Məhkəmə qərarları › İş №1(101)-1249/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1249/2022

06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1249/2022 06.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - «Pro Bono» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 16 avqust 1989-cu ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Salyan rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, 09 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək məqsədi ilə şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Seyid» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 07 fevral 2022-ci il tarixdə axşam saatlarında əvvəlcədən aralarında olan razılaşmaya əsasən 1000 manat pulu sonuncunun kart hesabına ödədikdən sonra, «Whatsapp» proqramı vasitəsi ilə «Seyid» adlı şəxs tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, «Zəli gölü» adlanan yerin yaxınlığında gizlədilən külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib özündə saxlayaraq yaşadığı evə daşımış, orada həmin narkotik vasitənin bir hissəsini şəxsi ehtiyacları üçün istifadə etmiş, 0,750 qram çəkidə hissəsini üzərində, qalan hissəsini satmaq məqsədi ilə yaşadığı evdə saxlamış, 09 fevral 2022-ci il tarixdə saat 15:30 radələrində Binəqədi rayon Polis idarəsi 43-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsində saxlanılaraq, 43-cü Polis bölməsinin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd üzərində «PALL MALL» yazısı olan qara rəngli siqaret qutusunun içərisində 1 ədəd şəffaf rəngli selofan bükümdə təmiz çəkisi 0,750 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüş, bundan sonra həmin tarixdə saat 17:40 radələrində yaşadığı ünvan 2 ünvanında baxış və götürmə keçirilərkən mətbəx otağında mebelin içərisindən 1 ədəd qara rəngli polietilenbükülüdə təmiz çəkisi 1070 qram oian külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və səthində narkotik vasitə heroinə məxsus izlər olan elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, hadisə günü tanışı Gülər adlı qızla Xırdalan şəhərində olarkən, polis əməkdaşları onları saxlayıb 43-cü Polis bölməsinə aparmışlar. Həmin vaxt onun üzərində cəmi 1 qram narkotik vasitə heroin olmuşdur. Bölmədə o, həmin narkotiki təqdim etmişdir. Polis işçiləri onu CM-nin 234.1-ci maddəsi ilə, qızı isə 234.4.3-cü maddəsi ilə rəsmiləşdirəcəklərini bildirmişlər. Polislər onların dedikləri ilə razılaşıb bütün sənədləri imzalamasa, qızı 234.4.3-cü maddə ilə həbs edəcəklərini bildirib, ona təzyiqlər göstərmişlər. O da, qızın həbs olunmaması üçün onların dedikləri ilə razılaşmış və təqdim olunan sənədlərin hamısını imzalamışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs Seyid adlı şəxsin İran vətəndaşı olduğunu və iranlının dediyi karta pul vuraraq, narkotik vasitəni ona dediyi yerdən gedib götürdüyünü, heroinin qramını Bakıda tanımadığı şəxslərdən 30 manata aldığını, lakin iranlıdan həmin narkotiki 15 manata aldığını, qızı buraxmaları üçün polislərin dedikləri ilə razılaşdığını, ona fiziki təzyiqlər göstərilmədiyini və təcridxanaya daxil olarkən bədəni üzərində hər hansı xəsarət izi olmadığını, sanksiyaya aparılanda ona psixi təzyiqlər göstərilməsi ilə bağlı hakimə heç nə demədiyini, bölmədə üzərinə şəxsi axtarış keçiriləndən sonra polis işçiləri ilə yaşadığı evə getdiklərini və videoçəkilişlə evə baxış keçirildiyini, evdə əvvəlcədən narkotik vasitə olmadığını, ancaq baxış keçirilərkən heroin aşkar olunduğunu, həmin heroinin evinə kimlər tərəfindən qoyulmasını bilmədiyini, Seyid adlı iranlı ilə votsar yazışmalarını özünün apardığını, iranlı ilə danışandan sonra onun kart hesabına pul köçürürüb narkotiki aldığını, sonuncu dəfə iranlının kartına 150 manat pul köçürdüyünü, iranlıdan ən çox 10-15 qram çəkidə narkotik vasitə aldığını bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə aludəçisidir. O, təsadüf nəticəsində sosial şəbəkələrdə İran İslam Respublikasının vətəndaşı olan adını «Seyid» kimi bildiyi şəxslə tanış olmuşdur. Söhbət zamanı «Seyid» narkotik vasitə təşkil edə biləcəyini bildirmişdir. O, narkotik vasitə aludəçisi olduğundan özü üçün və həmçinin satış üçün narkotik vasitə əldə etmək qərarına gəlmişdir. 07 fevral 2022-ci il tarixdə istifadə etdiyi mobil telefonun «Vatsap» proqramı vasitəsi ilə «Seyid» adlı şəxslə əlaqə saxlamış və 1,2 kilo narkotik vasitə heroin lazım olduğunu bildirmişdir. «Seyid» adlı şəxs 1000 manat müqabilində narkotik vasitə təşkil edə biləcəyini bildirmiş və ona kart hesabını göndərmişdir. O, ödəmə terminalı vasitəsi ilə «Seyid» adlı şəxsin ona göndərdiyi kart hesabına 1000 manat ödəmişdir. Bundan sonra «Seyid» adlı şəxslə əlaqə saxlamış və o, narkotik vasitəni Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, «Zəli gölü» adlanan yerin yaxınlığından götürməyini bildirmişdir. O da, qeyd olunan yerə gedib «Seyid» adlı şəxsin gizlətdiyi narkotik vasitə heroini tapmış və yaşadığı evə getmişdir. Sonra əldə etdiyi narkotik vasitənin bir hissəsini özü qəbul etmiş, bir hissəsini isə bükümlərə ayırıb bükümünü 20 manata satmışdır. Narkotik vasitənin qalan hissəsini isə mətbəx otağında mebeldə gizlətmişdir. 09 fevral 2022-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsində yaşadığı evin yaxınlığında piyada gedən zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Bundan sonra onun razılığı ilə Binəqədi RPİ-nin 43-cü PB-yə aparılmış və orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifləri izah edilərək videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda, o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd üzərində “PALL MALL” yazısı olan qara rəngli siqaret qutusunu, əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən bir ədəd qırmızı rəngli «Samsung» markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindənn bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan sonra onun qara rəngli gödəkçənin və göy rəngli şalvarının ciblərini açmağı tələb olunmuş, onun şalvarının ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ayağında olan qara rəngli ayaqqabını çıxarıb içərisini nümayiş etdirdikdə, ayaqqabının içərisindən heç nə aşkar olunmamışdır. Onun üzərindən aşkar olunmuş üzərində “PALL MALL” yazısı olan siqaret qutusu açılıb baxılan zaman içərisindən qəhvəyi rəngli kütlə olan şəffaf rəngli selofan bükülü aşkar olunmuşdur. Ondan həmin şəffaf rəngli selofan bükülüdəki qəhvəyi rəngli kütlənin nə olduğu soruşulduqda, o, həmin qəhvəyi rəngli kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni 2 gün əvvəl adını Seyid kimi bildiyi İran İslam Respublikası vətəndaşı ilə Whatsapp vasitəsi ilə əlaqə saxlayaraq onun bank kartına 1000 manat pul göndərərək, 1.2 kiloqram narkotik vasitə olan heroin sifariş etdiyini, həmin İran İslam Respublikası vətəndaşının həmin sifariş olunan narkotik vasitəni Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində Zəli gölü adlanan yerin yaxınlığında qoyduqdan sonra onunla əlaqə saxlayaraq ona xəbər etdiyini, bundan sonra həmin narkotik vasitəni oradan götürüb yaşadığı ünvana apardığını, ondan həm istifadə etdiyini, həm də ayrı-ayrı şəxslərə qramını 20 manatdan satdığını, üzərindən aşkar olunmuş həmin bükülüdəki narkotik vasitənin onun bir hissəsi olduğunu, yerdə qalan hissəsinin hal-hazırda yaşadığı ünvanda olduğunu, onu təqdim edə biləcəyini bildirmişdir. Daha sonra onun razılığı ilə yaşadığı ünvan 3 ünvanına baxış keçirilən zaman o, evin mətbəxində yerləşən dolabın içərisindən bir ədəd qara rəngli polietilen bağlamanı və bir ədəd boz rəngli elektron tərəzini çıxarıb masanın üzərinə qoymuşdur. Həmin qara rəng polietilin bükülü açılan zaman içərisindən şəffaf rəngli bükülüdə qəhvəyi rəngli kütlə aşkar olunmuşdur. Ondan həmin bükülüdəki qəhvəyi rəngli kütlənin nə olduğu soruşulduqda, o, həmin kütlənin narkotik vasitə olan heroin olduğunu, tərəzini isə həmin narkotik vasitəni satmaq məqsədilə bükülülərə ayırmaq üçün istifadə etdiyini bildirmişdir. Sonra bölməyə qayıtmışlar və orada protokol tərtib edilmiş və həmin protokol onun və iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 84-86). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs həmin ifadəni qismən təsdiq etdiyini, özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, CMnin 234.1-ci maddəsi ilə təqsirli bildiyini, evindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını, istintaq vaxtı ona edilmiş psixi təzyiqlər nəticəsində narkotik vasitələrin hamısının özünə məxsus olmasını etiraf etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi rayon Polis idarəsi, 43cü Polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 43-cü polis bölməsinə ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz gəzdirməsi, istifadə etməsi və saxlaması barədə qərəzsiz mənbədən məlumat daxil olmuşdur. 08 fevral 2022-ci il tarixdə məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, qrupa Binəqədi RPİ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid1 da daxil edilmişdir. 09 fevral 2022-ci il tarixdə saat 15:30 radələrində o, Şahid1 ilə birlikdə əməliyyat tədbirinin icrası ilə əlaqədar Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsində zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsi görüb ona yaxınlaşmışlar və özlərini ona təqdim edib onun şəxsiyyətini dəqiqləşdirmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu təsdiq etdikdən sonra ona üzərində narkotik vasitə daşımasında şübhəli olduğunu deyərək, 43-cü polis bölməsinə gətirmişlər. Bölmədə təhqiqatçı Fuad Alıyev tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd siqaret qutusunu və mobil telefonu təqdim etmişdir. Həmin siqaret qutusunun içərisində qəhvəyi rəngli kütlə olan selofan bükülü aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan heroin olduğunu, 2 gün əvvəl adını Seyid kimi bildiyi İran vətəndaşından aldığını bildirmişdir. Emin narkotiki iranlı ilə Whatsappla əlaqə saxlayaraq onun bank kartına 1000 manat pul göndərməklə 1.2 kiloqram heroin sifariş etdiyini, iranlı narkotik vasitəni Binəqədi qəsəbəsində Zəli gölü adlanan yerin yaxınlığında qoyduqdan sonra ona xəbər etdiyini, o da, həmin narkotik vasitəni deyilən yerdən götürüb yaşadığı ünvana apardığını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin demişdir ki, evə qoyduqdan sonra o, narkotikdən həm özü istifadə etmiş, həm də ayrı-ayrı şəxslərə qramını 20 manatdan satmışdır. Narkotikin əsas hissəsini o, yaşadığı evdə gizlətmişdir. Bundan sonra həmin 1 ədəd şəffaf rəngli selofan bükülü zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra təhqiqatçı ilə birlikdə əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxs yaşadığı Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsi, ev 51 ünvanına getmişlər. X4 evə daxil olaraq mətbəxdəki mebelin içərisindən bir ədəd qara rəngli politelen bükülünü və bir ədəd boz rəngli elektron tərəzini təqdim etmişdir. Həmin bükülü açıldıqda içərisində qəhvəyi rəngli kütlə olan şəffaf rəngli selofan bükülü aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olduğunu, tərəzinin isə həmin narkotik vasitəni satarkən bükülülərə ayırmaq məqsədilə istifadə etdiyini bildirmişdir. Bundan sonra həmin 1 ədəd polietilen bükülü və bir ədəd elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi RPİ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid1 Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq Binəqədi RPİ, 43-cü Polis bölməsinə gətirilməsi, polis bölməsində üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilərkən külli miqdarda narkotik vasitənin aşkar edilərək götürülməsi zamanı əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, Şahid2 məhkəmədə verdiyi ifadə ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 09 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilərkən, sonuncu, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd üzərində “PALL MALL” yazısı olan qara rəngli siqaret qutusunu, əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən bir ədəd qırmızı rəngli «Samsung» markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini çıxarıb masanın üzərinə qoymuş, siqaret qutusu açılıb baxılan zaman içərisində qəhvəyi rəngli kütlə olan şəffaf rəngli selofan bükülü aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan heroin olduğunu, 2 gün əvvəl adını Seyid kimi tanıdığı İran vətəndaşından Whatsapp vasitəsi ilə əlaqə saxlayaraq onun bank kartına 1000 manat pul göndərərək 1.2 kiloqram narkotik vasitə olan heroin sifariş etdiyini, həmin iranlının narkotik vasitəni Binəqədi qəsəbəsində Zəli gölü adlanan yerin yaxınlığına qoyduğunu və bundan sonra özünün həmin narkotik vasitəni oradan götürüb yaşadığı ünvana apardığını, ondan həm istifadə etdiyini, həm də ayrı-ayrı şəxslərə qramını 20 manatdan satdığını, üzərindən aşkar olunmuş həmin bükülüdəki narkotik vasitənin onun bir hissəsi olduğunu, yerdə qalan hissəsinin hazırda yaşadığı ünvanda olduğunu, onu təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra həmin 1 ədəd şəffaf rəngli selofan bükülü zərfə qoyularaq qablaşdırılmışdır (cild 1, iş vərəqi 32-34). Cinayət işində olan 09 fevral 2022-ci il tarixli ünvana baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs oğlu evə daxil olaraq mətbəxdəki mebelin içərisindən bir ədəd qara rəngli politelen bükülünü və bir ədəd boz rəngli elektron tərəzini çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükülü açılan zaman bir ədəd içərisində qəhvəyi rəngli kütlə olan şəffaf rəngli selofan bükülü aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bükülüdəki kütlənin nə olduğu soruşulduqda, o, həmin kütlənin narkotik vasitə olan heroin olduğunu, tərəzinin isə həmin narkotik vasitəni satarkən bükülülərə ayırmaq məqsədilə istifadə etdiyini bildirir. Bundan sonra həmin 1 ədəd polietilen bükülü və bir ədəd elektron tərəzi zərfə qoyularaq qablaşdırılmışdır (cild 1, iş vərəqi 39-40). Cinayət işində olan məhkəmə kimyəvi ekspertizasının 10 fevral 2022-ci il tarixli 6/815 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...(imza) Təqsirləndirilən şəxs ...” sözləri olan bir ədəd bükümdə təmiz çəkisi 0,750 qram olan qəhvəyi rəngli maddə və kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 1070 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 48-54). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2059 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 130-131). Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 1317 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (cild 1, iş vərəqi 132-133). Cinayət işinə əlavə edilmiş 11 fevral 2022-ci il tarixli baxış protokolundan görünür ki, ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs şəxsi axtarışı və götürmə aparılması zamanı, həmçinin ünvana baxış keçirildiyi zaman Azərbaycan Respublikası CPM-nin 246.3, 242-247-ci maddələrinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 1(bir) ədəd DVD diskə baxış keçirilmiş, bu zaman şəxsi axtarış və götürmənin, həmçinin ünvana baxış keçirilmənin prosessual tələblərə uyğun və protokolda əks olunmuş qaydada aparıldığı bir daha müəyyən edilmişdir (cild 1, iş vərəqi 96-101). İş materiallarında olan 25 may 2022-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung A11» markalı mobil telefona baxış keçirilmişdir. Telefonda quraşdırılmış «WhatsApp» ünsiyyət proqramına baxış zamanı nömrələr arasında «Seyid» adında +98 930 *** **** nömrəsi (İran İslam Respublikasına məxsus nömrə) aşkar edilmişdir. Həmin nömrə ilə səs mesajlarından aydın olur ki, «Seyid» adlı şəxs Təqsirləndirilən şəxs narkotik vasitə satır, Təqsirləndirilən şəxs narkotik vasitələri «Seyid» adlı şəxsin göstərdiyi ünvanlarda gizlədilmiş yerlərdən narkotik vasitələri götürür və daha sonra əldə etdiyi narkotik vasitələri satır. Səs mesajlarına qulaq asdıqdan sonra Təqsirləndirilən şəxs bildirdi ki, “Samsung A11» markalı telefon özünə məxsusdur. +98 930 *** **** nömrəsi İran İslam Respublikasının vətəndaşı Seyid adlı şəxsə məxsusdur, həmin nömrə vasitəsi ilə onunla əlaqə saxlamışdır. Seyid adlı şəxsin kartına pul köçürdükdən sonra Seyid adlı şəxsin qeyd etdiyi ünvanlardan narkotik vasitələri götürüb, narkotik vasitənin bir qismini özü istifadə etmiş, qalan hissəsini isə satmışdır. Gələn səs mesajlarında olan səslər Seyid adlı şəxsə, gedən mesajlar isə özünə məxsusdur (cild 1, iş vərəqi 139-140). İbtidai istintaq orqanının 23 may 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş təmiz çəkisi 0,750 qram olan və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 0,700 qram çəkidə, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş təmiz çəkisi 1070 qram olan və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 1069,9 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs məxsus “Samsung A11” markalı mobil telefon və elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-yə təhvil verilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması zamanı, yaşadığı mənzilə baxış keçirilməsi zamanı Azərbaycan Respublikası CPM-nin 246.3, 242-247-ci maddələrinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 1(bir) ədəd DVD disk, +98 930 *** **** nömrə ilə Təqsirləndirilən şəxs arasında olan səs mesajları, mesajlar və şəkillərin yazıldığı 1 (bir) ədəd CD disk maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 134-135). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1, 264-cü maddələri ilə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqi 123-125). Göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət əməlinə görə cəza çəkməkdən azad olunduqdan sonra Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən müəyyən edilmiş müddət keçmişdir və haırda o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək, özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini, istintaqa verdiyi ifadəsini qismən təsdiq etdiyini, evindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını, istintaq vaxtı ona edilmiş psixi təzyiqlər nəticəsində narkotik vasitələrin hamısının özünə məxsus olmasını etiraf etdiyini bildirdi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilərkən özü heç bir kənar təsir və təzyiq olmadan üzərində və evində saxladığı narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. O, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində aşkar olunmuş bütün narkotik vasitələrin özünə məxsus olduğunu etiraf etmişdir. Aşkar olunmuş narkotik vasitələrin ayrı-ayrı bükümlərdə olması, həmçinin öz çəkisinə görə külli miqdar tərkibi yaradan çəkidən dəfələrlə çox olması Təqsirləndirilən şəxs həmin narkotik vasitəni məhz satış məqsədilə əldə edərək daşıması cinayətini törətməsini təsdiq edən hallardandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs evindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmasını ona göstərilmiş təzyiqlər nəticəsində etiraf etdiyini göstərsə də, həmin təzyiqlərin nədən ibarət olmasını izah edə bilmədi. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələri məhz satış məqsədi ilə əldə etməsi onun mobil telefonuna İran mobil operatoruna məxsus nömrələrlə zənglər edilməsi və qarşılıqlı danışıqlar aparılması barədə mobil telefon aparatına baxış protokolu ilə təsdiq olunur. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrdən fərqlənən ziddiyyətli ifadə verməsini onun öz məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 09 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Binəqədi RPİ, 43-cü Polis bölməsi tərəfindən tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 09 fevral 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiiş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,750 qram olan və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 0,700 qram çəkidə, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş təmiz çəkisi 1070 qram olan və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 1069,9 qram çəkidə narkotik vasitə heroin və elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs məxsus “Samsung A11” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs şəxsi axtarışı və yaşadığı mənzilə baxış keçirilməsi zamanı aparılmış videoçəkilişin yazıldığı 1(bir) ədəd DVD disk, +98 930 *** **** nömrə ilə Təqsirləndirilən şəxs arasında olan səs mesajları, mesajlar və şəkillərin yazıldığı 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2059 №-li rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, həmçinin məcburi müalicəyə əks göstərişi olmadığından Azərbaycan Respublikası CM-nin 93.1.2ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş materiallarına görə, keçirilmiş ekspertiza tədqiqatı 81 (səksən bir) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Cinayət işinə əlavə edilmiş orderdən və hesabatdan görünür ki, Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə baxışı zamanı «Pro Bono» Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 96 (doxsan altı) manat məbləğində pul vəsaiti qeyd olunan vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 09 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiiş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,750 qram olan və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 0,700 qram çəkidə, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş təmiz çəkisi 1070 qram olan və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 1069,9 qram çəkidə narkotik vasitə heroin və elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs məxsus “Samsung A11” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs şəxsi axtarışı və yaşadığı mənzilə baxış keçirilməsi zamanı aparılmış videoçəkilişin yazıldığı 1(bir) ədəd DVD disk, +98 930 *** **** nömrə ilə Təqsirləndirilən şəxs arasında olan səs mesajları, mesajlar və şəkillərin yazıldığı 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri: - ekspertiza tədqiqatlarının dəyəri olan 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 96 (doxsan altı) manat pul vəsaiti «Pro Bono» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar