağıza baxış keçirilərək zaman müəyyən edilmişdir ki, həmin kağızda Təqsirləndirilən şəxs tərəfindən “Mən, Təqsirləndirilən şəxs tələbə yoldaşım Şahid1 170000 $ pul iş gurmag ucun borc almışdım.” yazısı, habelə “14/01.2021” tarix və imzası, eləcə də ortasında “Həkim dermatoveneroloq”, kənarında isə “Təqsirləndirilən şəxs” yazısı olan dairəvi möhür öz əksini tapmışdır. Cinayət işinin 122-ci vərəqində olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi üzrə 10 iyul 2007-ci il tarixli, 239/k nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs həmin əmrlə Bakı şəhəri 1 Nömrəli Dəri-Zöhrəvi Dispanserinin baş həkimi vəzifəsinə təyin edilmişdir. Cinayət işinin 124-125-ci vərəqində olan Bakı şəhəri 1 Nömrəli Dəri-Zöhrəvi Dispanserinin baş həkimi kimi Təqsirləndirilən şəxs özü tərəfindən 11 oktyabr 2019-cu il tarixdə təsdiq edilmiş ştat cədvəlindən görünür ki, dispanserdə “Arxiv” şöbəsi və “arxivçi” vəzifəsi olmamışdır. Cinayət işinin 129-131-ci vərəqində olan 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”na əsasən, baş həkim tibb müəssisənin fəaliyyətinə rəhbərliyi həyata keçirmək, əhaliyə keyfiyyətli müvafiq sahə üzrə tibbi xidmət göstərilməsini, inzibati-təsərrüfat və maliyyə fəaliyyətini təşkil etmək, müəssisənin fəaliyyətinin təhlilini həyata keçirmək və onun əsasında işin forma və metodlarının yaxşılaşdırılması üzrə zəruri tədbirlər görmək, müvafiq sahə üzrə müasir diaqnostika, müalicə və profilaktika metodlarının tətbiqini təmin etmək, digər müalicə-profilaktika müəssisələri arasında əhalinin müayinə və müalicəsində ardıcıl və əlaqəli iş prinsipinin tətbiq edilməsini təmin etmək, müəssisənin illik hesabatını və illik mühasibatlıq balansını təsdiq etmək, kadrların seçilməsi, onların ixtisaslarına uyğun yerləşdirilməsi və istifadəsini həyata keçirmək, onların peşə ixtisaslarının artırılması üçün şərait yaratmaq, daxili intizam, əməyin mühafizəsi üzrə, cihaz, avadanlıq, alətlər və mexanizmlərin istismarı qaydalarının tələblərinin yerinə yetirilməsinə nəzarət etmək, müəssisənin fəaliyyətini digər səhiyyə qurumları ilə əlaqələndirmək kimi əmək funksiyalarının icrasını yerinə yetirir. Cinayət işinin 144-155-ci vərəqlərində olan 22 may 2021-ci il tarixli qərardan görünür ki, Şahid1 tərəfindən istintaqa təqdim edilmiş Təqsirləndirilən şəxs yazdığı iltizam və sonuncu ilə aralarında olan söhbətin səs yazısının əks olunduğu CD disk, habelə Şahid3 tərəfindən istintaqa təqdim edilmiş Təqsirləndirilən şəxs ilə telefon danışığının əks olunduğu CD disk və “Whatsapp” yazışmalarından çıxarışlar, eləcə də “e-manat” ödəniş terminalının 28.02.2021-ci il tarixli çeki və Şahid3 istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs yazdığı iltizamın əks olunduğu 10smx15sm ölçülü ağ rəngli kağız maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs Şahid1 borc aldığını, lakin sonuncunun pulunu geri tələb etdiyini görəndə nazir təyin ediləcəyini və onu da baş həkim təyin edəcəyi barədə yalan deməsini, habelə Şahid3 pul məbləğini alaraq işə düzəldəcəyi barədə ona yalan vədlər verdiyini bildirsə də, həmin dəlillər yuxarıda sadalanmış şahid ifadələri, maddi sübutlar və digər sübutlarla təkzib olunduğundan məhkəmə onun bu ifadələrini ittihamı təkzib edən sübut qismində qəbul etmir. Məhkəmə eləcə də əlavə şahid X3 ifadəsini də ittihamı təzkib edən sübut qismində qəbul etmir. Belə ki, uzun müddət təqsirləndirilən şəxsin tabeçiliyində işləməklə iş üzrə maraqlı şəxsdir. Onun ifadəsi heç bir fakta əsaslanmır, Təqsirləndirilən şəxs Şahid1 borc aldığını, lakin sonuncunun pulunu geri tələb etdiyini görəndə nazir təyin ediləcəyini və onu da baş həkim təyin edəcəyi barədə yalan deməsini, habelə Şahid3 pul məbləğini alaraq işə düzəldəcəyi barədə ona yalan vədlər verdiyini bildirsə də, Nüşabə Səlimova tamamilə bunun əksini bildirir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci i tarixli, 7 №-li qərarında göstərilmişdir ki, dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərərçəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını və maddi sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərini törətməsi məhkəmədə tam sübuta yetirilmişdir, onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə tövsif edilmiş, o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 34-cü vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin 180-ci vərəqində olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 28 may 2021-ci il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Şahid3 izası ilə məhkəməyə daxil olan 14.07 2021-ci il tarixli ərizədə Şahid3 bildirir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, o, dəymiş ziyanı tamamilə ödəmişdir. Belə ki, vurulmuş ziyandan 500 manatı həbs edilməmişdən əvvəl qaytarmış, qalan 2300 manat hissəsini isə ona şəxsən 14.07.2021-ci il tarixdə ödəmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən, uzun müddət tibb sahəsində işləməsi, Şahid3 vurduğu ziyanı ödəməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Cinayət işinin 95-99-cu vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 aprel 2021-ci ildə tutularaq barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. CM-nin 46.2-ci maddəsində deyilir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ittiham olunduğu əməllər tutduğu vəzifə ilə əlaqədar olduğundan təqsirləndirilən şəxs barəsində CM-nin 46.2-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi - məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəza növü əlavə cəza kimi təyin edilməlidir. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 26 aprel 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, maddi sübut Şahid1 tərəfindən istintaqa təqdim edilmiş Təqsirləndirilən şəxs yazdığı iltizam və sonuncu ilə aralarında olan söhbətin səs yazısının əks olunduğu CD disk, habelə Şahid3 tərəfindən istintaqa təqdim edilmiş Təqsirləndirilən şəxs ilə telefon danışığının əks olunduğu CD disk və “Whatsapp” yazışmalarından çıxarışlar, eləcə də “e-manat” ödəniş terminalının 28.02.2021-ci il tarixli çeki və Şahid3 istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs yazdığı iltizamın əks olunduğu 10smx15sm ölçülü ağ rəngli kağız cinayət işi materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351- 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 178.3.2-ci maddəsi ilə CMnin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il azadlıqdan məhrumetmə cəzasına, CM-nin 32.4,312.2-ci maddəsi ilə CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin, CM-nin 66.3 və 66.4-cü maddəsinə əsasən təyin edilən əsas cəzanı əsas cəza ilə, əlavə cəzanı əlavə cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə ona qəti olaraq 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 (doqquz) il azadlıqdan məhrumetmə cəzası təyin edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 26 aprel 2021-ci il tarixdən hesablansın. Maddi sübut-Şahid1 tərəfindən istintaqa təqdim edilmiş Təqsirləndirilən şəxs yazdığı iltizam və sonuncu ilə aralarında olan söhbətin səs yazısının əks olunduğu CD disk, habelə Şahid3 tərəfindən istintaqa təqdim edilmiş Təqsirləndirilən şəxs ilə telefon danışığının əks olunduğu CD disk və “Whatsapp” yazışmalarından çıxarışlar, eləcə də “e-manat” ödəniş terminalının 28.02.2021-ci il tarixli çeki və Şahid3 istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs yazdığı iltizamın əks olunduğu 10smx15sm ölçülü ağ rəngli kağız cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar