Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1249/2025 01.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X3 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 22 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1994-cü ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İş üzrə tərtib edilmiş ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan, özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim etmiş “Rza” adlı şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, mənfəət olaraq “Rza” adlı şəxsin ona “vatsapp” ani mesasjlaşma tətbiqi vasitəsi ilə göndərdiyi “məkan”dan (konum) psixotrop maddə metamfetamin bükümləri və narkotik vasitə heroin götürüb, onları satış məqsədi ilə qanunsuz olaraq müxtəlif şəxslərə satıb qazanc əldə edəcəyi barədə razılığa gəlib, istintaqa məlum olmayan vaxtda və yerdən “Rza” adlı şəxsdən 04 ədəd bükümdə külli miqdarda ayrıayrılıqda təmiz çəkiləri 0,784 qram, 0,765 qram, 0,814 qram, 0,549 qram ümumi təmiz çəkisi 2,912 qram metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi 0,898 qram narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 29 dekabr 2024-cü il tarixdə saat 19:30-də Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində olarkən hərəkətləri şübhə doğurduğundan Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb, 14-cü Polis şöbəsinə gətirilərək video çəkilişlə üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq üzərində saxladığı 04 ədəd bükümdə külli miqdarda xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, ayrı-ayrılıqda təmiz çəkiləri 0,784 qram, 0,765 qram, 0,814 qram, 0,549 qram ümumi təmiz çəkisi 2,912 qram ağ rəngli kristalşəkilli maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi 0,898 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və əynindəki həmin gödəkçənin sol iç cibindən üzərində heroinin və metamfetaminin izləri olan gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, onun İslam adında qonşusu olmuş, o, tez-tez İslamın evinə qonaq gedib-gəlmişdir. İslam arvadından boşandıqdan sonra uzun müddət aliment ödəməkdən yayınmış, bu səbəbdən polis əməkdaşları tərəfindən axtarışa verilmişdir. Lakin, onun bundan xəbəri olmamışdır. Bir gün İslamın evində oturub söhbət edəndə qapı döyülmüş, kim olduğunu soruşmağa gedəndə İslam onu dayandırmış, qapını açmağa icazə verməmişdir. İslamdan bunun səbəbini soruşduqda o, 8 aya yaxın müddətdə aliment ödəmədiyi üçün polis əməkdaşları tərəfindən axtarıldığını, qorxduğundan heç kimə qapı açmadığını bildirmişdir. Bir müddət qapı döyülmüş, açan olmadığı üçün gələn şəxslər də çıxıb getmişlər. Bu hadisənin üzərindən 1- 2 gün keçdikdən sonra axşam saat 21-22 radələrində qardaşı evə gələn zaman o, pəncərədən arxasınca başqa bir şəxsin də gəldiyini görmüşdür. Həmin şəxs evə daxil olmuş, atası, qardaşı və o, həmin şəxslə oturub söhbət etmişlər. Həmin şəxs onlara yeni işləməyə başladığını, məhəllədə yaşayan sakinlərin qeydiyyatını aparmalı olduğunu demişdir. Beləliklə də, onlardan ad, soyadlarını, təvəllüdlərini soruşmuş, özündə qeydiyyat aparmışdır. O, həmin şəxsin əməliyyatçı olacağını heç düşünməmişdir. Növbəti gün evlərinə Elçin və Bəndəli adında iki nəfər əməliyyatçı gəlmiş, özlərini təqdim edərək 14-cü Polis bölməsinin əməkdaşları olduqlarını demişlər. Onu bölməyə aparmışlar, daha sonra da İslamın evinə gedərək onu gətirmişlər. Bu hadisələrin hamısı eyni gündə baş vermişdir. İslam polis əməkdaşları tərəfindən saxlanıldıqdan məhkəmə iclası keçirilmiş, aliment ödəməkdən yayındığı üçün cərimə olunmuş, sonra da azadlığa buraxılaraq evinə yollanmışdır. Lakin onu analiz verməyə aparmışlar. O, narkotik vasitə istifadəçisi olduğunu etiraf etmiş, bunu polis əməkdaşlarından gizlətməmişdir. Sadəcə olaraq, analiz nəticələrində istifadə etmədiyi narkotik vasitələrin adları belə qeyd olunmuşdur. Belə ki, o, yalnız “nəşə” istifadə etmişdir, lakin analiz nəticələrində başqa narkotik vasitələri də çıxmışdır. Bundan sonra onu evə buraxmışlar. Evə buraxıldıqdan sonra rayonda vəfat edən tanışı olduğu üçün atası ilə birlikdə 24 dekabr 2024-cü il tarixdə rayona getmişlər. Onların rayona getdiklərindən polis əməkdaşlarının xəbəri olmamışdır. Rayondan qayıtdıqdan sonra polis əməkdaşları tərəfindən ona zəng gəlmiş, zəng edən polis əməkdaşı sənədə imza çəkməli olduğunu deyərək görüşmək istəmişdir. O da polis əməkdaşına siqaret almaq üçün məhəlləyə düşəcəyini, küçənin başında görüşə biləcəklərini, hansı sənədə imza çəkmək lazımdırsa, həll edəcəyini bildirmişdir. O, həmin vaxt mətbəxdə çay içirmiş, heç çayını tam bitirmədən evdən çıxmış, ailəsinə də bu barədə məlumat verməmişdir. Polis əməkdaşları ilə görüşüb maşınlarına minmiş, polis əməkdaşları da onu bölməyə gətirmişlər. Bölmədə üzərinə baxış keçirilən zaman aşkar olunan 3-4 büküm narkotik vasitə onun gözünün önündə polis əməkdaşları tərəfindən hazırlanmışdır, heç biri ona aid olmamışdır. Özünü bölmədə üzərinə baxış keçirilən zaman telefonunda aşkar edilən video ilə bağlı qismən təqsirli bilir. Belə ki, o, İran İslam Respublikası vətəndaşından şəxsi istifadəsi üçün 2 qram “patı” almaq istəmişdir. İranlı da ona 150 manat pul ödəməli olduğunu demişdir. Həmin vaxt onun əlində sadəcə 50 manat pul var imiş. O, həmin 50 manatı iranlının kartına yollamış, iranlı isə ona 150 manatı tam ödəmədən narkotik vasitəni təhvil verməyəcəyini bildirmişdir. İranlıya əlində 150 manat olmadığını izah etmiş, 50 manatı ödədiyini, 100 manatını isə növbəti gün ödəyəcəyini bildirmişdir. Bundan sonra iranlı ona narkotik vasitəni təhvil aldığını özündə əks etdirən videogörüntüləri yollamasını, həmin videonun özündə qalacağını, 100 manatı tam şəkildə ödədikdən sonra, videonu siləcəyini bildirmişdir. O da razılaşmış və videonu iranlıya yollamışdır. Bundan sonra da polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılan zaman onun üzərində nə tərəzi, nə də başqa qanunsuz vasitə olmuşdur. Sadəcə iranlıya yolladığı videogörüntülər olmuşdur, özünü də bu məqamda təqsirli bildiyini etiraf etmişdir. İbtidai istintaqda müdafiəçi də iştirak etmişdir. Polis əməkdaşları onu maddələri bilməməsindən istifadə edərək aldatmışlar. Belə ki, polis əməkdaşları ona sənədlərdə qeyd olunmuş məbləğlərin 150 manatdan yuxarı yazılanlarına imza çəkməsə, azadlığa buraxılacağını, heç bir problem yaranmayacağını demişlər. Məcbur olduğu üçün polis əməkdaşlarına güvənməyi seçmişdir. Müdafiəçi də sənədlərə baxaraq heç bir problem olmadığını demişdir. Nəticədə, ona təqdim olunan sənədlərə baxmış, hansı sənəddə ki, 250 manat məbləğində pul yazıldığını görmüş, imza çəkməkdən imtina etmişdir. Polis əməkdaşları da həmin məbləği 150 manata dəyişərək yeni sənəd tərtib etmişlər. Həmin sənədə imza çəkmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, Sabunçu Rayon Məhkəməsində sərbəst ifadə verən zaman polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində heç bir qanunsuz vasitə olmadığını bildirmiş və özünü qismən təqsirli bildiyini demişdir. O, özünü iranlıya videonu çəkib yolladığı üçün qismən təqsirli bilmişdir. Polis əməkdaşları onu saxlamamışdan 4-5 gün əvvəl 14-cü Polis bölməsinə aparmış, sonra da analiz verməyə yollamışlar. Analiz nəticələrində narkotik vasitə istifadə etdiyi təsdiqlənmişdir. Bundan sonra polis əməkdaşları onu evə buraxmışlar. Analiz nəticələri çıxdıqdan sonra polis əməkdaşları onun barəsində heç bir tədbir görməmişlər, çünki onu saxlayan əməliyyatçılara, yəni Elçinlə və Bəndəliyə 700 manat pul vermişdir. Həmin 700 manatın 100 manatını ona geri qaytarmışlar, 600 manatı isə özlərinə götürmüşlər. Polis əməkdaşları onu azadlığa buraxdıqdan sonra əlavə heç bir təklif irəli sürməmişlər. İranlı Rza ilə İnstagram sosial şəbəkəsi vasitəsi ilə tanış olmuşdur, belə ki, Rza “nəşə” satdığı ilə bağlı bir yazı paylaşmış, bundan sonra o, Rzaya yazmış, tanışlıqları bu şəkildə yaranmışdır. O, nə 1 kiloqram narkotik vasitə əldə etmiş, nə də iranlı müəyyən ünvana bir kiloqram narkotik vasitə yerləşdirərək ondan təhvil almasını istəmişdir. Samirə adlı şəxsi tanıyır. Belə ki, Samirə adlı iki şəxsi tanımışdır. Biri Rzanın arvadı, digəri isə işçisi imiş. Rzanın arvadı Samirəyə pul yollamışdır, Samirə də narkotik vasitəni müəyyən ünvana yerləşdirmiş, o da gedib təhvil almışdır. Rzanın işçisi Samirədən isə pul verib “nəşə” almışdır. Samirənin kartına pul yollamış, Samirə də narkotik vasitəni ünvana yerləşdirmiş, o da gedib götürmüşdür. Samirənin müəyyən ünvana yerləşdirdiyi narkotik vasitəni təhvil aldıqdan sonra başqa ünvanlara yerləşdirməmişdir. Cinayət işi materiallarında olan şəkillərlə bağlı heç bir məlumatı yoxdur, orada olan yazışmalar ona aid deyildir. O, iranlıdan aldığı “nəşə”dən istifadə etmişdir, bir-iki dəfə “patı”dan da istifadə etmişdir. Lakin ekspert rəyində istifadə etmədiyi narkotik vasitələrin adları belə çıxmışdır. İbtidai istintaqda dindirilən zaman müstəntiq tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Saxlanılan zaman üzərində heç bir qanunsuz vasitə olmamış, şöbədə təzyiq altında olmuşdur, bu səbəbdən polis əməkdaşlarının bütün dediklərini etmişdir. Elçinlə Bəndəli şöbədə olan zaman onu döymüş, fiziki və psixi təzyiq göstərmişlər. Elçinlə Bəndəli onu şöbədə zirzəmiyə aparmışlar. Orada bükümlərdə narkotik vasitə hazırlayıb masanın üzərinə qoymuşlar. Sonra tərəzi gətirmişlər. Ona da çəkiliş zamanı həmin tərəzi ilə narkotik vasitələrin ona aid olduğunu üzərinə götürməsini tapşırmışlar. Bununla yanaşı, ibidai istintaqa təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə elan edilmiş ifadəsində Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməldə qismən təqsirli olmasını bildirərək göstərmişdir ki, gündəlik işlərdə işləyir. Lakin çox vaxt da işləyə bilmir. Faktiki işsizdir. Əvvəllər dava etdiyi üçün barəsində cinayət işi olmuş və o şərti məhkum edilmişdir. Son 2 ay olar ki, narkotik vasitələr qəbul edir. Nakotik əldə etmək üçün İnstagram sosial şəbəkəsindən tanıdığı Rza adlı İran vətəndaşı ilə vatsapp tətbiqi vasitə ilə danışıb, onun göndərdiyi hesaba pul göndərir və Rza da ona narkotikin yerini “məkan" olaraq göndərir, gedib götürür. Əvvəllər "Rza"dan 1-2 dəfə öz istifadəsi üçün narkotik əldə etmişdir. Sonuncu dəfə təxminən 24 dekabr 2024-cü il tarixdə axşam saatlarında “Rza" ilə danışmış və ondan 3 qram metamfetamin və 1 qram heroin istəmişdir, O da narkotiki hazır etdiyini dediyi üçün 150 manat pulu Rzanın göndərdiyi xatırlamadığı “M10" hesabına göndərmişdir. Həmin pulu göndərdikdən sonra “Rza” ona Masazır qəsəbəsində yerləşən 3 “məkan" göndərmişdir. O, həmin +**********95 saylı nömrənin “vatsappı” ilə göndərilmiş məkanlara gedərkən Masazır qəsəbəsində, eyni məhəllədə 3 ayrı yerdə “məkan" olmasını görmüş və həmin yerlərdən ümumilikdə 4 qrama yaxın narkotiki götürmüşdür. Üzərində də elektron tərəzi olmuş və orada həmin narkotikləri çəkib, çəkilərinin 3 qramdan çox, lakin 4 qram olmadığını görmüşdür. Buna baxmayaraq həmin narkotik bükümlərini götürüb, üzərində saxlamışdır. Həmin vaxtdan 1-2 dəfə olmaqla 4 qrama yaxın olan 4 ayrı bükümdəki metamfetamindən və heroindən ona məxsus elektron tərəzidə çəkib, az miqdarda istifadə etmişdir. Həmin bükümləri evə qoya bilməmişdir ki, evdə ailə üzvlərindən kimsə tapar və ona problem yaranar. Ona görə elə elektron tərəzi və narkotik bükümlərini üzərində gəzdirmişdir. 29 dekabr 2024-cü il tarixdə saat 19:30 radələrində Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, özlərini polis əməkdaşları kimi təqdim edib, vəsiqələrini göstərmişlər. Ondan kim olmağı, nə etməyi soruşulmuş və şəxsiyyət vəsiqəsini təqdim etməyi istənilmişdir. O da üzərində narkotik vasitə bükümləri və elektron tərəzi olduğu üçün onlardan qorxmuş, suallara düzgün cavab verməyib, özünü şübhələndirmiş, buna görə də onlardan yayıb getmək istəmişdir. Lakin polislər ondan şübhələnmiş və onu 14-cü PŞ-nə dəvət etmişlər. O, müqavimət göstərmədən onlarla PŞ-nə getmiş və orada səmimi olmaqdan başqa çarəsi olmadığı üçün şifahi şəkildə üzərində narkotik olmasını demişdir. Çünki artıq polis şöbəsinə gəlmiş və istəməsə də üzərinə baxış keçirilib, narkotiklər aşkar ediləcəkmiş. Bundan sonra ona vəkil təyin edilmiş və bir qədər sonra vəkil gəlib, təhqiqatçı ilə birlikdə ona hüquqlarını izah etmişlər. Daha sonra ona videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o da etiraz etməmişdir. Şəxsi axtarış zamanı üzərində qanunsuz maddələr vardırsa təqdim etməyi təklif edilmişdir. O, bu təklifdən sonra üzərində olan qara rəngli gödəkcənin sağ yan cibindən 5 ədəd, yəni 4 ədədi şəffaf sellofan bükümdə metamfetamin, 1 ədədinin isə şəffaf sellofanın üzərində qara rəngli izolent olan bükümü, həmin heroin bükümünü təqdim etmişdir. Daha sonra gödəkcəsinin sol iç cibindən elektron tərəzini, qara rəngli şalvarının sol yan cibindən isə qara rəngli Redmi markalı mobil telefonunu çıxarıb təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və başqa qanunsuz əşya və predmet aşkar edilməmişdir. Verilmiş suallara cavab olaraq, həmin narkotikləri iranlı şəxsdən 150 manat pula şəxsi İstifadə üçün əldə etdiyini, ona heç bir fiziki və psixi təsir olmadığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş narkotiklər, elektron tərəzi və mobil telefon qablaşdırılmış, üzərində imza etmiş və narkotiklə tərəzinin ekspertizaya göndəriləcəyini izah edilmişdir (cild 1, iş vərəqi 50-52). Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 14-cü Polis şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində göstərdi ki, əməkdaş Şahid1la birlikdə ərazidə xidmət apararkən Səbuhi adlı şəxsin narkotik vasitə istifadəçisi ola biləcəyindən şübhələnmişlər, şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxt şəxs özündə deyilmiş, hətta şəxsə bəzi suallar da vermişlər. Daha sonra şəxsi 14-cü Polis şöbəsinə gətirmişlər. Şöbədə üzərinə baxış keçirmişlər. Baxış zamanı üzərindən telefon, narkotik vasitə və tərəzi aşkar edilmişdir. Hadisənin üzərindən xeyli vaxt keçdiyi üçün şəxsin üzərində aşkar olunan narkotik vasitənin növü və çəkisi yadında qalmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 bildirdi ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Şəxsə qarşı tərəflərindən hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Şəxs narkotik vasitəni İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirmişdir. Pul müqabilində iranlının dediyi ünvanlara yerləşdirəcəkmiş. Onlar şəxsin narkotik vasitələrin istifadəsi və daşınması ilə məşğul olmasından şübhələnmişlər. Səhv xatırlamırsa, ərazidə xidmət apararkən şəxsdən şübhələnib yaxınlaşmışlar. Şəxsi 29 dekabr 2024-cü il tarixdə saxlamışlar. Səbuhinin saxlanıldığı tarixədək belə bir şəxsi tanımamışlar. O, Səbuhi ilə telefon vasitəsi ilə ünsiyyət qurmamışdır. Şəxs şöbəyə aparıldıqdan təxminən yarım saat sonra üzərinə baxış keçirilmişdir. Şəxsi üzərindəki narkotik vasitəni kənara atmaması üçün şöbəyə mühafizə altında aparmışlar. Səbuhinin üzərindəki narkotik vasitəni necə çıxardığını dəqiq xatırlamır. Səhv etmirsə, Səbuhi narkotik vasitəni cibindən çıxartmışdır. Neçə büküm narkotik vasitə olduğunu dəqiq xatırlamır, sadəcə birinin sellofanda, qara izolentə bükülmüş vəziyyətdə olduğu yadındadır. Səbuhinin dediyi hadisələr baş verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, Səbuhiyə qarşı fiziki və psixi təsir olmamışdır. Səhv etmirəmsə, Səbuhi narkotik vasitəni İran vətəndaşından aldığını demiş, Səbuhinin 600 manat verməsindən və 100 manat qaytarılmasından xəbəri yoxdur. Şəxsi axtarış zamanı Səbuhinin üzərindən bükümlər, elektron tərəzi, şəxsi istifadəsində olan mobil telefon aşkar edilmişdir. Şəxsin üzərinə baxış keçirilən zaman əllərinə qandal vurmamışlar, çünki onun üzərindən həmin vaxtadək heç bir qanunsuz vasitə aşkar olunmamışdır. Lakin, təhqiqatçının otağında şəxsin üzərinə baxış keçirdikdən sonra əllərini qandallamışlar. Şəxsin başqa polis əməkdaşları tərəfindən döyülməsinə şahid olmamışdır. Təqsirləndirilən şəxs özünü müdafiə etmək, vəziyyətini yüngülləşdirmək məqsədi ilə yalan danışır, polis əməkdaşları tərəfindən döyüldüyünü deyir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, polis əməkdaşları xx.xx.2024-cü il tarixdə, saat 19:30 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində xidmətdə olduqları zaman küçədə dayanmış bir nəfər şəxsin özünü şübhəli apardıqlarını görüb ona yaxınlaşmışlar və həmin şəxsə özlərini təqdim edərək şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs sənədlərin üzərində olmadığını bildirərək yayınmağa çalışmış, üzərində hər hansı əşya gizlətmək istədiyi üçün şübhə yaratmışdır. Onun dağınıq cavablar verdiyini, nədənsə narahat olduğunu, tez bir zamanda yayınaraq getmək istədiyini görmüşlər. Həmin şəxs barəsində araşdırma aparılması üçün 14-cü Polis şöbəsinə dəvət etmişlər. Saxladıqları şəxs onlarla razılaşaraq şöbəyə gəlmişdir. Şöbədə həmin şəxsin xx.xx.1994-ci il təvəllüdlü, Cəlilabad rayonunda anadan olmuş, AR vətəndaşı, subay, orta təhsilli, əvvələr AR-nın CM-nin 127.2.3 maddəsilə məhkum olunmuş, ünvan 2-də yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ilə söhbət zamanı üzərində narkotik vasitə olduğunu etiraf etmişdir (cild 1, iş vərəqi 4). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan, habelə həmin istintaq hərəkəti qeydə alınmış videodiskin məzmunundan görünür ki, həmin tarixdə müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə etməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxs axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra o, əynində olan qara rəngli isti gödəkçənin sağ yan cibindən 05 ədəd, bunlardan 04 ədədi şəffaf sellofan bükümdə psixotrop maddə olan metafetaminə bənzər və 01 ədəd şəffaf sellofan üzəri qara rəngli izolentlə bağlanmış bükümdə narkotik vasitə olan heroinə bənzər maddəni, əynində olan şalvarın sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefon və əynində olan qara rəngli isti gödəkçənin sol yan iç cibindən elektron tərəzi təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 04 ədəd şəffaf sellofan bükümündə psixotrop maddə olan metamfetamini və 01 ədəd üzəri qara rəngli izolentlə bağlanmış şəffaf sellofan bükümdə narkotik vasitə olan heroini yaşadığı ünvanı bilmədiyi İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs tərəfindən Abşeron rayonu Masazır qəsəbəsi yaşayış massivində “məkan” vasitəsi ilə götürdüyünü, həmin heroin və metafetamini 150 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi elektron tərəzini aldığı narkotik vasitələrin çəkisi yoxlamaq məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 04 ədəd şəffaf sellofan bükümündə psixotrop maddə olan metafetaminə bənzər maddə, 01 ədəd üzəri qara rəngli izolentlə bağlanmış şəffaf sellofan bükümdə narkotik vasitə olan heroini, 01 ədəd “Redmi” markalı mobil telefon və elektron tǝrǝzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 02 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 100 saylı möhürü ilə möhürlənərək götürüldü (cild 1, iş vərəqi 23-24). - məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/4776 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DÍN Zərflər üçün N100" dairəvi möhür ǝksi, "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr saxlanılan (imza) Təqsirləndirilən şəxs" yazısı və imzalar olan zərfdəki 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,784 qram, 0,765 qram, 0,814 qram, 0,549 qram, ümumi təmiz çəkisi 2,912 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,898 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş elektron tərəzi saxlanılan (imza) Təqsirləndirilən şəxs" yazısı və imzalar olan zərfdəki bir ədəd gümüşü rəngli elektron tərəzinin üzərində metamfetaminin və heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin təmiz çəkisini və bükümlərdə olan metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin, metamfetamin "Azərbaycan Respublikasının arazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxildirlər. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 29-34). - təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan olunmuşdur (cild 1, iş vərəqi 42-43). - videogörüntüyə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 29 dekabr 2024-cü il tarixdə şəxsi axtarış və götürmə aparılması prosessual hərəkəti aparılan zaman qeydə alınmış videogörüntülərə baxış keçirilmiş, müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu RPİ-nin 14-cü PŞ-nin təhqiqatçısı, polis mayoru Allahverdiyev Samir Allahverdİ oğlu tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əməliyyat müvəkkillərininin və vəkilin iştirakı ilə ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 05 ədəd, 01 ədədinin üzəri qara rəngli izolentlə, digərlərinin üzəri isə şəffaf sellofanla bükülmüş maddələri, həmin gödəkçənin sol iç cibindən bir ədəd elektron tərəzi və əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd qara rəngli görünən “Redmi” markalı mobil telefonu masanın üzərinə qoyur. Daha sonra əməliyyatçılar tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və başqa qanunsuz əşya aşkar edilmir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən çıxarıb təqdim etdiyi maddələrin şəffaf sellofana bükülmüş olanların “patı" kimi bildiyi metamfetamin, üzəri qara izolentlə bağlanmış maddənin isə “kola” kimi bildiyi heroin olmasını, onları tutulmasında 3-4 gün əvvəl İran vətəndaşının kart hesabına ümumilikdə 150 manat pul göndərdikdən sonra İran vətəndaşının ona göndərdiyi Abşeron rayonu Masazır qəsəbəsindən bir-birinə yaxın məkanlardan götürdüyünü, özünün şəxsi istifadəsi üçün narkotik əldə etdiyi və elektron tərəzini də narkotikləri götürən zaman onların çəkisini müəyyən etmək üçün üzərində gəzdirdiyini bildirdi. Daha sonra verilən suallara cavab olaraq, saxlanılarkən və polis şöbəsinə gətirilənkən hər hansı zorakılığa məruz qalmadığını, narkotik vasitələrin ona məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində götürülmüş narkotik vasitəyə və maddələrə oxşar maddələr, elektron tərəzi və mobil telefon iştirakçıların gözü qarşısında qablaşdırılaraq möhürlə möhürlənmiş, işktirakçılar tərəfindən qablaşdırmanın üzəri imzalanmışdır (cild 1, iş vərəqi 71). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 439 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimuiyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 85-86). - CD diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixli, BKC/LGL-92\25 nömrəli müşayiət məktubu ilə daxil olmuş 1 ədəd CD diskə baxış zamanı "SMS detallaşması" qovluğunda xx.xx.2024-cü il tarixdə 16:48:06-da +**********95 nömrədən Təqsirləndirilən şəxs +**********65 nömrəsinə "Brat set zeifdi.birazdan yigacam.iwdesen qardawim?vaxt eliye bilersen brat?bir iki yere getmeliyem.vaxt varsa mene yaz he yox bilim. 20yanvar terefdeyem, xx.xx.2024-cü il tarixdə saat 01:08:38-də +**********95 nömrədən Təqsirləndirilən şəxs +**********65 nömrəsinə "Qardawim iwdesen?uzurlu hesab et bu gun qehbelik oldu mene qarwi, ona gore dedim sene ki,sur get.el catan yer var qaqa?torpaga.bele bilecerin kuruqundayam otelde" yazılmış, cavab olaraq "He brat gerey mastagaya gelesen" yazılmışdır. Həmin nömrədən yenidən Təqsirləndirilən şəxs "Qardawim sene taksi pulunuda artiqlamasiyla versem,gele bilersen bu terefe?daw men sene qret eliyerem.bir dene varimdi daw" yazılmış, cavab olaraq Sǝbuhi Qənizadə "Benzinim azdi qaqa cani yoxsa gelerdim" yazmışdır. Daha sonra müvafiq olaraq danışıq davam edərək qarşı tərəf Təqsirləndirilən şəxs "X10 X12.X9 Geler?" yazmış, cavab olaraq "Temani qayidib goturecik?" yazılmışdır. Söhbətin davamında Təqsirləndirilən şəxs +**********65 nömrəsindən +**********95 nömrǝyǝ "Abi bu 35 diyir yarini istirsen gel taksiynen yada istirsen pul at goturum gelim taksiye elave pul verince men benzin tokerem" yazmışdır. +**********95 nömrə +**********65 nömrəyə "Abi varyoxnu ... (söyüş), iki neferik, ikimizde qivriliriq.ataram pulu birden fikrini zadi deyiwersen.varyoxnu ...(söyüş) 15manat benzin pulu verecem, dawda qret eliyecem, 35 atim gotr gel abi.daw qret eliyecem, benzine 15manat verecem.canimiz cox pis agriyir.weytan aldadar birden abi.bilirem elemezsen.pis agridayiq Allah Haqqi, X11 X5?Varyoxnu ...(söyüş) X8" məzmundan telefon danışığı olmuşdur. Həmçinin xx.xx.2024cü il tarixdə saat 17:04:12-də +**********11 nömrədən Təqsirləndirilən şəxs +**********65 nömrəsinə "Gelecem birazdan atavin yanina bariqa billlet", xx.xx.2024-cü il tarixdə saat 17:41:24-də +**********44 nömrədən +**********65 nömrəyə "GAGA MEN YOLDAYAM GELİREM.MENE BİRDAMCİ KOLA TAPDA NEOLAR", +**********65 nömrədən +**********40 nömrəyə "Bu karta vur pul gel qaqa" **********527528 leo +**********66 nömrədən +**********65 nömrəyə "RENAT, USAG ZABRATİ KEÇİB UJE 2 DENE DERMAN İSTEYİR. MENE TEZ ZENG ELE" və s bu kimi narkotik maddələrin satışı ilə bağlı çoxlu saylı sms mətnləri müəyyən edildi (cild 1, iş vərəqi 96). - CD diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixli 49-3\2-3285 nömrəli müşayiət məktubu ilə daxil olmuş 1 ədəd CD diskə baxış zamanı CD açılan zaman Təqsirləndirilən şəxs özünü videoya çəkərək “Mən Rza qardaşdan bir kiloqram daş və torpaq götürürəm. Əgər mən ona xəyanət eləsəm o mənim bu videomu polis əməkdaşlarına verəcək” deyir və daha sonra nalayiq ifadələr işlədir (cild 1, iş vərəqi 97). - mobil telefon aparatına baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş mavi rəngli “Redmi” markalı mobil telefon aparatına baxış keçirilən zaman mobil telefon aparatının “vatsapp" tətbiqində ***- ***-**-** nömrədən sonuncuya “...(söyüş) kişi də narko kuryerlik edər ay bicbala, sən onu konum şəkil edirsən bəlkə iranlı ilə alqı satqı edib gəlib götürən sənin ən əziz körpəndir”, “Rza” adlı konktaktdan (+98 994 148 5095) narkotik vasitələrin alqı-satqısına dair çoxsaylı səs yazıları və smslər, “Samirə” adlı kontaktdan (+98 914 596 6270) narkotik vasitələrin alqı-satqısına dair çoxsaylı səs yazıları və smslər olması, həmçinin telefon sms qovluğunda “İslam Som” adlı kontaktdan “bir gile sigaret getirde yeke kishisen! Atmisan meni bloka burda ureyim partlayir artığ!”, bundan başqa telefonda olan “teleqram” tətbiqində ***-***-**-** nömrəyə narkotik vasitəyə bənzər maddənin şəkli göndərilmiş və digər tərəf ona “o icine pox oda basimi aparir senol” yazmışdır. Təqsirləndirilən şəxs isə ona “01 qram varımdı çəkirəm az az”, ***-***-**-** nömrəyə 16 oktyabr tarixində “ay cindir direm sabah elime dusecey tema sənə verərəm çəkərsen", bundan başqa telefonun şəkillər qovluğunda “narkotiklərin konumu”, naməlum hesaba pul göndərilməsi qəbzi və s. bu kimi narkotik maddələrin alqı-satqısını göstərən şəkillər olması müəyyən edildi. Mobil telefondan çəkilmiş şəkillər protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 98-109). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs götürülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 0,784 qram, 0,765 qram, 0,814 qram, 0,549 qram ümumi təmiz çəkisi 2,912 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,898 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, gümüşü rəngli elektron tərəzi, üzərindən aşkar edilmiş 01 ədəd “REDMİ” markalı mobil telefon aparatı, 29 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürməni özündə əks etdirən 1 ədəd CD disk, "xxxx" MMC-dən BKC/LGL-92\25 nömrəli xx.xx.2025ci il tarixli müşayiət məktubu ilə daxil olmuş 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq ümumi təmiz çəkisi 2,712 qramı psixotrop maddə metamfetaminin, tədqiqatdan sonrakı qalıq çəkisi 0,848 qram heroin, bir ədəd elektron tərəzi və 01 ədəd “Redmi” markalı mobil telefon aparatı Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasına verilmiş, şəxsi axtarış və götürməni özündə əks etdirən 1 ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 115-127, 136, 147). - cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından mənbə xüsusatına görə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 128-129). Beləliklə, məhkəmə hərtərəfli tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni külli miqdarda əldə etməsi, saxlaması və daşıması” barədə verilmiş ittiham, yəni Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmçinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “Rza” kimi məlum olan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni əldə edib bir qrup şəxs halında birləşməsi”ni göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs özünün ilkin ifadələrindən başqa hansı mötəbər sübutlar əsasında, necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai araşdırma orqanı şəxsə ittiham elan edərkən qanunvericiliyin tələblərinə müvafiq olaraq onun nədən müdafiə olunmalı olması hüququnu tam təmin etməmiş, qabaqcadan əlbir olduğu şəxsin kim olması, harada yaşaması və ya cinayətin subyekti olub-olmaması və sair hallar müəyyən edilməmiş, habelə ittiham tərəfindən də məhkəmə istintaqı zamanı belə sübutlar təqdim edilməmişdir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 7.0.20-ci maddəsində əsasən “ittiham – bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir”. Cinayət-Prosessual Məcəllənin 223.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 223.3.1-223.3.5-ci maddələrində göstərilənlərin, o cümlədən “cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti”nin (maddə 223.3.2) əks etdirilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli Plenum qərarında da (31-ci bənd) iştirkaçılıqla törədilən cinayətlərlə əlaqədar ittihamda və məhkəmə aktlarında hər bir iştirakçının hərəkətlərinin və ya hərəkətsizliyinin nədə ifadə olunmasının, onların rollarının göstərilməsinin vacibliyi vurğulanmışdır. Bu səbəbdən şəxsə qarşı irəli sürülmüş qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayət törətməsi barədə ittihamın CPM-in 7.0.20, 223.3.2-ci maddələrinin tələblərinə cavab verən məzmunda olması üçün onun konkret olması, birgə cinayət törətmək barədə razılaşmanın qabaqcadan, yəni cinayətin obyektiv cəhətinin yerinə yetirilməsinə başlanılana qədər əldə olunduğuna dəlalət edən zaman, məkan, üsul barədə məlumatları nəzərdə tutması, narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin törədilməsi şəxsə isnad edilirsə bu əməllərin hər birinin yerinə yetirilməsində hər bir iştirakçının rolunun, hərəkətlərinin nədən ibarət olmasının əks etdirməsi tələb olunur. Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamda isə narkotik vasitənin və psixotrop maddənin əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin Təqsirləndirilən şəxs və “Rza” adlı şəxsin qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində (birgə) törədildiyi qeyd olunsa da, razılaşmanın nə vaxt, harada, hansı üsulla əldə olunduğu, eləcə də təqsirləndirilən şəxsin sözügedən əlamətlə (birgə törədilməsi iddia edilən - əldə etmə, saxlama, daşıma, satma kimi əməllərlə) uzlaşdırıla biləcək konkret hərəkətləri göstərilməmişdir. Ümumiyyətlə, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın məzmununu CPM-in 7.0.20 və 223.3.2-ci maddələrinin tələbləri və Ali Məhkəmənin Plenumunun “Məhkəmə hökmü haqqında” qərarının 31-ci bəndi ilə müqayisə etdikdə görünür ki, əslində bu ittiham cinayət təqibi orqanının müəyyən edə bilmədiyi (ona məlum olmayan), lakin həmin normalara, CPM-in 139.0-cı maddəsinə və Plenum qərarının müddəalarına görə müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən halların sadalanmasından (“şəxsiyyəti istintaqa məlum olmayan “Rza” adlı İran İslam Respublikasının vətəndaşı” ifadəsi dəfələrlə təkrar olunmaqla) ibarətdir. Özü üçün belə bu qədər “naməlumlar” olduğu vəziyyətdə cinayət təqibi orqanının təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə - qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitənin və psixotrop maddənin əldə edilməsi, daşınması, saxlanması, satışı üzrə əməlləri başqa şəxslə birgə törətməsi barədə ittiham irəli sürməsi onu göstərir ki, ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə dair ciddi və aradan qaldırılmayan şübhələlər olduğu halda –CPM-in 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinin ziddinə olaraq təqsirləndirilən şəxsə qarşı həmin maddə ilə ittiham irəli sürülmüş və baxılması üçün məhkəməyə göndərilmişdir. Beləliklə, məhkəmə belə qərara gəlir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamın “qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda əldə etməsi, saxlaması və daşıması” ilə bağlı verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı narkotik vasitəni və psixotrop maddəni külli miqdarda qanunsuz olaraq satış məqsədilə əldə etməsi, saxlaması və daşımasına dair irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 400 qramı xüsusilə külli miqdar, heroinin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 800 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkotiklərin satışı ilə məşğul olmaması, polislər tərəfindən saxlanılarkən üzərində heç bir narkotikin olmaması, polislərin onu döyməsi, daha sonra narkotiki hazırlayaraq boynuna götürməsini və çəkiliş zamanı bükümləri cibindən çıxarıb onların öyrətdiyi sözləri deməsini tələb etmələri barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, polis şöbəsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan gödəkçənin cibindən 04 ədəd bükümdə psixotrop maddə olan metafetamini və 01 ədəd bükümdə narkotik vasitə olan heroini, 01 ədəd elektron tərəzini, əynində olan şalvarın cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi narkotikləri İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs tərəfindən qoyulmaqla onun Abşeron rayonu Masazır qəsəbəsi yaşayış massivində “məkan” vasitəsi ilə götürdüyünü, həmin heroin və metafetamini 150 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini, elektron tərəzini aldığı narkotik vasitələrin çəkisini yoxlamaq məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Lakin məhkəmədə ifadəsində və ona verilən suallara cavab olaraq polis bölməsində polis əməkdaşları tərəfindən ona fiziki təzyiq edildiyi və onun həmin təzyiq altında etirafedici ifadələr verdiyini qeyd etmişdir. Buna baxmayaraq məhkəmə müvafiq sorğu verərək təqsirləndirilən şəxsin saxlandığı İstintaq təcridxanasından onun tibbi kitabçasının surətini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçada xəsarət aldığını inkar etməsi, onun bədəni üzərində yeni xəsarətlərin aşkar olunmadığı barədə qeyd aparıldığı müəyyən edilmişdir. Bundan başqa, məhkəmənin müvafiq sorğusuna əsasən Bakı şəhəri Sabunçu rayon prokurorluğundan daxil olmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 fevral 2025-ci il tarixl qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması barədə məlumatla əlaqədar Respublika prokurorluğunda araşdırma aparılmış, araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalması, yaxud polis əməkdaşlarının əməllərində digər cinayətlərin tərkib əlamətlərinin olmaması müəyyən edildiyi üçün Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən döyülməsi, təzyiqlərə və digər qanunsuz hərəkətlərə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Məhkəmə Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrəsi ilə narkotik vasitələrin alqı-satqısı ilə bağlı aparılmış sms yazışmalarını, ondan narkotiklərin satılmasında istifadə olunan elektron tərəzinin aşkar edilməsini, aşkar edilmiş narkotik vasitələrin növ müxtəlifliyini, onların şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, habelə iş üzrə toplanmış bütün sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, aşkar edilmiş narkotiki məhz satış məqsədilə əldə etmişdir. Məhkəmə həmin nəticəyə gələrkən eyni zamanda təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi narkotiklərin əldə edilib saxlanması ilə bağlı etirafedici ifadələrini, həmin ifadələr müvafiq hissələrdə cinayət işinin digər materialları ilə tam uzlaşdığından sübut kimi qəbul etmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda əldə edib saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, həmin məcəllənin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsilə təqsirli bilinib 01 il sınaq müddəti təyin edilməklə 02 il azadlıqdan mərhum etmə cəzasına şərti məhkum edilmişdir (cild 1, iş vərəqi 79-80). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda onların məhkumluğu ödənilmiş hesab olunur. Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsindəki hökm Cəlilabad rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və ona təyin edilmiş cəza müddəti başa çatdığından xx.xx.2014-cü ildə qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtardığından qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Beləliklə, məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını ağırlaşdıran və yüngülləşdirən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 29 dekabr 2024-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində 31 dekabr 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 29 dekabr 2024-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 6, 61-68, 151-152). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 29 dekabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,712 qram çəkidə psixotrop maddə metamfetamin, 0,848 qram çəkidə heroin, bir ədəd elektron tərəzi məhv edilməli, 01 ədəd “REDMİ” markalı mobil telefon aparatı onun yaxın qohumlarından birinə qaytarılmalı, 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ümumi ittihamdan CM-nin 234.4.1-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 29 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan: - ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,712 qram çəkidə psixotrop maddə metamfetamin, 0,848 qram çəkidə heroin, bir ədəd elektron tərəzi məhv edilsin; - 01 ədəd “REDMİ” markalı mobil telefon aparatı onun yaxın qohumlarından birinə qaytarılsın. Digər maddi sübutlar - 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Aygün Qurbanova Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-1249/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1249/2025
01.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver