Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1248/2024 02.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 18 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-418/2023 saylı, 19 avqust 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 30,135 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 18 avqust 2023-cü il tarixdə Nəsimi rayon polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 16:30-da ünvan 4 ünvanın qarşısında saxlanılaraq Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi rayon Polis idarəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 30,135 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, heç vaxt narkotik vasitələrin hər hansı bir növündən ümumiyətlə istifadə etməmiş və yaxud da onların satışı ilə məşğul olmamışdır. 17 avqust 2023-cü il tarixdə saat təxminən 16-17 radələrində Bakı şəhəri, Nəsimi rayonu «28 May» ünvanı deyilən yerdə, yəni Mərkəzi Bank yerləşən parkda olan Heydər Əliyevin heykəlinin arxa hissəsinə ağ rəngli sprey boya ilə «Stalin» sözünü yazmış, sözü yazdıqdan dərhal sonra 2 nəfər polis əməkdaşı ona yaxınlaşmış, onu Post- Patrul avtomobilinə dərhal əyləşdirib Nəsimi RPİ-nin 22-ci PŞ-nə aparmışlar. İçəri daxil olan zaman onu binanın 1-ci mərtəbəsində kamera olmayan otağa keçirmişlər. Daha sonra polis əməkdaşlarının sayı çoxalmış, onunla şifahi sorğu-sual edildikdən sonra onu yerə yıxmışlar, işgəncə vermişlər, belə ki, polis əməkdaşları ayaqlarını onun qarnının üzərinə qoymuşlar. Daha sonra onun qarşısına silah və narkotik qoymuşlar, ona izah etmişlər ki, bunlardan birini seçməlidir. O, heç birinin seçməyinə razı olmadığını bildirdikdə polis əməkdaşları ona hədə-qorxu gəlməyə başlamışlar. Polis əməkdaşları ona demişlər ki, narkotik vasitəni seçməyi daha yaxşı olar, çünki narkotik vasitəni seçdiyi təqdirdə ona daha aşağı cəza verəcəklər, belə ki, 1-2 aya onu buraxacaqlar. Hətta polis əməkdaşları ona demişlər ki, əgər qarşısına qoyulanlardan hər hansı birini seçməsə onu casusluqda ittiham edəcəklər. Belə ki, mobil telefonuna Azərbaycan Respublikasında yerləşən hərbi obyektlərin ünvanlarını və yerləşdikləri yerləri qeyd edib deyəcəklər ki, guya o, bu barədə məlumatları Ermənistana ötürür. Bundan sonra su istədiyindən polis əməkdaşları ona üzərində su içmək üçün çöp nəzərdə tutulan təbii şirə vermişlər, o, şirəni 1 qurtum içdikdə görmüşdür ki, acıdır, polis əməkdaşlarına bu barədə bildirdikdə demişlər ki, yəqin ki, təbii şirənin yaralılıq müddəti keçmişdir. Bundan sonra ona 0.5 litr ölçüdə Coca-Cola içkisi gətirmişlər, içkini özləri açmış və daha sonra ona vermişlər. İçki həddindən artıq köpüklü olmuş, o, polis əməkdaşlarından su barədə şübhələnmədiyindən onu bilməyərəkdən içmiş, bundan sonra başında ağrılar və halsızlıqlar başlamış, bir sözlə özünü narahat hiss etməyə başlamışdır. Bu barədə də polis əməkdaşlarına bildirdikdə ona demişlər ki, yəqin ki, təzyiqi aşağı düşmüşdür. Bütün bunlardan sonra polis əməkdaşlarını ona təzyiq altında təklifləri ilə razılaşmış və narkotik vasitəni üzərinə götürməyi ilə razılaşmışdır. Polis əməkdaşları hətta ona demişlər ki, Qiyas İbrahimli adlı şəxs də onun kimi hərəkət etdiyinə görə onun evindən 1 kiloqram narkotik vasitə çıxarmışlar. Bir sözlə ona dövlət hesabına vəkil vermişlər, narkotik vasitə polis əməkdaşları tərəfindən onun cibinə qoyulmuş, o, narkotik vasitəni həmin vaxta qədər görməmiş, ilk dəfə həmin günü görmüş, onu polis əməkdaşları başa salmışlar ki, çəkiliş olacaq, o, çəkiliş zamanı səmimi olaraq narkotik vasitəni saxladığı cibindən çıxararaq masanın üzərinə qoysun, o da onlarla razılaşmışdır. Daha sonra dedikləri kimi videoçəkilişlə üzərində şəxsi axtarış keçirilən zaman o, polis əməkdaşlarının dedikləri kimi narkotik vasitəni üzərindən çıxararaq masanın üzərinə qoymuşdur. Çəkilişdə də demişdir ki, güya narkotik vasitə ona məxsusdur. Lakin barəsində həbs qətimkan tədbiri seçildikdən sonra ona məlum olmuşdur ki, onu 5 ildən 12 ilədək azadlıqda məhrum etmə cəzası gözləyir, artıq bilmişdir ki, polis əməkdaşları tərəfindən aldadılmış, çünki onlar ona demişlər ki, onu 1-2 ay müddətində buraxacaqlar. Polis əməkdaşları ona elə işgəncə vermişlər ki, onun bədən səthində xəsarət və ya xəsarət izləri yaranmamışdır. Çünki polis əməkdaşları onun qollarını və ayaqlarını əks tərəfə burmuşlar, onu yerə yıxdıqdan sonra ayaqlarını ağ ciyərinin üzərinə qoyub sıxmışlar. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 22-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 18 avqust 2023-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib, üzərində saxlamaqla daşıyır. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Sonra həmin qərarın icra olunması ilə bağlı o və 22-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra isə qrup üzvü Şahid2lə birlikdə daxil olmuş məlumat əsasında 18 avqust 2023-cü il tarixdə ünvan 7 ünvanının qarşısında olarkən saat 16:30-da Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində daxil olmuş məlumat barədə bildirib, Təqsirləndirilən şəxs 22-ci polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etməyib onlarla birlikdə 22-ci polis şöbəsinə gəlmişdir. PŞ-də olarkən raportla rəhbərliyə müraciət olunmuş və raportla bağlı araşdırma aparılması baş təhqiqatçı Emil Qaralova həvalə olunmuşdur. Baş təhqiqatçı Emil Qaralov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk Öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs verilən şifahi suallara cavab olaraq təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini istifadə etmək üçün Bakı şəhəri, Yasamal rayonu, Alatava deyilən ərazidə tanımadığı şəxsdən aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan narkotik vasitə heroin baş təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 22-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” protokoldan, habelə məhkəmə iclasında tətqiq edilmiş diskdəki videogörüntülərdən görünür ki, şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır, lakin başqa hər hansı bir əşya və ya predmet aşkar olunmuş. Təqsirləndirilən şəxs verilən şifahi suallara cavab olaraq təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini istifadə etmək üçün Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən aldığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan narkotik vasitə heroin baş təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 19 avqust 2023-cü il tarixli, 3-16-16/1-6/4446 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «...Şübhəli şəxs: (imza)...» sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 30,135 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 19 avqust 2023-cü il tarixli, 5342 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3295 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar edilməmişdir. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. İnadkarlıq, eqosentrizm, situativlik kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı nəzərə alınmaqla etdiyi hərəkətləri adekvat olaraq qavramaq, mahiyyətini dərk etmək, həmçinin əqli və psixi inkişafının xüsusiyyətlərinə görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən inkar edilsə də şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən ittiham olunmasına səbəbin onun Bakı şəhəri, Nəsimi rayonu «28 May» ünvanı deyilən yerdə, yəni Mərkəzi Bank yerləşən parkda olan Heydər Əliyevin heykəlinin arxa hissəsinə ağ rəngli sprey boya ilə «Stalin» sözünü yazmış olması, polis bölməsində olarkən polis əməkdaşları tərəfindən onun vətənə xəyanətdə ittiham edəcəkləri ilə təhdid edilməsi, fiziki təzyiq göstərməsi, bunun nəticəsi olaraq polis əməkdaşlarının təqdim etdiyi narkotik vasitənin özünə məxsus olması barədə etirafedici izahat verməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndinə əsasən, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmçinin cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi tərəfindən tərtib edilmiş 8134/2023 saylı tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs baxış zamanı dəri səthində bədən xəsarəti aşkar olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini mötəbər sübut qismində qəbul edir və sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən də görünür ki, 17 avqust 2023-cü il tarixdə saat 14 radələrində Yasamal rayonunda Alatava deyilən ərazidə piyada getdiyi zaman tanımadığı şəxs ona yaxınlaşaraq narkotik vasitə heroin satdığını bildirmiş və o, həmin şəxs ilə razılaşaraq hər qramına 30 manat pul ödəməklə narkotik vasitə heroin almışdır. 18 avqust 2023-cü il tarixdə saat təxminən 16 radələrində ünvan 4 ünvanın qarşısında olan zaman ona 2 nəfər mülki geyimli şəxslər yaxınlaşmışlar. Həmin şəxslər özlərini polis olaraq təqdim etdikdən sonra, onlar onun barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağı barədə məlumat olduğunu bildirərək, onu Nəsimi RPİ-nin 22-ci polis şöbəsinin inzibati binasında otaqlardan birinə dəvət etmişlər. O da etiraz etməmiş, üzərində narkotik vasitə olduğunu bildirmiş və polis əməkdaşları ilə 22-ci polis şöbəsinə gəlmişdir. Xidməti otaqda olarkən ondan üstündə, paltarında və paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. O da əynində olan cins şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroin olan 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Onun üzərində axtarış aparılmağa başlanılmış, lakin başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Sonra isə onun üzərindən aşkar edilmiş bükümü adını deməklə təqdim etməyi təklif olunmuşdur. O, bir ədəd bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Ondan həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə o, uzun müddətdir narkotik vasitə istifadə etdiyini, həmin narkotik vasitəni Yasamal rayonunda Alatava deyilən ərazidə tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra iştirakçılara və ona bir ədəd bükümdə olan maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara və ona göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra bir ədəd büküm zərfə qoyularaq, zərfin ağzı möhürlənmişdir. O və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan sonra videoçəkiliş ona və hər bir iştirakçılara nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Videoçəkiliş ona və hər bir iştirakçıya nümayiş etdirilmişdir. Şəxsi axtarış və götürmə zamanı onun və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Şəxsi axtarış zamanı "Sony" markalı videokameradan istifadə edilmişdir. Ona görə də protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyünü imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, narkotik vasitə istifadə edir, bu işlə məşğul olmağından heç kimin xəbəri yoxdur. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Narkotik vasitəni aldığı şəxsdən əvvəllər narkotik vasitə və ya psixotrop maddə almamış, həmin şəxsi tanımır. Bundan başqa məhkəmə iclasında vermiş olduğu ifadədə Təqsirləndirilən şəxs ümumiyyətlə, heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini bildirsə də, məhkəmənarkoloji ekspertizasının 19 avqust 2023-cü il tarixli, 5342 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Beləliklə, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı, yəni satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroinin əldə etməsinə dair ibtidai istintaqın ilkin mərhələsində dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Həmçinin aparılmış araşdırma zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs münasibətdə bu və ya digər qanunzidd əməl törətmələri müəyyən olunmadı. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin və təmiz halda 2 qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yaşını, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 avqust 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 18 avqust 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 18 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməsli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məһkəmə һesab edir ki, iş üzrə müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. İş üzrə maddi sübut olub Nəsimi Rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 30,035 qram təşkil edən heroin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 03 (üç) iş saatı üçün 18 (on səkkiz) manat məbləğində vəsait Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X4 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 18 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Nəsimi Rayon Polis İdarəsinin saxlanc otağına təhvil verilmiş qalıq çəkisi 30,035 qram olan narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi pulsuz hüquqi yardıma görə 03 (üç) iş saatı üçün 18 (on səkkiz) manat məbləğində vəsait Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X4 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-1248/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1248/2024
02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver