Məhkəmə qərarları › İş №1(101)-1248/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1248/2023

08.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1248/2023 08.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclası cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmçinin məhkəmənin hazırlıq iclası zamanı ittiham və müdafiə tərəflərinin məhkəmə baxışı zamanı təqdim etdikləri sübutların siyahısı barədə, məhkəmə baxışından sübut kimi yolverilməz materialların xaric edilməsi barədə məsələlər həll edilir (Cinayət-Prosessual Məcəlləsinin 299.4.2 və 299.4.3-cü maddələri). Cinayət-Prosessual Məcəlləsinin 299-cu maddəsinin məzmunundan göründüyü kimi, məhkəmənin hazırlıq iclasının mahiyyəti ondan ibarətdir ki, məhkəmə iş üzrə sübutların qiymətləndirilməsinə yönələn hərəkətlər etmədən və məhkəməyə verilmiş şəxsin təqsirlilik məsələsini həll etmədən, bu məsələlərin məhkəmə iclasında həll edilməsi üçün faktiki halların kifayət edib-etməməsi və məhkəmə baxışının təyin edilməsinin mümkün olubolmaması ilə bağlı tərəflərin fikrini öyrənərək müəyyən nəticəyə gəlir. Məhkəmənin hazırlıq iclasının əhəmiyyəti ondan ibarət olur ki, məhz bu mərhələ faktiki halları tam şəkildə tədqiq edilməmiş işlərin, eləcə də prosessual qanunun kobud pozulmasına yol verilmiş işlərin məhkəmə baxışına verilməsinin qarşısının alınmasına təminat yaradır. Başqa sözlə, məhkəmənin hazırlıq iclası məhkəmə baxışı üçün zəruri şəraitin yaradılmasını, məhkəmə iclasının uğurla həyata keçirilməsini təmin edir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il tarixli 14 sentyabr tarixli qərarı) Məhkəmənin hazırlıq iclasında Müdafiəçi1 yazılı vəsatətlərlə məhkəməyə müraciət edərək ibtidai araşdırma zamanı bir sıra kobud qanun pozuntularına yol verildiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yol verilmiş kobud qanun pozuntularının aradan qaldırılması üçün cinayət işinin məhkəmənin hazırlıq iclasında baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Müdafiəçi vəsatətlərində göstərmişdir ki, müdafiə etdiyi Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanının müəyyən etdiyi kimi evinin qarşısında deyil, ünvan 1 ünvanın həyətində ailə üzvlərinin gözləri qarşısında Elşən Babayev adlı şəxslə birlikdə saxlanılmışdır. Ümumiyyətlə ibtidai istintaq orqanının istintaq sənədlərində qeyd etdiyi kimi ünvan 2 ünvan mövcud deyildir. Vəsatətə əlavə edilmiş rəsmi küçə və ünvan, həmin ünvanın harada yerləşməsini təsdiq edən açıq internet resurslarında yerləşdirilmiş peyk çıxarışına əsasən də, ünvan 3 ünvan Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşir. Müdafiəçi daha sonra vəsatətində qeyd etmişdir ki, istintaq hərəkətləri qanunazidd olaraq araşdırma səlahiyyəti olmayan müstəntiq tərəfindən aparılmışdır. Belə ki, Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin və ya ərazi üzrə şöbə və ya bölmənin polis əməkdaşlarının iştirakı təmin edilmədən hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs saxlanılmış, müstəntiq tərəfindən həmin qanunsuz hal nəzərə alınmadan özü-özünə etiraz edilməli şəxs olmasına baxmayaraq, istintaq davam etdirilmiş, istintaq aidiyyəti üzrə cinayət işi aidiyyəti üzrə Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinə göndərilməli olduğu halda, müstəntiq qanunsuz olaraq özü araşdırma apararaq Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 216.1-ci maddəsinin tələblərini kobud surətdə pozmuşdur. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsində qərəzsiz və obyektiv aparılması qeyri-mümkün olmuşdur. Müdafiəçi vəsatətində həmçinin göstərmişdir ki, cinayət işi materialları ilə 8 aprel 2023-cü il tarixdə tanış olduqdan sonra Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsi, o cümlədən müstəntiq Mahmud Sarıvəlli tərəfindən aparılmasına etiraz olaraq həmin protokolu imzalamaqdan imtina etmiş, eyni zamanda əvvəlki tarixlərdə olduğu kimi onun tərəfindən Bakı şəhəri, Nəsimi rayon Prokuroruna Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisinə və həmin şöbənin müstəntiqi Mahmud Sarıvəlliyə etiraz etmələri, cinayət işinin qeyd edilən müstəntiqdən götürülüb başqa müstəntiqə həvalə edilməsinə dair vəsatətlə müraciət etmiş, lakin həmin vəsatələrinə baxılması barədə ona hər hansı məlumat verilməmişdir. Müdafiəçi vəsatətində əlavə olaraq göstərmişdir ki, iş materialları ilə tanış olarkən məlum olmuşdur ki, iş üzrə şahid X6 şahid kimi dindirmə protokolunda dindirmə protokolunun tarixi və başlanması saatı qeyd edilməmiş, şahid X2 dindirmə protokolunda dindirmə tarixi və saatı qeyd edilməmiş, yalan ifadə vermək, yaxın qohumuna qarşı ifadə verməmək barədə xəbərdar edilməmiş, şahid X3 dindirmə protokolunda dindirmənin günü və saatı qeyd edilməmiş, şahid X7 dindirmə protokolunda dindirmənin günü və saatı qeyd edilməmiş və müstəntiq tərəfindən imza edilməmiş, şahidlər Şahid1 Elburus oğlu və X8 dindirmə protokollarında dindirmə günü və vaxtı qeyd edilməmiş, həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs dindirmə protokolunda dindirmə günü yazılasa da, dindirmə zamanı yazılmamışdır. Vəsatətdə həmçinin ibtidai araşdırma orqanı tərəfindən çoxsaylı qanun pozuntularına yol verilməsi, istintaqın təqsirləndirilən şəxsin cinayət prosesinin iştirakçılarına etiraz etmə və müdafiə hüququnun pozuntusu ilə aparılması da qeyd edilmişdir. Vəsatətdə daha sonra göstərilmişdir ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 216.1-ci maddəsinin tələblərinə əsasən ibtidai araşdırma cinayətin törədildiyi yer üzrə (inzibati ərazi vahidi üzrə) aparılır. Həmin Məcəllənin 122.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Müdafiəçi ibtidai araşdırmanı aparmış orqana etiraz etmələri, CPM-in 216.1-ci maddəsinə əsasən Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsində istintaqın qərəzsiz və obyektiv aparılmasının mümkünsüzlüyü əsası ilə cinayət işinin istintaqının aparılmasının Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinə və ya digər müstəntiqə həvalə edilməsi barədə özü və təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri, Nəsimi rayon prokurorluğuna çoxsaylı müraciətlər etmələrini qeyd edərək bildirmişdir ki, onların vəsatətlərinə baxılıb müvafiq qərar qəbul edilməsi əvəzinə həmin vəsatətlər qanunsuz və əsassız olaraq baxılması üçün hərəkətlərindən şikayət verilmiş Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinə göndərilmişdir. Müdafiəçi vəsatətinə müvafiq müraciətlərin və bir sıra müraciətlərə verilmiş cavabların surətlərini də əlavə etmişdir. Göstərilənlərə əsasən, müdafiəçi xahiş etdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilsin, həmçinin kobud qanun pozuntularına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarılsın və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək həbsdən azad edilsin. Təqsirləndirilən şəxs Müdafiəçi1 vəsatətini müdafiə edərək cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilərək həbsdən azad edilməsini xahiş etdi. Dövlət ittihamçısı vəsatətin rədd edilməsini və işin məhkəmə baxışına təyin edilərək baxılmasını xahiş etdi. Məhkəmə hesab edir ki, müdafiəçinin cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsinə dair hissədə vəsatəti əsaslı olduğundan təmin edilməli, digər hissələrdə isə, yəni həbs qətimkan tədbirinin ləğv edilməsi və qanun pozuntularına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarılmasına dair hissələrdə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikasının CPM-in 303.3.1, 303.3.3 və 303.3.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), məhkəməyədək icraatın etiraz edilməli və ya özüözünə etiraz etməli olan şəxs tərəfindən aparılması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) və cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289 və 290.3.2ci maddələrinin tələblərinə uyğun olmaması kobud qanun pozuntularıdır və bu qanun pozuntularına yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, cinayət işinin materiallarında olan Müdafiəçi1 yazılı vəsatətinin məzmunundan həmçinin görünür ki, sonuncu ibtidai araşdırmanı aparan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsinə və həmin şöbənin müstəntiqi Mahmud Sarıvəlliyə etiraz etmişdir (cild 1, iş vərəqi 285-286). Eyni zamanda, müdafiəçinin məhkəməyə təqdim etdiyi yuxarıda qeyd edilən, yəni cild 1, iş vərəqi 285-286-cı səhifələrdə olan yazılı vəsatətin surətindən görünür ki, həmin vəsatət həm Bakı şəhəri, Nəsimi RPİ-nə, həm də Bakı şəhəri, Nəsimi rayon prokurorluğuna təqdim edilmişdir. Belə ki, müdafiəçinin təqdim etdiyi həmin vəsatətin surətindən vəsatətin 1-ci vərəqində “Azərbaycan Respublikası DİN-nin Zərflər üçün 186 nömrəli” möhürü vurulmaqla və “Qəbul etdim Kərimov R. 10:08” qeydi aparılaraq imzalanması, habelə 2-ci vərəqdə isə Bakı şəhəri, Nəsimi rayon prokurorluğunun “Zərflər üçün” möhürü vurulmaqla və “F.Mahmudova. xx.xx.2023, 11:00” qeydi aparılaraq imzalanması müəyyən edilir. Müdafiəçi vəsatətdə qeyd apararaq imzalayan şəxslərin müvafiq olaraq Bakı şəhəri, Nəsimi RPİ-nin və Nəsimi rayon prokurorluğunun dəftərxanalarının əməkdaşlarının olmasını qeyd etmişdir. Lakin məhkəmə kollegiyası tərəfindən hazırlıq iclasından əvvəl iş materialları ilə tanış olunarkən qeyd olunan vəsatətin qanunsuz olaraq 10 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi RPİ-nin müstəntiqi, polis baş leytenantı X9 tərəfindən rədd edilməsi haqqında qərar qəbul edilməsi müəyyən edilmişdir. Başqa sözlə, qeyd edilən yazılı vəsatətdə göstərilən istintaq orqanına və müstəntiqə etirazla bağlı hissələrə cinayət prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada baxılaraq hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikasının CPM-in 303.3.3-cü maddəsinə əsasən, ibtidai araşdırma orqanı tərəfindən məhkəməyədək icraatda etiraz edilmiş və ya özü-özünə etiraz edilmiş şəxs tərəfindən ibtidai istintaqın aparılması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kobud qanun pozuntularıdur və bu qanun pozuntularına yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Həmin Məcəllənin 107.5-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan öz səlahiyyətləri daxilində cinayət prosesinin gedişində etirazları və özü-özünə etirazları həll etməyə, müvafiq şəxsin cinayət prosesində iştirakını istisna edən halları aşkar etdikdə isə öz təşəbbüsü ilə onu cinayət prosesindən kənarlaşdırmağa haqlıdır. Həmin Məcəllənin 113.1 və 113.4-cü maddələrinə əsasən müstəntiqə və ya təhqiqatçıya etiraz bu Məcəllənin 109.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda əsaslı sayılmalı və şərtsiz təmin olunmalıdır. Müstəntiqə və ya təhqiqatçıya etiraz məsələsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən həll edilir. Göründüyü kimi, ibtidai araşdırma zamanı müdafiəçi tərəfindən müstəntiqə və ibtidai istintaq orqanına verilmiş etiraz, ibtidai istintaq orqanının dəyişdirilməsi barədə vəsatətlər qanunamüvafiq qaydada baxılmamışdır. Qeyd edilən hallar isə təqsirləndirilən şəxsin müdafiə hüququnun kobud pozulmasıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iş materiallarında Azərbaycan Respublikasının CPM-in normalarının digər mühüm pozulması hallarına da yol verilmişdir. Belə ki, Bakı şəhəri, Nəsimi rayon prokuroru Həsən Hənifəyev tərəfindən iş üzrə Nəsimi RPİ-nin İŞ-nə verilmiş yazılı göstərişdə qeyd edilən xüsusatlar (X5 dindirilməsi, onun inzibati qaydada tutulub-tutulması məsələsinin aydınlaşdırılması və sair) həmin orqan tərəfindən tam icra edilməmiş qalmışdır (Cild 1, iş vərəqi 158-159) Halbuki, Azərbaycan Respublikasının CPM-in 85.5-ci maddəsinə əsasən ibtidai istintaq apararkən müstəntiq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi, cinayətin tövsifi, ittihamın həcmi, işin icraatına xitam verilməsi və ya məhkəməyə göndərilməsinə dair ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişi, yaxud qərarı ilə razılaşmadıqda öz əsaslandırılmış etirazını yuxarı prokurora göndərməyə haqlıdır. Bu halda yuxarı prokuror onun dəlilləri ilə razılaşır və aşağı prokurorun yazılı göstərişlərini ləğv edir və ya onun dəlilləri ilə razılaşmayaraq ibtidai istintaqın aparılmasını digər müstəntiqə tapşırır. Prokurorun yazılı göstərişlərindən edilən etiraz bu göstərişlərin icrasını dayandırmır. Tərtib edilmiş ittiham aktına və təqsirləndirilən şəxsə verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 22,461 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 13 sentyabr 2022-ci il tarixdə Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 09:30-da ünvan 5 ünvanın qarşısında saxlanılaraq həmin polis bölməsinə gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindəki kosmetika çantasının içərisindən 5 bükümdə ayrı-ayrılıqda çəkiləri 15,245 qram, 1,825 qram, 2,048 qram, 1,480 qram və 1,863 qram olmaqla ümumi təmiz çəkisi 22,461 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin və narkotik vasitələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Lakin məhkəmə kollegiyası tərəfindən hazırlıq iclasından əvvəl iş materialları ilə tanış olunarkən Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən hər hansı əməliyyat-axtarış tədbirlərinin keçirilməsi müəyyən edilməmişdir. Halbuki, iş materiallarından, o cümlədən polis əməkdaşlarının ifadələrindən isə müəyyən edilir ki, Təqsirləndirilən şəxs özünü şübhəli aparması ilə əlaqədar sonuncu polis bölməsinə dəvət edilmiş və orada narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən üzərindən ittihamda qeyd edilən predmetlər aşkar edilmişdir. Qeyd edilənlər isə təqsirləndirilən şəxsin müdafiə hüququnun kobud pozulmasına səbəb olmuşdur. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Bu baxımdan cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı, ona qarşı irəli sürülmüş ittihamın “xarakteri və əsasları” haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. Azərbaycan Respublikasının CPM-in 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)” təqsirləndirilən şəxsin hüququdur. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il , “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X13 Federasiyasına qarşı” iş üzrə 18 fevral 2010-cu il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”nın 6-cı maddəsi, xüsusən də həmin maddənin 3-cü bəndi işlər birinci instansiya məhkəməsinə göndərilməzdən əvvəl o vaxt əhəmiyyət kəsb edə bilər ki, onun tələblərinin ilkin pozuntusu məhkəmə araşdırmasının ədalətliliyinə toxuna bilər. Həmin qərarda Avropa Məhkəməsi, həmçinin, qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsi şəxslərə cinayət işləri üzrə ittiham elan edildiyi andan tətbiq edilməyə başlayır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri bilir ki, müdafiəçinin vəsatətində bir sıra istintaq hərəkətləri sənədlərinin natamam olması ilə bağlı (yuxarıda qeyd edilmiş dindirmə protokollarında tarix, vaxt, imzaların və bir sıra hüquqların izahının olmaması) göstərdiyi hallar, iş materialları ilə tanış olunarkən öz təsdiqini tapmamışdır. Lakin müdafiəçinin vəsatətinə əlavə etdiyi qeyd edilən istintaq hərəkətləri protokollarının surətlərindən həmin halların öz əksini tapması müəyyən edilir. Müdafiəçi iş materialları ilə tanış olarkən həmin sənədlərin surətlərini götürdüyünü, sonradan isə müstəntiq tərəfindən sonradan həmin sənədlərə əlavə və düzəlişlər edildiyini bildirmişdir. Yuxarıda qeyd edilənlər, Azərbaycan Respublikasının CPM-in 124-132,138-146-cı maddələrinin tələblərinin də kobud pozulması olmaqla iş materiallarında olan ittihamın əsası kimi təqdim edilən sübutları şübhəli vəziyyətə gətirir. Göründüyü kimi, istintaq orqanı tərəfindən yol verilmiş yuxarıda qeyd edilən pozuntular, habelə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamasının nəticəsi olaraq, təqsirləndirilən şəxsə elan edilmiş ittihamın məzmunu ziddiyyətli olmaqla, həmin xüsusat ittihamın mahiyyətinə toxunmaqla bərabər təqsirləndirilən şəxsin təqsirliliyi və əməlinin tövsifi məsələsinə də birbaşa təsir göstərir. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, müdafiə və ittiham tərəfinin məhkəməyə təqdim etdikləri müxtəlif dövlət qurumlarının eyni məsələ barəsindəki (Xan Şuşinski küçəsi 63 saylı ünvanının Bakı şəhəri, Nəsimi rayonu və ya Nərimanov rayonunun inzibati ərazi dairəsinə və müxtəlif polis bölmələrinin inzibati ərazisinə aid olması kimi) fərqli məzmunlu arayışlarındakı ziddiyyətlər əlavə istintaq aparılması aydınlaşdırılmaqla hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının CPM-in 303.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin maddənin 3-cü hissəsinin 1-ci bəndinə görə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, 3-cü bəndinə görə isə məhkəməyədək icraatın etiraz edilməli və ya özü-özünə etiraz etməli olan şəxs tərəfindən aparılması və 6-cı bəndinə görə isə cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin tələblərinə uyğun olmaması kobud pozuntusu kimi müəyyən edilmişdir. Məhkəmə, cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsi ilə yoxlayıb belə nəticəyə gəlir ki, qeyd edilən cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikasının CPM-in 306.2-ci maddəsinə görə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda və ya cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Cinayət işinin materiallarından isə görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbsdə saxlama müddəti Bakı Ağır Cinayətlər məhkəməsinin 20 aprel 2023-cü il tarixli qərarı ilə məhkəmənin hazırlıq iclasının yekununa dair qərar qəbul edilənədək dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxsin barəsində əlavə istintaq aparılması zərurətini və ibtidai istintaq zamanı seçilmiş qətimkan tədbirinin seçilməsinin maddi və prosessual əsaslarının hazırda da dəyişmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə uzadılmalıdır. Beləliklə, məhkəmə, şərh olunanlara əsasən hesab edir ki, müdafiəçinin vəsatəti qismən təmin edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, digər hissələrdə isə, yəni həbs qətimkan tədbirinin ləğv edilməsi və qanun pozuntularına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarılmasına dair hissələrdə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 298-300, 303.3.1, 303.3.3, 303.3.6 və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Müdafiəçinin vəsatəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə, yəni 8 oktyabr 2023-cü il tarixədək uzadılsın. Qərarın surəti 3 (üç) gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar